AXTAR

Fransız senatorların özbaşınalığı ermənilərin vəziyyətini ağırlaşdıracaq

Siyasi müstəvidə düşünülməmiş özfəaliyyət sonda bumeranq təsiri göstərir

fransa senatı

Noyabrın 25-də Fransa senatı “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə qəbul edib. Senatorlara Azərbaycan diplomatları tərəfindən müvafiq şərhedici informasiya verilməsinə baxmayaraq, onlar ermənisayaq davranaraq siyasət aləmi üçün biabırçı aksiya sayılan belə bir səfeh addım atmağı özlərinə rəva biliblər.
Qətnamənin qəbulundan dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti müvafiq şərh verərək bu sənədin hüquqi qüvvəyə malik olmadığını açıqlayıb: “Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər”.
Şərhdə daha sonra bildirilir ki, Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı. Çünki, Fransa Respublikasının münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Yeri gəlmişkən, Fransa XİN-i yanında dövlət katibi Jan-Batist Lemyan senatorların hökumətə etdikləri “tanima zəruriyyəti” çağırışına cavab olaraq Senatdakı müzakirələr zamanı bildirib ki, Fransa tərəfindən birtərəfli qaydada Dağlıq Qarabağın müstəqilliyinin tanınması heç kimə - nə Ermənistana, nə Qarabağ əhalisinə, nə Fransaya, nə Minsk qrupunun digər həmsədrlərinə, nə də Avropaya xeyir gətirəcək: “Bu, hökumətin (Fransa) siyasəti deyil, bu, Ermənistanın siyasəti deyil, bu, tərəfdaşlarımızın siyasəti deyil”.
Ancaq dövlət katibinin “bu, Ermənistanın siyasəti deyil” sözləri olduqca qəribə səslənir. Çünki, qətnamənin qəbulundan dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan fransız senastorların səfeh addımını facebook-da qiymətləndirərək yazıb: “Fransa Senatının qəbul etdiyi qərar tarixidir. Arsaxın beynəlxalq tanınması beynəlxalq gündəliyə daxil olur”. Düzdür, Paşinyan indi ona qarşı olan erməni müxalif qüvvəlırini susdurmaq üçün bu qətnaməni artıq “tanınma nişanı” kimi qələmə verir. Əsalində isə bu, sadəcə, senatın hökumətə verdiyi təklifdir. Bir də artıq bir müddətdir ki, Ermənistanın baş naziri bütün dünyaya Azərbaycan ərazisində separatçıların quraşdırdığı “dqr”-i tanıma üçün yalvarır. Yəni, söhbət ondan gedir ki, Ermənistanın siyasəti ilə Fransa Senatının fəaliyyəti üst-üstə düşür ki, bu da Fransaya heç bir hörmət və ya alibi qazandırmır. Ona görə ki, ermənilərin özlərinin də hazırda lənətlədiyi Paşinyanın siyasəti ilə həmahəngdir. Bu səbəbdən Senatın özbaşınalığı və Jan-Batist Lemyanın açıqlaması ziddiyyətdən çox uyğunluğa bənzəyir. Bunun izahı ondadır ki, Fransanən hazırkı hökuməti ermənilərdən siyasi alət kimi istifadə etməkdə maraqlıdır və bu yolla həm Cənubi Qafqazda nüfuz qazanmaq, həm də ölkədaxili siyasi həyatda, məsələn, seçkilərdə erməni diasporundan yararlanmaq məqsədi güdür. Amma bütün hallarda bu, olduqca ucuz və əhəmiyyətsiz cəhddir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fransız senatorların fəaliyyətini qiymətləndirərək bildirib ki, qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil: “Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.
Bəli, Fransanın suallar doğuran fəaliyyəti tək bununla məhdudlaşmır. Belə ki, əhalisinin etnik tərkibinə və tarixi mövcudluğuna görə fransızlarla heç cür yaxınlığı olmayan Fransız Qvineyası, Qvadelupa, Maritim, habelə Fransanın özündə müstəqillik uğrunda çarpışan Korsika adası, Basklar ölkəsi, Oksitan ölkəsi kimi regionların xalqlarının və insanlarının “öz müqəddəratını təyinetmə” prinsiplərinin pozulması niyə Senatın yadına düşmür, Azərbaycanın işğal edilmiş torpaqlarının azadlığı məsələsi dərhal onların diqqətini cəlb edir. Halbuki “özünün insan hüquqları bəyannaməsi” ilə fəxr edən ölkənin rəsmiləri bu hadisəni alqışlamalı idilər. Yalnız ona görə ki, tarixi ədalət bərpa olunub. Belə görünür ki, həyatda “siyasət çirkin işdir” məsəli məhz Fransa Senatı kimi siyasi istiqamətdə atılmış qeyri-qanuni, qeyri-hüquqi addımlara görə yaranmış ikrahedici aforizmdir.
Düşünmək lazımdır ki, bu qətnamə ermənilərin işini daha da çətinləşdirəcək. Çünki, qarşıda Ermənistan və Azərbaycan arasında imzalanacaq saziş durur. Həmin sazişin müddəalarını qalib tərəf kimi Azərbaycan diktə edəcək. Maksimum çalışmaq lazımdır ki, hansısa senatın, hansısa bələdiyyənin qeyri-hüquqi sənədlərindən gələcəkdə hansısa qüvvələrin qeyri-qanuni şəkildə yararlanmaması üçün həmin sazişdə Azərbaycan ərazisində yaşayan, bu əraziyə ermənilərin sayca üstünlük təşkil etdiyi Qarabağın dağlıq hissəsi də aiddir, bütün vətəndaşların yalnız Azərbaycan pasportu daşımaları, Azərbaycan qanunlarına tabe olmaları dəqiqliklə təsbit olunsun. Yoxsa ki, ermənilər öz havadarlarının yardımı ilə regionda sülhün bərqərar olmasına daim təhlükə olaraq qalacaqlar. Hətta, reallığı dərk edən erməniləri də xarici havadarlar şirnikləndirici təkliflərlə aranı qarışdırmağa məcbur etməyə çalışacaqlar.
N.NOVRUZ

 

Oxşar məqalələr