AXTAR

Azərbaycan-Pakistan münasibətlərinin yeni mərhələsi

ilham ve shahbaz sherif

Asiya qitəsində Azərbaycanın bir nömrəli tərəfdaşı Pakistan Respublikasıdır desək, yanılmarıq. İki ölkə arasında sədaqət və etibarlılığa əsaslanan siyasi əlaqələr kifayət qədər yüksək səviyyədədir. BMT və İƏT başda olmaqla beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməkdə, ədalətli qərarları birlikdə dəstəkləməkdə iki ölkə rəsmilərinin əməkdaşlığı çoxlarına örnəkdir.
Lakin ölkələr arasında əlaqələrin spektri yalnız siyasi və hərbi çalarlarla bitmir. Bunun arxasında iqtisadi, mədəni, eimi əlaqələr dayanır. Bu gün qarşılıqlı texnologiya mübadiləsi, ticarət, sənaye müəssisələrinin təşkili və digər sahələrdə birgə çalışmalar qurmaq həm əlaqələri möhkəmləndirir, həm də fayda gətirir. Əslində, Pakistanla Azərbaycan arasında ticarət əlaqələri çoxdan qurulub. Amma bu daha çox sahibkarlar səviyyəsində idi
Dost ölkədə sənaye və elmin inkişafı Avropa standartlarına uyğun inkişaf edib və kifayət qədər mükəmməl texnologiyaya malik sənaye sahələri var. Sənayedə trikotaj bölməsi yüksək inkişaf edib və keyfiyyətli Pakistan mallarına hər yerdə tələbat yüksəkdir. Kənd təsərrüfatı sahəsində çəltikçilik bizim üçün lazımlı sahədir, Pakistan düyüsü isə bütün dünyada məşhurdur. Azərbaycan bazarlarında və iqtisadi məkanında pakistanlılar həvəslə işləyirlər. Hətta onların əksəriyyəti Azərbaycan dilini öyrənib. Bu faktlar onu göstərir ki, iki ölkə arasında geniş profilli müəssisəlıərin, istehsal sahələrinin yaradılması üçün güclü zəmin var.
Qədim İpək Yolunun bərpası iki ölkə arasında həm mal mübadiləsini, həm də tranzit daşımaların artmasını təmin edib. Bu minvalla Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin genişləndirilməsində qarşılıqlı fayda var və bu planın gerçəkləşdirilməsi üçün hansısa əngəlin meydana çıxacağı ehtimal olunmur.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Pakistana rəsmi səfəri
ölkələrimiz arasında 1991-ci ildən başlanmış müttəfiqlik əlaqələrinin davamı kimi qiymətləndirilməlidir.
Qarabağın işğalına görə Pakistan indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb. Çünki, Pakistan daha əvvəldən öz ərazisinin bir hissəsini itirib və bu situasiyanın nə qədər ağır olduğunun fərqindədir. Ölkəmizə olan bu qədər isti münasibət Azərbaycan rəhbərliyi tərəfindən qarşılığını alır və ikitərəfli münasibətlər ən yüksək səviyyədə uğurla inkişaf edir.
Azərbaycan üçün bu əlaqələrin mövcudluğu daha böyük əhəmiyyət daşıyır. Çünki, Pakistan Azərbaycanın etibarlı və güclü dostudur. Həm də Pakistan öz inkişafı baxımından Asiyanın qüdrətli ölkələrindəndir. Çünki, o, dünyanın nüvə dövlətindən biridir. Bu, dünyada gedən siyasi rəqabətdə çox böyük üstünlükdür. Bu səbəbdən Pakistan inkişaf etmiş hərbi-sənaye konpleksinə malikdir. Bu iki mühüm komponent və böyük siyasi rəğbət Pakistanı Azərbaycan üçün əvəzedilməz müttəfiqə çevirib.

Prezident İlham Əliyevin balanslı, eyni zamanda mütəhərrik xarici siyasəti dünya miqyasında müasir dövrün optimal siyasəti kimi tanınır. Ölkə başçısının fərdi xüsusiyyətləri olan təşəbbüskarlıq, çeviklik, etibarlılıq, ədalətlilik, uzaqgörənlik, qətiyyətlilik, hazırcavablıq və sairə bu cür qabiliyyətləri dövlət başçıları arasında ona nüfuz qazandırmaqla yanaşı həm də Azərbaycanla əməkdaşlığa inam yaradıb.
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Baş nazir Məhəmməd Şahbaz Şərif deyib: “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq”.
Prezident İlham Əliyev bu isti münasibətə cavab olaraq bildirib: “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksək rütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”.
Bu fikirlər sübut edir ki, Azərbaycan-Pakistan əlaqələri strateji müttəfiqlik səviyyəsinə çatıb və münasibətlərin dinamikası qarşılıqlı əməkdaşlığın faydalı və davamlı olacağını ehtiva edir.

Novruz Novruzov

AzVP-nin Siyasi Şurasının sədri

Oxşar məqalələr