Heydər Əliyevin Azərbaycan söz sənətinin hərtərəfli yüksəlişinə böyük diqqət və qayğısı onun nəzəri irsində mühüm dəyərə malik olan məsələlərdəndir. Onun ədəbiyyatşünaslığa gətirdiyi yeni tipli siyasi təfəkkür sayəsində ədəbi prosesin perspektivlərində müsbətə doğru kəskin şəkildə irəliləmə baş vermişdir. Milli və ictimai maraqları formalaşdıran fikirlərə, mülahizələrə, hökmlərə fərqli prizmadan yanaşaraq ədəbiyyatın ideya-estetik dəyərini, təsir qüvvəsini düzgün qiymətləndirmişdir. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri milli istiqlalın azərbaycançılıq ideologiyası prizmasından tədqiq olunmuşdur. O, azərbaycançılıq fəlsəfəsinin yaranmasını və ədəbi əsərlərdən qaynaqlanmasını ən mühüm və vacib amil kimi dəyərləndirmişdir. Onun fikrincə, ədəbiyyat azərbaycançılıq fəlsəfəsinin və ideologiyasının əsasıdır. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələlərinə dair ən önəmli saydığı Azərbaycan ədəbiyyatını inkişaf etdirmək və tanıtdırmaq idi. Onun ədəbiyyat sahəsindəki fəaliyyəti azərbaycançılıq ideologiyasına dayanır. Heydər Əliyev milli ədəbiyyat, mədəniyyət, bədii fikir, ictimai dünyagörüş istiqamətində formalaşma prosesində azərbaycançılıq bədii düşüncəsini konseptual fikirlərlə əsaslandırırdı. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri Şərqin, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bədii düşüncəsinin konseptual ümumiləşdirməsidir. Ulu öndər Azərbaycan folkloruna və klassik ədəbiyyatına çox böyük önəm verərək, onları əsas istiqamətlərindən biri kimi görürdü. Folklora, milli-mənəvi sərvətlərə qayğıkeş münasibəti ilə mədəni irsimizin qorunmasına nail ola bilmişdir. Azərbaycan folklor nümunələrinin qorunması Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin əsas amallarından olmuşdur. Folklor milli ruhun güclənməsi, vətərpərvərlik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi, xalqın mənəvi həyatını işıqlandırması, milli-mənəvi dəyərlərinin toplanılması, qorunması və təbliğində mühüm rol oynamışdır. Ümummilli lider folklor nümunələrinin hərtərəfli öyrənilməsi, onların bədii irsinin toplanıb nəşr edilməsi, ustad sənətkarlardan Aşıq Alının 180 (1981), Aşıq Ələsgərin 150 (1972) illik yubileylərinin keçirilməsi kimi göstərişləri ilə ədəbiyyat məsələlərinə necə böyük dəyər verdiyini göstərmişdir. Heydər Əliyev Azərbaycanda Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir Qocayev, Aşıq Şakir Hacıyev, Aşıq Ələkbər Cəfərov, Aşıq Ədalət Nəsibov, Aşıq Pənah Pənahov, Aşıq İmran Həsənov, İzzətalı Zülfüqarov, Ələsgər Şəkili, Əli Kərimov, Aşıq Əhliman, Aşıq Ədalət Dəlidağlı kimi folklor nümayəndələrinə fəxri adlar verərək onların Azərbaycan folklorunu daha da dərindən araşdırmasını, aşıq sənətini inkişaf etdirməsini, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər görülməsini tapşırmışdır. Heydər Əliyevin göstərişi ilə “Kitabi-Dədə Qorquq”un, Aşıq Şəmkirin, Dədə Ələsgərin yubileylərinin dövlət səviyyəsində birbaşa prezidentin nəzarəti altında həyata keçirilməsi onun folklora qayğısının və sevgisinin təzahürü idi. Ümummilli liderin folkora göstərdiyi qayğı elmi araşdırma mövzusu kimi müxtəlif sənət nümayəndələri tərəfindən araşdırılmışdır. Heydər Əliyev irsində Azərbaycan xalqının dünyanın qədim və oturaq xalqlarından olmasının milli mahiyyət daşıması və Azərbaycan mədəniyyəti nümunəsi kimi dünya ictimaiyyətinə qəbul etdirilməsinin yekunu nəticəsidir. Klassik Azərbaycan ədəbiyyatı nümayəndələrinə qarşı olan münasibət onun siyasi müdrikliyinin və uzaqgörənliyinin qabarıq göstəricisidir. Klassik ədəbiyyat onun üçün hər şeydən əvvəl, müasirliyi, konkret tarixi situasiyada xalqa mənəvi-mədəni xidmət göstərmək potensialını özündə ehtiva edirdi. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri milli-mənəvi və ədəbi potensialın yaradılması ilə şərtləndirilməsi nəticəsində klassiklərin əsərlərinə diqqət daha da çox artmışdır. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri ümummilli liderin ədəbiyyatşünaslıq elminin yeni inkişaf mərhələsini başlanması ilə birbaşa bağlıdır. O, ədəbi görüşlərində ədəbiyyat məsələlərini ümumxalq mövqeyindən təhlil edib, ona elmi-fəlsəfi münasibət formalaşdırıb, yeni araşdırma metodlarını, sahələrini və yollarını müəyyən etmişdir. Heydər Əliyevin klassik ədəbiyyatımızın müxtəlif problemlərinin açılmasına və təhlilinə dair yüksək elmi tədqiqat işləri vardır. Onun ədəbiyyatın müxtəlif problemlərinin həlli istiqamətinə aid fikirlərinin özünəməxsusluğu nəticəsində ədəbiyyat tariximiz yeni yöndən işıqlanmağa başlamışdır. Heydər Əliyev klassik irsimizə yeni münasibəti formalaşdıraraq, klassik irsin tədqiqatçılarının qarşısında klassik ədəbi nümunələri yeni baxış prizmasından araşdırmaq, milli-əxlaqi dəyərlərin üzə çıxarılmasında və ona fəlsəfi münasibətin formalaşmasında klassik irsin əhəmiyyətini müəyyənləşdirmək, klassiklərimizin yaşadığı dövrü tədqiq etmək kimi şərtlər qoymuşdur. Onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi klassiklərin əsərlərinin ətraflı araşdırılması, onların yubileylərinin keçirilməsi, əsərlərinin tədqiqi və təbliği ilə bağlı verdiyi göstərişlər nəticəsində klassik ədəbi irs daha da inkişaf edə bilmişdir. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin tikilməsi və abidəsinin qoyulması Heydər Əliyevin adı ilə bağlı olub, onun klassik ədəbi irsə diqqət və qayğısı nəticəsində baş vermişdir. Heydər Əliyevin irsində Azərbaycan ədəbiyyatına yanaşmasını araşdıran zaman onun Füzulinin və Nəsiminin məzarlarının qorunması ilə bağlı fəaliyyətinin tarixi əhəmiyyəti olduqca böyükdür. Klassiklərə münasibət onun dövlətçilik və milli siyasət konsepsiyasının əsasını təşkil edir. Dahi şəxsiyyət Azərbaycan ədəbiyyatı nümayəndələrinə həmişə diqqətli olmuş və Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi sənətkarların irsinin qorunması məsələsini diqqət mərkəzində tutmuşdur. Görkəmli dövlət xadiminin nəzəri irsində ədəbiyyat məsələləri sənətkarların yubileylərinin keçirilməsi, irslərinin tədqiqi ilə bağlı fərman və sərəncamların verilməsi ilə kifayətlənilməmişdir. Onun nəzəri irsində eyni zamanda ədəbiyyatşünaslıq sahəsində fundamental əsərlərin meydana çıxması, yeni bədii əsərlərin, teatr tamaşaları və kinofilmlərin yaranması və tarixdə analoqu olmayan hadisə - Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilərək, doğulub- böyüyüb, yaşadığı Naxçıvanda dəfn edilməsi və qəbirüstü məqbərənin tikilməsi kimi məsələlər öz həllini tapmışdır. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələlərində ədəbi-mədəni hadisələr vasitəsilə xalqı oyatmaq, mili istiqlal və azadlıq mübarizəsinə hazırlamaq mühüm yer tutmuşdur. Heydər Əliyevin ədəbi-mədəni abidələrimizə və folklor nümunələrinə verdiyi qiymət misilsiz əhəmiyyət daşıyır. Onun nəzəri irsində ədəbiyyat məsələlərinə dair nümunələr ümumtürk və ümumşərq, bəzən də ümumdünya mədəniyyətinin çərçivəsində təhlil olunmuşdur. Dahi şəxsiyyətin Azərbaycan ədəbi fikrinin istiqamətləndirilməsindəki fəaliyyəti tarixilik və müasirliyin vəhdəti şəklindədir. Onun Azərbaycan yazıçılarının əsərlərinə olan diqqəti nəticəsində türk dünyası yazarlarının mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi əsərlərin keyfiyyəti artmışdır. Görkəmli xadimin ədəbi-tarixi