Hamımız bilirik ki, belə davam edə bilməz, paytaxt Bakının bu ağırlığa tab gətirməyəcəyini də yeri düşəndə təsdiqləyirik. Məşhur “Bakının dərdi var, Bakı xəstədir”, misralarını da xatırladırıq ara-sıra. Amma bir az sonra mövzunu dəyişib, başqasına keçirik.
Bakı isə get-gedə daha da yüklənir, göydələnlər ucalır, küçələr daralır, tıxaclı həyat davam edir, əsəblərimizi xərcləmək, yollarda vaxtımızı itirmək bahasına yaşayırıq. Bakıda tikilən körpülər, yol ötürücüləri, tunellərə xərclənən böyük miqdarda vəsaitlər də həll edə bilmədi tıxac problemini. Real əhali sayı rəsmi statistikanı xeyli dərəcədə üstələyib, bölgələrdən insanlar Bakıya axışmaqda davam edir. Hələ uzun müddət öncə bildirildi ki, Bakıda yarım milyondan çox sənədsiz evlər var, indi onların sayı azı milyonu keçib. Hələ fərdi yaşayış evlərindən söhbət gedir. Hər evdə neçə nəfər yaşayır? Hesablayanda...Bu saya nə metro dözər, nə avtobus, nə taksi. Bir çox hallarda ictimai nəqliyyatdakı sıxlıqdan şikayətlənirik. Elə taksi çatışmazlığından da. Ölkənin az qala yarıdan çoxu paytaxtdadırsa, necə çatdırsın nəqliyyat? Bu halda məktəblərin qarşısına, yaşayış evlərinin “blok”larının ağzınadək tıxacın olması da normaldır. Bir ölkədə ki, nəqliyyat vasitələrinin düz 72 faizi (!) onun paytaxtında idarə edilə, o şəhəri tıxacdan xilas etməkmi olar? Fəlakətli durumdur.
On illərdir ki, Bakının Baş Planından bəhs olunur. Çoxmilyonlu şəhər bu cür plansız tikilibsə, bundan sonra heç bir Baş Plan onu xilas edə bilməz. Çünki plan tikintidən əvvəl hazırlanmalıdır, sonra yox. Deməli, başqa variant üzərində düşünülməli və nəhayət, qərar verilməlidir.
Əslində əvvəlki illərdə bu mövzuda çox təkliflər səslənib: yeni paytaxt salınsın, paytaxt başqa yerə köçürülsün, kimi. Bakıdakı nazirliklər, yaxud ali məktəblərin başqa şəhərlərə köçürülməsi halında paytaxtın yükünün azaldılacağını zənn edənlər də olub. Amma bu istiqamətdə təkliflər elə təklif olaraq qalıb.
Deputat Qüdrət Həsənquliyev çox maraqlı fikirləri ilə bu mövzunu yenidən gündəmə gətirib.
Sitat: “Mən belə bir təklif irəli sürürəm ki, paytaxt Ağdama köçürülsün. Ağdam şəhəri müasir üslubda yenidən salınır. “Yaşıl şəhər” kimi Ağdam bütün müasir tələblərə cavab verəcək. Hesab edirəm ki, Ağdamda 150-200 min nəfərlik paytaxt şəhəri salmaq olar. Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. Demək olar ki, bu şəhəri biz yenidən tikəcəyik. Düşünürəm ki, az xərclə bu işi həyata keçirmək olar”.
Kifayət qədər maraqlı və cəlbedici təklifdir. Niyə də yox? Erməni vandallarının 27 il ərzində yer üzündən sildiyi “Ruhlar şəhəri”nə çevirdiyi Ağdam hazırda yenidən qurulur, özü də tamam ayrı biçimdə, başqa qiyafədə. Dövlətimizin başçısının təsdiqlədiyi Ağdam şəhərinin Baş planı hər birimizdə gözəl təəssüratlar yaradıb, xüsusilə də ağdamlılarda. Özü də Ağdamın tikilməsi prosesinə “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov rəhbərlik edir. Hər halda, “Ağ şəhər” layihəsinin uğuru göz önündədir, deməli, Ağdamdakı işlər də uğur vəd edir. Açıqlanıb ki, yeni layihəyə əsasən, vaxtilə ərazisi 700-800 hektar olan Ağdamın gələcək ərazisi iki dəfə böyüyəcək. Baş plana əsasən, Yeni Ağdam 100 min nəfər sakin üçün planlaşdırılır. İlkin olaraq 1750 fərdi ev və 23 min mənzilin inşa olunması nəzərdə tutulub. Şəhərdə parklar, süni göllər, abad yollar, hətta velosiped yolu olacaq. Hətta tramvay xətti! Vaxtilə paytaxt Bakıda olmuş tramvay və trolleybus xəttini yenidən bərpa etmək üçün çox baş sındırırıq, amma mümkün deyil axı. Yollarda onsuz da fəlakətli vəziyyət hökm sürürsə, əlavə nəqliyyat vasitələrinə faktiki olaraq yer qalmır. Təcili yardım maşınlarının tıxacda qalmaması üçün faktiki olaraq bir tədbir görülə bilmirsə, tramvay xəttinin yeri yoxdur burda. Amma yenidən qurulan Ağdamda bu, problem deyil.
