C.Aleksandroviç, İ.Əzimbəyov, V.M.Sısoyev
(Bu məqalə 1926-cı ildə rus dilində, tatar, azərbaycanlı, rus olmaqla 3 nəfər tədqiqatçı tərəfindən yazılıb. Tədqiqatçı-jurnalist Vasif Quliyev məqaləni dövlət arxivindən tapıb və cüzi ixtisarla dilimizə çevirib. Qarabağda mədəni irsin, o cümlədən Ağdamın İmaret qəbiristanlığının tədqiqi üçün qiymətli məxəzdir).
Bakıdan Yevlağa gəlmək üçün Zaqafqaziya dəmir yolunun gecə yola düşən qatarından istifadə etməli olursan. Bu, daha rahat səfərdir. Əgər qatar Bakıdan axşam saat 8-də çıxarsa, onda o, Yevlaxa təxminən səhər saat 7-də çatır. Bakıdan Yevlaxa 293 kilometrdir. Bakıda qatara minmək çox çətindir. Sərnişinlər çox, yer az. 1924-1925-ci illərdə belə idi və yəqin ki, hələ uzun müddət də belə olacaq. Vaqonlar çox darısqaldır.
Yevlaxa qatarın gəlişinə yaxın Bərdə, Ağdam Stepanakert, Şuşa və digər yerlərə şose yolla gedən avtomobillər, faytonlar və furqonlar toplaşırlar. 1924-cü ildə avtomobil az idi və demək olar ki, yalnız yarım yük maşınları (20-30 nəfərlik) vardı. 1925-ci ildə artıq çoxlu minik avtomobili, ən çox da 8-10 nəfərlik “Ford”lar vardı. Yevlaxdan gedən şose yolu demək olar ki, birbaşa cənuba gedir. Bu, hələlik çox pis yoldur. Əvvəlcə bu yol, deyəsən, dəmiryol stansiyası kimi Yevlaxla Zəngəzurdakı misəridən zavodları birləşdirmək üçün çəkilmişdi. Yevlaxdan Bərdəyə şose yolla 25, Ağdama 73, Əsgərana 85, Stepanakertə 100, Şuşaya 105 kilometrdir. Şuşadan elə həmin şose yolu davam edir, amma döşəmə yol bir qədər enlidir. Şuşadan Abdallara qədər 35 kilometrdir. Sonra şose yol Zabuxa və Dığa və nəhayət, Zəngəzurun mərkəzi Gorusa gedir. Şuşaya qədər avtomobil rahatlıqla hərəkət edir, çünki bütün yol demək olar ki, düzlərdən keçir. Şuşadan Gorusa avtomobil bir az çətinliklə gedir, çünki şose yolun bu hissəsi dağlıq yerlərdən keçir, tez-tez ya dağ çaylarının axını, ya da uçqun təhlükəsi ilə üzləşir. Avtomobillər, bir qayda olaraq, Bərdədə, Ağdamda və Şuşada, faytonlar Bərdədə, ya da Şirvanlıda, Qərvənddə, Ağdamda və nəhayət, Şuşaya gedən yolun əvvəlində - Xan bağında dayanırlar.1. (1. 1924-1925-ci illərdə Azərbaycan Arxeologiya Komitəsinin tapşırığı ilə onun elmi katibi V.M.Sısoyev və instruktor Q.Sadiqi, Yevlaxdan Şuşaya və Laçına (Kürdüstana) səfər etmişlər. 1926-cı ilin may-iyun aylarında Azərbaycan Arxeologiya Komitəsi İdarə Heyətinin sədr müavini C.Aleksandroviç və instruktor İ.Əzimbəyov Azərbaycanı Tədqiq və Tətöbbe Cəmiyyətinin tapşırığı ilə Xocalı rayonunda kurqanların və daş sərdabələrin qazıntılarını aparmaq üçün ora səfər edən İ.İ.Meşaninova birləşmişdilər. Sısoyevin, Aleksandroviçin və Əzimbəyovun Yevlax-Şuşa arasındakı tədqiqatları təkrar olmamaq üçün bir yerə toplanmışdır.)
Yevlaxdan əvvəlcə düzənlik, Bərdəyə qədər tala başlayır. Bərdədən sonra isə yenə düzənliyə çıxırsan. Buralarda yaxşı su yoxdur, yalnız Qərvənddə və Şahbulaqda içməli su var. Ağdamın yaxınlığında kiçik dağlar başlayır, Əsgəranda bu dağlar şose yoluna daha da yaxınlaşır, dərə çox dağ olan yerə çevrilir. Burda yayda çox sakit axan kiçik çaylar yağışlı vaxtlarda (qışda, payızda, yazda) qorxulu axınlara çevrilir.
Bu kiçik çaylardan və suvarma kanallarından yayda su içənlər cəsarət edirlər, şübhəsiz ki, malyariyaya tutulurlar. Bərdənin cənubunda yayda dərinliyi yarım metrdən çox olmayan, yağışlı vaxtlarda isə keçmək çox təhlükəli olan qorxulu çaya çevrilən Tərtər axır: arabalar, öküzlər, adamlar məhv olur.
Yevlaxdan Bərdəyə gedən yolun yarısında - meşəlik talada şose yolundan (Qarağacı yaxınlığında) şərqə tərəf böyük müsəlman qəbiristanlığı var. Burda hündürlüyü təxminən 4 metr kərpicdən səkkizüzlü piramidalı günbəzi olan səkkizüzlü məqbərə var. Onun üstündə Sənəm xanım Binti Ədil bəy qızı və hicri 1321-ci il, yəni, 1904-cü il tarixi yazılmış yazı var. Bundan başqa, dik daş plitəli, yuxarı tərəfə genələn və hündürlüyü iki metrə çatan və sonralar, məsələn, hicri 1299-cu il, yəni, 1881-ci il yazılmış yazıları olan çoxlu təzə qəbirüstü abidələr mövcuddur. Yevlaxdan cənuba 20-25 kilometrlikdə böyük Bərdə kəndi1. yerləşir. (1. Bərdə kəndinin qədimliyi və tarixi “Azərbaycan Arxeologiya Komitəsinin ikinci buraxılışında (Bakı, 1926-cı il, səhifə 49-65. “Bərdə kəndi, onun qalaları, qədimliyi və tarixi xülasəsi”) V.M.Sısoyev tərəfindən ətraflı təsvir edilmişdir.)
