AXTAR

Azərbaycanın və Mərkəzi Asiyanın inteqrasiya formulu güclənir

ilham astana

Azərbaycan çox geniş arealda yerləşmiş ölkələr, ayrı-ayrı regionlar arasında körpülərin yaranmasında özünəməxsus rola malikdir. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin, başqa sözlə, türk dövlətlərinin dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiyası prosesi öz başlanğıcını əsasən keçmiş sosialist təsərrüfat sistemi dağıldığı zamandan götürür. Həmin vaxtdan başlayaraq bu günə kimi davam edən bu inteqrasiya prosesinin səmərəliliyinin təmin edilməsi sözügedən regionda yerləşən hər bir ölkənin strateji maraqlarının reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən region ölkələrinin xarici iqtisadi strategiyasının konseptual həllində yerli resurslar ilkin şərt kimi çıxış edir. Bunlar da ilk növbədə enerji daşıyıcıları nın nəqli və yaradılmış beynəlxalq nəqliyyat qovşaqlarının daha da inkişaf etdirilməsidir.
Qloballaşma prosesinin gücləndiyi şəraitdə Mərkəzi Asiya regionunun Avropaya və ümumiyyətlə, Qərbə çıxışında Azərbaycan açar rolunda çıxış edir. Təsadüfi deyil ki, Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tiflis-Ərzrum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryol xətti, TransAnadolu və bunun davamı olan TransAdriatik qaz kəmərləri şəbəkəsi məhz Türkiyədən keçməklə son istifadə nöqtələrinə çatır. Məsələ burasındadır ki, Mərkəzi Asiya dövlətlərindən Türkiyəyə doğru uzanan ən qısa ticarət və tranzit yolları da Azərbaycandan keçir.

ilham astana2


Çindən başlayaraq Avropanın şimalında yerləşən Londona qədər gedən qədim İpək Yolunun üzərində yerləşmələri bu ölkələrin tarixən bir-birinə bağlı olduqlarını sübut edən faktordur. Bir vaxtlar ən işlək yol olan bu istiqamət tarixin müəyyən məqamlarında xarici istilaçıların nəzarəti altında dağılsa da yenidən bərpa olunaraq uğurla işləyib. Yolun mərkəzi məntəqəsi Azərbaycandır. Ölkəmizin Avropa ilə Asiyanın sərhəddində yerləşməsi iki region arasında nəqliyyat əlaqələrinin genişlənməsində ən əhəmiyyətli rol almasını təmin edir. Məsələn, hazırda Qazaxıstan Avropaya satdığı nefti Azərbaycan üzərindən nəql edir. Mərkəzi Asiyadan Türkiyəyə göndərilən taxıl və digər kənd tyəsərrüfatı məhsulları da buradan keçir. Özbəkistanın və Türkmənistanın pambıq məhsulları yenə də Azərbaycan vasitəsilə Türkiyəyə və oradan Qərb ölkələrinə ixrac olunur.
Qərbin enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycan-Türkiyə iş birliyinə Türkmənistandan neft və qazın, Özbəkistandan mavi yanacağın əlavə olunacağı tarixlər uzaqda deyil. Əvvəl-axır Transxəzər sualtı karbohidratlar dəhlizinin yaradılmasına start veriləcək. Bu layihə həyata keçiriləcəyi təqdirdə dünyanın inkişaf etmiş ölkələrinin enerji təhlükəsizliyində Cənubi Qafqaz-Mərkəzi Asiya ölkələri sıx əməkdaşlıq çərçivəsində mühüm rol oynayacaqlar.
Bu gün Azərbaycan “yaşıl” enerji resurslarına sanballı investisiyalar cəlb edir. Dünyamızın gələcəyi naminə bu payız COP29 iqlim konfransına ev sahibliyi etməyi öhdəsinə götürməklə çoxsaylı dövlətlərin diqqətini bu sahəyə yönəltməyi düşünür. Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında deyib: “Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır”.
Dünya iqtisadiyyatının inkişafı zamanı onun məzmununda baş verən dəyişikliklər bu mürəkkəb sistemin ayrılmaz hissələri kimi çıxış edən ölkələrin iqtisadiyyatında müvafiq dəyişikliklərin aparılmasını şərtləndirir. Xarici iqtisadi əlaqələrin genişlənməsi şəraitində nisbətən kiçik ölkələrin xarici iqtisadi inkişaf strategiyalarının seçimi daha da aktuallaşır. Çünki, açıq iqtisadiyyat şəraitində böyük ölkələrlə müqayisədə bu ölkələrin iqtisadi həyatında xarici iqtisadi əlaqələr daha böyük əhəmiyyət kəsb edirlər. Mövcud şəraitdə isə Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın yaranmış vəziyyətdən istifadə edərək öz enerji qaynaqları hesabına inkişaflarını təmin edirlər.

Novruz Novruzov

Azad Vətən Partiyası, Siyasi Şuranın sədri

Oxşar məqalələr