AXTAR

Ermənistanda böhran getdikcə dərinləşir

Ermənilər qazdıqları quyuya özləri düşdülər, indi quyuqazanı axtarırlar ki, dar ağacına çəksinlər

 

ermənistan diz şökdü

Kimliyindən asılı olmayaraq bütün insanlar-istər hökumət və dövlət başçıları, siyasətçilər, istərsə də sadə peşə sahibləri, bir iş görəndə, əvvəl gərək irəlini fikirləşsinlər, daha sonra isə geridə qalanları unutmasınlar. Bu gün Ermənistanda isyasətə qoşulanlar və 30 il əvvəl azərbaycanlıları uf demədən öldürərək torpaqlarını ələ keçirənlər dərin sarsıntı içərisindədirlər. O vaxtlar onların zəkasının bu günü düşünməyə gücü çatmamışdı. İndi isə o vaxt baş verənləri yaddan çıxarıblar.
İrəvan pis mənada qaynayır. Müxalifət və onların tərəfdarları, habelə beyinləri iyrənc ermənilik sindromu ilə zəhərlənmiş insanlar regionda sabitliyə aparan razılaşmanın üzərinə qara yaxmağa çalışırlar. Bəzi siyasətçilər yaranmış şəraitdən istifadə edərək hakimiyyəti ələ keçirmək siyasəti yürüdürlər. Kimlərsə ermənistanın baş naziri Nikol Paşinyanı dar asmağa çağırır. Gör, Ermənistanda mənəvi aşınma hansı dərəcəyə çatıb ki, din xadimləri də sülhün qarşısına sədd çəkməyə çalışırlar. İşğal etdikləri Azərbaycan torpağında tələm-tələsik “kişi” monastırı yaradaraq oraya baş keşiş təyin edilmiş Hovanis “ata” Hovanisyan öz facebook səhifəsində baş nazir Nikol Paşinyana müraciətlə yazır: “Qulaq as, Nikolik! Sən Karvaçarı (“Kəlbəcəri”-red.) öz dostlarına təhvil vermək üçün imza atanda məndən soruşmuşdun? Müqəddəs Arsax torpağında əcdadlarımızın tikdiyi Dadivəngi özünün tezbazar imzanla türklərə təhvil verəndə məndən soruşmuşdun? Sən kimsən? Qoy allah səni mühakimə etsin!”.
Keşişin bu ittihamı mənfur erməniliyin bariz nümunəsidir. Həmin o Vəng monastırı qədimlərdə alban kilsəsi olub. İndi həmin keşişdən soruşmaq gərəkdir ki, sənin əcdadların albanların mənəvi dəyərlərini oğurlayanda kimdən soruşmuşdular? Heç kimdən! Bax, indi ermənilərin düşdükləri quyunu, elədikləri cinayətlərə görə allahın verdiyi cəza kimi qəbul etsəniz, daha məntiqli olar.
Ermənistanın 5-6 ilə zəbt etdikləri torpaqları Azərbaycan 44 günə azad etməyi bacardı və bununla da Ermənistanın işğalçılıq siyasəti qarışıq bütün hərbi-siyasi və mənəvi həyatına ciddi zərbələr vurdu. “Maariflənən Ermənistan” müxalif fraksiyasının lideri Edmon Marukyan qeyd edir ki, əvvəlki Ermənistan daha yoxdur: “Bir şey birmənalı olaraq məlumdur ki, erməni xalqı uduzmadı. Hazırkı şəraitdə ölkə rəhbərliyi uduzdu”. Düzdür, Marukyan bu ittihamı Paşinyanın imzaladığı sənədə görə səsləndirir. Amma bu adam da ermənilik xəstəsidir və anlamır ki, Paşinyanın imzasında onun da məsuliyyət payı var. Axı, dəfələrlə sizdən soruşulub ki, özgə torpağında nə işiniz var? Əgər sizlərdə