AXTAR

İsmayıl Şıxlının “Namus qaçağı” əsərində milli dəyərlər

namus qacaqı
Filosof şair, mütəfəkkir dramaturq İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. Xalq yazıçısı, alim-müəllim, millət vəkili olmuş İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ictimai fəaliyyət göstərən böyük insan, istedadlı yazıçı, gözəl natiq-pedaqoq, alovlu vətənpərvər-soydaş olan İsmayıl Şıxlı “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri qəbristanda basdırın” hekayələri ilə milli ədəbiyyatımızın inkişafına çox böyük dəyər qatmışdır. Qüdrətli nasir, müdrik dramaturq İsmayıl Şıxlının “Namus qaçağı” əsəri Azərbaycan ədəbiyyatında dəyərli nümunələrdəndir. Əsərdə insan qəlbinin ağrı-acıları, insan həyatının çətinlikləri, insan hiss və duyğuları, insan psixologiyasının nüansları, düşmənə nifrət, yaşamaq istəyi, həyat eşqi, toy və yas evinin əhvali-ruhiyyəsi, ölüm-dirim mübarizəsi, insanın iradəsi və həyat eşqi motivləri təbii və real cizgilərlə təsvir olunmuşdur. Əsərin dili mükəmməlliyi, yığcamlığı, obrazlılığı, rəvanlığı, təsvir əlvanlığı ilə olduqca qiymətlidir.
“Namus qaçağı” əsərində lirik münasibətlər xətti qabarıq təsvir olunmuşdur. Əsərdə qəhrəmanlarının mənəvi-əxlaqi aləmləri real həyati-ədəbi üslub vasitəsilə təsvir olunub. İsmayıl Şıxlının “Namus qaçağı” əsərinin konflikt və ziddiyyəti kimi insan təbiətindəki naqislik, dünya malına tamah, düzlük və doğruluq, insanın mənəvi aləmi, həyatdakı uğursuzluqlar təsvir olunmuşdur.
Qayğıkeş və mehriban müəllim İsmayıl Şıxlının özünəməxsus kompozisiyası olan dəyərli “Namus qaçağı” əsəri Azərbaycan ədəbiyyatında mühüm ədəbi mövqeyə sahibdir. Müəllif tərəfindən əsərdə bir-birindən maraqlı, yaddaqalan, kamil obrazlar yaradılmışdır. Tənqidçilər tərəfindən yüksək dəyərləndirilən əsər o dövrün mürəkkəb tarixi şəraiti haqqında aydın bədii təsəvvür yaradır. Yazıçının “Namus qaçağı” əsəri müxtəlif taleli, müxtəlif təbiətli, müxtəlif dünya duyumlu obrazların zənginliyi baxımından olduqca qiymətlidir. Əsərdə milli mentalitet, vətənin azadlığı, müstəqillik duyğusu, millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyət, milli əxlaqın gənc nəslə düzgün ötürülməsi, mənəvi-ictimai problemlər, mühitdəki eybəcərliklər, milli hiss və Vətən sevgisi kimi məsələlər təsvir obyektidir. Görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlı “Namus qaçağı” əsəri vasitəsilə milli xüsusiyyətləri, milli keyfiyyətləri, milli ruhun adət-ənənələrini Azərbaycan ədəbiyyatında yaşatmağa nail olmuşdur. Belə ki, əsərdə milli ideyaların təlqin və təbliği olduqca güclüdür.
Ədibin “Namus qaçağı” əsərini yazmasındakı əsas səbəb vətənpərvərlik duyğularını, vətəndaşlıq qürurunu ədəbiyyat vasitəsilə qorumaqdır. Əsərdə xalq yaddaşı və xalq ruhu güclüdür. Əsər hekayə janrında qələmə alınıb və süjet xətti el-oba üçün evindən-ailəsindən didərgin düşmüş qaçaqların həyatından bəhs edir. Əsərin baş qəhrəmanlarından biri olan dağda-daşda qaçaqlıq edən qaçaq Süleyman kasıb nəslə mənsub olsa da heç kimin qabağında əyilməyən, kişinin birinci qorumalı xüsusiyyətinin namusu olduğu fikrində olan bir şəxs idi. Qaçaq Süleyman el-obasının qız və gəlinlərinin namusunu öz namusu bilib, namusa toxunmağı bağışlanması mümkün olmayan bir günah sayırdı. Əsərdə qaçaq Süleymanın qaçaq düşməmişdən əvvəlki həyatı təsvir olunaraq, bildirilir ki, kənddə yenicə yaranmış komsomola katib seçilən Süleyman kəndlərində komsomola tabe olmayan Əbdülrəhman adında bir bəyin oğlanları ilə birlikdə sürgün olunmasından sonra qızlarının Keçəl Xondulu tərəfindən namuslarının ləkələndiyini görəndə beyni uğuldayıb, gözləri qan canağına dönüb, naqanını çıxardıb, Keçəl Xondunu öldürüb, elin namusunu təmizləyir. Bu hadisədən sonra Süleyman qaçaq düşməyə məcbur qalır. Əsərdə Süleyman obrazı elin namusunu qorumağı özünə şərəf borcu bilən şəxs kimi təqdim olunmuşdur. