AXTAR

Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət-müsahibə

Pashinyanin kreslosu laxlayir


“Ermənistanın siyasi kələfi getdikcə daha çox dolaşır”.


Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov “Cümhuriyət”-ə açıqlamasında deyib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müstəqil olmaq istəyir, amma bunun üçün nə siyasi, nə mənəvi, nə də iqtisadi resursları var:
“Bu səbəbdən onun rəhbərlik etdiyi ölkədəki dayaqları gündən-günə zəifləyir. Beynəlxalq Qallup Assosiasiyası (Gallup International Association) araşdırma təşkilatının Ermənistan bölməsinin bu il aprelin 11-dən mayın 2-dək apardığı son rəy sorğusunun nəticələri bu fikri təsdiqləyir. Çünki hakim “Vətəndaş Müqaviləsi” Partiyasının reytinqi getdikcə daha da zəifləyir. Sorğunun nəticələrindən görünür ki, hakim partiya cəmi 11,8 % səs toplayıb.
Düzdür, bu rəqəm sorğuda ən yüksək nəticə hesab edilir. Amma nəzərə alınsa ki, bu gün ölkədə hakim partiya ilə tərəfdaşlıq etmək istəyən siyasi qüvvə yoxdur, onda müxalif qüvvələrin koalisiyası qarşısında onun təklənəcəyi ehtimalı böyükdür. Sorğuda ikinci yeri keçmiş prezident Robert Köçəryanın liderlik etdiyi müxalif “Ermənistan” bloku tutub. Blok sorğuda 8% səs toplamaqla bundan əvvəlki nəticəsini birdən-birə 3,3% artırıb”.
Ekspert qeyd edib ki, bu tendensiya getdikcə güclənəcək:
“Çünki ABŞ-nin yeni administrasiyası Ermənistana maliyyə yardımını dayandırdığından Qərbpərəst hakim partiyanın iqtisadi manevrləri yaratdığı illüziyalar səngiyib. Təbii ki, seçicilər üçün ən cəlbedici təbliğat hökumətin sosial-iqtisadi fəaliyyətidir.
İdarəetmədə bu istiqamət zəiflədikcə seçici fəallığı da azalır. İş o yerə çatıb ki, “Vətəndaş Müqaviləsi” Partiyasının yeganə siyasi müttəfiqi olan Respublika Partiyası cəmi 1,9 faiz səs toplayıb. Bu isə siyasi təşkilatlar arasında ən aşağı nəticədir. Bütövlükdə nəticələri qruplaşdırsaq, müxalif qüvvələr 20,1 faiz, hakim qüvvələr isə 13,7 faiz səsə iddialıdırlar. Hər halda sorğunun nəticələri bunu diktə edir”.
Onun sözlərinə görə, Paşinyanın karyerasının tənəzzül dövrünə qədəm qoyduğu aydın görünür:
“Paşinyanın əsas opponenti Rusiyapərəst qüvvələrdir. Bu çevrədə iki məqam diqqəti cəlb edir. Bunlar ABŞ-nin simasında Qərbin Ermənistana marağının səngiməsi və buna görə Rusiyanın nəzarəti altında “5-ci kolon”un ruhlanması prosesidir.
Qərb ermənilərin ondan umduğunu verə bilmədi. Rusiyaya meyillilik könülsüz olsa da, ermənilər əlacsızlıqdan buna getməlidirlər. Nə qədər ki, Rusiyanın Ermənistanda hərbi bazası var, vəziyyət bu cür də qalacaq. İndi Paşinyan dalanda dirənib qalıb və çıxış yolu yalnız geriyədir”.
Novruz Novruzov hesab edir ki, belə davam edəcəyi təqdirdə, gələn ilin yayında keçiriləcək parlament seçkilərində Paşinyanın partiyasının məğlubiyyəti labüd olacaq:
“Bütün işlərində “haynan gəlib, vaynan gedən” ermənilər, daha konkret desək, Ermənistanın hazırkı hakimiyyət güruhu demokratiyadan dəm vura-vura seçicilərin gözünü qorxutmaqla onları öz arzularının alətinə çevirmək istəyir. Bu işdə heç nəyə görə vətəndaşları günahlandırmaq, onlara cinayət işi açmaqla qarmağa keçirmək erməni ictimaiyyətində adi hala çevrilib.
Məsələn, bugünlərdə Kotayk şəhərinin 34 yaşlı qadın sakini Nikol Paşinyanın hansısa saytda dərc olunmuş şəkli altında şərh yazdığına görə onu polis idarəsinə istintaqa çağırıblar. Bu cür tryuklar seçicilərin gözünü qorxutmağa hesablanıb. Təsadüfi deyil ki, rəy sorğusunda seçicilərin 23,7 %-i seçkilərdə iştirak etməyəcəyini bildirib.
Hakim partiyanın da istədiyi budur. Çünki seçicilərin məntəqələrə gəlməməsi saxtakarlıq üçün fürsət yaradır. Cənubi Qafqazda gözü olan Fransa kimi ölkələr Paşinyanın, yaxud onun partiyasının hakimiyyətdə qalması üçün səy göstərə, Paşinyanın tərəfdaş axtarışına da qoşula bilər. Ola bilər ki, bu, Respublika Partiyasının güclənməsinə təsir göstərsin. Lakin beynəlxalq münasibətlər müstəvisində Fransanın regionun siyasi mənzərəsinə inamlı təsiri inandırıcı deyil.
“Məcburən Qərb” və ya “Rusiya” seçimində Paşinyanın qarşısında ən məqbul olan 3-cü istiqamətdir. Bu da Azərbaycanla sülh müqaviləsi bağlamaqla regionun super dövlətləri ilə münasibətlərdə əməkdaşlığa nail olmaqdır”.
Həmsöhbətimiz onu da əlavə edib ki, gündəmin əsas məsələlərindən biri də seçkilər zamanı Ermənistanda hakimiyyət böhranının olub-olmamasıdır:
“Azərbaycan Ermənistanın işğalçı qoşunlarını öz ərazisindən qovub Qarabağı işğaldan azad edən vaxtdan İrəvanda hakimiyyət böhranı başlayıb və davam edir. İndi bunun kəskinləşərək hakimiyyət dəyişikliyinin baş verməsi ehtimalı var. Bu ölkədə Rusiya hərbi bazasının olması və müqavilə ilə 2045-ci ilə qədər hüquqi sənədlə orada qalması Ermənistan hakimiyyətini barometridir. İstənilən vaxt siyasi gərginlik, yaxud silahlı müdaxilə ilə hakimiyyət dəyişikliyi baş verə bilər.
Lakin Paşinyanın partiyasının reytinqinin aşağı düşməsinə rəğmən, onun koalisiya quracağını zənn etmirəm. Çünki indiki şəraitdə kimsə onunla koalisiyaya getməz. Yalnız seçkilər ərəfəsində belə bir hal baş verə bilər, o da hansısa şərtlərə görə. Yəni, Paşinyanın ölkədə təkbaşına söz sahibi olması tarixə qovuşa bilər”.
Elmir Mustafa
"Cebheinfo.az"

Oxşar məqalələr