Əhməd bəy Ağaoğlu yaradıcılığında ədəbi tənqid məsələləri

axmed bey agaoqlu

Əhməd bəy Ağaoğlu XIX əsrin sonu və XX əsrin birinci yarısını əhatə edən dövrdə formalaşmış Azərbaycan ictimai-siyasi fikrini formalaşdıran böyük mütəfəkkirlərdən biri olmuşdur. Hərtərəfli dünyagörüşünə sahib olan Ə. Ağaoğlu Azərbaycan və Türkiyə dövlətlərinin ictimai-siyasi tarixində də xüsusi yeri olan dövlət xadimi kimi bilinir. O, çoxcəhətli və zəngin yaradıcılıq yolu keçmiş ədib, filosof, ictimai xadim, mübarizəsindən dönməz inqilabçı, siyasətçi, jurnalist, pedaqoq, hüquqşünas, şərqşünas alim, yazıçı, türkoloq, qələmi kəskin tənqidçi, ədəbiyyatşünas olmuşdur. Görkəmli yazıçı qiymətli ədəbi-elmi irsi ilə XX əsrdə Azərbaycan mühacirət ədəbiyyatının, həmçinin, ədəbi-bədii və elmi nəzəri fikrinin inkişafında xüsusi rol oynamışdır.
Ədəbi tənqid də bir janr kimi Əhməd bəy Ağaoğlunun yaradıcılığının böyük və mühüm sahəsini təşkil etmişdir. Əhməd bəy Ağaoğlunun yaradıcılığının bütün dövrlərində ədəbi tənqid məsələləri onu maraqlandıran problemlərdən olmuşdur. Əhməd bəy Azərbaycan ədəbiyyatından başlayaraq ədəbiyyatın bir çox janrlarını, dünya ədəbiyyatı klassiklərinin yaradıcılığını məqalələrində təhlil etmiş, yeri gəldikdə janrlar və ya yazıçıların əsərləri arasında paralellər aparmışdır. Əhməd bəy Ağaoğlunun Azərbaycan ədəbiyyatı, tənqidi, dini dünyagörüşünün formalaşması üçün gördüyü işlər bugün də aktualdır və dəyərlidir. Əhməd bəy Ağaoğlu ədəbiyyatın ən qədim dövrlərindən başlayaraq tədqiqi və təbliği ilə məşğul olmuşdur. Yaradıcılığı dövründə yazdığı ədəbi-tənqidi məqalə və elmi əsərlərin təhlilləri olduqca qiymətlidir.
Dövrünün ən mühüm ictimai-siyasi, ədəbi-mədəni hadisə və problemləri, Azərbaycan və dünya ədəbiyyatında yazılmış əsərlər, həmçinin ədibin yaşadığı dövrdə yazılan əsərlər onun elmi və ədəbi-tənqidi əsərlərində, məqalələrində özünə yer tapmışdır.
Əhməd bəy Ağaoğlu yaradıcılığında dəyərli məxəzlərdən olan ədəbi-tənqidi irsin Azərbaycan ədəbiyyatı tarixində oynadığı yeri və rolu müəyyənləşdirməkdən ibarətdir. Ə.Ağaoğlunun məqalə, məruzə, şərh, icmal, məktub və s. janrlarda qələmə aldığı ədəbi-tənqidi xəzinəsini araşdıraraq onların sənətkarlıq xüsusiyyətlərini müəyyənləşdirmək ədəbiyyatşünasların daim diqqət mərkəzlərində olmuşdur. Əhməd bəyin “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi mətbu orqanlarında çap edilən əsərlərinin ədəbiyyat tarixinin öyrənilməsində müstəsna rolu olmuşdur. Ədibin dünya dinlərinə münasibətini və dini dünyagörüşünü onun yaradıcılığındakı kulturoloji fikir tariximizi müəyyənləşdirməklə nail olmaq olar. Ədibin özünün də yaradıcılığında tez-tez müraciət etdiyi tarixi-müqayisəli metod tədqiqatçılar tərəfindən onun yaradıcılığının öyrənilməsində ən çox istifadə olunan metoddur. Ağaoğlu irsi dərindən araşdırılmış, əlyazmalarına müraciət olunmuş, ədəbi tənqidlə bağlı yazıları müqayisəli şəkildə tədqiq edilmişdir. Azərbaycan ədəbiyyatında Ağaoğlu yaradıcılığının tədqiq edilməsi daim vacib məsələlərdən olmuşdur. Onun ədəbi tənqidlə bağlı məsələləri araşdırması, o dövr tariximiz, həyatımızla bağlı mühüm faktların ortaya qoyulması deməkdir. Ədibin əsərlərinin vasitəsilə Azərbaycanın hansı məhrumiyyətlərlə, problemlərlə üzləşib, onlarla mübarizə aparıb bu günə gəldiyinin şahidi ola bilərik. Əhməd bəy Ağaoğlunun yaradıcılığında dini dünyagörüşü və kulturoloji düşüncələr məsələsi olduqca aktual bir mövzudur. Belə ki, müəllifin mövqeyinin ədəbiyyatşünaslıqda geniş yayılmış bir konsepsiya yarada bilməsini onun yaradıcılığına əsaslanaraq, araşdırmaq üçün bu məsələni bilmək olduqca vacibdir. Əhməd bəy Ağaoğlunun dini dünyagörüşünü və kulturoloji düşüncələrini onun yazmış olduğu nəsr əsərlərində açıq bir şəkildə görmək olur. Əhməd bəyin əsərləri vasitəsilə gələcək nəsillərə ötürdüyü dünyagörüşünü və kulturoloji düşüncələri tarixi hadisələr və problemlər baxımından da çox dəyərlidir. Əhməd bəy əsərlərində tarixi hadisələri, sənədləri, tarixi gərçəklikləri təhrif etmədən tarixdə qalan hadisələrə özünəməxsus bir şəkildə öz mövqeyini bildirmişdir. Bu mövqe bizə onun dini dünyagörüşünü və kulturoloji düşüncələrini meydana çıxarmaqda çox kömək olur. İslamda qadına verilən dəyərlərin ədəbiyyatdakı əhəmiyyəti, tarixi spesifik xüsusiyyətləri Əhməd bəyin yaradıcılığından gətirilən nümunələr vasitəsilə sistemləşdirilmişdir. Əhməd bəyin yaradıcılığının bir qismi uzaq tarixi keçmişin, bir qismi isə yaxın tarixi keçmişin nümunələrini özündə əks etdirir. Ədibin əsərlərini bütünlüklə tarixi əsərlər kimi dəyərləndirmək düzgün deyildir. Lakin Əhməd bəy Ağaoğlunun dini dünyagörüşünü və kulturoloji düşüncələrini müəyyən etməkdə bu tarixi vacib amillərin çox böyük xidmətləri olmuşdur. İslamda qadına verilən dəyərlərin Əhməd bəyin yaradıcılığında bitkin bir şəkildə işlənməsi öz əksini tapmışdır. Bununla yanaşı, İslamdan öncəki dövrdə və İslamda qadınların hüquq və vəzifələri, eyni zamanda kişinin qadın qarşısında daşıdığı vəzifələr Əhməd bəyin “İslama görə və islamiyyətdə qadın” əsəri əsasında sistemləşdirilmişdir. Ədib bu mövzunu dövrün ziddiyyətli problemlərini nəzərə alaraq, öz düşüncələrini keçmiş tarixi hadisələrin timsalında oxucuya çatdırmışdır. Əhməd bəy “İslama görə və islamiyyətdə qadın” əsərində yaşamaq hüququ, cəmiyyətdə iştirak etmək hüququ, ayrıseçkiliyə məruz qalmamaq hüququ, seçmək və seçilmək hüququ, təhsil hüququ, iqtisadi müstəqillik hüququ, xərclərini tələb etmək hüququ, nikahda sərbəstlik hüququ, miras hüququ, eyni haqq və cəzanın verilməsi kimi məsələlər araşdırılmışdır.
Əhməd bəy Ağaoğlunun yaradıcılığı vasitəsilə onun kulturoloji fikirlərində Azərbaycan xalqının Qərb mədəniyyətinə meyillənməsinə üstünlük verdiyini açıq bir şəkildə görürük. Ə.Ağaoğlu yaradıcılığında mədəniyyət vasitəsilə dünyada qələbə qazanmağın mümkünlüyü fikrini dəstəkləmişdir. Şərq mədəniyyətinin və Budda-Brahma mədəniyyətinin bütün dünyaya hakim olan Qərb mədəniyyətinə məğlub olduğu fikrində olmuşdur. Ümumiyyətlə, Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixindəki yeri danılmazdır. Ə.Ağaoğlunun dünyagörüşü və kulturoloji fikri dövrün ziddiyyətləri ilə əlaqədar olaraq, mürəkkəbdir. O, mədəniyyət və maarif anlayışlarının ayrılmazlığını öz əsərlərində dönə-dönə vurğulayırdı və mədəniyyəti “Yaxşıları özündə birləşdir” prinsipində görürdü.
Azərbaycan ədəbiyyatşünaslığında Əhməd bəy Ağaoğlunun dünya dinlərinə münasibətinə tam aydınlıq gətirilmişdir. Əhməd bəyin dünya dinlərinə öz yaradıcılığında obyektiv münasibət göstərməsi, yaradıcılığında bu tarazlığı qoruyub saxlaya bilməsi onun əsərlərindən gətirilən faktlar vasitəsilə əsaslandırılmışdır. Əhməd bəy Ağaoğlu əsərləri vasitəsilə İslam və Xristianlığı müqayisəli şəkildə təhlil etmişdir.
Əhməd bəy Ağaoğlunun yaradıcılığı vasitəsilə onun kulturoloji fikirlərində Qərb mədəniyyətinə bu qədər çox meyilli olmasının səbəbini aydın bir şəkildə görürük. O bu fikirdə idi, çünki Qərb mədəniyyətini qalib mədəniyyət hesab edirdi. Ədib Qərb mədəniyyətinin başqa mədəniyyətlər üzərində qələbə qazanmasını çox böyük yazıçı istedadı və məharəti ilə oxucuya çatdırmağı bacarırdı. İslamda qadına verilən dəyərlərin Əhməd bəyin yaradıcılığında öz əksini tapması vasitəsilə onun qadınlara, onların hüquq və vəzifələrinə qarşı fikirləri və həssaslığı öz əksini tapır. Əhməd bəyin “İslama görə və islamiyyətdə qadın” əsəri onun qadınlara qarşı olan fikrinin sistemləşdirilmiş yekun nəticəsidir. Əhməd bəy Ağaoğlunun dünya dinlərinə münasibətini təhlil edərək belə bir nəticəyə gəlinir ki, Əhməd bəyin dünya dinlərinə münasibəti tamamilə obyektivdir. O bu fikirlərində də tarazlığı qoruyub saxlamağa nail ola bilmişdir. Əhməd bəy Ağaoğlu istər İslam dini olsun, istərsə də, Xristian dini o, saf və təmiz fikrə, düşüncəyə sahib ola bilməyin insan üçün vacib olması fikrində idi. Əhməd bəy Ağaoğlunun yaradıcılığında ədəbiyyat problemləri məsələsinədə çox geniş yer verilmişdir. Ədib haqqında yazılan əsərlərdə onun Qərb ədəbiyyatını öz yaradıcılığında təhlil etməsi, dünya klassiklərinin yaradıcılığı ilə bağlı fikirləri əsas götürülmüşdür. Əhməd bəy yaradıcılığının böyük bir qismini Qərb ədiblərinin yaradıcılığına həsr etmişdir. Onun yaradıcılığında Qərb ədiblərini təhlil etməsi və gəldiyi nəticə əsərlərindən gətirilən vacib ünsürlər ilə sübut olunur. Əhməd bəyin Qərb meyilli olması və Qərbdə ədəbiyyatın gücü haqqındakı araşdırmaları əsərləri vasitəsilə tədqiq olunmuşdur. Müəllifin tarixi real şəxsiyyətləri və onların yaradıcılığını ümumiləşdirmə vasitəsilə öz yaradıcılığında tədqiqata cəlb etməsi və dünya klassiklərinin yaradıcılıq xüsusiyyətlərinə həm tarixi, həm də qeyri-tarixi cəhətdən yanaşmaq Əhməd bəyin qələmi üçün xarakterik idi. Əhməd bəy Ağaoğlunun Qərb ədəbiyyatının hər dövr üçün aktual ola biləcək istedadlı nümayəndələrinin və orijinal, zəngin əsərlərinin olduğunu bildirirdi. Əhməd bəy Qərb ədibləri olan Lavellenin, Edel de Merilinin, E.Renanın, F.Mişelinin, Şekspirin, Volterin, Leybnitsinin, Dantenin yaradıcılıqlarına xüsusi bir diqqətlə yanaşmışdır. Onların müəllifliyini böyük bəşəri ideyalar uğrunda mübarizə aparmağa layiq kimi qiymətləndirmişdir. Əhməd bəy rus ədibləri olan Tolstoy, Dostoyevski, Qorki kimilərin yaradıcılığını ideya baxıxımdan ən üst səviyyədə olan kimi dəyərləndirirdi. Puşkinin, Qorkinin, Lermontovun, Qoqolun, Dobrolyubovun, Turgenevin, Tolstoyun rus ədəbiyyatı üçün etdiklərini çox qiymətli hesab edirdi. Əhməd bəy Puşkini Rusiyanı olduğu kimi təsvir etdiyinə, həyatı və mühiti bütün gerçəkliyi ilə təsvir etdiyinə görə alqışlayırdı. Onun yaradıcılığının seçilmiş cümlələr ilə zəngin olduğu nəticəsinə gəlirdi. Əhməd bəy Ağaoğlu bu fikirdə idi ki, Lermontov, Qoqol, Turgenev belə təbiət təsvirləri yaratmaqda mahirdirlər. O yazırdı ki, Lermontov, Puşkin, Tolstoy Qafqazın, Krımın bədii dillə təsvirini oxucunun gözləri qarşısında elə canlandırırdılar ki, heç vaxt Qafqazda və Krımda olmayan oxucu belə Qafqaziyanın səmalarını, Qafqaz dağlarının uca zirvələrini, Krımın sahillərini gedib öz gözləri ilə görmüş kimi olurdu. Əhməd bəy Ağaoğlunun Şekspir, Milton, Lokk, Spenser, Gete, Şiller, Kant, Hegel, Molyer, Volter, Jan Jak Russo, Viktor Hüqo, Dante, Makfavell, Bruno, Puşkin, Lermontov, Tolstoy və s. kimi ədiblər haqqındakı fikirləri onun yaradıcılığından gətirilən nümunələr ilə əsaslandırılmışdır.
Ə.Ağaoğlunun Şərq ədəbiyyatına münasibətini əsərlərində rast gəlinən nümunələr ilə əsaslandırılıb və izah olunmuşdur. Onun Şərq klassikləri olan N.Tusi, Ş.Sədi, Hafiz, M.C.Rumi, Siseron, Platon, Nizami, Füzuli haqqındakı fikirləri geniş bir şəkildə dövrü ab-havanı nəzərə alaraq, müəllifin mövqeyinə aydınlıq gətirilmişdir. Əhməd bəyin Azərbaycan ədəbiyyatının nümayəndələri olan Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi ədiblərinə qarşı fikirləri əsərlərində öz əksini tapmış və ədibin fikirlərinin açılmasında mühüm rol oynamışdır.
Ə.Ağaoğlunun yaradıcılığında dünya klassiklərinə ayırdığı diqqət dövrün tələblərini nəzərə alaraq, hərtərəfli tədqiqatlara cəlb olunmuşdur. Əhməd bəyin Qərb ədəbiyyatına dair araşdırmaları onun əsərlərindən gətirilən nümunələr vasitəsilə əsaslandırılmışdır. Xalqının mənəvi dəyərlərinə sahib çıxması, keçmişini daim təbliğ etməsi, haqsızlığa qarşı mübarizə aparması, humanizm və tolerantlıq hisslərini ön plana çəkməsi Əhməd bəyin yaradıcılığı üçün daim ön planda olmuşdur.
Əhməd bəy Ağaoğlu dini dünyagörüşünü və kulturoloji düşüncələrini sənətkar bacarığı ilə öz əsərləri vasitəsilə müasir dövrümüzə qədər çatdırmağa nail ola bilmişdir. Onun mövqeyi, araşdırmaları hadisə və problem əks etdirmə baxımından daim müasirliyini qoruyub, saxlaya bilmişdir. Onun yaradıcılığında dünya klassiklərinə ayırdığı diqqət dövrün tələblərini nəzərə alaraq, hərtərəfli tədqiqata cəlb olunmuşdur. Əhməd bəyin Qərb ədəbiyyatına dair araşdırmaları onun əsərlərindən gətirilən nümunələr vasitəsilə əsaslandırılmışdır.

Həcər Atakişiyeva

İsmayıl Şıxlının “Namus qaçağı” əsərində milli dəyərlər

namus qacaqı
Filosof şair, mütəfəkkir dramaturq İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. Xalq yazıçısı, alim-müəllim, millət vəkili olmuş İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ictimai fəaliyyət göstərən böyük insan, istedadlı yazıçı, gözəl natiq-pedaqoq, alovlu vətənpərvər-soydaş olan İsmayıl Şıxlı “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri qəbristanda basdırın” hekayələri ilə milli ədəbiyyatımızın inkişafına çox böyük dəyər qatmışdır. Qüdrətli nasir, müdrik dramaturq İsmayıl Şıxlının “Namus qaçağı” əsəri Azərbaycan ədəbiyyatında dəyərli nümunələrdəndir. Əsərdə insan qəlbinin ağrı-acıları, insan həyatının çətinlikləri, insan hiss və duyğuları, insan psixologiyasının nüansları, düşmənə nifrət, yaşamaq istəyi, həyat eşqi, toy və yas evinin əhvali-ruhiyyəsi, ölüm-dirim mübarizəsi, insanın iradəsi və həyat eşqi motivləri təbii və real cizgilərlə təsvir olunmuşdur. Əsərin dili mükəmməlliyi, yığcamlığı, obrazlılığı, rəvanlığı, təsvir əlvanlığı ilə olduqca qiymətlidir.
“Namus qaçağı” əsərində lirik münasibətlər xətti qabarıq təsvir olunmuşdur. Əsərdə qəhrəmanlarının mənəvi-əxlaqi aləmləri real həyati-ədəbi üslub vasitəsilə təsvir olunub. İsmayıl Şıxlının “Namus qaçağı” əsərinin konflikt və ziddiyyəti kimi insan təbiətindəki naqislik, dünya malına tamah, düzlük və doğruluq, insanın mənəvi aləmi, həyatdakı uğursuzluqlar təsvir olunmuşdur.
Qayğıkeş və mehriban müəllim İsmayıl Şıxlının özünəməxsus kompozisiyası olan dəyərli “Namus qaçağı” əsəri Azərbaycan ədəbiyyatında mühüm ədəbi mövqeyə sahibdir. Müəllif tərəfindən əsərdə bir-birindən maraqlı, yaddaqalan, kamil obrazlar yaradılmışdır. Tənqidçilər tərəfindən yüksək dəyərləndirilən əsər o dövrün mürəkkəb tarixi şəraiti haqqında aydın bədii təsəvvür yaradır. Yazıçının “Namus qaçağı” əsəri müxtəlif taleli, müxtəlif təbiətli, müxtəlif dünya duyumlu obrazların zənginliyi baxımından olduqca qiymətlidir. Əsərdə milli mentalitet, vətənin azadlığı, müstəqillik duyğusu, millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyət, milli əxlaqın gənc nəslə düzgün ötürülməsi, mənəvi-ictimai problemlər, mühitdəki eybəcərliklər, milli hiss və Vətən sevgisi kimi məsələlər təsvir obyektidir. Görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlı “Namus qaçağı” əsəri vasitəsilə milli xüsusiyyətləri, milli keyfiyyətləri, milli ruhun adət-ənənələrini Azərbaycan ədəbiyyatında yaşatmağa nail olmuşdur. Belə ki, əsərdə milli ideyaların təlqin və təbliği olduqca güclüdür.
Ədibin “Namus qaçağı” əsərini yazmasındakı əsas səbəb vətənpərvərlik duyğularını, vətəndaşlıq qürurunu ədəbiyyat vasitəsilə qorumaqdır. Əsərdə xalq yaddaşı və xalq ruhu güclüdür. Əsər hekayə janrında qələmə alınıb və süjet xətti el-oba üçün evindən-ailəsindən didərgin düşmüş qaçaqların həyatından bəhs edir. Əsərin baş qəhrəmanlarından biri olan dağda-daşda qaçaqlıq edən qaçaq Süleyman kasıb nəslə mənsub olsa da heç kimin qabağında əyilməyən, kişinin birinci qorumalı xüsusiyyətinin namusu olduğu fikrində olan bir şəxs idi. Qaçaq Süleyman el-obasının qız və gəlinlərinin namusunu öz namusu bilib, namusa toxunmağı bağışlanması mümkün olmayan bir günah sayırdı. Əsərdə qaçaq Süleymanın qaçaq düşməmişdən əvvəlki həyatı təsvir olunaraq, bildirilir ki, kənddə yenicə yaranmış komsomola katib seçilən Süleyman kəndlərində komsomola tabe olmayan Əbdülrəhman adında bir bəyin oğlanları ilə birlikdə sürgün olunmasından sonra qızlarının Keçəl Xondulu tərəfindən namuslarının ləkələndiyini görəndə beyni uğuldayıb, gözləri qan canağına dönüb, naqanını çıxardıb, Keçəl Xondunu öldürüb, elin namusunu təmizləyir. Bu hadisədən sonra Süleyman qaçaq düşməyə məcbur qalır. Əsərdə Süleyman obrazı elin namusunu qorumağı özünə şərəf borcu bilən şəxs kimi təqdim olunmuşdur. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində tezliklə toyu olacaq İlyasın nişanlısına göz dikən binamus Rəşidi məhz el namusunu qoruyan qaçaq Süleyman vasitəsilə cəzalandırır. Rəşidin el namusunu ləkələmək fikrinə düşdüyünü onun öz dilindən öyrənən qaçaq Süleyman bu səhvi ona bağışlamayaraq, qarlı bir gündə buz bağlamış çayda onu çimməyə məcbur edərək, ölümcül dərəcədə sətəlcəm olaraq, ölməsinə qərar verir. Nişanlı bir qızın namusuna göz dikən Rəşid çox güclü sətəlcəm olaraq, evində ölür. Ədib arxalı koxalılar tayfasına mənsub olan Rəşidin ölümü ilə İlyasın sevgilisi ilə qovuşub, toyunun olmasının təsvirini eyni gündə verərkən, çox güclü bədii təzad yaratmışdır. Həyətin birində toy, şənlik, digərində isə yas, qəm-qüssə təsvir olunaraq, xeyirin şər üzərindəki layiqli qələbəsi oxucuya çatdırılmışdır. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində İlyasın toyunun hazırlıq mərhələsini təsvir edərkən, keçmişdəki toy məslislərinin bədii portretini təsvir etmişdir. “Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun. Zurnaçılar çoxdan hazır idilər. Dəfçi dəfini qurudur, zurnaçı ilə züyçü zurnaları qoşalaşdırırdılar. Qız-gəlinlər boğçadakı paltarlarını çıxardıb ora-burasını sığallayır, donların, koftaların qırışını açır, bəzənib-düzənir, qaşlarına, gözlərinə sığal verib, tellərini bururdular. Qış aylarında səhərəcən toyda qoşa-qoşa oynamaq bu kəndin adəti idi. Göyə fişəng atar, gecə lopa işığında gəlin gətirərdilər”.
İsmayıl Şıxlı “Namus qaçağı” əsərində bir sıra keçmiş adət-ənənələri yaşatmaq və unudulmağa qoymamaq üçün qələmə alır. İlyasın nişanlısı Zöhrə ilə bulaq üstündə görüşən zaman İlyasın ondan su istəməsi, dolçadakı suyu yarıya qədər içib, qalanını Zöhrənin yalın ayağına tökməsi, oğlanın qıza sevgi etirafı idi. Ədib əsərdə dədə-babadan qalma adətləri yaşatmaq üçün onları kiçik epizodik təsvirlərlə olsa belə əsərinə daxil edir. Ayağına su tökülən qızın hirslənməməsi, başını aşağı salıb qızarması onu göstərirdi ki, onun da ürəyi oğlanı tutub. Əsərdə təsvir olunan digər bir qədim adət isə elçi düşülməmişdən əvvəl qızın toyda bəyin bacısı tərəfindən oynadılması və rəqs zamanı kəlağayısının ucuna pul düyünləmək idi. Bu qızı bəlləmək demək idi. Əgər qız dartınsa, pulu açıb atsa, demək razı deyil. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində milli əxlaq, tarixi-etnik yaddaş, milli özünüdərk kimi konseptual məna daşıyıcılarını ön planda təqdim etmişdir. Əsər vasitəsilə milli özünüifadə, milli özünüdərk uğrunda mücadilə ədəbiyyatda genişləndirilmişdir. Ədib inam və etiqadla yaşayan, namus və qeyrətlə ömür sürməyi seçən, vətən və millət naminə qurbana çevrilən insanların həyatını yüksək qiymətləndirərək, əsərində təsvir obyektinə çevirmişdir. Yazıçı əsərdə milli əxlaq normasının pozulmasına qətiyyən icazə verməyən el namusunu qoruyan qaçaqların prototipini yaratmışdır.
İsmayıl Şıxlını “Namus qaçağı” əsəri özünün yığcamlığı, dilinin obrazlılığı, rəvanlığı, təsvirlərinin əlvanlığı ilə ədibin ən dəyərli əsərlərindəndir. Bu əsər yazıçının nəsrinin gücünü özündə ehtiva edə bilir. Yazıçı əsəri ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya malik əsər yaratmışdır. Əsər Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından olduqca qiymətlidir və Azərbaycan nəsrinin zənginləşməsinə xidmət edir.
Həcər Atakişiyeva

Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi

edine fethi
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi. Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır. Ədibin müstəqillik dövrünün elmi düşüncəsi ilə qələmə aldığı "Ulduz" və "Ədirnə fəthi" əsərləri onun türkçülük ideyalarını yüksək səviyyədə estetik cəhətdən təcəssüm etdirmişdir. Dramaturq "Ədirnə fəthi" əsərində islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan biri olduğunu sübut etmişdir. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri səhnədə oynanılan zaman tamaşanı seyr edən Nuri Paşa əsəri olduqca yüksək qiymətləndirir. Bu baş vermiş tarixi görüş gənc yazıçı, dramaturq C.Cabbarlının yaradılığına verilən ən böyük dəyərlərdən biri idi. Cəfər Cabbarlı 1917-ci ildə yazdığı "Ədirnə fəthi" əsərində türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasının, türkün tarixi taleyinin bədii təsvirini əks etdirmişdir. "Ədirnə fəthi" əsərində Bizans imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi uğrunda olan mübarizə və Osmanlı qoşunlarının qələbəsi, millətin vətən-torpaq uğrunda apardığı böyük çətinliklər müəllif qələminin gücü ilə oxucuya çatdırılmışdır. "Ədirnə fəthi" əsərində Türk dünyasının Avropa dünyası ilə apardığı qanlı mübarizələr ədibin Türk millətinə, tarixinə qarşı olan həqiqəti və sonsuz məhəbbəti ilə təsvir olunmuşdur. Əsərin qəhrəmanları vətən torpaqlarını bütün güc və qüvvətləri ilə müdafiə edən şəxslər idi. Əsərdə Türklərin milli və dini hisləri ilə bərabər inancları da təsvir obyektinə çevrilmişdir. Türkçü olan Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri dramaturqun türkçülük ideallarına həsr olunmuşdur. Belə ki, əsərdə dövrün çox mühüm ictimai-siyasi hadisələri C.Cabbarlının böyük yaradıcılığı vasitəsilə qələmə alınmışdır. Ədib əsərdə sübut edir ki, Ədirnənin fəthinin yolu nə qədər çətin və ziddiyyətli olsa da, Türk milləti buna yüksəliş və tərəqqi yolu ilə nail olmuşdur. Dramaturq türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələri, türk məişətini, türk qəhrəmanlığını və şücaətini, türklərin mübarizə dolu tarixini yaradıcı münasibətlə yanaşaraq, dolğun əsər yaratmışdır. Ədib əsərdə qəhrəmanların xarakterlərindəki ziddiyyətli məqamları müharibənin dağıdıcı və fəlakətli gücü ilə balanslaşdırmışdır. Əsərdə itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadət göstərən düşmənə qarşı qəzəbli türk xalqı təsvir olunmuşdur. Əsərin çox böyük uğur qazanmasının başlıca səbəblərindən biri də o idi ki, faciədə milli və dini inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasını təşkil edirdi. Dramaturq əsərdə qadın fədakarlığını və qəhrəmanlığını Zöhrə və İnci kimi obrazların simasında canlandırmışdır. Belə ki, bu qəhrəman Türk qadınları хəstəхanalarda fədakarlıqla mübarizə aparırdılar. Ədib “Ədirnə fəthi” əsərində türkçülük ideallarına heyranlığını baris şəkildə göstərirdi. Dramaturq “Ədirnə fəthi” əsərini milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə qələmə almışdır. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdə göstərdikləri şücaət əsərin əsasını təşkil edir. Ədib əsəri ömrünün gənclik çağında (18 yaşında) yazmışdır. Əsərin məğzi türklərin Ədirnə torpaqları uğrunda qəhrəmanlıq və rəşadətlə apardıqları vətənpərvərlik hərəkatıdır. Dramaturq “Ədirnə fəthi” əsərində Ədirnə küçələrinin, geniş hərb səhnələrinin təsvirinə geniş yer verməmişdir. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrin geniş təsviri ilə yanaşı tibb bacısı Zöhrə və gənc zabit Rüfətin məhəbbəti də təsvir olunmuşdur. Hər iki gənc bir-birini saf məhəbbətlə sevirdilər. Ədib əsərdə bu saf məhəbbətə qarşı olacaq yeganə bir qüvvə kimi ancaq vətən eşqini təsvir edir. Belə ki, hər iki gənc öz sevgilərindən yalnız Ədirnənin azadlığı yolunda keçə bilərdilər. Tibb bacısı Zöhrə və gənc zabit Rüfət vətən məhəbbətilə Vətən uğrunda çalışan igid vətən övladları idilər. Onlar millət, vətən mənafеyi uyğunda ölümə getməyə hazır olan gənclər idilər. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində vətən müharibəsi üçün canını fəda еdən belə gənclərin obrazını yaratmaqla ədəbiyyatı zənginləşdirmişdir. Gənclər vətən yolunda töküləcək hər bir qətrə qanları ilə fəxr edirdilər. Hər bir türk vətən uğrunda öldürülən türklərin intiqamını almaq üçün çalışırdı və bunun üçün də yaşayırdı. Ədib əsərdə müharibələri pisləyərək, bildirirdi ki, bütün fəlakətlərə səbəb olan müharibə igid oğulları qıran, anaları balasız, qızları qardaşsız, oğulları atasız qoyan bir məfhumdur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində tarixi şəxsiyyətlər olan Mustafa Kemal Atatürkün və Ənvər paşanın prototipini yaratmışdır. Əsərdə Ənvər paşanın xalqa müraciətlə dediyi sözlər insanlar arasında himn kimi səslənir. “Qardaşlar! Еy bir kaç ailədən ibarət ufacıq bir əşirətdən qocaman Türkiyə hökmranlığını yaradan Sultan Osmanın balaları, bu gün bütün Türkiyənin səcdəgahı olan Ədirnə düşmənlərin kobud çarıqlarının altında əzilməkdədir. Məsum türk qızlarının namusu düşmənlər ayağında tapdanmaqdadır. Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri Sultan Səlim minarələrində ürəkləri dəlməkdə ikən, siz hələ “Sülhmü еdəlim”, “Hərbmi еdəlim” – dеyə düşünürsünüz. Əcəba, qanınız dondumu? Еy səfalət uçurumu qarşısında özlərini itirən qafillər! Ləkələnmiş namusilə dünya üzərində yaşamağa da həyatmı dеyirsiniz? Хayır, namuslu bir türk bunu qəbul еdəməz. Mən böylə həyatı istəməm, bu gün bütün Türkiyə əsgərləri adından dеyirəm: Ölümündən qorхanlar namussuzdurlar, еvlərinə girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər, son fərdimiz qalanadək hərb еdəcəyik. Ədirnəni gеri almayınca, silahımızdan ayrılmayacağıq və bütün dünyaya bildirməliyik ki, türk gənclərinin, türk qızlarının, türk əsgərlərinin ürəyində bir “idеal”, dilində bir söz vardır: Ya şərəfli bir ölüm və ya dəyərli bir həyat”! Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində Türk xalqının şərəfli yaşamağını və şərəfli ölümünü qələmə almışdır. Osmanlılar öz şərəflərini, namuslarını və torpaqlarını qorumaq naminə hərb etməyə məcbur olunmuşdular. Bunun üçün də Ədirnəni alıncaya qədər igid əsgərlər son nəfəslərinədək düşmənlə pəncələşmək məcburiyyətində idilər. Dramaturq “Ədirnə fəthi” əsərində Türk gənclərinin, iхtiyarlarının, əsgərlərinin, qızlarının, qadınlarının, uşaqlarının vətən yolunda birlikdə şərəflə apardıqları mübarizəni təsvir etmişdir. Canını, malını Vətən və millət uğrunda fəda еtməyə hazır olan Türk xalqı əsər boyunca bir an olsa belə, düşmənə təslim olmadı. Uşaqdan iхtiyarlara və qızdan iхtiyar qadınlara qədər, bütün Türkiyə silaha sarılmış, dayanmadan vətən üçün mübarizə aparırdı. İgid Türk xalqı Ədirnə uğrunda apardıqları müharibəni yalnız tapdanmış namuslarını düşmən ayaqlarında əzilməkdən xilas olmaqdan ötrü edirdilər. Çünki Türk xalqının damarlarınında axan türk qanı donmamış, o qan rəzalət qəbul еdə bilməzdi. Bütün türklərin düşmənə qarşı boyun əyməsinə yol vеrməyən o mübarək Türk qanı sayəsində Ədirnə fəth olunur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində bütün Türk xalqının şanlı əcdadının köməyinə yetdiyini qeyd edirdi. Şanlı Türk xalqının bacı və anaları əllərində Quran, bütün türklük üçün dua edirdi, hətta göylərdəki bütün mələklər belə Ədirnənin müqəddəs torpaqlarının azadlığı üçün Allaha yalvarırdı. Şanlı Türk xalqının tək istəyi Ədirnə üzərində Osmanlı hilalını görmək idi. Ədib Şanlı Türk xalqının bu qələbə əzminin mənbəyi kimi Ədirnənin müqəddəs torpaqları altında yatan türk qəhrəmanlarını qeyd edirdi. Şanlı türk övladları heç vaxt icazə verə bilməzdilər ki, müqəddəs Ədirnə torpaqları düşmən ayağı altında tapdalansın. Türk xalqı Şərq günəşinin hərarətli qoynunda bəslənən, azad Asiyanın istiqanlı, igid övladlarıdırlar. Dramaturq “Ədirnə fəthi” əsərində Türk millətinin qəlbində olan həqiqi vətən sevgisini elə aydın, rəvan şəkildə oxucuya çatdırmışdır ki, əsərin əvvəlindən oxucunun heç bir şübhəsi yox idi ki, Ədirnə şanlı Türk ordusu tərəfindən fəth olunacaqdır. Əsərdə Türk xalqının Ənvər bəy kimi igidlərə vətən və millət müdafiəsini tapşırdıqları üçün rahatlıqları öz əksini tapmışdır. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərinin sonu bir-birinə sədaqətlə bağlı olan Zöhrə və Rüfətin qovuşmasının və Ədirnənin şanlı Türk ordusu tərəfindən fəth olunmasının təsviri ilə bitir. Əsər tarixi faktları əks etdirməsi baxımından bütün Türk ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Həcər Atakişiyeva

Məhəmmədəmin Rəsulzadənin redaktorluq fəaliyyəti, publisistikası, Məhəmmədəmin Rəsulzadə (surəti) bədii ədəbiyyatda

rasulzade

Məhəmməd Əmin Rəsulzadə bütün türk dünyasının dəyərli oğlu, Azərbaycan xalqının
fəxri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, başçısı, siyasi və dövlət xadimi,
ədəbiyyatşünası, dahi mütəfəkkiridir. M.Ə.Rəsulzadənin yaradıcılığı onun dünyagörüşü,
ictimai-siyasi, fəlsəfi və milli ideoloji fikiri haqqında olduqca geniş ətraflı məlumat verir.
Onun Azərbaycan xalqının sosial-siyasi və fəlsəfi fikir tarixində özünəməxsus yeri və rolu
vardır. M.Ə.Rəsulzadənin həyatına baxış edərkən, onun dövlətçiliyə baxışlarını və bu
sahədəki fəaliyyətini yüksək qiymətləndirməmək mümkün deyildir. Azərbaycanın görkəmli
ictimai-siyasi xadiminin, istedadlı aliminin, mütəfəkkirinin, publisistinin, Azərbaycan Xalq
Cümhuriyyətinin yaradıcısının həyatı və sosial-siyasi ideyaları daim tədqiqatçıların diqqət
mərkəzində olmuşdur. Onun sosial-siyasi və mənəvi-mədəni problemlərə həsr olunmuş
əsərləri görkəmli dövlət xadiminin mənəvi irsini geniş şəkildə əks etdirir.
M.Ə.Rəsulzadənin həyatı, siyasi baxışları, dövlətçiliyə dair milli və siyasi fikirləri,
publisistikası, elmi-fəlsəfi, etik, estetik düşüncələri onun yaradıcılığının bilavasitə
zənginliyinin səbəbidir. Məhəmmədəmin Rəsulzadənin dövlətçilik baxışları və fəaliyyəti
araşdırılarkən, onun irsinin XX əsrin əvvəllərində baş verən bir çox mühüm sosial-siyasi
hadisələrin təhlilini verdiyi bir çox araşdırılmalar və tədqiqatlarla sübut olunmuşdur.
M.Ə.Rəsulzadənin yaşadığı dövr, sosial -siyasi və ideoloji hadisələrlə zəngin idi.
M.Ə.Rəsulzadənin şəxsiyyətinin lazımınca öyrənilməsində onun öz əsərlərinin rolu
əvəzedilməzdir. Dahi mütəfəkkirin həyata baxışını və dövlətçilik fəaliyyəti haqqındakı
fikirlərini onun «İran türkləri», «Səadəti -bəşər», «Tənqidi-firqeyi-etidaliyyun», «Milli
dirilik», «Cəmaət idarəsi», «Əsrimizin Səyavuşu», «Azərbaycan Cümhuriyyəti», «İstiqlal
məfkurəsi və gənclik», «Millət və Bolşevizm», «Azərbaycan istiqlaliyyəti», «Çağdaş
Azərbaycan tarixi», «Çağdaş Azərbaycan ədəbiyyatı», «Qafqaz türkləri», «Qafqaz problemi
ilə əlaqədar olaraq panturanizm haqqında», «Azərbaycan problemi», «Bolşeviklərin Şərq
siyasəti», «Azərbaycanın kültür gələnəkləri», «Stalinlə ixtilal xatirələri», «Azərbaycan şairi
Nizami», «Milli təsanüd» əsərlərindən tədqiq etmək mümkündür. M.Ə.Rəsulzadənin
publisistik fəaliyyəti «Şərqi-Rus», «İrşad», «Təkamül», «Yoldaş», «Tərəqqi», «İqbal»,
«Bəsirət», «Şəlalə», «Dirilik», «Açıq söz», «Azərbaycan» (Bakı), «İrani-no» (Tehran),

«Yeni Qafqasiya», «Azəri Türk», «Odlu yurd», «Bildiriş», «Azərbaycan Yurd Bilgisi»
(İstanbul), «İstiqlal», «Qurtuluş» (Berlin), «Azərbaycan» (Ankara) və b. qəzet və
jurnallarla bağlı olmuşdur. Bu qəzet və jurnallarda nəşr olunan məqalələrdə daim
Azərbaycandakı milli-ideoloji və elmi-fəlsəfi, sosial-mədəni həyata dair mülahizələr öz
əksini tapmışdır. M.Ə.Rəsulzadə türk millətinin milli-ideoloji və elmi-fəlsəfi
dünyagörüşünə dair fikirlərini, eləcə də islamçılıq - şərqçilik, qərbçilik - avropaçılıq və
türkçülük - milliyyətçilik dünyagörüşlərini bu qəzet və jurnallarda nəşr etdirmişdir. Dahi
mütəfəkkirin publisistikasının əsasını dövlətin birliyi, Turan ideyası prinsipləri, şərqçilik –
islamçılıq, adət-ənənələrə bağlılıq, mühafizəkarlıq təşkil edirdi. Azərbaycan ictimai-siyasi
tarixinin görkəmli şəxsiyyəti M.Ə.Rəsulzadənin yaradıcılığının əsasını onun pedaqoji
fikirləri, milliliyə, varisliyə, xəlqiliyə, müasirliyə əsaslanan maarifçi ideyaları təşkil edirdi.
M.Ə.Rəsulzadənin yaradıcılığının konsepsiyasının əsası millətinin öz tarixini bilməsindən,
xalqın maariflənməsindən və humanist və demokratik prinsiplərlə yaşamasından ibarət idi.
M.Ə. Rəsulzadə dünya tarixində Azərbaycan Cümhuriyyətinin qurucusu, lideri, böyük
dövlət xadimi kimi tanınır. O, şanlı Azərbaycanı, xalqımızı, millətimizi, müzəffər
ordumuzu sonsuz məhəbbətlə sevirdi. Dahi mütəfəkkirin ömrü, taleyi, həyatı şanlı, qürurlu
millətimizə və dövlətimizə həsr olunmuşdur. O, vətəni və milləti üçün gərəkli, vacib və
əhəmiyyətli olan bir çox işlər görmüşdür. M.Ə. Rəsulzadənin Cümhuriyyət və mühacirət
dövrü fəaliyyəti olduqca zəngindir. Onun bədii ədəbiyyatda bir tarixçi alim kimi, siyasət
adamı kimi surəti yaradılmışdır. M.Ə. Rəsulzadəyə həsr olunan bir çox uğurlu monoqrafiya
və kitablar nəşr olunmuşdur. Onun Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli rolu
olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin tarixində M.Ə. Rəsulzadənin rolu əvəzsizdir.
M.Ə.Rəsulzadə “İranda cümhuriyyət” məqaləsində İran mədəniyyətinin əslini belə izah
etmişdir. “Şərqin bütün böyük hökumət və mədəniyyətlərində əsil olduğu kibi, İran
mədəniyyətinin əslini də monarşi ümdəsi təşkil edər. İranın ən böyük abideyi-mədəniyyəti
“Şahnamədir”. Şahnaməyə hakim olan ruh, ismindən də bəlli olduğu kibi, şahpərəstlikdir.
Şahpərəstlik İran tarixinin ruhudur. Midiya sərdarı Artabanın yunanlı bir filosofa söylədiyi
söz, İran tarixinin hüdutu-əsliyyəsini təşkil eyləmişdir. Artaban demişdir ki: “Biz iranilər
padişahımızın əmirlərinə tabe olmağı sizin hürriyyət dediyiniz anarşiyə tərcih edəriz” [11,88].
Cümhuriyyət lideri olan M.Ə. Rəsulzadənin Azərbaycan ədəbiyyatında obrazı,
şəxsiyyəti, ictimai-siyasi, ədəbi-tarixi və çoxistiqamətli uğurlu fəaliyyətini təsvir edən sənət
nümunələri yaradılmışdır.
Məhəmmədəmin Rəsulzadənin həyata baxışı və dövlətçiliyə dair fikirləri onun
Azərbaycan milyonçusu H.Z.Tağıyevə həsr etdiyi “Hacı Zeynalabdin” məqaləsində öz əksini

tapmışdır. “Hacı cahanca məruf bir milyoner idi: Bakı milyonerləri meyanında ən məşhur bir
isim daşıyan bu adam ölürkən artıq milyoner deyildi. Azərbaycanı istila edən Rusiya
bolşevikləri hər kəs kibi onu da soymuş, soğana döndərmişlərdi. O, son günlərini Avropanın
hər hansı möhtəşəm qonaqlarına meydan oxuyacaq dərəcədə mükəlləf və müzəyyən olan
“sarayında” deyil, pək ucuz bir fıyatla kiraladığı müvəqqər bir odada keçirmişdir. Əvət,
bolşeviklər onun bütün varını almışdılar, qazandıqlarından kəndisinə bir şey
buraxmamışdılar. Fəqət onun, bolşeviklər də daxil olduğu halda, kimsə tərəfindən zəbt
olunamayacaq qazancları vardı. Bu qazanclardır ki, bizi onunla məşğul ediyor. Yoxsa onun
bir milyoner oluşu bizi pək o qədər də əlaqədar etməz. Məcmuəmizin təsis tarixindən bəri
ölən azərbaycanlı milyoner fəqət Tağıyev deyildir” [11,138].
Dahi Azərbaycan mütəfəkkiri M.Ə.Rəsulzadə xeyriyyəçi milyonçu H.Z.Tağıyevin
vətəninə, millətinə olan sevgisini, xeyirxahlığını yüksək qiymətləndirərək, ona həsr etdiyi
“Hacı Zeynalabdin” məqaləsində yazır: “Azərbaycan ürəfasının hər hansı təsəddüt-pərəstanə
təşəbbüsünün ən cəsur bir hamisi rolunu ifa edən Hacı salifüzzikr Darülmüəllimatı təsis
etməklə hürriyyəti-nisvan məsələsinin təməl daşını qoymuş, mutəəssiblərin küfr və
şetmlərinə baxmayaraq müsəlman qızların tərbiyəsinə mühüm bir vəsilə olmuşdur. İlk sənəi-
təsisində mütəəssib xalqın küfrünə məruz qalaraq tələbə bulmayan bu Darülmüəllimat on
sənə sonra kəndisinə hücum edən tələbatı qəbul edəməyəcək dərəcədə hüsni -qəbula məzhər
olmuş və Hacı ölmədən erkək cocuqlarla qız cocuqlarının da ibtidai məktəbə, təliyə və aliyeyi
doldurduqlarını görmüşdür. Azərbaycan ədəbiyyat, mətbuat və teatrosu da bu mütəşəbbis
adamın pək böyük yardımlarını görmüşdür. Bir çox müəlliflərin əsərlərini nəşr etdirdiyi kibi
bu möhtərəm zat mütəəddid qəzetə və məcmuələrin də sahib və naşiri olmuşdur. Topçubaşov
139Əli Mərdan bəyin idarəsində rusca “Kaspi”, Ağaoğlu Əhməd ilə Hüseynzadə Əli bəylərin
idarəsi ilə çıxan türkcə “Həyat”, mərhum Haşım bəy tərəfindən təhrir olunan “Yeni Həyat”
qəzetələri ilə yenə Hüseynzadə Əli bəyin qələm əsəri olan “Füyuzat” məcmuəsi kibi Rusiya
və Qafqasiya türklərinin siyasi və ictimai mənafelərini müdafiə, mənəvi və ədəbi ehtiyaclarını
təmin edən qəzetə və məcmuələr həp bu adamın himməti ilə təəssüs etmişdir” [11,139-140].
Azərbaycan ədəbiyyatında Nəsiman Yaqublu “Məmməd Əmin Rəsulzadə”, Vaqif
Sultanlı “Məhəmməd Əmin Rəsulzadənin ədəbi dünyası”, Elçin “Məmməd Əmin
Rəsulzadə”, Vaqif Sultanlı “Ağır yolun yolçusu. Məhəmməd Əmin Rəsulzadənin həyatı və
ədəbi fəaliyyəti”, Xaləddin İbrahimli “Azərbaycan Siyasi Mühacirəti”, Teyyub Qurban
“Dönməzlik”, Nəsiman Yaqublu “Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin
Rəsulzadə”, Axund Hacı Soltan Əlizadə “Məhəmməd Əmin Rəsulzadə və İslam: mülahizələr,
şərhlər” və s. kimi əsərlərdə M.Ə.Rəsulzadənin surəti yaradılmışdır.

Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” kitabında Fətəli xan Xoyski, Əlimərdan
bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məhəmməd Həsən Hacınski,
Məmməd Yusif Cəfərov, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, Aslan bəy Səfikürdski,
Səməd bəy Mehmandarov, Mustafa bəy Vəkilov, Xudadat bəy Rəfibəyli, Xəlil bəy
Xasməmmədov və s. kimi Cümhuriyyət qurucularınin həyat və yaradıcılıqlarını tədqiq
etmişdir. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” kitabında dahi Azərbaycan
mütəfəkkiri M.Ə.Rəsulzadənin fəaliyyətini belə dəyərləndirmişdir. “M.Ə.Rəsulzadə milli-
azadlıq ideyasını dünya mədəniyyəti baxımından əsaslandırırdı. Göstərirdi ki, dünya
mədəniyyətinin zənginliyi üçün ayrı-ayrı millətlər siyasi cəhətdən azad yaşamalı, biri
digərinə təzyiq etməməlidir. M. .Rəsulzadənin sonrakı ictimai-siyasi, publisist fəaliyyətində
“İqbal”, “Yeni İqbal” və “Açıq söz” qəzetinin böyük əhəmiyyəti olmuşdur. Bu qəzet
haqqında M. .Rəsulzadə yazırdı: “Açıq söz” ilk dəfə olaraq o vaxta qədər Qafqaziya
müsəlmanı və yaxud tatar deyilən xəlqin türk olduğunu sərahət və israrla meydana atmış və
bu xüsusda hərb senzoru ilə mübarizə etmək zərurətində qalmışdı”6. 1917-ci ilin 27
fevralında Rusiyada Fevral-Burjua inqilabının baş verməsi Azərbaycandakı ictimai-siyasi
proseslərə ciddi təsir göstərdi. Fevral inqilabından sonrakı ilk günlərdə Azərbaycanda
fəaliyyət göstərən təşkilatların mərkəzləşməsinə ehtiyac duyulurdu və bu məqsədlə 1917-ci
ilin martın 29-da Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi yaradıldı.
Müvəqqəti Komitənin sədri M.H.Hacınski, onun müavini isə M. .Rəsulzadə seçildi.
Müvəqqəti Komitə “bütün şəxsi incikliyi unudub milli-siyasi şüarlar ətrafında” birləşməyi və
Ümummüsəlman Qurultayı çağırılmasını vacib saydı. Qurultayın açılışı ərəfəsində “Açıq
söz” qəzeti yazırdı ki, bu qurultay Qafqaz müsəlmanlarının siyasi və milli mədəni inkişafında
mühüm rol oynayacaq” [7,13].

Həcər Atakişiyeva

Ədəbiyyat siyahısı:
1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-
2, B., 1998;
2. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
3. Məmmədzadə M.B., Milli Azərbaycan hərəkatı, Berlin, 1938, B., 1992;
4. Azərbaycanın Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920), B.,
1990;
5. İbrahimli X., Azərbaycan siyasi mühacirəti, B., 1996;

6. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001;
7. Nəsiman Yaqublu. CÜMHURİYYƏT QURUCULARI Bakı, “NURLAR” Nəşriyyat-
Poliqrafiya Mərkəzi, 2018, 504 səh.
8. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə, B., 1991;
9. Yaqublu N. Azərbaycanın milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rosulzadə,
B., 2001;
10. Oruclu M.R., Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti (1911-
1992), B., 2001;
11. Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar, B., 2005.
12. Məhəmməd Əmin Rəsulzadə. ƏSƏRLƏRİ (Mühacirət dövrü), 2-ci cild “Qanun”
nəşriyyatı, 2021, 680 səh.
13. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild, Bakı: Lider, 2005

Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri

mehemmed fizuli

Azərbaycan xalqının mütəfəkkir şairi, söz dünyasının sahilsiz ümmanı, türk, ərəb və
fars dillərində bənzərsiz bədii-fəlsəfi əsərlər yazanı, sağlığında Şərq ölkələrində böyük şöhrət
qazanan dahi şəxsiyyəti, ədəbi-fəlsəfi yaradıcılıq nümunələri müəllifi, qəsidələr, qəzəllər
ustadı, bəşəri və humanist ideyaların qoruyucusu, əbədiyaşar söz sənətkarı Məhəmməd Füzuli
Azərbaycanın görkəmli sənət nümayəndəsidir. Məhəmməd Füzuli bədii-ədəbi yaradıcılığı ilə
Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Mütəfəkkir şair fars dilində yazmasına
baxmayaraq, ana dilini - Azərbaycan türk dilini gözəl, lətafətli şeir nümunələri yazmaqla
zənginləşdirmişdir. Azərbaycan xalqının böyük şairi Füzuli bədii-estetik söz sənəti olan
ədəbiyyatı bütün türk dünyasında şərəfləndirmişdir. Məhəmməd Füzulinin bədii-ədəbi
yaradıcılığı nəinki Azərbaycanda, bütün dünya ədəbiyyatında məşhurdur. Məhəmməd Füzuli
yaradıcılığını üç dildə yazıb, yaradaraq Azərbaycan mədəniyyətinin əvəzsiz sərvəti etmişdir.
Ədib üç dildə “Divan” bağlayan təkrarsız istedada malik sənətkardır. Onun doğma ana
dilində, fars, ərəb dillərində olan bədii yaradıcılığı XVI əsr və ümumən Azərbaycan
ədəbiyyatının zirvəsidir. Məhəmməd Füzuli poeziyasının dili və üslubu öz zənginliyini,
istiqamətini, inkişaf xəttini, orijinalığını xalq dilinə bağlılığı ilə əldə etmişdir. Məhəmməd
Füzuli poeziyasının dili və üslubunu ana dilinin keşiyində durması daha da zənginləşdirərək,
zamanın hər cür təzyiqindən, sınağından çıxarıb dövrümüzə qədər yaşatmışdır.
Məhəmməd Füzuli poeziyasının ana xəttini Azərbaycan türk dilinin xəlqiliyi, milli
köklərindən, xalqın dilində əsrlərlə işlənib cilalanmış söz və ifadələr təşkil edir. Mütəfəkkir
şair milli ənənələrə köklənən üslubi orijinallıqları ilə seçilən bədii-ədəbi yaradıcılıq
nümunələrinin ən mükəmməllərini yaratmışdır. Məhəmməd Füzulinin poeziyasının dili
klassik Azərbaycan ədəbi dilinin ən mükəmməl nümunəsidir. Ədibin klassik Azərbaycan
ədəbi dilinin zənginləşməsində, XVI əsr Azərbaycan ədəbi dilinin inkişafında, poeziyanın
leksik və qrammatik norma cəhətindən araşdırılmasında, ədəbiyyatın məqsəd və vəzifələrinin
mükəmməlləşməsində çox böyük xidmətləri vardır. Məhəmməd Füzulinin poeziyasının dilini
tədqiqatçı dilçilər elmi - linqvistik baxımdan geniş bir şəkildə tədqiq etmişlər. Məhəmməd
Füzulinin poeziyasının özünəməxsus leksik özəllikləri, qədim türk dillərinin xüsusiyyətlərini
daşıması, Azərbaycan ədəbi dilinin digər klassiklərinin dil materialları ilə sübuta yetirilmiş
faktlardandır. Məhəmməd Füzulinin üslubu onun türkcə “Divan” da əsaslı şəkildə özünü
göstərir. Məhəmməd Füzulinin əsərləri özünün dil və üslub orijinallıqları ilə daim
seçilmişdir. Ədibin poeziyasının dilində xəlqi və milli mənbə kimi Azərbaycan xalq dili
əsasdır. Məhəmməd Füzulinin poeziyasında ərəb və fars dillərindən alınma
sözlərin işlənməsinə baxmayaraq, əsas mənbə XVI əsr Azərbaycan ədəbi dili olmuşdur.
Məhəmməd Füzulinin poeziyasının zəngin olmasının əsas səbəblərindən başlıcası odur ki,
şairin şeirlərində semantik söz qrupları olan – sinonimlərdən, antonimlərdən, omonimlərdən
geniş bir şəkildə istifadə olunmuşdur. Ədibin poeziyasının dili poetik-üslubi vasitələr,
linqvistik və üslubi-linqvistik metodlar ilə Azərbaycan türk ədəbi mühitinin əsaslı
araşdırılmasında mühüm rola malikdir. Ədibin poeziyasının dili və üslubu elmi yeniliklər,
linqvistik, müqayisəli – diaxronik tədqiqlər, elmi təhlillər, təsviri müqayisəllər mövzusu
olmuşdur. Məhəmməd Füzulinin poeziyası Azərbaycan dilinin, habelə türk dillərinin tarixi
leksikologiyasının, tarixi-müqayisəli leksikologiyasının, ümumən Azərbaycan ədəbi dili
tarixinin, dəqiq olaraq XVI əsr Azərbaycan ədəbi dili tarixinin, Azərbaycan dilinin tarixi
üslubiyyat məsələlərinin tədqiqində, öyrənilməsində elmi mənbə kimi istifadə olunmuşdur.
Məhəmməd Füzulinin bədii-ədəbi yaradıcılığı Azərbaycan ədəbi dilinin leksikologiyasının,

tarixi qrammatikasının, üslubiyyatının, bədii-estetik söz sənətinin inkişafında öz müsbət
təsirini göstərmişdir. Mütəfəkkir şairin poeziyasının dilində türk mənşəli Azərbaycan dili
sözləri ilə yanaşı, ərəb və fars dilindən alınmış ayrı-ayrı sözlər, eləcə də izafət
birləşmələrindən bədii ifadə vasitələri kimi geniş istifadə olunmuşdur. Ədib poeziyasının
dilində Azərbaycan xalq dilinə daxil olmuş, Azərbaycan türk xalqının mənimsədiyi,
Azərbaycan dilində vətəndaşlıq hüququ qazanmış ərəb və fars dilindən alınmış sözlərdən
daha çox faydalanmışdır. Ədib poeziyası vasitəsilə ədəbi-bədii dilimizi yüksəkliklərə
qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasının inkişafına qüvvətli
təsir etmişdir. Mütəfəkkir şair üç dildə - ana dili Azərbaycan türk dilində və ərəb, fars
dillərində şeir nümunələri yaratmışdır. O, yaradıcılığında ana dilində yazmağa üstünlük
vermişdir. Çünki, Azərbaycan dilinin məna zənginliklərinin, poetik imkanlarının
parlaqlığının və əlvanlığının fərqində idi. XVI əsr Azərbaycan ədəbi dilinin qoruyucusu olan
Füzulinin poeziyası onu Azərbaycan klassik poeziyasının zirvəsi, Azərbaycan xalq dilinin
yüksək səviyyədə qoruyucusu, təkrarsız bir ədibi etmişdir.
Məhəmməd Füzulinin poeziyasının dilinin və üslub mövzularının zəngin olmasında
Azərbaycan dilinin müstəsna rolu olmuşdur. Ədibin poeziyası ədəbi mədəniyyətin ən
mükəmməl nümunəsidir. Məhəmməd Füzulinin poeziyası Azərbaycan klassik poeziyasının,
xüsusən XVI əsr Azərbaycan ədəbi dilinin lirik-sentimental üslubunun zənginləşməsində və
formalaşmasında mühüm vasitə olmuşdur. Füzulinin poetik dilinin zənginliyi şairin bir alim
olaraq intellekt sahibi olmasının göstəricisidir. Onun poeziyası Zöhrə, Ülkər, Günəş, ay,
ulduz kimi planet və göy cisimlərinin adları, poetik bənzətmə vasitələri ilə olduqca zəngindir.
Məhəmməd Füzuli İraqda geniş türk mühitinin yetirməsi kimi həmin kontekstin dil-üslub
xüsusiyyətlərini yaşadan bir mütəfəkkirdir. Məhəmməd Füzulinin poeziyasının dili çox
zəngin olmasına və o dövrün hətta formal tələblərini belə gözləməsinə baxmayaraq, quruluş
və tərkib etibarilə çox sadə, aydın, ahəngdar və əlvandır. Onun şeirinin dili xalq ruhu, xalq
ifadə formaları ilə olduqca zəngindir. Azərbaycan ədəbi dilinin zənginləşməsində mühüm
xidmətləri olan, Azərbaycan ədəbi dili tarixində şeirin arxitektonikasına, melodikliyinə,
ahənginə xidmət edən şairin şeir dilində bədii təzadların əvəzedilməz rolu vardır. Füzulinin
poeziyasının gücü onda idi ki, o, Azərbaycan ədəbi dilinin inkişaf xəttinin əsas istiqamətlərini
ədəbi-bədii yaradıcılığında mükəmməl şəkildə əks etdirə bilirdi. Yüksək istedada malik şair
poeziyasında tənzimlənmiş, səlisləşmiş, normativləşmiş Azərbaycan xalq dilinin yüksək
səviyyəsindən istifadə edirdi. Onun əsərləri Azərbaycan ədəbi-bədii dilinin inkişafına rəvac
vermişdir. Məhəmməd Füzuli yaradıcılığında Azərbaycan türk dilinin milli, xəlqi zəminini
qoruyub-saxlamış və dilimizi dövrün əsas dilləri - ərəb və fars dilləri ilə canlı rəqabətə
qatmışdır. Azərbaycan türk dilinin bu rəqabətdən qalib çıxdığının sübutu Füzulinin
yaradıcılığı olmuşdur. Məhəmməd Füzulinin yaradıcılığının üstünlüyü onda idi ki, o, yaşadığı
və böyüdüyü mühitdə ərəb, fars dilləri ilə yanaşı, Azərbaycan türk dilini də, ana dili olaraq,
incəliklərinə qədər mənimsəyə bilirdi. Buna görə də ədib Ana dili olan Azərbaycan türk
dilində gözəl, bəlağətli, rişələrinə qədər milli, xəlqi, nümunəvi bir ədəbi dil örnəyi yaratmağa
nail ola bilmişdir. Məhəmməd Füzulinin yaradıcılığının əsas hissəsini Azərbaycan
türk dili sözləri təşkil edir. O, yaradıcılığında Azərbaycan dilinin müxtəlif məqamlarından –
məhəbbət leksikasından, somatik leksikadan, onomastik leksikadan, təbiət leksikası – bitki və
çiçək adlarından – fitonimlərdən, astronomik leksikadan –kosmonimlərdən, dini leksikadan,
eləcə də bu gün Azərbaycan ədəbi (rəsmi) dilində passiv və məhdud dairədə işlənən nisbi
arxaizmlərdən geniş bir şəkildə istifadə etmişdir. Ədib Azərbaycan xalqının böyük və ölməz
şairidir. Onun poeziyasının leksikonunun əsasını sədaqət, etibar, səmimiyyət semantikalı
sözlər təşkil edir. Biz XVI əsr Azərbaycan ədəbi dilinin əhatə dairəsinin genişliyi haqqında
Məhəmməd Füzulinin yaradıcılığı vasitəsilə dolğun məlumat ala bilirik. Ədib yaradıcılığı
vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirməyə nail olmuşdur. O, poeziyasında ərəb və
fars dili sözlərindən məharətlə istifadə etmişdir. Beləliklə də, Füzuli Azərbaycan klassik

şeirinin təkrarsız nümunələrini yaratmaqla Azərbaycan şeir sənətini klassik şeir səviyyəsinə
qaldırmışdır. Məhəmməd Füzulinin yaradıcılığında Azərbaycan dilinin daxili imkanlarından,
onların xalq dilində olan rəngarəng məna çalarlıqlarından, Azərbaycan dili sözlərinin zəngin
çoxmənalığından, eləcə də ümumxalq dilində özünə yer tapmış ərəb və fars dilli alınma
sözlərdən yerli-yerində məharətlə istifadə edərək, zəngin leksik-semantik söz qrupları
silsilələrini yaratmışdır. Onun qəzəllərində işlənən sinonimlər, omonimlər, poetik-üslubi
təzadlar, antitezaların yaranmasına xidmət edən bədii antonimlər öz orijinallıqları ilə
seçilirlər. Məhəmməd Füzulinin yaradıcılığı Azərbaycanının milli söz xəzinəsidir. Onun
qəzəllərinin dilinin zənginliyi, tutumlu bir leksikona malik olması Azərbaycan dilini
zənginləşdirən vasitə olmuşdur.
Məhəmməd Füzulinin yaradıcılığında söz yaradıcılığının üç növündən – leksik,
morfoloji və sintaktik növündən istifadə edərək, üç istiqamətdə Azərbaycan dilini
zənginləşdirmişdir. Şair bədii-estetik dühası ilə Azərbaycan ədəbiyyatını göylərə
yüksəltməyə nail olmuşdur. Bununla da, M.Füzuli böyük türk dünyasının nadir istedada
malik bir nəhəng şairi kimi şöhrətlənə bildi. O, Azərbaycan türk dilinin, XVI əsr və ümumən
Azərbaycan ədəbi dilinin bədii üslubunu inkişaf edirib, formalaşdırmışdır. Azərbaycan
ədəbiyyatında Füzulinin mövqeyi müqayisəedilməz dərəcədə böyükdür. Orta əsr Azərbaycan
ədəbiyyatı böyük söz ustadı Məhəmməd Füzulinin adı ilə bağlıdır. Məhəmməd Füzulinin
qələminin gücü ilə poeziyada yeni yüksəliş dalğası baş vermişdir. Ədib ədəbiyyatı ideya-
bədii xüsusiyyətləri ilə, irəliyə doğru inkişafa qüvvətləndirmişdir. Yüzilliklər keçsə də,
klassik ədəbiyyat Məhəmməd Füzuli orbiti ətrafında daim fırlanmaqdadır. Azərbaycan dilinin
ədəbi dil kimi inkişafında Məhəmməd Füzulinin yaradıcılığı böyük rol oynamışdır. Ədib
dilimizdə gözəl sənət nümunələri yaratmışdır. Şair bütün yaradıcılığı boyu bu ənənəyə sadiq
qalmış və dilimizin inkişafında böyük rol oynamışdır. Poeziyamızın ədəbi dilinin inkişafında
şairin rolu danılmazdır. Dilimiz məhz onun əsərlərində inkişaf etmiş, ədəbi dil səviyyəsinə
qalxmışdır. Anadilli ədəbiyyatımızın zənginləşməsində Məhəmməd Füzulinin yaradıcılığının
rolu olduqca böyükdür. Ədib Azərbaycan dilində gözəl sənət nümunələri yazmaq, bu dilə
məhəbbət yaratmaqda böyük qəhrəmanlıq göstərmişdir. Məhəmməd Füzuli öz doğma dilini
inkişaf etdirmiş, ən gözəl sənət əsərlərini məhz bu dildə yazmışdır. Dahi sənətkarımız ana
dilindən ilham almış, dünyaşöhrətli əsərlərini bu dildə yazmışdır. Məhəmməd Füzuli anadilli
əsərləri ilə Azərbaycan ədəbi dilinin yaradıcılarından biridir. Məhəmməd Füzuli əsərləri ilə
adını Azərbaycan ədəbiyyat tarixinə əbədi həkk etmişdir. Əsərləri ilə Azərbaycan
ədəbiyyatına xidmət edən M.Füzuli dilimizin ən yüksək zirvəsini fəth etmişdir. Məhəmməd
Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna xidmətləri olmuşdur.
Məhəmməd Füzuli yaradıcılığı ilə Yaxın və Orta Şərq ölkələrinin ədəbiyyatına mühüm təsir
göstərə bilən qüdrətli sənətkardır.

Məhəmməd Füzuli yaradıcılığında nəinki özünü türk adlandırır, hətta türk
dilinin təəssübünü çəkərək, öz doğma dili olaraq bu dildə ədəbiyyat yatarmağın vacibliyini də
irəli sürür. Aşağıdakı şeirində Azərbaycan dilini farsdilli ədəbiyyata qarşı qoyur. Ədibin istər
ərəb, istər fars, istərsə də türk dilində yazdığı möhtəşəm əsərlər onun şairlik istedadının
sübutudur.
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm, kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,
Əksərən əlfazi namərbutu nahəmvar olur.
Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,
Növbahar olğac tikəndən bərgi – gül izhar olur [4, 362].
Onun poeziyası hərtərəfliliyi ilə dahi mütəfəkkirin həyata, insana dərin məhəbbətini,
gözəllik duyğusunu, ülvi ideallara olan münasibətini, xoşbəxt yaşamağa çağıran bədii-fəlsəfi

irsisi əks etdirmişdir. Məhəmməd Füzuli yaradıcılığı vasitəsilə ülvi ideyalarını Azərbaycan
xalqının bəşəri mədəniyyət xəzinəsinə bəxş etmişdir. O, anadilli poeziyanın mükəmməl
nümunələrini yaratmış, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə
yüksəltmişdir. Dahi mütəfəkkir XVI əsr dilimizin inkişafı baxımından aktuallıq kəsb edən
məsələlərə diqqət yetirərək, dilimizin inkişafı istiqamətində böyük işlər görmüşdür. XVI
əsrdə Ana dilimiz Məhəmməd Füzulinin yaradıcılığı ilə Yaxın Şərq konteksində ən böyük
zirvəyə qalxır.
XVI əsrdə Anadilli poeziyamızın üslubunun rəngarəngliyi, zənginliyi, zirvədə
dayanması Məhəmməd Füzulinin adı ilə bağlı idi. Məhəmməd Füzulinin bir şair kimi qüdrəti,
bədii-poetik mərtəbəsi onun dilə münasibəti ilə ölçülür. Dahi mütəfəkkir yaradıcılığı ilə
Azərbaycan ədəbi dilinin yeni mərhələsini yaratdı. O, Azərbaycan ədəbi dilinin inkişaf
tarixində əlamətdar cəhətlərə malik xüsusi bir mərhələnin yaradıcısı oldu və onun yaradıcılığı
Azərbaycan ədəbi dilinin inkişaf tarixində feodalizm dövrünün ən yüksək zirvəsini təşkil
edən elə bir mərhələni təşkil etdi ki, bu mərhələdəki üslubu nəinki sonrakı mərhələlərdə, hətta
sonrakı dövrdə də uzun müddət dəyişdirmək mümkün olmadı. M.Füzuli yaradıcılığı onu
deməyə əsas verir ki, şair öz əsərlərində üsluba çox önəm vermişdir. O, üslub rəngarəngliyini
əsas götürərək, ümumxalq dilimizin bütün incəliklərindən məharətlə istifadə etmişdir.
Məhəmməd Füzulinin bir şair kimi qüdrəti onda idi ki, ədib əsərlərində üslub rəngarəngliyini
qorumaqla yanaşı, yazılı ədəbi dilimizin şifahi ədəbi dilə yaxınlaşmasında da böyük səylər
göstərmişdir. Məhz buna görə də, Məhəmməd Füzuli güclü söz hissi olan bir sənətkardır.
Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii dilinin inkişafında, klassik şeir üslubunun
yüksək zirvəyə qaldırılmasındakı böyük xidmətləri onu Anadilli poeziyamızın zirvəsi
etmişdir. XVI əsrdə Anadilli poeziyamızın üslubunun rəngarəngliyi və zənginliyinin
səbəblərindən ən əsası o idi ki, onun M.Füzuli yaradıcılığı vasitəsilə Azərbaycan sözlərinin
şeir dilinə gətirilməsi və əvvəlki mərhələdə ədəbi dildə işlənilən bir sıra ərəb-fars sözlərinin,
ifadələrinin azərbaycanca sözlərlə, ifadələrlə əvəz edilməsi və eyni zamanda, Azərbaycan dili
vahidlərinin zənginləşdirilməsində və aparıcılıq xüsusiyyətlərini gücləndirməsində böyük
xidmətlərindən biridir. Məhəmməd Füzuli öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb
proseslərinə baxmayaraq, türk dilini, Ana dilini yaşatmasından, onu yüksəklərə
qaldırmasından həmişə qürur duymuşdur. Dahi şairimiz Məhəmməd Füzuli əsərlərini Ana
dilimizdə yazdı və bu dilin üzərində dönə-dönə işlədi, işlədikcə də Ana dilimizi daha da
cilaladı. M.Füzuli yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatı və eləcə də Azərbaycan ədəbi
dili elə bir nüfuz qazandı ki, uzun zaman Füzulidən sonra belə bu nüfuz itmədi. Məhəmməd
Füzuli yeganə dahilərdən idi ki, özündən sonra məktəbi bugünümüzə kimi yaşamışdır.
Füzulinin əsərləri indidə sevilir, dildən-dilə gəzir və gələcək nəsillər bu məktəbdən dərs alır.
Bunun başlıca səbəbi o idi ki, Füzulinin əsərlərinin dili ilə dilimizin qüdrəti, gözəllikləri
Azərbaycan ədəbi dil tarixində elə bir zirvəyə qalxdı ki, uzun illər bu zirvəyə heç kim qalxa
bilməmişdir. Məhəmməd Füzulinin yaradıcılığının ən kiçik poetik detalları belə tam yerində
işlənmişdir. Ədəbiyyatşünaslar daim Füzuli yaradıcılığını bəşərin ən böyük sənətkarlarından
olan - Dante, Şekspir, Puşkin kimi söz ustalarının sənəti ilə müqayisə etmişlər. Çünki,
Füzulinin poetik istedadın doğurduğu heyrətamiz gözəllik nümunəsi olan əsərləri sənətkarın
ölməzliyini təmin edən şərtlərdən ən əsası idi. Azərbaycan ədəbiyyatının əbədiyaşar
mütəfəkkir şairi Məhəmməd Füzulinin ədəbi-estetik, ictimai-ideoloji fikirləri onu şeir
dünyasının sahilsiz bir ümmanı etmişdir. O, yaradıcılığı vasitəsilə hələ öz sağlığında Şərq
ölkələrində böyük şöhrət qazanan dahi şəxsiyyət kimi tanınmışdır. Ədibin iti ağlının və cilalı
qələminin qüdrətilə bəşəriyyətə nadir sənət inciləri bəxş edilmişdir. Füzulinin qəsidələrində,
qəzəllərində psixoloji məqamlar özünü olduqca sıx göstərmişdir. Onun qəsidə və qəzəllərində
dərin məna tutumu, bəşəri və humanist ideyalara, işıqlı fikirlərə, əbədiyaşar ideyalara
müraciət olunmuşdur. Şairin daxili zənginliyi, mənəvi sərvəti, dilinin zənginliyi, xarakteri,
özünəməxsusluğu onun əsərlərindən bədii güc almışdır. Şair bədii yaradıcılığında qarşısına

qoyduğu ədəbi-estetik məqsədlərə tamamilə nail ola bilmişdir. Füzuli türk qəzəlini bədii-
estetik keyfiyyətcə elə bir səviyyəyə qaldırdı ki, poeziya üçün bundan böyük zənginləşmə
mənbəyi olmamışdır. Füzulinin qəzəli bütünlükdə universal mahiyyət kəsb etmişdir. O,
türkdilli qəzəldə orta əsr şeirimizin ənənəvi obraz və motivlərinin maksimum bədii həllini
vermişdir. Məhəmməd Füzuli klassik qəzəlin bütün kompozisiya tiplərini və üsullarını
türkdilli şeir praktikasına daxil etmişdir. Füzuli türkdilli qəzəllərini əruzun bütün əsas
bəhrlərində, onların növ və variantlarında sınaqdan keçirmişdir. Ədib anadilli şerimiz üçün
ondan əvvəl və sonra görünməmiş bir qəzəllərin poetik semantikasını bəxş etdi. Bu
Azərbaycan ədəbiyyatı üçün olduqca əhəmiyyətli məsələ idi. Füzulinin qəzəlləri leksik
tərkibinə görə olduqca zəngindir. Onun qəzəllərinin tərkibi ədəbi dil üçün səciyyəvi və işlək
və əksəriyyət etibarilə sonralar dilimizdə vətəndaşlıq hüququ qazanmış leksik vahidlərdən
ibarətdir. Füzuli dilinin xüsusiyyətləri onun türk divanında özünü göstərir. Füzuli qəzəlinin
məzmun və forma xüsusiyyətləri şairin bədii irsini anlamaq baxımından olduqca
əhəmiyyətlidir. M.Füzuli zəngin elmi məlumata, geniş erudisiyaya malik alim, filosof, şair
idi. Onun poeziyası ədibin dünyagörüşünün, dünyaduyumunun ifadəsi idi. Məhəmməd
Füzulinin yüksək dərəcədə obrazlı dilinin və poetik üslubunun xüsusiyyətləri onun
poeziyasının asılılıqlarını, konfliktlərini müəyyənləşdirirdi. Füzuli poeziyasının
araşdırılmasındakı qanunauyğunluqların və dilin poetik funksiyasının şərhinin bütün digər
təhlillərə nisbətən üstünlüyü ədibin irsinin tədqiqində daha səmərəli nəticələr verəcəkdir.

