AXTAR

Qarabağın tacidarı Ağdamda qələbə təntənəsi

ilham agdam məscid meydanında

Müzəffər Ali Baş Komandan strateji dayaq olan şəhəri Azərbaycana qaytardı

Birinci Qarabağ müharibəsi tarixin yaddaşında təkcə azərbaycanlıların beynəlxalq separatçılıq hərəkatına müvəqqəti məğlubiyyəti ilə yox, həm də şanlı müqavimət faktları ilə də qalıb. Bu müqavimətin önündə Ağdam şəhəri dururdu. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu şəhərin bir neçə özünümüdafiə batalyonu nböyük bir ordunun görəcəyi müdafiə fəaliyyəti göstərirdi. Əgər erməni separatçılara xarici dəstək olmasaydı, həmin batalyonlar nəinki Qarabağı, bəlkə də Azərbaycanın yadellilər tərəfindən çoxdan ələ keçirilmiş digər ərazilərini də azadlığa qovuşduracaqdılar. Lakin siyasət həmişə maraqlar üzərində qurulub və qəhrəmanlıq dastanları heç də həmişə siyasətə qalib gələ bilmir. Ancaq məğlub da olmur. Sadəcə, geri çəkilib güc toplayır və məqamı yetişəndə yenə eyni ümid və atəşlə niyyətinə çatır. 30 il əvvəl Azərbaycanın uduzduqlarını bu gün Prezident İlham Əliyev o illərin döyüşkən ruhu ilə xalqımıza qaytarır. Ağdam şəhərinin də bu zəfərdə özünəməxsus yeri var.
Müharibə nəticəsində Ağdamdan məcburi köç edən əhalinin bütün məhrumiyyətlərlə yanaşı bir qarşısıalınmaz dərdi də vardı: Biz, əvvəl axır nə vaxtsa Ağdamı geri alacağıq, Ağdam qayıdacaq, ancaq “ağdamlılıq” qayıtmayacaq. Bu böyük yanğı idi, çünki, bütün yaşayış məskənləri kimi Ağdam əhalisinin də əsrlər boyu formalaşmış yaşam tərzi, yerli adət-ənənəsi, həyata fəlsəfi baxışı, milli dünyagörüşü vardı. Buna görə də qəmli narahatlığı əbəs saymaq olmazdı.
Budur, ömürlərə iz salmış məhrumiyyətlər aradan qalxıb, Ağdam azadlığa qovuşub. Azərbaycan xalqı sərvətləri talanıb viranə qoyulmuş quru torpaqlı Ağdamı böyük coşqu və məhəbbətlə qarşılayır. Sevinc ümmanlar qədər hədsizdir. Və bu nəhayətsiz sevginin səbəbkarı olan Ali Baş Komandan İlham Əliyev quru yurda ilk səfərində ağdamlıların böyük narahatçılığına son qoydu. Prezidentimizin və Birinci vitse-prezidentimizin şəhərə səfər təəssüratı, cümə məscidinə böyük inancla daxil olmaları, yalnız divarları qalmış inam məbədimizi oxşamaları, Məkkədən gətirdikləri Qurani-Kərim-i öpüb gözlərinin üstünə qoyaraq məscidə bağışlamaları yüksək milli ləyaqətimizin dərin və inamlı təcəssümü idi.

mehriban agdam məscidində

ilham və mehriban agdam məscidində
Ölkəmizin rəhbəri Ağdam məscidinin qarşısındakı meydanda şəhərin azad olunması münasibətilə möhtəşəm zəfər nitqi söylədi. Məhz həmin meydandan deyilən fikirlərin böyük tarixi əhəmiyyəti ilə yanaşı böyük rəmzi mənası da var. Ağdamda doğulub böyüyən bir şəxs kimi o meydanda yaşanan hadisələrin çoxunun şahidiyəm. 26 fevral 1992-ci ildə bu meydan qan ağlayırdı. Xocalı soyqırımının qurbanları olan azərbaycanlıların meyitləri ilə dolu olan meydanda dəhşətdən üz-gözlərini cırıb al-qana boyayaraq ağlaşan qadınların ah-naləsi, deyilən nohələrin əks-sədası indi də qulaqlarımdadır. Meyitləri kəfənləyən kəfənçilərin “kəfən kəfən şatışmır, kəfən gətirin” sədaları intiqam hissini alovlandırırdı. Bu qədər zülmmü olardı? Baş verənlərdən ağlını itirmiş xocalılı qadın bu meydanda nohələrin ahənginə uyğun olaraq qol götürüb rəqs edirdi. Onun rəqsi dərdlərimizin simfoniyası idi.
İndi bu dərdli meydanda yenə də qələbəlik gördük və o mənə yenə simfoniya təsiri bağışladı: zəfərlərimizin simfoniyası. Bu sadlığı bizə müdrik xalqımız, qəhrəman ordumuz və qətiyyətli prezidentimiz yaşatdı. “Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik”-deyə, Ali Baş Komandanın sözləri “dərdlər” meydanının dərddən qurtularaq mübarizə meydanın çevirdi. Qarabağ şəhidlərinə yas tutan meydanda bu gün zəfərlərimizin təntənəsi elan edilir. Bu zəfər nitqində aydın görünən intiqam notlarısını sədası şəhidlərimizin qanının yerdə qalmadığına təsirli şəhadətdir.
Qarabağ işğal əsirliyindən azadlıq zəfərinə qovuşması planının baş memarı Prezident İlham Əliyev qələbəmizin mahiyyətini də açıqlayıb: “Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq”. Bu xoşbəxtlikdə ağdamlıların da payı və yeri var. Xalqımızın sırasında onun rəhbəri ilə gələcəyə doğru addımlayan ağdamlıları qarşıda daha firavan, daha gözəl dövran gözləyir. Tezliklə doğma Ağdam kimi ləyaqətli ağdamlılıq da qayıdacaq və ölkəmizin gücünə güc qatacaqdır.
N.NOVRUZ

Oxşar məqalələr