Ağdamda ilkin olaraq 15 məktəbin tikiləcəyi açıqlanıb, həmçinin Qarabağ Universitetinin yaradılması. “Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq”, - deyib Prezident İlham Əliyev. Tələbələrimizin Qarabağ Universitetində təhsil almasının özü də Bakının yükünü müəyyən qədər azaldacaq heç şübhəsiz. Amma Bakıdakı məcburi köçkünlərin Qarabağa qayıdışına arxayın olub paytaxt müzakirələrini bir kənara qoymaq olmaz. Bu məsələ kökündən həll olunsa, ciddi irəliləyişə nail olmaq mümkündür – bəli, Qüdrət Həsənquliyevin təklif etdiyi kimi, paytaxtı Ağdama köçürməklə.
Ağdam həm də “Ağıllı şəhər” konsepsiyasına uyğun olaraq tikiləcək, deməli, paytaxt olmaq üçün daha bir üstünlük əldə edəcək: “Ağıllı paytaxt”, bütün işlərin qaydasında aparıldığı məkan. Bakıda daş binaların yaydığı radiasiya, yaşıllıqların kütləvi qırılması səbəbindən oksigen çatışmazlığı, rütubət, daha nələrdən o qədər danışırıq ki. Amma Ağdam bir başqa məkan. Baş planda 125 hektarlıq meşə, su kanalları, göl nəzərdə tutulur. Qüdrət Həsənquliyev də haqlı olaraq bildirir ki, Abşeron yarımadası həm iqliminə, həm təhlükəsizlik məsələlərinə görə paytaxt üçün uyğun deyil. “Bakı həddindən artıq yüklənib. Şəhərdə artıq hərəkət etmək mümkün deyil. Ola bilsin ki, bir sıra dövlət qurumları Bakıda saxlanıla bilər. Milli Məclis, Prezident Administrasiyasının binaları Ağdama köçürülə bilər. Bu, həm Qarabağda məskunlaşma, həm də təhülkəsizlik baxımından çox əlverişlidir. Ağdamın iqlimi çox mülayimdir. Bu həm də Bakının yükünü xeyli azaldacaq. Paytaxt köçürülərsə, hamı Bakıya axın etməz. Qazaxıstan bu təcrübədən istifadə etdi və paytaxt Almatıdan Nursultana köçürüldü. Məncə biz də bunu edə bilərik”, - deyə Qüdrət Həsənquliyev Redaktor.az-a bildirib. Razılaşmamaq olmur.
Düzdür, Milli Məclisin digər üzvü Vahid Əhmədov paytaxtı dəyişməyi doğru saymır. Hesab edir ki, müxtəlif nazirliklərin, dövlət qurumlarının regionlara köçürülməsi problemin həllinə kömək edə bilər. “Elə nazirliklər var ki, birbaşa regionlarla əlaqədardır. Onların köçürülməsi müsbət haldır. Şəhərin mərkəzində yerləşən ali təhsil ocaqlarını şəhərdən kənarda təhsil mərkəzi yaratmaqla köçürmək olar”, Vahid Əhmədov bildirib. Onun da dediklərində həqiqət var.
İstənilən halda gecikmədən addım atmağın vaxtı yetişib. Türkiyənin Ankara, yaxud Qazaxıstanın Nur-Sultan təcrübəsi sübut edib ki, bu seçimdə zərər yoxdur, fayda var. Amma mən bir daha o fikirdə qalıram ki, Azərbaycanın yeni paytaxtının qurulması üçün zəmin yetişib. Paytaxtın 44 günlük haqq savaşımızın sonucu olaraq azad etdiyimiz Qarabağda olmasının isə həm də böyük rəmzi mənası olar! Bu addım Qarabağa yönəlik iddiaları birdəfəlik cəhənnəmin dibinə yuvarlayar. Həmçinin Pənahəli xanın yurdunda Azərbaycanın yeni paytaxtının qurulması da tariximizə istinadımız olardı. Münbit Ağdam torpaqlarında cənnət yaratmaq olar. Bakıda ağac bitirmək belə, çətinləşib...
Bu mənada çox istərdik, mübarək Baş Plan əsasında işlər gedirsə, lütfən, elə paytaxt perspektivi nəzərə alınsın! Ağdamdan Xankəndiyə 16-ca km-dir. Düşmənin bağrı çatlasın: onun viran qoyduğu məkanı paytaxta çevirdiyimizə dünya da şahid olsun! Bir az da Bakıya dinclik verək, ədalət naminə...
Elşad PAŞASOY
"musavat.com"