Azərbaycan Prezidentinin İtaliya Respublikasına növbəti səfəri ölkəmizin beynəlxalq aləmdə statusuna yeni siyasi çalarlar verib. Yəni, İtaliya ilə əlaqələrimizin geniş spektri yeni məzmun alıb və dövlət başçısı Azərbaycana qarşı bəzi dairələrin tətbiq etdiyi məkrli siyasətə birbaşa vurğular edib.
Avropa Birliyinin bu inkişaf etmiş üzv dövlətinin Azərbaycandan məhsul almaqla enerji təhlükəsizliyini gücləndirməsi qarşılıqlı mənafeyə əsaslanan iqtisadi əməkdaşlığa yaxşı nümunədir. Prosesin mənbəyində TANAP və TAP boru kəmərləri vasitəsilə yaranan “Cənub Qaz Dəhlizi” layihəsi durur. Bu layihə Azərbaycanın təşəbbüsü, böyük siyasi və iqtisadi işgüzarlığı sayəsində ərsəyə gəlib. Məsələ burasındadır ki, Azərbaycanın zəngin enerji ehtiyatları var. Hər bir dövlət bu cür sərvəti ilə fəxr edir. Lakin iş bununla bitmir. Həmin ehtiyatları tədbirlə, səbrlə hasil edib əlverişli surətdə dünya bazarlarına çıxarmaq, həm də etibarlı, dayanıqlı, əlverişli bazarlara çıxarmaq gərgin və ağıllı iş, siyasət tələb edir. Bu mənada “Cənub Qaz Dəhlizi” mütəxəssislər və siyasətçilər tərəfindən çox uğurlu layihə kimi qiymətləndirilir. Təsadüfi deyil ki, İtaliya Avropada Azərbaycanın ikinci ən böyük qaz idxalçısıdır. Azərbaycan neftinin idxalı üzrə isə İtaliya birinci yerdədir. Bu cür sıx iqtisadi əlaqələr iki ölkə arasında siyasi münasibətlərin xarakterini müəyyən edir və bu münasibətlər hazırda strateji müttəfiqlik yolundadır.
Avropanın enerji təhlükəsizliyi sahəsində strateji layihənin bilavasitə təşəbbüsçüsü və icraçısı olan Azərbaycan ciddi siyasi dividentlər əldə edib. Lakin bu cür sürətli siyasi və iqtisadi inkişaf bədxahlarımız tərəfindən heç də razılıqla qarşılanmır. Çünki, kəmərin Aİ üçün yüksək dərəcədə əhəmiyyətli olması Azərbaycanın xarici müdaxilələrdən qorunmasında tutarlı vasitədir. İkincisi, strateji enerji dəhlizinə sahib olmaq ölkənin beynəlxalq səviyyədə təhlükəsizliyinin qorunmasına əlavə stimullar verir. Ona görə ki, Avropa Azərbaycanın təhlükəsizliyində artıq maraqlıdır. Üçüncüsü, Azərbaycanın iqtisadi gücü Avropa kimi səbatlı bazar sayəsində artır. Bu sıraya mədəni-mənəvi əlaqələri və digər qarşılıqlı əməkdaşlıq yollarını da əlavə etmək lazımdır.
Məsələ burasındadır ki, uzun illərdir Avropadan ölkəmizə hədyan dolu böhtanlar atılır, dövlətimizin həyata keçirdiyi inkişaf planlarının üzərinə kölgə salınır, “milçək vızıltısını təyyarə uğultusu” kimi qiymətləndirərək dünyada Azərbaycanın mənfi obrazını yaratmağa cəhdlər göstərilir. 200 il ərzində ölkəmizin var-dövlətinin talanıb aparılmasını, müstəqilliyin ilk illərində torpaqlarımızın 20 faizinin işğal edilməsini, bir milyondan çox qaçqın və köçkünün evsiz-eşiksiz küçələrdə qalmasını görməzliyə vuran həmin qrup aldığı yaxşı məbləğlər müqabilində ölkəmizdən ən yüksək, özlərinin belə malik olmadığı xəyali səviyyə tələb etməklə Azərbaycanı demokratik dəyərlərdən uzaq, qəddar və bacarıqsız, rüşvət bataqlığında ilişib qalmış dövlət kimi təqdim etməyə çalışıblar. Bəla burasındadır ki, pul qarşılığında həmin qrup ölkə daxilində zəif xarakterli insanları da siralarına qatmağı bacarırlar. Məqsəd də tamamilə aydındır.
