Torpaqlarımızın azadlığı fonunda təxribatlar sərhəd bilmir
Dekabrın 1-i gəldi və Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsi üzrə 10 noyabr üçtərəfli bəyanatın müddəalarına görə Ermənistan silahlı qüvvələri Laçın rayonunu da tərk etdilər. Artıq Laçında Azərbaycan bayrağı dalğalanır. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Ancaq bu, hələ işin yarısıdır. Qarşıda uzunmüddətli müzakirələr, ola bilsin müəyyən kiçik torpaq mübadilələri, “Laçın dəhlizi” adlandırılan ərazinin gələcək taleyi, düşmənlə münasibətlərin yoluna qoyulması, keçmiş kommunikasiyaların, qonşuluq münasibətlərinin bərpası və digər təxirəsalınmaz problemlər durur. Qarabağ münaqişənin başlanğıcında “üçüncü tərəf” adlanan beynəlxalq güclər qızışdırıcılıq və birtərəfli havadarlıq fəaliyəti göstərməsəydilər, onda münaqişə faciə həddinə keçməzdi. Nə edəsən ki, zaman güclülər zamanıdır və o vaxtlar Azərbaycan indiki qədər hər “növ” düşmənə cavab verə biləcək səviyyədə deyildi. İndi zaman dəyişib, Azərbaycan özü regional gücdür və Cənubi Qafqazın aparıcı dövlətidir. Lakin zərərverici güclər hələ də köhnə siyasətlərindən əl çəkmək istəmirlər. Hətta onlar Azərbaycandan hiddətli və aşağılayıcı cavablar alsalar da, ermənilərə yersiz və əhəmiyyətsiz təəssübkeşlik missiyalarını davam etdirməyə çalışırlar.
Cəmi bir neçə gün əvvəl Fransa Senatının Azərbaycan üçün kağız parçasından başqa bir şey olmayan “dqr” adlı bir yığın separatçının siyasi cəhətdən tanınmasının zəruriliyi haqda qəbul etdiyi qətnamə barədə Fransa hökuməti bildirmişdi ki, bu, Fransa dövlətinin mövqeyi deyil. Hətta Fransa XİN-in dövlət katibi adlanan Jan Batist Lemyan Senatdakı müzakirələrdəki çıxışında bildirmişdi ki, belə bir qərarın qəbulu kökündən səhvdir. Güman etmək olardı ki, bəli, Fransanın siyasi hakimiyyəti irəlini-gerini düşünüb addım atır və Senatın məsləhəti, sadəcə, “gözə kül üfürmək” kimi anlaşılmalıdır. Amma, təəssüf ki, bundan bir neçə gün sonra həmin Jan Batist Lemyan İrəövana göndərilən humanitar yükün başında Ermənistana gəlir və qeyd edir ki, Fransa Azərbaycanın nəzarətinə keçmiş erməni dini və tarixi-mədəni irsinin qorunmasında yardım etməyə hazırdır. Demək, Ermənistan Azərbaycan ərazisini işğal edəcək, Azərbaycanın bütün tarixi-mədəni irsini dağıdacaq, sonra da tələm-tələsik oradakı qədim abidələrə əl gəzdirib bir-iki erməni naxışı vuracaq, üstəlik də yeni nə isə tikəcək və sonra da iddia edəcək ki, bütün bunlar “erməni irsi”dir. Fransa da gəlib “erməni irsi”ni ölkəmizin sərhədləri daxilində qoruyacaq, yaxud beynəlxalq miqyasda bunun davasını edəcək. Müdrik adamlardan biri insan xisləti haqda deyib ki, “qarşısındakı adamı axmaq sayan insan özü axırda axmaq yerində qalır”. Yəni, Fransanın bu canfəşanlığı mənasızlıqdan başqa bir şey deyil. Amma erməniləri qızışdırmaq baxımından olduqca zərərlidir. Demək, Lemyanın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri söhbətlərində tez-tez bildiriblər ki, “ermənilər və arsaxlılar” bizim köməyimizə arxayın olsunlar. Halbuki, “arsaxlılar”, əslində isə Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdırlar və bunu fransızlar başda olmaqla hamı anlamağa borcludur. Azərbaycan vətəndaşının isə sosial tələbatından başlamış mədəniyyətinə qədər bütün hüquqları dövlət tərəfindən qorunur.
Bu cür tryukların nəticəsidir ki, ermənilər hələ də reallığı dərk etməkdə çətinlik çəkirlər. Əsgərlərimizin ayaq tappıltısından “cırıb aradan çıxmış” qondarma prezident Araik Arutyunyan İrəvanda hələ də “prezident” kimi kimlərəsə müraciət edir, “dövlət”lərini möhkəmləndirməyə çağırır, yəni, qarşıda duran sülh prosesini indidən şübhə altına almağa çalışır. Laçında qalıb yaşamaq istəyən ermənilərə başa salmırlar ki, qalsanız, sizə toxunan olmayacaq, amma mütləq Azərbaycan vətəndaşlığını qəbul etməlisiniz. Məsələ burasındadır ki, Laçın işğal olunanda rayon mərkəzində Mişa adlı bircə erməni vardı ki, onun da arvadı azərbaycanlı idi. İndi sadə ermənilər, belə görünür ki, daha yaxşı yaşamaq üçün Azərbaycanda qalmaq istəyirlər. Lakin erməni siyasi əxlaqsızları bunu öz bildikləri kimi yozurlar.
Hazırda bəzi sahələrdə artıq Azərbaycanın Ermənistanla sərhədlərinin demarkasiyası həyata keçirilir. Bu mürəkkəb və daim mübahisə doğuran məsələdir. Erməni KİV-ləri sevinclə bildirirlər ki, Qafan aeroportu Ermənistan ərazisində qalacaq. Belə ki, sovetlər dönəmində bu aeroport lap Azərbaycan sərhəddinin üzərinə düşürdü, bəlkə də, hələ bir az da bizim sərhəddən bu yana keçmişdi. İndi həmin ərazi ermənilərə qalırsa, mütləq başqa bir mövqedə bizim xeyrimizə bu boşluq nəzərə alınmalıdır və yəqin ki, belə də olacaq.
Ermənilərin beyninə daha bir məsələ elə formada yeridilir ki, sanki Laçın dəhlizi onların torpağı sayılacaq. Ermənilər tərəfindən aparılan bu cür izahatlar gələcək üçün ciddi fəsadlara yol aça bilər. Bu işdə rusiyalı sülhməramlıların rolu ciddi olmalı və həqiqətə söykənməlidir.
Bu və digər ortaya çıxacaq minlərlə problemin həlli olduqca gərgin iş tələb edir. Ancaq, deyir, “yüzə dözən yüz birə də dözər”. Azərbaycan dövlətinin və onun yorulmaz rəhbərinin qazanılmış qələbəni axıra çatdırmaq əzmi bu işlərin də uğurla yerinə yetirilməsinə sarsılmaz inamdır.
Laçının azad edilməsi ilə işğala son qoyulması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində azadlıq prosesinin planlaşdırılmış diplomatik səylərin nəticəsi olması haqda ilginc məlumatlar verdi və sübut etdi ki, bundan sonrakı dövrdə də inkişafımız yolunda hər bir addım planlı şəkildə baş verəcək və ölkəmiz daha da çiçəklənəcək: “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.
N.NOVRUZ