Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə işin səmərəliliyini təmin edən maraqlı təşəbbüs irəli sürüb: “Üçlük, üç ölkə mexanizminin yaradılması”.
Məlumdur ki, iqlim dəyişikliklərinin yaratdığı problemlər dünyanın bütün guşələrində diqqətlə izlənilir. Bu problemlər planetimizin, bütün xalqların həyatına təsir edir. Buna görə də bu gün beynəlxalq müstəvidə bütün səylər birləşdirilməsə, sabah ciddi ekoloji fəsadlarla, başqa sözlə, ciddi fəlakətlərlə üz-üzə qala bilərik. Bu işdə yalnız inkişafdan, sənaye inqilablarından meydana gəlmiş çətinliklər problemə çevrilmir. Həm də siyasi münasibətlərdə yaranmış kataklizmlər – müharibələr, dağıntılar, müstəmləkəçilik və sairə amillər iqlim dəyişikliklərinə mənfi təsirini göstərir. Azərbaycan prezidentinin təşəbbüsü son 10 ildə Cənubi Qafqaz regionunda baş verən siyasi mübarizə yolunda yaranmış üçlü formatların nə qədər əhəmiyyətli rol oynadığından qaynaqlanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşmış “Azərbaycan, Türkiyə, Gürcüstan”, “Türkiyə, Rusiya, Azərbaycan”, Azərbaycan, Rusiya, İran” üçlü formatları nəinki siyasi problemlərin yoluna qoyulmasına, həm də iqtisadi layihələrin gerçəkləşdirilməsinə müsbət təsir edib. İndi bu təcrübədən COP29-un uğurları üçün istifadə etmək planlı çalışmaq və qarşılıqlı öhdəliklərin götürülməsi üçün tamamilə yerinə düşəcək.
Müsahibədə deyildiyi kimi, COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır. Bu amil də ölkəmizin beynəlxalq təcrübəsindən irəli gəlir. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan andan fəallıq göstərərək təşkilatın fəaliyyət dinamikasına yeni vüsət verdi. Bu səbəbdən qısa müddət keçəndən sonra Azərbaycan 4 il ərzində bu təşkilata rəhbərlik etdi. İndi fəxrlə qeyd edilir ki, Azərbaycanın səyi sayəsində Qoşulmama Hərəkatı dünyanın siyasi sistemindəki layiq olduğu yerə yüksəldi və hərəkat öz məqsədlərinə xeyli yaxınlaşdı. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatının üzv dövlətləri öz problemlərinin həlli yolunda keçirdikləri mitinqlərə Azərbaycan bayrağı, İlham Əliyevin portretləri ilə çıxırlar. Ölkəmizin fəaliyyətinə bu cür inam göstərilməsi tarixi nailiyyətdir.
Dövlət başçısı COP29-un Bakı toplantısı haqda müsahibədə deyib: “Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq”. Əminliklə bildirmək olar ki, Azərbaycanda keçirilməsi qərara alınan və bütün dünyanın gözlədiyi bu sammitdə konkret addımlar atılacaq və bunun ardınca əməli işlər görüləcək.
Novruz Novruzov
AzVP Siyasi Şurasının sədri