Kazan şəhərində keçirilmiş XVI BRİCS sammitində Azərbaycanın iştirakı ölkəmiz qarşısında yeni iqtisadi imkanların açılmasına hesablanmış məqsədyönlü addımdır. Qrupa daxil olan ölkələrin demək olar ki, hamısı ilə Azərbaycanın qarşılıqlı iqtisadi əlaqələri mövcuddur. Bu təşkilat hərbi statusa malik olmadığı üçün Qoşulmama Hərəkatının fəal üzvü olan ölkəmizin onun işində iştirakı tamamilə məqbuldur. Əslində həmin ölkələrlə Azərbaycanın əlaqələri kifayət qədər genişdir və təşkilata üzv olmaq bu münasibətlərin genişlənməsinə və diversifikasiyasına səbəb olacaqdır. Çünki, dünyanın dörd coğrafi cəhətinə uzanan yollar ölkəmizdə kəsişir
Bu, bir həqiqətdir ki, bu gün Cənubi Qafqazda liderlik missiyasını Azərbaycan yerinə yetirir. Belə bir missiyanı əldə etmək çətin olduğu qədər də şərəfli və gələcək perspektivdə istiqamətləri müəyyənləşdirən başlıca amildir. Qafqazın əhali sayı və ərazisi etibarı ilə ən böyük dövləti olsa da, əslində Azərbaycan bu meyarlar üzrə dünya xəritəsinin kiçik dövlətidir. Amma dövlətçilik atributları və geosiyasi arzular və hədəflər sarıdan ölkəmiz mühüm əhəmiyyət daşıyan imicə malikdir. Regionda həyata keçirilən irili-xırdalı bütün siyasi və iqtisadi layihələrdə Azərbaycan adətən baş rola dəvət alır. Çünki, real imkanları, əməli fəaliyyəti, siyasi etibarlılığı və iqtisadi sanbalı ölkəni əsas missiyanı yerinə yetirməyə yönəldir.
Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında deyib: “Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”.
Qərbə doğru Orta Asiya, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri, xüsusilə dünyanın ən böyük istehsalına sahib olan BRİCS üzvü Çin Xalq Respublikası ilə geniş əməkdaşlıq nümunələrinin olması nəinki iqtisadi gəlir gətirir, həm də ölkəmizin siyasi nüfuzunu sürətlə artırır. Bu gün Azərbaycan Şərqlə Qərb arasında ən səmərəli körpü rolunu oynayır. Çin sənayesinin sürətlə artan məhsulları Azərbaycan üzərindən Avropaya daşınır. Beynəlxalq nəqliyyat dəhlizlərini bacarıqla yaradan Azərbaycan artıq qlobal nəqliyyat qovşağına çevrilib. Bunun sayəsində son 20 ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi dəfələrlə artıb. Çinlə həm iqtisadi və nəqliyyat-tranzit sahəsində əməkdaşlığın miqyası günbəgün genişlənir və perspektivi ölçüyəgəlməzdir. Təsadüfi deyil ki, Çinin Cənubi Qafqaz regionu ilə olan ticarətinin 45%-i əsas ticarət tərəfdaşlarından olan Azərbaycanın payına düşür.
Bir neçə il əvvəl Çinin Sian şəhərindən Bakı-Tiflis-Qars dəmir yolu ilə hərəkət edən “China Railway Express” yük qatarının uğurlu gedişindən sonra Çin Azərbaycan üzərindən daha böyük həcmdə yükdışmalara start verdi. O vaxtdan Çindən Avropaya uzanan və Azərbaycandan keçən layihə sadəcə kağız üzərində deyil, həm də reallıqda əlverişli infrastruktur yaradıb.
İlk yük qatarının keçiş müddəti göstərdi ki, Uzaq Asiyadan Londona qədər olan məsafəni yük dolu qatar 18 günə qət edir. Alternativ nəqliyyat sistemlərindən istifadə etdikdə bu müddət 36 günə qədər uzanırdı. Orta Asiya ölkələrindən isə yüklərin Türkiyənin Avropa sərhəddinə çatması üçün tələb edilən vaxt 12 gündür. Bu rəqəmlər tarixi İpək Yolu ticarət xəttinin müasir dövrdə böyük əhəmiyyətə malik olduğunu təsdiqləyir. “Dəmir İpək Yolu” adlanan Şərq-Qərb dəmiryol xətti Çin və Avropanın böyük maraq göstərdiyi layihədir. Çinin paytaxtı Pekini Böyük Britaniyanın paytaxtı Londonla birləşdirən yolun ən əhəmiyyətli hissəsini Bakı-Tiflis-Qars təşkil edir. 3 milyard insanı və 65 ölkəni əhatə etməklə nəhəng dəmir və dəniz yolu nəqliyyatı şəbəkəsi sayəsində mallar Çindən Asiya, Avropa və Afrikaya daha qısa müddətdə çatır.
Azərbaycandan keçən böyük beynəlxalq magistral istiqamətlərdən biri də “Şimal-Cənub” layihəsidir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı Rusiya, İran, Hindistan və Azərbaycan üçün ümumi prioritetdir. “Şimal-Cənub” dəhlizi iki qütb arasında birbaşa əlaqənin olmaması problemini həll edəcək. Bu xətt işə düşdükdən sonra “Şərq-Qərb” dəhlizi ilə qovuşacaq və ölkəmizin nəqliyyat sistemi çarpaz dəmiryol xətlərinin kəsişməsindən yaranmış tam bir sistemə malik olacaq. Azərbaycanda kəsişən nəqliyyat xətlərinin ətrafında qlobal coğrafi məkan əhatə olumacaq. Dəhlizin yaradılmasında əsas məqsəd yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazarına çıxışına şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, iştirakçı dövlətlərin ərazisi ilə tranzit yük və sərnişin daşımalarında vaxtın qısaldılması və tranzit daşımaların dəyərinin minimuma endirilməsinin, habelə dəhliz boyunca hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasıdır.
Təsadüfi deyil ki, layihənin əsas iştirakçıları Rusiya, Azərbaycan və İran olsa da, onun işçi qrupunun iclaslarında Belarus nümayəndələri də iştirak edir. İclaslarda Hindistanın ekspeditorları, operatorları, yükalan və yükgöndərən subyektlərinin nümayəmdələri ilə müzakirələr aparılır. Layihənin icrasının başa çatmasını Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq səbirsizliklə gözləyirlər. Hazırda dəhlizi dəstəkləyən və bilavasitə onun fəaliyyətində iştirak edəcək ölkələrin siyahısında Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Tacikistan Respublikası, Suriya, Türkiyə Respublikası, Ukrayna var. Siyahının genişlənməsi gündəmdədir. Belə ki, Baltikyanı respublikalar, Skandinaviya ölkələri, Şərqi Avropanın digər ölkələri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmağa maraq göstərirlər.
Bu faktlar Azərbaycanın BRİCS-ə qoşulması üçün ciddi əsaslar yaradıb və yaxın gələcəkdə ölkəmizin bu təşkilatda fəal rola sahib olacağına şübhə yeri qoymur.
Novruz Novruzov
AzVP Siyasi Şurasının sədri