AQATA KRİSTİ “QƏHVƏYİ KOSTYUMLU KİŞİ” VII hissə

Roman (tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)

(Ser Yustas Pedlerin gündəliyindən)

Peqqet artıq buradadır. O, iliyinə qədər qorxudulmuşdur. Yubanmadan Pretoriyaya getməyi təklif edir. Qəti bildirdim ki, Yohannesburqda qalacağıq. Onun başını işlə qarışdırmaq üçün Yüklərin arasından makinanı tapıb çıxarmağı əmr etdim.
- Artıq hər yeri ələk - vələk elədim, ser Yustas. Bütün yeşikləri və...
- Necə yəni bütün “yeşikləri”?
- Balacaları da deyirəm.
- Peqqet, sən neyləmisən? Xırda yeşiklər missis Blerindir. Deyəsən, qızışaraq özündən çıxıb hesabı itirmisən.
Peqqet döyülmüş uşaq kimi dayanmışdı. O, səhv etməyi xoşlamırdı.
- Yaxşı, onları yenidən qablayın, sonra isə Yohannesburqu gəzməyə çıxın – deyə, məsləhət gördüm. – Ola bilər ki, sabah bu şəhərin yerində tüstülənən xarabalıq qalsın və baxıb zövq almağa heç nə olmasın... Öz aramızdır, o yeşiklərdə nə vardı?
- Dəri, şlyapalar, bəzi zənbilciklər.
- Missis Bler belə şeyləri görəndə bir düjün alır - dedim.
- Bir də orada plyonkalı kasetlər, əlcəklər və buna bənzər şeylər var.
- Peqqet, necə oldu ki, bu şeylərin mənimki olmadığını o saat anlamadın?
- Ser Yustas, elə bildim bu yeşiklər miss Petiqrinindir.
- Yeri gəlmişkən, Petiqri haqda... Və mən Peqqetə yerli hakimiyyətdə doğmuş şübhələr barədə danışdım. O saat da ona yazığım gəldi. Peqqetin gözlərində mənə tanış olan ehtiras alovu qızışdı və o, “Kilmorden” və hansısa kaset barədə son dərəcə dolaşıq, uzun əhvalatı danışmağa başladı. Sonra isə nəfəsini azca dərib elə bu gün Reybornu gördüyünü söylədi.
- Kimi? – təkrar soruşdum.
- Reybornu. Onunla miss Petiqri əntiq şeylər mağazasına girdilər. Onların mağazadan çıxmalarını xeyli gözlədim və axırda dallarınca içəri daxil oldum. Amma orada yox idilər. Görünür, ehtiyat qapıdan çıxıbmışlar.
Peqqetin gözlərində qığılcım oynayırdı. O, açıq-aşkar hücumda idi.
-Buna görə də, ser Yustas, oteldə məlumat toplamağa başladım. Xidmətçilərdən biri xəbər verdi ki, ötən gecə miss Petiqrinin otağından bir kişi çıxanda görüb.
-Bir gör ey! Bu vaxta qədər katibəmin cinayətkar olduğunu bilmirdim.
- Lakin, artıq Peqqet mənim replikalarıma fikir vermirdi. O, demək olar ki, əldə etdiyi məlumatlardan şişib partlayırdı. O sözünə davam etdi:
-Cinayətkarlıqdan da o yana keçib, ser Yustas. Xahiş edib, miss Petiqrinin nömrəsinin açarını aldım və qapını açanda nə görsəm yaxşıdır?!
- Ora-bura atılmış şeylər arasında ülgüc və üz qırxmaq üçün krem!
- Bu saat Peqqetə belə şeylərin bəzən qadınlara da lazım olduğunu izah etməyin mənası yox idi.
- Bax, belə, ser Yustas. Bu qadın – paltarını dəyişmiş kişidir!
Peqqet ixtiralarından özünü itirərək gözlərini mənə zillədi.
- Nə edəsən, - bacardığım qədər sakit dedim. Bəlkə, bunu əvvəlcədən də onun ayaqlarından bilmək olardı.
- Bağışlayın, ser Yustas, hələ bəzi başqa şeylər də var. Marlou barədə hər şeyi bildiyinizi çoxdan eyhamlarınızdan başa düşmüşəm.
- Nə demək istəyirsən?
- O vaxt mən Florensiyaya getməmişdim.
- Məsələ hər saat qəlizləşir, Peqqet. Bəs, həmin müddətdə harada olmusunuz?
- Marlouda, arvadımın yanında.
- Kimin arvadının? – heç nə anlamayaraq soruşdum.
- Öz arvadımın, ser Yustas. Evli olduğumu sizdən gizlətmişdim. Sizi aldatmışam, bağışlayın.
Bu xəbər aydın səmadan düşən doluya bənzəyirdi.
- Çoxdan evlisiniz?
-Artıq səkkiz ildir. Axı, şəxsi katibin işə büsbütün sədaqətli olması üçün onun subay adam seçilməsi qəbul edilib. İşi itirməkdən qorxduğum üçün sizdən gizlətmişəm... Mümkünsə, bağışlayın.
- İlahi! Uşaqların da var?
- Dördü birdən, ser Yustas.
Qulaqlarıma inanmadım.
- Bu haqda bir başqasına demisiniz?
- Yalnız miss Bedinqfeldə.
Ruhdan düşmüş Peqqeti otaqda qoyub, küçəyə çıxdım. İndicə üstümə yağdırılan informasiyanı dərk etməliydim. Bu da Petiqri əhvalatının gedib çıxdığı əntiq şeylər mağazası. İçəri girmək üçün məndə qarşısıalınmaz istək yarandı. Mağazanın sahibi təlaş içərisində qabağıma yüyürdü.
- Gün aydın, ser! Sizi nə maraqlandırır? Dəri? Əntiq şeylər?
- Bu qəbildən nəsə qeyri-adi bir şey - dedim.
- O-o... ser! Razı qalacaqsınız. Buyurun! – Və sahib qonşu otağın qapısını itələdi.
Onun ardınca getdim. Bu, bağışlanılmaz səhv idi.

XXX

(Anna Bedinqfeldin hekayəti)

Uzun mübahisələrdən sonra Bler mənim planımla razılaşdı və göstərişlərimi dəqiq yerinə yetirməyə söz verdi. Lakin vağzala gedən yolda məni dilə tutmağa çalışırdı ki, “Andi” əvəzinə Harri imzası ilə aldığım çağırışa getməyim. Mən vaqona qalxanda onu ağlamaq tutdu.
Teleqramda göstərilmiş stansiyada məni qarasaqqal danimarkalı gözləyirdi. Əvvəllər onu heç yanda görməmişdim. Avtomobildə gedərkən uzaqdan olsa da güllə səsləri eşidirdik.
- Səs Yohannesburqdan gəlir - deyə, müşayiətçim bildirdi. Maşın döngələri dolanaraq axır ki, bir binanın qarşısında dayandı. İçəri keçdik.
- Gənc xanım Harri Reybornu görmək istəyir – danimarkalı üstü kağızla dolu stola əyilmiş kişiyə dedi. Kişi başını qaldırdı və gözlərimiz qarşılaşdı.
- Belə-belə işlər! – o dilləndi. – Yəni, şəxsən miss Bedinqfeldin özüdür?
- Yəni, bu, mister Çiçesterdir? – eyni ahənglə onun sualını özünə qaytardım. Ya da miss Petiqri? Siz ona çox oxşayırsınız... Deyəsən, ünvanı səhv salmışam.
- Məhz, “deyəsən”, miss Bedinqfeld. Bəlkə, dərhal işə keçək?
- Yox, möhtərəm Çiçester. Yenidən tələyə düşsəm də, hər halda sizinlə danışmayacağam. Məni birbaşa ser Pedlerin yanına aparın.
- B-ba-başa düşmədim...-Çiçester karıxmış tərzdə cavab verdi.
- Səhv eşitməmisiniz, ser Yustas Pedlerin yanına - deyə, təkrar etdim.
O pörtmüş halda otaqdan çıxdı. Çantamı açıb azca pudralandım və şlyapamı düzəltdim. Bir dəqiqə sonra Çiçester qayıtdı.
- Xahiş edirəm, arxamca gəlin, miss.
Pilləkənlə yuxarı qalxdıq. O, qapını döydü və qısaca “gəlin” sözünü eşitcək qapını açıb məni içəri ötürdü.
Ser Yustas gülə-gülə irəli yeridi:
- Sizi görməyimə ürəkdən şadam, Anna. Yol sizi yormayıb? Buyurun, əyləşin.
- O, özünü o qədər təbii, səmimi aparırdı ki, hətta bir az özümü itirən kimi oldum.
- Mənimlə görüşə can atmaqda düz etmisiniz, - deyə, əyləşməyimi gözləyən ser Yustas sözünə davam etdi. – Bu Minks bacarıqlı aktyor olsa da, axmaqdır. İndisə, xahiş edirəm, açıq deyin: mənim “polkovnik” olduğumu nə vaxt hiss etdiniz?
- Sizi Marlouda gördüyünü Peqqetdən öyrənən anda.
- Aydındır - o, başını buladı. – Lakin həmin gün Peqqet heç nə başa düşməmişdi. O, yalnız mənim onu tanıyıb - tanımamağımın dərdini çəkirdi və məncə, bu vaxta kimi heç fikirləşməyib ki, Marlouda “mənim nə azarım vardı.” Hə-ə... Ancaq mənə belə gəlirdi ki, hər şey dəqiqliklə hazırlanıb.
- Deməli, məni gəmidən suya atmaq istəyən siz idiniz?
- Məni bağışlayın, əziz balam – elə bilin heç nə olmayıb - dedi. – Siz ilk baxışdan xoşuma gəlirdiniz, lakin hər şeylə maraqlanmağınız... Ancaq, mən nə edə bilərdim?
- Bəs, “Şəlalələrin” yanında...
- Əlbəttə, Minks həqiqətən bacarıqli adamdır. O, nəinki “miss Petiqri”ni oynayırdı, həm də mənim səsimi əla yamsılayırdı. Mənim nömrəmin qarşısında dayanıb nə qərara gəldiyinizi xatırlayın.
- Hə, siz öz xatirələrinizi diktə edirdiniz... Bir şeyi anlamıram:axi, sizin bu “katibəni” Peqqet özü tapmışdı.
- Hər şey kifayət qədər sadədir. Minks - Çiçester, yaxud miss Petiqri mənim xahişimlə ticarət nümayəndəliyində Peqqetlə qarşılaşır və hökumət tərəfindən mənim katibim təyin olunduğunu bildirir.
- Necə də açıq etiraf edirsiniz? – deyə, dilləndim. – Siz bu inqilabda müvəffəqiyyət qazanacağınıza belə əminsiniz? Axi, siz arxanızca bütün körpülərə od vurursunuz?!
- İnanın ki, inqilab məni maraqlandırmır. Hər şeydən əvvəl silah satışından çoxlu qazanc əldə etmişəm. Yandırılmış körpülər barədə isə düzü, nə dediyinizi anlamıram. Nə oğruyam, nə də qanqster, Böyük Britaniyanın bircə səhv buraxmış hörmətli təbəəsiyəm. Ehtiyatsızlıq edərək əntiq şeylər mağazasına girdim və sizin tək mən də ələ keçdim. Əgər sabah əl-ayağım bağlı, yarıboğulmuş vəziyyətdə haradasa məni tapsalar hansısa körpüdən danışmağa dəyərmi?
- Bəs, mənimlə nə etmək fikrindəsiniz?
- Sizinlə? Bu saat sizə mənim arvadım olmağınızı təklif edərdim. Düz sözümdür, cavan, gözəl arvadım olmasını məmnuniyyətlə istəyirəm. Təbii ki, ərindən çuğulluq edən olmasın, elə deyilmi? Di yaxşı, ağız - burnunu niyə büzüşdürürsən, Anna? Yəni, təklifim ürəyincə deyil?
- Əfsüslar, “polkovnik”!
- Təəssüf! - o, səmimiyyətlə ah şəkdi. – Adi sevgi əhvalatıdır:o, qadını sevir, qadın isə başqasını. Nə etmək olar, qarşınızda ikinci bir yol da var. Birincidən fərqli olaraq kifayət qədər qəddar yol. İkisindən birini seçməli olacaqsınız. İndisə, deyin görək, almazlar haradadır?
- Harri Reybornda - onun baxışlarına sakitcə dözürdüm.
- Tutaq ki, belədir. Ancaq onlar mənə lazımdır.
- Lakin heç bilmirəm sizə necə kömək edim.
- Ola bilsin ki, doğrudan da bilmirsiniz. Onda pis xəbərləri dinləməli olacaqsınız. Hazırda şəhərdə elə vəziyyət yaranıb ki, küçədə kiminsə meyidini görmək heç kəsi təəccübləndirmir. Bu cür işləri ustalıqla yerinə yetirən şəxs isə aşağıda gözləyir. Bax, belə. Bir də təklif edirəm: bu saatca Reyborna məktub yazın, qoy almazları bura gətirsin.
- Əbəs yerə özünüzü yormayın, yazan deyiləm.
- Böyüklərin sözünü kəsməzlər, Anna. Yaxşı-yaxşı fikirləş:ya həyat, ya da almazlar.
- Bəs, Harri?
- Onun salamat qalmasına söz verirəm. Ancaq bir daha mənim yoluma çıxmayın.
- Bəs, zəmanət?
- Nə zəmanətbazlıqdır, canım! Siz dediyim sözlərə inanmalı və allaha dua etməlisiniz ki, işləriniz daha yaxşı getsin.
Şübhələnməsinlər deyə, əvvəlcə bir az tərslik etdim, sonra guya “özümü ələ aldım” və ser Yustasın diktəsilə məktub yazdım. O, məktubu diqqətlə oxuyub, imza qoymağımı tələb etdi.
Əmri dinməz-söyləməz yerinə yetirdim.
-“Həmişəlik sənin olan Anna!”- Pedler imzanı bərkdən oxudu. – Lap yaxşı... Bircə ünvanı yazmaq qalır.
Yenə də itaətlə tabe oldum. Pedler zəngi çaldı. Çiçester - Petiqri, əslində isə Minks qapıda göründü.
- Təcili surətdə sahibinə çatdırın.
- Çatdırarıq “polkovnik” - Minks cavab verdi və zərfə ötəri nəzər salıb, qapıya yönəldi.
- O sizin düşməninizdir, Minks? - Pedler qəfil ondan soruşdu.
- Kim?
- Məktubda adı yazılmış şəxs. Dünən küçədə sizi bir yerdə görüblər.
- Nə danışırsınız, “polkovnik”! Mən o saat onu tanıyardım! Həqiqətən bir kişi mənə yaxınlaşıb Reyslə sizin barənizdə soruşdu. Ona kalan yalan satdım.
- Çox gözəl, əzizim. Demək, yalan məlumat imiş. Gedin.
Deyəsən, Minks daha nə isə demək istədi, lakin qeyri - iradi dodaqları sıxıldı.
- Di gedin! – Pedler təkrar dedi.
- Minks çıxdı. Pedler bir az gözləyəndən sonra qapını açıb, kiməsə dedi: ”Minksin ardınca. Evdən buraxmayın.”
- Sonra səmimi gülümsəyərək mənə tərəf döndü. Üzücü gözləmə başlandı.
- Sizdən bir şey soryşa bilərəm, ser Yustas? – deyə, sakitliyi pozdum.
Başının hərəkətilə razılıq verdi.
- Nə üçün Harrini özünüzə katib götürmüşdünüz? Axı, onu hər an polisə təhvil verə bilərdiniz.
- Bu lənətə gəlmiş almazlar mənə çox lazım idi – o, cavab verdi. Nadin onlardan ötrü həddindən artıq yüksək məbləğ tələb edirdi. Üstəlik, imtina edəcəyim təqdirdə, almazları Reyborna satacağını bildirmişdi – hətta aşağı qiymətə olsa da. Buna görə də bu şantajçı əri ilə birlikdə o dünyaya təşrif apardı. Harri mənim üçün almazlara aparan yeganə “yola” çevrildi. Nadinin, dəqiq bilmirəm, ya Kartendən, ya da Reynbordan aldığı teleqramın surəti vardı. Orada “17 1 22 Kilmorden Kastl” qeyd olunmuşdu. Bunun Reybornla görüş vaxtı olduğunu fikirləşdim və Londonda, Uayt-hollun qapısı ağzında onun üçün təsadüfi söhbət quraşdıraraq gəmiyə gəlib çıxmasına “kömək” etdim. Biz “Kilmorden”də olanda Reybornu diqqətlə izləyirdim. Gözlənilmədən məlum oldu ki, onu “müqəddəs Çiçester” də güdür. Yadınızdadırmı, siz göyərtədə onunla söhbət edərkən mən əyilib yerdən yazılı vərəqi götürdüm. Təbii ki, bu kağızı yerə o yox, mən atmışdım. O, “yandığını” başa düşdü və mənə itaət etməyə məcbur oldu. Təəssüf ki, on yeddinci kayutu ələ keçirə bilmədik. Siz mane oldunuz, miss Anna. Bircə qalırdı ki, Reyborn ora girmək istərkən yaxalayaq. Bu cür də edəcəkdik, ancaq bu qanmaz Minks işi tamam korladı.
- Bəs, onda nə üçün Nadinin göndərdiyi teleqramda səhv getmişdi: 71 əvəzinə 17 – deyə, soruşdum.
- Məncə, bu, poçt işçisinin səhvidir. Adi bir səhv hamımızı çaş-baş salıb.
- Bəs, Generala göndərilən məktub? Onu kim oğurlamışdı?
- Ətrafda o qədər cinayətkar vardı ki, qoca Pedlerdən heç kim şübhələnmirdi. İndisə, miss Anna, icazə verin, sizi otağınıza ötürüm.
Qapı arxamca örtülüb, açar çıqqıldayandan sonra yuyunmaq istədim. Tualet şeylərini götürmək üçün çemodanı açanda... gözləmədiyim halda orada dəstəyi sədəfli kiçik tapança gördüm. Kimsə onu ehtiyatla doldurmuşdu. Adadakı atışmadan sonra ikinci dəfə idi ki, əlimə silah alırdım. Bu məşum evdə o lap yerinə düşdü. Çox fikirləşəndən sonra tapançanı yuxarıdan corabımın içərisinə dürtdüm. Silah hər an açıla bilərdi, lakin ayrı çıxış yolum yox idi.

