“Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində, Əmək Müfəttişliyində olmuşam, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) üzləşdiyim qanunsuzluq və oradakı qanunsuz əməllər barədə məlumat vermişəm. Hazırda cavab gözləyirəm”, – bu sözləri Musavat.com-a bir müddət öncə bağlanmış “Ülfət” qəzetinin əməkdaşı Rasim Süleymanov deyib.
Onun sözlərinə görə, AHİK-də sədr dəyişikliyindən sonra ilk bağlanan qurum 30 illik fəaliyyəti olan “Ülfət” qəzeti olub. Qəzeti bağlayan AHİK rəhbərliyi həmkarlarını işsiz qoyub, onların hüquqlarını ayaqlar altına atıblar.
Rasim Süleymanov bildirib ki, 1993-cü ilin aprelindən 2024-cü ilin oktyabrın 22-dək AHİK-in orqanı olan "Ülfət" qəzetində çalışıb. Onun sözlərinə görə, ötən ilin avqustun 26-da keçirilən növbədənkənar qurultaydan sonra Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib. Bundan sonra İttifaqın Aparatı daxilində şöbələr üzrə yoxlamalar aparılmağa başlanıb: “'Ülfət'də də bu proses getdi. Oktyabrın 15-dən sonra bizi çağırıb izahat yazmağımızı istədilər. İndi nələrin aşkar edildiyini bilsək də, o zaman izahatımızda bildiklərimizi qeyd etdik. Bizi ötən ilin oktyabrın 22-də digər strukturlarda işlə təmin etmək adı altında aldadıb işdən azad etdilər. Düzdür, 5 aydan sonra mənə Mərdəkanda qurumun sanatoriyalarından birində mühafizəçi işi – 530 manat maaşla – təklif etdilər və mən bunu qəbul etmədim. Uzun müddət qəzetdə işləməyimi nəzərə almadan bu hörmətsizliyi etdilər”.
Rasim Süleymanov deyib ki, qəzet bağlanıb, əməkdaşların hamısı işdən çıxarılıb və beləcə işsizlər ordusuna daha bir neçə nəfər əlavə olunub: “Sözüm Sahib Məmmədovadır: niyə bizi bir dəfə də olsa qəbul etmədiniz ki, bəlkə sözümüz olacaq? Niyə əvvəlki iş yerinizdə olan iş yoldaşlarınızı, dost-tanışlarınızı yığıb AHİK-də işlə təmin etdiniz, amma uzun illər həmkarlarda çalışmış, bu qurumun fəaliyyətində canını qoymuş əməkdaşları düşünmədən işdən kənarlaşdırmaqla məşğul oldunuz? Bu proses hələ də davam edir. Hər tərəfdən bu quruma qarşı narazılıqlar artmaqdadır! Deməli, bizi bütün sosial hüquqlardan məhrum edən bu təşkilat qanunvericiliyin müddəalarını pozaraq acınacaqlı vəziyyət yaradıb. Bu ittifaqın əsas məqsədi işçilərin hüquqlarının keşiyində durmaqdır. Təəssüf ki, bizlərə münasibətdə absurd bir vəziyyətə imza atılıb. Mən üzümü hüquq-mühafizə orqanlarına tuturam: bu qurumun və onun orqanı olmuş "Ülfət" qəzetinin fəaliyyətinin yenidən təftiş edilməsini təmin etsinlər. Onda hər şeyin indi olduğu kimi deyil, daha bərbad olduğu üzə çıxacaq. Deməyim odur ki, daxildə baş vermiş, özlərinin aşkar etdikləri nöqsanları ört-basdır etməklə, hüquq-mühafizə orqanlarını bu vəziyyətdən agah etməyiblər. Sual yaranır: niyə və nəyin müqabilində!? Danışılası söz çoxdur. Amma vaxtı çatanda hər şey aşkara çıxacaq. Hələlik isə qurumun yeni tərkibi yeni-yeni 'yeniliklərə' imza atmaqla məşğuldur. Bu da köhnə işçilərin hamısının yavaş-yavaş bu təşkilatdan uzaqlaşdırılması ilə nəticələnir”.
Rasim Süleymanov qeyd edib ki, "Ülfət" qəzetinin baş redaktoru Aqil Dadaşov eyni zamanda AHİK sədrinin müavini vəzifəsini də tutub: “Bütün baş verənlərin başında o və qəzetin baş redaktorunun müavini olmuş Bəyalı Rzayev dayanıbmış. Bunu yoxlamadan sonra bildik... Utancverici bir vəziyyətdir. Bu işi necə ört-basdır edilərsə, cavabını yalnız Sahib Məmmədov verə bilər!”
Rasim Süleymanovun fikirlərinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun münasibətini öyrənmək üçün qurumla əlaqə saxladıq. Sorğumuzu elektron qaydada ünvanladıq.
Sorğunun mətnini də təqdim edirik:
Hörmətli Sahib müəllim,
Musavat.com-a daxil olmuş müraciət əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş işçisi Rasim Süleymanovun “Ülfət” qəzetində baş verənlər və AHİK rəhbərliyi tərəfindən atılan addımlar barədə açıqlamalarına dair sizə bir neçə sualla müraciət edirik. Bu suallara cavabınızı media resursumuz vasitəsilə ictimaiyyətə çatdıracağımızı bildiririk:
AHİK-in orqanı olan və 30 ilə yaxın fəaliyyət göstərmiş “Ülfət” qəzetinin bağlanmasının əsas səbəbi nə ilə bağlı idi? Bu qərar hansı rəsmi sənədə əsasən qəbul olunub?
Qəzetin bağlanmasından sonra əməkdaşlara yeni iş yerləri ilə bağlı hər hansı rəsmi prosedurlar təqdim olunubmu? Əgər təqdim olunubsa, həmin işlərin şərtləri və maaş dərəcələri barədə ictimaiyyətə məlumat verə bilərsinizmi?
Rasim Süleymanov bildirir ki, 30 illik jurnalist fəaliyyətindən sonra ona sanatoriyada mühafizəçi vəzifəsi təklif olunub. Bu vəzifənin təklif olunması hansı meyarlarla müəyyən edilib?
“Ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşovun eyni zamanda AHİK sədrinin müavini kimi fəaliyyət göstərməsi kontekstində, baş redaktor və onun müavini Bəyalı Rzayevin qəzetin bağlanması və işçilərin işdən çıxarılması ilə bağlı hansı məsuliyyətləri müəyyən edilib?
AHİK daxilində yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı hüquq-mühafizə orqanlarına hər hansı rəsmi məlumat verilmişdirmi? Verilməyibsə, səbəbi nədir?
Müraciətdə qeyd olunur ki, AHİK-də yeni vəzifələrə daha çox sizin əvvəlki iş yerinizdəki şəxslər, dost-tanışlar yerləşdirilib. Bu iddialara cavabınız nədir?
AHİK-in əsas funksiyası olan işçilərin hüquqlarının müdafiəsi prinsipi fonunda, uzunillik əməkdaşların işdən çıxarılması və sosial təminat məsələlərinin diqqətdən kənarda qalması sizin rəhbərlik strategiyanızla nə dərəcədə uyğun gəlir?
E. Məmmədəliyev,
Musavat.com
03.07.2025