İrəvanın “kilsə” siyasəti təhlükəli səlib yürüşlərini xatırladır
Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edən zaman televiziyalara verdiyi müsahibədə müasir dini dünyagörüşünün mühüm aspektlərinə toxunan problemlərdən danışıb. Məsələ burasındadır ki, Azərbaycan torpaqlarının işğalı üzərində gedən informasiya savaşında ermənilər Azərbaycanın quyruğunda getməyə başlayıblar. Artıq bütün dünya, təbii ki, bu sıraya xristian inanclı dövlətlər də daxildir, Azərbaycanın işğala məruz qaldığını təsdiqləyir və Ermənistanı dinc yolla münaqişənin həllinə çağırırlar. Bunun da əsas səbəblərindən biri Azərbaycan diplomatiyasının uğurlu informasiya sistemi qurması və dünya ictimaiyyətini tarixi həqiqətlərlə tanış etməsinin nəticəsidir. İndi ermənilər də təbliğata başlayıblar və bu arada müsəlman ölkələri ilə Qarabağ mövzusunda müzakirələr aparır və özlərinə tərəfdar tapmağa çalışırlar.
Erməni siyasətçiləri düşünürlər ki, hazırkı beynəlxalq situasiyaya uyğun olaraq Azərbaycana və Türkiyəyə qarşı çıxan pozucu qüvvələrlə münasibət yaradıb onlarla əlbir fəaliyyət göstərmək və nüfuz qazanmaq lazımdır. Məsələn, Türkiyənin Şərqi Aralıq dənizinin özünə aid akvatoriyasında neft-qaz axtarışlarına Yunanıstanın məkrli etirazı dərhal erməniləri cəlb edib. Regiona aid olmadıqlarına və beynəlxalq çəkidən məhrum olduqlarına görə onların verdikləri başlarından yekə bəyanata diqqət edən olmasa da, ermənilik öz həyasız iddialarından əl çəkməyib. Belə ki, yunanlarla əlbir olan Misir hökuməti ilə guya həmrəylik nümayiş etdirərək yaxınlığa can atıb və Azərbaycana qarşı təxribatçı fəaliyyət sərgiləyiblər. Onların məqsədi islam ölkəsi olan Misirin simasında işğal etdikləri Qarabağ üzərində haqlarını tanıyan tərəfdaş tapmaqdır. Bu fəaliyyətin bir ucu da islam həmrəyliyinə zərbə vurmaq, Qarabağın işğalını pisləyən ölkələrin sayını müsəlman ölkələri hesabına azaltmaqdır.
Prezident İlham Əliyev bu məsələləri öz müsahibəsində belə qiymətləndirib: “Eyni zamanda, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin. Eyni zamanda, mənə verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Misirdə hansısa dini liderlə görüşüb. Yaxşı, o dini liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini təhqir edib, bütün müsəlman dünyasını təhqir edib”.
İşğal olunmuş Azərbaycan ərazilərinin erməniləşdirilməsi məsələsi erməni din xadimlərinin və Ermənistan Hökumətinin Dövlət siyasətinin bir hissəsini təşkil edir. Tarixçilərin araşdırmasından məlumdur ki, nə Dağlıq Qarabağda və nə də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmayıb. Dünyanın heç bir arxivindən bunu sübut edə bilən heç bir sənədə rast gəlmək mümkün deyildir. Dağlıq Qarabağda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 70-80-ci illərində rast gəlinib. Bunun isə öz tarixi kökləri var. Belə ki, 1805-ci ildə Qarabağ xanlığını devirən Çar hökuməti xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaradıb. Divanxana rus ordusu komandanlığı tərəfindən, ayrı-ayrı zaman kəsiyində bir neçə dəfə təmir edilərək kilsə üslubuna uyğunlaşdırılıb. Sonralar Qarabağ xanlığının divanxanası xalq arasında “rus kilsəsi” adlandırılıb. Bunu hətta o dövrün erməni tədqiqatçıları da öz əsərlərində təsdiqləyiblər. Şuşa şəhərindəki yeganə kilsənin erməni kilsəsi deyil, rus kilsəsi olduğunu erməni tarixçisi Zare Melik-Şahnazarov özünün ( “Zapiski karabaxskoqo soldata”, Moskva 1995) kitabında qeyd edir.1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti hökuməti qurulduqdan sonra rus hərbçiləri Şuşanı tərk edirlər. Bundan sonra rus kilsəsi 1970-ci ilə qədər baxımsız və istifadəsiz qalıb. Lakin 1970-1980-ci illərdə DQMV-tinin erməni rəhbərliyi Şuşa şəhərindəki Rus kilsəsini təmir etdirərək kilsəni Şuşada yaşayan ermənilərin istifadəsinə verib. Bundan sonra Qarabağda ermənilərin yeganə ibadət yeri olan bu kilsə tamamilə erməniləşdirilib.
Ermənilərin 1992-ci il işğalına qədər nə Qarabağda və nə də işğal edilmiş ətraf rayonlarda bir dənə də olsun erməni kilsəsi olmayıb. Lakin işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Şuşa Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsinin inşa etmələri bizə məlumdur. Bundan başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verildi. Beləliklə son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti 58-ə çatdırdı. Bu faktiki olaraq hal-hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur.
Bu cür siyasəti səlib yürüşündən fərqləndirmək olarmı? Qətiyyən! Müsəlman aləminin üləmaları bu faktı daim diqqətdə saxlamalı və erməniliyin dəyirmanına su tökməkdən əl çəkməlidirlər. Çünki, bu, İslam həmrəyliyinə ciddi zərbə vurur. Əgər bunun qarşısı indi alınmasa, vaxt gələcək ermənilər indi dost dedikləri müsəlmanların da başına eyni taktika ilə oyun açacaqlar.
Azərbaycan erməniliyin bütün fitnə-fəsadlarına yaxşı bələddir və daim sərvaxtdır. Vaxtilə əl-qolumuzu bağlayanlar daha bunu edə bilmirlər. Bizim məramımız aydın, mübarizəmiz açıqdır.
Prezident İlham Əliyev müsahibəsində İslam ölkələrinə və düşmənə fikrini dəqiq ifadə edib: “Mən dəfələrlə müsəlman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarımda müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsınlar. Yenə də deyirəm, Ermənistan sıradan olan ölkə deyil. Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar. Ona görə biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil. İkincisi, Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var - “Fail state”. Uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə. Hansı marağı ola bilər? Hansısa vəziyyətə görə, kiməsə acıq vermək üçün əgər belə addımlar atılırsa, bunlar ancaq təəssüf doğurur”.
N.NOVRUZ