Həcər Atakişiyeva

Ədəbiyyat siyahısı:
1. Cəfərov Məmməd Cəfər. Füzuli düşünür (ədəbi-tənqidi məqalələr). Bakı:
Azəruşaqgəncnəşr, 1959, 336 s.
2. Əliyev Sabir. Füzulinin poetikası. Bakı: Yazıçı, 1986, 221 s.
3. Füzuli. Bəng və Badə. Bakı: Azərnəşr, 1993, 286 s.
4. Füzuli Məhəmməd (2005) əsərləri. Altı cilddə. I cild, Bakı, Şərq-Qərb, 362 s.
5. Füzulinin dili (məqalələr). Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutu. Bakı: Elm, 1997, 192 s.
6. Füzuli Məhəmməd. Seçilmiş əsərləri, Azərbaycan klassik ədəbiyyatı kitabxanası: 20
cilddə, VII cild. Bakı: Elm, 1986, 484 s.
7. Füzuli. Seçilmiş əsərləri, II nəşr (tərtib edəni: M.Sultanov, redaktoru: H.Araslı). Bakı:
Şərq-Qərb, 1992, 384 s.
8. Füzuli. Şikayətnamə. Bakı: Gənclik, 1992, 32 s.
9. Füzuli Məhəmməd. Mətlə əl-etiqad (Tərcümə edəni: Bünyadov Z.). Bakı: Yazıçı,
1987, 34 s.
10. Füzuli Məhəmməd. Əsərləri: 2 cilddə, I cild. Bakı: ”Azərbaycan Ensiklopediyası”
NPB, 1995, 511 s.
11. Füzuli Məhəmməd. Əsərləri: 2 cilddə, II cild. Bakı: ”Azərbaycan Ensiklopediyası”
NPB, 1995, 519 s.
12. Füzuli. Türkcə divanı (Tərtib edəni: Ə.Sadiqi). Tehran: Fərhəngi və İrşadi-İslam,
1996, 532 s.

YEVLAX - ŞUŞA

C.Aleksandroviç, İ.Əzimbəyov, V.M.Sısoyev

(Bu məqalə 1926-cı ildə rus dilində, tatar, azərbaycanlı, rus olmaqla 3 nəfər tədqiqatçı tərəfindən yazılıb. Tədqiqatçı-jurnalist Vasif Quliyev məqaləni dövlət arxivindən tapıb və cüzi ixtisarla dilimizə çevirib. Qarabağda mədəni irsin, o cümlədən Ağdamın İmaret qəbiristanlığının tədqiqi üçün qiymətli məxəzdir).

Bakıdan Yevlağa gəlmək üçün Zaqafqaziya dəmir yolunun gecə yola düşən qatarından istifadə etməli olursan. Bu, daha rahat səfərdir. Əgər qatar Bakıdan axşam saat 8-də çıxarsa, onda o, Yevlaxa təxminən səhər saat 7-də çatır. Bakıdan Yevlaxa 293 kilometrdir. Bakıda qatara minmək çox çətindir. Sərnişinlər çox, yer az. 1924-1925-ci illərdə belə idi və yəqin ki, hələ uzun müddət də belə olacaq. Vaqonlar çox darısqaldır.
Yevlaxa qatarın gəlişinə yaxın Bərdə, Ağdam Stepanakert, Şuşa və digər yerlərə şose yolla gedən avtomobillər, faytonlar və furqonlar toplaşırlar. 1924-cü ildə avtomobil az idi və demək olar ki, yalnız yarım yük maşınları (20-30 nəfərlik) vardı. 1925-ci ildə artıq çoxlu minik avtomobili, ən çox da 8-10 nəfərlik “Ford”lar vardı. Yevlaxdan gedən şose yolu demək olar ki, birbaşa cənuba gedir. Bu, hələlik çox pis yoldur. Əvvəlcə bu yol, deyəsən, dəmiryol stansiyası kimi Yevlaxla Zəngəzurdakı misəridən zavodları birləşdirmək üçün çəkilmişdi. Yevlaxdan Bərdəyə şose yolla 25, Ağdama 73, Əsgərana 85, Stepanakertə 100, Şuşaya 105 kilometrdir. Şuşadan elə həmin şose yolu davam edir, amma döşəmə yol bir qədər enlidir. Şuşadan Abdallara qədər 35 kilometrdir. Sonra şose yol Zabuxa və Dığa və nəhayət, Zəngəzurun mərkəzi Gorusa gedir. Şuşaya qədər avtomobil rahatlıqla hərəkət edir, çünki bütün yol demək olar ki, düzlərdən keçir. Şuşadan Gorusa avtomobil bir az çətinliklə gedir, çünki şose yolun bu hissəsi dağlıq yerlərdən keçir, tez-tez ya dağ çaylarının axını, ya da uçqun təhlükəsi ilə üzləşir. Avtomobillər, bir qayda olaraq, Bərdədə, Ağdamda və Şuşada, faytonlar Bərdədə, ya da Şirvanlıda, Qərvənddə, Ağdamda və nəhayət, Şuşaya gedən yolun əvvəlində - Xan bağında dayanırlar.1. (1. 1924-1925-ci illərdə Azərbaycan Arxeologiya Komitəsinin tapşırığı ilə onun elmi katibi V.M.Sısoyev və instruktor Q.Sadiqi, Yevlaxdan Şuşaya və Laçına (Kürdüstana) səfər etmişlər. 1926-cı ilin may-iyun aylarında Azərbaycan Arxeologiya Komitəsi İdarə Heyətinin sədr müavini C.Aleksandroviç və instruktor İ.Əzimbəyov Azərbaycanı Tədqiq və Tətöbbe Cəmiyyətinin tapşırığı ilə Xocalı rayonunda kurqanların və daş sərdabələrin qazıntılarını aparmaq üçün ora səfər edən İ.İ.Meşaninova birləşmişdilər. Sısoyevin, Aleksandroviçin və Əzimbəyovun Yevlax-Şuşa arasındakı tədqiqatları təkrar olmamaq üçün bir yerə toplanmışdır.)
Yevlaxdan əvvəlcə düzənlik, Bərdəyə qədər tala başlayır. Bərdədən sonra isə yenə düzənliyə çıxırsan. Buralarda yaxşı su yoxdur, yalnız Qərvənddə və Şahbulaqda içməli su var. Ağdamın yaxınlığında kiçik dağlar başlayır, Əsgəranda bu dağlar şose yoluna daha da yaxınlaşır, dərə çox dağ olan yerə çevrilir. Burda yayda çox sakit axan kiçik çaylar yağışlı vaxtlarda (qışda, payızda, yazda) qorxulu axınlara çevrilir.
Bu kiçik çaylardan və suvarma kanallarından yayda su içənlər cəsarət edirlər, şübhəsiz ki, malyariyaya tutulurlar. Bərdənin cənubunda yayda dərinliyi yarım metrdən çox olmayan, yağışlı vaxtlarda isə keçmək çox təhlükəli olan qorxulu çaya çevrilən Tərtər axır: arabalar, öküzlər, adamlar məhv olur.
Yevlaxdan Bərdəyə gedən yolun yarısında - meşəlik talada şose yolundan (Qarağacı yaxınlığında) şərqə tərəf böyük müsəlman qəbiristanlığı var. Burda hündürlüyü təxminən 4 metr kərpicdən səkkizüzlü piramidalı günbəzi olan səkkizüzlü məqbərə var. Onun üstündə Sənəm xanım Binti Ədil bəy qızı və hicri 1321-ci il, yəni, 1904-cü il tarixi yazılmış yazı var. Bundan başqa, dik daş plitəli, yuxarı tərəfə genələn və hündürlüyü iki metrə çatan və sonralar, məsələn, hicri 1299-cu il, yəni, 1881-ci il yazılmış yazıları olan çoxlu təzə qəbirüstü abidələr mövcuddur. Yevlaxdan cənuba 20-25 kilometrlikdə böyük Bərdə kəndi1. yerləşir. (1. Bərdə kəndinin qədimliyi və tarixi “Azərbaycan Arxeologiya Komitəsinin ikinci buraxılışında (Bakı, 1926-cı il, səhifə 49-65. “Bərdə kəndi, onun qalaları, qədimliyi və tarixi xülasəsi”) V.M.Sısoyev tərəfindən ətraflı təsvir edilmişdir.)
Vaxtilə, ərəblərin dövründə burda böyük və zəngin bir şəhər Arranın - bütün ölkənin paytaxtı yerləşirdi, lakin indi qədimlikdən yalnız aşağı hissəsində sərdabəsi olan və hələ də gözəlliyini itirməyən dəyirmi qülləli, amma yarıuçuq qala qalmışdır. Qalanın divarları üstündə 1322-ci il (hicri 722-ci il) tarixli ərəb kufi yazısının qalıqları var. Qüllənin fonunda yaşıl şirəli kərpiclərdən düzəldilmiş “Allah” sözü seçilən qırmızı kərpicdən tikilmişdir. Yerli əhali qülləni “qala” adlandırır. Qüllədən əlavə, bir qədər sonralar tikilən sadə məqbərə - sərdabələr və sair də var. Qapının portalının yan tərəfində olan və indiyə qədər heç kimin ədəbiyyatda adını çəkmədiyi bir yazını da qeyd edəcəyəm: “Hər şeydən uca və xeyir-dualı Allah dedi ki, O, sizi bağışlayır, çünki Allah rəhimlilərin ən rəhimlisidir.
Peyğəmbər dedi ona ən yaxşı tərif və salam olsun: “Gözləriniz qarşısında qoy həqiqət aydın olsun!”
Bərdə kəndindən sonra faytonlar Qərvənddə dayanırlar. Qərvənd kəndinin cənub qurtaracağından şərqə tərəf 1 kilometr məsafədə yerli sakinlərin təsdiq etdikləri kimi, hansısa qədim qəbristanlıq var. Qərvəndin şərqə tərəf 5 kilometrliyində isə deyildiyinə görə, yaxınlığında kurqanlar olan Xındırıstan kəndi yerləşir və bu kurqanlarda, guya, insan sümükləri, həmçinin məsələn, içərisində Şirvanşahların sikkələri olan böyük gil bardaqlar qarşına çıxır. Bu yolda isə Köçərli kəndinin cənubuna, yoldan şərqə tərəf Yeddi təpə, yəni, türkcə Yeddi kurqan qrupu var, şərqə tərəf isə uzaqda Xaçın çayı üzərində - Köçərlinin 18 kilometrliyində böyük Sultanbud kurqanı1. görünür. (1. Sultanbud və Qalatəpə kurqanları haqqında Veysenqof belə bir fikir yürüdür ki, onlar güman ki, əvvəllər istehkamlar və kəsik dördkünc piramida formasında olub. Onlarda tikinti qalıqları görmək mümkündür. Yerli sakinlər alimə deyiblər ki, Sultanbud kurqanını Sultan Mahmud Qəznəvi düzəltdirmişdir. Lakin Veysenqof Peyğəmbərin yaxınlıqdakı kurqanları barədə danışır).

imaret1

Pənahəli xanın sarayı

Ağdam2. (2. Ağdam türkcə “ağ ev” deməkdir. Bəzi alimlər söyləyirlər ki, bu yerdə ilk dəfə varlı bir şəxsin qəbrinin üstündə ağ əhəng daşından məqbərə tikildiyinə görə belə adlanır.) çox mühüm və əhəmiyyətli şəhərdir. 1926-cı il dekabrın 16-da keçirilən siyahıalmaya görə, burda 8.153 nəfər adam olmuşdur. Şəhər səfalı, kiçik bir dağ çayı boyunca uzanır. Ağdamdan əvvəlcə kiçik dağətəyi yerlər başlayır. Şəhər bütün yaşıllıq içərisindədir. Ağdam iri pambıqçılıq və ipəkçilik rayonudur. Şəhərdə Nəriman Nərimanov adına böyük pambıqtəmizləmə, şərabçılıq, çoxlu baramaaçan zavodları və fabrikləri, böyük bazar var. Ticarətdə kooperasiya üstünlük təşkil edir. İndi kooperasiyanın burda mehmanxanası, yaxşı yeməkxanası və sair var. Ağdamda çoxlu ikimərtəbəli ev, xəzinədarlıq, poçt-teleqraf kontoru, elektrik işıqlandırma sistemi var. Bazarın yaxınlığında iki hündür, zərif minarəsi olan məscid yerləşir. Məscid hansısa köhnə bir binadan düzəldilmişdir, lakin minarələr yaxınlarda - iyirmi il əvvəl ucaldılmışdır. Şəhərin cənub qurtaracağında - dərədən axan çayın üstündə icraiyyə komitəsinin birmərtəbəli böyük binası ordan ötənləri cəlb edir. Bu binada farfor, üzərində əla miniatürlərlə bəzədilmiş fransız üslubunda çox gözəl mebel var: xanım və kişi, qız, üç nazənin, markiz və markiz arvadı və sair. Bütün bunlar Qarabağ xanları nəslindən olan keçmiş yerli bəydən qalmışdır.
Ağdam şəhərinin şimal-şərq hissəsində, onun ucqarında, çayın o biri tərəfində daşla, bəzi yerlərdə isə kiçik mazğalları olan kərpic divarla dövrələnmiş qədim bir müsəlman qəbristanlığı var. O, qalaya bənzəyir, darvazası da var, planda o, bir tərəfdən təxminən üç yüz metr düzbucaqlı, yaxud kvadrat fiqura malikdir.
Bu istehkamın cənub-qərb tərəfində, sözün həqiqi mənasında, qəbristanlıq və orda 10-a yaxın məqbərə var. Onların bir hissəsi tamamilə dağıdılmışdır. Həmin məqbərələrin əksəriyyəti adi Azərbaycan tipindədir: ağ, yaxud sarımtıl əhəngdaşından piramida şəkilli səkkizüzlü gümbəzli.
4,5 metrə yaxın hündürlüyü olan birinci məqbərənin giriş qapısı üzərində fars dilində 4 sətirdən ibarət şerdə belə deyilir:
“Zaman bəzən adamı Saturn planetinin hüdudlarına qədər qaldırır, bəzən də yerə vurur.
Həyat bağında ümid evdə artmağa başlamışdır, qəfil ölüm fəlakəti tərəfindən gülüstana aparıldı”.
Məqbərənin içərisində heç bir qəbir yoxdur, amma 0,47 metr hündürlükdə, 0,35 metr enində itiuclu qəbir daşı və üstündə ərəb dilində yazı var:
“O, əbədi mövcuddur. Hər kəs ölümə məhkumdur, yalnız iki dünyanın tərbiyəçisi, yaradıcısı əbədidir. Bu mərhum və günahlarının bağışlanılmasına layiq olan Sarıcalı İbrahimxəlil ağa Cavanşirin qəbridir. Hicri 1154-cü il miladi 1741-ci il”.

 

imaret2

Pənahəli xanın İmarətinin qalıqları


Birinci məqbərənin 5 metrliyində qarabağlı Pənahəli xanın məqbərəsi yerləşir. Məqbərə 5,25x5,25 ölçüdədir. Hündürlüyü təxminən 3,15 metrdir. Giriş qapısının hündürlüyü 1,32 metrdir. İçərisinin döşəməsi qırmızı kərpicdəndir. Şimal divarına yaxın döşəmədə hündürlüyü 0,60, eni 0,35 metr olan ağ mərmərdən daş qoyulmuşdur. Mərmərin üstündə 6 sətirlik şer yazılmışdır:
“Dağların ağuşunda şüşə və daş kimi qərar tutmuş günəşli aləmin əzəmətilə Pənahəli xan Cavanşir hər şeydən uca Yaradanın hökmü ilə alicənablıqla ölüm badəsini içdi. Padşahın əmrinə tabe olmaq itaət edənlər üçün alçalmaq deyil. Günahından keçilmişlərin kitabına onun ölüm tarixi yazılmışdır. Onun dostlarının və yaxın adamlarının dairəsi xalqın ümidinin davamçısı oldu”.
Şərhi: “Onun dostlarının və yaxın adamlarının dairəsi xalqın ümidinin davamçısı oldu”. Əbcət hesabı ilə hicri 1172-ci il, yəni, miladi 1758-ci il deməkdir.
Cığırın o üzündə Pənahəli xanın məqbərəsinin təxminən 5 metrliyində günbəzi olan üçüncü bir məqbərə var (3,75x3,75 metr), içərisinin döşəməsi kərpicdəndir, şimal divarının yanında fars dilində 6 sətirlik şerdən ibarət yazısı olan başdaşı var.
“Cənnətə layiqli xanlar nəslindən, Şahverdi xanın bağından bu çiçək çıxdı. Onun əziz adı Tutubəyim idi. Onun ləçəkləri xəzandan saralıb-soldu. Naməlum gizli qüvvə tərəfindən onun ölümünün ili bəyan edildi. Bu, cənnətin hüdudlarından kənarda əbədi güldür”.
Şərhi: Bu, cənnətin hüdudlarından kənarda əbədi güldür. Əbcət hesabı ilə hicri 1176-cı il, yəni, miladi 1762-ci il deməkdir.
Bu məqbərə ilə yanaşı, döşəməsi kərpicdən olan başqa bir məqbərə də mövcuddur (5,75x5,75 metr). Girişin sağ tərəfində içəridə ağ mərmərdən ərəb dilində 6 sətir həkk olunmuş başdaşı plitəsi var.
“O, əbədidir. Ölüm bütün canlıların içməyə məcbur olduqları badədir. Cənazə arabası hər bir canlının oturmağa məcbur olduğu oturacaqdır, qəbir isə hər bir kəsin girməli olduğu mənzildir. İbrahimxəlil ağa yüksək mövqe tutan Sarıcalı Mehdiqulu xan Cavanşirin oğludur. Hicri 1234-cü ildə, miladi 1818-ci ildə vəfat etmişdir”.
Nəhayət, 3,5 metr şimala tərəf bu cür sonuncu məqbərənin (4,25x4,25 metr) 1,25 metr hündürlüyü, 0,6 metr eni olan giriş qapısı var. Döşəməsi kərpicdəndir, orda mərmərdən qəbir daşı (0,5x0,25 metr), üstündə ərəb-fars dilində qarışıq qızılı rəngli hərflərlə yazılmış 7 sətirdən ibarət yazı var:
“Hər kəs ölməlidir. Səxavətli Mehdiqulu xanın çiçəkləyən bağında təzə-tər cavan gülün qönçəsi gül açdı. Xəlilin məhvedici gülüstanı əzizlərinin ürəyini alovlu iztirabla doldurdu”.
Onun müəyyənləşdirilməsi tarixinin və yerinin axtarışlarında yuxarıda xəbər aldıq: “Onun yeri cənnət bağıdır”. Şərhi: Əbcət hesabı ilə hicri 1244-cü il, miladi 1828-ci il deməkdir.