Vaxtilə, ərəblərin dövründə burda böyük və zəngin bir şəhər Arranın - bütün ölkənin paytaxtı yerləşirdi, lakin indi qədimlikdən yalnız aşağı hissəsində sərdabəsi olan və hələ də gözəlliyini itirməyən dəyirmi qülləli, amma yarıuçuq qala qalmışdır. Qalanın divarları üstündə 1322-ci il (hicri 722-ci il) tarixli ərəb kufi yazısının qalıqları var. Qüllənin fonunda yaşıl şirəli kərpiclərdən düzəldilmiş “Allah” sözü seçilən qırmızı kərpicdən tikilmişdir. Yerli əhali qülləni “qala” adlandırır. Qüllədən əlavə, bir qədər sonralar tikilən sadə məqbərə - sərdabələr və sair də var. Qapının portalının yan tərəfində olan və indiyə qədər heç kimin ədəbiyyatda adını çəkmədiyi bir yazını da qeyd edəcəyəm: “Hər şeydən uca və xeyir-dualı Allah dedi ki, O, sizi bağışlayır, çünki Allah rəhimlilərin ən rəhimlisidir.
Peyğəmbər dedi ona ən yaxşı tərif və salam olsun: “Gözləriniz qarşısında qoy həqiqət aydın olsun!”
Bərdə kəndindən sonra faytonlar Qərvənddə dayanırlar. Qərvənd kəndinin cənub qurtaracağından şərqə tərəf 1 kilometr məsafədə yerli sakinlərin təsdiq etdikləri kimi, hansısa qədim qəbristanlıq var. Qərvəndin şərqə tərəf 5 kilometrliyində isə deyildiyinə görə, yaxınlığında kurqanlar olan Xındırıstan kəndi yerləşir və bu kurqanlarda, guya, insan sümükləri, həmçinin məsələn, içərisində Şirvanşahların sikkələri olan böyük gil bardaqlar qarşına çıxır. Bu yolda isə Köçərli kəndinin cənubuna, yoldan şərqə tərəf Yeddi təpə, yəni, türkcə Yeddi kurqan qrupu var, şərqə tərəf isə uzaqda Xaçın çayı üzərində - Köçərlinin 18 kilometrliyində böyük Sultanbud kurqanı1. görünür. (1. Sultanbud və Qalatəpə kurqanları haqqında Veysenqof belə bir fikir yürüdür ki, onlar güman ki, əvvəllər istehkamlar və kəsik dördkünc piramida formasında olub. Onlarda tikinti qalıqları görmək mümkündür. Yerli sakinlər alimə deyiblər ki, Sultanbud kurqanını Sultan Mahmud Qəznəvi düzəltdirmişdir. Lakin Veysenqof Peyğəmbərin yaxınlıqdakı kurqanları barədə danışır).
Pənahəli xanın sarayı
Ağdam2. (2. Ağdam türkcə “ağ ev” deməkdir. Bəzi alimlər söyləyirlər ki, bu yerdə ilk dəfə varlı bir şəxsin qəbrinin üstündə ağ əhəng daşından məqbərə tikildiyinə görə belə adlanır.) çox mühüm və əhəmiyyətli şəhərdir. 1926-cı il dekabrın 16-da keçirilən siyahıalmaya görə, burda 8.153 nəfər adam olmuşdur. Şəhər səfalı, kiçik bir dağ çayı boyunca uzanır. Ağdamdan əvvəlcə kiçik dağətəyi yerlər başlayır. Şəhər bütün yaşıllıq içərisindədir. Ağdam iri pambıqçılıq və ipəkçilik rayonudur. Şəhərdə Nəriman Nərimanov adına böyük pambıqtəmizləmə, şərabçılıq, çoxlu baramaaçan zavodları və fabrikləri, böyük bazar var. Ticarətdə kooperasiya üstünlük təşkil edir. İndi kooperasiyanın burda mehmanxanası, yaxşı yeməkxanası və sair var. Ağdamda çoxlu ikimərtəbəli ev, xəzinədarlıq, poçt-teleqraf kontoru, elektrik işıqlandırma sistemi var. Bazarın yaxınlığında iki hündür, zərif minarəsi olan məscid yerləşir. Məscid hansısa köhnə bir binadan düzəldilmişdir, lakin minarələr yaxınlarda - iyirmi il əvvəl ucaldılmışdır. Şəhərin cənub qurtaracağında - dərədən axan çayın üstündə icraiyyə komitəsinin birmərtəbəli böyük binası ordan ötənləri cəlb edir. Bu binada farfor, üzərində əla miniatürlərlə bəzədilmiş fransız üslubunda çox gözəl mebel var: xanım və kişi, qız, üç nazənin, markiz və markiz arvadı və sair. Bütün bunlar Qarabağ xanları nəslindən olan keçmiş yerli bəydən qalmışdır.
Ağdam şəhərinin şimal-şərq hissəsində, onun ucqarında, çayın o biri tərəfində daşla, bəzi yerlərdə isə kiçik mazğalları olan kərpic divarla dövrələnmiş qədim bir müsəlman qəbristanlığı var. O, qalaya bənzəyir, darvazası da var, planda o, bir tərəfdən təxminən üç yüz metr düzbucaqlı, yaxud kvadrat fiqura malikdir.
Bu istehkamın cənub-qərb tərəfində, sözün həqiqi mənasında, qəbristanlıq və orda 10-a yaxın məqbərə var. Onların bir hissəsi tamamilə dağıdılmışdır. Həmin məqbərələrin əksəriyyəti adi Azərbaycan tipindədir: ağ, yaxud sarımtıl əhəngdaşından piramida şəkilli səkkizüzlü gümbəzli.
4,5 metrə yaxın hündürlüyü olan birinci məqbərənin giriş qapısı üzərində fars dilində 4 sətirdən ibarət şerdə belə deyilir:
“Zaman bəzən adamı Saturn planetinin hüdudlarına qədər qaldırır, bəzən də yerə vurur.
Həyat bağında ümid evdə artmağa başlamışdır, qəfil ölüm fəlakəti tərəfindən gülüstana aparıldı”.
