Kapitulyasiya sənədindən sonra gələcək münasibətləri aydınlaşdıran müqavilə necə olmalıdır?
Qalib Azərbaycanın təntənəsi davam edir. İşğalçı ermənilər sülhməramlı qüvvələrin nəzarəti altında yerdə qalan işğal ərazilərini boşaldır, zarıya-zarıya torpaqlarımızı tərk edirlər. Artıq Qarabağda qalmış erməni silahlı qüvvələrinin qalıqları ilə İrəvanda maraqlanan yoxdur. Onlar öz başlarına qılmağa çarə axtarırlar. Köhnə hakimiyyəti təmsil edən müxalifət şəraitdən istifadə edərək hakimiyyətə qayıtmaq üçün çarpışır. Astarı və üzü mundarlanmış Paşinyan hakimiyyəti isə ikicə ilə çürümüş hakimiyyətini saxlamaq üçün çabalayır. Ermənistanın prezidenti ilə əsas sima olan baş nazir arasında da qovğa başlayıb. Prezident Sarkisyan P)aşinyanın devrilməsini dəstəkləyən bəyanatlarla çıxış edir: idarəetməni milli birlik hökumətinə vermək lazımdır, yeni parlament seçkiləri qaçılmazdır və sairə. Belə görünür ki, baş nazir Nikol Paşinyan təklənib və istefa vermək istəmədiyindən parlament seçkiləri keçirməklə onu birdəfəlik siyasi səhnədən silmək istəyirlər.
Ancaq Paşinyanın tək qaldığını demək nə qədər realdır? Bir halda ki, onun arxasında ABŞ-ı təmsil edən Soros durur, demək, onu istefaya getməyə qoymayan da elə həmin qüvvədir. Bu səbəbdən İrəvanda istefalar taktikası nə qədər sürətlə getsə də, Paşinyanın vecinə deyil. O, axıradək duruş gətirmək və götürdüyü anti-Rusiya kursunu himayədarları sayəsində davam etdirmək niyyətindədir.
İndi Azərbaycanın marağında olan əsas məsələ kapitulyasiyadan sonra imzalanacaq sazişin müddəalarıdır. Təbii ki, qalib tərəf kimi Azərbaycan sazişin mətnini hazırlayıb imzalamaq üçün qarşı tərəflə görüşdə təqdim edəcək. Bu, böyük üstünlükdür. Lakin bir iş də var ki, sazişin razılaşdırılmasında Kreml də iştirak edəcək. Və ondan yeni sürprizlər gözləmək qaçılmazdır. Çünki Rusiya Ermənistanın patronajlığını edir və onu əldə möhkəm saxlamaq üçün mütləq əlində yeni əsaslar olmalıdır. Haqqında danışdığımız müqavilə bunun üçün əla fürsətdir. Belə ki, qaydalara görə, qalibi heç kim mühakimə edə bilməz, amma onunla şərtlər ətrafında fikir höcətçiliyi edə bilər. İkinci dünya müharibəsini yada salaq. Stalin Potsdam konfransında yumruğunu stola çırpıb danışırdı. Amma bununla belə müttəfiqlərin təkidi ilə Almaniya 4 təsir zonasına bölündü və sonradan çox hissəni etiva edən tərəfdə AFR yarandı. İndi Rusiyanın patronajlığı Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə bilməsə də, İrəvana təsirini gücləndirmək və “erməniləri məhv olmaqdan mən qurtardım” təəssüratı yaratmaq üçün Qarabağda yaşayan ermənilərə bir sıra güzəştlərin tətbiq edilməsinə səy göstərəcək. Qeyd etmək lazımdır ki, torpaqlarımızın azadlığı yolunda bu mərhələnin əhəmiyyəti də kifayət qədər böyükdür.