imaret3

Daha sonra bir neçə kiçik məqbərəyə də rast gəldik, lakin onlar artıq səkkizüzlü yox, dördüzlüdür. Çox dağılmış haldadır. Dağılmış məqbərələrin birinin içərisində çox böyük bir əncir ağacı var.
Bu məqbərənin şərq tərəfində əksəriyyəti əbcəd hesabı ilə yazılmış müxtəlif daş kitabələri olan çoxlu qəbrə rast gəlmək olar. Birinci məqbərənin 70 metrliyindəki qəbrin üstündə ərəbcə yazılmış yastı bir daş var.
“Bu, mərhum və günahı yuyulanın qəbridir. Xoşbəxt Bəyazi ibn Hacı bəyin günahlarını bağışlamaq. Hicri 1075-ci il, miladi 1664-cü il.
Yaxınlıqda ərəbcə yazısı olan başqa bir sandıqşəkilli daş kitabə (1,72x0,75x1,05) var: Nemətulla bin Dövlət, hicri 1053, miladi 1643”.
Bu qəbirlərdən cənubda - onların 25 metrliyində haşiyəyə bənzər xırda daşlarla dövrələnmiş qəbir daşları görünür. Ərəb yazıları yalnız ikisində aydın şəkildə oxunur:
1. Şəbahəddin, hicri 770-ci il, miladi 1369-cu il.
2. Bu, mərhum Nurəddin bin İzzətdinin qəbridir. Hicri 739-cu il, miladi 1339-cu il.
Bu qəbirlərdən cənubda - onlardan 40 metrlik məsafədə divarlarının qalıqları zorla görünən dağılmış bir məqbərə var. Daş qalağı içərisində ərəb dilində yazısı olan bir daş da görə bildik:
“Mərhum Knyaz. Hicri 569-cu il, miladi 1174-cü il”.
Görünür ki, bu, qəbristanlıqda ən qədim yazıdır. Böyük məqbərələrdən şimal-şərqə tərəf təxminən 100 metr aralıqda “Qarabağlı Pənahəli xanın keçmiş imarəti” adlanan yerin kiçik xarabalıqları var.
İmarətdə, əslində, böyük kümbəzli bir otaq qalmışdı. Bu otağın qarşısında cənuba baxan açıq eyvan vardı. Eyvanın dam örtüyü çox dağılmış, lakin onun qabaq hissəsi yaxşı qalmışdır və ortada üç çatma tağ söykənən sal daşdan iki alçaq sütun təsəvvürə gətirir.
Eyvanın eni (köndələninə) dörd, uzunluğu yeddi metrdir. Eyvandakı kiçik qapıdan sol tərəfdə demək olar ki, kvadrat şəklində olan əsas zalda 7x7 metr, daxildə hündürlüyü təxminən
6 metrə yaxın olan zalın yan divarlarında çoxlu taxça düzəldilmişdir. Şimal və cənub divarların ortasında bir böyük taxçada (2x2x1 metr) və demək olar ki, elə bu cür, lakin bir qədər kiçik ölçüdə (1,5x1,5x1 metr) şərq və qərb divarlarındada taxçalar var. Şimal davardakı böyük taxçanın yanlarında iki kiçik taxça (0,75x0,75x0,50 metr) düzəldilmişdir.
Əsas zalda tavan, içərisində bütün zalın üstündə səkkizüzlü kümbəz tikilmiş, künclərdə isə hərəsinin hündürlüyü 0,75 metrə yaxın stalaktitin aşağısında bütün zalın divarı boyunca zanbaq gülünün, ya da buna bənzər gülün stilləşdirilmiş üç hissəli şəkildə naxışla bəzədilmiş, eni təxminən 0,75 metr olan kəmərciklər keçir. Damın bayır tərəfindən dəyirmi konus düzəldilmişdir. Künbəzin qübbəsinin lap yuxarısında eşikdən kiçik səkkizüzlü, iki tərəfə çıxan daş fənərlə bağlanmış deşik açılmışdır. Bütün kümbəz içəridə tüstüdən qurum bağlamışdır. Kümbəz hissəsi suvaqlıdır, aşağı hissəsi yaxşı yonulmuş əhəng daşından, böyüklüyü təxminən 0,27x0,36, ya da 0,40x0,31 metr olan daşdandır.
Qərbdən və şərqdən zala yanında biri təxminən 5x4 metr, o biri 6x4 metr ölçüdə yarıdağıdılmış otaq tikilmişdir. Hər birinin də kiçik qapısı var. Şərq tərəfdən otağın döşəməsində demək olar ki, ortasında böyür-böyürə iki təndir (torpağın içərisində böyük və dərin bardağa oxşar sobalar) düzəldilmişdir. Bu otaqların damları yastıdır. Otaqların fasad xətti zalın özünün fasadının xətti qarşısında bir qədər qabağa çıxır, lakin arxa fasadda və eyvanın qarşısında bir qədər kənara gedir. İmarətin uzunluğu bütün fasad boyu 25 metrə, dərinliyi isə 14 metrə qədərdir.
Qərb tərəfdən 20 metr məsafədə şimaldan cənuba uzanan düzbucaqlı şəklində bina yerləşir (15x7 metr, bayırdan hündürlüyü 5 metr). Daxildəki tikili iki otaqdan ibarətdir: a) 6,5 metr və b) 5,5 metr, uzunluğu eninə 4 metrdir. Otaqların daxilində tavan tağşəkillidir, lakin bayırdan dam tamamilə yastıdır. Bəzi adamlar deyirlər ki, bu tikili əvvəllər məscid olmuşdur.
İmarətin fasadı qarşısında təxminən 50 metr məsafədə birbaşa xətt üzrə bir sıra böyük, qəddi-qamətli, hündür çinar ağacları əkilmişdir. Görünür, bu imarətin tikintisi ilə eyni vaxtda Qarabağlı Pənahəli xan (1754-1759) bu çinarları əkməyə də göstəriş vermişdir. İmarətin, evin-məscidin və çinarların xətləri demək olar ki, imarətin qarşısında çox gözəl, düz dördbucaqlı meydan yaradır.
Hasarla dövrələnmiş qədim qəbristanlığın daha böyük sahəsi çox əhəmiyyətlidir, lakin imarət, məqbərələr və xüsusilə, qəbirlər az yer tutur. Böyük çinarlar həm də qəbristanlığın bəzi yerlərində də bitir.
Ağdam yaxınlığında çoxlu kurqan var, ümumiyyətlə, məsələn, 71-ci kilometrdə. İki kurqan Ağdam yaxınlığında Siyasi Büronun qarşısında görünür. Ağdamdan bir qədər şimalda Tərnəgüt kəndinin yaxınlığında Şahbulaq qalasının xarabalıqlarıdır. Abbasqulu ağa Bakıxanov yazır ki, Pənahəli xan özünü Qarabağ xanı elan edəndən sonra Tərnəgütə köçmüşdü. Şahbulaqda divarların və tikililərin qalıqları hələ indiyədək də görünür (1840-cı il). Yalnız o, sonra əlçatmaz Şuşaya (Pənahabada) köçmüşdü.
Əhmədavar və Ağbulaq (kilsə) kəndlərində də qədim abidələr var. Qarağacı qəbristanlığına (ora çatmağa 1/2 kilometr qalmış) Ağdamdan şose yolunun sağ tərəfindəki təpəlikdə birində ərəbcə yazısı olmaqla üç qəbirüstü plitə var: “Bu məzar canını fəda etmiş xoşbəxt xoca Məlik bin Niyazındır. Hicri 719-cu il, miladi 1319-cu il”. “Qarağac adlanan1. (1. Qarağac türkcə “qara ağac” deməkdir.) yerdə - şose yolunun hər iki tərəfində, lakin qərbdə, daha çox isə şərqdə yerləşən böyük qədim bir qəbristanlıq var.
Yoldan sağa (qərbə), əsas qəbristanlığa yarım kilometr qalmış torpaq kurqanlar qrupu ondan qabaqda yerləşir.
Böyük qəbristanlıqda lap irəlidə (şimaldan) tipik kümbəz şəklində kiçik yarıuçuq bir məqbərə var. Sonra bir neçə (30) daşlıq sahə var. Daşlar dik vəziyyətdə bir-birinin yanındadır, amma sıx-sıx deyil. Bu daşlar yamyaşıl otla örtülüdür. Bu da onların çox qədim olduğunu göstərir. Sonra bir-iki kilometr məsafədə çoxlu sayda tarixi abidələr uzanır. Burda 1) dik daşları qabaqdan yuxarı əyilməklə yazısı olan daş plitələr; 2) beş daşdan ibarət başdaşı yazısı (kitabəsi); 3) ikiqat böyük buynuz şəklində baş daşı olan kitabə. Yerli sakinlərin fikrincə, bu, qədim ərəb qəbirləridir. Belə qəbirlərə, həqiqətən, Bərdə, Şamaxı və Şamaxı qəzasının Ərəbşahverdilər kəndi yaxınlığında, Quba qəzasında rast gəlinir. Bu kitabələrdə hicri 1145-ci il (1733), hicri 1146-cı il (1737), 1151-ci il (1739) və çox vaxt hicri 1147-ci il (1734-1735) tarixli ərəbcə yazılarla rastlaşırsan. Bu faktların əsasında güman etmək olar ki, onlar Nadir şah Əfşarın Qarabağa yürüşlərində (1730-1747) həlak olanların qəbirləridir. Çox-çox sonraların yazıları da var, çünki bu qəbristanlıqda, hətta indi də insanlar dəfn olunur. Bundan başqa, yazısız da qəbir daşları var, lakin əyani təsvirlərlə - günəş, yay-ox və ən çox da səkkiz və altıüzlü xonçalar olan qəbirlər də var. Qəbirlərin birinin ensiz tərəfində xonça şəkli, digər ensiz tərəfdə üç dairə təsvir edilmişdir.
Qəbirlərin birində çıxıntı şəklində qəbirüstü daş görünür.
Böyük (qərb) qəbristanlığın lap cənub-şərq hissəsində, demək olar ki, qurtaracağında, elə yolun üstündə daş qoç fiquru şəklində bir heykəl var, lakin heykəlin bütün qabaq hissəsi artıq sındırılmışdır, yalnız arxa tərəfinin yastı quyruğu ilə yarısı qalmışdır. Həmçinin atın bədəninin salamat qalmış hissəsi şəklində daş heykəl var (demək olar ki, təbii ölçünün yarısı). Şoseyə və qəbristanlığın cənub tərəfinə daha yaxın, hündürlüyü 2-2,6 metr, eni 2,5 metrədək üç kiçik məqbərə var. Bu cür məqbərənin forması kiçik diametrlə kəsilən və bu diametrə qoyulmuş ellipsin (dəyirmi konusun) yarısıdır. Arxadan girdəşəkilli səthdir, qabaqda (şərqə tərəf) ellipsin perpendikulyar kəsişməsidr, ön tərəfdə hündürlüyü 1,5 metr olan ellipsoid deşikdir, içəridə kiçik bir boş otaq var, döşəmədə yazısı olmayan qəbirüstü plitə, arxa (qərb) divarda otağın içindəki nəsə daş boyunduruğa oxşar, ya da qabarıq yarımyastıq düzəldilmişdir. Bu məqbərələr demək olar ki, yanaşıdırlar.
Şosedən şərq tərəfdə böyük bir müsəlman qəbristanlığı da var, lakin o, hər halda qərbdəkindən kiçikdir. Şosenin yaxınlığında bu qəbristanlığın cənub-qərb tərəfində ağ əhəngdən yaxşı yonulmuş yastı daşlardan piramida şəklində səkkizüzlü künbəzli adi tipli səkkizüzlü böyük bir məqbərə var. Künbəzin üstündə kiçik bir ağac bitmişdir. Hesab edirlər ki, bu, sonuncu müstəqil Gəncə xanı Cavad bəyin oğlu Uğurlu bəyin türbəsidir.
Türbənin cənub-qərb tərəfində ərəbcə yazısı olan bir qəbir var. “Bu qəbir mərhum xoşbəxt və din uğrunda həlak olan Mahmud bin Rüstəmindir. Hicri 970-ci il, miladi 1563-cü il”.
Bundan təxminən 300 metr aralıda 247,24 nişanı ilə teleqraf dirəyinin yanında və şosenin 50 metrliyində keçmiş xanların dağılmış evi yerləşir. Onun həyətində indi taxıl əkirlər.
Şosenin sol tərəfində - 2 kilometr cənubda 305-306-cı teleqraf dirəklərinin yanında iki torpaq kurqan var. 275 metr sonra isə yol döngəsinin və kiçik körpünün yanında, sağ tərəfdən qaya parçasından üç kiçik kurqan yerləşir və bu döngənin yarım kilometrliyində Əsgəran qalasının1. xarabalıqlarıdır. (1. Əsgəran qalasının təsviri. Bax. Azərbaycan Arxeologiya Komitəsinin xəbərləri. 2-ci buraxılış, 1926-cı il. E.A.Paxomovun “Əsgəran” məqaləsinə. səhifə 7-9 və şəkillərə.)
Şose yolu sədlərin bir hissəsini dağıtmaq tələb olunan qalanın xarabalığını kəsib-keçir.
Ağdamdan qalaya qədər 14 kilometrdir. Əsgərandan keçmiş Xocalı poçt stansiyasına qədər isə 2,5 kilometrdir.
Əsgəran qalası iki hissədən - iki istehkamdan ibarətdir. Onlardan biri Qarqar çayının sağ-şərq, o biri isə sol-qərb sahilindədir. Burda dağlar əvvəlcə təxminən yarım kilometr eni olan çayın vadisinə və şoseyə yaxındır, çünki qalanın divarlarının ayırdığı kiçik dərə mövcuddur. Hündürlüyü 6-9 metrədək olan sərt daşlardan ibarət hasarların arasında qüllə var. Sağsahil istehkamı qüllələrlə və əsas istehkamlı, uzunluğu 250 metrədək olan təpə üzərində ikiqat divar təsəvvürə gətirir. Solsahil istehkamı künclərdə və hardasa divarların ortasında qülləni hasarlarla dövrələnmiş dördbucaqlıdır. Əsgəran qalası, görünür Qarabağlı Pənahəli xanın oğlu Mehrəli xan tərəfindən təxminən 1758-1760-cı illərdə tikilmişdir. Qala Qarabağ xanlarının ruslarla mübarizəsində mühüm rol oynamışdır.
Biz 1924-cü ildə Əsgərandan keçərkən qalanın yanında bir nesə tikinti vardı. Lakin onlar artıq 1925-ci ildə Əsgəran qalasının iqtisadi həyatında mühüm rol oynamağa başladı. Qalanın özünün adını götürdüyü Əsgəran dağının yaxınlığında - şimal-qərb tərəfdə indi hündür dördmərtəbəli qülləsi olan böyük ikimərtəbəli dövlət konyak zavodu tikilmişdir. qalanın özünün yaxınlığında kənd təsərrüfatı alətlərinin mərkəzi anbarı ilə yanaşı, poçt şöbəsi, bir neçə kiçik dükan, çayxanalar və sair yerləşir. Bütün bu tikililər demək olar ki, şəhər tiplidir. Bir sözlə, burda gələcəkdə böyük iqtisadi artım üçün bütün əlamətləri olan qəsəbə böyüyür. Əsgəran dağının yaxınlığında iri ölçülü daş qutular nəzərə çarpır.
Müharibədən əvvəl Yevlaxdan Stepanakertə çəkilməyə başlamış yol üçün tikilən alaqapıdır. Bu alaqapıdan başqa, bir çox yerlərdə qum təpələri və çuxurlar qalmışdır. Fikirləşmək olar ki, bu istiqamətdə dəmir yol xətti çəkmək nisbətən ucuz başa gələr. Çünki torpaq işlərinin bir hissəsi artıq görülmüşdü. Bundan əlavə, Yevlaxdan Stepanakertə qədər bütün bu yüzverstlik xətt, az qala, düzənlik yerlərdən keçir, dağlıq ərazilər son 25 kilometrlikdən başlayır, digər tərəfdən qeyd etmək lazımdır ki, bu diyar çox zəngindir, lakin o, Stepanakertə dəmir yolu çəkilməyənə qədər tam sürətlə inkişaf edə bilməz. Bununla belə, bu dəmir yolu təkcə bilavasitə dəmir yolu xəttinə yaxın rayonu yox, həm də Dağlıq Qarabağın, Kürdüstanın daha cənuba doğru uzanan geniş sahələrini, Şuşanı və sairi olduqca canlandırardı və oralarda çoxlu gözəl bağlar, kurort və sanatoriya yerləri yaranardı, çünki bu rayonda iqlim çox gözəldir, yol isə yoxdur. Şose yolun bir hissəsini yalnız zəif dərəcədə əvəz edir.

imaret4

Əsgəran qalasının təsviri

Yevlaxdan Ağdama və xüsusən də, Ağdamdan Şuşaya və Kürdüstana bir tərəfdən həm də Craberd aşırımından Kürdüstan dağlarına yol güman ki, lap qədim zamanlardan Kür çayı vadisindən Kürdüstana, Zəngəzura və Naxçıvan diyarına - Naxçıvana, ordan da Culfa, Araz çayı vasitəsilə İrana - Təbrizə gedən böyük ticarət yolu idi. Bu yolla indi də yazda (yayın əvvəllərində) və payızda (sentyabrda) arandan - qışlaqlardan dağlara yaylağa (yay köçləri) çoxlu köçəri hərəkət edir. 1925-ci ilin sentyabrında Əsgərandan Laçının özünə qədər (Kürdüstanda - başqa cür desək, Abdallarda) biz bütün yol boyu o vaxt dağlardan arana - qışlağa köçən çoxlu köçəriyə rast gəlmişdik. Bu, elin böyük köçü idi: qoyun (bəzən bir neçə min), inək, dana və sair, nadir hallarda dəvə sürüləri hərəkət edirdilər.
İrəlidə və arxada atlı, ya da piyada kişilər gedirdilər. Onların ardınca ev şeyləri, çadır üçün keçələr yüklənmiş minik atları, ya da öküzlər, qadınlar, uşaqlar hərəkət edirdilər. Bu köçərilərin qışlaq yerləri aranda - Muğanda, Bərdə, Ləmbəran yaxınlığında və hətta uzaqlarda olur. Lap qədim zamanlardan bütöv bir el yalnız qışlama, ya da yaylama üçün yox, yeni ölkələrin fəthi üçün bu cür hərəkət edirdi. Bu da onu xatırladırdı.
Əsgəranın 2 kilometrliyində cənuba tərəf Qarqar çayına, sağdan qərbə kiçik Xocalı çayı1. (1. Xocalı çayı üzərindəki körpünü 1926-cı ilin yayında yağan güclü yağışlar yuyub-aparmışdır. Bu, dağlarda tez-tez olur.) tökülür. Xocalıdan taxta körpünün arxasından (eni təxminən 100 metr) keçmiş Xocalı poçt stansiyası rayonu başlayır. Poçt stansiyasının indi yalnız yarıuçuq binası qalmışdır. Qarqar və Xocalı çaylarının birləşdiyi məhz həmin yerdə çox geniş bir düzənlik var və bu düzənlik Xocalı çayından bir qədər qərbə uzanıb-gedir. Bu, həm də kurqanları və tarixdən əvvəlki dəfn mərasimləri ilə çox zəngin olan bir düzənlikdir...
Şosedən sağda (qərbə tərəf) keçmiş Xocalı poçt stansiyasının mülkü və əvvəllər keçmiş sərhəd mühafizə dəstəsinin binası yerləşirdi. İndi həmin ev milislər üçündür. Daha sonra İrəvan quberniyasının qaçqın türklərinin qazma evləri başlayırdı. Keçmişdə burda malakanlar yaşayırdı.
Bu yeni qəsəbədə indi köhnə Xocalı kəndinin qayıdıb-gələn sakinləri, 1918-ci ilin hadisələrindən sonra qaçqın düşənlər də yaşayırdılar. Körpüdən təzə qəsəbəyə qədər təxminən 500 metrdir...
Yeni qəsəbədən 1 kilometr məsafədə, Xocalı çayının o biri tərəfində - sol sahilində hazırda heç kimin yaşamadığı “Köhnə Xocalı” kəndi yerləşir. Burda əvvəllər ağ daşdan yaxşı evlər tikilmişdi, hətta dəmir taxtapuşlu ikimərtəbəli evlər də gözə dəyirdi. Demək olar ki, hər bir evin qarşısında bağçası vardı, lakin 1918-ci il hadisələri zamanı evlərin hamısı yandırılıb məhv edilmişdi, sakinləri isə pərən-pərən düşmüşdülər. Kəsilmiş ağacların qalan hissələri, yaxşı, böyük bağlar haqqında söhbət açır, həmçinin yarıuçuq evlər də göstərir ki, kənd əvvəllər inkişaf etmişdir. Qabaqlar burda 200-ə qədər həyət vardı, kənddə indi də su kəmərləri gözə çarpır. Kəndin o tayında bir qədər uzaqda, yolun döngəsinin arxasında yenə kurqanlara rast gəlmək olar. Kurqanlar kiçikdir, torpağın içindədir, yolun hər iki tərəfində 25-ə qədərdir. Kurqanların arasında yolun sağ tərəfindən diametri 57 metr olan bir kurqan xüsusilə fərqlənir. Yerli sakinlər onu “İşıqlı təpə” adlandırırlar, yəni, parıldayan, kurqanın yuxarısında olan qum qızılı rəngli Günəş şüalarından parlaq şəfəq saçır. “Pirtəpə” adlanan bu kurqanı yerli sakinlər müqəddəs hesab edir. Aşağıdakı rəvayətə görə yerli adamlar da təsdiq edirlər. Burda bütün həyatını uzaqlarda yaşayan bir şah qızı dəfn edilmişdir. Ölümündən sonra qızın müqəddəs ruhu onun qəbrini işıqlandırır...
Şuşa yolunda çoxlu qədim abidələrə rast gəlmək olar. Xan bağı da bu yolun üstündə yerləşir. Körpünün kənarında bir çayxana var. Şuşaya gedib-gələnlərin hamısı burda dayanırlar. Xan bağında görünüşünə görə Muğanda Astraxanka kəndinin yaxınlığında Uzuntəpə kurqanına çox oxşayan böyük bir kurqan var.
Xocalı kurqan sahəsi barədə belə bir fikir söyləmək olar ki, qədimlərdə ölənləri bu müqəddəs torpaqda dəfn etmək üçün şiə müsəlmanlar öz qohumlarını Kərbəlaya, Nəcəfə, farslar Quma və sair aparmağa çalışdıqları kimi bura - qonşu rayonlardan bu kurqan sahəsinə gətirirdilər.
Xocalı düzənliyi, əsasən, tarixdən əvvəlki dövrə - tunc mədəniyyətinə dair çox zəngin arxeoloji material vermişdir. İ.İ.Meşaninovun qazıntıları həmin mədəniyyətə aid yenidən xeyli material vermişdir. Reslerin qazıntılarının materiallarına, əsasən, xaricdə - Berlinin, Münxenin və s. muzeylərində, İvanovskinin qazıntılarının materiallarına Moskvanın, Leninqradın, Bakının muzeylərində rast gəlinir. Buna baxmayaraq, Xocalı yaxınlığındakı kurqanlar və daş qutular arxioloqların hələ uzun müddət diqqət obyekti olacaq, hələ çoxlu material verə biləcək çoxillik qazıntılar tələb olunur. Mixi yazısı olan Assuriya silindri (Assuriya çarı Ədəd Hirarinin adı) bir kurqanda Resler tərəfindən tapılmış və İ.Ş.Meşaninovun tədqiq etdiyi Xocalı kurqanlarının tapıntılarını çox qədimlərə - eramızdan əvvəl təxminən VIII əsrə aparıb-çıxarmağa imkan verir.
Xocalı körpüsünün yaxınlığındakı yeni qəsəbənin sakinləri türklər kasıb, pis yaşayırlar, lakin çox qonaqpərvərdilər. Onların adət-ənənələri təmiz türkcədir. Onlarda toy adətləri aşağıdakı kimidir: Nişanlı qız adaxlısının özü tərəfindən seçilir, lakin oğlanın valideynləri qızın valideynlərinə qızlarını onların oğluna vermək barədə təkliflə müraciət etməyə borcludurlar, həm də onlar qızın oğlana bağışladığı qırmızı dəsmalı (qız ümumi razılığa görə nişan əlaməti kimi oğlana qırmızı dəsmal verir) göstərirlər. Övladlarının razılığına əmin olan valideynlər öz qızlarını istədiyi oğlana verməyə qəti qərara gəlirlər. Oğlanın valideynləri qız evinə üzük, güzgü, qismən ipək parçadan kostyum verməyə borcludurlar. Qızın valideynləri üçün 5 qoyun, 100-200 manat nağd pul, 2 baş qənd, 2 kirvənkə çay, 2 pud kişmiş, 1 pud ərik qurusu, 20-25 pud düyü və 2 kisə həna (tüklər və əllər üçün rəng), həmçinin qızın atası və anası üçün kostyum verilməlidir.
Qız evindən də oğlan evinə onun valideynləri üçün, əgər oğlanın qardaşları, bacıları varsa, onlar üçün də bu cür münasib hədiyyələr aparılırdı. Toy toyxanada (türk sözləridir - toy və xana - otaq) yəni, toy üçün otaqda üç gün davam edir. Toyda zurna çalınır, həmçinin xalq mahnılarını ifa edən aşıq oxuyur. Əksərən də “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Aşıq Qərib” dastanları oxunur. Toyda adamlardan pul yığılır.
Toyun üçüncü günü oğlanı sağdış və soldışının müşayiəti ilə çimməyə aparırlar. Çimməkdən qayıdandan sonra “Xan-xan” oyunu təşkil edirlər. Əgər toy yazda, ya da yayda olursa, onda həmin gün qurşaqtutma oynayırlar. Gündüz saat 2-3 olanda oğlanın anası, bacıları və başqa yaxın qadın qohumları əvvəlcədən hazırlanmış xonça (şirin yemək) ilə qız evinə yollanırlar. Qaranlıqlaşmağa başlayanda oğlanın ən kiçik qardaşı qırmızı kişi belbağısı ilə qızın yanına gedir. Qızgilin evinə yaxınlaşanda onu mahnı ilə qarşılayırlar, həmçinin qızılı ipək saplarla tikilmiş araxçın (kiçik papaq) bağışlayırlar. Qızın sağdışı, soldışı və qadın qonaqlar dəstəsi onu dövrəyə alırlar. Türk xalqının adətinə görə, aşağıdakı sözlərin müşayiəti ilə o, qıza qırmızı belbağı (qırmızı qurşaq hökmən deyil) bağlayır:
Anam, bacım düz gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız-gəlin.
Bu mahnıdan sonra əllərində şam sağdış və soldış gəlini ər evinə müşayiət edirlər. Onlar aram-aram yeriyirlər. Digər qadın qonaqlar onları dövrəyə alırlar. Gəlin valideyninin evindən çıxanda onlar qızlarına xeyir-dua verir və bəyə bildirilir ki, gəlin onun evinə gedir. Bəy də öz növbəsində gəlini qarşılamağa çıxır. Bəyi sağdış və soldış müşayiət edir. Bəy sağdışı və soldışı ilə gəlini dövrəyə alan dəstəyə yaxınlaşarkən təxminən 30 metr məsafədə gəlini saxlayırlar. Rəqs başlayır. Rəqs zamanı bəy gəlin tərəfə alma, ya da apelsin atır. Onu göydə tutub, gəlinə verirlər. On dəqiqədən sonra bəy ikinci almanı atır, onu da göydə tutub gəlinə verirlər. Bundan sonra gəlini bəyə yaxın aparmağa başlayırlar. Həmin vaxt bəy gəlinə üçüncü almanı atır. Onu yenə də göydə tutub, gəlinə verirlər. Bundan sonra bəy gəlinə yaxınlaşmağa və onu öz evinə ötürməyə tamamilə icazə alır. Gəlin bəy evinə gələndə ona, həmçinin də bəyə valideynləri gözaydınlığı verirlər. Daha sonra gəlini müəyyən olunmuş otağa aparırlar. O, orda qalıb, bəyi gözləyir. Bəy gələndə o, namaz qılmalıdır (dua oxuyub, dəstəmaz almalıdır) və yalnız bundan sonra gəlinə yaxınlaşmalıdır. Həmin vaxt yengə otağın qapısının ağzında gözləyir: ər arvadının qanlı ağ dəsmalını ona verəndə gəlinin qızlığının əlaməti kimi yengə bu dəsmalı onun valideynlərinə çatdırır və buna görə də xüsusi xələt alır.
Ertəsi gün bəyin yaxın qohumları və dostları ona təbrik hədiyyəsi kimi çox vaxt şirniyyatdan düzəldilmiş xonça göndərirlər, bəy də elə bu cür uyğun hədiyyə ilə cavab verməlidir.1. (1. Bəy barədə xocalıların toy adət-ənənələri Lənkəran qəzasının türklərinin adətləri ilə təxminən eynidir.)
Yeddinci gün gəlinin valideynləri öz qızlarını və kürəkənini evlərinə qonaq dəvət etməlidir. Onlara hədiyyə, xüsusilə, bahalı bəxşiş düzəldib, gəlinə (qızına) verilir.
Yerli müsəlman sakinlərin keçmişin qalıqlarını görmək mümkün olan dəfn adət-ənənələri də maraqlıdır. Ölənin bədənini yuyandan sonra onun üzüyünü şəhadət barmağına taxırlar, boynuna isə müqəddəs yerlərdən, əsasən də, üçüncü imamın - Hüseynin basdırıldığı Kərbəladan, yaxud səkkizinci imamın - Rzanın dəfn edildiyi Xorasanda Məşhəddən gətirilmiş gildən düzəldilən təsbeh keçirirlər. Xalqın etiqadına görə, bu gil imamların qəbirlərinin gili ilə qarışdırılır. Əbədi dünyadan ayrılmayan ölülər əbədi dünyaya köçür. Onlar burda yalnız ibadət edirlər, orda qiyamət günü isə bu dünyada görünürlər, özləri ilə bu muncuqları götürürlər. Muncuqlarda turbet, yəni, imamların qəbrində gil var və bunun sayəsində günahların bağışlanılmasında bir qədər yüngülləşdirici hal almaq imkanı olur. Cinsindən asılı olmayaraq ölənin ağzına əqiqdən düzəldilmiş muncuq qoyurlar. 1926-cı il fevralın 12-də Bakıda şəxsən belə bir mənzərənin şahidi olmuşam: ölən bir müsəlman qadını yuyandan sonra yuxarıda göstərilən qaydada bəzəmişdilər. Lakin artıq dəfn zamanı yada düşmüşdü ki, onun ağzına əqiqdən düzəldilmiş muncuq qoymamışlar. Ona görə də bu mərhumun anası və xalası tələb elədilər ki, qadını torpağa tapşırmamışdan əvvəl mərhumun ağzını mütləq açıb, ora muncuq qoysunlar.
Dəfn edilənlərin qəbirlərinə gil qab, metal əşyalar və bəzəklər, hərbi ləvazimat qoyulmasına gəlincə isə bu, görünür ki, qədimlərdə olmuşdur, kurqanlarda dəfn zamanı edilirdi, onda müsəlmanlarda bu adət yox olub getmişdi. İslam dini buna bənzər şeyləri qəbirlərə qoymağa ciddi şəkildə qadağan edir, lakin bütün bunlar qəbir daşlarında ölənlərin relyefli fiqurlarının və onların yanındakı əşyaların təsviri ilə əvəz olunmuşdur: ev şeylərinin, hərbi ləvazimatın, həmçinin günəşin, səkkizüzlü xonçaların və sair. Xüsusən, belə təsvirlərə - yay-kaman, oxlar, başmaqlar, qızılgül suyu üçün qablar və sairə rast gəlinir.
Təxminən 200 il ərzində yerli Azərbaycan şiə müsəlmanlarında fars ruhanilərinin təsiri ilə ölənlərin cənazələrini Kərbəlaya, ya da başqa müqəddəs yerlərə aparılması adəti kök salmışdır, lakin ölümdən bir il sonra, hətta daha sonra. Ümumiyyətlə, son 200 ildə müsəlmanların dəfn mərasimi diyarda çox bayağılaşmışdır.