Məqbərənin içərisində heç bir qəbir yoxdur, amma 0,47 metr hündürlükdə, 0,35 metr enində itiuclu qəbir daşı və üstündə ərəb dilində yazı var:
“O, əbədi mövcuddur. Hər kəs ölümə məhkumdur, yalnız iki dünyanın tərbiyəçisi, yaradıcısı əbədidir. Bu mərhum və günahlarının bağışlanılmasına layiq olan Sarıcalı İbrahimxəlil ağa Cavanşirin qəbridir. Hicri 1154-cü il miladi 1741-ci il”.
Pənahəli xanın İmarətinin qalıqları
Birinci məqbərənin 5 metrliyində qarabağlı Pənahəli xanın məqbərəsi yerləşir. Məqbərə 5,25x5,25 ölçüdədir. Hündürlüyü təxminən 3,15 metrdir. Giriş qapısının hündürlüyü 1,32 metrdir. İçərisinin döşəməsi qırmızı kərpicdəndir. Şimal divarına yaxın döşəmədə hündürlüyü 0,60, eni 0,35 metr olan ağ mərmərdən daş qoyulmuşdur. Mərmərin üstündə 6 sətirlik şer yazılmışdır:
“Dağların ağuşunda şüşə və daş kimi qərar tutmuş günəşli aləmin əzəmətilə Pənahəli xan Cavanşir hər şeydən uca Yaradanın hökmü ilə alicənablıqla ölüm badəsini içdi. Padşahın əmrinə tabe olmaq itaət edənlər üçün alçalmaq deyil. Günahından keçilmişlərin kitabına onun ölüm tarixi yazılmışdır. Onun dostlarının və yaxın adamlarının dairəsi xalqın ümidinin davamçısı oldu”.
Şərhi: “Onun dostlarının və yaxın adamlarının dairəsi xalqın ümidinin davamçısı oldu”. Əbcət hesabı ilə hicri 1172-ci il, yəni, miladi 1758-ci il deməkdir.
Cığırın o üzündə Pənahəli xanın məqbərəsinin təxminən 5 metrliyində günbəzi olan üçüncü bir məqbərə var (3,75x3,75 metr), içərisinin döşəməsi kərpicdəndir, şimal divarının yanında fars dilində 6 sətirlik şerdən ibarət yazısı olan başdaşı var.
“Cənnətə layiqli xanlar nəslindən, Şahverdi xanın bağından bu çiçək çıxdı. Onun əziz adı Tutubəyim idi. Onun ləçəkləri xəzandan saralıb-soldu. Naməlum gizli qüvvə tərəfindən onun ölümünün ili bəyan edildi. Bu, cənnətin hüdudlarından kənarda əbədi güldür”.
Şərhi: Bu, cənnətin hüdudlarından kənarda əbədi güldür. Əbcət hesabı ilə hicri 1176-cı il, yəni, miladi 1762-ci il deməkdir.
Bu məqbərə ilə yanaşı, döşəməsi kərpicdən olan başqa bir məqbərə də mövcuddur (5,75x5,75 metr). Girişin sağ tərəfində içəridə ağ mərmərdən ərəb dilində 6 sətir həkk olunmuş başdaşı plitəsi var.
“O, əbədidir. Ölüm bütün canlıların içməyə məcbur olduqları badədir. Cənazə arabası hər bir canlının oturmağa məcbur olduğu oturacaqdır, qəbir isə hər bir kəsin girməli olduğu mənzildir. İbrahimxəlil ağa yüksək mövqe tutan Sarıcalı Mehdiqulu xan Cavanşirin oğludur. Hicri 1234-cü ildə, miladi 1818-ci ildə vəfat etmişdir”.
Nəhayət, 3,5 metr şimala tərəf bu cür sonuncu məqbərənin (4,25x4,25 metr) 1,25 metr hündürlüyü, 0,6 metr eni olan giriş qapısı var. Döşəməsi kərpicdəndir, orda mərmərdən qəbir daşı (0,5x0,25 metr), üstündə ərəb-fars dilində qarışıq qızılı rəngli hərflərlə yazılmış 7 sətirdən ibarət yazı var:
“Hər kəs ölməlidir. Səxavətli Mehdiqulu xanın çiçəkləyən bağında təzə-tər cavan gülün qönçəsi gül açdı. Xəlilin məhvedici gülüstanı əzizlərinin ürəyini alovlu iztirabla doldurdu”.
Onun müəyyənləşdirilməsi tarixinin və yerinin axtarışlarında yuxarıda xəbər aldıq: “Onun yeri cənnət bağıdır”. Şərhi: Əbcət hesabı ilə hicri 1244-cü il, miladi 1828-ci il deməkdir.
Daha sonra bir neçə kiçik məqbərəyə də rast gəldik, lakin onlar artıq səkkizüzlü yox, dördüzlüdür. Çox dağılmış haldadır. Dağılmış məqbərələrin birinin içərisində çox böyük bir əncir ağacı var.
Bu məqbərənin şərq tərəfində əksəriyyəti əbcəd hesabı ilə yazılmış müxtəlif daş kitabələri olan çoxlu qəbrə rast gəlmək olar. Birinci məqbərənin 70 metrliyindəki qəbrin üstündə ərəbcə yazılmış yastı bir daş var.
“Bu, mərhum və günahı yuyulanın qəbridir. Xoşbəxt Bəyazi ibn Hacı bəyin günahlarını bağışlamaq. Hicri 1075-ci il, miladi 1664-cü il.
Yaxınlıqda ərəbcə yazısı olan başqa bir sandıqşəkilli daş kitabə (1,72x0,75x1,05) var: Nemətulla bin Dövlət, hicri 1053, miladi 1643”.
Bu qəbirlərdən cənubda - onların 25 metrliyində haşiyəyə bənzər xırda daşlarla dövrələnmiş qəbir daşları görünür. Ərəb yazıları yalnız ikisində aydın şəkildə oxunur:
1. Şəbahəddin, hicri 770-ci il, miladi 1369-cu il.
2. Bu, mərhum Nurəddin bin İzzətdinin qəbridir. Hicri 739-cu il, miladi 1339-cu il.
Bu qəbirlərdən cənubda - onlardan 40 metrlik məsafədə divarlarının qalıqları zorla görünən dağılmış bir məqbərə var. Daş qalağı içərisində ərəb dilində yazısı olan bir daş da görə bildik:
“Mərhum Knyaz. Hicri 569-cu il, miladi 1174-cü il”.