vicdan və ağıl adına nə isə olsaydı, onda vaxtında tarixi və reallığı düzgün qiymətləndirib,Azərbaycandan verilən təklifləri qiymətləndirərdiniz. Lakin siz bunu bacarmadınız, yəni Azərbaycanın qarşısında diz çökməyə məcbur oldunuz. Bu işdə xəyanət axtarmaq absurddur. Ona görə ki, buna siz məcbur oldunuz, ayrı çıxış yolunuz yox idi. Azərbaycan sizi məcbur etdi. Yoxsa, Ermənistanda dəyişiklik baş verməyəcəkdi, necə işğalçılıqla məşğul olurdunuz, eləcə də qalacaqdınız. Qozbeli qəbir düzəltdiyi kimi erməniləri də yalnız güc hesabına humanist etmək mümkündür. Sizlər sözə qiymət vermirsiniz. Məsləhət özünüzünküdür, ancaq yenə də yaxşı olar ki, Paşinyanla bu istiqamətdə söhbət aparasınız. Əks təqdirdə bu zəka ilə Paşinyanı hansısa ...yana dəyişsəniz, yenə quyudan çıxa bilməyəcəksiniz.
Məsələnin bu mahiyyətini Ermənistanın müdafiə naziri deyəsən anlayıb. Nədəndir ki, o, hökuməti ittiham edənlərə ictimai televiziyaya müsahibəsində cavab verib ki, Qarabağa görə satqınlıq ittihamı vermək mənasızdır. Onun sözlərinə görə, erməni hərbçiləri bu müharibədə mümkünsüz olanı ediblər. Müdafiə naziri dilə gətirməsə də, “mümkünsüz olanı” dedikdə, sözsüz ki, tam məhv olmaqdan qaça bildiklərini nəzərdə tutub. D.Tonoyan bildirib ki, müharibəni davam etdirməyə Ermənistanın heç bir resursu qalmamışdı.
Nikol Paşinyanın müavini Tiqran Avinyan da hökumətə qarşı çıxanları hədələyib: “Ölkədə vəziyyəti qarışdıranların qarşısı alınacaq”. Daha sonra o, hökumətin istefasını tələb edənləri xuliqan adlandıraraq deyib: “Qızğın döyüşlər getdiyi vaxt bu adamlar harada idilər. Axı, dəfələrlə onlara çağırış edilmişdi. Mənim aparat rəhbərim Şuşa uğrunda döyüşdə iştirak edib, iki əməkdaşım isə hazırda xəstəxanada müalicə alır. Bəs, bütün bu vaxtlar bu adamlar nə ediblər?”.
Hökumətin nümayəndəsi kimi, dolayısı olsa da, Avinyan Ermənistanda baş alıb gedən başıpozuqluğu etiraf edib: “90-cı illərin əvvəlində Azərbaycan hökumətində daxili narazılıqdan erməni hərbçiləri istifadə edə bildilər, indi eyni halı bizdə yaşatmaq istəyirsiniz?”.
Bu, baş nazir müavinindən xalis etirafdır ki, Ermənistanda da hökumət baş verənlərin öhdəsindən gəlmək iqtidarında deyil.
Keçmiş amerikalı həmsədr Metyu Brayza Azərbaycan, Ermənistan və Rusiyanın birgə imzaladıqları üçtərəfli bəyanatı Azərbaycan tarixində böyük diplomatik qələbə adlandırıb. Ermənistanın hərbi-siyasi dairələri nə qədər bəhanə gətirirlərsə gətirsinlər, Qarabağda zəfərin və Ermənistan işğalçılarının məğlubiyyətinin əsasında Azərbaycanın hərbi, siyasi və iqtisadi qüdrəti dayanır. Ermənilər bunu anlasalar, onda üçtərəfli bəyanatın ardınca Cənubi Qafqazda sülhün, daimi sabitliyin və tərəqqinin yolu sürətlə açılacaq.
N.NOVRUZ

 

 

Oxşar məqalələr