AXTAR

Azərbaycanın yeni beynəlxalq missiyası

ilham qlobal media

İyulun 20-də keçirilmiş “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun işində 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun iştirak etməsi onu göstərir ki, Azərbaycan beynəlxalq müstəvidə yalan və böhtana qarşı mübarizə platformasına çevrilib.
Bu cür geniş coğrafi məkanda informasiya mübadiləsini təmin edən qurumların Şuşaya toplanması və bu dəfə sahənin inkişafı üzrə məsələlərin müzakirəsini keçirməsi respublikamızın ictimai-siyasi həyatında böyük hadisədir. Bu gün bəşəriyyət elə bir inkişaf dövrünə qədəm qoyub ki, informasiya təminatı olmayan, yaxud, sadəcə zəif olan hər hansı layihəni və ya tədbiri həyata keçirəndə uğur qazanmaq çətinləşir, bəzən hətta mümkün olmur. Bu mənada dünya informasiya agentliklərinin öz təcrübəlıərini bölüşməsi, problemlərinin müzakirəsi və birgə əməkdaşlığının yüksəldilməsi üçün toplantı mərkəzi kimi Azərbaycanı seçmələri təsadüfi deyil. Ölkəmizin müasir inkişaf tendensiyaları ilə ayaqlaşması, bir çox sahələrdə inkişaf etmiş ölkələrlə bir sırada dayanması, həyatın inkişafında daha çox yeni texnologiyalardan istifadə etməsi ona dünyada hardasa “novator ölkə” imici qazandırıb. Həm də indi Cənubi Qafqazda sülh və əmin-amanlığın uzunmüddətli olması üçün siyasi mübarizənin getdiyi bir vaxtda informasiya vasitələrinin qərəzsiz, böhtansaız və dezinformasiyasız fəaliyyətinə böyük ehtiyac var. Bu baxımdan 2-ci Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlərin və təkliflərin böyük əhəmiyyəti var. Xüsusilə, Azərbaycanda, ələlxüsus işğaldan azad edilmiş ərazilərdə gedən sürətli quruculuq işlərinin xarici jurnalistlərin özlərinin müşahidə edərək nəticə çıxarmaları beynəlxalq informasiya təxribatçılarına vurulan böyük zərbədir.
Prezident İlham Əliyevin Forumda iştirakı və jurnalistlərin suallarını cavablandırması tədbirin əhəmiyyətini artırmaqla yanaşı həm də onun işinin səmərəliliyini də artırmışdır. Moderatorun iştirakı ilə jurnalstlərin Azərbaycan Prezidentinə ünvanladıqları suallar hazırda dünyada gedən bütün siyasi proseslərin tam spektrini əhatə edirdi və alınan dolğun cavablar Azərbaycanın siyasi kursu haqqında aydın təsəvvürləri ortaya qoyurdu: real faktlar, real təhlillər və real nəticələr.
“Berliner Zeitung” qəzetinin nümayəndəsi Holder Fridrixin “Sizin məhz ölkənizlə və prezidentliyinizlə bağlı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlara münasibətiniz necədir? Fərq etməz, bu məlumatlar haradan qaynaqlanır?” sualına Prezident İlham Əliyev ünvanı dəqiq göstərən tutarlı cavab verib: “Təəssüf ki, bu, Qərbdən qaynaqlanır və dediyim kimi, bu, bizim gündəlik həyatımızın bir hissəsinə çevrilib. Əvvəllər biz təəccüblənirdik, sonra məyus olurduq, indi isə buna çox biganə yanaşırıq. Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədir”.
Ölkəmizə qarşı ikili standartlardan yanaşın böhtan platformasından çıxış edən beynəlxalq təcavüzkar baxışlara Azərbaycanın biganəliyi inkişafdan, “dəmir yumruq” siyasətinin ideoloji əsasından qaynaqlanır. “El bir olsa, dağ oynadar yerindən” məsəli Azərbaycan cəmiyyətinin bugünkü vəziyyətini dəqiq ifadə edir. Forum iştirakçılarının mətbuatda dərc olunmuş təəssüratları bu fikri daha da gücləndirir. Bütün bunlar bir daha sübut edir ki, siyasətdə nə qədər şəffaf və realist mövqedən çıxış etsən, nə qədər səmimi olsan, bir o qədər çox uğur qazanarsan. Yalan və böhtan üzərində qurulan siyasi gedişlərin sonundakı uçurum aydın görünür. Bu mənada 2-ci Qlobal Şuşa Media Forumu ilə Azərbaycan öz üzərinə daha bir nəcib hərəkat – dezinformasiyaya qarşı mübarizə missiyası götürmüş oldu.

Novruz Novruzov

AzVP Siyasi Şurasının sədri

Oxşar məqalələr