Yerləşdiyi coğrafi şəraitdən, siyasi mövqeyindən və digər bu kimi amillərdən asılı olmayaraq ölkə inkişaf edirsə, biznes və sərhəddən keçid üzrə qanunuvericilik və qaydalar sadələçdirilirsə, mütləq həmin ölkəyə maraq artır və məntiqi surətdə “inkişaf, inkişaf gətirir”. Bu mənada Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına səfəri xarici siyasətdə yeni perspektivli istiqaməti müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir. Covid19 pandemiyasına qədər ərəb ölkələri ilə Azərbaycan arasında qarşılıqlı sərmayələr qoymaq və turizmi inkişaf etdirmək sahəsində yaxşı əlaqələr yaranmışdı. Lakin covid infeksiyasının butün dünyaya gətirdiyi bəlalar səbəbindən son illər əlaqələrin inkişaf tendensiyası xeyli aşağı düşmüşdü. Lakin çətinliklər artıq arxada qalıb. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan xarici siyasi və iqtisadi əlaqələrini sürətlə inkişaf etdirir.
Azərbaycanın dövlət başçısı mətbuata verdiyi bəyanatda bildirirb: “Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir”. Bu fikirlərin arxasında Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin siyasi istiqamətində Misir Respublikası rəhbərliyindən aldığı beynəlxalq dəstəyin də payı var. Bu istiqamətdə Misirin daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və Qoşulmama Hərəkatı, habelə BMT çərçivəsində iki ölkə arasında əlaqələr müsbət məcrada inkişaf edib. Təsadüfi deyil ki, bu sahədə Misirin mövqeyi prinsipial xarakter daşıyıb, beynəlxalq legitimlik prinsipinə və BMT Təhlükəsizlik Şurasının müvafiq sənədlərinə əsaslanıb.
Indi qədim Misirlə ölkəmizin münasibətlərinin yeni səviyyəyə çıxması Azərbaycandan ərəb dünyasına pəncərələrin taybatay açılmasına səbəb olacaq.
Misir və Azərbaycan “neft ölkəsi” sayılır və iqtisadiyyatlarının 70-80 faizi neftdən gələn pullara bağlıdır. Hətta müqayisə edilsə, son illər qeyri-neft sektorunun sürətli inkişafı sayəsində Azərbaycan onlara nisbətən xeyli dərəcədə zəif “neft ölkə”sidir. Amma buna baxmayaraq, bizim zəngin neft və qazçıxarma təcrübəmiz var və bu sahədə kifayət qədər elmi texnologiyalara, habelə neft-maşınqayırma məhsullarının istehsalına malikik. Əməkdaşlıq kimi SOCAR-ın bu ölkənin neft-qaz sənayesinin modernləşdirilməsinə yaxud emal sənayesinə investiya yatırmaq potensialı var və yəqin ki, misirli iş adamları bunda maraqlı ola bilərlər.
Beləliklə, ərəb dünyası ilə təmaslar qurmaq, düşünürük ki, səmərəli və perspektivli əməkdaşlığa çevriləcək.
Misir və Azərbaycan neftçilərinin birgə əməkdaşlıq üçün gözəl perspektivləri var. Azərbaycanın neftdən alınan məhsullarına bu ərəb ölkəsində tələbat olmamış deyil. Axı, bu sənaye sahəsi bizdə çoxdan var və kifayət qədər texnologiyaya və təcrübəyə sahibik. Amma Azərbaycanın hazırkı iqtisadi strategiyasında olan perspektivlər daha çoxdur.
Məlumdur ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet sahəsinə çevrilməkdədir. Misirin də Nil çayının suvarılan geniş sahillərində kənd təsərrüfatı geniş inkişaf edib. Bu imkanlar qarşılıqlı əməkdaşlıq, qabaqcıl təcrübədən istifadə və mal mübadiləsi üçün əlverişli şərait yaradır.
Hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatının üzvü olması da onların yüksək formatda əlaqə yaratmalarını zəruriləşdirir. Halal sertifikatlı keyfiyyətli ərzaqlarla ticarət, halal turizmin inkişafı üçün əməkdaşlığın hüdudları nəhayətsizdir. Eyni zamanda otelçilik biznesində Misirli otelçilərin zəngin təcrübəsi var. Bundan başqa mədəniyyət və elm sahələrində mübadiləyə də ehtiyac böyükdür. Misirin qədim əlyazmalar fondunda Azərbaycan tarixinə aid qiymətli əlyazmalar saxlanılır. Onların üzünün köçürülüb ölkəmizə gətirilməsi tariximizin daha dərindən öyrənilməsi üçün alimlərimizin əlinə çıraq verilmiş olar.
2017-ci ildə Azərbaycanda keçirilən İslam Həmrəylik Oyunları o vaxt Misirin idman naziri işləmiş X.Əbdüləzizin fikrincə, ən yüksək səviyyədə təşkil olunmuş İslam Həmrəyliyi Oyunları Azərbaycanın dünyaya göndərdiyi sülh və həmrəylik mesajıdır. Onun dediyinə görə, Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının inkişafına ən böyük töhfə verən ölkələrdən biridir. Təsadüfi deyil ki, ölkələrimiz arasında yenicə sənədlərdən biri, məhz, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”dur. Hesab etmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Misirə budəfəki səfəri “əlaqələrimizin intibahı”na səbəb olacaq.
Novruz Novruzov
AzVP-nin Siyasi Şurasının sədri