AXTAR

Enerji ixracının şaxələndirilməsi yüksək dividentlər gətirir

cqd

Mart ayının 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxış edən Prezident İlham Əliyev deyib: “Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir. Bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”.
CQD layihəsi işə salınmazdan xeyli əvvəl, 2017-ci ildə Avropa İttifaqı Şurasının prezidenti olan Donald Tusk verdiyi bəyanatda bildirmişdi: “Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir”.
CQD tikilməyə başlayandan təcrübəli ekspertlər bu kəmərin siyasi və iqtisadi əhəmiyyətini yüksək qiymətləndirirdilər. Bu gün artıq bu hipotezlər reallığa çevrilib və Cənub Qaz Dəhlizinin iqtisadi dividentləri olduqca yüksəkdir. Həm də bu təkcə Azərbaycana deyil, kəmər boyunca yerləşən ölkələrə əhəmiyyətli gəlir gətirir. Məsələn, TAP qaz kəməri işə salınana qədər Albaniya mavi yanacaq idxal etməyib. Ancaq 2020-ci ildə bu nəqletmə xətti işə salınandan sonra ölkənin beynəlxalq qaz nəqli sisteminə inteqrasiyası baş verib. Belə ki, TAP-ın 215 km-lik hissəsi Albaniya ərazisindən keçir. Məlumdur ki, 2027-ci ilədək Azərbaycan Avropaya qaz təchizatını 2 dəfə artırmaq öhdəliyi götürüb. Bu, Azərbaycana böyük gəlir gətirir. Eyni zamanda ölkəmiz Albaniya, Şərqi Avropaya daxil olan bir neçə ölkənin qaz və enerji təchizatında böyük paya sahib olub. Albaniyanın TAP-dan əldə etdiyi faydalar həm iqtisadi, həm də regional enerji çıxışı və qovşağı kimi onun strateji əhəmiyyətinin artırıb.
İqtisadi əlaqələrə təbii qaz nəqlində əməkdaşlıqla başlayan iki ölkə artıq bu çərçivədə qalmaq fikrində deyil və daha geniş spektrdə yeni iqtisadi əlaqələr qurmaq üçün yüksək səviyyəli görüşlərin intensivliyini artırıb. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri dostluq və qarşılıqlı anlaşma şəraitində keçib və nəticədə Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupu yaradılıb. Artıq qrupun hər iki ölkədə iclasları keçirilib, niyyət protokolları imzalanıb.
“Cənub Qaz Dəhlizi” XXI əsrin ən innovativ layihələrindən biridir. Məsələ burasındadır ki, layihənin təşəbbüsçüsü və əsas iştirakçısı Azərbaycandır. Bu səbəbdən layihə işə düşəndən sonra kifayət qədər yüksək divident gətirib. Çünki, bu kəmər Avropanın qaz idxalına yeni bir nəfəs verib. Artıq bu amili Avropa ölkələri görür və dəyərləndirirlər. Bu səbəbdən də Azərbaycanın siyasi və iqtisadi nüfuzu yüksələn xətlə inkişaf edir. Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanan kəmərin keçdiyi ölkələrdə də Azərbaycan haqda təsəvvürlər aydınlaşır və ölkənin malik olduğu həqiqi güc və nüfuz əyan olur. Avropanın enerji təhlükəsizliyi konsepsiyasında Azərbaycanın rolu sürətlə artır. Çünki, neftlə yanaşı, Avropaya Azərbaycan qazı da ixrac olunur. Бu, böyük siyasi və iqtisadi çəkiyə malikdir. Bütün bu işlərin həyata keçirilməsi Azərbaycanın regionda əsas geostrateji ölkə olduğunu bir daha qabardır.

Novruz NOVRUZOV

AzVP-nin Siyasi Şurasının sədri

Oxşar məqalələr