AXTAR

İşğal və terrorizmin qaçılmaz süqutu

zefer
Tarixin sınaqlardan çıxmış bir aksioması var: öz azadlığı uğrunda mübarizə aparan xalq əvvəl-axır qalib gəlir. Ən yeni tariximizin son 35 illik dövrü bu aksiomanın nə qədər real olduğunu sübut edib. XX əsrin sonlarında torpaqlarımızın 20 faizə qədərinin dünya imperializminin dəstəklədiyi erməni terrorçuları tərəfindən işğal edilməsinə və bu işğalın 30 ilə qədər davam etməsinə baxmayaraq Azərbaycan xalqı öz dövlət rəhbərinin ətrafında sıx birləşərək nəinki terrorçulara, həm də imperializmin aparıcı qüvvələrinə qalib gəlib ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Bu fikirləri sözdə ifadə etmək asan görünə bilər. Lakin hadisələrin mahiyyətinə diqqət edəndə aydın olur ki, Azərbaycanın canahşümul zəfəri təkcə öz tarixi üçün deyil, ümumilikdə dünya tarixi üçün zəngin, yeni və örnək olan bir hadisədir.
İşğal faktının xronologiyasını izlədikdə aydın görünür ki, Azərbaycan uzun illər boyu öz mübarizəsini təkbaşına aparıb. Mübarizənin çətinliyi onda idi ki, torpaqlarımızın işğalı müstəqillik mübarizəmiz ilə eyni vaxtda baş vermişdi. Dağınıq iqtisadiyyat, formalaşmamış silahlı qüvvələr, daxili səbatsızlıq və xarici mürtəce təzyiqlər ölkəmizi hər yandan sıxırdı. Ötən əsrin sonlarında belə təsəvvür yaranmışdı ki, Azərbaycan birdəfəlik məğlub olub, düşmən kifayət qədər güclüdür və məğlubiyyətlə barışmaqdan başqa çıxış yolu qalmayıb. Ola bilsin ki, yeni təşəkkül tapmış bir dövlət haqda bu cür təsəvvür düzgün sayılardı. Lakin neçə minillik dövlətçilik tarixinə malik olan Azərbaycan dövləti haqqında bu cür düşünmək tarixi yanlışlıqdan başqa bir şey deyildi. Məhz öz kökündən qaynaqlanan təcrübə, milli dözümlülük, mətinlik, səbr və müdrik siyasət sayəsində xalqımız bütün çətinliklərə sinə gərməyi və azadlığa qovuşmağı bacardı. Bu zəfərin əldə edilməsində Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətləri var. Dünya siyasətinin inkişaf perspektivlərini vaxtında və dəqiq qiymətləndirən, yaranmış şəraiti düzgün dəyərləndirərək beynəlxalq münasibətlərin taktika və strategiyasını yüksək səviyyədə, qalibiyyətə yönələn formada işləyib hazırlayan dövlətimizin başçısı daxildə xalqımızı bir yumruq kimi birləşdirib düşmən üzərində tarixi qələbəni zərurətə çevirdi.
İşğalçı qüvvələr üzərində qələbəmizin tarixi əhəmiyyətini artıran mühüm məqamlardan biri cəbhədə düşmənin bir neçə qat müdafiə istehkamlarının düzgün hərbi taktika və manevr nəticəsində darmadağın edilməsi idi. Bu, dünya hərb tarixində görünməmiş bir səhifə açdı və müasir döyüş texnikasının yeni metodologiyasının əsasını qoydu.
Prezident İlham Əliyevin səbrli və uzaqgörən siyasəti sayəsində həm beynəlxalq siyasi qüvvələr, həm iqtisadi əlaqələr, həm də daxildə “dövlət-xalq-ordu” kimi mənəvi vətənpərvərlik birliyi elə səviyyədə qurulmuşdu ki, zəfərimiz qaçılmaz idi. ABŞ, Fransa, bütövlükdə Avropa Birliyi və digər güclü dövlətlərin siyasətləri ilə əlaqədar seçilmiş uğurlu yol, 2020-ci il Vətən Müharibəsinin və 2023-cü il antiterror əməliyyatının zəruriliyinin əsaslandırılması erməni qəsbkarlarının havadarlarının əl-qolunu bağladı. Həmin qüvvələr Azərbaycanın haqq-ədalət mübarizəsi qarşısında ciddi maneə yarada bilmədilər.
44 günlük müharibə və 23 saat 43 dəqiqəlik antiterror əməliyyatı... Xalqımızın və ordumuzun fəxrlə qeyd etdiyi bu möhtəşəm hadisələr dünyada imperializmdən zülm çəkən dövlətlərin mübarizəsinə yeni impuls verdi. Bu gün Azərbaycan həmin məzlum kökünə salınmış xalqların müstəqillik mübarizəsinin mərkəzinə çevrilib. Vaxt gələcək bu mübarizə öz bəhrəsini verəcək və tarix kitablarında azadlıqlarına qovuşmuş xalqların qəhrəmanı timsalında İlham Əliyevin mübarizə yolu örnək kimi öyrəniləcək.

Novruz Novruzov
Azad Vətən Partiyasının Siyasi Şurasının sədri

Oxşar məqalələr