AXTAR

Moskva göz yaşlarına gülür

fsb

Ruslar II Dünya Müharibəsinin sonuna yaxın, məsələn, 1945-ci ildəki son Praqa döyüşləri haqqında yazırdılar ki, məğlub olduqlarını anlayan faşistlər vəhşiliklə son güllələrinə kimi vuruşurdular. İndi Rusiyanın siyasi və inzibati hakimiyyəti imperiyanın öz azadlıqları və müstəqillikləri uğrunda çarpışan xalqlara uduzduğuny və geriyə dönüşün olmadığını başa düşərək qeyri-millətlərə qarşı vəhşicəsinə davranırlar. Yekaterinburq şəhərində azərbaycanlı Səfərovlar ailəsinə qarşı baş vermiş qara maskalıların hücumu bunu aydın göstərir. Rusların qılafa bürünmüş vəhşi siyasətləri Azərbaycanda və beynəlxalq aləmdə düzgün qiymətləndirilib. Səfərovlar ailəsinə qarşı törədilmiş cinayət kəskin şəkildə pislənilir. Bəs, ruslar özləri!? Onlar nə deyirlər? Təəssüf ki, həmişə olduğu kimi təqsirlərini boyunlarına almağa ləyaqətləri çatmır və velikorus şovinizm dünyagörüşü fonunda şər-böhtan atmaqla məşğuldurlar.
RİA Novosti agentliyi Vasili Leyko ad-soyadlı müəllifin bu mövzuya həsr olunmuş “aydınlaşdırıcı” yazısını dərc edib. Guya Səfərovların “Kaspi” kafesinin yaxınlığında, fikir verin, kafedə yox, onun yaxınlığında, yəni Səfərovların nəzarət etmədikləri ərazidə, 2001-ci ildə Yunis Paşayev adlı bir nəfər azərbaycanlı qətlə yetirilib. Və üstündən 24 il keçəndən sonra bu hadisəyə görə Səfərovlar ailəsinin yaşadığı mənzilə hücum edilib.
Bizim suallar: Harada görünüb ki, 24 il əvvəl baş vermiş hadisəyə görə indi birdən-birə ailənin üzərinə ön cəbhədə düşmən üzərinə hücum edilən formada basqın edilsin? 24 il əvvəl qətlin üstü açılmayıbsa, Səfərovlar bu illər ərzində yaşayış yerlərini tərk etməyiblərsə, Yekaterinburqun hüquq-mühafizə orqanları niyə ailəni istintaqa cəlb etməyib? Bu o deməkdir ki, əslində Yunis Paşayevin qətlində Səfərovların günahı yoxdur.
Müəllif qeyd edir ki, 2004-cü ildə “Kaspi” kafesinin yardımçı məkanında Aleksandr Səfərov adlı şəxs toyuna bir neçə gün qalmış faciəli şəkildə həyatını itirib. Ad-soyadından aydındır ki, bu şəxs Səfərovlardan birinin rus qadınla evliliyindən doğulmudur. Onu skinxedlər öldürüb. Hazırda vəhşi skinxedlərlə fəxr edən Rusiya cəmiyyətinin FSB-si, hüquq-mühafizə orqanları həmin qatillərə qarşı Səfərovlara qarşı etdikləri şəkildə hücum ediblərmi? Təbii ki, çünki, müəllif bu haqda bir söz belə yazmır. Yəni, əslində onları nə mühakimə, nə də həbs ediblər. Bəs, nədən 24 illik sübut olunmamış qətlə görə Səfərovlarla bu cür davranıblar?
Məqalədə bildirilir ki, 2013-cü ildə kafe özbaşına tikili sayılıb və uzun məhkəmə proseduru keçirilib, 2016-cı ildə kafe uçurulub, lakin 3 ay sonra bərpa edilib, 2017-ci ildə sanitar normalar pozulduğuna görə kafe bağlanıb, 2018-ci ildə hakimiyyət kafeni qeyri-qanuni sayıb və zorla sökülüb. 2023-cü ildən kafe yenidən fəaliyyətə başlayıb. Rusiya hakimiyyətinin bu ölkədə biznes quran azərbaycanlılara qarşı bu cür davranış metodları hamıya məlumdur. Onlar müəyyən müddət imkan verirlər ki, qeyri-millətdən olan bacarıqlı insanlar bizneslərini qursunlar, müəyyən qədər vəsait toplasınlar və gecələrin birində FSB (Federal Təhlükəsizlik Xidməti) hücum edib onların pullarını əllərindən alsınlar. Bu zaman miqrantları heçə sayan rus millətçiləri onları səbəbsiz-filansız öldürməkdən də çəkinmirlər.
Mən Yekaterinburqda yaşayan həmyerlimizdən biri ilə əlaqə saxladım və ondan Səfərovlar barədə soruşdum. Soydaşımız əminliklə bildirdi ki, ruslar şər-böhtan atırlar. Səfərovlar ləyaqətli, işgüzar və xeyriyyəçi insanlardır.
V.Leyko yazır ki. “Kaspi” kafesi Şaraş çayının gözəl təbiət mənzərəli sahilində yerləşir və “şaşlıq” üşün daim müştəri gurluğu yaşayır və sanballı gəliri olur. Bəlkə də, kafeyə hansısa rus varlı məmurunun gözü düşüb və təbii ki, Kremlin və Rusiyanın birinci şəxsi Putinin qeyri-millətlərə qarşı diskriminasiya siyasəti fonunda Səfərovların axırına çıxmağı məqsədyönlü sayıblar.
Son bir neçə ayda iki ölkə arasında Rusiya tərəfdən birtərəfli qaydada baş verən təhqiredici hadisələrə görə açıq demək lazımdır ki, Rusiya bizim dostumuz deyil və onunla bağlanmış dostluq və əməkdaşlıq, habelə strateji tərəfdaşlıq müqavilələrinin heç biri səmimi deyil.
Sovetlər dövründə məşhur bir filmdən ümumxalq aforizminə çevrilmiş “Moskva göz yaşlarına inanmır” deyimi indi xeyli dəyişib və olub “Moskva göz yaşlarına gülür”. Qalan dünya isə Rusiya hakimiyyətinin abırsızlığına acıyır və gülür. Bizim də münasibətimiz adekvat olmalıdır.
Novruz Novruzov

Oxşar məqalələr