Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə beynəlxalq münasibətlərin hazırkı spektrinə aid önəmli fikirlər, mülahizələr yer alıb. Xüsusilə, Azərbaycanın öz qonşuları və ümumiyyətlə, Cənubi Qafqazdakı rolu barədə dövlət başçımızın səsləndirdiyi fikirlər özlərini böyük güc sayan dövlətlərin cılız düşüncələrinin təhlükəli tərəflərini beynəlxalq ictimaiyyətə açıb göstərdi. Jurnalistin verdiyi suallar olduqca geniş mövzuları əhatə edirdi və İlham Əliyevin cavabında kifayət qədər faktlarla məsələnin mahiyyəti izah olnurdu. Biz bu mövzulardan birinə - müasir dünyada neokolonializm təzahürünə diqqət yetirəcəyik.
Müsahibədə oxuyuruq: “Onların kolonial keçmişinə gəldikdə, bəziləri bunu bizim cavabımız kimi qiymətləndirirlər, amma zənnimcə, bu məsələ ola bilər ki, daha dərin xarakter daşıyır. Əgər ən başlanğıcda haradasa, necəsə bu məsələni nəzərdən keçirmək mümkün idisə, indi bu mövzuya dərindən nüfuz etdiyimiz, fransız kolonializminin iyrənc simasını gördüyümüz, bizim nümayəndələrimizin fransız koloniyalarının sakinləri ilə fəal ünsiyyət saxladıqları, - həm onların ölkələrində, həm Bakıda, həm də digər məkanlarda, - vaxtda, əslində, biz görürük ki, uzun illər ərzində dünya ictimaiyyətindən nələri gizlədiblər. Nə üçün? Çünki heç kim bununla maraqlanmaq istəmirdi. Heç kim başının ağrımasını istəmirdi. Çünki onlar şantaj edirlər. Hətta bizim münasibətlərimiz soyuq müharibə fazasına daxil olduqda əvvəlcə bizə mesajlar gəlirdi ki, “unutmayın, biz böyük ölkəyik”.
“Böyük ölkə” olmaq iddiası fransız özünəvurğunluğunun bariz ifadəsidir. Bu ölkənin siyasətçilərinin düşüncəsində “ali irq”, başqa sözlə, faşizm ideologiyasının ana xətti xülyası var. Özlərini yalnız idarə etmək rolunda görən bu adamlar başqa millətlərə və xalqlara dərs verməyə meyilləniblər, dünyaya insan haqları və bərabərlik haqda moizə oxuyurlar. Lakin öz ölkələrində yaşayan əhaliyə etdikləri haqsızlıqları görməzdən gəlirlər. Belə olan halda, görün, işğal etdikləri ərazilərdə yaşayan xalqlara necə zülm edirlər. İş o yerə çatıb ki, işğal edilmiş ərazilər indi Fransa ərazisi kimi təsbit olunur: “Fransız Qvianası”, “Fransız Polineziyası”, Fransanın departamenti sayılan və uzaq Afrikada yerləşən “Reunion” adası və sairə. Həmin ərazilərdə yaşayan xalqlar bir neçə əsr ərzində vəhşicəsinə istismar olunub, öz dillərini, adət-ənənələrini unutmağa məhkum edilib. Azadlıq uğrunda mübarizə aparan insanlar isə xəlvətcə aradan götürülüb, həbsxanalara salınıb. Beynəlxalq təşkilatların həmin xalqlara münasibətdə qəbul etdiyi müdafiə xarakterli qətnamələri koloniyaçılar heçə sayıblar. Bizim dövrümüzdə isə prezident Emmanuel Makronun məkrli siyasəti Fransa koloniyalarının azadlıq mübarizəsini həmişəlik məhv etmək məqsədini güdür.
Prezident İlham Əliyev bu siyasəti ifşa etməklə Azərbaycanın dünyada haqq-ədalət uğrunda çarpışan xalqların səsinə səs verdiyini bəyan edib, bu böyük amal uğrunda ölkəmizin oynadığı nəcib rola diqqət çəkib. Bu çox qürurvericidir.
Qeyd etmək lazımdır ki, Makron belə bir rəzil siyasəti Cənubi Qafqazda da yeritməyə çalışır. O, “himayədarlıq” pərdəsi altında beynəlxalq aləmdə “qoltuqaltı” dövlət kimi tanınan Ermənistanı da digər dövlətlərin əlindən qoparıb öz koloniyasına çevirmək fikrindədir. Bunun üçün Ermənistanı səylə Azərbaycana qarşı silahlandırır. Müsahibədə Makronun başabəla siyasətinin iflasa uğraması barədə aydın fikirlər bildirilib: “Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara “Əlvida!” dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir”.
Bütün bu fikirlər Azərbaycana, dünyada ədalətə qarşı siyasət aparanlara açıq mesajdır ki, yerinizdə oturun, öz üşünüzlə məşğul olun, yoxsa ki, Makron kimi iflasa uğrayacaqsınız.
Novruz Novruzov
Azad Vətən Partiyası, Siyasi Şuranın sədri