XXXI

Bir müddət keçmiş mənə çay gətirdilər. Sonra yenidən ser Yustasın yanına apardılar.
- Sizinçün məndə yeni xəbər var, əzizim – o dedi. – Sizin Romeo artıq yoldadır. Ancaq sevinməyə tələsməyin. Məsələ burasındadır ki, almazların yerini dünəndən bilirdim. Məni inandırmağa çalışdığınız kimi onlar Reynbornda deyil. Bütün bu vaxt ərzində onlar mənim yanımda idi.
- Demək, bilirsiniz...
- Yenə Peqqet sağ olsun. Dünən o, güdmələr və hansısa kasetlər barədə boşboğazlıq edəndə almazların harada ola biləcəyini hiss etdim – missis Blerin yeşiklərində. Orada olan kasetlərdən biri daha ağır idi və qapağı o birilərdən fərqli yapışdırılmışdı. Əminəm ki, Reybornla birgə tələyə düşdüyünüzü indi anlayırsınız?
Dinməzcə ona baxırdım.
- Bax, belə ha!-o, acı şəfqətlə əlavə etdi. –Təəssüf ki, xanım Pedler olmaq istəmirsiniz. Çox təəssüf, miss Anna.
- Pilləkəndə addımlar gurultu saldı. Qapı taybatay açıldı. Reyborn iki nəfərin müşayiətilə astanada göründü.
- Burada nə baş verir?! - o, nifrətlə soruşdu.
- Ciddi bir şey yoxdur - Pedler nəzakətlə cavab verdi. – Həvəskarların peşəkarlarla çəkişməsi sadəcə çox çətindir. Əzizim Reyborn, milçək tək tora düşmüsünüz. Siz uğursuz adamsınız.
- Bütün bunlar nə deməkdir, Anna? - Harri mənə baxdı.
- Onu günahlandırmayın - Pedler məsləhət gördü. – O mənim diqtəmlə yazıb. Axı, onun başqa çıxış yolu yox idi.
Harri yenidən mənə baxanda hər şeyi başa düşdüm və sanki ümidsizlik içərisində ondan uzaqlaşıb, Pedlerə yaxınlaşdım.
- Bəli - Pedler sözünə davam edirdi, Reyborn, siz son dərəcə uğursuz adamsınız. Deyəsən bu, bizim üçüncü görüşümüzdür, hamısında da siz uduzmusunuz.
- O yan - bu yana vurnuxmayın, - Harri onun sözünü kəsdi. – Həqiqətən iki dəfə mənimki gətirməyib, ancaq bu dəfə müvəffəqiyyət mənim tərəfimdədir... Anna, onu nişan al!
Bir anda corabımın içindən tapançanı qapıb Pedlerin başına dirədim. Kişilər otağa soxuldular, lakin Harrinin səsi onları saxladı:
- Anna, bircə addım da atsalar tətiyi çək!
- Məmnuniyyətlə - deyə, vəd etdim.
Ser Yustas özünün bütün ləyaqətini bircə andaca itirdi. O, yarpaq kimi əsirdi.
- Dayanın! – o, öz adamalarına əmr etdi və banditlər qapının ağzında duruxdular.
- Qoy onlar getsinlər - Harri tələb etdi.
-Hə, hə, qoy getsinlər...- Pedler qorxudan titrək səslə təkrarladı və o saat bunun necə axmaq səsləndiyini başa düşüb əmr etdi:
- Bizi tək buraxın.
Quldurlar çıxaraq qapını örtdülər.
- İndisə gəl danışaq! – Harri mənə yaxınlaşaraq tapançanı aldı.
Ser Yustas tər basmış alnını ovcu ilə sildi.
- Nəhayət ki, bu oyuncaq səriştəli adamın əlindədir - o, yüngülləşərək nəfəsini dərdi.
- Reyborn, xahiş edirəm, onu bir də miss Annaya etibar etməyin. Azmı olur...
Tam özünə gələndən sonra əlini yellədi.
- Nə etmək olar, gənc dostlar, tam məğlub olduğumu etiraf edirəm. Ancaq deyin görüm, bu tapança hardandır? Hər ehtimala görə, miss Anna, sizin kiçik yükünüzə əl gəzdirməyi əmr etmişdim, - oradan heç bir silah tapmamışdılar. Deyəsən, heç bir dəqiqə əvvəl də sizdə odlu silah yox idi...
- Vardı - nifrətlə bildirdim. – Corabımın içində.
- İlahi...-ser Yustas kədərlə gülümsündü. –Axı, mən qadınları yaxşı öyrənməliydim. Daha keçib! Gəlin iş barədə danışaq. Tam ciddiyyətlə. Əlbəttə, ikiniz də başa düşürsünüz ki, belə vəziyyət çox davam edə bilməz. Ev mənim başkəsənlərimlə doludur və buna görə də üstünlüyünüz bir dəqiqəlikdir, xəyali...
Bu vaxt aşağıdan güllə, qışqırıq, zarıltı səsləri gəldi. Deyəsən, orada əsl döyüş qızışmışdı. Pedlerin bənizi ağardı.
- Reys də başının dəstəsi ilə gəlib çıxdı! - Harri sevindi. –“Polkovnik”, sizi əmin edirəm ki, bizimkilər sizinkiləri üstələyəcəklər... Nə gözünüzü zilləmisiniz mənə? Hər şey çox sadədir. Teleqrama Harri yox, “Andi” imzasını qoymağı hardan biləydiniz axı? Bir də sizin diktənizlə Annanın yazdığı məktubda “və” bağlayıcısının qaralanmaması və bizim öz aramızda danışdığımız kimi bunun təhlükə siqnalı olması hardan ağlınıza gələ bilərdi. Bizə qurduğunuz tələyə özünüz düşdünüz. Öz həyatı ilə risq edib sizin yuvaya yollanan Anna bu barədə mənə və Reysə məlumat vermişdi. Və sizin əntiq şeylər mağazasında gizli yolun olmasını başa düşmək bizim üçün heç də çətin olmadı. Reys o yolu tapdı...
Aşağıda atəş səsləri kəsilmirdi. Birdən küçədə güclü partlayış eşidildi. Mağaza ilə üzbəüz binaya od düşdü. Ser Yustas ona tərəf tuşlanmış tapançaya əhəmiyyət vermədən otaqda ora-bura qaçırdı. O qəfil dayanıb xırıltılı səslə danışmağa başladı:
- Hə, elə bilirsiniz uduzmuşam. Vaxtından tez sevinirsiniz. Nadini öldürməyimi heç vaxt sübut edə bilməyəcəksiniz. Bəli, həmin gün Marlouda olmuşam, lakin onunla tanış olduğumu kim sübut edəcək? Lakin siz - o, Harriyə tərəf döndü, - onu tanıyırdınız! Bunu Kimberlidə təsdiqləyər və sizdə qətl üçün motivlər olduğunu söyləyərlər. Beləliklə, Reyborn, ictimaiyyətin gözündə oğru və qatil kimi də qalacaqsınız. Sizi xilas etməyinsə yeganə yolu - bu almazlardır...
Pedlerin qolunu pəncərəyə çırpması ilə şüşənin qırılıb yerə tökülməsi bir oldu. Və həmin dəqiqə kiçik silindrə oxçar kaset ensiz küçəni bürümüş alovda yox oldu.
- Bu da son ümidiniz! - kinlə gülümsəyən Pedler Qürrələndi. – İndi günahsızlığınızı sübut etməyə çalışın! Nə qədər gec deyil, sövdələşməyi təklif edirəm. Buradan başqa otağa yol var. Məni buraxıb, oradan aradan çıxmaq üçün beş dəqiqə vaxt verirsiniz. Əvəzində isə Nadini öldürməyim barədə elə buradaca etirafnamə yazıram.
- Harri, razılaş! – deyə, qışqırdım.
- Yox, Anna, min dəfə yox! Bu qatili buraxsam, Reysin gözünə necə baxaram?!
Aşağıda atışma səngidi. Kimsə pillələrlə qaçırdı. Qapı açıldı və Reys otağa daxil oldu.
- Sizi görməyimə şadam, Anna - o, gülümsədi və ser Yustasa müraciətlə dedi: - Sizin dalınızca şox qaçmışam, Pedler!
- Deyəsən, burada hamının ağlı başından çıxıb - Pedler bildirdi. – Reys, indicə bu cavanlar məni tapança ilə hədələyib, allah bilir, nədə günahlandırırdılar. Bəlkə, nə baş verdiyini siz izah edəsiniz? Şəxsən mən heç nə anlamıram!
- Hər şeyi gözəl anlayırsınız, Pedler. Elə bilirsiniz, əleyhinizə heç bir sübut yoxdur? Nahaq yerə. Mill-hausda Nadinlə görüşməli olduğunuz barədə bilən şəxs var... Minks, bura gəlin!
Minks otağa daxil oldu.
- Danışın! – Reys əmr etdi.
Minksin dəhşətli dərəcədə əsəbiləşdiyi hiss olunurdu. Lakin o, ardıcıl danışırdı:
- Nadinlə Parisdə görüşdüm. Özümü rus qrafı kimi təqdim etdim. Nadin bir-iki günlüyə İngiltərəyə getməyə hazırlaşırdı. Söhbət əsnasında o, niyyətini açıqca bildirdi. Ancaq, gözlənilən təhlükə barədə xəbərdarlığım onu bu niyyətindən çəkindirmədi. Söhbət zamanı stolun üstündəki teleqramları oxuya bildim. Bilirsiniz, almazları əldə etmək üçün belə bir imkandan istifadə etməmək günah olardı. Hə, burada, Yohannesburqda mister Reyborn...eyy... ona... kömək etməyə məni razı saldı.
- Siçovullar gəmidən qaçırlar - ser Yustas filosofcasına bildirdi. – Dəyyus, qulaqlarını yaxşı - yaxşı aç, eşit, gec - tez məhv ediləcəksən.
Minks qorxudan özünü lap itirdi. O, sahilə atılmış balıq tək ağzını açmışdı.
- Öz aramızdır, ser Yustas - bacardığım qədər saymazyana dedim, - təntənə ilə pəncərədən atdığınız kasetdə adicə çay daşları vardı. Almazlar isə etibarlı yerdədir. Bilirsinizmi harada? Suzanna onları böyük taxta zürafənin içərisində gizlədib.
Pedler bir müddət susdu. Sonra öz adi manerasında dedi:
- Deyirəm axı, niyə əvvəldən bu məlun heyvanlardan zəhləm gedirdi. Görünür, instinkt imiş.

XXXII

Yohannesburqa gedib çıxa bilmədik – yolu tətilçilər kəsmişdilər. Şəhərdən 20 mil aralı, fermada dayanmalı olduq. Pedleri buradan ciddi mühafizə altında Keyptauna apardılar.
Ertəsi gün səhər yemətindən sonra aynabənddə oturub əlimə düşən bir romanı oxuyurdum.
- Əyləşmək olar? – deyə, polkovnik Reys mənə yaxınlaşdı.
- Bir yenilik var?
- Sabah qoşun Yohannesburqa daxil olacaq. Üç günə hər şey öz məcrasına düşəcək.
İkimiz də susduq. Reys dərindən nəfəs aldı.
- Ancaq, bu, hamısı deyil, miss Anna. Pedler... qaçıb.
- Nə?! - inanmağım gəlmirdi.
- Onu hərbçilər yerləşdirilən fermalardan birində saxlayırdılar. Oradan necə qaçması aydınlaşdırılır. Ancaq, Harriyə görə nigaran qalmayın. Pedlerin günahı tamamilə sübut olunub, Harri daha öz adını daşıya bilər.
- Nəsə qəribə danışırsınız, mister Reys.
Bu vaxt Harri aynabəndə çıxdı.
- Sabahın xeyir, Lukas - Reys ayağa qalxdı. Harri nə üçünsə cavab vermədi, yalnız polkovnikə ötəri nəzər salıb dedi:
- “Lukas”ı xüsusi ahənglə tələffüz etdiniz. Nə olub ki?
- Heç nə. Sadəcə olaraq, mən bir dəfə gördüyüm şəxsin sifətini ömür boyu unutmuram.
- Di yaxşı, bir izah edin görüm, nə baş verib - həyəcanla soruşdum.
- Polkovnik haqlıdır, Anna. Bu gündən bizim aramızda heç bir sirr olmamalıdır. Mən Harri Lukas deyiləm. O, müharibədə öldürülüb. Mən Con Herald Erdsleyəm.

XXXIII

Qaranlıq düşürdü. Conla birlikdə aynabənddə üzbəüz oturmuşduq. İkimiz də susurduq.
- Nə isə...-birinci o dözmədi. – Məni bağışla! De ki, bağışlayırsan.
O, mənim əlimdən tutdu, ancaq tez əlimi çəkdim.
- Aldatmaq nəyə lazım idi?
- Nəyə? Var - dövlət, hakimiyyət... İstəyirdim ki, məni olduğum kimi, uydurmasız - filan sevəsən.
- Yox, sadəcə mənə etibar etmirdin!
- Məsələ heç də belə deyil, Anna! Son illər mən şübhə altında idim və özüm də hamıdan şübhələnirdim. Yəni sənə aydın deyil ki, belə vəziyyətdə olan şəxs heç kəsə etibar etməməlidir? O, hər hansı adamla yaxınlıq etdikdə əvvəlcə onun daxili aləmini, xarakterini yaxşı - yaxşı öyrənməlidir. Hətta həmin adam qarşına şəxsi taleyin kimi çıxsa da.
- Görünür, sən haqlısan. Deyəsən, haq...
Əvvəllər ondan eşitdiyim hər şeyi xatırladım. İlk dəfə olaraq baş vermiş hadisələri tam dərk etdim və onun davranışına məntiqi haqq qazandırdım. Bir məsələ də aydın oldu ki, nə üçün o, Nadindən almazları satın ala biləcəyinə əmin idi. Və nə üçün bütün bu əhvalatları həmişə üçüncü şəxsin adından danışıbdır. “Mənim dostum” deyəndə o, həqiqətən öz dostu Lukası nəzərdə tuturdu. Həmin Lukas ümidsizcəsinə Nadinə vurulmuş və cəbhədə həlak olmuşdu.
- Hadisə necə baş verib? - deyə, soruşdum.
- Bir dəfə biz xoşbəxtlik naminə bir - birimizlə jetonlarımızı dəyişdik. Ancaq, belə çıxdı ki, talelərimizi dəyişmişik. Elə ertəsi gün Lukas mərmi zərbəsindən demək olar, tikə - tikə parçalanaraq həlak oldu.
Mən ah çəkdim:
- Lakin, hətta bu gün səhər belə mənə heç nə demədin.
- Hər şeyi korlamaqdan çəkindim. İzahatsız - filansız səni öz adama aparmaq istəyirdim. Axı, səadəti pulla almaq olmur, orada isə biz xoşbəxt idik, elə deyilmi?
- Bəs, Pedler sənin kim olduğunu bilirdi?
- Əlbəttə.
- Karten də?
- Yox. Mən özümü Lukas adlandırdım, o da beləcə yazıb teleqrafla Nadinə göndərdi. Nadin isə Lukasdan heç vaxt qorxmamış, onu istədiyi kimi əlində oynatmışdı. Məndən isə çəkinirdi və nə qədər pul verməyə boyun olsaq da, bir dəfə də olsun mənimlə görüşməyə razılıq verməmişdi. Əgər Nadin mənim Erdsley olduğumu bilsəydi, qorxudan ölərdi.
- Onda de görüm... Əgər Reys olmasaydı, axıradək süsacaqdın?
- Hə. Həmişə Lukas olaraq qalardım.
- Bəs, atanın milyonları?
- Onların öhdəsindən Reys məndən yaxşı gələrdi. Niyə tutuldun?
- Həqiqəti tam öyrəndiyimə, demək olar, təəssüflənirəm.
- Yox, Anna! Bütün bunların baş verməsi zəruri idi... Bilirsən, dəhşətli dərəcədə səni Reysə qısqanıram. Axı, onunla müqayisədə mən kiməm ki!..
- Səfeh. Necə də bekara fikirləşirsən, Harri. Mənə dünyada səndən başqa heç kəs lazım deyil.

