Döyüşdə ağır zərbələrə məruz qalan ermənilər indi də Gürcüstanı günahlandırırlar
Ermənistanın resursları yoxdur, buna görə qonşular arasında “suyu bulandırıb balıq ovlamaq” istəyirlər
Azərbaycanın Vətən müharibəsinin od-alovu qarşısında Ermənistan silahlı qüvvələri davam gətirə bilmirlər. Ordumuz düşmən cəbhəsini yarıb və uğurla irəliləməkdə davam edir. Ermənilər itkilərini gizlətməyə çalışsalar da, buna nail ola bilmir, sadəcə özlərinə məxsus yalan pafosla birtəhər müqavimət göstərirlər. Döyüş meydanında uduzduqlarını anlayan düşmənin siyasi dairəsi günahı başqalarında, konkret olaraq Rusiyada, Gürcüstanda, KTMT-də görür və bu dövlətlərin və təşkilatların ünvanına hədyanlar yağdırırlar.
İrəvan mətbuatında dərc edilmiş “Ənənəvi gürcü xörəyi: qorxaqlıq və satqınlıq” məqaləsi Gürcüstan Respublikasının beynəlxalq hüquq və normalar çərçivəsində hərəkət etməsinin əleyhinə yönəlib. Razmik Akopcanyan adlı müəllif yazır ki, Saakaşvilinin vaxtındakı Gürcüstanla indiki Gürcüstanın Ermənistana münasibətində heç bir fərq yoxdur. Onu bu fikrə gəlməyə məcbur edən keçmiş gürcü prezidentin öz face səhifəsində yazdığı fikirlər olub: “Dövlətin bütövlüyü prinsipinə əsaslanan mənim mövqeyim son dərəcə aydındır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir. Və heç nə bu faktı dəyişdirə bilməz”.
Saakaşvili həm də qeyd edib ki, bu regiondan qovulan hər bir şəxsin hüquqlarının qorunması şərtilə evinə qayıtmağa və sülh içində yamağa haqqı var. Eks-prezident onu qeyd edib ki, Gürcüstan üç Qafqaz xalqının qardaşlıq və dostluq münasibətləri əsasında yaşamasında maraqlıdır.
Saakaşvilinin bu sözləri erməniləri çox qıcıqlandırır və buna görə deyirlər ki, o, ikiüzlüdür. Çünki, Azərbaycana haqq qazandıraraq Ermənistan ilə dostluqdan danışmaq olmaz. Bu, erməniliyin yanaşmasıdır və təbii ki, onların fikrinə görə bütün dünya, bütün xalqlar və bütün indiki və keçmiş dövlət başçıları erməniləri mütləq müdafiə etməlidirlər. Niyə, nə üçün? Bax, bunun səbəbini ermənilər heç vaxt açıqlamırlar. Ona görə ki, həmişə hamıya qarşı ədalətsiz münasibət sərgiləyirlər.
R.Akopcanyan məqaləsində başlayır Saakaşvilinin hakimiyyət illərini qurdalamağa və bildirir ki, o, Cavaxetiya ermənilərinə qarşı da xoş münasibət göstərməyib. Lakin müəllif niyə Gürcüstanın Axalkalaki bölgəsini Cavaxetiya adlandırdığının səbəbini açıqlamır. Axı, Gürcüstanda belə bir adda bölgə yoxdur. Ermənilər özlərindən bu adı uydurub və regionu erməniləşdirməyə cəhd edirlər. Gələcək planda isə həmin ərazinin Ermənistana birləşdirilməsi məqsədi var. Yeri gəlmişkən, indi Azərbaycanın ərazi bütövlüyünün bərpası ermənilərin bu arzusunun da üstündən birdəfəlik xətt çəkəcək. Nə isə, Razmik Akopcanyan Saakaşvilini lənətləyəndən sonra keçir indiki dövrə və yazır ki, Gürcüstanda yaşayan ermənilər Ermənistandan keçməklə Qarabağa gedib Azərbaycana qarşı vuruşmaq istəyirlər, lakin gürcü hakimiyyəti buna imkan vermir. Və buna görə Azərbaycan Prezidenti İlham Əliyev gürcüləri tərifləyir: “Deməliyuəm ki, Gürcüstan hökumətinin bu hadisələrlə əlaqədar fəaliyyətini təqdir edirəm. Sizə məlumdur ki, Gürcüstan öz ərazisindən Ermənistana silah daşınmasına icazə verməyib. Məhz, buna görə də nəqliyyat təyyarələri silahları Ermənistana Xəzəryanı dövlətlərin ərazisindən keçməklə hava yolu ilə daşıyırlar. Buna görə Gürcüstan hökumətinə minnətdarlığımı bildirirəm”.
Bu fikirlər ermənilərin cızdağını çıxardır və onlar gürcülərə nifrət bəsləyirlər. Nifrətin arxasında isə paxıllıq, Azərbaycan-Gürcüstan münasibətlərinə həsəd, özlərinin künc-bucaqda qalmalarına acıq durur. Bəs, necə olmalı idi? Erməniliyə görə gürcülər Ermənistanın işğalçılıq planlarını dəstəkləməli idilər. Necə ki, Gürcüstanın iki bölgəsinin işğal altında olmasını ermənilər dəstəkləyib. Qəribədir, deyilmi? Ermənilər həm Gürcüstanın parçalanmasında iştirak edir, həm də ondan dəstək gözləyirlər.
Axalkalakidə ermənilər gürcü hakimiyyətini Türkiyə-Gürcüstan avtomobil yolunu bağlamaqla hədələyiblər. Bu səbəbdən gürcü polisi ilə ermənilər arasında qarşıdurma yaranıb. Sonda 260 nəfərdən 102 nəfər erməniyə Ermənistana keçməyə icazə verilib. Lakin, bu, nəyi dəyişəcək? Gürcülər kimin yaxşı, kimin pis olduğunu çoxdan anlayıblar və buna görə də regionda Azərbaycanı özlərinə dost seçiblər. Ermənilərlə gürcülər arasında ermənilərin səpdikləri nifrət toxumu isə getdikcə daha dərinə işləyəcək və bu xalqların düşmənçiliyi regionun ümumi sabitliyinə əngəl olacaq. Görünür, gürcülər erməniləri yola gətirmək üçün azərbaycanlılarla birgə mübarizə aparmalı olacaqlar. İndilikdə isə əsas məsələ beynəlxalq hüquq və normalar çərçivəsində hərəkət etmək, ermənilərin təxribatlarına getməmək və təmkinliliyi qorumaq vacibdir. Onsuz da erməni işğalçıların dərsini Azərbaycan təkbaşına verəcək və torpaqlarını azad etməklə Cənubi Qafqazın sabitliyinə böyük töhfə verəcək.
N.NOVRUZ