 

Məhəmmədəmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı məsələləri

m.e.resulzade


Həcər Atakişiyeva
Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, ədəbiyyatşünası, publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, xalqımızın müstəqillik idealını gerçəkləşdirən, Azərbaycanın tarixi dövlətçilik ənənələrinin qoruyucusu, milli dövlət quruluşumuzu dirçəldən, milli istiqlal ideyalarının geniş təbliğ edəni, siyasi publisistik, ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr verən alimi, görkəmli ictimai-siyasi xadimidir. M.Ə.Rəsulzadə yaradıcılığında Azərbaycan ədəbiyyatı məsələlərinə daim geniş yer vermişdir. Onun publisistikasının mühüm bir qolu Azərbaycan ədəbiyyatı məsələlərinə həsr edilmişdir. M.Ə.Rəsulzadə yaradıcılığında Azərbaycan ədəbiyyatı məsələlərini mühüm bir amil kimi dəyərləndirirdi. Ədib ədəbiyyatı milyonlarla insanların və bir çox nəsillərin müştərək dəyəri kimi qiymətləndirir. M.Ə.Rəsulzadəyə görə, ədəbiyyat insanı xüsusəndə gənc nəsli vətənpərvərlik ruhunda təlim-tərbiyə edir və gəncləri öz soykökünə, tarixinə, adət-ənənəsinə vətəninə, xalqına fayda verə bilən əxlaqlı bir insana çevirir. Məhəmmədəmin Rəsulzadənin fikrincə Azərbaycan ədəbiyyatı xalqın milli azadlığını, istiqlal ideyalarını, dini birliyini, dilini və mədəniyyət birliyini təbliğ edən ən öndə amillərdəndir. Ədib ədəbiyyatın cəmiyyət üzərindəki rolunu və əhəmiyyətini yüksək qiymətləndirirdi. Onun ədəbiyyatımızın qorunmasında, inkişafında mühüm xidmətləri olmuşdur. M.Ə.Rəsulzadənin ortaq ədəbiyyata dair fikirləri bu gün də aktualdır. O, XX əsrin əvvəllərində ortaq ədəbiyyat məsələsi barədə fikirlər irəli sürmüş və türk ölkələrinin mütəfəkkirləri ilə bu barədə müzakirələr aparmışdır. Ədib bütün türklər üçün ortaq türk ədəbiyyatını təsis etmək fikrini qətiyyətlə müdafiə edirdi. M.Ə.Rəsulzadə ortaq ədəbiyyatın yaranmasının başlıca şərti kimi türk millətləri arasındakı mədəni birliyi görürdü. Türk dünyasının vahid əlifbaya keçid etməsi ortaq türk ədəbiyyatını təsis etməyin ən başlıca şərti idi. M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatı barəsindəki bir sıra görüşləri bu günümüzdə də öz aktuallığını saxlamaqdadır. Ədib Azərbaycanın müstəqillik ideyasının daşıyıcısı, Azərbaycan milli-siyasi təfəkkürünün təmsilçisi, Şərqin ən böyük mütəfəkkirlərindən biri kimi adını tarixə yazmışdır. Onun ideologiyası, siyasəti, milli düşüncəsi, milli ədəbiyyata, ana dilinə, teatra və s. kimi sahələrə dair yazıları, kitabları, məqalələri M.Ə.Rəsulzadə adını tarixə əbədi yazmışdır. Ədibin mütəfəkkir və kulturoloji fenomen kimi məşhurlaşmasında onun ədəbi yaradıcılığının, ədəbiyyatşünaslıq görüşlərinin, qələmindən çıxan əsərlərinin, yazılarının mühüm rolu olmuşdur. M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatının incisi sayılan əsərləri içərisində ən önəmlilərindən biri də Azərbaycanın böyük ədəbi şəxsiyyətlərindən biri olan Nizami Gəncəviyə həsr etdiyi “Azərbaycan şairi Nizami” əsəridir. Əsərdə Azərbaycan tarixi, milli düşüncəsi, bölgədə gedən proseslər ədəbi-bədii və publisistik formada öz ifadəsini tapmışdır. M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatını tədqiq edərkən, onda milli düşüncənin köklərini, Azərbaycanın keçmişindən bu gününə qədər olan tarixini, bu günündən sabahına gedən yolunu araşdırır. M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatı üçün olduqca önəmli simadır, belə ki, o, böyük düşüncə sahibi, qlobal ideyaların daşıyıcısı, şeirlər, publisistik məqalələr yazan yazıçı, teatrı, musiqini, ədəbiyyatı dərindən bilən mütəfəkkirdir. M.Ə.Rəsulzadə çağdaş Azərbaycan tarixini və çağdaş Azərbaycan ədəbiyyatını özünün əsərləri olan “Çağdaş Azərbaycan Tarixi” və “Çağdaş Azərbaycan Ədəbiyyatı” əsərlərində dərindən bir mütəfəkkir kimi tədqiq etmişdir. M.Ə.Rəsulzadə milli düşüncəni, istiqlalı böyük mütəfəkkir kimi ədəbi-bədii yaradıcılıq yolu ilə xalqın düşüncəsində formalaşdırmağa nail ola bilmişdir. M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatının dərin bilicisi olmasında onun gənc yaşlarından ictimai həyatda, ətrafında baş verən proseslərə aktiv diqqət yetirməsi mühüm rol oynamışdır. M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatının dərin bilicisi olmaqla yanaşı özü də əsərlər yazırdı. Onun «Qaranlıqda işıqlar» pyesi milli oyanışa və istiqlal hərəkatının təbliğinə həsr olunmuşdur. M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatını zənginləşdirən daha bir əsəridə «Nagəhan bəla» adlı pyesidir. M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatını tədqiq edərkən, onun coğrafi quruluşunu, sularını, əhalinin məşğuliyyətini, ticarətini, sənətkarlıq məsələlərini, təsərrüfat həyatını, ictimai-siyasi vəziyyətini, mövqeyini, siyasi vəziyyətini də dərindən araşdırma obyekti kimi seçmişdir. Məhəmmədəmin Rəsulzadə Azərbaycan ədəbiyyatının müasir ədəbi qurucularındandır. Ədib yaradıcılığında Azərbaycan ədəbiyyatı ilə rus ədəbiyyatının və Osmanlı ədəbiyyatının müqayisəli təhlilini vermişdir. M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatını dərindən bilən ədib kimi Nəriman Nərimanovun "Bahadır və Sona" əsərini hələ məktəbdə ikən oxuduğunu yazır. Ədib Nəriman Nərimanovun "Bahadır və Sona" əsərini özünün "Bahadır və Sona" məqaləsində belə təhlil edir. “Nəriman cənabları bunları tamamilə qət və teyy etmək fikrinə də düşməmişlərdir. Bəlkə də öz yanlarında bu məsələlər az-çox həll olunmuş bir şəkildədir və təfsilatını istərlərsə, daha mükəmməl və daha müfəssəl surətdə qələmə almaqla qarelərini müstəfid edərlər. Fəqət bu qədər var ki, hərəsi bir kitaba mövzu ola biləcək qədər əsaslı fikirləri “Bahadır və Sona’’da zikr etməklə müəllif cənabları istəmişlər ki, bu gün həllinə çalışmaq lazım gələn məsələləri təlxis edərək müzakirəyə, ədəbiyyat müzakirəsinə qoysunlar. Bu məsələlər haqqında aşağıda biz də öz mütaliəmizi yazacağız. “Bahadır və Sona" müsəlmanlığa və türklüyə aid məsələləri tizkar etdiyi halda əsasən milliyyət fövqündə, beynəlmiləl və insani bir fikrə istinadən yazılmışdır. Burada milliyyət və məzhəb ixtilafının nəticəsində ən səmimi, ən biqərəz və ən müqəddəs eşq və məhəbbətlərin necə pamal olduğu və “cəhətsiz", “səbəbsiz" ayrılıqların Bahadırın təbirincə: "uçurum dərələr"in nə yıxıcı və nə xarabedici bir qüvvət olduğu şairanə bir surətdə göstəriliyor. Bahadır bir müsəlman tələbəsidir. Ürəyi millət eşqilə yanıyor. Yaxınlarına mənfəət gətirmək müntehayi-amalıdır” [8,278].
M.Ə.Rəsulzadə "Bahadır və Sona" məqaləsində Nəriman Nərimanovun "Bahadır və Sona" əsərini olduqca ətraflı, dolğun bir şəkildə oxucuya çatdırır. M.Ə.Rəsulzadənin "Bahadır və Sona" məqaləsini oxuyan oxucu Nərimanovun "Bahadır və Sona" əsəri haqqında dolğun məlumata sahib olur. Bahadır və Sonanın qovuşmasına əngəl olan din ayrılığı vüsala çatmağa mane olur. Maneə o idi ki, Bahadır xristian deyildi. M.Ə.Rəsulzadə Bahadırın özünü öldürməsini, Sonanın isə bu dərdə dözməyərək, dəli olmasını insani fikirlərin, böyük niyyətlərin və ülvi əməllərin puç olması kimi qiymətləndirir. M.Ə.Rəsulzadə "Bahadır və Sona" əsərinin forma və məzmun cəhətdən belə qiymətləndirir. “Romanın ibtidaları, dedik ki, Nəriman cənablarının qələm təcrübəsinin ibtidalarını təşkil ediyor. Bu, hətta təsviratında da müşahidə olunur. Məsələn, kitabın baş tərəfindəki, təsvirat zəifcədir. Cümlələrinin səlasətinə, vüzuhinə, başqa təbirlə bəlağət və fəsahətinə də söz var. Romanın o fəci, o müəssir və yandırıcı nəticəsini tovlid edən görüşü, o göy çəmənliklər içində sərilən "mərmər sinə", o bahar təbiətinin gözəlliyi ilə əl-ələ verib həssas ruhları çalıb götürən gəzəllik ilahəsi, o gözəl pəri məncə lüzumu qədər təsvir olunmamışdır. O təsadüfdəki, şer və həssasiyyatın hamısını Nəriman hiss etmiş, görmüşdür. O lətaifə, o nazlıqlara mütləqa nəzəri-nüfuz eləmişdir. Yalqız o vaxt ki qələmində bütün gördüklərini təsvirə qüdrət olmamışdır. Romanın insanı ağladacaq qədər müəssir olan axırını yazan və o fəciəni təsvir edən qələm Nərimanın o vaxt əlində olsaydı, Bahadır və Sona romanının ibtidası sonu qədər parlaq çıxacaqdı. Təcrübəsizlik təsirilə romanın birinci hissələrində başqa qüsurlara da meydan verilmişdir. Məsələn, birinci səhifədə böylə bir cümlə oxuyuruz: “Gün məğribə yavuqlaşdı. qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verib gərdişin coməridlik anlıyorsan, böylə bir gözəl vaxtda haman meşədə tək yaşıl otun üstünə sərilmiş gözəl bir qız görsəniz isə mənzərə daha artıq surətdə gözəl görünür..."[8,281].
M.Ə.Rəsulzadə Üzeyirbəy Hacıbəyovun "Əsli və Kərəm və “Leyli və Məcnun" operalarını çox yüksək qiymətləndirərək, yazırdı. “Müsəlman operasının aktyorları həqiqətən gözəl oynayırlar. Və kim nə deyirsə-desin Üzeyirbəy Hacıbəyovun təlif etdiyi əsərdə bir zövqlədəbi və musiqi vardır. Xıncaxınc dolmuş olan teatrda oyunun və musiqinin məharətlə ifası nəticəsi olaraq müsəlman tamaşaçılarına xas olan bir səs və bir səda da yox idi. Hər kəs valeh olmuş, hər kəs Kərəmin o lahuti eşqinə mütənasib ahəngi nəqəmatə candilden bənd olmuşdu. “Əsli və Kərəm" bir yerə cəm etmiş olduğu Şərqi və Qərbi nəğmələrdən başqa mənə bir şey nöqteyi-nəzərindən daha çox yarındı. Bu da orada mühüm bir yer tutmuş olan "türk havasfdır, saz havası. Çox təəssüf ediyoram ki, toylarımız milli saz aşıqlarımızın əlindən çıxıb gürcü ğəzzallarına və gürcü zurnaçılarının düdüklərinə giriftar oluyor, bunun intiqamını mən keçən cümə gecəsi Sarabskinin Kərəm sifətilə oxuduğu türk havaları ilə alıyordum. Və əgər mümkün olsaydı qalxıb xalqa deyəcəydim ki: Görünüz bəyənmədiyiniz milli aşıqlarımızın havası nə qədər dilrübadır, nə qədər cazibdir. Milliyyət hissini itirməyənlər və milliyyət ruhundan uzaqlaşmayanlar üçün aşıq Kərəmdə, Koroğluda və bunun əmsalındakı nəğmələrdə o qədər ülvi hisslər və o qədər geniş zövqlər vardır ki, onu ancaq saz nəğməsilə oxunduğu zaman hekayə qəhrəmanının dərdinə tamamilə aşina ola bilən köylülər qədər saf və pak ürəklərimiz anlaya bilərlər. Zənn ediyoram ki, möhtərəm musiqarımız Üzeyirbəyin milli nəğməxanlarımız olan saz aşıqları ilə milli romanlarımız olan aşıq hekayələrini daha ziyadə tədqiq edəcək olurlarsa əsil türk alemində payidar ola biləcək əbədzində əsərlərim bundan sonra yazacaqlardır”[8,302].
M.Ə.Rəsulzadə "Balalara hədiyyə" məqaləsində Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı haqqındakı tədqiqat işini yüksək qiymətləndirmişdir. Ədib elmin, savadın gənc nəslə uşaqlıqdan öyrədilməsinin nə qədər gərəkli olduğunu bildiyi üçün Firudin bəy Köçərlinin əməyini yüksək dəyərləndirirdi. Belə ki, M.Ə.Rəsulzadə Firudin bəy Köçərlinin vətəninin balalarına hədiyyə etdiyi milli məcmuəsini tədqiq edərək yazırdı. “"Balalara hədiyyə”nin öz babında münfərid olduğu ilə haiz olduğu nəfasət o qədər dəyərlidir ki, ondan biltəkrar bəhs edilərsə soyuq düşməz. Binaən əleyh mən də iqtidarlı müəllimimizin bu dəyərli əsərindən bir az bəhs edərsəm nabemövsüm sayılmaz. Məlumdur ki, bizdə uşaq ədəbiyyatı yox kimidir. Axırıncı bir-iki ildən bəri uşaq ədəbiyyatı naminə bir çox xırda-mırda kitabçalar yazılmışsa da bunların çoxusu gərək üsuli-təlim və gərək digər mülahizəsi ilzam olan nöqteyi-nəzərdən məktəb uşaqlarına veriləcək əsərlər deyildir. Məəmafih bu xüsusda ki, bütün nəvaqisimizlə bərabər, biz Rusiya türkləri uşaq ədəbiyyatı haqqında göstərdiyimiz təşəbbüslərimizlə türk ədəbiyyatının hakim bir mövqeini işğal edən istanbula belə faiqiz. Hələ Firudin bəyin “Uşaqlara hədiyyə”si kimi şahkar bir əsər deyil, türk aləmində aləmi-islamın, bilcümlə nüqatində daha yazılmamışdır. Bəzi üsuli-tədrisdən bixəbər, fəqət milliyyət məhəbbətilə sərşar olanların uşaqlara məxsus olmaq üzrə yazdıqları əsərlər vardır ki, balaca balalara məxsus olmaq üzrə yazdıqları əsərləri milliyyət və vətəniyyət məfhumlarının böyüklərcə belə anlaması bir çox izahata bağlı olan şeylərlə doldurulur. Öylə düşünülüyor ki, vətənpərvəranə məqalələr və millətpərəstanə cümlələrlə uşaq milliyyət və vətən hissi nə olduğunu anlar...”[8,323].
M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin banisi olan Nəriman Nərimanovun yaradıcılığını olduqca yüksək qiymətləndirir. Ədib Nəriman Nərimanovun “Nadir şah" dramını yazmaqla Azərbaycan xalqında milli şüuru inkişaf etdirdiyini bildirmişdir. M.Ə.Rəsulzadənin fikrincə, Nəriman Nərimanov “Nadir şah" dramı ilə xalqı maarifləndirməklə onu xoş gələcəyə çatdırmağa nail olmuşdur. Əsər N.Nərimanovun siyasi baxışının nümunəsi idi. N.Nərimanovun cəsarətli, müstəqil düşüncəli fikirlərini dəstəkləyən M.Ə.Rəsulzadə “Nadir şah" faciəsi haqqında yazır. “Kitabların, bilxassə drama əsərlərinin adları qısa və muciz olmaq lüzumu nöqteyi-nəzərindən dəxi “Nadir şah" heç bir əlavə və "ziynetə" möhtac deyildir. Bu kimi özbaşınalıqlar daima xeyirdən çox zərər yetirir. Bunlardan vaz keçilsə müvafiqdir. Əgər ümumiyyət üzrə soruşulursa "Nadir şah” oyunu gözəl keçdi. Mənzərələr, qiyafələr, oyunlar, pyesdəki keçirməkdə olduğumuz tarixi vaqeələr nöqteyi-nəzərindən mövcud olan əhəmiyyət və bəzi dövlət idarəsinə aid olan lüzumlu fikirlər əl-ələ verib tam bir müvəffəqiyyət vücuda gətirir və hər kəsdə bizdə dramanın dirildiyinə aid bir ümid oyadır idi. Eyibsiz gözəl olmaz” [8,497].
M.Ə.Rəsulzadə Cəlil Məmmədquluzadəni "İkinci Axundovumuz" adlandırırdı. Ədib C.Məmmədquluzadənin "Ölülər" pyesini N.V.Qoqolun "Müfəttiş" əsəri ilə müqayisə edərək yazır. "Fəqət "Ölülər", əlbəttə, "Revizor"un kopiyası degildir. "Ölülər" istedadlıqla, sənətkarlıqla, həyati bilərəkdən və sənətdə bir məqsəd təqib edərəkdən müəlla müsəlman həyatına köçürülmüş bir "Revizor"dur" [9,398].
M.Ə.Rəsulzadə "Əsrimizin Siyavuşu" əsərində Azərbaycanı "Yeni Turanın açarı" adlandırır. Şərq dünyasını kökündən uzaqlaşmaqda ittiham edir. Azərbaycanı yeni Turanın açarı, keçmiş Turanın isə gənc, igid, dəliqanlısı adlandırır. Türklüyün, ərəbliyin, farslığın İslam vasitəsilə ortaq bir mədəniyyət dünyası formalaşdıra biləcəyi fikrini irəli sürür. "İslamlıq bu millətlər arasında müştərək bir mədəniyyət vücuda gətirmişdir. Necə ki, bir xristian mədəniyyəti var - buna Avropa mədəniyyəti də deyirlər. Necə ki, İslam mədəniyyətinə Şərq mədəniyyəti deyilir" [3,14].

Ədəbiyyat siyahısı:
1. Rəfiyev B. Aysberqin sualtı hissəsi. Bakı: Gənclik, 1995, 35 s.
2. Rəsulzadə M. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 112 s.
3. Rəsulzadə M. . Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, 110 s.
4. Rəsulzadə M. . Azərbaycan şairi Nizami. Bakı, Azərnəşr, 1991, 325 s.
5. Rəsulzadə M. . sərləri: I c., Bakı: Azərnəşr, 1992, 470 s.
6. Rəsulzadə M. . Bolşeviklərin Şərq siyasəti. Bakı: Sabah, 1994, 134 s.
7. Rəsulzadə M. . Azərbaycan davası. Bakı: Ay-ulduz, 1998, 64 s.
8. Rəsulzadə M. . Əsərləri. II c., Bakı: Şirvannəşr, 2001, 528 s.
9. Rəsulzadə M.Ə. Əsərləri. III c., Bakı: Elm, 2012, 596 s.