Epiloq

İki il keçdi. Harri ilə əvvəlki kimi Zambezinin ortasındakı adada yaşayırıq. Bu saat Suzannadan aldığım məktub qarşımdakı kobud taxta stolun üstündədir. O yazır:”Mənim əziz sevimli Lunatiklərim! İnanın ki, əməllərinizə zərrə qədər təəccüblənməmişəm. Axı, hələ iki il əvvəl Paris toy qaydalarını sizinlə müzakirə edərkən hiss etmişdim ki, toyunuz adi toy olmayacaq, uzaq, gözəl bir yerə qaçacaq və qaraçısayaq sərbəst yaşayacaqsınız. Mənim məftunedici lunatiklərim, belə də oldu! Sizin fikrinizcə böyük nəsildən imtina etmək tamamilə cəfəng ideyadır. Siz qaçandan sonra polkovnik Reys ser Lorensdən qalan var - dövləti həqiqi varisin adına keçirmək istəyirdi. Lakin bal “ayı” üçün sizə vaxt verməyə onu razı sala bildim. Hər halda, Anna, yanımda olmadığından və öz Suzannanın üstünə vəhşi pişik təki atılmadığından istifadə edərək cəsarətə gəlib, gör nə deyirəm: daxmada məhəbbətiniz nə qədər uzansa da, gün gələcək Park-Leyndə gözəl ev, limuzinlər, manto və fransız qulluqçuları arzusuna düşəcəksən. Bəli-bəli! Mübahisə etmə! Hələliksə... Hələlik qoy sizin bal “ayınız” hökmranlıq etsin!
Səni sevən Suzanna Bler.”
Adaya bir dənə də məktub gəldi. Qalın bağlama ilə o, Boliviyadan , ya da haradansa çətin və uzun yol qət etmişdi. Hərdən vaxt olanda məktubu götürüb oxuyuram:
“Əzizim Anna Bedinqfeld!
Sizə məktub yazmaqdan özümü saxlaya bilmirəm. Ona görə yox ki, məktub mənə zövq verir, ona görə ki, məndən xəbər tutmağın Sizə zövq verəcəyini bilirəm. Yeri gəlmişkən, dostumuz Reys özü düşünən kimi ağıllı və diqqətli deyilmiş, elə deyilmi?..
Bax, belə. Öz gündəliyimi Sizə göndərir və ədəbi müvəkkilim olmağınızı Sizdən xahiş edirəm. Gündəlikdə Reysi və onun əkskəşfiyyatda olan xidmətçilərini maraqlandıracaq bir şey yoxdur. Lakin əminəm ki, Sizi əyləndirən səhifələr tapılacaqdır.
Gündəlikdən istədiyiniz kimi istifadə edə bilərsiniz. Məsələn, “Tanıdığım cinayətkarlar” sərlövhəsi ilə “Deyli Büdcet”də çap etdirmək olar. Yeganə xahişim ondan ibarətdir ki, yazınızın qəhrəmanı mən olum.
Öz məktubumda Sizə Anna Bedinqfeld kimi müraciət edirəm. Ancaq çoxdan Sizin ledi Erdsley olduğunuza və Park-Leyndə hökmranlıq etdiyinizə bir saniyə də şübhə etmirəm.
Mən özüm pis yaşamıram. Əlbəttə, hər şeyi təzədən başlamaq asan iş deyil. Lakin məhz dar gün üçün möhkəm yerdə bir az pul gizlətmişdim. İndiki vəziyyətdə bu lap yerinə düşdü. Hazırda yeni tanışlarla əlaqələri tədricən sahmana salıram. Yeri gəlmişkən, əgər siz nə vaxtsa Çiçester - Minksi görsəniz, ona deyin, “polkovnik” səni unutmayıb. Bir balaca stresə düşməklə ona heç nə olmaz.
Ümumiyyətlə, çoxlarını bağışlamağa hazıram. Hətta Peqqeti də. Eşitmişəm ki, o, dəqiq desək - missis Peqqet altıncı (!) uşağı dünyaya gətirib. Görünür, tezliklə İngiltərə ağzınacan Peqqetlərlə dolacaq. Bu çoxuşaqlı ailəyə təbriklə birgə gümüş fincan göndərdim. Zarafatsız - zadsız əminəm ki, Peqqet dərhal onları Skotland-Yarda aparıb...
Sizə və Sizin nurlu gözlərinizə xeyir-dua verirəm! Mənə ərə gəlməməyə görə etdiyiniz səhvi nə vaxtsa başa düşəcəksiniz.
Sizin Yustas Pedler.”
Harri hirsindən coşdu. Axı, onun hafizəsində Pedler məni öldürmək istəyən adam kimi qalırdı. Üstəlik, Lukasın da ölümündə Pedler günahkar idi. Düzünü desəm, mənə ən səmimi hisslər bəsləyən ser Yustas Pedlerin həyatıma niyə qəsd etməsi məni uzun müddət təəccübləndirdi.
Doğrudan da, nə üçün? Harri, Pedleri “çirkin ünsür” adlandırır və bununla da məsələni bitmiş sayırdı. Məncə, bunun cavabını Suzanna daha yaxşı izah edirdi. Haçansa Suzanna ilə bu barədə danışmışdıq. O, öz diaqnozunda qorxu kompleksini üstün tutmuşdu. Onun fikrincə, ser Yustasın bütün həyatı bircə arzuya - tam rahatlığa və təhlükəsizliyə tabe edimişdir. Suzannanın psixotəhlilinə görə, buradan da özünüqoruma instinkti kəskin inkişaf edir. Nadinin ölümü Pedleri öldürücü qorxudan qurtardı. Ancaq, onu mənə qarşı cinayətə sövq edən nifrət yox, özünüqoruma instinkti olmuşdur - axı, yalnız mən onun sirrini bilirdim.
Məncə, Suzanna haqlıdır. Nadinə gəlincə, o, ölümə layiq qadınlardan idi. Var - dövlətə və hakimiyyətə can atan kişilər mənəvi nöqteyi - nəzərdən şübhəli hərəkətlərə tez - tez yol verirlər. Lakin nə vaxt ki, tamahkar məqsədlərlə qadın məhəbbət hiyləsi işlədir - bu, ən alçaq cinayətdir. Bəli! Müqayisədə ser Yustası asan bağışlaya bilərəm, Nadini isə heç vaxt bağışlamaram. Heç vaxt! Heç vaxt!
Bu yaxınlarda qəzetə bükülmüş bir bankanı açanda gördüm ki, bu, “Deyli Büdcet”in mənim “Qəhvəyi kostyumlu kişi” reportajım dərc olunmuş nömrələrindən biridir. “Eh, gör bu nə vaxt olub” - deyə, təəccübləndim və hər halda reportajımın o vaxt böyük uğur qazandığını xatırladım.
...Bu saat oğlum günəşin altında uzanıb qaralmış ayaqları ilə hər yanı eşələyir. Budur, mənim “qəhvəyi kostyumlu kişim” - Afrika üçün ən yaxşı “kostyumda” - şabalıd kimi qəhvəyi. Onu isti torpağın üstünə qoyan kimi həris arxeoloq tək qazmağa başlayır. Bu şakər ona, deyəsən, babasından keçib.
Oğlum dünyaya gələndə Suzanna teleqram vurmuşdu:”Lunatiklər adasının daha bir sakinini təbrik edir və sevirəm! Yeri gəlmişkən, yeni sakin yekəbaşdır, yoxsa başı yekədir?”
Ancaq, Suzannanı bu adətindən çəkindərməyə borclu deyiləm! Teleqramın cavabında “Enlibaş!” yazdım.
Yerində və qənaətlə yazılmış cəmi bircə söz.

Son

 

AQATA KRİSTİ “QƏHVƏYİ KOSTYUMLU KİŞİ” VI hissə

Roman (tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)

XXV

O, sözümü kəsmədən qulaq asırdı. Bütün bu vaxt ərzində almazların Suzannada olması onu lap heyrətləndirdi. Olub-keçən hadisələri birlikdə oturub təhlil edəndə hər şey bizə aydın oldu:almazları kasetin içərisinə qoyub gəmidə saxlamaqla Karten son dərəcə ehtiyatlı tərpənmişdi. Axı, kimin ağlına gələ bilərdi ki, almazlar stüarddadır?
Bununla belə, Harri ilə mən çətin vəziyyətdə qalmışdıq. Dönə-dönə özümüzə sual verirdik: bu gizli “polkovnik” kimdir belə?
- Anna, əvvəlkitək sən bu fikirdəsən ki, həmin adam Peqqetdir - Harri dedi. –Onun Keyptaunda səni izləyən şəxsə yaxınlaşması faktı əsaslı səbəbdir... Amma, əgər həmin kişi sadəcə olaraq Peqqetdən saatı soruşubsa və o da saata baxıbsa?..
- Deyirsən, bu da təsadüfdür?
- Bütün bunlarda nəsə var. Məsələn, qətl nə üçün məhz Mill-hausda baş verib? Bəlkə, de Birdə qarət vaxtı Peqqet də Kimberlidə olub? Əgər belədirsə, deməli, o, “polkovnik” üçün heç də məndən az təhlükəli şahid deyil. Və onda...
- Nə “onda”?
- Mən Marlouya gedib çıxmasaydım, qarmağa Peqqet düşəcəkdi.
- Demək, səncə o, cani deyil, yalnız qurbandır?
- Hələ bunu təsdiq edə bilmərəm. Əvvəlcə, o vaxt onun Marlouda nə etdiyini aydınlaşdırmalıyıq... İndisə yatmaq vaxtıdır - Harri ayağa durdu. – Sübh tezdən səni sahilə göndərərəm. Gedərsən Livinqstona, oradan Bulavayoya, sonra da qatarla Beyraya.
- Ancaq...
- Mübahisə etmə. Mən istəmirəm ki, indən belə bu əhvalatda iştirak edəsən.
Birdən Harri ehtiyatla əlini qaldırdı:
- Sakit...
Bir saniyə keçməmiş sağ sahildən avar şappıltısı gəldi. Cəld komaya qaçdıq. Harri divardan asdığı iki karabini, tapançanı götürdü, silahları doldurmaq qaydasını başa saldı və pəncərəyə qısıldı. Qayıq artıq sahilə yan almışdı.
- Dayanın!-Lukas bərkdən əmr etdi.
Cavab əvəzinə atəş guruldadı, güllələr vıyıldadı. Ancaq bizə dəymədi. Harrinin gülləsi isə sərrast oldu. Kimsə zarıldadı, ağır tappıltı səsi gəldi. Harri qayığın olduğu tərəfə, qaranlığa atmaqda davam edirdi. O, tüfəngini mənə tullayıb, doldurmağı əmr etdi və hazır olanını götürdü.
Hücum edənlər tələsik sahildən aralandılar. Qulaqbatırıcı sakitlik başlandı.
Harri diqqət kəsilərək: - İlk hücum dəf olundu - dedi. – Nə qədər ki ikincisi başlanmayıb, qayığı adanın o biri tərəfinə çəkək! Cəld sahilə, Anna! Mən də bu saat gəlirəm, bu həşəratlar üçün bir sürpriz düzəldim ki...
Lakin qayığımız yerində yox idi. Sahilə göz gəzdirdim:görəsən, axına düşməyib ki? Harri yüyürüb gəldi.
- Qaçırıblar! - şəraiti dərhal qiymətləndirdi. – İşlər xarabdır. İndi onlar şübhəsiz, hər iki tərəfdən gələcəklər... Komanı göstərərək əlavə etdi: bu da mənim sürprizim.
Qəfil komanın üzərində alov şölələndi və onun işığında iki nəfərin silueti aydın göründü. Çay tərəfdə şən çığırtılar eşidildi.
- Orada cındırdan müqəvva düzəldib qoymuşam. Qoy Parkeri məhv etdiklərini düşünüb, şadlansınlar - deyə Harri izah etdi və adanın sahildən ayrıldığı ən ensiz yeri göstərərək soruşdu:
- Üzməyi bacarırsan?
- Belə də, bir az.
- Onda dua edib, özünü vur suya!-Harri əmr verdi və mənim təəccübümü görüb əlavə etdi:-Timsahlar...
O biri sahilə xətərsiz ötüb keçməyə bəlkə də allaha yalvarışlarım kömək etdi.
O vaxtdan xeyli keçsə də hətta indinin özündə belə qaçmağımızı xatırlayanda ətim ürpəşir. Tamam islanmış paltarımın ətəkləri tikanların qana boyadığı ayaqlarıma yapışmışdı. Get-gedə hiss edirdim ki, daha bircə addım atmağa da heyim qalmayıb. Səhər Livinqstona çatanda büsbütün taqətdən düşmüşdüm. Şəhərə çatan kimi Harrinin dostu Nedgilə getdik. Dırnaqlarınadək islanmış gözlənilməz qonaqları ev sahibi tam soyuqqanlılıqla qarşıladı. Bizim bu cür məcnun kökündə gəlişimizi sanki hər an gözləyirmiş.
Dincimizi alandan sonra Harri ilə vəziyyəti müzakirə etməyə başladıq. Beyraya mənim səfərim artıq öz mənasını itirmişdi. Bundan başqa Beyrada tək olacaqdım. Bu isə daha çox təhlükə doğururdu, orada qatillər asanlıqla mənim axırıma çıxardılar. Belə qərara gəldik ki, son dərəcə ehtiyatla Suzannanı tapmalıyam. İndi allah bilir o haradadır - burada, Afrikada, yoxsa İngiltərədə. Onu tapıb demək lazım idi, təcili surətdə almazları Parkerin adına banka qoysun. Harri məndən ancaq bunu yerinə yetirməyi tələb etdi və “polkovnik”in axtarışının davam etdirilməsindən boyun qaçırtdı. Razılaşmaqdan başqa özgə çarəm qalmadı. Mən Nedin yanında sakitcə oturmalı və Harridən təlimat gözləməliydim.
- Fikirləşib elə bir yol tapmalıyıq ki, keçən dəfəki məktubun başına gələn iş daha təkrar olunmasın - deyə, təklif etdim.
- Düzdür - Harri başı ilə təsdiqlədi. – Yadında saxla:sənə yazdığım hər bir məktubun üzərində “və” bağlayıcısı olacaqdır.
- Bəs, teleqramlarda?
- Teleqramlara “Andi” imzası qoyacağam.
- Qatarın yola düşməsinə az qalıb, dost! - Ned Lukasa xatırlatdı.
Harri qalxıb qapıya yaxınlaşdı və ona dəxli olmayan kimi soruşdu:
- Əgər münasib namizəd tapılsa ərə gedərsənmi?
- O “namizəd”in boğazını üzərəm - deyə, Harriyə möhkəm söz verdim və o getdi.

XXVI

(Ser Yustasın gündəliyindən)

Mənə ancaq sakitlik lazım olduğu barədə artıq bir necə dəfə yazmışam. Ancaq belə çıxır ki, məndə olmayan yeganə şey sakitlikdir. Həmişə fırtına və dalğaların mərkəzinə düşürəm.
Missis Bler nömrəyə dürtüləndə miss Petiqri növbəti məşhur adam barəsində hekayətimi stenoqrafiyalaşdırırdı.
- Haradadır Anna?! - o az qala qışqırdı.
Yersiz sual idi! Miss Petiqri nə düşünə bilərdi?
- Güman edirəm, öz otağında yatır - deyə soyuq cavab verdim.
- Otağında yoxdur! Həm də bu gecə dəhşətli yuxu görmüşəm!
- Bağışlayın, əzizim - onu inandırmağa çalışdım, - narahat olmağa heç bir əsas görmürəm.
- Bəs, mənim yuxum?
Hər-halda bu qadınlar dözülməzdirlər! Axı, məlumdur ki, dəhşətli yuxular pis şam yeməyinin nəticəsidir.
- Bəlkə polkovnik Reysə müraciət edəsiniz? - səbirlə ona məsləhət gördüm.
- O da heç yanda yoxdur.
Bütün hərəkətimlə bu incə məsələyə qarışmaq istəmədiyimi bildirərək dərindən nəfəs alıb, özümü kresloya yıxdım
- Ser Yustas, belə düşünürsünüz ki, Anna ilə Reys gəzməyə çıxıblar? Gecə yarısı?
- Axı, əzizim, bütün dünyaya məlumdur ki, gənc xanımlar bəzən kiçik xətalara yol verirlər.
- Demək istəyirsiniz ki...
Əgər Reys tək, Annasız içəri daxil olmasaydı, bilmirəm bu nənasız söhbət nə ilə qurtaracaqdı.
Çox keçmədən bütün otelin altı üstünə çevrildi. Onun oteldən gecə çıxdığı və sonra onu heç kəsin görmədiyini aydınlaşdırmaq mümkün oldu. Yazıq Reys ozündə-sözündə deyildi. O, ətrafda hər yanı gəzdi. Şəlalələr tərəfdə, birbaşa sıldırıma gedən cığırda qadın ayaqqabılarının izi tapıldı.
Bu haqda nə fikirləşirlər, bilmirəm, ancaq çoxdan etdiyim müşahidələrimi bildirdim:”Lunatiklərin başına heç vaxt heç bir hadisə gəlmir”. Lakin missis Bler heç cür sakitləşmədi. Onu anlaya bilmirəm. Bu yaxınlaradək polkovnik Reyslə elə dost idi ki... İndisə missis Bler polkovniki pişik siçanı izləyən kimi izləyir. Ümumiyyətlə, o özünü çox əsəbi aparır, hər tıqqıltıdan diksinir, sanki daim nədənsə çəkinir. Deyəsən, Yohannesburqa getməyin vaxtı çatıb.
Hə, yeri gəlmişkən, bu günlər çaydakı gizli ada haqqında söz-söhbət gəzir. Deyirlər, orada bir kişi və gənc qadın yaşayır. Onlar orada çoxdanmı məskən salıblar, birlikdə gəliblərmi, ya qadın sonradan gəlib - bunlar barədə heç kim bilmirdi. Hər ehtimala qarşı qəti aydın idi ki, həmin qadın miss Bedinqfeld deyil. Bu şayiə nəyə görəsə Reysi möhkəm həyəcanlandırdı.

