AXTAR

Azadlıq uğrunda müharibə qaçılmaz idi

anım gunu

27 sentyabr 2020-ci ildə uzun illər ərzində torpaqlarımızın böyük bir qismini işğal altında saxlayan qəsbkar Ermənistan daha bir təxribat törətməyə cəhd etdi. Bu cəhd küpdəki suyu daşıran son damla oldu. Azərbaycan öz ərazilərini azad etmək üçün bütün cəbhə boyu hücuma keçdi və Qarabağ uğrunda Vətən müharibəsi başladı.
Bu müharibə qaçılmaz idi. Çünki, Ermənistan hökumətinin başında duranlar bir dəfə yox, yüz dəfələrlə cinayət törətmiş cinayətkar şəxslər idi. Onlar daha cinayət törətməyə bilmirdilər. Buna görə də təcavüzkarlıqdan əl çəkməyi də düşünmürlər yaxud da düşünə bilmirdilər.
Hətta Azərbaycan tərəfi böyük humanistlik göstərərək qan tökülməsin deyə Qarabağın dağlıq hissəisndə yaşayan azsaylı ermənilərə çoxsaylı idarəetmə funksiyalarına malik geniş muxtariyyət təqdim etmək barədə yüksək səviyyədə təklif də vermişdi. Lakin xarici havadarlarının ikili standarlardan ibarət bulanıq siyasətinə arxalanan ermənilər bu təklifi də qulaqardına vurdular. Ermənistanın məqsədi Qarabağ erməniləri arasından yetişdirdikləri separatçılarla birlikdə anneksiya faktını praktikada rəsmiləşdirməklə Böyük Ermənistan haqda cılız xəyallarına nail olmaq idi.
Gündəmin real hadisələri isə ermənilərin xəyallarının nə dərəcədə mənasız olduğunu və əslində, onların iri güclərin əlində oyuncağa çevrildiyini sübut edirdi. Faktların dili ilə danışmalı olsaq, Ermənistan və Azərbaycan respublikalarındakı son 20 ildəki siyasi və iqtisadi durumun müqayisəli təhlilini aparıb, müəyyən nəticə əldə etmək olar. 44 günlük müharibə başlayana yaxın Ermənistanın 7 milyard dollara yaxın xarici borcu vardı və bunun ödənilməsi barədə iqtisadçılar nəinki rəy bildirməyə, heç düşünməyə də ehtiyac görmürdülər. Çünki, bu ölkədə iqtisadiyyatdan, onun inkişafından danışmağa ümumiyyətlə material yox idi. Hətta bəzi ekspertlər artıq defoltla bağlı xəbərdarlıqlar edirdi. Azərbaycanda isə vəziyyət kökündən fərqlənirdi. Ölkənin valyuta ehtiyatları 50 milyard dollara çatmışdı. Müasir silahlara malik güclü ordusu vardı. Əhalisi sabaha ümidlə baxırdı. Dövlət artıq sosial mahiyyət kəsb edir və insanların sosial müdafiəsini ildən-ilə gücləndirirdi. Büdcənin tək hərbi quruculuq bölməsinin vəsaiti bütövlükdə Ermənistan büdcəsinə bərabər, bəzi illərdə isə ondan üstün idi. Ermənistan getdikcə boşalır, yəni ermənilər öz ölkələrindən qaçırdı və dövlət miqrasiya probleminin qarşısında acız qalmışdı. Ermənistanda yoxsullq 30 faiz, işsizlik 15 faiz səviyyəsində idi. Azərbaycanda isə yoxsulluq 5 faiz həddindən aşağı idi. Belə bir ictimai-siyasi, iqtisadi bərabərsizlik fonunda Ermənistan hakimiyyəti unudurdu ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların həyatı bu ölkədə daha firavan ola bilər nəinki Ermənistanın işğalı altında.
BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə müxtəlif illərdə 4 qətnamə qəbul etmişdi. Digər beynəlxalq təşkilatların da bu cür qərar və qətnamələri vardı. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edirdi. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlar idi. Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan beynəlxalq təşkilatların qərarlarına əməl etmirdi. Münaqişənin sülh yolu ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarət idi ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar.
Bütün bu saydıqlarımız Azərbaycanın artıq müharibə yolu ilə ərazi bütövlüyünün bərpasını təmin etməyə güclü əsas yaratmışdı. Buna görə də müharibə qaçılmaz idi və bu şərt müstəqil dövlət olan Azərbaycanın müstəsna hüququ idi.
Hətta erməni politoloq, siyasi elmlər doktoru Levon Şirinyan o vaxt bildirmişdi ki, Azərbaycanla müharibə qaçılmazdır. Bu siyasətçi demək olar ki, hər gün etdiyi çıxışlarda onları gözləyən dəhşətdən bəhs edirdi. Azərbaycan Ordusunun regionda ən güclü olduğunu sübut etmiş 2016-cı ilin Aprel müharibəsi ermənilərin əlində sübuta yetirilmiş fakt idi. Buna görə də Şirinyan onları gözləyən total məğlubiyyətdən qurtulmaq üçün müxtəlif variantlar irəli sürürdü. Lakin o, baş verənləri ayıq başla qiymətləndirə bilmir, çıxış yolu kimi Ermənistanın dərhal hücuma keçərək Azərbaycanın digər ərazilərini də ələ keçirməyə çağırırdı. Müharibəni qaçılmaz edən digər bir amil də bu cür aqressiv çağırışlar idi. Düşmənin azğınlığının qarşısı alınmasa idi, Cənubi Qafqaz qan çanağına dönərdi.
44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azadlıq müharibəsi idi. Böyük Zəfərlə başa çatan müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun təkcə xalqımıza deyil, həm də regiona bəxş etdiyi sülh və əmin-amanlığın təntənəsi oldu.
Bu gün qalib Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanması üçün səylə çalışır. Lakin bu müqaviləni pozmaq istəyən dünya gücləri vür. Onlar regionda “parçala, hökm et” məqsədi güdən siyasət yeridirlər. Ancaq bu da dügər mənfur məqsədləri kimi məhv olub gedəcəkdir. Çünki, Cənubi Qafqazda sülhün bərqərar olması qaçılmazdır.

Allah Şəhidlərimizə rəhmə eləsin!

Novruz Novruzov

AzVP Siyasi Şurasının sədri

Oxşar məqalələr