25-30 il əvvəl Azərbaycan bu qrupa qarşı əsaslı mübarizə aparmaqda çətinlik çəkirdi. Çünki, həmin qrup və ya qrupların da iştirak etdiyi beynəlxalq mürtəce qüvvələrlə mübarizədə ölkənin resursları zəif idi. Hami bilirdi ki, bu qrupların başında güclü erməni lobbisi və diasporu durur. Lakin bunu sübut etmək üçün qüdrətli iqtisadiyyat, imic, hazırlıqlı insan kapitalı, beynəlxalq nüfuz gərəkirdi. Bəli, 30 il əvvəl bu saydıqlarımız bizdə zəif idi, ancaq indi kifayət qədər güclüdür. Azərbaycan kənardan heç bir ciddi yardım olmadan daxili resursları hesabına sürətli inkişaf yolu keçərək ona atılan böhtanları dəf edəcək gücə yiyələnib.
2018-ci ildə İtaliyanın Milan şəhər Məhkəməsinin qərarı Qərbdəki antiazərbaycançı şəbəkənin məkrli planlarını növbəti dəfə iflasa uğratmışdı. Milan Məhkəməsi Qərbin 2 illik bir dövrdə yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volonteniyə uzun sürən təhqir və üzücü mənəvi əzablardan sonra öz qərarı ilə bəraət vermişdi. Rəsmi Roma, İtaliyanın hakimiyyət dairələri əla bilirdilər ki, Luka Volonteyə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalan, əsassız olmaqla yanaşı, son vaxtlar Azərbaycana qarşı başlanmış primitiv, çirkin kampaniyanın tərkib hisssəsi idi.
Belə bir müdrik kəlam var, deyirlər, “ən yaxşı müdafiə hücumdur”. Bu gün Azərbaycan dövlətinin beynəlxalq hüquqi prosedurları həyata keçirmək üçün kifayət qədər resursları var. Böhtançıları axıradək qovmağın vaxtı çatıb. Çünki, Azərbaycan həqiqətlərinin aydınlığı artıq bütün dünyaya əyandır. Dövlətimizin mükəmməl və etibarlı, həm də şəffaf siyasətinə görə indi dostları da çoxdur. Bu, təxribatçı qüvvələrin ifşasını axıra çatdırmaq üçün yetərlidir. Görünür, dövlət bu məqamın yetişdiyini yaxşı bilir və geri çəkilmək fikrində deyil. Düz də edir. Böhtançıları və yalançıları evlərinəcən qovmağı müdriklər də həmişə məsləhət görüb. Bu mənada italiyalı senator, Senatın xarici əlaqələr komitəsinin sabiq rəhbəri Fiorella Proveranın Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi ilə bağlı dediyi fikirlər tamamilə yerinə düşür. F Provera etiraf etmişdi ki, “İstər Avropa Parlamentində, istər digər qurumlarda Azərbaycanın nailiyyətlərinə göz yumurlar, paxıllıq edirlər. Onlar Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına daim maneçilik törədirlər”. O vaxt senator qeyd etmişdi ki, Azərbaycanın maraqlarını dəstəkləyən lobbi yaradılmalıdır: “İdman, mədəniyyət, gənclərarası, parlamentlərarası münasibətlərdə fəal işlər görülməlidir, təbliğat işi sürətləndirilməlidir”.
Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edən vaxt moderator 5 italyan deputatın Azərbaycanda arzuolunmaz şəxs elan olunması barədə sual verib. Dövlətimizin başçısı suala sərrast və məntiqi cavab verməklə dəqiq fikir ifadə edib. Kənardan heç bir dəstək olmadan öz gücümüzlə torpaqlarımızı işğaldan azad etməyimizə toxunan İlham Əliyev bildirib ki, tam suverenliyimizə nail olandan bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi: “Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq. Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni, Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq. Mən təəssüf edirəm ki, İtaliya parlamentinin üzvləri bu qərarın lehinə səs veriblər”.
Bu faktlar göstərir ki, Azərbaycan beynəlxalq aləmdə özünəməxsus siyasi gücə və təsir mexanizmlərinə malikdir. Bu isə ölkənin siyasi və iqtisadi mövqelərinin güclənməsi deməkdir.
Novruz Novruzov
Azad Vətən Partiyası, Siyasi Şuranın sədri