Xeyli keçmiş

Yohannesburqa gedirəm. Orada işlər yaxşı deyil. Vəziyyət kəskinləşməmiş çatmaq lazımdır. Missis Bler mənimlə getmək istəyirdi, lakin sonra fikrini dəyişdi. Bu gün axşamsa mənə yaxınlaşaraq xahiş etdi ki, ağac fiqurlardan ibarət yükünü Keyptauna göndərim və onlardan göz olmağı Peqqetdən xahiş edim. Hələ bir müddət də Peqqetdən xilas olmaq üçün əla bəhanədir! Tez Peqqetə məktub yazdım ki, yükləri alsın və böyük bədii sərvət kimi qorusun.

XXVII

(Ser Yustasın gündəliyindən)

Artıq Yohannesburqdayam. Burada şərait çox pisdir. Tətilçilər dəstəsi küçədə keşik çəkirlər. Yəqin kapitalistləri axtarırlar. Taksidə getmək təhlükəlidir - tətilçilər maşından sizi əlüstü sürüyüb çıxararlar.
Yenidən “Kilmorden Kastl”ın səfərdaşı olan Rivslə görüşdüm. Digər yerlilər kimi Rivsi də uzun-uzadı nitq irad etməyə öyrətmişdilər. Belələri ertəsi gün təzədən bir gün əvvəl nəyi deyib - deməmək istədiklərini uzunçuluqla isah etməyə başlayırlar. Elə iclasda da belə olurdu.
Peqqeti Keyptaunda saxlamaq üçün uzun müddət müxtəlif bəhanələr uydurdum. Lakin onu razı salmağa fantaziyam çatmadı və sabah o, mənimlə gedəcək.
İndicə hökumət məmuru ilə danışdım. O buradakı vəziyyəti kədərli tonda izah etdi və daha sakit yerə - Pretoriyaya getməyi məsləhət gördü.
- Yeni qarışıqlıqlar gözlənilir? - deyə, soruşdum.
- Tətilçilərin özlərindən real təhlükə gözlənilmir, ser Yustas. Onların arxasında naməlum güclü təşkilat durur. Əlimizə kodlaşdırılmış sənədlər keçib. Bu sənədlərdə həmin təşkilatın tətilçilərə göndərdiyi “kartof”, “güllər” və digər “göyərtilər” barədə məlumat var. Kod o qədər də mürəkkəb deyil:söhbət silahlardan və partlayıcı maddələrdən gedir.
- Maraqlı xəbərdir.
- Maraqdan da artıqdır, ser Yustas. Bu şeytan təşkilatının başçısının hazırda Yohannesburqda olması barədə əlimizdə faktlar vardır. Belə ki, hər şey gözləmək olar və buna görə də sizə iki vəsiqə veririk.
- Biri sizin adamlar, digəri tətilçilər üçün, eləmi?
- Tamamilə doğrudur.
Bu ideya xoşuma gəlmədi. Belə hallarda nə baş verdiyini yaxşı bilirəm:bir də görürsən tələsiklikdə səni istəməyən adama lazım olmayan vəsiqəni göstərdin. Pretoriyaya da getmək istəmirdim. Əgər tətilçilər dəmiryol xəttini dağıtsaydılar, allah bilir, orada nə qədər veyillənəcəkdim. Eşitdiyimə görə artıq ilk partlayışlar olub.
- Heç bir vəsiqə lazım deyil - məmura dedim, - Pretoriyaya da getməyəcəyəm. Bir özünüz fikirləşin:Pretoriyada oturub Yohannesburqdakı vəziyyəti öyrənmək olarmı? Yox, mən burada qalıram.
- Nahaq yerə, ser Yustas. Nəzərə alın ki, ərzaq məsələsi çətinləşəcək. İndinin özündə ərzağın gətirilməsi tez-tez ləngiyir.
Bu vaxt mənə teleqram gətirdilər və onu son dərəcə təəccüb içərisində oxudum: ”Anna sağ-salamatdır. Biz Kimberlidəyik. Suzanna Bler.”
Heç nə başa düşmürəm. Bu qədər vaxtı bu qız harada itib-batıb və birdən-birə Kimberliyə necə düşüb? Təpədən dırnağacan tapmacadır! Teleqramı cibimə dürtüb, məmurla xudahafizləşdim. Bu saat böyük məmnuniyyətlə tünd bir şey içərdim. Ancaq iki gündür ki, Yohannesburqda spirtli içkilər satılmır. Bir qədəh üçün nə qədər desələr verərəm. Bəlkə, Keyptaundan bir şüşə viski gətirməyin yolunu Peqqet bilir?..
Burada yaxşı əntiq şeylər mağazaları var. Gəzməyə çıxanda onlardan birinin qarşısında dayanıb, vitrindəki suvenirlərə baxırdım. Bu vaxt yenə də gözlənilməz iş baş verdi – Reys mağazadan çıxdı! Məncə, bu görüşdən o, heç də sevinmədi.
- Sizinlə Yohannesburqda rastlaşmağı gözləmirdim, polkovnik. Nə vaxt gəlmisiniz?
- Dünən - Reys quru cavab verdi.
-Əgər gizli deyilsə, hara düşmüsünüz?
- Dostlarımın yanına.
“Polkovnik o qədər də söhbətcil deyil”- deyə, fikirləşdim. Buna baxmayaraq soruşdum:
- Miss Bedinqfeldin sağ-salamat olduğunu bilirsinizmi?
- Hə - Reys başını tərpətdi. – Bütün bu müddət ərzində o, bir cavanla adada qalırmış.
- Görəsən, kimdir o bəxtəvər?
Reys özünü elə göstərdi ki, guya mənim sualımı eşitmədi.
- Nə etmək olar, - dedim, - demək istəmirsənsə, demə, lazım deyil.
- Harri Reynborn imiş. Əslində isə o, Lukasdır – nəhayət Reys bildirdi. – Onu yenə də əldən buraxdıq, ancaq hökmən tapacağıq. Lap tezliklə.
- İlahi, ilahi...- eşitdiklərimdən sarsılaraq deyindim.
- Lakin, miss Anna heç də Reybornun xəbərçisi deyil. Anna sadəcə olaraq ona vurulub. Hazırda miss Bedinqfeld Beyradadır. Yazıq İngiltərəyə qayıtmağa hazırlaşır.
- Beyrada? – təəccüblə teleqramı Reysə uzatdım. – Onda bunu necə isah edərsiniz?
Reys məndən az pərt olmadı.
- Lənət şeytana! – deyə, hiddətləndi. – Onlar Kimberlidə nə edirlər?
- Görünür, qadınları heç vaxt başa düşməyəcəyik, Reys...
Biz xudahafizləşdik. Beləliklə, mağazaya daxil olmadan ofisə qayıtdım. Hökumət məmuru məni görəndə sevindi:
- Üzr istəyirəm, ser Yustas, sizə bir neçə sualım var.
- Buyur əzizim.
- Sualım katibinizə aiddir.
- Peqqetə?
- Xeyr. Mən nəzərdə tuturam...
- Miss Petiqrini deyirsiniz? – təəccüblə səsimi ucaltdım.
- Düz tapmısınız, ser Yustas. Bizim agentlər onun əntiq şeylər mağazası “Arqasato”ya girdiyini görüblər.
- Nə olsun ki? – yenidən təəccübləndim. – Deyəsən, sizin ölkədə özünü şübhəyə salmamaq üçün bir addım da atmamalısan.
- Lakin, ser Yustas, bu mağaza bizə adamları bund qaldırmağa təhrik edən təşkilatın yığışdığı yer kimi məlumdur. Buna görə də miss Petiqrinin necə sizin katibəniz düzəlməsini bilmək istəyirdim.
- Onu mənə sizin hökumət məsləhət görüb – deyə, soyuq cavab verdim.

XXVIII

(Anna Bedinqfeldin hekayəti)

Bir neçə gün Livinqstonda, Nedin yanında qaldım. Harri ilə danışdığımız kimi, sonra Kimberliyə gəldim və dərhal Suzannaya teleqram vurdum. O az qala hər bir stansiyadan teleqrafla xəbər verərək yanıma tələsdi. Bununla da Suzannanın həqiqi dostluğuna bir daha əmin oldum. Emosiyalarımız sakitləşəndə axır vaxtlar keçirdiyim əziyyətli günlər barədə rəfiqəmə ətraflı danışdım. Məni axıradək dinləyəndən sonra Suzanna yavaş-yavaş, sanki hər sözünü ölçüb-biçərək dedi:
- Demək... polkovnik Reys...
Onun daha nə deyəcəyini gözləməyə hövsələm çatmırdı.
- Polkovnik Reys...- o təkrar etdi. – Ona elə rəğbət bəsləyirdim, səninçün gözəl nişanlı sayırdım... Lakin sən itən gecəsi ona qarşı səmimi hisslərim puç oldu. Sənin Reysə olan inamsızlığını xatırladım və onun hər addımı məndə şübhə doğurmağa başladı. Almazlar üçün xüsusilə narahat oldum. Onları özümdə saxlamaq getdikcə daha təhlükəli olurdu...
Suzanna ətrafı gözdən keçirdi və necə hərəkət etdiyini pıçıltı ilə danışdı.
- Əla ideyadır – deyə, bəyəndiyimi bildirdim. Bu saat bundan əlverişli yol yoxdur.
- Ancaq, sən əlini ağdan-qaraya vurmayana oxşamırsan – Suzanna gülümsündü.
O düz deyirdi. Gündüz teleqram almışdım:”Salamat çatdım. Hər şey yaxşıdır. Erik və Yustas buradadırlar. Harri bu gün gələcək. Yerində qal. Andi.” Polkovnik Reysi Erik adlandırmağı qərara almışdıq. Bu ad mənə iyrənc göründüyü üçün seçmişdik. Harri adı altında isə Qay Peqqet nəzərdə tutulmuşdu. Yohannesburqa gedən qatar axşam beş qırxda Kimberliyə çatmalı və altı tamamda yoluna davam etməli idi. Stansiyada 20 dəqiqəlik dayanacaq Peqqeti axtarıb tapmağıma və ona yeganə sualımı verməyə bəs edərdi. Suzanna da mənimlə stansiyaya getmək istəyirdi, lakin onu başa saldım ki, Peqqetlə söhbətim əlavə şahid olmadan üz-üzə olmalıdır.
Qatar azca gecikmişdi. Peqqeti çətinlik çəkmədən tapdım. Məni görən kimi özünü itirib kəkələdi:
- İlahi! Miss Bedinqfeld... hamı sizin itdiyinizi düşünür.
- Ancaq görürsünüz ki, yenidən peyda olmuşam. Sizdən yalnız bir məsələ barədə soruşmaq istəyirəm: yanvarın 8-də Marlouda nə edirdiniz?
Peqqet özünü daha da itirdi.
Mən isə təkid edirdim:
- Axı, siz orada idiniz, mister Peqqet! Deyin, nə üçün?
- Bəyəm...bəyəm ser Yustas sizə heç nə deməyib?
İndisə karıxmaq növbəsi mənə çatdı:
-Ser Yustas? O bu haqda bilir?
- Əminəm ki, bilir... Demək olar, əminəm... Onun etdiyi işarələr, zarafatlar... Məncə, o, həmin gün məni görmüşdü, bütün bu illər ərzində hər şeyi anlamışdı...
Qətiyyən bir şey anlamadım. Peqqet isə qolun-qıçın qıra-qıra üyüdüb tökürdü: - Ola bilsin, haqlı deyiləm, lakin mənə belə gəlir ki, bu cür günahsız aldat...
Fit çalındı. Peqqet vaqona qalxmaq üçün məhəccərdən yapışdı.
- Axı, Marlouda nə edirdiniz? – yenidən cavab almağa nail olmaq istədim.
- Bu mənim səhvimdir, ancaq şərait...
- Hansı şərait? – ümidsizliklə qışqırdım.
- Bağışlayın, miss Bedinqfeld, lakin bunun şəxsən sizə heç bir dəxli yoxdur.
Peqqet vaqon meydançasına qalxdı. Müvəffəqiyyətə bütün ümidimi itirərək, qarasına dedim:
- Başa düşürəm, qorxursunuz! Utanırsınız, elə deyilmi?
- Qorxuram? – o, təhqiredici tonda təkrar etdi və dərhal bir necə sözlə öz sirrini açdı. Lakin bu, mənim eşitmək istədiklərimə qətiyyən uyğun gəlmirdi. Qatar yola düşdü və mən karıxmış halda otelə yollandım. Orada məni Yohannesburq yaxınlığındakı kiçik stansiyaya getmək üçün dəqiq göstərişlər yazılmış teleqram gözləyirdi. Teleqrama Harri imzası qoyulmuşdu.

 ardı var

AQATA KRİSTİ “QƏHVƏYİ KOSTYUMLU KİŞİ” V hissə

Roman (tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)


