AXTAR

Azərbaycan-Tacikistan əlaqələrində yeni mərhələ

emomeli ve ilham
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri və aparılan söhbətlər iki dövlət arasında qədim və tarixi əlaqələrə yeni impuls verib. Dövlət başçılarının təkbətək görüşdən sonra mətbuata verdikləri bəyanatlarda qarşılıqlı isti münasibətlərin hərarəti aydın hiss olunur. İlham Əliyevin dediyi “Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb”. Bu sözlərin arxasında faktiki görülən işlər durur. Siyasi müstəvidə BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarda bir-birinin yanında olmaq, sülh və təhlükəsizlik uğrunda birgə mübarizə aparmaq bu ölkələrin əsas hədəflərindəndir. İqtisadi müstəvidə isə qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıq getdikcə güclənir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və Prezident İlham Əliyevin rasional iqtisadi siyasəti ölkəmizin beynəlxalq nəqliyyat qovşağının əsas hissəsinə çevrilməsinə səbəb olub.
Ümumiyyətlə, Azərbaycan Orta Asiya üçün inkişaf etmiş Avropaya açılan geniş profilli pəncərədir. Buvaxtadək Cənub-Şərqi Asiyadan Avropaya yüklər daha çox dəniz marşrutları və Rusiyanın soyuq Tayqasından keçən və xeyli vaxt aparan dəmiryol vasitəsilə daşınırdı. Bunlara alternativ və ucuz yol yox idi. Düzdür, Türkmənistan və Qazaxıstanın Azərbaycanla Xəzər dənizi vasitəsilə bərə yolu fəaliyyətdə idi. Ancaq bu, yalnız adıçəkilən 3 respublikanı təmin etdiyindən, onun daha geniş miqyasda fəaliyyəti mümkünsüz idi. Lakin bu istiqamətdə dərin resurslar vardı. Məhz, Azərbaycan hökuməti bu resursları vaxtında gördü, vəziyyət araşdırıldı və ölkənin nəqliyyat sistemi kökündən dəyişdirilərək tamamilə yenidən qurmaq yolu seçildi.
Tacikistanın Azərbaycanın tranzit imkanlarına maraq göstərməsi iqtisadi məntiqə tamamilə uyğundur. Tacikistanın relyefində daha çox sərt dağlıq ərazilər üstünlük təşkil etdiyindən orada dəmiryol xətlərinin çəkilməsi elə bir qiymətə başa gəlir ki, xərci borcunu ödəmir. Hətta borc-xərc bu yol çəkilsə belə, sonradan onun rentabelli işləməsi qeyri-mümkündür. Buna görə də tacik iqtisadçılar sərfəli marşrut axtarışında Azərbaycan variantına üstünlük verməyi məsləhət biliblər. Təbii ki, bu vaxt əldə olan imkanlar da nəzərə alınıb.
Təsadüfi deyil ki, Prezident Emoməli Rəhmon öz bəyanatında bildirib: “Nəqliyyat və kommunikasiya sahələrinə xüsusi diqqət yetirildi. Tacikistanın dövlət və kommersiya strukturlarının Azərbaycan ərazisindən yük daşımalarının həcminin artması tendensiyasını məmnunluqla qeyd etdik. Tacikistanın yük daşıyıcılarına məqbul tranzit tarifləri təqdim etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirdik”.
İndiyədək iki dövlət arasında yaranmış münasibətlərin səviyyəsi yeni bir mərhələyə keçməyi zərurətə çevirmişdi. Görüş və müzakirələrdən sonra imzalanmış bir sıra sənədlər, müqavilələr əlaqələrin yeni səviyyəsini strateji tərəfdaşlıq kimi təsbit etdi. Bu səviyyə hər iki tərəf üçün vacib əhəmiyyət daşıyır. Çünki, hazırda yeni dünya düzəninin strukturu sürətlə müəyyənləşir. Bu strukturda optimal mövqe seçmək gələcək siyasi istiqamət üçün mühüm amildir. Bu mənada Tacikistanla münasibətlərin sıxlaşması Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrinin dərinləşməsini sürətləndirəcək.

Novruz Novruzov

AzVP Siyasi Şurasının sədri

Oxşar məqalələr