“Tıxaclar dünyanın bütün iri şəhərlərinin əsas problemləri sırasındadır”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri Novruz Novruzov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, bunu yaradan əsas amil sürətli inkişaf tendensiyasıdır:
“İnsanlar öz məqsədlərinə daha sürətlə nail olmağa çalışır. Nəticədə isə kəsişən nöqtələrdə sıxlıq yaranır və inkişaf arzusu cəmiyyətin bəlasına çevrilir. Bu cür vəziyyətin bariz nümunəsi nəqliyyatın yaratdığı tıxaclardır. Bakının bu anlamda rekord vurduğunu desək, yanılmarıq.Xüsusilə, səhər saatlarında və ümumiyyətlə, günün pik vaxtlarında tıxac yaranır”.
Həmsöhbətimiz tıxaca qarşı yeni addımlar təklif edib:
“Mütəxəssislərin və rəyi soruşulanların əsas təkliflərindən biri mərkəzdə yerləşən ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsidir. Əgər bu, düzgün idarə olunsa, yaxşı strategiya olar. Ancaq yalnız bununla problemi həll edə bilərmi? Zənnimcə, yox! Universitet hara köçürüləcəksə, o istiqamətdə nəqliyyat axını güclənəcək və yenə də tıxac yaranacaq. Nəzərə almaq lazımdır ki, təkcə Bakı Dövlət Universitetində bakalavriat və magistratura səviyyəsində 25 minə yaxın tələbə təhsil alır. Şəhərdə isə 25 ali təhsil müəssisəsi var. Ümumilikdə tələbələrin sayı 250 minə yaxındır. Bu sayda insanın eyni vaxtda müxtəlif istiqamətlərdə çalın-çarpaz hərəkəti tıxaclar üçün başlıca faktorlardandır”.
Partiya funksionerinin fikrincə, təhsilin kompleks təşkili məsələsi tıxacların xeyli dərəcədə yüngülləşməsi üçün ciddi səbəb olar:
“Yəni hər bir universitetin ərazisi “şəhərcik” tipində layihələndirilməlidir. Şəhərcikdə tələbələrin sosial-məişət problemlərinin həlli önə çıxmalıdır. İlk növbədə yataqxanalar şəbəkəsi yaradılmalıdır. Tələbənin yaşadığı mənzil və dərsə girdiyi auditoriya arasındakı məsafənin piyada qət olunması təmin edilməlidir. Məsələnin bu istiqamətdə həlli həm də tələbələri ağır kirayə haqqından xilas edər, onlara imkan verər ki, daha çox təhsilin qayğısını yaşasınlar”.
Novruz Novruzovun sözlərinə görə, problemin həllində ikinci maraqlı məsələ təhsilin coğrafi şaxələndirilməsi olmalıdır:
“Regionlarda təhsil şəhərciklərinin yaradılması üçün ayrıca dövlət proqramı tərtib olunmalı və məsuliyyətlə həyata keçirilməlidir. Həmin təhsil müəssisələrinin təşkil olunduğu regionlarda isə elmi mərkəzlərin yaradılması prosesi həyata keçirilməlidir. Çünki təhsil və elm paralel inkişaf edir. Əks halda, xərc və vaxt sərfiyyatı havayı gedəcək. Nəticədə mütəxəssislər yox, diplomlu savadsızların sayı artacaq. Belə olan halda yaşayıb yaratmaq eşqi ilə çarpışan gənclər yenə də paytaxt Bakıya axışacaq”.
Elmir Mustafa
"Cebheinfo.az"