XXII

Bulavayoya şənbə günü çatdıq. Şəhərin təbii gözəlliyi məni heyran edirdi. Göydən od ələnirdi. Otel xoşuma gəlmədi. Ser Yustas qaşqabaqlı, əsəbi idi. Məncə, hər şeydən əvvəl onu bizim aldığımız heyvan fiqurları, xüsusilə boy-buxunlu zürafənin kədərli gözləri və uzun boğazı əsəbiləşdirirdi.Qırx doqquz fiqur gözləmədiyimiz halda xeyli yer tutdu. Onların quruluşu çox yöndəmsiz idi.Buna görə də fiqurları stansiyadan otelə daşımaq üçün iki hambal tutmalı olduq. Bizim ekzotik heyvanxananın sakinləri elə hey yıxılırdılar. Fiqurlardan birinin başı qırılandan sonra onları bacardığımız qədər qucağımıza yığıb özümüz daşıdıq. Polkovnik Reys də kömək etdi. Nəhəng zürafəni isə son dərəcə səmimi görünməyə çalışaraq ser Yustasa ötürdüm. Miss Petiqrinin payına gombul begemot və iki qara döyüşçü düşdü. Kupedə peyda olduğum gündən nədənsə o, məni sevmirdi. Həmişə məndən qaçmağa səy göstərirdi. Vaxt ötdükcə hərdən vaqonda onunla rastlaşanda sifəti mənə lap az da olsa tanış gəlirdi. Halbuki, nə vaxtsa, haradasa bu qadını görmədiyimə and içə bilərdim.
Oteldə rahatlanıb dincimizi alandan sonra Matonosa ekskursiyaya getməyi planlaşdırmışdıq. Lakin son anda ser Pedler fikrini dəyişdi. Keyptauna gəldiyimiz gün restoranda balıq tikələrini əsəbiliklə döşəməyə fırıldatdığı vaxtda olduğu kimi indi də əhval-ruhiyyəsi yaman pis idi. Oteldə oturaraq hambalları, ofisiantları lənətləyir, xidmətçilərin dalınca donquldanırdı. Onun yanından əl çəkməyən miss Petiqri də payını ala bilərdi. Lakin o, məharətlə elə təkəbbürlü dayanmışdı ki, ser Yustas onun pisliyinə danışmağa cürət etmədi. Və əgər bu an bizim məşhur zürafə ser Yustasın əlinin altında olsaydı, təbii ki, onu da balıq tikələri kimi döşəməyə fırıldadardı.
Hə, baş tutmayan ekskursiyamız haqqında. Ser Yustas ekskursiya barədə fikrini dəyişəndə miss Petiqri də qaldığını bildirdi - birdən şefə lazım olardı. Sonra başı ağrıyan Suzanna da getməkdən imtina etdi. Yalnız polkovnik Reyslə mən geri çəkilmədik.
Son dərəcə köhnə, sınıq-salxaq “fordda” yola düşdük. Gözəl mənzərələr bir-birini əvəz edirdi. Yol boyu qeyri-adi cizgilərə malik iri qaya parçalarına rast gəlirdik. Qəfildən yolda sanki neandertal insan peyda olurdu. O, atamın həmişə dediyi kimi, mənə də tamamilə real görünürdü. Polkovnik Reys özünü qəribə aparırdı. Matonosa yola düşənədək o, mənə maraqlı müsahib, ünsiyyətcil adam təsiri bağışlayırdı. Amma yol boyu nədənsə tərsliklə susurdu. Onun qaradinməzliyi məni daha cox sıxırdı. Nəhayət, dözə bilməyərək həvəslə dedim:
- Məncə, qabaqlar burada nəhəng adamlar yaşayıblar.
- Reys susurdu.
- Şübhəsiz, bax orada nəhənglər yaşayıblar - deyə, davam etdim. - Onların da uşaqları olub. Yer üzünün bütün uşaqları kimi onlar da daşlarla oynayıblar. Oynatdıqları daşları müxtəlif cür düzüblər. Maraqlı bir şey alınanda seviniblər.
- Həqiqətə düşündüyünüzdən daha yaxınsınız, miss Anna! - Reys qaşqabaqlı cavab verdi.
- Qeyri-adi mənzərədir, eləmi? - başlanmış söhbətdən sevindim.
- Həqiqətən qeyri-adidir - öz daxili fikirlərindən çətinliklə ayrılan Reys dedi. - Lakin belə qeyri-adi sərt mühitdə yaşayan insan tez qəddarlaşır.
- Bəlkə də elədir - Harri Reybornu xatırlayaraq dedim. - Qəddar ola bilər, amma zəif olmaz.
- Məsələ kimi zəif hesab etməkdədir, miss Anna.
- Məsələn, uşaqları və itləri.
- Bəs, qadınları zəiflərə aid etmirsiniz?
- Qadınları?... Onlar yalnız inkişaf etmiş cəmiyyətdə zəif olurlar. Atam əmin idi ki, bəşəriyyətin ilkin oyanışında kişi və qadın dünyanı birgə fəth ediblər. Şirlər, pələnglər kimi bərabər güc ilə...
- Zürafələr...
- Zürafələr də - deyə, gülümsündüm. - Əvvəlcə insanlar uzun müddət köçəri həyat sürüblər. Oturaq həyata keçəndə isə kişi və qadın arasında iş bölgüsü olub. Bundan sonra qadınlar zəifləməyə başlayıblar. Buna görə də onlar kişi gücünə-bir vaxtlar itirdikləri gücə sitayiş edirlər.
- Miss Anna, siz sadece olaraq vurulmusunuz! - Reys gözlənilmədən nəticə çıxardı.
- Səhviniz var!-bacardığım qədər sərt cavab verdim.
“Ford” ağır-ağır xırıldayıb dayandı. Maşından düşüb, dağ yamacı ilə yavaş-yavaş qalxmağa başladıq. Artıq neçənci dəfə idi ki, polkovnik Reyslə ünsiyyətdə bir narahatlıq duyurdum. İndi anladım ki, daha ondan ehtiyat edirəm.
Zirvədə bir az oturaraq sakitlikdən zövq aldıq. Sonra geriyə qayıtdıq. Ensiz dar keçiddə Reys əlini mənə uzatdı. - Mən sizi keçirərəm-demek olar əmr etdi.
Məni qucağına alaraq daşlardan ehtiyatla keçirib, cığıra qoydu. Bu adamın polad əzələləri vardı! Mən qorxmağa başladım. Cünki o, mənə sıxılaraq dayanıb, diqqətlə gözümün içinə baxırdı.
- Bura niyə gəlmisiniz, miss Anna? - o, ciddiyyətlə soruşdu.
- Qaraçı şıltaqlığıdır, polkovnik Reys, sadəcə işıqlı dünyada avaralanıram. Bir də ki, jurnalistika...
- Jurnalistika bəhanədir. Daha nə?
- Bəs, siz burada nə edirsiniz? - deyə sualdan qaçmağa çalışdım. - Deyirlər ki, siz əks-kəşfiyyatdansınız. Düzdürmü?
Sifəti bir anlığa tutuldu. Sonra dedi:
- Sizdən fərqli olaraq, miss Anna, mən səyahətdəyəm. Öz kefim üçün.
İkimiz də susaraq dinməzcə “fordun” yanına qayıtdıq. Bulavayoya gedən yolda Reys gözlənilmədən əlimi əlinə aldı və mənim dərin təəccübümə baxmayaraq dedi:
- Anna, mənim arvadım olun.
Nə cavab verəcəyimi bilmirdim. Nəhayət, həyadan sıxılaraq güclə eşidiləcək səslə dedim:
- Yox, polkovnik.
- Axı, niyə? Sizə mane olan nədir?
Anladım ki, onun təmiz, birbaşa təklifinə, təmiz və birbaşa cavab vermək lazımdır. Belə də etdim.
- Mənim yolum başqadır.
- Aydındır, - Reys bir az susaraq dedi. - Sizi “Kilmorden”də ilk dəfə gördüyüm vaxt o başqası vardı?
- Yox - deyə, etiraf etdim. O, sonra peyda oldu.
- Aydındır - Reys təkrar etdi.
Bu dəfə onun səsi gərgin, cingiltili idi.
- Bəlkə izah edəsiniz...
- Nə etmək lazım gəldiyini özüm bilirəm! - Reys çaşqınlıq içərisində qətiyyətlə bildirdi.
Və yenidən, bu səfər vaxtı Allah bilir, neçənci dəfə məni qorxu bürüdü.
Yolun qalan vaxtı bir kəlmə də kəsmədik. Otelə çatan kimi Suzannanın yanına getdim. O, yataqda uzanıb kitab oxuyurdu. Sakit sifətində ağır baş ağrisindan əsər-əlamət yox idi.
- Sənə nə olub, əzizim? Nə baş verib? - Suzanna gözümdəki yaşı görüb soruşdu.
- Heç nə, Suzi - deyə, onu sakitləşdirdim, heç bir şey olmayıb.
Polkovnik Reys barədə hər şeyi ona danışa bilməzdim, bu, nanəciblik olardı. Bir az adi şeylərin qeybətini etdik. Sonra Suzanna dedi:
- Almazları neyləmək barədə fikirləşməliyik. Bu vaxtadək heç kim onları məndə axtarmaq fikrinə düşməzdi, lakin indi səninlə rəfiqə olduğumu düşünəndə...
- Onların kasetdə olduğu heç kəsin ağlına gəlməz - deyə, etiraz etdim. Bundan gizli yer çətin tapıla.
Belə qərara gəldik ki, bu məsələnin üzərinə bir də Şəlalələrə qayidanda gələk. Qatarımız Bulavayodan səhər saat doqquzda çıxdı. Ser Yustasın kefi açılmamışdı. Onun əhval-ruhiyyəsi miss Petiqriyə də sirayət etmişdi. Polkovnik Reys özünü elə aparırdı ki, sanki heç nə olmamışdı. Bütün gecəni gözümü yummadan yataqda eşələndim və sabahı baş ağrısı ilə açdım. Saat ikidə polkovnik Reys pəncərəyə yaxınlaşmağımı xahiş etdi.
- Ağ duman topasını görürsünüz? Bax, orada, uzaqlarda... Ora Şəlalələrdir.
Birdən nə isə qəribə hisslər keçirtdim. Şəlalələrə yaxınlaşdıqca qəlbimə belə bir hiss hakim kəsilirdi ki... evə qayıdıram. Amma, niyə? Axı, burada heç vaxt olmamışam, hətta yuxuda da.
Yaşadığımız otel ağappaqlığı ilə göz qamaşdırırdı. Onun ətrafında nə evlər vardı, nə də yollar. Biz baxış meydançasına qalxdıq və məni təlaş götürdü. Bizdən yarım mil aralı almaz kimi parıldayan su qovuşuğunda Şəlalələr bərkdən uğuldayırdı. Möhtəşəm, gözəl mənzərə idi!
- Bu gün səni tanımaq olmur, Anna, - yeməyə gedəndə missis Bler maraqla mənə baxıb, dedi. – Mələklərmi əsalarını sənə toxundurublar?
- Düz tapmısan! - deyə, gülümsündüm. Lakin gülüşüm qeyri-təbii olduğundan tələsik əlavə etdim: - Suzanna, mən sadəcə olaraq Şəlalələrə vurulmuşam.
- Yalnız Şəlalələrəmi?
Həqiqətən Şəlalələrin gözəlliyindən sarsılmışdım. Lakin təbiətin böyüklüyü qarşısında xoşbəxt həyəcanla yanaşı hökmən burada baş verməli olan qeyri-adi hadisələri duymağım məni narahat edirdi.
Çay dəstgahından sonra kiçik vaqonlara oturduq və hər şeyə biganə zəncilər onları nazik relslərin üzəri ilə Şəlalələrə tərəf itələməyə başladılar.
Qarşımızda sıçrantı dumanı içərisində yüksəklikdən tökülən nəhayətsiz su axını daşlara çırpılaraq coşan, bir anda qəfil qıvrılaraq təlatümlü burulğan yaradan və yenidən birləşərək sanki sirrini əbədi gizlədən Şəlalələrin gözəl mənzərəsi açılırdı. Bu sürüşkən sirr məni necə də özünə çəkirdi!
Körpüdən kecərək kənarlardan ağ daşlarla nişanlanmış cığıra çıxdıq. Cığır yarımdairəvi uçurumun kənarından keçirdi. Yarımdairəni keçib, aşağıya gedən digər ensiz cığırın başında ayaq saxladıq.
- Gəlin, düşək - Reys təklif etdi. - Ya bəlkə sabaha saxlayaq?
- Sabaha qalsa yaxşıdır - ser Yustas dedi və biz körpüyə qayıtdıq.
- Əgər islanmaqdan qorxmursunuzsa, onda gəlin Göy Qurşağı meşəsinə baş çəkək - Reys dedi.
Suzanna ilə mən onun təklifini qəbul etdik.
Ser Yustas yenə də imtina etdi və otelə qayıtmaq üçün vaqonlara tərəf qayıtdı. Düzünü desəm, Göy Qurşağı meşəsi elə bir xüsusi təəssürat yaratmadı, lakin təpədən-dırnağadək islandıq.
Şam yeməyindən sonra Pedler miss Petiqri ilə öz otağına çəkildi. Polkovnik Reyslə bir az çənə döyəndən sonra Suzanna ilə mən də öz nömrələrimizə getdik. Elə həyəcanlıydım ki, yuxuya gedə bilmədim. Paltarımı soyunmadan yerimə uzanıb gözlərimi yumdum və gərginlik içərisində gözləməyə başladım:nəsə baş verməliydi. Bu sirli “nəsə” hər an yaxınlaşırdı... Kimsə qapını döydü. Açıb gördüm zənci balasıdır. O, əlindəki məktubu mənə verən kimi yoxa çıxdı. Məktub mənim adıma yazılmışdı. Xətt tanış deyildi. Bir neçə an tərəddüdlə durub baxdım, sonra kağızı açıb oxumağa başladım:”Sizi görməliyəm. Otelə gələ bilmərəm. Şəlalələrin yanında, körpünün arxasında gözləyirəm. Əgər on yeddinci kayutu hələ unutmamızsınızsa, gəlin. Harri Reyborn kimi tanıdığınız şəxs.”
Demək, o buradadır! Hardasa, lap buralarda! Mən ki onun yaxında olduğunu hiss edirəm! Qəlbimlə bunu duyurdum. Şərfimi boynuma dolayaraq barmaqlarımın ucunda nömrədən çıxdım. Suzannanın otağına çatanda bir saniyəliyə dayandım. İçəridən səs gəlmirdi. Ser Yustasın otağı yanından sivişib keçəndə onun səsini eşitdim:katibəsinə nə isə diktə edirdi. Reysin qaldığı nömrənin qapısı yarıaçıq idi, özü isə yoxuydu. Bu saat hamıdan çox Reysdən ehtiyat edirdim. Oteldən çıxaraq körpüyə tərəf tələsdim. Körpünü keçərək kölgədə gizlənib ətrafa nəzər saldım. Məni heç kəs izləmirdi. Bu da Şəlalələrə baxıb zövq aldığımız meydança. Bir yerdə dayanıb, diqqətlə ətrafı dinlədim. Arxadan xışıltı gəldi. Əgər xışıltı salan adam idisə, onda otelin sakinlərindən deyildi, axi məni heç kim izləmirdi. Təəccüblüdür! Bir neçə addım atıb, yenə ətrafa göz gəzdirdim. Qaranlıqda yad kişi dayanmışdı. Üzü görünmürdü. Demək, məni kimsə burada gözləyirmiş? Reyborn? Əgər odursa, bəs, məndəki kəskin instinkt ölüm hissi hardandır? Geri döndüm-heç kəs yox idi. Bir addım atdım, ikincisini atanda... yenə xışıltı gəldi. Bir saniyə sonra hər şeyi başa duşən kişi arxamca götürüldü. Ağ daşlarla haşiyələnmiş cığırla bütün gücümü toplayıb qaçırdım. Qaranlıqda nicat yolu yalnız ağ daşların uzandığı istıqamətdə idi. Birdən torpaq ayağımın altından qaçdı. Arxada təntənəli qəhqəhə eşidildi. Qəhqəhə səsi qulaqlarımda cingildədi və mən aşağı yuvarlandım.

