AXTAR

Qarabağ ətrafında sular durulur

Getdikcə daha çox ölkə Azərbaycanın haqq işini təsdiqləyir

 

 

eyfel qullesi

Təxminən 12 il bundan əvvəl Qarabağ münaqişəsi ilə bağlı yazılarımızdan birində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyini müdafiə edərək yazmışdıq ki, “qətiyyətlilik psixoloji cəhətdən haqlı olmağın təsdiqidir”. Vətən müharibəsini qalibiyyətlə başa vuran Azərbaycan xalqının, ordusunun və rəhbərinin tarixi həqiqətə və ədalətə söykənən birgə və dəyişməz mövqeyi ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən bütün beynəlxalq dairələrin etiraflarına gətirib çıxarıb. Belə qüvvələrin ən güclülərindən biri də Fransa Respublikası idi. Bu ölkənin prezidenti Emmanuel Makronun 44 günlük müharibə zamanı və ondan əvvəl sərgilədiyi mövqe hamının yadındadır. Açıq-aşkar, insan hüquqları pərdəsi altında ermənilərin Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasının ruporu kimi çıxış edirdi. Amma Prezident İlham Əliyevin bu cəhdlərə qarşı mübariz, cəsarətli və ağıllı diplomatik təpkiləri BMT TŞ-nın üzvü olan Fransaya rəhbərlik edən şəxsin sonda haqq yoluna gəlməsinə səbəb oldu. Bu günlərdə sosial şəbəkələrdə yayılmış məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Onun bu etirafı “İnstagram” hekayəsində yer alıb: “Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın”.
Yəni, suveren Azərbaycan dövlətinin özü razı deyilsə, onda bu məsələyə qarışmaq beynəlxalq qanunların pozulması deməkdir. Necə ki, bu aksiomanı Azərbaycan və qardaş Türkiyə rəhbərləri dəfələrlə qeyd ediblər.
Yəqin, Makronun bu etirafı onun ölkəsindəki erməni lobbisindən asılı olduqlarına görə “pul demokratları” adlandırılıa bilən bəzi fransızların da “düz yola” gəlməsinə təsir edəcək. Belə ki, Fransanın məşhur “Le Figaro” qəzeti Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan, böhtan və nifrət üzərində hazırlanmış müraciəti imzalayan fransız rejissorların, yazıçıların, filosofların, aktyorların, musiqiçilərin, jurnalistlərin, müğənnilərin siyahısını yayımlayıb. Ermənilərlə həmrəylik, onların Qarabağdakı taleyi üçün narahatlıq, qondarma “1915-ci il soyqırımı”nın təkrarlanması, erməni separatçılığına dəstək, ümumiyyətlə, Azərbaycan və Türkiyənin məkrli planlarının olması haqda yalanlardan ibarət olan müraciətin mətninin Türkiyə və Azərbaycana qarşı yönəlməsi dərhal hiss olunur. Mətni imzalayanların siyahısında bütün dünyada məşhur olan Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale kimi şəxslərin adları var.
Ancaq bu demokratlardan fərqli olaraq Avropada, xüsusilə də Fransada mənən azad insanlar Azərbaycanın haqq səsini dinləyir və müdafiə edir. Buna misal olaraq, torpaqlarımızın azadlığı münasibətilə avropalı dostlarımdan aldığım iki mesajı diqqətə çatdırsam, yerinə düşər. Ona görə ki, bəzi avropalı siyasətçilərin “atılıb-düşmələri” mənasız işdir. Sadə camaat bizim qayğılarımızı anlayır və müdafiə edir. Bir avropalı dostum Ağdam azadlığa çıxan gün “Təbrik edirəm! Urrraaa!” nidası isə sevincimizə qoşulub. Fransadan isə “kəndli” olmağı ilə fəxr edən sadə pensiyaçı qadın Anna-Mariya elektron ünvanıma göndərdiyi məktubda yazır: “Müharibənin başlanmasını eşidəndə çox qorxdum, çünki müharibə həmişə dəhşət və perspektivdə vəhşilikdir. Ancaq Azərbaycanın mübarizəsini normal hesab edirəm və qanunsuz olaraq işğal edilmiş bir ərazinin öz sakinlərinə qovuşması ədalətlidir. “Diplomatiyanın bacarıqsız olduğu yerdə silahlar dillənməli idi”. Bura qədər gəlmək çox qorxulu idi.
Hadisələri izləmədim, çünki heç vaxt xəbərlərə baxmıram: bunlar məni əsəbiləşdirir, iyrəndirir və ya depressiyaya salır. Güman, nəhayət, Siz bir rahatlaıq tapdınız. Doğma evinizə qayıda biləcəksiniz. Sizi həmişə qoruyub saxlayan bu ümidi həyata keçirməyinizi arzulayıram.
Düşünürəm ki, bölgədəki tarazlığı bərpa etmək üçün vaxt və çox səy lazımdır. Torpağınıza qayıtdacağınıza görə şadam. Qarşınızda yeni bir həyat açılır, Sizə gözəl gələcək arzulayıram!”.
Bu cür təbii, sadə və məntiqi düşüncələrin qarşısında siyasi marionetkaların dedikləri və ya imzaladıqları hazır mətnlər nə qədər cılız görünür. Həmin o fransız artistlərdən soruşulsa ki, Qarabağın tarixindən nə bilirsən, əminəm ki, gücləri gözlərini döyməkdən başqa heç nəyə çatmayacaq. Heç xəritədə Qarabağın yerləşdiyi ərazini də tapa bilməyəcəklər, Xocalı haqda isə, “Xocalı nə deməkdir?” deyə, soruşacaqlar.
Olsun! Azərbaycan belə maneələri çox aşıb. Hələ qarşıda nə qədər aşınılası maneələr durur. Bunlar da keçiləcək və qalib Azərbaycan dünya miqyasında haqqın nazilməsi, amma üzülməməsi haqda real siyasi və hərbi hünər dastanı yaradacaq.
N.NOVRUZ

Oxşar məqalələr