Görünür ki, bu, qəbristanlıqda ən qədim yazıdır. Böyük məqbərələrdən şimal-şərqə tərəf təxminən 100 metr aralıqda “Qarabağlı Pənahəli xanın keçmiş imarəti” adlanan yerin kiçik xarabalıqları var.
İmarətdə, əslində, böyük kümbəzli bir otaq qalmışdı. Bu otağın qarşısında cənuba baxan açıq eyvan vardı. Eyvanın dam örtüyü çox dağılmış, lakin onun qabaq hissəsi yaxşı qalmışdır və ortada üç çatma tağ söykənən sal daşdan iki alçaq sütun təsəvvürə gətirir.
Eyvanın eni (köndələninə) dörd, uzunluğu yeddi metrdir. Eyvandakı kiçik qapıdan sol tərəfdə demək olar ki, kvadrat şəklində olan əsas zalda 7x7 metr, daxildə hündürlüyü təxminən
6 metrə yaxın olan zalın yan divarlarında çoxlu taxça düzəldilmişdir. Şimal və cənub divarların ortasında bir böyük taxçada (2x2x1 metr) və demək olar ki, elə bu cür, lakin bir qədər kiçik ölçüdə (1,5x1,5x1 metr) şərq və qərb divarlarındada taxçalar var. Şimal davardakı böyük taxçanın yanlarında iki kiçik taxça (0,75x0,75x0,50 metr) düzəldilmişdir.
Əsas zalda tavan, içərisində bütün zalın üstündə səkkizüzlü kümbəz tikilmiş, künclərdə isə hərəsinin hündürlüyü 0,75 metrə yaxın stalaktitin aşağısında bütün zalın divarı boyunca zanbaq gülünün, ya da buna bənzər gülün stilləşdirilmiş üç hissəli şəkildə naxışla bəzədilmiş, eni təxminən 0,75 metr olan kəmərciklər keçir. Damın bayır tərəfindən dəyirmi konus düzəldilmişdir. Künbəzin qübbəsinin lap yuxarısında eşikdən kiçik səkkizüzlü, iki tərəfə çıxan daş fənərlə bağlanmış deşik açılmışdır. Bütün kümbəz içəridə tüstüdən qurum bağlamışdır. Kümbəz hissəsi suvaqlıdır, aşağı hissəsi yaxşı yonulmuş əhəng daşından, böyüklüyü təxminən 0,27x0,36, ya da 0,40x0,31 metr olan daşdandır.
Qərbdən və şərqdən zala yanında biri təxminən 5x4 metr, o biri 6x4 metr ölçüdə yarıdağıdılmış otaq tikilmişdir. Hər birinin də kiçik qapısı var. Şərq tərəfdən otağın döşəməsində demək olar ki, ortasında böyür-böyürə iki təndir (torpağın içərisində böyük və dərin bardağa oxşar sobalar) düzəldilmişdir. Bu otaqların damları yastıdır. Otaqların fasad xətti zalın özünün fasadının xətti qarşısında bir qədər qabağa çıxır, lakin arxa fasadda və eyvanın qarşısında bir qədər kənara gedir. İmarətin uzunluğu bütün fasad boyu 25 metrə, dərinliyi isə 14 metrə qədərdir.
Qərb tərəfdən 20 metr məsafədə şimaldan cənuba uzanan düzbucaqlı şəklində bina yerləşir (15x7 metr, bayırdan hündürlüyü 5 metr). Daxildəki tikili iki otaqdan ibarətdir: a) 6,5 metr və b) 5,5 metr, uzunluğu eninə 4 metrdir. Otaqların daxilində tavan tağşəkillidir, lakin bayırdan dam tamamilə yastıdır. Bəzi adamlar deyirlər ki, bu tikili əvvəllər məscid olmuşdur.
İmarətin fasadı qarşısında təxminən 50 metr məsafədə birbaşa xətt üzrə bir sıra böyük, qəddi-qamətli, hündür çinar ağacları əkilmişdir. Görünür, bu imarətin tikintisi ilə eyni vaxtda Qarabağlı Pənahəli xan (1754-1759) bu çinarları əkməyə də göstəriş vermişdir. İmarətin, evin-məscidin və çinarların xətləri demək olar ki, imarətin qarşısında çox gözəl, düz dördbucaqlı meydan yaradır.
Hasarla dövrələnmiş qədim qəbristanlığın daha böyük sahəsi çox əhəmiyyətlidir, lakin imarət, məqbərələr və xüsusilə, qəbirlər az yer tutur. Böyük çinarlar həm də qəbristanlığın bəzi yerlərində də bitir.
Ağdam yaxınlığında çoxlu kurqan var, ümumiyyətlə, məsələn, 71-ci kilometrdə. İki kurqan Ağdam yaxınlığında Siyasi Büronun qarşısında görünür. Ağdamdan bir qədər şimalda Tərnəgüt kəndinin yaxınlığında Şahbulaq qalasının xarabalıqlarıdır. Abbasqulu ağa Bakıxanov yazır ki, Pənahəli xan özünü Qarabağ xanı elan edəndən sonra Tərnəgütə köçmüşdü. Şahbulaqda divarların və tikililərin qalıqları hələ indiyədək də görünür (1840-cı il). Yalnız o, sonra əlçatmaz Şuşaya (Pənahabada) köçmüşdü.
Əhmədavar və Ağbulaq (kilsə) kəndlərində də qədim abidələr var. Qarağacı qəbristanlığına (ora çatmağa 1/2 kilometr qalmış) Ağdamdan şose yolunun sağ tərəfindəki təpəlikdə birində ərəbcə yazısı olmaqla üç qəbirüstü plitə var: “Bu məzar canını fəda etmiş xoşbəxt xoca Məlik bin Niyazındır. Hicri 719-cu il, miladi 1319-cu il”. “Qarağac adlanan1. (1. Qarağac türkcə “qara ağac” deməkdir.) yerdə - şose yolunun hər iki tərəfində, lakin qərbdə, daha çox isə şərqdə yerləşən böyük qədim bir qəbristanlıq var.
Yoldan sağa (qərbə), əsas qəbristanlığa yarım kilometr qalmış torpaq kurqanlar qrupu ondan qabaqda yerləşir.