XXIII

Necə saatdan sonra ayıldım, bilmirəm. Bütün bədənim əzilmiş, başım yarılmışdı. Tərpənməyə cəhd etdim. Sol əlimdən cəhənnəm ağrısı qalxdı və yenidən huşumu itirdim. Gözlərim qarşısında qorxunc varlıqlar rəqs edirdi. Arabir mənə elə gəlirdi ki, uçuruma yuvarlanmaqda davam edirəm. Sonra qalın duman içərisində Reybornun həyəcanlı üzü göründü. Sonra yenidən itdi və təhlükə barədə Harrini xəbərdar etmək üçün məndə üzücü bir istək yarandı. Ancaq, hansı təhlükədən-heç özüm də bilmirdim. Kimsə fincanı dodaqlarıma yapışdırdı və dərman iyi verən suyu içdim. Bundan sonra hiss etdiyim tam qaranlıq və dərin xilasedici yuxu oldu.
Gözlərimi açanda başıma gələnləri bir anlığa xatırladım. Bu dəfə hansı möcüzənin təsiriylə sağ qalmışdım? Kim məni xilas etmişdi? İndi haradayam? Divarlarına heyvan dəriləri döşənmiş bir komada idim. Sol əlimin sarındığını gördüm. Yalnız bu vaxt ağacdan yonulmuş Afrika fiquru tək tərpənməyən kişini seçə bildim. Başının formasından tanış gəlirdi. Nəhayət, o, mənə tərəf çöndü və Harri Reybornu görəndə az qala nəfəsim dayandı. Ancaq, bu, yuxu yox, həqiqət idi.
O qalxıb mənə yaxınlaşdı və onun ümidverici səsini eşitdim:
- Hə, indi necəsən?
Cavab verməyə güc tapmayaraq uzandığım yerdə göz yaşı axıdır, onun əlini minnətdarlıqla ovcumda saxlayırdım.
- Bəsdir ağladın, Anna. Xahiş edirəm, qurtar. Allaha and olsun, bir də səni incitməyə heç kəsin gücü çatmaz.
O, mənə fincanda süd verərək, nəvazişlə dedi:
- Xahiş edirəm, iç... Bax, belə... İndisə yat. Tez düzələcəksən, lap tez.
O əlini əlimin üstünə qoyub, yanımda oturdu.
Ayılanda gec idi. Gözlərimi açdığımı görən son dərəcə kifir və qorxunc, ancaq mülayimliklə gülümsəyən qoca zənci qadın mənə yaxınlaşdı. Kasada verdiyi supu axıra qədər içdim. Onunla danışmağa səy göstərdim, amma zənci qadın yalnız gülümsəyib başını təsdiqedici tərzdə tərpətdi və qırtlağında hansısa dildə tez-tez nəsə dedi. Harri komaya girəndə o, hörmətlə ayağa qalxdı.
- Hə, necəsən? Əhvalın düzəlir?-Harri gülümsündü.
- Mən hardayam, Harri?
- Zambezinin ortasındakı kiçik adada. Şəlalələrdən təxminən dörd mil arali.
- Burada olduğumu dostlarım bilirlərmi?
- Yox.
- Çoxdan buradayammı?
- Bir aya yaxındır.
Reybornun cavabı, demək olar, məni çaşdırdı.
- Harri! Gecikmədən Suzannaya xəbər vermək lazımdır!
- Suzanna kimdir?
- Missis Bler. Şəlalələrə ser Yustas, polkovnik Reys və onunla birlikdə gəlmişəm. Oteldə yaşayırıq. Sən ki, bilirsən...
- Heç nə bilmirəm. Səni uçurumun üzərində, ağac budaqlarının arasından tapmışam. Budaqlara ilişib qalmışdın. Əgər ağac olmasaydı...
Dəhşətdən udqundum. Sonra soruşdum:
- Bəs, məktub?
- Nə məktub?
- Otelə göndərdiyin məktub.
- Mən heç bir məktub-zad göndərməmişəm-o, təəccüblə dedi.
Mənə elə gəldi ki, tüklərimin dibinə qədər qızardım, lakin xoşbəxtlikdən o bunu hiss etmədi.
- Bəs, onda məni necə tapmısan? Bu adada nə edirsən?
- Mən burada yaşayıram-Harri cavab verdi. – Özü də çoxdan, müharibə qurtarandan dərhal sonra. Burada məni Harri Parker kimi tanıyırlar. Turistləri Zambezidə qayıqla gəzdirirəm. Ümumiyyətlə, istədiyimi edirəm.
- Tək yaşayırsan?
- Cəmiyyətdən qaçıram - o, kəskin cavab verdi.
- Sənin yalqızlığını pozduğum üçün bağışla. Deyəsən, mən qonaq kimi dəvət almamışam.
- Hələ bir deyirsən də. Səni tapanda kürəyimə atıb qayığa gətirdim. Daş dövrünün kişiləri öz ovlarını mağaraya belə daşıyarmışlar.
- Ümid edirəm ki, başqa məqsəd üçün. O pıqqıldadı. Vəziyyəti düzəltmək üçün tez soruşdum:
- Bəs, məni necə tapdın?
- Başa düşürsənmi, o günü heç cür yata bilmədim. Nədənsə varlığımı həyəcan bürümüşdü və hisslərim məni sahilə qovurdu. Qayığa oturub Şəlalələrə getdim, şata-çatda qışqırıq eşitdim...
- Bəs, niyə dostlarımı oteldən çağırmadın? Nə üçün bura gətirdin?
Harri yenidən qıpqırmızı oldu.
- Belə hərəkəti bağışlanılmaz özbaşınalıq saymaqda haqlısan. Amma, mənim fikrimcə, düz hərəkət etmişəm. “Dostlar”- deyirsən? Onların əhatəsində az qala həlak olmuşdun. Düz demirəmmi? Sənin qayğına omların hər hansı birindən yaxşı qalıram. Heç bir canlı bu adaya göz qoymur. Zənci qadın mənə sadiqdir. Heç kəsə bir kəlmə də deməz. Burada nə qədər istəsən, yaşaya bilərsən.
Bu sözləri ondan eşitmək nə qədər xoş idi!
- Bəlkə də sən haqlısan. Hələlik, bir kəsə xəbər vermək lazım deyil. Onsuz da bir ay keçib, bir-iki günün keçməyilə də bir şey olmaz. Axı, onlar heç mənim qohumlarım da deyil! Yalnız tanışlarıq. Hətta Suzanna da. Bəs, Harrinin məktubu? Bu, kimin işidir?
- Anna, əgər sən hələ “Kilmorden”də verdiyim məsləhətlərə əməl etsəydin?! Axı, səni xəbərdar etmişdim ki, bu əhvalata baş qoşmayasan... Bəri bax, sən həmişə öz istədiyin kimi hərəkət edirsən?
- Bəzən-deyə, cavab verdim. Halbuki, başqasına “həmişə!” deyərdim.
- Ərinə yazığım gəlir! - deyə, Harri gözlənilmədən gülümsündü.
Səhhətim tez gümrahlaşırdı. Vaxt hiss olunmadan keçirdi. Adada həyat şox qəribə idi! Biz bütün dünyadan ayrı düşmüşdük. Adəm və Həvva kimi yalqız idik. Palmaların altında, kölgəlikdə əyləşərək dünyada olan və baş verən hər şey barədə söhbətləşir, mübahisə edir, hətta dalaşır və dərhal da barışırdıq. Lakin mənim tam sağalmağım gün gələcəkdi. Bəs, onda? O bir söz demədən məni asudə buraxacaqdımı?
Orada qaldığım vaxtı daha hesablamadım. Bəlkə də aradan bir ay keçmişdi. Və bir axşam həyatımızın sakitliyi pozuldu. Komanın qapısı ağzında oturmuşduq. Günəş üfüqün arxasında gizlənmişdi.Üzümdə Harrinin inadlı baxışlarını hiss etdim. Sonra o, əlini uzadıb saçlarıma toxundu... və gözlənilmədən hirslə çığırdı:
- Vəssalam! Daha bəsdir! Günü sabah getməlisən! Eşidirsən? Günü sabah! Nəhayət başa düşməlisən ki, belə davam edə bilməz!
- Davam edə bilməz! - astadan dedim. - Lakin... bu xoşbəxtlikdir, Harri.
- Xoşbəxtlik? Cəhənnəmdir bu! Bildin?!
- Yox, canım? - deyə gülümsündüm.
- Nəyə gülürsən?! Mənə lağ edirsən?
- Gülüb, eləmirəm. Əgər istəyirsənsə, gedə bilərəm. Qalmağımı istəyərsənsə, qalaram.
- Hı-ı, yox! Mən kim, sən kim? Mən iki dəfə cinayət törətmişəm və hər an polis məni həbs edə bilər. Mənim kitabım bağlanıb! Amma, sən? Elə gözəl və gəncsən ki, adamın ağlını başından çıxardırsan. Sənin qarşında bütün dünya, məhəbbət, həyat durur.
- Əgər belədirsə... sənə lazım deyiləmsə...
- Lazımsan! Sən ki bunu bilirsən! Səni əllərimlə ağuşuma sıxmaq, bütün dünyadan gizləmək üçün qəlbimi girov qoyaram! Ancaq, səni xilas etməyə borcluyam, Anna! Sənin özündən də, məndən də. Bu gün axşam gedəcəksən. Əvvəlcə Beyraya qədər...
- Beyraya getməyəcəyəm - onun sözünü kəsdim.
- Gedəcəksən! Hər axşam oturub nə isə bir möcüzə baş verəcəyini gözləmək olmaz! Qayıt İngiltərəyə, ərə get və xoşbəxt ol!
- Bəs, sən?
- Məndən nigaran qalma. Ya öləcəm, ya da təmiz adımı qaytaracağam. Bir də səni Şəlalələrdə öldürmək istəyən əclafı axtaracağam.
- Harri, ancaq o, heç barmağını da mənə toxundurmayıb.
- Senin xəbərin yoxdur. O, planını hiyləgərcəsinə qurubmuş. Həmin gün cığırı gözdən keçirəndə gördüm ki, kimsə daşların yerini dəyişib və qaranlıqda ağ daşlar adaml uçuruma aparıb çıxarır. Sən də cığırla qaçmısan. Kaş, o, əlimə düşəydi!
Hirsindən Harri özündən çıxmışdı. Bir az sakitləşəndən sonra o dedi:
- Bütün əhvalatı əvvəldən axiradək sənə danışmalıyam. Hər şeyi bütün təfərrüatı ilə.
- Artıq bəzi şeyləri bilirəm - deyə cavab verdim, məsələn, bilirəm ki, sən Parker yox, Lukassan.
Deyəsən, o, məni öz sirrindən agah etməyə hələ tərəddüd edirdi. Axır ki, qəti qərara gəldi...
-Anna, sənin kimi mən də valideynlərimi erkən itirmişəm. Anamın vəfatından sonra atam məni bacısının hımayəsinə verib, Rodeziyaya getdi. Bir neçə il sonra, mən Kembricdə təhsil alanda atam da dünyadan köçdü. Mənim həmkurslarım arasında Erdsley adlı bir gənc vardı. Məni də, onu da səyahət həvəsi çulğalamışdı. İkimiz də tədqiq olunmamış ölkələrə getməyi arzulayırdıq. Afrika bizi xüsusilə cəlb edirdi. Uzun sözün qısası, bir-birimizə tay idik.
Kembrici qurtarandan sonra atası ilə Conun arasında ciddi ixtilaf baş verdi. Ser Lorens artıq iki dəfə onun borclarını ödəmişdi. Üçüncü dəfə isə bildirdi ki, oğlunun israfçılığına daha göz yummaq fikrində deyildir. Con çətin vəziyyətə düşdü və artıq sənin bildiyin kimi, biz birlikdə Cənubi Amerikaya almaz axtarmağa getdik. Orada həyat son dərəcə çətin olmasına baxmayaraq, cəlbedici idi! İnsan həmişə çətinlikdə tanınır. Və get-gedə Conla mənim əsl dostluğumuz yaranıb möhkəmləndi.
Polkovnik Reys düz deyir. Biz həqiqətən xeyli almaz tapmışdıq. Sonra kolleksiyamızı ekspertlərə göstərmək üçün Kimberliyə yollandıq. Gənc, gözəl aktrisa Anita Qrünberqlə orada oteldə rastlaşdıq. O, Cənubi Afrikada dünyaya göz açsa da, anası macar idi. Anitanın nə isə bir sirri olduğunu hiss edirdik. Bu da bizi ona daha da yaxınlaşdırırdı. İkimiz də ona möhkəm vurulmuşduq. Anitanın isə öz kələyi varmış. O vaxt hələ heç kim bilmirdi ki, bu gözəl qadın de Bir kompaniyasında kantor işçisində ərdədir. Anita tapıntılarımız haqqında hər şeyi son nöqtəsinə qədər öyrənənədək bizi əlində oynatdı. Başımıza elə hiylələr gətirdi ki, hətta kolleksiyamızı da ona göstərdik...
Nə deyim, o, öz rolunu əla oynadı. De Birdəki oğurluqdan dərfal sonra polis bizim almazları müsadirə etdi. Ünvanımıza yağdırılan böhtanların istintaq vaxtı asan yolla üzə çıxacağına əmin idik. Lakin almazlar məhkəməyə təqdim olunanda hər şey aydınlaşdı:hamısı de Bir kompaniyasından oğurlanmış daşlar idi. Daşları kimin dəyişdirdiyini o saat başa düşdük. Anitanı axtarmağa başladıq. Ancaq o, yoxa çıxmışdı. Bizim bircə çıxış yolumuz qalırdı:şübhəni öz üzərimizdən götürmək üçün məhkəməyə Anita barədə danışmalıydıq. Lakin Con qətiyyətlə bu fikrin əleyhinə çıxdı. Onu inandırmaq üçün göstərdiyim səylər heç bir nəticə vermədi. Düzdür, ser Lorens cəmiyyətdəki nüfuzundan istifadə edərək işi ört-basdır etdirdi. Bir həftə sonra isə müharibə başlandı. Conla mən Avropaya getdik, oradan da yollandıq cəbhəyə...
Bundan sonrasını isə, Anna, sən artıq bilirsən. Con müharibədə öldürüldü. Məncə, o, özü ölümə can atırdı. Səni inandırıram ki, Anitaya qarşı məndə dərin nifrət yaranmışdı. Cünki o, Conun taleyini qırmış, onu ölümə məhkum etmişdi! Anitaya vurulduğumu gizlətmirəm. Lakin bu, uzun çəkmədi. Hətta o, deyəsən axır vaxtlar məndən qorxmağa başlamışdı. Çünki, mənim gözlərim açılmışdı, buna görə də onun planlarından xəbər tuta bilərdim. Erdsley isə onu ürəkdən sevirdi. Anita onun üçün bütün sevinclərinin rişəsi idi. Maskalanmış qadının satqınlığı Erdsleyin həyatını məhv etdi.
Harri həyəcanlanmışdı. Nə vaxtsa baş vermiş hadisələri o, yenidən yaşayırdı. Acığından və nifrətindən səsi arabir batırdı. Azca sakitləşəndən sonra yenidən öz etirafını davam etdirirdi:
-...O vaxt ağır döyüşlər gedirdi. Tezliklə mən də dolaşığa düşdüm. Yaralanmışdım. Sağalıb ayağa durunca məni itkin düşmüş elan etdilər, sonra da qəzetlər öldürüldüyümü xəbər verdilər. Bu səhvi düzəltmək fikrində deyildim. Parker adı altında Cənubi Afrikaya qayıdıb, bu adada yurd saldım. Buranı müharibədən əvvəl gözaltılamışdım.
Uzun müddət günahsızlığımı sübut etmək fikrində olmamışam. Bilirsənmi niyə? Dostum artıq həyatda yox idi. Nə onun, nə də mənim qohumlarım qalmışdı. Mən yaşamırdım, sadəcə mövcud idim. Sanki kimsə bütün hisslərimi qəlbimdən şıxarmışdı. Bəlkə də bunlar müharibənin yadigarı idi. Bilmirəm... Və birdən gözlənilməz hadisə! Bir dəfə həmişə olduğu kimi turistləri çayda gəzdirirdim. Bir kişi... qayığa əyləşdi. Sən deyən elə bir xüsusi əlaməti yox idi-qısaboy, arıq, saqqallı... Hə, demək mən onun yerini rahlayıram, o isə gözlərində sanki o dünyadan gəlmiş adamın dəhşəti hey mənə baxır. Sonra oteldə soraqlaşıb onun kim olduğunu öyrəndim və o saat tanıdım: o, Kimberlidən gələn Karten idi – de Bir kompaniyasının işçisi. Kimberliyə getsəm də Karten haqqında əməlli-başlı bir şey öyrənə bilmədim. Bəs, nə üçün Zambezidə məni görəndə heylə qorxmuşdu? Əlimdə tapança onu qəfil yaxaladım. Bax, onda o mənə keçmiş arvadı Anita Qrünberqdən, onunla birlikdə de Bir oğurluğundakı iştirakından danışdı. Heç demə, hələ müharibədən qabaq oteldə təsadüfən Anita ilə məni görübmüş. Sonralar qəzetdən mənim öldüyümü öyrənibmiş, buna görə də üz-üzə gələndə özünü itirib. Qorxmağa əsası vardı. Kartendən bir də onu öyrəndim ki, Anita hansısa “polkovnik”ə görə ərini atıbdır. Həmin cani əvvəl Anitanı, sonra isə Karteni cinayətə sövq edibmiş. O and içdi ki, almazlarla baş vermiş avantüradan başqa ayrı heç nədə əli yoxdur. Düzünü desəm, bu qorxaq kantorçu doğrudan da islaholunmaz cinayətkara oxşamırdı. Ancaq, hər halda o, nəyisə gizlədirdi. O vaxt onu güllələməklə hədələdim. Onsuz da dəvəsi ölmüş ərəb kimi idim. Hədə-qorxu təsirini göstərdi. Heç demə, Anita Qrünberq bizim almazları dəyişərək çox hissəsini “polkovnik”ə ötürmüş, daşların qiymətini yaxşı bilən kişiciyəzinin məsləhətilə bir hissəsini özündə saxlayıbmış. Əgər həmin almazlar ekspertlərə göstərilsəydi, təbii ki, onların hər biri daşların Kimberlidən olmadığını deyərdi.İndi məndə təmiz adımı bərpa etməyə və Conun xatirəsini qara şübhələrdən qurtarmağa imkan yaranmışdı.
Başqa bir məsələ də mənim üçün aydınlaşdı:digər fırıldaqlarından fərqli olaraq “polkovnik” bu dəfə əməliyyata özü rəhbərlik etmişdi. Buna görə də Anitanın əlində onun əleyhinə güclü faktlar vardı. “Qısası, Anita ilə sövdələşmək olar - deyə Karten məsləhət gördü. Ona əməlli-başlı pul təklif edin, onda daşlarla birgə “polkovnik”i də satar.” Bəs, onu necə tapım? - sualıma Karten cavab verdi ki, bu çox sadə bir işdir. Anita məşhur balerina olmuşdur, Nadin adı ilə Parisdə müvəffəqiyyətlə çıxış edir, əgər razı olsam, ona təcili teleqram göndərər...
- Lakin yoldan keçən bu adama axıradək inana bilməzdim - Reyborn sözünə davam etdi. - O, adi şeylərdən qorxan adamlardan idi və belələri qorxu içərisində adamı elə aldadırlar ki, həqiqəti yalandan ayırmaq cəhənnəm əzabına çevrilir. Danışdıq ki, onun təklifi barədə fikirləşər və ertəsi gün cavabını deyərəm. Ancaq, Karten qəfildən yoxa çıxdı.. Dərhal axtarışa başladım və təsadüfən öyrəndim ki, o, “Kilmorden Kastl”a bilet alıb. İki gün sonra saqqal taxıb, İngiltərəyə yola düşdüm. Karteni hürkütməmək üçün kayutda gizləndim. Londonda onu dabanbasma izləyirdim. O, əvvəlcə oteldə yer aldı, səhərisi isə Knaytbricdəki agentliyə yollandı. Kantora girib ona yaxın stolda əyləşdim və kirayə verilən evlər barədə soruşduğunu eşitdim. Çox keçmədən kantora bir qadın da gəldi. Qadını o saat tanıdım - Anita Qrünberq idi. Həmin an qəzəbdən gözlərim qaraldı, az qala özümü biruzə verəcəkdim. Sonra onun klerkə dediyi sözləri eşitdim: ”Mill-haus ser Yustas Pedlerin mülkiyyətidir? Bu ev mənə əl verir.” Klerk qadına icazənamə yazdı və o sanki Karteni görmədən bayıra çıxdı. Bir neçə saniyə sonra Karten onun dalınca düşdü...
Keçmiş ər-arvadın birlikdə, yaxud ayrılıqda Mill-hausa, müəmmalı “polkovnik”lə görüşə getdiklərini anladım. Həmin vaxt ser Pedlerin Kannda istirahət etdiyini bilirdim, lakin mənə məlum idi ki, de Bir qarət olunanda o, Cənubi Afrikada olub. Bu haqda o vaxtkı qəzetlər yazmışdı. Birdən ağlıma gəldi ki, bəlkə Mill-hausun hörmətli sahibi və “polkovnik” eyni adamdır?..
Anita və Kartenin ardınca agentlikdən çıxdım. Bir az gedəndən sonra Anita restorana daxil oldu, Karten isə Knaytbriclə metroya addımladı. Anitanı güdmək risk tələb edirdi, çünki o hər dəqiqə məni tanıya bilərdi. Buna görə də Kartenin ardınca düşdüm. Onsuz da məlum idi ki, artıq Anita lənətə gəlmiş almazları ona ötürübdür. Karteni qəflətən yaxalayıb daşların yerini deməyə məcbur etmək, ya da bəd ayaqda həqiqəti öyrənmək olardı. Biz metroya girdik. O, platformanın kənarında dayandı. Ətrafda bir qızdan başqa heç kim yox idi. Planımı həyata keçirməyi qərara aldım...
Sonra nə baş verdiyini özün bilirsən. Mənim qəfil peyda olmağım Karteni dəhşətə gətirdi. O, elə bilirdi ki, məndən yaxasını qurtarıb. Özümü doktor kimi qələmə verib, hiss etdirmədən ciblərini yoxladım. Kartenin cibində boş pul kisəsindən, plyonkalı kasetdən və xırda vərəqdən başqa heç nə yox idi. Kaseti sonralar haradasa salıb itirdim. Vərəqi də həmçinin. Lakin vərəqi oxuyub yadda saxlamağa imkan tapmışdım. Metrodan çıxdım, həyətlərin birində tələsik saqqalı sifətimə yapışdırıb restorana cumdum. Nadin hələ orada idi, naharın pulunu verirdi. Marlouya qədər onu necə izldiyimi danışmayacağam. Nadin evə girəndə mən həyət qapısına yaxınlaşdım. Ev baxıcısına bildirdim ki, otaqlara baxan xanım arvadımdır və...
Anna, mənə inan! İndi sənə deyəcəklərimin hanısı həqiqətdir! Allaha and olsun! Yəqin ki, o vaxt həmin fırıldaqçı qadını öldürə bilərdim. Bəli, bacarardım, ancaq Mill-hausa girib ikinci mərtəbəyə qalxanda... Çox dəhşətli mənzərə idi! O, boğazında qara qaytan yerdə uzanmışdı... Bomboş evdə ölmüş qadın... yanında da heç kim yox. Məndən başqa heç kim. Anitanın hədələdiyi adam ondan yaxasını qurtardı və fürsətdən istifadə edib məni qorxunc zərbə altında qoydu. Bunu yalnız “polkovnik” bacarardı. Birinci dəfə müharibədən qabaq Kimberlidə onun qurbanı olmuşdum. İndisə Mill-hausda yenidən “qapazaltı” oldum. Çünki, ev baxıcısı qadının dalınca evə girdiyimi polisə danışacaq, əlamətlərimi təsvir edəcək və polis məni axtarmağa başlayacaqdı. Beləcə, özümü axmaqcasına apardım! Anita və Karteni izləyə-izləyə ətrafı unutduğumdan, demə özümü izləyib tələyə salmaq istəyirmişlər!
“Qəhvəyi kostyumlu kişini” polisin axtardığı barədə xəbəri isə qəzetlərdən öyrəndim. Bir neçə gün harda gəldi gizləndim və gözlənilmədən bəxtim gətirdi. Təsadüfən getdiyim Uayt-holldan iki nəfər yaşlı centlmen çıxdı. Söhbətlərindən başa düşdüyümə görə onlardan biri... ser Pedler idi. O, əsəbiliklə müsahibinə söyləyirdi ki, son vaxtlar onunku heç gətirmir. Kannda olan vaxtı Londondakı evlərindən birində naməlum bir qadını boğublar. İngiltərəyə qayıtmağa macal tapmamış bu uzunqulaq Milrey ona ilişib məcbur edir ki, təcili Keyptauna getsin. Əvvəl-axır getmək lazım gələcək, çünki Milrey əl çəkən deyil. Qətlin başqa yerdə yox, məhz Mill-hausda baş verdiyinin təsadüf olduğunu və ser Pedlerin “polkovnik”-zad olmadığını anladım. Və ağlıma xilasedici bir ideya gəldi: Milreyin adından ser Yustasa yaxınlaşıb xahış edim ki, məni özünə katib götürsün və bu yolla İngiltərədın təhlükəsiz çıxıb gedim.
- Bilirsənmi, Harri - deyə onun sözünü kəsdim – qətl günü Peqqet də Marlouda ola bilərdi.
- Axı, o, ser Yustasla birlikdə Kannda idi.
- Nə olsun ki. Ser Yustas Peqqetə Florensiyaya getməyə icazə vermişdi. Peqqet də getmişdi, ancaq həmin vaxt o, Florensiyada olmayıb, bunu dəqiq bilirəm. Heç bir sübut dəlilim yoxdur, amma demək olar əminəm ki, qətl günü Peqqet Marlouda olub.
- Tutaq ki, belədir. Ancaq bu saat başlıca məsələ almazlardır.. Haradadır onlar? “Polkovnik” gözləyirdi ki, Nadin onları özü ilə Mill-hausa gətirəcək. Göründüyü kimi o, səhv edib. Yoxsa ki, nə gəmidə fitnə-fəsad qoşub düzəldərdi, nə də burada - Afrikada. Yox, almazlara hələ ki sahib olmayıb, deməli nəyin bahasına olursa – olsun onları əldə etməyə çalışacaqdır. Bəs, bu şüşəciklər hara yoxa çıxıbdır? Nadin və Karten ölümqabağı onları harada gizlədiblər?
- Bu isə, Harri, artıq ayrı əhvalatdır - mənim əhvalatım.
Və mən danışmağa başladım.

