Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin müttəfiqlik səviyyəsini təsbit etməyi hədəfləyib. Bu iki dövlətin münasibətlərinin səviyyəsi Cənubi Qafqazda ictimai-siyasi şəraitin mahiyyətinə güclü təsir edir. Son dövrlərədək Rusiyanın öz qonşularına münasibətdə birtərəfli mövqedən çıxış etməsi hamıya məlumdur. Lakin Kreml sahibləri artıq anlayırlar ki, yalnız bərabərhüquqlu münasibətlər zəminində Rusiya dövləti dünyada supergüc rolunu qoruyub saxlaya bilər. Bu mənada beynəlxalq hüquqa əsaslanan və qarşılıqlı mənafe üzərində inkişaf edən əlaqələrin siyasi və iqtisadi dividentləri Azərbaycanla Rusiyanı regiondakı dövlətlər üçün nümunəvi modelə çevirib.
Azərbaycanın səyləri bütün qonşularla dostluq və əməkdaşlıq münasibətlərini gücləndirməyə yönəlib. Siyasətdə bu istiqamət hüquqa hörmət və verilən vədlərə sədaqət tələb edir. Əks halda münasibətlərdə ziddiyyət yaranır və sonda müharibə ilə nəticələnir. Bu isə uzun illər ərzində yaradılan nə varsa hamısının dağılmasına, xalqlar arasında düşmənçiliyin güclənməsinə səbəb olur.
Bu aspektdə Azərbaycanın Rusiya üçün rolu aydan-aya sürətlə daha da aktuallaşır. Təbii ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra bu rol daha da artıb. Çünki, Rusiyanın satelliti olan Ermənistan indi bu ölkəyə arxadan zərbə vurmağa cəhd edir. Artıq Ermənistan ərazisində Qərbin bir sıra güc və kəşfiyyat strukturları özlərinə yer eləyib. Bu isə Rusiyanın maraqlarına cavab vermir və Cənubi Qafqazı yeni müharibəyə sürükləyir. Ukrayna ilə müharibə aparan Rusiyaya erməni siyasətinin bu xəyanəti bağışlanmaz münasibət yaradır. Regionda yaranmış yeni situasiya Azərbaycanı Rusiya üçün dayaq nöqtəsinə çevirir. Buna görə də Azərbaycanla münasibətlərin möhkəmlənməsi Rusiyanın xarici siyasətinin prioritet məsələsidir.
İki ölkə arasında iqtisadi əlaqələrinin sürətlə inkişafı üçün də təbii zərurət var. Birincisi, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. İkincisi, Qərbin sanksiyalarına məruz qalan Rusiya karbohidrat ehtiyatlarının reallaşdırılması üçün yeni marşrutlar axtarışındadır və dünyanın iqtisadi strukturuna uğurla inteqrasiya olunan Azərbaycanın vasitəçiliyinə güclü ehtiyacı var. Təsadüfi deyil ki, hazırda bu ölkələr arasında əmtəə mübadiləsinin həcmi 4 milyard dollara çatır ki, bu da böyük rəqəmdir.
Nəqliyyat dəhlizləri isə nəinki iki ölkənin iqtisadi-siyasi mövqelərinin inkişafına və daha da yaxınlaşmasına müsbət təsir edir, eyni zamanda dünyanın böyük bir anklavında yerləşmiş dövlətləri regional təsərrüfata cəlb etməklə inkişafın üfüqlərini genişləndirir. Bu isə sabitlik, sülh və firavanlığa yeni təhfələr bəxş edir. Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi və yüksəlişi Cənubi Qafqaz regionunun ictimai-siyasi panoramının konturlarını daha da dəqiqləşdirir və dərindəşdirir. Rusiya, Azərbaycan və İrandan keçməklə Hindistana və Hind okeanına qədər uzanacaq Şimal-Cənub nəqliyyat dəhlizi hazır olandan sonra vəziyyətin indikindən daha yaxşı istiqamətdə büsbütün dəyişiləcəyi gözlənilir.
Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında deyib: “Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.
2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir”.
Bu o deməkdir ki, hər iki ölkə rəhbərliyi götürülmüş siyasi və iqtisadi kursa sadiqliyi qoruyub saxlayır.
Novruz Novruzov
Azad Vətən Partiyası, Siyadsi Şuranın sədri