Hüseyn Cavidin “Topal Teymur” dramında türk ədəbi mühiti

Topal Teymur 1983
Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Topal Teymur” dramının tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Topal Teymur” dramında qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun tarix və şəxsiyyət konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavid 5 pərdəli “Topal Teymur” əsərini 1925-ci ildə tarixi dram janrında, nəsrlə qələmə almışdır. Əsərdə Əmir Teymur kimi tanınan Orta Asiya türklərinin fatehi Teymurdan bəhs edilir. Tarixi dram ilk dəfə 1926-cı ildə Bakıda səhnəyə qoyulmuşdur. Hüseyn Cavidin “Topal Teymur” əsəri müəllifin müharibəyə, zorakılığa və ədalətsizliyə həsr olunan əsərlərindəndir. Dramaturq əsərində əsas ideya kimi müharibəyə bəslənən nifrəti təbliğ edir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramında iki tarixi şəxsiyyətin Topal Teymur ve Bəyazidin arasındakı ədavət tənqid edilmişdir. Qardaş xalqların müharibə etməsinin ən utancverici bir hal olduğu vurğulanmışdır. Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Topal Teymuru qüdrətli, həqiqətləri söyləməkdən boyun qaçırmayan, hikmətli və dəyərli fikirləri olan, mənəvi dəyərlərə və ənənələrə sadiq qalan biri kimi təsvir etmişdir. Dramaturqun “Topal Teymur” əsərinin Azərbaycan ədəbiyyatındakı tarixi əhəmiyyəti, ədəbi-bədii və ideya-fəlsəfi qayəsi, tərbiyəvi mahiyyəti, elmi-nəzəri mövqeyi olduqca vacibdir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramının əsas qəhrəmanı olan Teymur obrazı XX yüzilliyin türk hökmdarlarına bir örnəkdir. Əsərdə Topal Teymur və Bəyazidin simalarında qardaş çəkişmələri nəticəsində türk etnosunun qlobal səviyyədə nüfuz və hörmətinə dəyən zərər vurğulanmışdır.
Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Teymurun tarixi bir şəxsiyyət kimi orijinal, bənzərsiz obrazını maraqlı və yaddaqalan yaratmışdır. Əsərdə Topal Teymurun tarixi qələbələri və tarixi məğlubiyyətləri geniş bir şəkildə təsvir olunmuşdur. Əsərin baş qəhrəmanı olan Topal Teymurun duyğu və düşüncələri, narahatlıq və təəssüfləri, həyəcan və heyrətləri əsərdə dolğun təsvir olunmuşdur. Hüseyn Cavid “Topal Teymur” tarixi dramını orta əsr türk cəngavərləri olan Topal Teymur və Yıldırım Bəyazidə həsr etmişdir.
Hüseyn Cavidin “Topal Teymur” tarixi dramının Azərbaycan ədəbiyyatındakı əhəmiyyəti onun tədqiq olunmasının vacibliyindəndir. Ədibin dramaturgiyasının zirvə əsərlərindən olan “Topal Teymur” əsəri özünün spesifikliyi, özünəməxsusluğu ilə həmişə seçilən ədəbi əsərdir. Əsərin baş qəhrəmanı olan Topal Teymurun xarakteri, düşüncəsi, özünüdərki, mənəvi saflığı, ucalığa dair fikirləri, mənəvi azadlığı və arzuları olduqca əhəmiyyətli bir dərəcədə təsvir olunmuşdur. Ədib əsərdə Topal Teymuru ideologiyasına, şüuruna, özünü dərk etməsinə görə görkəmli dövlət xadimi, məşhur sərkərdə, tarixi şəxsiyyət kimi təsvir etmişdir. Hüseyn Cavidin “Topal Teymur” pyesi Şərq tarixinin ictimai-siyasi həyatını, Topal Teymurun şəxsiyyətini, həyat və fəaliyyətini təbliğ və tanıtmaq baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hüseyn Cavid Əmir Teymuru qüdrətli şəxsiyyət və türk zəfər tarixinə şanlı səhifələr yazan görkəmli dövlət xadimi, məşhur sərkərdə, türk mədəniyyətinə töhfələr verən kimi təsvir etmişdir. Əsərdə iki Türk tarixi şəxsiyyət müqayisəli təhlil olunmuşdur. Hüseyn Cavidin “Topal Teymur” pyesində tarixi şəxsiyyətlər olan şair Kirmaninin və Şeyx Buxarinin fəlsəfi görüşləri təqdim edilmişdir. Əsərdə Topal Teymurun bədii portreti yaradılmışdır. Əsərdə Türk cəngavərinin türk ədəbi mühitinə, mədəniyyətinə verdiyi töhfələr, türk tarixinə göstərdiyi münasibət ümumiləşdirilərək, göstərilmişdir. Teymur zəngin mədəniyyətə və tarixə sahib olması ilə fəxr edirdi. Əsərdə Topal Teymurun mürəkkəb və eyni zamanda ziddiyyətli həyat və yaradıcılıq yolu təsvir olunmuşdur. O, ömrü boyunca həqiqət, ədalət, səadət axtarışında olmuşdur. İztirablı, mürəkkəb bir həyat yolu keçmişdir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı Türk dünyasında özünün dərin fəlsəfi məzmununa, ümumbəşəri ideyalarına və milli xüsusiyyətlərinə görə seçilir. Belə ki, əsərdə Türk aləmində mövcud olmuş ideyalar, cəmiyyəti narahat edən problemlər ailə və bəşəri məsələlər, realist gerçəkliklər, mənəvi mədəniyyətinə münasibət, xalqının mədəniyyətini yüksəklərə qaldırmaq, millətinə sadiq qalmaq məsələlərinin həll yolları göstərilmiş və bədii həlli təqdim olunmuşdur. Əsərdə Topal Teymur millətinə həddindən artıq xidmət edən, özünün və ailəsinin həyatı və sağlamlığını qoruyan, türkçülük ideyalarının alovlu tərənnümçüsü, bütün türk dünyası üçün mühüm işlər görmüş biri kimi təqdim olunur. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı Azərbaycan ədəbiyyatında türkçülük ideyalarının inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Hüseyn Cavid əsərdə Topal Teymurun müharibəyə, əsir etdiyi dinc əhaliyə, düşmənə, sənətə, mədəniyyətə, qadına, türklüyə münasibətləri fonunda özünün ideal hökmdar obrazını yaratmışdır. Dramaturq real tarixi şəxsiyyət olan Topal Teymuru türk və cahan tarixinin görkəmli şəxsiyyəti kimi təqdim edir. Əsərdə Əmir Teymurun türk xalqının böyük sərkərdəsi kimi göstərdiyi xidmətlər özünün bütün əzəmət və ziddiyyətləri ilə təqdim olunmuşdur. Ədib tarixə sadiq qalaraq, Əmir Teymurun şəxsiyyətini məğrur hökmdar və şücaətli qəhrəman kimi təsvir etmişdir. Cahan tarixinin görkəmli şəxsiyyəti olan Topal Teymur cəsarəti, hünəri, yenilməz şəxsiyyəti ilə seçilir. Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Əmir Teymurun Səmərqənddəki sarayını belə təsvir etmişdir. “Şərq zevqinə uyğun süslü bir salon... Salonun içi Türküstan, İran və Hindistan məfruşatilə döşənilmiş... Dört guşədə gümüşdən yapılmış birər qartal, ortada altın sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baqımlı və çiçəkli gözəl bir bağça nəzərləri oqşar”.
Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Əmir Teymurun sərkərdəsi olan Orxanın sözləri ilə Türk aləminin qayəsini izah edir. “Biz türklər çadır altında doğar, açıq səhralarda, qanlı müharibələrdə ölürüz. Bəncə mübarizəsiz bir ömür, ömür deyil... Biz türklərə qürur və nəşə verən bir şey varsa o da müharibə, o da qalibiyyətdir”. Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Türk dünyasını dahi şəxsiyyətinin sözlə portretini yaratmışdır. Bu təsviri oxuyan oxucu Teymurun görkəmi haqqında dolğun məlumat alır. “O, ortaboylu, qəvi bünyəli, yüksək alınlı, iri başlı, rəngi ağ, yüzü azacıq qanlı, omuzları geniş, parmaqları yuvarlaq, qalçaları uzun, əzəlatı qayət sağlam bir şəxsiyyətdir. Vücudunun düzgünlüyündən ayağındakı aqsaqlıq bir o qadar gözə çarpmıyor. Səsi güclü və gurultuludur. Asya üsulu geniş və açıq ətəkli ipək kaftan (çapan) büründüyü halda baş örtüsü keçədən yapılma məxruti bir külahdan ibarətdir. Külahın təpəsində inci və sair mücevhərat ilə süslənmiş uzunca bir yaqut püskül bulunur”. Dramaturq əsərdə Topal Teymurun yaşıl ovalar içində qurdurduğu çadırlardan, Ərəbistan və İrana məxsus sırapərdələrdən, Hindistandan gəlmə canbaz və oyunçulardan, mizahçı və lətifəçilərdən, rəqqas və rəqqasələrdən, pəhləvanların güləşməsindən, yaşıl-qırmızı rənglərlə boyanmış fillərin oynadılmasından, xanəndə və sazəndələrdən, yarış və əyləncələrdən, dəbdəbə və ehtişamanlı mənzərələrdən, Səmərqənddəki möhtəşəm saraylar və ali mədrəsələrdən, böyük məbədlər və abidələrdən, fəth və zəfər tarixindən bəhs edir. Hüseyn Cavid “Topal Teymur” əsərində Topal Teymur ilə şair Kirmaninin nəcib və mehriban münasibəti ilə dahi şəxsiyyətin ədibə, ədəbiyyata verdiyi dəyəri göstərirdi. “Bəxtiyar şair! Səni sərməst edən tatlı xəyal, yalnız xoş bir təsəllidir. Bununla bərabər sən pək böyüksün, əvət, sənin kibi dəyərli simaların qədr və qiyməti anlaşılsaydı, bənim kibi topallar soldakı sıfır qadar mənasız qalırdı. Siz yarasalar ölkəsində, korlar məmləkətində parlayan bir günəşsiniz. Əfsus ki, insan adını daşıyan ikiayaqlı həşərat pək qaba və pək səfil bir şey... İştə şu qaba və miskin həşəratı uslandırmaq için, onların pas tutmuş kirli vicdanlarını yıqamaq için yalnız Teymur qılıcı lazım... Əvət sevgili şair! İnsanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar”. Əsərdə “Teymurnamə” müəllifi olan şairlə Teymurun xoş, nəzakətli, nəcib və mehriban münasibəti onun xarakterinin bitkinliyindən məlumat verirdi. Əsərdə Teymur öz amalını belə izah edir. “Bən məğrurları əzmək için yaradılmış bir allah bəlasıyım. Tökdüyüm qanlar da yalnız haq və ədalət namınadır”. Əsərdə Divanbəyinin sözləri ilə Teymurun incəsənətə, ədəbiyyata, şairə, alimə qarşı olan fikir və düşüncələri təsvir olunmuşdur. “Şair Kirmani böyük ruhşinasdır. O, pək gözəl biliyor ki, Teymur hökumətləri yıqar, məmləkətləri yaqar; ən məğrur hökmdarları əzər, ən şücaətli qəhrəmanları qəhr edər, fəqət dəyərli şair və ədiblərə, alim və fazil şəxslərə qarşı da o nisbətdə hörmət və məhəbbət bəslər. İştə Səmərqəndin evləri, misafirxanələri deyil, şəhər ətrafındakı köşklər və bağçalar belə uzaqdan gələn fən və sənayeyinəfisə ərbabına kafi gəlmiyor. Yalnız Şərq devlətləri deyil, hətta Qərb hökumətləri də elçi və ticarət nümayəndələri göndərməkdən geri durmuyorlar”. Hüseyn Cavidin “Topal Teymur” əsərində Topal Teymurun tacir və ticarətçilərə qarşı olan fikirləri olduqca önəmlidir və onun fikir və düşüncələrinin qayəsini izah edir. “Tüccar və sənətkarlara daha çoq sühulət və hörmət göstərməli. Çünki cihan, ancaq ticarət və sənaət sayəsində rifah bulur. Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda məmləkətimiz arslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaşatmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir adım, gələcək için bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər için birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir”. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramında Yıldırım Bəyazid Topal Teymura olan nifrət və hiddətini belə ifadə edir. “Bən üzərimə gələn qocaman Səlib ordularını qəhr etdim. Fransa və Almaniya cəngavərlərini püskürtdüm. Lehistan, Avstriya və İtaliya əskərlərini bir hücumda əzdim. Hətta qorqusuz Jan kibi məşhur bir qəhrəmanı belə hiçə saydım. Şimdi Teymur kibi bir sərsərimi bəni qorqutacaq? Ah, kor olsun fələyin gözləri. Gör kimlər bana meydan oquyor”. Əsərdə Yıldırım Bəyazid qələbələr qazanmasının səbəbini belə izah edir. “Bursadakı işlər məlum. Hər ay xəbər yazıb göndərmişəm. Son həftələrdə isə Anadoludakı bəylərə gözəl rütbələr vəd etdim, həpsini tərəfimizə keçirdim. Oradakı tatar və türkmənlərin başçılarını çağırdım, məhəbbətlərini qazandım. Bütün Anadolu əskəri bizim tərəfdə, şimdicə təslim olurlar. Yalnız Rumeli sancak bəyləri, yeniçərilər və serb əskərləri Yıldırım itaətində. Fəqət, orduda pozuqluq olunca, onlar da bir şey yapamazlar, çabuq şaşırırlar”. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramının sonu olduqca ibrətamiz sonluqla bitir. Belə ki, əsərin sonunda Osmanlı sultanı Yıldırım Bayazidlə Topal Teymurun görüşü təsvir olunur. Topal Teymura əsir düşən Osmanlı sultanı Yıldırım Bayazid keçmişdə ona yazdığı təhqirli məktubun cavabında Teymurun onu cəzalandıracağını düşünür, lakin Teymur hümanizm göstərərək, onun günahından keçir. Osmanlı sultanı Yıldırım Bayazidi şair Kirmaninin səmimi və coşqun ahəngli şeiri ilə qarşılayır. “Məhəbbət! Məhəbbət!.. Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun”. Topal Teymur Osmanlı sultanı Yıldırım Bayazidin məğlub olduğu üçün məyus olduğunu görüb, ona təsəlli olacaq fikirlər söyləyir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı Türk dünyasının dahi şəxsiyyəti Əmir Teymurun ibrətli sözləri ilə bitir. “Hiç məraq etmə, xaqanım! Sən kor bir abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə qadar dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə... sənin kibi bir kor, bənim kimi bir topal müsəllət olmazdı”. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı təsvir etdiyi dövrün bədii həllinə və təhlilinə geniş yer verdiyi və xüsusi diqqət yetirdiyi üçün olduqca böyük əhəmiyyətə sahibdir. Əsərdə Türkçülük milli ideal kimi təbliğ edilir və onun tarixi mövqeyi analiz olunur. Ədib “Topal Teymur” əsərində mənəvi-əxlaqi və ictimai-siyasi problemlərə yüksək həssaslıqla yanaşmışdır.
Həcər Atakişiyeva

Hüseyn Cavidin “Afət” faciəsində realizmlə romantizmin heyrətamiz vəhdəti

cavis afet

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Afət” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Afət” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavid 4 pərdəli “Afət” faciəsini 1922-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə toxunulmuşdur. H.Cavidin “Afət” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Afət” faciəsində türk zadəgan mühitində, kübar ailələrində olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Afət” faciəsinin baş qəhrəmanı olan Afətin xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib bir qadın idi. Afət kübar və zadəgan bir xanımdır. Hüseyn Cavid “Afət” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Afət mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çılğınlığına, romantik duyğularına məğlub olmağına, məhəbbətində hüdud tanımamağına, qisas almağa meyilliliyinə görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Nifrət və intiqam Afət obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət 33 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. Hüseyn Cavid “Afət” faciəsində burjua-zadəgan mühitinin iç üzünü obrazların öz dili ilə ifşa edir. Doktor Qaratayın sözləri ilə maarif müdiri Xandəmirin əməllərini ifşa edib, cəmiyyətin bu cür simalarını ifşa edir. “Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı halda hovarda, az bir maaşla pək zəngin... Daha nə istərsin. Bütün arqadaşları arasında “Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur”. H.Cavid “Afət” faciəsində qadına olan hörmət və məhəbbətini doktor Qaratayın sözləri ilə bildirir. “Qadınsız bir məclis, gülsüz bahara, bülbülsüz çəmənzarə bənzər. Gerçəkdən, qadın həyat, həyat isə qadın deməkdir”. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət doktor Qaratayın eşqindən əbədiyyətən əmin olmaq və doktor Qaratayın onu bütün mənliyi, bütün həyatı və səadəti ilə sevməyini istəyirdi. Afət pyesdə xəyanəti heç bir vəclə qəbul edə bilməyən xarakteri ilə seçilir. H.Cavid Afət obrazının vasitəsilə dövrünün qadınlarından fərqli bir qadın xarakteri yaratmışdır. Afət qorxmazdır, intiqam almaq onun xarakterinə yad deyil. “Ancaq şu qadar var ki, aldadılmaq istəməm, aldandığımı duysam məhv olurum. Həm də pək kinliyim, anlıyormusun? Bəni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa belə intiqam alırım, intiqam!.. Əvət, bən, pək kinliyim. Bəni təhqir edənlər Əzrailin qucağına atılmış olurlar”. Əslində H.Cavid “Afət” faciəsinin əsas obrazı olan Afətin simasında həyat yoldaşını sevməyən, ona məhəbbəti olmayan qadınların faciəsini yaratmışdır. Belə ki, gənc Afət həyat yoldaşı Özdəmiri əsla sevmir, ondan canını qurtarmaq üçün bir çarə, bir dərman, bir zəhər, bir atəş axtarırdı. Afət əsərdə həyat yoldaşını sevməyən, ona məhəbbəti olmayan qadın kimi təsvir olunmasına baxmayaraq, o, Özdəmirin qızlarına ana qayğısı ilə yaxınlaşır. Onlarla lətif, məsum davranır. Əsərdə Özdəmiri səfil edən onun sərxoşluğu və sərsəriliyidir. Faciədə gənc Afətin və onun həyat yoldaşı Özdəmirin keçmişləri və indiləri Ərtoğrulun dilindən belə təsvir olunur. “O, bu şəhərə gələli çoq deyil... Eşitdiyimə görə pək kibar və alafranqa bir ailəyə mənsub imiş. Fəqət böyük bir fəlakət birdən-birə evlərini söndürmüş, varyoqları əldən çıqmış, babası fəqir düşüncə qızını Özdəmirə vermiş... Şu hərif də gündəngünə poslayı şaşıraraq ailəsini düşünəməz olmuş... Şimdi hər gün bir oteldə sərxoşca vaqıt keçiriyor. Evə gəldiyi zamanlarda Afəti pək qabaca təhqir ediyormuş... Təbii Afət də şu qabalığa dayanamıyaraq ondan soyuyacaq və get-gedə Qaratay kibi macəraçılara ısınmağa məcbur olacaq”... H.Cavid “Afət” faciəsində doktor Qaratay ilə Özdəmirin xarakterlərini müqayisəli şəkildə təhlil edir. Afət doktor Qaratay ilə Özdəmirin xarakterlərini, hərəkətlərini, həyatlarını, cəsarətliliklərini müqayisəli şəkildə təhlil edərək, doktor Qaratayı seçir. Afətin doktor Qaratayı seçməsində əsas səbəb o idi ki, onu dürüst, şən, insaflı, dəliqanlı, mərhəmətli, qürurlu və əzəmətli biri kimi tanıyır. Həyat yoldaşı Özdəmiri isə doktor Qarataydan fərqli olaraq, insafsız, mərhəmətsiz, nəzakətsiz, duyğusuz, məcəraçı, olduqca sərvət və şöhrət düşkünü bir kimi bilir. Afətin doktor Qarataydan istəyi sonsuz məhəbbət və səadət idi. Afət nə doktor Qaratayla olan sevgi münasibətində, nə də ki, həyat yoldaşı Özdəmirlə olan evliliyində xoşbəxt ola bilməyən zavallı bir qadın idi. Bütün mühit, qanunlar, din, adətlər ona qarşı idi. Afət doktor Qaratayın toruna düşməmişdən əvvəl dünyadakı otları, çiçəkləri, quşları, kəpənəkləri, insanları və heyvanları sevən, onlara məhəbbət göstərən biri idi. O, gələcəyini, səadətini düşünərkən, qaranlıq bir gələcək, aldadıcı bir həyat, qorqunc və gülünc iztirablar onu yaxaladı. Onun dərdi, düşüncəsi eşq, gözəllik, məhəbbət idi. Afəti doktor Qaratayın xəyanəti dinlərdən, mənəviyyatdan, məzhəblərdən uzaqlaşdırmışdı. Mənəviyyatdan uzaq düşmüş Afət kimsəsizlikdən göz yaşı tökür, qürubun məhzunluğunu, gecənin sükutunu, fəzanın dərinliyini, musiqinin ritmini, çayların, ırmaqların ninnisini, dənizlərin çağlayan səsini, ildırımların gurlamasını, xəfif küləyin zümzüməsini, yapraqların, çiçəklərin xışıltısını, bülbüllərin ötüşməsini, vurğun gönüllərin acı təranəsini, uşaqların qəhqəhəsini, körpə quzuların mələməsini duymurdu. Artıq onun sirdaşı qürubun ölgün nəfəsi və gecənin səssiz qaranlığı idi. Əslində isə H.Cavidin “Afət” faciəsinin əsas obrazı olan Afət necə lütfkar və nəzakətli idi. Onun gənclik, gözəllik və böyük səadət arzusu puç olmuşdu. Afətin mənəvi böhranlar keçirməsinin əsas səbəbi o idi ki, doktor Qaratayın toruna düşərək, həyat yoldaşı Özdəmiri öldürmüşdü. Bundan sonra isə doktor Qaratayın ona sadiq qalacağına, onunla birgə uzun, xoşbəxt ömür keçirəcəyinə ümid edərkən, doktor Qaratayın qatili olduğu həyat yoldaşı Özdəmirin qızı Altunsaç ilə evlənəcəyini öyrənir. “Xayır... O ağlanacaq şey isə də, bən ona gülərim (qəhqəhə). Fəqət o dodaqlar ki, dün bənim ayaqlarımı öpüyordu, bu gün Altunsaçın dodaqlarını əməcək. O hərif ki, bir az əvvəl bənim əlimdə oyuncaq idi, bir az sonra Altunsaçı kəndi əlində oynatacaq”... H.Cavidin “Afət” faciəsinin baş qəhrəmanı Afət xaraktercə özünəməftun bir qadın idi. O, füsunkar gözləri, gözəl dodaqları ilə daim fəxr edirdi. Özünün aynadakı rəsminə məftun idi. Afətin gözəlliyi ilə duyğusuz və mənasız həyatı bir-birinə təzad təşkil edirdi. Afətin həyatı doktor Qaratayla Altunsaçın evlənməsi xəbərini eşitdikdən sonra qaraldı. Onun dünyası dağıldı, ümidləri soldu. Doktor Qaratayın toruna düşərək, həyat yoldaşı Özdəmiri öldürən Afətin aldadıldığını anlaması onun bütün xəyallarının puç olması ilə nəticələnir. Doktor Qaratayın ittihamlarına dözməyən Afət mənəvi sarsıntı keçirir. “Öncə miskin bir kölə kibi qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun, bəni qəbahətli çıqarmaq istiyorsun”. H.Cavidin “Afət” faciəsinin əsas obrazı olan Afətin faciəsi sevmədiyi Özdəmir ilə evlənib, sevgi, məhəbbət, qayğı görməyərək, boşluqdan doktor Qaratayın toruna düşməsi ilə başlayır. Afət doktor Qaratayı pərəstiş edərcəsinə sevirdi. Afət doktor Qarataya sevgi və məhəbbətini belə açıb, söyləyir. “And olsun uyqusuz gecələrə, and olsun ağlar gözlərə, and olsun gözəlliyə və məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana qavuşmaq istiyorum. Əvət, məsum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də səndən, sənin visalından o qadar zevq alıyorum”. H.Cavidin “Afət” faciəsinin baş qəhrəmanı Afət doktor Qaratayın xəyanətinin nəticəsində və həyatda tək qaldığı üçün bir çiçək kimi solmuşdu. Elə bir vəziyyətə gəlmişdi ki, aynaya bağmağa belə cəsarət edə bilmirdi. O, sanki, solğun bir çiçək kimi ruhunu qara topraqlara təslim etmişdi. Doktor Qaratayın xəyanəti onun kimi gözəl bir qadının gözəlliyini soldurub, məhv etmişdi. Onun həm səadəti, həm də məhəbbəti intiqam hissinə çevrilmişdi. Afət artıq itirəcək bir şeyi olmadığı üçün özünü ən təhlükəli uçurumlar çirkabına atmışdı. H.Cavidin “Afət” faciəsində xəyanət qurbanı olan digər bir məsum obrazlardan biridə Alagözdür. Alagöz bu qədər riyakarlığa dözə bilməyib, zəhər içərək, intahar etmək istəyir. Lakin, Ərtoğrul onu ölümdən xilas edə bilir. Alagözün belə mənəvi böhranlar keçirməsinin ən əsas səbəblərindən başlıcası Afət idi. Bütün qızlar içində parlaq bir almaz, dilbər bir çiçək, məsum bir mələk olan Alagöz özünün doğma anası bildiyi Afətin əslində onun ögey anası olduğunu belə öyrənir. “Bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən anan tərki-həyat etmiş. Baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, məsum bir mələk kibi böyütdüm”. H.Cavidin “Afət” faciəsində xəyanət qurbanı olan Afətin faciəsini qaçınılmaz edən doktor Qaratayın əxlaqsızlığı, sərxoşluğu, sayğısızlığı idi. Afət doktor Qarataya vurulduqdan sonra, qatil olub, həyat yoldaşı Özdəmiri zəhərləyərək, öldürür. Afət mənəvi sarsıntı keçirərək, özünü Alagözə belə təqdim edir. “Bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım. Artıq bəni unut!..” H.Cavidin “Afət” faciəsində öz məsumluluğu ilə seçilən Alagöz Afətin onun əsl anası olmadığı xəbəri məhzun bir təbəssümlə qarşılayır. O, ləkəli ana damğasından azad olmuşdu. Bütün dünyaya onun anasının ləkəli Afət olmadığını bağırıb, söyləmək istəyirdi. Afətin qarşısında bir yol qalırdı qəddar, xain, cəllad Qarataydan xilas almaq. O ancaq bu yolla özünü haqsızlıq etdiyi Alagözün qarşısında təmizə çıxara bilərdi. Afət doktor Qaratayı silah ilə öldürərək, ondan Özdəmirin intiqamını, öz intiqamımı, gözəlliyin intiqamını alır. Afət doktor Qaratayı öldürəndən sonra onun cənazəsini qucaqlayıb öpərək, dərin sarsıntılar keçirir. H.Cavidin “Afət” faciəsi zavallı qadın Afətin zəhər içərək, intihar etməsi səhnəsi ilə bitir. H.Cavidin yaradıcılığında mərkəzi yerlərdən birini tutan qadın hüquqlarını tapdayanlara qarşı mübarizəyə həsr olunan “Afət” faciəsinin mövzusu bütün dövrlər üçün aktualdır. H.Cavidin “Afət” faciəsi Azərbaycan ədəbiyyatında Azərbaycan qadınlarının düşdüyü uçurumu və əhatə olunduğu qaranlıq mühitin təsviri baxımından ən dəyərli bir əsərdir.