 ardı var

AQATA KRİSTİ “QƏHVƏYİ KOSTYUMLU KİŞİ” IV hissə

Roman (tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)


XVI

(Ser Yustas Pedlerin gündəliyindən)

Nəhayət, Keyptaundakı “Nelson” oteli. Yol təəssüratı uğurlu idi. Lakin böyür-başımda dolaşan bəzi dedi-qodular məni əsəbiləşdirirdi. Mənzil başına çata-çatda Peqqet səfehcəsinə bir sərxoşla vuruşmuşdu. Hərçəndi yaxasını yaxşı qurtarmışdı. Yalnız gözünün altı şişib göyərmişdi. Ciddi bir zədəsi yox idi. Elə hey can atırdı ki, mənə nəsə qorxulu və gizli bir əhvalatı söyləsin.
-ser Yustas, verdiyiniz teleqramı şifrlədim və sizə göstərmək istədim-Peqqet söyləyirdi. –Dəhlizə çıxanda gördüm şübhəli bir tip gizlənməyə yer axtarır. Buna görə də onu izləməyə başladım.
- Axı, niyə Peqqet?
- Ser, bu bölmədə yalnız sizin və polkovnik Reysin kayutu yerləşir. Buralarda hərlənmək o tipin nəyinə gərək idi?
- Polkovnikin sizin köməyə ehtiyacı yoxdur. Elə mənim də.
- Bilirsinizmi?-Peqqet davam etdi.-Bu adam Reyborn idi! Əmin idim ki, o, gizli tapşırıq almaq üçün Reysin yanına gedirdi.
- Bu nə cəfəngiyyatdır danışırsınız? Nə üçün onlar müşavirəni gecə yarısı keçirirlər? Birlikdə bir fincan kofe içmək bəhanəsilə görüşə bilməzdilərmi?!
Lakin Peqqetin təslim olmaq fikri yox idi:
- Ser Yustas! Həmin axırıncı gecə gəmidə nəyinsə baş verdiyinə inanın. Axı, mənim üstümə cummaq Reybornun nəyinə lazım idi? Üstəlik də bu cür azğıncasına?
- Həmin adamın Reyborn olduğunu nədən bildiniz?
Reybornun təcavüzkarlığını Peqqet inandırıcı izah edə bilmədi. Lakin məhz onun hücumuna məruz qaldığına tam əmin idi.
- Yox, nə isə dolaşıq düşüb!-Peqqet sakitləşmək bilmirdi.-Yeri gəlmişkən, Reyborn bu saat haradadır?
Doğrudan da, o, haradadır? Sahilə düşəndən bəri heç yanda görməmişəm. İnzibatçı bildirdi ki, oteldə belə bir adam yaşamır. Əcəb işdir! Katiblərimin biri yoxa çıxıb, digəri əyyaş kökündədir. Daha Peqqeti özümlə apara bilmərəm. Adam arasına onunla çıxsam, səhərisi bütün Keyptaun məni lağa qoyacaqdır.

Bir müddət keçəndən sonra.

Qəribə işlər baş verirdi. Keyptauna qədər bütün yol boyu möhkəm yerdə saxlanılan Milreyin məktubunu götürüb Generalın yanına getdim. Nə olsa yaxşıdır? Zərfi açanda məlum oldu ki, onun içində məktub-zad yoxdur. Zərfin içərisinə məktub əvəzinə ağ vərəq qoyulmuşdu. Məni xəcalət təri basdı! Bu qoca, axmaq Milreylə əlaqəyə girmək üçün şeytan məni yoldan çıxarmışdı! Peqqet, ərinin tabutu dalınca addımlayan dul qadın halətində yeriyirdi. Onun bu görkəmi məni lap dəli edirdi!
Daha bir xəcalət! Bu gün axşam Milreydən cavab alınmışdır. İkinci katib götüməyimə o, son dərəcə təəccüblənib. Heç demə, Milrey mənim yanıma heç kəsi göndərməyib və Reyborn-zad tanimaq belə istəmir.
- Hər ehtimala qarşı-Peqqetə bildirdim, bu əhvalatda bir xatircəmlik var:siz zəhərlənməmisiniz, adi qastritdən əziyyət çəkmisiniz.

Xeyli vaxtdan sonra

Peqqet görünür öz fəlakətinin hayında idi. O bir-birindən cəsarətli ideyalar verirdi. Məsələn, təsdiq edirdi ki, “qəhvəyi kostyumlu kişi” məhz, elə Reyborndur. Şübhə etmirəm ki, Peqqet həmişə olduğu kimi haqlıdır. Lakin bütün bunlar heç də ürəkaçan fikirlər deyil. Rodeziyaya mümkün qədər tez yola düşmək lazımdır. Ümid edirəm ki, bu bəhanə ilə Peqqetdən yaxa qurtaracağam. Həqiqətən də liman əyyaşlarının fizionomiyasına malik katibi özümlə aparmayacağam ki.
- Bundan başqa, əziz dost-deyə Peqqetə bildirdim-əgər polis cani Reybornu yaxalamaq istəsə, siz burada hər dəqiqə lazım ola bilərsiniz.
- Bəs, sizin məqalələriniz, məruzələriniz necə olsun?
- Birtəhər keçinərəm.
- Missis Bler qulluqçusu ilə gedir?-deyə o maraqlandı.
- Missis Bler? - mən təəccübləndim.
- O dedi ki, öz vaqonunuzda ona yer təklif etmisiniz.
İlahi, tələsiklikdə bu barədə büsbütün unutmuşam.
- Daha heç kəsə yer vəd etməmişəm ki? - həyəcanla soruşdum.
- Polkovnik Reysi də dəvət etmisiniz.
Bu yerdə artıq üz-gözümü turşutdum:
- Bəlkə, səfərdaşlıq xatirinə miss Bedinqfeldi də dəvət edək? Elə katiblik vəzifəsini də ona tapşıraq? Deyəsən, bir dəfə o, ağzından qaçırtdı ki, makinada pis çap etmir.
Bu təklifim o saat Peqqeti özündən çixartdı. Anna Bedinqfeld, düşündüyüm kimi, onun heç xoşuna gəlmirdi. İndisə Peqqeti bezdirib ondan canımı qurtarmaq üçün sevimli Annanı dəvət etməli idim.

XVII

Anna Bedinqfeldin söhbəti)

“Kilmorden Kastl” sahil boyu üzürdü. “Bura Afrikadır ki... Cənubi Afrika”- gözlərimə inanmasam da, özümü arxayınlaşdırırdım. Reyborn göyərtəyə çıxıb, məndən bir az aralı dayandı. Sonra lap yaxına gəldi.
- Miss Bedinqfeld-kifayət qədər həlimliklə sözə başladı, - icazə verin, sizdən üzr istəyim. Sizə qarşı kəmhövsələ, həm də kobud olmuşam.
Barışıq əlaməti olaraq əlimi ona uzatdım. O, əlimi sıxaraq sözünə davam etdi:
- Hər şeydən əvvəl necə bir bulvar əhvalatına düşdüyünüzü hiss etmirsiniz. Ötən gecəni xatırlayın və başa düşün: bu adamlar amansızdırlar. Lakin sizin bu kələfdən qurtarmaq imkanınız var:qoy onlar elə bilsinlər ki, siz yanlış yoldasınız. İşdir, birdən onların əlinə keçsəniz, məsləhət görürəm, höcətlik etməyin, nə bilirsiniz danışın. Bu, sizi xilas edə bilər.
- Hesab edin ki, qarışqalar kürəyimdə gəzir, mister Reyborn - dedim. Bəs, məni xəbərdar etmək hardan ağlınıza gəlib?
- Bunu sizə göstərdiyim axırıncı xidmət sayın. Kim bilir, sahilə düşmək mənə qismət olacaqmı...
- Nə dediniz? - həyəcanla dilləndim.
- Qorxuram, qəhvəyi kostyumlu kişi olduğumu bilən təkcə siz olmayasınız.
- Əgər məndən şübhələnirsinizsə, mən bircə söz belə...
- Yox - Reyborn qətiyyətlə dedi. - Sizdən şübhələnmirəm, miss Bedinqfeld. Lakin burada, gəmidə hər şey barədə səndən də, məndən də yaxşı məlumatı olan adam var. Ancaq ümid edirəm ki, hələlik o susacaq.
Reyborn sakit idi. Yaxud da sakit görünürdü. Nə olar, əgər o oyunçudursa, onda etiraf etmək lazımdır ki, bu heç də pis deyil. Hər ehtimala qarşı, uduzan adam kimi o, özünü alicənab aparırdı.
- Allah bilir, bu nə ilə qurtaracaq - o, əlavə etdi, - çətin ki, bir də bəxtimiz gətirə.
- Taleyin qismətinə güvənərik!
- Deməli, əlvida!
O, əlimi möhkəm sıxdı və aşağı göyərtəyə endi. Yəni, görəsən o mənim həyatımdan həmişəlik getdi?..
Yolun son saatları sakit keçdi. Gəmidə heç bir hadisə baş vermədi.
Suzanna təkid edirdi ki, onunla birgə “Nilson” otelinə düşüm. Etirazlarıma baxmayaraq o, bütün xərcləri öz üzərinə götürdü. Qaldığımız otağın eyvanı Teyblbey körfəzinin əsrarəngiz mənzərəsinə açılırdı. Suzanna saysız-hesabsız çantalarında krem axtaran zaman, mister Pedlerin restorandan necə tutqun halda çıxdığını xatırladım.
- Təsəvvür edirsənmi, - rişxəndlə dedim, - bu gün səhər restoranda mister Pedlerə elə gəlib ki, ona köhnə balıq sırıyıblar, buna görə də nimçəni döşəməyə tolazlayıb.
- Sadəcə ser Yustas da mənim kimi erkən durmağı xoşlamır - deyə, çantaları eşələyən Suzanna gülümsündü. - Bəs, Peqqet necədir səninçün? Onun gözlərinin altı dəhşətli dərəcədə göyərib. Maraqlıdır, görəsən onu kim bu kökə salıb?
- Boş şeydir. Məni gəmidən atmağa cəhd elədi...
Və gecə hadisələri barədə Suzannaya danışdım.
- Məsələ get-gedə ciddiləşir - deyə, o tutuldu. – Görəsən Peqqet gecəyarısı məni də vaqondan itələməz ki?
- Suzanna, hələlik səndən şübhələnmirlər. Ancaq ilk təhlükə hiss olunan kimi mən Klarensə teleqram göndərərəm.
- Bəri bax, bu gözəl ideyadır! Blank da var! Necə yazaq? Gəl belə quraşdıraq:”Gizli əhvalata cəlb olunmuşam. Zəhmət olmasa, min funt göndər. Təcili. Suzanna.”
Məsləhət gördüm ki, bəhanəni və “zəhmət olmasa” ifadəsini çıxartsın. Bunun cavabında Suzanna mətnə:”Vaxtımı əla keçirirəm” sözlərini əlavə etdi.
Öz nömrəmə qalxanda heç gözlənilmədən yerli diyarşünaslıq muzeyinin direktorundan məktub aldım. Məktubda bildirilirdi ki, direktor və arvadı professor Bedinqfeldin qızı ilə tanışlıqdan çox şad olarlar və onu öz villalarında nahara gözləyirlər. Düzü, gizlətmirəm, atamın xatırlanmasını və sevilməsini öyrənmək mənim üçün xoş idi. Ən yaxşı paltarımı geyinərək göstərilən ünvana yollandım. Meci villası başqalarına nisbətən bir az aralı, dağ yamacında yerləşirdi. Məni gülümsər çöhrəli xidmətçi oğlan qarşıladı.
- Mənə missis Raffini lazımdır.
O məni dəhlizdən keçirərək kabinetə apardı. Addımımı kandardan içəri atan kimi qapı arxamca örtüldü. Qarşımda hündürboylu, qırmızısaqqal danimarkalı kişi dayanmışdı.
- Bizə gəlməyə razı olduğunuz üçün çox razıyam, miss Bedinqfeld.
Zahiri görünüşüylə o, muzey direktoruna qətiyyən oxşamırdı. Yalnız orada anladım ki, tələyə düşmüşəm.

