AXTAR

Xankəndidən dünyaya göndərilən mesaj

ilham qarabag ubiversitet
Prezident İlham Əliyev 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin açılış mərasimindəki çıxışında deyib: “Bizim müharibəmiz azadlıq müharibəsi idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir”. Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenlik günündə dövlət başçısının səsləndirdiyi bu fikirlər olduqca aktualdır. Çünki, ölkəmizin 20 faizə qədər ərazisinin uzun müddət işğal altında qalmasının əsas səbəblərindən biri də bu amillərdir.
Qərbdə İslam dünyasının zəiflədilməsi üçün ən müxtəlif ssenarilər həyata keçirilir, yeni planlar cızılır. İslamofobiya ötən əsrin 90-cı illərindən etibarən Qərbdə yaranmağa başlayıb. Bunu sübut edən xeyli faktlar var. Həmin dövrdə tanınmış müəllif Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” kitabı əsasında ABŞ-ın yaratdığı doktrina bu işdə başlıca rol oynadı. Qərbdə müsəlman ölkələri anlayışı altında bütün ərəb, fars, türk və digər xalqları təşkil edən, milyarddan artıq əhali nəzərdə tutulurdu.
Müsəlmanlığın yayıldığı böyük ərazilər təbii ehtiyatlarla zəngin bölgələrdir. İslam dini yayıldığı vaxtlar bu zənginlik barədə məlumatlar həm az idi, həm də elmin səviyyəsi bunları görməyə imkan vermirdi. Sonralar tədricən təbii resurslar üzə çıxdıqca və Qərb ölkələrinin təbii ehtiyatları tükəndikcə həris gözlər Şərqə və bilavasitə İslamın yayıldığı ərazilərə dikildi. Bu da yeni müharibələr üçün əsaslı səbəb idi. Və uzun əsrlər boyu Qərb Şərqi talan və istismar etdi.
İndi zaman dəyişib. İslam ölkələri XX əsrin ortalarından etibarən öz təbii ehtiyatlarına sahib çıxmağa başlayıb. Konkret olaraq öz ölkəmizi misal çəkə bilərik. Müstəqillik illərinə qədər Azərbaycan öz neftinin və qazının, qiymətli balıq ehtiyatının və digər sərvətlərinin tam sahibi idimi? Xaricə satılan neft pullarından Bakıya qəpik-quruş çatır, əsas gəliri Moskva mənimsəyirdi. Amma indi ölkəmiz qısa müddət ərzində inanılmaz şəkildə yaxşılığa doğru dəyişib. Təbii ki, bu inkişafda təbii sərvətlərimizin sahibinə çevrilməyimiz başlıca səbəblərdəndir. Eynilə, digər müsəlman ölkələri də öz təbii ehtiyatlarının sahiblərinə çevrildikcə daha çox müstəqil olur və öz inkişaflarının qayğısına qalmağa başlayırlar. Bu isə Qərbə həm siyasi, həm iqtisadi, həm də ideoloji cəhətdən sərf etmir. Bu səbəbdən baş verənlər hamıya məlumdur.
Diqqətlə təhlil olunsa, indi Qərbdə İslamofobiyanın təsiri ilə əks proses gedir. Avropa ölkələrində və ABŞ-da daxili çətinliklər və problemlər sürətlə üzə çıxır. Bunlar sadəcə, gündəlik problem deyil. Uzun müddət sarsıntılar yaradacaq fəlakətlərdir. Avropada yeni müharibələr başlaya və bəşəriyyətin əldə etdiyi dəyərlər məhv edilə bilər. Bu təhlükəli prosеsin qarşısı yalnız İslam ideologiyasının gücü ilə alına bilər. Bu fikir təbliğat deyil, yalnız Quranın orijinalında təbliğ olunan sülh sxemidir. Çünki, İslam- sevgi, şəfqət, sülh, qardaşlıq, sənət, mədəniyyət, müasirlik, təmizlik, nəciblik kimi ən inkişaf etmiş və ən keyfiyyətli həyat səviyyəsini və ən üstün əxlaqi xüsusiyyətləri müdafiə edir.
Qarabağın işğaldan azad edilməsi uğrunda Azərbaycanın apardığı mübarizə beynəlxalq siyasətdə daim ikili standartlarla qarşılaşırdı. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına qarşı 1975-ci ildə qəbul edilmiş Helsinki yekun aktında yer almış “sərhədlərin toxunulmazlığı prinsipi” haqda həmişə ağız dolusu danışan bir çox Qərb ölkələri Azərbaycana gəldikdə münasibətlərini dəyişirdilər. Onlar bunu xalqların öz müqəddəratını təyinetmə hüququ adlandırırdılar. Məgər hərbi təcavüzlə öz müqəddəratını təyinetmə mümkündürmü? Bu, absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıq idi.
Avropa İttifaqında bu işin başında Almaniya və Fransa dururdu. İşğal dövründə Fransanın 9 şəhəri “DQR” adlanan saxta respublikanın şəhərləri ilə “qardaşlıq” müqaviləsi imzalamışdı. İşğal bölgəsi adından ermənilər Almaniyada konsertlər təşkil edirdilər. Bu faktlar onu göstərir ki, Qərbin demokratiyası və qanunsevərliyi sadəcə, sözdən başqa bir şey deyil. Həm də bu hərəkətləri təhlilin süzgəcindən keçirəndə açıq görünür ki, tək Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da Avropada, xüsusilə də Almaniyada qərəzli siyasət və münasibət hökm sürür
Ermənistanın torpaqlarımızı ilhaq etməsi, Avropa ölkələrinin də daxil olduğu Qərbin bu işdə Azərbaycana təzyiqlərini unutmaq olmaz. Nə üçün bu fakta görə Avropa İttifaqı işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etmədi? Niyə Aİ “ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə” hüququ barədə yarıtmaz bir ideyanı ortaya atıb oyun oynadı? Məqsəd aydındır: regionda özlərinə əlaltı olan ikinci bir erməni dövləti yaratmaq, həm də türk-müsəlman dövlətinin ərazisində. Bir miyon azərbaycanlı qaçqın-köçkünün taleyi avropalıların heç vecinə də deyildı Hətta BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün nəinki addım atılmadı, sadəcə bunu yaddan çıxarmağa çalışdılar. Azərbaycanın mükəmməl siyasəti ilə
Qərbin iç üzü sürətlə açıldı. Belə ki, süni əngəllərlə tarixin gedişini saxlamaq mümkün deyil. Hələ nə bir dövlət, nə də dövlət başçısı tarixin çarxını döndərməyə nail olub. Azərbaycan bayrağı Xankəndi şəhərində dalğalandığı gün işğalçılar və onların havadarları üçün dünya “Dantenin cəhənnəmi”nə çevrildi.
Bu gün Qarabağın tarixi şəhəri olan Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir. Universitetin tələbələri ölkəmizin və dünyanın ən yeni tarixini ləyaqətlə öyrənəcək, baş verən hadisələrin mahiyyətini dəqiqliklə araşdıracaq və Azərbaycan elminə yeni töhfələr verəcəklər.

Novruz Novruzov

AzVP Siyasi Şurasının sədri

Oxşar məqalələr