Ərdoğan ABŞ-İran müharibəsinin qarşısını ala biləcək?

“Yaxın Şərqdə gərginliyi artıran ən təhlükəli məsələ ABŞ-nin regionda İrana qarşı cəmləşdirdiyi hərbi qüvvələrdir”. 

Bu sözləri siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın hərbə-zorba taktikası bu dəfə işləyəcəyi çətin görünür:
“Ona görə ki, İran hər hansı hücuma qarşı kifayət qədər zaman çərçivəsində müqavimət göstərmək gücündədir. Ölkənin canlı insan və hərbi texnika sarıdan resursları buna imkan verir. Məncə, Tramp İranla açıq müharibəyə girməyəcək. 

Ən azından müşavirləri ona bu yolu məsləhət görməyəcəklər. Səbəbi də odur ki, Tramp uzun sürən müharibə tərəfdarı deyil. Onun təsəvvüründə Venesuelada həyata keçirilən ani hücum taktikası ilə məqsədə çatmaq simptomu var, lakin bu variant hər ölkə, o cümlədən İran üçün keçərli ola bilməz”. 

Ekspert belə olan halda Amerikanın nə üçün Körfəz ölkələrinin ətrafına iri hərbi qüvvələr yerləşdirməsi barədə sualı da cavablandırıb:
“Bu, Yaxın Şərqdə baş verən geostrateji dəyişikliklər fonunda ABŞ-nin mənafeyini qorumaq strategiyasına xidmət edir. Hərbi qüvvə kontingenti nüvə texnologiyasının inkişafı üzrə Amerika-İran danışıqlarında qarşı tərəfə təsir vasitəsi rolunu oynayır. Həm də ABŞ-nin bu regionda möhkəmlənməsi üçün mümkün eskalasiyanın qarşısı lazım gələrsə, hərbi yolla alına bilər. Üstəlik, Amerikanın Suriyadakı hərbi  bazaları boşalır, bunların yerini doldurma üçün yeni hərbi bazalara ehtiyac var”.

Onun sözlərinə görə, bu səbəblərin arxasında Donald Trampın dünyada ABŞ-nin rəhbərlik etdiyi birqütblü dünya düzəni dayanır:
“Əgər İran öz nüvə bombasını yaradarsa, bu, Trampın yolunda ən böyük əngəl olacaq. Çünki Amerika siyasətindən narazı qüvvələr dərhal İranın ətrafında birləşməyə çalışacaqlar. Bu ehtimala görə Tramp İranın nüvə obyektlərinin vurulması üçün göstəriş verə bilər. 

Lakin belə bir hal olarsa İran 100 faiz olmasa da, ən azı 50 faizlik zərbə ilə buna cavab verə bilər. Bu isə həm Trampın məqsədinə, həm də yaratmaq istədiyi “sülhpərvər prezident” imicinə ağır zərbə olar. Yaxın Şərqdə formalaşan bu cür hərbi-siyasi panoramın yaranmasına görə beynəlxalq oyunçu statusu daşıyan digər dövlətlərin maraqları da zərbə altına düşür”.

Novruz Novzurov Türkiyənin ABŞ-İran müharibəsinin qarşısını almaq üçün hər iki tərəflə danışıqlar aparması barədə də danışıb: 
“Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın İrana qarşı mümkün hücum planının qarşısını almaq üçün fəal siyasi müzakirələr aparması tamamilə məntiqlidir. Türkiyənin regionda yeri və rolu geniş və güclüdür. Tramp da bunu bilməmiş deyil. Əgər Türkiyə və güclü maliyyə resurslarına malik bir sıra körfəz ölkələri İrana hücumun əleyhinədirsə, deməli, hücum planı mütləq məqsəd daşımır. 

ABŞ qardaş ölkəni özünün müttəfiqləri sırasında görmək istədiyindən onun maraqlarını görməzdən gələ bilməz. Əks halda, Trampın siyasəti iflasa məhkum olacaq. Yəni, Türkiyənin fəallığı Trampın qərarlarına təsir edəcək, xüsusilə onun Ərdağana rəğbət bəsləməsi bu işdə nikbinliyə əsas verir. Başqa sözlə, Türkiyənin sayəsində İranla müharibə ideyasının qarşısı alınacaq. Təbii ki, bu istiqamətdə rəsmi Tehranın da qarşılıqlı olaraq bəzi addımlar atması vacibdir. Əslində, İranın xarici işlər naziri Abbas Əraqçının Türkiyəyə səfərinin məqsədi də məhz Ərdoğanın sülh təşəbbüsü ilə bağlıdır”. 

Elmir Mustafa
 

Bu nazirliyin əməkdaşı 18 kq qızılla tutuldu - Evindən silah çıxdı

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki,bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub.

İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib.

Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər.

Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

21 yaşlı gənc dəm qazından boğulub öldü

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

İksmedia Report-a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Məmmədov Ruhlan Etibar oğlu yataq otağında quraşdırılmış qazla işləyən "Ceyran" tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Şəmkir rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

 
 
 

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı - “Evlənəcəklər...”

İmişli rayonunda 15 yaşlı qızı evlənmək məqsədilə qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə ötən ilin 1 oktyabr tarixində baş verib.

İmişli şəhər sakini Ş.Məmmədova (ad-soyadlar şərtidir) polisə müraciət edərək 15 yaşlı qızının evdən qaçdığını bildirib. Bir neçə saat sonra qızın rayon sakini 2001-ci il təvəllüdlü Zakir Bilalov tərəfindən qaçırıldığı bəlli olub və yeniyetmə ailəsinə qaytarılıb.

Məlum olub ki, həmin gecə saat 03 radələrində məktəbli qız ailə üzvlərinin yatmasından istifadə edərək evdən çıxıb və Zakirlə onun dayısının evinə qaçıb. Səhər saatlarında övladını məktəbə yola salmaq istəyən qızın anası onun otağında olmadığını görüb və telefonda övladının mesajını oxuyaraq qaçdığını öyrənib.

Faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb və Z.Bilalov həbs edilib.

Daha sonra cinayət işi rayon məhkəməsinə göndərilib. Məhkəmədə qızın ailəsi Zakirdən şikayətçi olmadığını və onların bir neçə il sonra evlənəcəyini bildirib, barışıqla bağlı ərizəni hakimə təqdim edib.

Məhkəmə barışığı və digər halları nəzərə alaraq, Zakirə 1 il 6 ay şərti cəza verib. O, yanvarın 22-si məhkəmə zalından azadlığa buraxılıb.

 

 

Qazaxıstandan yenicə gəlmişdi, dəm qazından öldü

Bakıda kirayə qalan 2 nəfər dəm qazından zəhərlənib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 15 radələrində Nizami rayonundakı mənzillərin birində baş verib.

Orada kirayədə yaşayan İmran Teymur oğlu Qənbəralıyev və Ramazan Rafiq oğlu Məmiyev dəm qazının təsirindən zəhərlənib.

R.Məmiyev hadisə yerində ölüb, İ.Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Oxşar hadisə Qubada da baş verib. Dünən saat 17 radələrində Asəf Mirzə oğlu Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

***

“Report”un məlumatına görə, R.Məmiyev Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.

 

4 -dən səhifə 142

Oxşar məqalələr