Aİ-Azərbaycan əlaqələrində intensivlik artır

Aİ AZ

İkitərəfli münasibətlərdə şaxələndirmə prinsipi geniş tətbiq edilir

İyunun 3-də Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Təbii ki, yay fəslinin başlanğıcına təsadüf edən avropalıların ölkəmizə bu səfəri sadəcə ziyarət deyil. Hazırda tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsi bir çox cəhətləri etibarı ilə əlaqələrin uzunmüddətliliyinə yaxşı zəmanətdir. Ötən əsrin 90-cı illərindən başlanmış Azərbaycanın enerji ehtiyatları üzrə əməkdaşlıq telləri sonradan qeyri-neft sektoru üzrə daha da genişlənmiş və artıq hər il keçiriləın geniş tərkibl biznes-forumlarla müşayiət olunur.
Hazırda Aİ-Azərbaycan münasibətlərində 3 mühüm istiqamət diqqət mərkəzindədir. Bunlardan birincisi gələn ildən etibarən Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Cənub Qaz Dəhlizi layihəsinin son mərhələsinin işə salınmasıdır. Bununla da Azərbaycan Aİ-nin enerji təhlükəsizliyi işinə öz töhfəsini verəcək. Üstəlik bu layihənin tam reallaşdırılması Azərbaycanı Avropa iqtisadiyyatının və siyasətinin üzvi hissəsinə çevirməklə yanaşı gələcək üçün yeni, geniş perspektivlər açacaq. Söhbət Türkmənistan qazının nəqlinə açılan imkandan gedir. Qədim İpək Yolu böyük ticarət şəbəkəsinə “Yeni Qaz Nəqli” qolunun əlavə edilməsi çoxdan arzulanan, ancaq indi real situasiyaya malik olan layihəyə çevrilə bilər.
İkinci, mühüm istiqamət Aİ ilə Azərbaycan arasında bağlanacaq Yeni Tərəfdaşlıq sazişinə bağlıdır. Belə ki, bu saziş Aİ-nin təklif etdiyi və bilavasitə Azərbaycanın təşəbbüsü və təkidi ilə tərəflər arasında qarşılıqlı münasibətlərin mahiyyətini tənzimləyən öhdəliklər toplusudur. Qədim və müdrik Azərbaycan məsəlində deyildiyi kimi, gərək “şumda razılaşaq ki, xırmanda yabalaşmayaq”. Bu sazişdə bəzi siyasi və tarixi motivli məsələlər var ki, onlar yolun başlanğıcında razılaşdırılmalıdır. Bunun üçün isə uzaqgörənlik nümayiş etdirmək və perspektivləri düzgün proqnozlaşdırmaq vacib şərtdir.
Üçüncü aktual istiqamət isə tərəflər arasında qeyri-neft sektorunu əhatə edən iqtisadi-ticari əlaqlər sahəsidir. Məlumdur ki, hər il tərəflər arasında biznes-forum keçirilir. Bu il iyunun 13-də Bakıda artıq 5-ci belə tədbirin keçiriləcəyi məlumdur.
Aİ-nin xüsusi nümayəndəsinin başçılıq etdiyi heyətin Azərbaycana səfərində bu üç istiqamətin müzakirə mövzusu olması şəksizdir. Bir neçə ay əvvəl Toivo Klaarın rəhbərliyi ilə belə bir nümayəndə heyəti ölkəmizdə səfərdə olub və həmin onlar keçirilən söhbətlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanla Avropa İttifaqı arasında turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Ötən il tərəflər arasında keçirilmiş biznes forumda rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300-dən çox, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən artıq iş adamı iştirak edib. Ümumilikdə biznes foruma 800-ə yaxın iştirakçı qatılıb. Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes forumda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara dair plenar sessiya, kənd təsərrüfatı və qida, tikinti və maşınqayırma, nəqliyyat və logistika, İKT və elektron ticarətə dair 4 panel iclas, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Göründüyü kimi Azərbaycan Aİ ilə öz əlaqələrini genişləndirməklə yanaşı Avrasiya məkanında İttifaqın əsas partnyoru rolunu nyerinə yetirməyə başlayıb. Bu, ölkəmizin iqtisadi inkişafına, siyasi mövqeyinə və əldə etdiyi nüfuz və hörmətinə yaranmış ehtiyacdan doğan real tərəfdaşlığın bariz ifadəsidir.
N.NOVRUZ

1 -dən səhifə 4

Oxşar məqalələr