İki qaynar nöqtənin mümkün tale ssenarisi
Qərb Ukraynanı plasdarma, Rusiya və İran Ermənistanı bataqlığa çevirmək istəyir
Artıq məlumdur ki, Vladimir Putinin Ukrayna planı işə yaramadı və xəyal olaraq qaldı. Düzdür, hələ ki, Ukraynanın iki vilayəti Kremlin nəzarəti altındadır, amma bu “nəzarət” Rusiya Federasiyasının subyekti rolundan daha çox təhdid obyektidir. Rusiya bu vilayətləri müəyyən müddət, bəlkə də bir neçə on il əlində saxlasa da, heç vaxt onlardan xeyir görməyəcək, əksinə ciddi siyasi və iqtisadi başağrısı çəkəcək. Çünki, Rusiyanı zəiflətmək üçün Qərb hələ uzun müddət Ukraynanı silahlandıracaq, başqa sözlə, Rusiyanın lap burnunun ucunda özü üçün hərbi plasdarm yaradacaq.
Əgər Ukrayna ordusu Krımı işğaldan azad edə bilsə, yeri gəlmişkən, bu heç də asan məsələ deyil, baxmayaraq ki, ABŞ generaliteti də bu istiqamətdə döyüş yollarının açıldığını iddia edirlər, Rusiya artıq ikinci dərəcəli dövlət statusuna düşəcək. Bu rəzalətdən qaçmaq üçünsə Putin Krimi nəyin bahasına olur olsun, əldə saxlamağa çalışacaq. Hətta ola bilsin ki, Rusiya-Ukrayna arasındakı barışmaz mübarizə Krımın ayrıca bir dövlət statusuna yiyələnməsinə səbəb olsun. Çünki, Krım yarımadasının əsas əhalisi nə ukraynalılardır, nə də ruslar, onlar tatardırlar (türkdürlər).
Hələlik hadisələrin gedişi göstərir ki, Rusiya Ukrayna üzərindən Qərblə savaşı uduzur. Ancaq bu uduzmağın ağır nəticələri RF subyektlərinin milli identifikliklərinin tanınması istiqamətində başlanan hərəkat nəticəsində daha da dərinləşə bilər. Necə ki, İranda yaşayan digər yerli xalqların milli kimlikləri uğrunda apardıqları mübarizə bu gün bu ölkəni çalxalayır. Əslində həm Rusiyanın, həm də İranın bir nömrəli düşməni özlərinin imperiya düşüncəsi asılılığında olmalarıdır. Bu dövlətlər heç cür öz ambisiyalarından qurtula bilmirlər və özlərini öz ambisiyalarına qurban verirlər. Bu iki dövlətin əməkdaşlığı da bu aspektdə baş tutur. Ancaq bütün dünyaya qarşı çıxmaq onların gücü səviyyəsində deyil.
Supergüclərə qarşı dayana bilməmələri bu dövlətləri kiçik, məsələn, Ermənistan kimi marionet dövlət üzərində öz “xoşbəxtliyini” axtarmağa sövq edir. İranın Azərbaycan sərhədləri boyunca hərbi təlimlər keçirərək ərazinin landşaftını hərbi əməliyyatlar baxımından öyrənməsi buna hesablanıb. İran Azərbaycana birbaşa hücum etməyə cəsarət etməz. Bu onun ilgəyi öz boununa keçirməyi demək olar. Lakin molla rejiminin rəsmiləri də etiraf edirlər ki, onların mübarizəsi Turan ideyasına (Azərbaycan bu ideyanın mərkəzində yer alır) qarşıdır. Bu ideyanın birbaşa Zəngəzur dəhlizinə bağlılığı səbəbincə İranda belə bir fikir formalaşıb ki, Azərbaycan özünün qədim ərazisi olan Zəngəzuru geri qaytaracaq. Məhz, bu baş verərsə, onda İran ordusunu Ermənistanı qorumaq adı ilə Zəngəzura yeridə bilər. Bu isə dolayısı ilə Azərbaycana qarşı hərbi əməliyyat demək olar. Bu zaman Türkiyənin Azərbaycanla müttəfiqliyi və Zəngəzur dəhlizinin açılmasına olan geostrateji marağı onun bu müharibəyə qoşulmasına səbəb olar. Üstəlik, İranla barışmaz qovğada olan və çoxdandır ki, bu ölkəyə qarşı Ermənistanı plasdarma çevirməyə çalışan Qərb (ABŞ) də Zəngəzura ən azından təlimatçılar qismində öz hərbi kontingentini göndərə bilər. Fransız kəşfiyyatçılar isə “müşahidəçi” statusu ilə artıq oradadır. Təbii ki, bu ölkədə hərbi bazaya malik olan Rusiya da hadisələrin mərkəzində yer alar. Belə bir ssenari baş tutarsa, Ermənistanın müharibə bataqlığına çevrilməsi qaçılmaz olar. Dünən İstanbulda baş vermiş qanlı terror hadisəsini bu istiqamətdə real filmin epiloqu hesab etmək olar.
Bu və ya digər formada regional müstəvidə beynəlxalq mübarizə dünyada güc birliklərinin formalaşmasında başlıca rol oynayır. Bu mübarizənin son məqsədi inkişaf etmiş dövlətlərin üzərində keçmiş hökmranlıq istəklərinin birdəfəlik dağılması olacaqdır. Məsələn, İranda Azərbaycan dövlətinin yaranması və ya onun geniş muxtariyyət statusu qazanması heç də ritorika yox, müsbət sonluq olar. Rusiyada da eyni prosesin baş verməsi istisna deyil.
Novruz Novruzbəyli