Böyük qəbristanlıqda lap irəlidə (şimaldan) tipik kümbəz şəklində kiçik yarıuçuq bir məqbərə var. Sonra bir neçə (30) daşlıq sahə var. Daşlar dik vəziyyətdə bir-birinin yanındadır, amma sıx-sıx deyil. Bu daşlar yamyaşıl otla örtülüdür. Bu da onların çox qədim olduğunu göstərir. Sonra bir-iki kilometr məsafədə çoxlu sayda tarixi abidələr uzanır. Burda 1) dik daşları qabaqdan yuxarı əyilməklə yazısı olan daş plitələr; 2) beş daşdan ibarət başdaşı yazısı (kitabəsi); 3) ikiqat böyük buynuz şəklində baş daşı olan kitabə. Yerli sakinlərin fikrincə, bu, qədim ərəb qəbirləridir. Belə qəbirlərə, həqiqətən, Bərdə, Şamaxı və Şamaxı qəzasının Ərəbşahverdilər kəndi yaxınlığında, Quba qəzasında rast gəlinir. Bu kitabələrdə hicri 1145-ci il (1733), hicri 1146-cı il (1737), 1151-ci il (1739) və çox vaxt hicri 1147-ci il (1734-1735) tarixli ərəbcə yazılarla rastlaşırsan. Bu faktların əsasında güman etmək olar ki, onlar Nadir şah Əfşarın Qarabağa yürüşlərində (1730-1747) həlak olanların qəbirləridir. Çox-çox sonraların yazıları da var, çünki bu qəbristanlıqda, hətta indi də insanlar dəfn olunur. Bundan başqa, yazısız da qəbir daşları var, lakin əyani təsvirlərlə - günəş, yay-ox və ən çox da səkkiz və altıüzlü xonçalar olan qəbirlər də var. Qəbirlərin birinin ensiz tərəfində xonça şəkli, digər ensiz tərəfdə üç dairə təsvir edilmişdir.
Qəbirlərin birində çıxıntı şəklində qəbirüstü daş görünür.
Böyük (qərb) qəbristanlığın lap cənub-şərq hissəsində, demək olar ki, qurtaracağında, elə yolun üstündə daş qoç fiquru şəklində bir heykəl var, lakin heykəlin bütün qabaq hissəsi artıq sındırılmışdır, yalnız arxa tərəfinin yastı quyruğu ilə yarısı qalmışdır. Həmçinin atın bədəninin salamat qalmış hissəsi şəklində daş heykəl var (demək olar ki, təbii ölçünün yarısı). Şoseyə və qəbristanlığın cənub tərəfinə daha yaxın, hündürlüyü 2-2,6 metr, eni 2,5 metrədək üç kiçik məqbərə var. Bu cür məqbərənin forması kiçik diametrlə kəsilən və bu diametrə qoyulmuş ellipsin (dəyirmi konusun) yarısıdır. Arxadan girdəşəkilli səthdir, qabaqda (şərqə tərəf) ellipsin perpendikulyar kəsişməsidr, ön tərəfdə hündürlüyü 1,5 metr olan ellipsoid deşikdir, içəridə kiçik bir boş otaq var, döşəmədə yazısı olmayan qəbirüstü plitə, arxa (qərb) divarda otağın içindəki nəsə daş boyunduruğa oxşar, ya da qabarıq yarımyastıq düzəldilmişdir. Bu məqbərələr demək olar ki, yanaşıdırlar.
Şosedən şərq tərəfdə böyük bir müsəlman qəbristanlığı da var, lakin o, hər halda qərbdəkindən kiçikdir. Şosenin yaxınlığında bu qəbristanlığın cənub-qərb tərəfində ağ əhəngdən yaxşı yonulmuş yastı daşlardan piramida şəklində səkkizüzlü künbəzli adi tipli səkkizüzlü böyük bir məqbərə var. Künbəzin üstündə kiçik bir ağac bitmişdir. Hesab edirlər ki, bu, sonuncu müstəqil Gəncə xanı Cavad bəyin oğlu Uğurlu bəyin türbəsidir.
Türbənin cənub-qərb tərəfində ərəbcə yazısı olan bir qəbir var. “Bu qəbir mərhum xoşbəxt və din uğrunda həlak olan Mahmud bin Rüstəmindir. Hicri 970-ci il, miladi 1563-cü il”.
Bundan təxminən 300 metr aralıda 247,24 nişanı ilə teleqraf dirəyinin yanında və şosenin 50 metrliyində keçmiş xanların dağılmış evi yerləşir. Onun həyətində indi taxıl əkirlər.
Şosenin sol tərəfində - 2 kilometr cənubda 305-306-cı teleqraf dirəklərinin yanında iki torpaq kurqan var. 275 metr sonra isə yol döngəsinin və kiçik körpünün yanında, sağ tərəfdən qaya parçasından üç kiçik kurqan yerləşir və bu döngənin yarım kilometrliyində Əsgəran qalasının1. xarabalıqlarıdır. (1. Əsgəran qalasının təsviri. Bax. Azərbaycan Arxeologiya Komitəsinin xəbərləri. 2-ci buraxılış, 1926-cı il. E.A.Paxomovun “Əsgəran” məqaləsinə. səhifə 7-9 və şəkillərə.)
Şose yolu sədlərin bir hissəsini dağıtmaq tələb olunan qalanın xarabalığını kəsib-keçir.
Ağdamdan qalaya qədər 14 kilometrdir. Əsgərandan keçmiş Xocalı poçt stansiyasına qədər isə 2,5 kilometrdir.
Əsgəran qalası iki hissədən - iki istehkamdan ibarətdir. Onlardan biri Qarqar çayının sağ-şərq, o biri isə sol-qərb sahilindədir. Burda dağlar əvvəlcə təxminən yarım kilometr eni olan çayın vadisinə və şoseyə yaxındır, çünki qalanın divarlarının ayırdığı kiçik dərə mövcuddur. Hündürlüyü 6-9 metrədək olan sərt daşlardan ibarət hasarların arasında qüllə var. Sağsahil istehkamı qüllələrlə və əsas istehkamlı, uzunluğu 250 metrədək olan təpə üzərində ikiqat divar təsəvvürə gətirir. Solsahil istehkamı künclərdə və hardasa divarların ortasında qülləni hasarlarla dövrələnmiş dördbucaqlıdır. Əsgəran qalası, görünür Qarabağlı Pənahəli xanın oğlu Mehrəli xan tərəfindən təxminən 1758-1760-cı illərdə tikilmişdir. Qala Qarabağ xanlarının ruslarla mübarizəsində mühüm rol oynamışdır.