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində tezliklə toyu olacaq İlyasın nişanlısına göz dikən binamus Rəşidi məhz el namusunu qoruyan qaçaq Süleyman vasitəsilə cəzalandırır. Rəşidin el namusunu ləkələmək fikrinə düşdüyünü onun öz dilindən öyrənən qaçaq Süleyman bu səhvi ona bağışlamayaraq, qarlı bir gündə buz bağlamış çayda onu çimməyə məcbur edərək, ölümcül dərəcədə sətəlcəm olaraq, ölməsinə qərar verir. Nişanlı bir qızın namusuna göz dikən Rəşid çox güclü sətəlcəm olaraq, evində ölür. Ədib arxalı koxalılar tayfasına mənsub olan Rəşidin ölümü ilə İlyasın sevgilisi ilə qovuşub, toyunun olmasının təsvirini eyni gündə verərkən, çox güclü bədii təzad yaratmışdır. Həyətin birində toy, şənlik, digərində isə yas, qəm-qüssə təsvir olunaraq, xeyirin şər üzərindəki layiqli qələbəsi oxucuya çatdırılmışdır. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində İlyasın toyunun hazırlıq mərhələsini təsvir edərkən, keçmişdəki toy məslislərinin bədii portretini təsvir etmişdir. “Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun. Zurnaçılar çoxdan hazır idilər. Dəfçi dəfini qurudur, zurnaçı ilə züyçü zurnaları qoşalaşdırırdılar. Qız-gəlinlər boğçadakı paltarlarını çıxardıb ora-burasını sığallayır, donların, koftaların qırışını açır, bəzənib-düzənir, qaşlarına, gözlərinə sığal verib, tellərini bururdular. Qış aylarında səhərəcən toyda qoşa-qoşa oynamaq bu kəndin adəti idi. Göyə fişəng atar, gecə lopa işığında gəlin gətirərdilər”.
İsmayıl Şıxlı “Namus qaçağı” əsərində bir sıra keçmiş adət-ənənələri yaşatmaq və unudulmağa qoymamaq üçün qələmə alır. İlyasın nişanlısı Zöhrə ilə bulaq üstündə görüşən zaman İlyasın ondan su istəməsi, dolçadakı suyu yarıya qədər içib, qalanını Zöhrənin yalın ayağına tökməsi, oğlanın qıza sevgi etirafı idi. Ədib əsərdə dədə-babadan qalma adətləri yaşatmaq üçün onları kiçik epizodik təsvirlərlə olsa belə əsərinə daxil edir. Ayağına su tökülən qızın hirslənməməsi, başını aşağı salıb qızarması onu göstərirdi ki, onun da ürəyi oğlanı tutub. Əsərdə təsvir olunan digər bir qədim adət isə elçi düşülməmişdən əvvəl qızın toyda bəyin bacısı tərəfindən oynadılması və rəqs zamanı kəlağayısının ucuna pul düyünləmək idi. Bu qızı bəlləmək demək idi. Əgər qız dartınsa, pulu açıb atsa, demək razı deyil. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində milli əxlaq, tarixi-etnik yaddaş, milli özünüdərk kimi konseptual məna daşıyıcılarını ön planda təqdim etmişdir. Əsər vasitəsilə milli özünüifadə, milli özünüdərk uğrunda mücadilə ədəbiyyatda genişləndirilmişdir. Ədib inam və etiqadla yaşayan, namus və qeyrətlə ömür sürməyi seçən, vətən və millət naminə qurbana çevrilən insanların həyatını yüksək qiymətləndirərək, əsərində təsvir obyektinə çevirmişdir. Yazıçı əsərdə milli əxlaq normasının pozulmasına qətiyyən icazə verməyən el namusunu qoruyan qaçaqların prototipini yaratmışdır.
İsmayıl Şıxlını “Namus qaçağı” əsəri özünün yığcamlığı, dilinin obrazlılığı, rəvanlığı, təsvirlərinin əlvanlığı ilə ədibin ən dəyərli əsərlərindəndir. Bu əsər yazıçının nəsrinin gücünü özündə ehtiva edə bilir. Yazıçı əsəri ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya malik əsər yaratmışdır. Əsər Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından olduqca qiymətlidir və Azərbaycan nəsrinin zənginləşməsinə xidmət edir.
Həcər Atakişiyeva

Oxşar məqalələr