AXTAR

“Bakı prosesi” mədəniyyətlərarası dialoqu gücləndirir

6 forum
Bu gün bəşəriyyət yeni inkişaf mərhələsinə keçir. Lakin bütün dövrlərdə olduğu kimi indi də bu keçid ağrılı proseslərlə müşayiət olunur. İri regionlarda silahlı münaqişələr baş verir, milyonlarla insan qaçqın həyatı yaşayır, müharibələr, özgə torpaqlarını işğal etmək nəticəsində insan hüquqları kütləvi şəkildə pozulur. Dövlətlər arasında siyasi münasibətlər kəskinləşir, iqtisadi əlaqələr pozulur, geosiyasi məqsədlər uğrunda mübarizə güclənir. Belə bir şəraitdə Bakıda keçirilən, dünyanın hər yerindən dəvət olunmuş insanları birləşdirən və bəşər əhalisini humanist məqsədlər uğrunda birləşməyə çağıran VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu heç vaxt olmadığı qədər aktual və əhəmiyyətlidir.
Forumun əvvəlki toplantılarından birində ölkəmiz obrazlı şəkildə “multikulturalizmin beşiyi” adlandırılıb. Bu, Azərbaycanın “nümunəvi təfəkkürlü bir ölkəyə çevrilməsinin” sözlə ifadəsidir və dünya tarixində ilk olaraq bu adı qazanmaq, əslində, həm qloballaşmaya töhfə, həm də müxtəlif konfessiyaların inteqrasiyasının önündə addımlamaqdır. Bu, asan başa gələn proses deyil. Çünki, fərqli inanclı etnik qrupların birliyini nə proqramla, nə iqtisadi yüksəlişlə, nə də siyasi ambisiyalarla yaratmaq imkanından məhrumdur. Bu, yalnız tarixən formalaşmış unikal təkamül yolu və ölkədə aparılan düzgün milli-mənəvi siyasət sayəsində meydana gələ bilər. Bu mənada Azərbaycanın yaşam tərzi, etnik münasibətlər modeli bütün tərəflər üçün məqbul və nümunəvi model kimi qəbul edilir.
VI Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə fəaliyyətin əsas məğzini açıqlayıb: “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub”.
Bəşəri dəyərlərin tapdalandığı bir dövrdə belə bir cəmiyyətin formalaşması və onun daim inkişaf etdirilməsi dünyada çox böyük əks-səda yaradıb. Forumda iştirak edən adlı-sanlı ictimai-siyasi xadimlər, dövlət, mədəniyyət, media nümayəndələri bu fəaliyyətə “Bakı prosesi” adı verib. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal sülh platformasına çevirib. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib.
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, tarixi sənədlərdə və mədəni irsdə yaşayır. Multikulturalizm bir ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların yaşadıqları dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yardım edən nadir xüssusiyyətlərdəndir.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsasında qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı durur. İstər Səfəvilər, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların özündə birləşdirən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyasına çevrilib, tolerantlıq və multikulturalizm ənənələri yeni inkişaf dövrünə qədəm qoyub. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb.

Novruz Novruzov

AzVP-nin Siyasi Şurasının sədri

Oxşar məqalələr