Biz 1924-cü ildə Əsgərandan keçərkən qalanın yanında bir nesə tikinti vardı. Lakin onlar artıq 1925-ci ildə Əsgəran qalasının iqtisadi həyatında mühüm rol oynamağa başladı. Qalanın özünün adını götürdüyü Əsgəran dağının yaxınlığında - şimal-qərb tərəfdə indi hündür dördmərtəbəli qülləsi olan böyük ikimərtəbəli dövlət konyak zavodu tikilmişdir. qalanın özünün yaxınlığında kənd təsərrüfatı alətlərinin mərkəzi anbarı ilə yanaşı, poçt şöbəsi, bir neçə kiçik dükan, çayxanalar və sair yerləşir. Bütün bu tikililər demək olar ki, şəhər tiplidir. Bir sözlə, burda gələcəkdə böyük iqtisadi artım üçün bütün əlamətləri olan qəsəbə böyüyür. Əsgəran dağının yaxınlığında iri ölçülü daş qutular nəzərə çarpır.
Müharibədən əvvəl Yevlaxdan Stepanakertə çəkilməyə başlamış yol üçün tikilən alaqapıdır. Bu alaqapıdan başqa, bir çox yerlərdə qum təpələri və çuxurlar qalmışdır. Fikirləşmək olar ki, bu istiqamətdə dəmir yol xətti çəkmək nisbətən ucuz başa gələr. Çünki torpaq işlərinin bir hissəsi artıq görülmüşdü. Bundan əlavə, Yevlaxdan Stepanakertə qədər bütün bu yüzverstlik xətt, az qala, düzənlik yerlərdən keçir, dağlıq ərazilər son 25 kilometrlikdən başlayır, digər tərəfdən qeyd etmək lazımdır ki, bu diyar çox zəngindir, lakin o, Stepanakertə dəmir yolu çəkilməyənə qədər tam sürətlə inkişaf edə bilməz. Bununla belə, bu dəmir yolu təkcə bilavasitə dəmir yolu xəttinə yaxın rayonu yox, həm də Dağlıq Qarabağın, Kürdüstanın daha cənuba doğru uzanan geniş sahələrini, Şuşanı və sairi olduqca canlandırardı və oralarda çoxlu gözəl bağlar, kurort və sanatoriya yerləri yaranardı, çünki bu rayonda iqlim çox gözəldir, yol isə yoxdur. Şose yolun bir hissəsini yalnız zəif dərəcədə əvəz edir.
Əsgəran qalasının təsviri
Yevlaxdan Ağdama və xüsusən də, Ağdamdan Şuşaya və Kürdüstana bir tərəfdən həm də Craberd aşırımından Kürdüstan dağlarına yol güman ki, lap qədim zamanlardan Kür çayı vadisindən Kürdüstana, Zəngəzura və Naxçıvan diyarına - Naxçıvana, ordan da Culfa, Araz çayı vasitəsilə İrana - Təbrizə gedən böyük ticarət yolu idi. Bu yolla indi də yazda (yayın əvvəllərində) və payızda (sentyabrda) arandan - qışlaqlardan dağlara yaylağa (yay köçləri) çoxlu köçəri hərəkət edir. 1925-ci ilin sentyabrında Əsgərandan Laçının özünə qədər (Kürdüstanda - başqa cür desək, Abdallarda) biz bütün yol boyu o vaxt dağlardan arana - qışlağa köçən çoxlu köçəriyə rast gəlmişdik. Bu, elin böyük köçü idi: qoyun (bəzən bir neçə min), inək, dana və sair, nadir hallarda dəvə sürüləri hərəkət edirdilər.
İrəlidə və arxada atlı, ya da piyada kişilər gedirdilər. Onların ardınca ev şeyləri, çadır üçün keçələr yüklənmiş minik atları, ya da öküzlər, qadınlar, uşaqlar hərəkət edirdilər. Bu köçərilərin qışlaq yerləri aranda - Muğanda, Bərdə, Ləmbəran yaxınlığında və hətta uzaqlarda olur. Lap qədim zamanlardan bütöv bir el yalnız qışlama, ya da yaylama üçün yox, yeni ölkələrin fəthi üçün bu cür hərəkət edirdi. Bu da onu xatırladırdı.
Əsgəranın 2 kilometrliyində cənuba tərəf Qarqar çayına, sağdan qərbə kiçik Xocalı çayı1. (1. Xocalı çayı üzərindəki körpünü 1926-cı ilin yayında yağan güclü yağışlar yuyub-aparmışdır. Bu, dağlarda tez-tez olur.) tökülür. Xocalıdan taxta körpünün arxasından (eni təxminən 100 metr) keçmiş Xocalı poçt stansiyası rayonu başlayır. Poçt stansiyasının indi yalnız yarıuçuq binası qalmışdır. Qarqar və Xocalı çaylarının birləşdiyi məhz həmin yerdə çox geniş bir düzənlik var və bu düzənlik Xocalı çayından bir qədər qərbə uzanıb-gedir. Bu, həm də kurqanları və tarixdən əvvəlki dəfn mərasimləri ilə çox zəngin olan bir düzənlikdir...
Şosedən sağda (qərbə tərəf) keçmiş Xocalı poçt stansiyasının mülkü və əvvəllər keçmiş sərhəd mühafizə dəstəsinin binası yerləşirdi. İndi həmin ev milislər üçündür. Daha sonra İrəvan quberniyasının qaçqın türklərinin qazma evləri başlayırdı. Keçmişdə burda malakanlar yaşayırdı.
Bu yeni qəsəbədə indi köhnə Xocalı kəndinin qayıdıb-gələn sakinləri, 1918-ci ilin hadisələrindən sonra qaçqın düşənlər də yaşayırdılar. Körpüdən təzə qəsəbəyə qədər təxminən 500 metrdir...