Hər bir halda Azərbaycan tarixi uğura imza atıb və əmin ola bilərik ki, müqavilə sənədi də lazımı səviyyədə milli maraqlarımızı qoruyacaq. Çünki, artıq biz, yenicə müstəqil olan dövlət yox, müstəqilliyinin 30-cu ilini çətin mübarizə dövründən, ictimai-siyasi-hərbi sınaqlardan alnıaçıq çıxmış bir dövlət kimi qarşılayırıq. Müqaviləni də bir yanında qardaş Türkiyənin dayandığı, o biri yanından nüvə dövləti Pakistanın müdafiə etdiyi, regionun lideri və dünyada sürətlə inkişaf edən Azərbaycanın fövqəladə vəziyyətlərdə müdrik qərarlar qəbul etməyi bacaran Prezidenti İlham Əliyev imzalayacaq. Buna görə də xalq əminliklə inanır ki, Ermənistanla dövlət sərhədlərimizin delimitasiyası zamanı son illərin yox, 1920-ci ildəki sərhəd xətləri əsas götürüləcək. Çünki sovet dövründə Moskvadakı əlaqələrinə arxalanan ermənilər qeyri-qanuni şəkildə addım-addım respublikamızın ərazisi içərisinə soxularaq qeyri-rəsmi şəkildə öz təsərrüfatlarını qurublar. Məsələn, Laçın rayonunda Qaragol adlı bir sututar var. Bu gölün sahillıəri üzrə əsas hissəsi Azərbaycan ərazisindədir. Ancaq ötən əsrin 80-ci illərində ermənilər zaman-zaman gölü əllərinə keçirib və orada öz balıqçılıq təsərrüfatlarını qurublar, sonra da azərbaycanlıları gölün ətrafına belə buraxmırdılar. Hətta 1978 və 1981-ci illərdə Allahverdiyüv soyadlı laçınlı müəllimin bu haqda şikayət ərizəsi “İzvestiya” qəzetində dərc olunmuşdu.
İkinci əsas məsələ, azərbaycanlıların Qarabağa qayıdışı dövründə Xankəndinin mərkəzindəki Kərkicahan qəsəbəsinin o vaxtkı 15 minlik əhalisinin taleyi də nəzərə alınmalıdır. Yəni, Kərkicahandan heç cür imtina etmək olmaz.
Fikrimizcə, daha bir ciddi məqam Beynəlxalq monitorinq mərkəzinin yerləşəcəyi məkandır. Bu mərkəzin Xankəndi (Kərkicahan qəsəbəsində), Xocalı, Şuşa, Laçın, Xocavənd, Ağdam şəhərlərindən birində yerləşməsi, Yeddi xırman, Hadrut, Fərrux yüksəkliklərində müşahidə postlarının qurulması nəzarət baxımından olduqca əlverişli olar bilər.
Sonuncu məqam işğal zonasında ermənilərin qurduqları qondarma qurumla bağlıdır. İmzalanacaq müqavilərə bu cür qondarma qurumların adlarının çəkilməsi belə məqbul sayılmır. Çünki qondarma qurumun başbilənləri Qarabağda rəqs etdikləri günlərin nostalgiyası kimi hələ də özlərini reallıqdan uzaq aparır və qarabağlı ermənilərə göstərişlər də verir. Rusiya sülhməramlıları Laçın-Şuşa-Xankəndi yolunun təhlükəsizliyini elan edən kimi Araik Arutyunyan adlı separatçı dərhal mətbuata bildirir ki, bu “Berdzor-Stepanakert” yolu açılıb və təhlükəsizlik təmin olunur. Yəni, imitasiya edərək sanki “bu yolun açılmasında onun da əməyi var” mesajımı ötürərək gündəmdən çıxmadığını bəyan edir. Qarabağın başı üzərində güclü Azərbaycan dövləti, onun qanunları və torpaq üzərində haqqı var. Bütün bunlar dövlətə aid beynəlxalq təsbit edilmiş əmlak və hüquq çərçivəsinə daxildir və ermənilərin hansı şəraitdə və statusda yaşamalarından asılı olmayaraq onlar Azərbaycan dövlətinin vətəndaşı olaraq onun bütün qanunlarına əməl etməlidirlər ki, bu da sazişdə əksini tapmaqla regionda əbədi olaraq bərabərlik və hüquqilik əsasında sülhə xidmət edər.
N.NOVRUZ