prosesdəki mövqeyi və xidmətləri sayəsində Azərbaycan elmi, mədəniyyəti, incəsənəti, maarifi və digər sahələri əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Ədəbiyyatın inkişafında maraqlı olan Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan”, “Qobustan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” kimi jurnallar və “Ədəbiyyat” adlı qəzet dövlət hesabına nəşr olunmuşdur. Heydər Əliyev Azərbaycan ədəbiyyatının nümayəndələri olan: Əliağa Kürçaylının, Nəbi Xəzrinin, Mirvarid Dilbazinin, Aşıq Əhmədin, Aşıq Şəmkirin, Qabilin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun, Vadif Məmmədovun, Xanəli Kərimlinin, Ələddin Eyvazın, Elman Həbibin, Mətanət Hüseynxanqızının, Həmid Arzulunun, Elçinin xalqın təfəkkürünə əsaslanaraq yaratdığı bədii-fəlsəfi əsərləri xalqımızın tarixindəki roluna yüksək qiymət vermişdir. Ədəbiyyatın yaradıcı gücünü, təsir qüvvəsini, ziyalılarda milli oyanış hissini gücləndirməsini, xalqın milli-mənəvi dəyərlərinin üzə çıxarılmasını və qorunmasını, milli mənlik şüurunun formalaşmasını və təkmilləşdirilməsini çox yüksək dəyərləndirən Heydər Əliyev bu sahənin digər sahələrdən mənəvi cəhətdən daha çox əhəmiyyət daşıdığını vurğulamışdır. Ədəbi-mədəni irsimizi araşdırmaq və inkişaf etdirməyi, xalqın milli tarixinin və ədəbiyyatının öyrənilməsini, tədqiqini və təbliğini Azərbaycan ziyalılarının qarşısında şərt kimi qoymuşdur. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının dünyaya tanıtdırılmasında yüksək xidmətləri olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri mövzularına elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, Hüseyn Cavidin məzarının Naxçıvana gətirilməsi, məqbərəsinin ucaldılması, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, “Kitabi-Dədə Qorqud”un yubileylərinin keçirilməsi, vaxtaşırı yazıçılarla və şairlərlə görüşlərin keçirilməsi, “Azərbaycan”, “Qobustan” və “Ulduz” kimi ədəbi topluların sərbəst və azadfikirli ədəbi nümunələrin nəşr etdirilməsi, milli zəminə söykənən, milli yaddaşı özündə əks etdirən ədəbi əsərlərin yaranmasına böyük önəm verilməsi, azərbaycançılıq ideologiyasını özündə ehtiva edən əsərlərin yaranmasını önə çəkməsi misal ola bilər. Ədəbiyyat faktorunun görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətində rolu çox genişdir. O, ədəbiyyatın imkanlarının ölkənin və xalqın tanıdılmasındakı və milli ideologiyanın formalaşdırılmasındakı əvəzedilməz rolunu çox yaxşı bilirdi. Onun geniş və sistemli ədəbiyyat biliyinə malik olması sayəsində ədəbiyyatın təhsildəki, əxlaqdakı, mənəviyyatdakı çox böyük roluna üstünlük verilmişdir. Heydər Əliyevin bədii ədəbiyyata münasibəti ədəbiyyatın xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi görülməsində müstəsna rol oynamışdır. O, dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini həyata keçirməkdə ədəbiyyat faktorundan davamlı istifadə etmişdir.
Həcər Atakişiyeva
Ədəbiyyat siyahısı:
1. Heydər Əliyev və Azərbaycan Yazıçılar Birliyi // Heydər Əliyev və dövlətçilk təliminin işıqları. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. (Xüsusi buraxılış). Naxçıvan: Qeyrət, 2013, №1, s. 129-131
2. Ümummilli lider Heydər Əliyev Məhəmməd Füzuli haqqında // Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri. 2013, № 2, s. 256-260
3. Ümummilli lider Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri / Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV beynəlxalq elmi konfransın materialları. Bakı: Mürtəcim, 2013, s. 400-402
4. Heydər Əliyev və Azərbaycan ədəbiyyatında dissidentlik // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2014, №1, s.10-13