Yeni qəsəbədən 1 kilometr məsafədə, Xocalı çayının o biri tərəfində - sol sahilində hazırda heç kimin yaşamadığı “Köhnə Xocalı” kəndi yerləşir. Burda əvvəllər ağ daşdan yaxşı evlər tikilmişdi, hətta dəmir taxtapuşlu ikimərtəbəli evlər də gözə dəyirdi. Demək olar ki, hər bir evin qarşısında bağçası vardı, lakin 1918-ci il hadisələri zamanı evlərin hamısı yandırılıb məhv edilmişdi, sakinləri isə pərən-pərən düşmüşdülər. Kəsilmiş ağacların qalan hissələri, yaxşı, böyük bağlar haqqında söhbət açır, həmçinin yarıuçuq evlər də göstərir ki, kənd əvvəllər inkişaf etmişdir. Qabaqlar burda 200-ə qədər həyət vardı, kənddə indi də su kəmərləri gözə çarpır. Kəndin o tayında bir qədər uzaqda, yolun döngəsinin arxasında yenə kurqanlara rast gəlmək olar. Kurqanlar kiçikdir, torpağın içindədir, yolun hər iki tərəfində 25-ə qədərdir. Kurqanların arasında yolun sağ tərəfindən diametri 57 metr olan bir kurqan xüsusilə fərqlənir. Yerli sakinlər onu “İşıqlı təpə” adlandırırlar, yəni, parıldayan, kurqanın yuxarısında olan qum qızılı rəngli Günəş şüalarından parlaq şəfəq saçır. “Pirtəpə” adlanan bu kurqanı yerli sakinlər müqəddəs hesab edir. Aşağıdakı rəvayətə görə yerli adamlar da təsdiq edirlər. Burda bütün həyatını uzaqlarda yaşayan bir şah qızı dəfn edilmişdir. Ölümündən sonra qızın müqəddəs ruhu onun qəbrini işıqlandırır...
Şuşa yolunda çoxlu qədim abidələrə rast gəlmək olar. Xan bağı da bu yolun üstündə yerləşir. Körpünün kənarında bir çayxana var. Şuşaya gedib-gələnlərin hamısı burda dayanırlar. Xan bağında görünüşünə görə Muğanda Astraxanka kəndinin yaxınlığında Uzuntəpə kurqanına çox oxşayan böyük bir kurqan var.
Xocalı kurqan sahəsi barədə belə bir fikir söyləmək olar ki, qədimlərdə ölənləri bu müqəddəs torpaqda dəfn etmək üçün şiə müsəlmanlar öz qohumlarını Kərbəlaya, Nəcəfə, farslar Quma və sair aparmağa çalışdıqları kimi bura - qonşu rayonlardan bu kurqan sahəsinə gətirirdilər.
Xocalı düzənliyi, əsasən, tarixdən əvvəlki dövrə - tunc mədəniyyətinə dair çox zəngin arxeoloji material vermişdir. İ.İ.Meşaninovun qazıntıları həmin mədəniyyətə aid yenidən xeyli material vermişdir. Reslerin qazıntılarının materiallarına, əsasən, xaricdə - Berlinin, Münxenin və s. muzeylərində, İvanovskinin qazıntılarının materiallarına Moskvanın, Leninqradın, Bakının muzeylərində rast gəlinir. Buna baxmayaraq, Xocalı yaxınlığındakı kurqanlar və daş qutular arxioloqların hələ uzun müddət diqqət obyekti olacaq, hələ çoxlu material verə biləcək çoxillik qazıntılar tələb olunur. Mixi yazısı olan Assuriya silindri (Assuriya çarı Ədəd Hirarinin adı) bir kurqanda Resler tərəfindən tapılmış və İ.Ş.Meşaninovun tədqiq etdiyi Xocalı kurqanlarının tapıntılarını çox qədimlərə - eramızdan əvvəl təxminən VIII əsrə aparıb-çıxarmağa imkan verir.
Xocalı körpüsünün yaxınlığındakı yeni qəsəbənin sakinləri türklər kasıb, pis yaşayırlar, lakin çox qonaqpərvərdilər. Onların adət-ənənələri təmiz türkcədir. Onlarda toy adətləri aşağıdakı kimidir: Nişanlı qız adaxlısının özü tərəfindən seçilir, lakin oğlanın valideynləri qızın valideynlərinə qızlarını onların oğluna vermək barədə təkliflə müraciət etməyə borcludurlar, həm də onlar qızın oğlana bağışladığı qırmızı dəsmalı (qız ümumi razılığa görə nişan əlaməti kimi oğlana qırmızı dəsmal verir) göstərirlər. Övladlarının razılığına əmin olan valideynlər öz qızlarını istədiyi oğlana verməyə qəti qərara gəlirlər. Oğlanın valideynləri qız evinə üzük, güzgü, qismən ipək parçadan kostyum verməyə borcludurlar. Qızın valideynləri üçün 5 qoyun, 100-200 manat nağd pul, 2 baş qənd, 2 kirvənkə çay, 2 pud kişmiş, 1 pud ərik qurusu, 20-25 pud düyü və 2 kisə həna (tüklər və əllər üçün rəng), həmçinin qızın atası və anası üçün kostyum verilməlidir.
Qız evindən də oğlan evinə onun valideynləri üçün, əgər oğlanın qardaşları, bacıları varsa, onlar üçün də bu cür münasib hədiyyələr aparılırdı. Toy toyxanada (türk sözləridir - toy və xana - otaq) yəni, toy üçün otaqda üç gün davam edir. Toyda zurna çalınır, həmçinin xalq mahnılarını ifa edən aşıq oxuyur. Əksərən də “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Aşıq Qərib” dastanları oxunur. Toyda adamlardan pul yığılır.
Toyun üçüncü günü oğlanı sağdış və soldışının müşayiəti ilə çimməyə aparırlar. Çimməkdən qayıdandan sonra “Xan-xan” oyunu təşkil edirlər. Əgər toy yazda, ya da yayda olursa, onda həmin gün qurşaqtutma oynayırlar. Gündüz saat 2-3 olanda oğlanın anası, bacıları və başqa yaxın qadın qohumları əvvəlcədən hazırlanmış xonça (şirin yemək) ilə qız evinə yollanırlar. Qaranlıqlaşmağa başlayanda oğlanın ən kiçik qardaşı qırmızı kişi belbağısı ilə qızın yanına gedir. Qızgilin evinə yaxınlaşanda onu mahnı ilə qarşılayırlar, həmçinin qızılı ipək saplarla tikilmiş araxçın (kiçik papaq) bağışlayırlar. Qızın sağdışı, soldışı və qadın qonaqlar dəstəsi onu dövrəyə alırlar. Türk xalqının adətinə görə, aşağıdakı sözlərin müşayiəti ilə o, qıza qırmızı belbağı (qırmızı qurşaq hökmən deyil) bağlayır:
Anam, bacım düz gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız-gəlin.