Həcər Atakişiyeva

Hüseyn Cavidin “Uçurum” pyesi

ucurum

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanınınən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Uçurum” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin dörd pərdəli “Uçurum” pyesində öz şəhvət hislərinə görə ruhlarını şeytana satan insanların aqibəti təsvir olunmuşdur. Əsərdə hadisələr İstanbulda baş verir. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “Uçurum” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Uçurum” faciəsi əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət və digər insani dəyərlərlə bağlıdır. Ədibin “Uçurum” mənzum pyesinin ana xəttini ailə-məişət məsələləri mövzusu təşkil edir. Romantik olan Hüseyn Cavid “Uçurum” pyesində romantizmlə realizmi qarşılıqlı şəkildə təsvir etmişdir. Hüseyn Cavidin “Uçurum”
pyesində bir gənc ailənin faciəsi təsvir olunmuşdur. Ədib əsərdə tipi ümumiləşdirərək yadda qalan obraz nümunələri yarada bilmişdir. Hüseyn Cavid “Uçurum” faciəsində Türk mədəniyyəti ilə Avropa mədəniyyətini qarşılıqlı müqayisəli şəkildə təqdim etmişdir. Əsərdə dəbdəbəli bir həyata yad olan birinin bu həyata anidən düşüb, dəyişən psixologiyasının nəticəsində faciə yaşayıb, məhv olmasının təsviri verilir. Əsərdə “mədəniləşmək” üçün mütləq Avropa ölkələrinə səyahətin zəruri olduğu fikri söylənilir. Hüseyn Cavid bu fikri əsərində təqdim etməklə tamamilə haqlı idi. Çünki o dövrdə belə düşünülürdü ki, mədəni olmaq, ziyalı olmaq üçün mütləq şəkildə Avropa ölkələrinə səyahət etmək lazımdır. Dramaturq isə “Uçurum” faciəsində oxucuya çatdırır ki, savadlı, təhsilli, mədəni, dünyagörüşlü olmaq üçün ölkənin bir fərqi yoxdur. “Uçurum” faciəsində ədib o fikri aşılayır ki, mədəniləşmək üçün mütləq Avropa ölkələrinə səyahət etmək yox, daxildən gələn insanlıq, sevgi, vicdan, mərhəmət, əxlaq hislərinə sahib olmalısan. “Uçurum” faciəsinin baş qəhrəmanı olan rəssam Cəlal bu insani hislərə sahib olmadığı üçün Parisə gedən kimi şəhvani hislərinə sahib çıxa bilməyib, gününü eyş-işrətlə keçirib mənasız və səfeh bir həyat sürməyə başlayır. Hüseyn Cavid “Uçurum” pyesində Cəlalın məhv olmuş həyatının nümunəsində gəncləri ədəbli, namuslu, ağıllı, dərrakəli, öz doğma yurduna, ölkəsinə, adət-ənənələrinə, ailə münasibətlərinə dəyər verən kimi görmək istədiyini açıq bir şəkildə göstərir. Əsərdə Türk ailə dəyərində mühüm yer tutan əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət anlayışları Avropanın puç, yalançı göz oxşayan “xoşbəxt” həyatı ilə qarşılaşdırılır. Hüseyn Cavid Türk ailə münasibətlərinə, ər və arvadın bir-birinə olan saf eşqinə, sədaqətinə əsərdə çox yüksək qiymət vermişdir. Hüseyn Cavidin “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjel ilə ailəsinə hər nə olursa olsun sadiq qalan ismətli Göyərçin obrazı qarşılaşdırılmışdı. Bu iki obraz əsərdə ümumiləşdirilmiş obraz kimi təqdim olunmuşdır. Ədib ismətli Göyərçinin timsalında Türk ailə münasibətlərini ucaldıb, yüksək dəyər verir. Ərinin yolunu gözləyən vəfalı, saf, namuslu, ismətli Göyərçin onun xəyanəti ilə qarşılaşanda belə ailə dəyərlərinə sahib çıxmağı bacarır. Lakin əsərdə öz vəfası, namusu, isməti ilə seçilən Göyərçin daim göz yaşı içində olur. Həyatı qəm, qüssə, bəla içində keçir. Göyərçin Cəlal ilə yeni evlidir və onun körpə qız övladı var. Buna baxmayaraq, o ailəsini atıb, “mədəniləşmək” üçün Fransaya gedir. Hüseyn Cavid “Uçurum” pyesində Cəlal obrazının simasında çox qabiliyyətli rəssam tipajı yaratmağa nail ola bilmişdir.
Onun bir tablosiçin erkək, qadın,
Bütün İstanbul alqışlarla doldu,
Ondakı qüdrətə hər kəs vuruldu.
Bu bacarıqlı rəssam Cəlalın faciəsi Fransız qadın Anjel ilə tanışlıqdan sonra başlayır. Əsərdə Anjel “Şeytan ruhlu bir mələk! Lətif çiçəkdir, fəqət pək zəhərli bir çiçək”! kimi xarakterizə olunur. Dramaturq əsərdəki Anjel obrazının xarakterini məhz onun öz sözləri ilə oxucuya çatdırır. “Halbuki Anjeldəki gözəlliyə bir yığın Cəlallar qurban olmuş. Gənc qraflar, prenslər əlimdən güc qurtulmuş…”
Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelin timsalında Fransız qadınlarını xarakterizə etmişdir. Ədib Anjelin sevgilisi olan Edmon obrazı vasitəsilə Fransız kişilərinin xarakterini oxucuya çatdırmışdır. Edmon Anjelə daim üzüklər, boyunbağılar, almazlar, incilər, pırlantalar hədiyyə edirdi. Əsərdə bu qədər xəyanətə, haqsızlığa uğrayan Göyərçinin tək ümidi və dəyərlisi nur üzlü qızı Mənəkşə idi. Yalnız bu körpə Göyərçinə dərdlərini unutdururdu. Ümumilikdə isə Göyərçin həyatdan, bütün xilqətdən, bütün kainatdan, insanlardan gördüyü xəyanətə görə küskün idi. Göyərçin Cəlalın bu xəyanəti ilə bütün səadətli günlərini, bütün eşqini, bütün hissini, xəyalını, fərəhli günlərini, itirən bir qadın idi. O bütün alçaq niyyətlərdən uzaq idi. Cəlal isə əksinə olaraq, ailəsinə olan xəyanətinin nəticəsində fəlakətlərə düçar olub, bütün səadətini itirib, məhv oldu. Cəlal ailəsinə yaşatdığı kədərin, iztirabın, qara günlərin cəzasını çəkərək, məhv olub getdi. Əsərdə yaradılan Cəlalın əxlaqsız metresi Anjel yalnız onun xarakterindəki, ruhundakı eybəcərlikləri ifşa etmək üçün bir vasitə idi. Əsərdə Cəlalın ən böyük əxlaqsızlığı metresi Anjeli qonaq adı ilə öz evinə xanımı Göyərçinin yanına gətirməsi idi. Onun bütün fəlakətləridə məhz bu hadisədən sonra başlayır. Cəlal əxlaqsız metresi Anjeli öz məsum, sevimli uşağındanda üstün tutur, ona görə bu günahsız körpənin canını alır. Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelə Cəlalın, Edmonun, Yıldırımın qul-kölə olmasını, onun yolunda bütün fəlakətlərə düçar olsalar belə ondan əl çəkməməklərini, bu qadına görə məhv olmaqlarını əslində ümumiləşdirmişdir. Cəlal bu xarakterdə olan kişilərin ümumiləşmiş obrazı idi. Ədib demək istəyirdi ki, siz Cəlalların həyatının əxlaqsız Anjellər üçün bir mənası yoxdur. Siz olsanızda, olmasanızda onlar üçün bir mənası yoxdur, onlar özlərinə yeni Cəlallar, Edmonlar, Yıldırımlar tapacaqlar. Ancaq Cəlal nə edir, o, “Gözəl mələk! Cənnət pərisi!” adlandırdığı Anjelin yolunda öz körpəsini eyvandan ataraq, öldürür. Cəlalın cinayəti onun psixoloji vəziyyətini tamamilə pozur. Hər şeydən əvvəl o öz övladının qatili olmuşdu. Cəlalın xarakterindəki quduzluq, azğınlıq, sayğısızlıq, nifrət öz övladının qatili olması ilə üzə çıxmışdı.
Hüseyn Cavid “Uçurum” pyesindəki nəsihət xarakterli fikirlərini Göyərçinin atası Uluğ bəyin sözləri vasitəsilə oxucuya çatdırır.
O gün ki, İstanbulda gənclik fransızlaşdı,
Getdikcə türk evladı uçuruma yaqlaşdı.
Yurdumuzu sardıqca düşkün Paris modası,
Hər kəscə örnək oldu sərsəm firəng ədası.
Sərxoşluq, iffətsizlik sardı bütün gəncləri,
Zəhərləndi getdikcə məmləkətin hər yeri.
Qəhrəman Oğuzların, Böyük Ərtoğrolların
Sarsılmaz xələfləri şimdi həp sapqın, azğın...
Avropadan fəzilət, Himmət, ciddiyyət, vüqar
Dururkən yalnız çürük bir züppəlik aldılar.
Uluğ bəyin sözlərində çox böyük həqiqətlər vardır. O, Cəlalın həyatının məhv olma səbəbini bu sözləri ilə açıb göstərir. Həqiqəti söyləyir. Etdiyi səhvlərə görə köksü parçalanan, ruhu işgəncədən qurtula bilməyən, körpə Mənəkşəsinin soyuq məzarda yatmasına səbəbkar olan Cəlal nə qədər yalvarıb, yaxarsada Göyərçin onu bağışlamır. Cəlal öz əli ilə öz yurdunu, yuvasını, səfasını, xəyalını, müqəddəs saydığı hər şeyi məhv etmişdi. O özü özünü alçaldıb, məhv etmişdi. Ədibin “Uçurum” faciəsi Cəlalın aşağıdakı sözləri ilə bitir. Cəlal öz həyatını, ömür yolunu analiz edir. Bütün həyatının bir puç olduğunu dərk edib, özünü uçurumdan atıb, intihar edir.
Uçurum: qaranlıq, çıqılmaz yolum,
Uçurum: uçurum həp sağım, solum.
Uçurum: duyduğum həqiqət, xəyal.
Uçurum: uçurum yaldızlı amal.
Uçurum: çağlayanlar, kəhkəşanlar,
Uçurum: dənizlər, dağlar, ormanlar.
Uçurum: üfüqlər, əngin fəzalar.
Uçurum: uçurum çılğın dəhalar,
Uçurum: sürəkli, coşqun alqışlar,
Uçurum: uçurum süzgün baqışlar,
Uçurum: şu çirkin, şu alçaq həyat,
Uçurum: uçurum bütün kainat!..

Həcər Atakişiyeva

Hüseyn Cavidin “Şeyda” pyesi

cavid

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Şeyda” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin “Şeyda” pyesində maddi zənginlik üçün ruhlarını şeytana satan insanların aqibəti təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “Şeyda” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Şeyda” faciəsi 5 pərdəlidir. Əsərdə mətbəə işçilərinin həyatından, mübarizəsindən, yaşamından, xarakterindən danışılır. Ədib əsərində mətbəə müdiri- Məcid əfəndi, onun oğlu- Əşrəf, mürəttiblər-Şeyda Rəmzi, Rəuf, Qara Musa, Məsud, Yusif, alman rəssamı- Maks Müller, Müllerin qızı- Roza, Rozanın anası- Mariya kimi yadda qalan obrazlar yaratmışdır. Əsər baş qəhrəman öldüyü üçün faciədir. Hüseyn Cavidin “Şeyda” faciəsinin süjet xəttini yardımçı obrazlar olan- məzarçı, qara geyimli mələk, digər mürəttiblər, çalğıçılar, polislər və həbsxana məmurları daha da zənginləşdirirlər. Əsərdə lirik şeirlərə geniş yer verilmişdir. Ümumilikdə faciə nəsrlə yazılmışdır. Əsər bir qapısı ilə iki pəncərəsi olan mətbəə otağının təsviri ilə başlayır. “Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış... Sağda və solda sandalyələr və bir neçə masa... Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə…”

sheyda

Hüseyn Cavid “Şeyda” pyesində Məcid əfəndi, Əşrəf, Şeyda, Rəuf, Qara Musa, Məsud, Yusif, Maks Müller, Roza, Mariya kimi obrazların nitqi və əməlləri vasitəsilə onların xarakterini oxucuya çatdırmışdır. Dramaturq pyesdə nakam sevgi xətti yaratmışdır. Bu sevgi rəssamın qızı, gözəl Rozanın uzun, qumral kirpiklərinə, cazibəli, mavi gözlərinə, məsumanə baxışlarına, mələkanə ədalarına vurulan Şeydanın timsalında özünü göstərir. Bu zavallı gənc Şeyda Rozanın eşqindən iztirab və sevinclə qarışıq bir duyğu yaşayaraq, bu nakam sevgisinin qurbanı olur. Bu xəyalpərvər gənc olduqca kasıb və kimsəsiz idi. Əsərdə onun rəqibi ondan var-dövlətcə qat-qat yüksək olan mətbəə müdiri Məcid əfəndinin oğlu Əşrəf idi. Əşrəf əsərdə Avropadan yeni gəlmiş atasının pulu ilə lüks həyat yaşayan bir gənc kimi təsvir olunur. Atasının var-dövlətinə güvənən Əşrəf rəssam almaniyalı Maks Müllerin qızı mademuazel Rozaya sevgi duymağa və göstərməyə başlayır. Şeyda mətbəə müdiri Məcid əfəndinin varlı oğlu Əşrəfi özünə rəqib biləndən sonra bu füsunkar gözələ duyduğu sevgini gizlətməyə başlayır.
Hüseyn Cavid “Şeyda” faciəsində çox acılı insan talehlərini qələmə almışdır. Bunların biri də Qara Musadır. O, əsərdə çox güclü xarakterli, mərd, qorxmaz, qisasçı ruhlu təsvir olunmuşdur. Belə ki, Musa, qara bənizli, ortayaşlı, ortaboylu, qorqunc simalı bir tipdir. Sol əli biləyinin yarısına qədər ağ bez ilə sarınmış, üzərindəki paltar olduqca əski və yamaqlıdır. Bu iki qardaşın həyatda heç cür bəxti gətirməmişdir. Belə ki, qardaşı Yusif vərəmin son dövrlərini keçirməkdə olan solğun bənizli bir gənc kimi saralıb, solmuşdur. Musanın əli mətbəədə iş zamanı kəsilmişdir və gündən-günə də daha da pisləşirdi. Musa əsər boyunca Məcid əfəndidən özünün və vərəmli qardaşının haqqını istəyir. Musanı əsərdə belə qəddar və qisasçı edən qardaşı Yusifin gözünün qarşısında iztirablar içində öskürüb, qan qusması idi. Musanı o bədbəxt qardaşının iztirab və zülmlər içində sönüb bitməsi məhv edirdi. Qardaşının bu cür şiddətli öskürəklər içində boğularaq qalması ona öz kəsilmiş əlinin dərdini unutdururdu. Yusif tam altı il həbsxanadan fərqi olmayan mətbəədə çalışmışdı. Bu tozlu, çətin mühit onun ciyərini məhv etmişdi. Yusif və qardaşı Qara Musa mətbəənin tozunu udaraq, burda alın təri tökmüşdülər. Əsərdə insaf və mərhəməti olmayan mətbəə müdiri- Məcid əfəndi Yusiflə Musaya zillət və səfalətdən başqa bir şey vermir. Yusiflə Musanın bu acınacaqlı aqibətini görən mətbəə işçilərinin hamısı susur. Onlar bu əsarət altında əzilməyə məhkum qalırlar. Halbuki onlar özlərindəki gücün fərqində belə deyillər. Bütün cahanı bəsləyən, bütün orduları silahlandıran, bütün sərmayədarları – bütün sahibkarları sərsəmlətən hər kəsin aciz sandığı fəhlə əlləridir. Bu gün yer yüzünün bütün səadət və fəlakəti yalnız o əllərdən asılıdır. Bu fəhlə əlləri qarşısında bütün bəşəriyyət, bütün dünya hərəkətsiz qalacaqdır. Lakin bu qədər mürəttiblər özlərindəki gücdən xəbərsizcəsinə mətbəədə Yusiflə Musanın çarəsizliyinə tamaşa edirlər. Məcid əfəndini belə qəddar və zalım edən də məhz mətbəə işçilərinin susması idi. Məcid əfəndinin xarakterindəki qorxaqlıq Şeydanın Nikolayın haqqında yazdığı fikirlərə görə onu qovmasında bilinir. Məcid əfəndinin qorxusu o idi ki, mürəttiblər mətbəəni inqilab ocağına çevirərlər və bu onun həbsi ilə nəticələnər. Məcid əfəndi mətbəədə əlini itirərək, tək əli ilə qalan Musanın vərəmli qardaşına baxmaq üçün ondan iş istəməsini çox böyük hiddətlə qarşılayır. Musanı təhqir edərək qovur. Ona tək əldən səs çıxmaz deyir. Musa o əlini bu mətbəədə itirdiyini, ona görə də ona burada iş verilməsini tələb edir. Qarşılığında isə Məcid əfəndi onu mətbəədən qovur. Musanın Məcid əfəndidən istədiyi yalnız bir iş, bir vəzifə idi.
Hüseyn Cavid “Şeyda” faciəsində çox acılı insan talehləri yaşayan Yusif və qardaşı Qara Musanın birisinin xəstə, o biri birisinin də şikəst olmasının səbəbkarı kimi Məcid əfəndini və onun oğlu Əşrəfi görür. Maaşlar az, amma iş qucaq-qucaq...
Hüseyn Cavid “Şeyda” faciəsində Musa obrazının adını təsadüfən seçməmişdi. Əsərdə bu obrazın inqilabçı ruhu Peyğəmbər Hz. Musa ilə müqayisə olunur. “Fironu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin sarsılmaz bir ruh ilə meydana atıldı. Öylə qəddar, zalım bir imperatora qalib gəldi”.
“Şeyda” faciəsində Əşrəfin var-dövlətinin qurbanı olan obrazlardan biri də Şeydadır. Belə ki, onun məcnun qəlbi pula dəyişdirildi. Roza tərəfindən sevgisi rəğbət görmədi. Bu sevgi hüsran ilə bitdi.
Hüseyn Cavid “Şeyda” faciəsində Musa obrazının bütün dəyişimini əsər boyunca olduqca dolğun bir şəkildə təsvir etmişdir. Belə ki, o özünü əsərin sonunda “səfillər kralı”, “sərsərilər sultanı” adlandırır. Qardaşını itirən Musanın tək məqsədi qisas almaq idi. O, həyatda yaşamaq səbəbini belə izah edir. “Gedəcək bir yerim yoq... Yalnız bir şikar izliyorum. Boğub parçalamaq için bir tilki arıyorum”.
Dramaturq pyesdə nakam sevgi qurbanı olan Şeydanın Roza ilə Əşrəfin qol-qola gəlib- getdiklərini görərkən məhv olmasını böyük yazıçı ustalığı ilə qələmə almışdır. Roza ilə Əşrəf bağçada eşq yaşayarkən, Musa əlindəki tapança ilə onların qarşısına çıxıb, Əşrəfdən hesab istəyir. Musa Əşrəfə atası Məcid əfəndinin ona qarşı etdiyi bütün insafsızlıqları sayır. Əşrəfə atasının onun tək əlinə lağ edərək, tək əldən səs çıxmaz deməsini ona xatırladaraq, bu tək əllə vərəmli qardaşını necə qara torpağa gömdüyünü anladır. Eyni zamanda bu tək əli ilə onu və atasını necə öldürəcəyini deyir. Əşrəf o mundar, zəngin, vicdansız, etibarsız, oğru siması ilə Musaya çoxlu pul təklif edir. İntiqam eşqi ilə alışıb yanan Musa Əşrəfi öldürür. Əşrəflə Musanın arasına girən Rozada köksünə dəyən güllədən yerindəcə ölür. Şeyda Rozanın ölümünə heç cür inanmaq istəmir və onun eşqindən dəli olur. Əşrəfi öldürəndən sonra Musanın tək amalı olur ki, Məcid əfəndini öldürsün. Musa çox yaxşı bilirdi ki, Məcid əfəndi oğlunu qəbiristanlıqda mütləq ziyarət etməyə gələcəkdir. Ona görə də onu məhz orda gözləyirdi. Musa düşmənini əsla bağışlamır. O, Məcid əfəndini köksündən vuraraq, öldürür. Bu işdə Musaya yardımçı olan məzarçını da onunla birlikdə tutub, həbs edirlər. Həbs olunan Musa və məzarçı həbsxanada Şeyda, Rəuf, Məsudu da görürlər. Onlarda inqilab etməkdə günahkar bilinərək, həbs olunmuşlar. Lakin bu inqilab zəfərlə bitir. “İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi. Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini buldu. İştə səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor. İştə bu gün məzlumlar için şərəfli bir bayram, zalımlar için qorqunc bir intiqam günüdür”.
İnqilab nəticəsində həbs olunanlar azadlığa çıxır. Musada öz azadlığına qovuşur. Lakin Şeyda bu günü görmür. O artıq ölmüşdü.
Hüseyn Cavidin “Şeyda” pyesi “Rəmzi” və “Nakam” adları ilə də tanınır. “Şeyda” faciəsində həm cəmiyyətin sosial ziddiyyətlərinə, həm də ayrı- ayrı fərdlərin dünyagörüşlərinə, mənəviyyatlarındakı təzadlara geniş yer verilmişdir. Əsər həm süjet xəttinin zənginliyinə, həm də məzmun bitkinliyinə görə olduqca əhəmiyyətlidir.
Həcər Atakişiyeva

1 -dən səhifə 9

Oxşar məqalələr