Bu mahnıdan sonra əllərində şam sağdış və soldış gəlini ər evinə müşayiət edirlər. Onlar aram-aram yeriyirlər. Digər qadın qonaqlar onları dövrəyə alırlar. Gəlin valideyninin evindən çıxanda onlar qızlarına xeyir-dua verir və bəyə bildirilir ki, gəlin onun evinə gedir. Bəy də öz növbəsində gəlini qarşılamağa çıxır. Bəyi sağdış və soldış müşayiət edir. Bəy sağdışı və soldışı ilə gəlini dövrəyə alan dəstəyə yaxınlaşarkən təxminən 30 metr məsafədə gəlini saxlayırlar. Rəqs başlayır. Rəqs zamanı bəy gəlin tərəfə alma, ya da apelsin atır. Onu göydə tutub, gəlinə verirlər. On dəqiqədən sonra bəy ikinci almanı atır, onu da göydə tutub gəlinə verirlər. Bundan sonra gəlini bəyə yaxın aparmağa başlayırlar. Həmin vaxt bəy gəlinə üçüncü almanı atır. Onu yenə də göydə tutub, gəlinə verirlər. Bundan sonra bəy gəlinə yaxınlaşmağa və onu öz evinə ötürməyə tamamilə icazə alır. Gəlin bəy evinə gələndə ona, həmçinin də bəyə valideynləri gözaydınlığı verirlər. Daha sonra gəlini müəyyən olunmuş otağa aparırlar. O, orda qalıb, bəyi gözləyir. Bəy gələndə o, namaz qılmalıdır (dua oxuyub, dəstəmaz almalıdır) və yalnız bundan sonra gəlinə yaxınlaşmalıdır. Həmin vaxt yengə otağın qapısının ağzında gözləyir: ər arvadının qanlı ağ dəsmalını ona verəndə gəlinin qızlığının əlaməti kimi yengə bu dəsmalı onun valideynlərinə çatdırır və buna görə də xüsusi xələt alır.
Ertəsi gün bəyin yaxın qohumları və dostları ona təbrik hədiyyəsi kimi çox vaxt şirniyyatdan düzəldilmiş xonça göndərirlər, bəy də elə bu cür uyğun hədiyyə ilə cavab verməlidir.1. (1. Bəy barədə xocalıların toy adət-ənənələri Lənkəran qəzasının türklərinin adətləri ilə təxminən eynidir.)
Yeddinci gün gəlinin valideynləri öz qızlarını və kürəkənini evlərinə qonaq dəvət etməlidir. Onlara hədiyyə, xüsusilə, bahalı bəxşiş düzəldib, gəlinə (qızına) verilir.
Yerli müsəlman sakinlərin keçmişin qalıqlarını görmək mümkün olan dəfn adət-ənənələri də maraqlıdır. Ölənin bədənini yuyandan sonra onun üzüyünü şəhadət barmağına taxırlar, boynuna isə müqəddəs yerlərdən, əsasən də, üçüncü imamın - Hüseynin basdırıldığı Kərbəladan, yaxud səkkizinci imamın - Rzanın dəfn edildiyi Xorasanda Məşhəddən gətirilmiş gildən düzəldilən təsbeh keçirirlər. Xalqın etiqadına görə, bu gil imamların qəbirlərinin gili ilə qarışdırılır. Əbədi dünyadan ayrılmayan ölülər əbədi dünyaya köçür. Onlar burda yalnız ibadət edirlər, orda qiyamət günü isə bu dünyada görünürlər, özləri ilə bu muncuqları götürürlər. Muncuqlarda turbet, yəni, imamların qəbrində gil var və bunun sayəsində günahların bağışlanılmasında bir qədər yüngülləşdirici hal almaq imkanı olur. Cinsindən asılı olmayaraq ölənin ağzına əqiqdən düzəldilmiş muncuq qoyurlar. 1926-cı il fevralın 12-də Bakıda şəxsən belə bir mənzərənin şahidi olmuşam: ölən bir müsəlman qadını yuyandan sonra yuxarıda göstərilən qaydada bəzəmişdilər. Lakin artıq dəfn zamanı yada düşmüşdü ki, onun ağzına əqiqdən düzəldilmiş muncuq qoymamışlar. Ona görə də bu mərhumun anası və xalası tələb elədilər ki, qadını torpağa tapşırmamışdan əvvəl mərhumun ağzını mütləq açıb, ora muncuq qoysunlar.
Dəfn edilənlərin qəbirlərinə gil qab, metal əşyalar və bəzəklər, hərbi ləvazimat qoyulmasına gəlincə isə bu, görünür ki, qədimlərdə olmuşdur, kurqanlarda dəfn zamanı edilirdi, onda müsəlmanlarda bu adət yox olub getmişdi. İslam dini buna bənzər şeyləri qəbirlərə qoymağa ciddi şəkildə qadağan edir, lakin bütün bunlar qəbir daşlarında ölənlərin relyefli fiqurlarının və onların yanındakı əşyaların təsviri ilə əvəz olunmuşdur: ev şeylərinin, hərbi ləvazimatın, həmçinin günəşin, səkkizüzlü xonçaların və sair. Xüsusən, belə təsvirlərə - yay-kaman, oxlar, başmaqlar, qızılgül suyu üçün qablar və sairə rast gəlinir.
Təxminən 200 il ərzində yerli Azərbaycan şiə müsəlmanlarında fars ruhanilərinin təsiri ilə ölənlərin cənazələrini Kərbəlaya, ya da başqa müqəddəs yerlərə aparılması adəti kök salmışdır, lakin ölümdən bir il sonra, hətta daha sonra. Ümumiyyətlə, son 200 ildə müsəlmanların dəfn mərasimi diyarda çox bayağılaşmışdır.