XVIII

Bir anlığa bu gün səhər gəmidəki söhbəti xatırladım. Reyborn məsləhət görmüşdü ki, “nə bilirsinizsə onlara danışın”. Onun bu məsləhəti indi kömək edərdimi? Qeyri-iradi qapının dəstəyindən yapışdım. Yad kişi irişdi:
- Artıq siz buradan çıxmayacaqsınız!
- Nə haqla belə danışırsınız? Polisə xəbər verərəm...
- Tyav-tyav-tyav! - o lap it kimi hırıldadı.
- Qulaq asın, - bacardığım qədər arxayınlılıqla dedim. - Dostlarım buraya gəldiyimi bilirlər, əgər vaxtında qayıtmasam axtarmağa başlayacaqlar.
- Ah, dostların... Konkret olaraq kimdir onlar?
- Məsələn, missis Bler.
- Aldatmayın. Saat on birdən sonra onunla görüşməmisiniz, məktubu isə daha gec almısınız.
Əvvəldən məni izlədiklərini başa düşdümsə də, hər halda küyə getməməyi qərara aldım:
- Deyəsən, telefonu unutmusunuz. Missis Bler mənə zəng etmişdi, nömrədən çıxmazdan qabaq ona bu dəvətnamə barədə danışdım. Ünvanı da bildlrdlm.
Qırmızısaqqalın sifətində narahatlıq duyuldu, lakin dərhal sözümü kəsdi:
- Bəsdir, sabah hər şeyi ayırd edərik. İndisə səni elə gizlədərik ki, heç şeytan da tapa bilməz.
Məni çardağa sürüyüb əl-ayağımı sarıdılar, ağzıma dəsmal tıxayıb getdilər. Əbəs yerə əl-qolumu açmağa cəhd göstərdim. Bir az çabalayıb gücdən düşərək huşumu itirdim. Ayılanda qaranlıq düşmüşdü. Bədənim göynəyirdi. Toz basmış çardağın pəncərəsindən ay işığı süzülür və məndən bir az aralıda, küncdəki nəyinsə üzərinə düşərək əks olunurdu. Görəsən, şüşə qırığıdırmı? Ona çatmaq üçün sarınmış əl-ayağımla döşəmədə bir xeyli ora-bura yumalandım. Bir qırıq yolu nə qədər vaxta qət etdiyimi demək çətindir. Nəhayət ki, birtəhər dəsmalı da itələyib ağzımdan çıxartdım və köks dolusu nəfəs aldım. Qurtuluş! Əzginlikdən səntirləyərək qapını itələdim. Xoşbəxtlikdən açıq idi. Pilləkənlə ustufca aşağı düşdüm. Hollun qapısı ağzında xidmətçi oğlan mürgü döyürdü. Onu qəfil gördüyümdən az qala qışqıracaqdım. Qapı arxasından səslər gəlirdi. Maraq ehtiyata üctün gəldi və daha bir neçə pillə aşağı düşdüm. Qırmızısaqqalın səsini o saat tanıdım, o biri səs də tanış gəldi. Qapının açar yerindən baxdım:qırmızısaqqalla yanaşı... mister Çiçester dayanmışdı!
- Bu qıza inanma! O sadəcə kələk gəlir!-mister Çiçester əsəbiliklə dedi. Onun harada olduğunu heç kim bilmir.
- Onda, bəlkə, onu öldürək - özü də dənizdə?
- Tələsmək lazım deyil. “Polkovnik” ondan bir şey qopartmaq istəyir. Siyahını ver görüm!
O saat anladım ki, “onlar almazlar barədə öyrənmək istəyirlər”.
- Bu belə - hansısa tarixlər, adlar, ünvanlar barədə qırmızısaqqalla söhbətini qurtaran Çiçester nəhayət ki, dedi: - Sabah saat onda bu kağızları “polkovnik”ə apararam. Sən isə bizim hər şeylə maraqlanan missi iki gözlə nəzarətdə saxla.
Onlar holldan çıxanda mən artıq yuxarıda idim. Cəld kəndirlə özümü sarıyıb yerdə uzandım. Ancaq, çardağa heç kim qalxmadı.
Səhər açıldı. Səhər yeməyindən sonra Çiçesterlə danimarkalı çıxıb getdilər. Aşağıda tam sakitlik olanda ustufca pilləkənlə aşağı düşdüm. Hollda heç kəs yox idi. Həyət qapısının rəzəsini çəkəndə ürəyim az qala yerindən çıxacaqdı. Azadlıq! Yoldan keçənlərdə açıq-aydın maraq doğuraraq küçə boyu yüyürürdüm:üst-başım, pal-paltarım toza və hörümçək toruna bürünmüşdü. Haqqımda nə düşündüklərinin mənim üçün heç bir fərqi yox idi. Ən başlıcası paroxod yola düşənədək Durbana çatmaq və Çiçesterin orada olub-olmadığını öyrənmək idi. Axı, onu villada görməyimdən xəbəri yoxuydu. Və yalnız onun izilə gizli “polkovnik”i tapmaq olardı.
Ümidim puça çıxdı:yol maşını ilə limana çatanda “Kilmorden Kastl” açıq dənizə çıxmışdı.

XIX

Otelə qayıtmaqdan başqa ayrı çarəm qalmadı. Suzannanın otağına girəndə o, yerində donub qaldı:
- Bu nə halətdir, Anna? Haralarda idin? Nə baş verib?
O məni dinləyə-dinləyə özünəməxsus tərzdə şərh edirdi:
- Düzü, heyf! Nədənsə bütün macəra əhvalatları sənin başına gəlir! Məni heç kim sarımır, incitmir!
Və zarafatyana içini çəkərək soruşdu:
- İndi biz neyləyək?
- Sən ser Yustasla Rodeziyaya gedəcəksən.
- Bəs, sən?
- Mən isə Durbana. Çiçesterin dalınca.
Qatar Durbana axşam yola düşürdü. Gələcək planları müzakirə etmək üçün kifayət qədər vaxt vardı.
- Bilirsənmi, Anna, bu Çiçester peşəkar aktyordur-missis Bler inamla dedi.-Gecə stüardessasını bir xatırla. Əgər yenidən o cür geyinsə onu tanıyarsanmı?
- Əmin deyiləm...
Lançda polkovnik Reys də bizə qoşuldu.
- Bəs, bizim ser Yustas haradadır? - Suzanna ondan soruşdu.
- Onun nəsə işi var-polkovnik cavab verdi. - Deyin görüm sizə məlumdurmu ki, qəhvəyi kostyumlu kişi bizim gəmidə gizlənirmiş?
Yaxşı ki, bu vaxt polkovnik mənə baxmadı.
- O Peqqetdirmi? - həyəcanımı boğaraq soruşdum.
- Yox, Reynborn imiş. - Artıq onu tutublar? - Suzanna maraqlandı.
Mən nəfəsimi də şəkmirdim.
- O yoxa çıxıb.
- Bəs, bu yeniliyi ser Yustas necə qəbul etdi? - Suzanna soruşdu.
- Taleyin bəxş etdiyi təhqir kimi.
Az sonra biz ser Yustasla qarşılaşdıq və o, bizi çaya dəvət etdi. Yazıq tamam düşgünləşmişdi.
- Lənətə gəlmiş əcnəbi qadın - deyə, o hiddətləndi. - Yaxşı, siz deyin, nə üçün o, Böyük Britaniyanın bir heylə evlərii içərisində məhz Mill-hausu seçib və orada da qətlə yetirilib? Ona bir pisliyimmi keçmişdi? Bu azmış kimi hələ üstəlik qatil həyasızcasına mənə katib düzəlir! Bütün bu katiblərdən usanmışam! Onlar ya kimisə öldürür, ya da içib dəmlənirlər. Peqqetin gözünün altındakı “fanarları” görmüsünüzmü? İndi nə edim? Belə “gözəlçəylə” səyahəti necə davam etdirim? Miss Anna, mənə kömək etməyə razı olmazsınız?
- Təşəkkür edirəm, ser Yustas, ancaq mən bu gün Durbana yola düşürəm. Axşam qatarıyla.
Ser Yustas etiraz etməyimdən dilxor oldu. O dərhal Peqqeti çağırıb, Rodeziyaya səfər üçün təcili katib tapmağı əmr etdi. Onlar höcətləşəndə biz missis Blerin nömrəsinə əkildik.
- Suzanna, eşitdin? Peqqet burada qalır! Bir şey fikirləşməliyik!
- Lakin nə?
- Gəl belə edək, sən Pedlerlə Reysi güdəcəksən, mənsə... Durbana gedəcəyəm. Ancaq, onlar üçün, başa düşürsənmi? Əslində Keyptaunda qalıb Peqqeti güdəcəyəm. Görünür, zahiri görünüşümü bir az dəyişməli olacağam.
İndisə işə başlayaq. Sakit guşələrdən birində xudmani bir otaq tapıb, otaq kirayələdim. Ötən gecə məni taqətdən elə salmışdı ki, dərhal yuxuladım və bir də səhər oyandım. Qatar Rodeziyaya saat on birdə yola düşürdü. Buna görə də gərək bütün dəstə Keyptaunu tərk edənə qədər gözləyəydim. Əmin idim ki, həmin anı Peqqet də səbirsizliklə gözləyir.
Oteldən çıxarkən az qala bir kişi ilə toqquşacaqdım. O, şlyapasını çıxarıb üzr istədi və yoluna davam etdi. Bir anlıq mənə elə gəldi ki, onu haradasa görmüşəm. Arxamca addım səsləri eşidəndə qəfil dayanıb baxdım:həmin nəzakətli kişi idi. İzlənirəmmi? Özümü mağazaya verdim və vitrinin yarığından gördüm ki, o, qapının ağzında dayandı. Hər şey aydın oldu. Başında gizli “polkovnik”in durduğu böyük bir dəstənin apardığı ciddi oyuna düşmüşdüm. “Polkovnik” oyunun beyin mərkəzi idi və əməliyyatı kənardan təhlükəsiz idarə edirdi. Polkovnik Reys də hər şeydən əvvəl onları “ovlamaq” istəyirdi. Bəs, bu ölüm tamaşasında mənim rolum nədən ibarət idi? Canilərə təkcə almazlarmı lazımdır, yoxsa onlar üçün təhlükəli sirləri bildiyimi düşünərək məndən yaxalarını qurtarmaq istəyirdilər?
Bu saat dünyada bircə nəfər - Harri Reyborn məni xilas edə bilərdi. Ancaq, o haradadır?
Bunları düşünəndə həqiqətən məni dəhşət bürüdü. Özümü iri, saz maşının yoluna çıxmış qum dənəsi tək hiss edirdim. Hər an maşın məni basıb əzə bilərdi. Birinci dəfə məni Reyborn qurtardı, ikinci dəfə özüm birtəhər aradan çıxdım. Bəs, indi? Yox, sakitləşmək, özünü ələ almaq lazımdır. Bir də ki, hər küncündə polis dayanan, inkişaf etmiş, həmişə qələbəlik olan bir şəhərdə onlar mənə nə edə bilərdilər?
Mağazadan çıxıb cəld addımlarla kişini ötdüm və yaxınlıqdakı kafeyə girdim. Əyləşib kofe sifariş verdim. Məni izləyən də ardımca gəlib qapının ağzında əyləşdi. Ürəyim istəməsə də güc-bəla ikinci fincanı içirdim ki, kişi gözlənilmədən kafeni tərk etdi və o saatca yanında... Peqqet peyda oldu. Onlar nə haqdasa qısaca danışdılar, sonra Peqqet saatına baxıb harayasa tələsdi. Məni izləyən isə küçəni keçib polisə yaxınlaşdı və kafe tərəfi göstərərək nəyi isə ona izah etməyə başladı.
Peqqetlə onun düşünüb nə tələ qurduğu indi mənə aydın oldu! Bu saat məni bir bəhanəylə, deyək ki, oğurluq üstündə həbs edə bilərdilər. Çaşqınlıqla Peqqetin jestini təkrarladım - saata baxdım. On birə az qalmışdı, on birdə isə dostlarım Rodeziyaya yola düşürdülər. İndi bildim, Peqqet niyə tələsirmiş...
Kofenin pulunu ödəmək üçün çantamı açdım və özümü itirdim:onun içində pulla dolu kişi portmanatı vardı. Bir saniyə də ləngimədən küçəyə sıçradım. Kişi və polis artıq kafeyə tərəf gəlirdilər. Və mən adamlar arasında itərək Peqqetin getdiyi səmtə yüyürdüm. Yolayrıcında kiməsə çığırdım: ”Stansiya! Hansi tərəfdədir stansiya?!”
- Sağa! - kimsə qorxmuş halda cavab verdi.
Düz on bir tamamda özümü stansiyaya yetirdim. Qatar yavaş-yavaş tərpənirdi. Məni saxlamaq istəyən vağzal xidmətçisini itələyib, ayaqlığa tullandım. Xilas olmuşdum!
Qatar sürətini artırdığı vaxt Peqqet platformada göründü. Sevincimi gizlətmədən ona qışqırdım: ”Qud bay, mister Peqqet!” və ona əlimi yellədim.
Nəfəsimi dərəndən sonra bələdçiyə yaxınlaşıb, məni ser Pedlerin şəxsi vaqonuna aparmasını xahiş etdim. Polkovnik Reys yaman təəccübləndi:
- Miss Anna? Hardan belə?! Siz ki, Durbana getməyə hazırlaşırdınız?
Suzanna dinməzcə mənə baxdı və gözlərilə daha çox sual yağdırdı.
Yalnız polkovnik Reysə tərəf dönərək, sakitcə cavab verdim:
- Bu gündən ser Yustas mənim şefimdir. Mən gecikmədən onu görməliyəm.
- Lakin müsaidənizlə, - polkovnik anlaşılmazlıq içərisində dilləndi, - bu saat Pedler təzə katibəsinə nəsə diktə edir. Peqqetin göndərdiyi katibəyə. Görünür, Pedler bəri başdan onu makinaya bağlamaq istəyir.
- Mənim şefimdə nə vaxtdan bu cür işləmək həvəsi yaranıb - deyə təəccübləndim və polkovniklə birlikdə ser Yustasın yanına getdim.
Biz həqiqətən onu “ən gərgin anda” tutduq. Kifayət qədər cəlbedici olmayan paltar geyinmiş hündürboylu qadını - bədbəxt makinaçını Pedler söz atəşinə tutmuşdu. Qadının qələmi bloknot üzərində az qala uçur, pensnesi burnunun üstündə titrəyirdi.
- Gün aydın! - gülərüzlə dedim.
Məni görən ser Yustas az qala çeçədi, katibəsi isə sanki qulağının dibində açılan qəfil atəşdən diksindi.
- İlahi! Gör dünyada nələr olur?! - deyə, Pedler özünə gəldi. Siz ki, Durbanda idiniz!
- Belə qərara gəldim ki, təklifinizi qəbul edim, ser! - səsim yaltaqlığa qədər incə idi.
- Nə qədər səmimidir! Bu, sizin tərəfinizdən nə qədər səmimidir, miss Anna!-Pedler çox mütəəssir olmuşdu.
Katibə öskürdü.
- Ah, belə...-ser Yustas bir balaca üz-gözünü qırışdırdı. - Demək, harda qaldıq, miss Petiqri? Deyəsən, burda... “öz məruzəsində...” Nə olub, miss? Niyə yazmırsınız?
- Məncə, miss Petiqrinin karandaşının ucu qırılıb-polkovnik mənə aydın olmayan qəribə ahənglə dedi və katibənin karandaşını götürərək tələsmədən yonmağa başladı.

XX

(Ser Yustasın gündəliyindən)

Görünür, öz memuarımı saxlayıb, “Mənim katiblərim” kitabını yazmalı olacağam. Lap möcüzədir! Ya tamam yoxa çıxırlar, ya da hamısı birdən tökülüşüb gəlirlər. Hazırda böyük bir dəstə ilə səyahət edirəm, hamısı da mənim şəxsi vaqonumda qalır. Anna Bedinqfeld artıq get-ha-getdə özünü içəri təpdi. Axı, Peqqet mənə demişdi ki, dünən onun Durbana getdiyini öz gözlərilə görüb. Bəlkə, o, yenə içibmiş? Yoxsa, o qız –“Astroloji varlıqdır”?
Yeri gəlmişkən, bu qız heç bir izahat-zad vermədi. Mənə heç kim heç nə anışdırmır! Miss Blerlə miss Anna elə həmişə polkovnik Reyslə deyib-gülürlər. Üstəlik, missis Bler öz səfeh fotoaparatını hey çıqqıldadır.
Qatarımızın yolu dağlardan keçir və qarşımızda daim gözəl mənzərələr canlanır. Təbii gözəlliklərdən hamımız zövq alırıq.
- Şəlalələrdə çoxmu qalacaqsınız, ser Yustas?-missis Bler məndən xəbər aldı.
- Bu, Yohannesburqdakı vəziyyətdən asılıdır-deyə cavab verdim.-Bilirsinizmi, düz üçüncü dəfədir ki, Afrikadayam, ancaq hələ də Şəlalələrdə olmamışam. Buna görə də ola bilsin, orada bir neçə gün qaldım. Sonra isə vəziyyəti öyrənmək üçün Yohannesburqa gedəcəyəm. Burası da var ki, inqilabi şəraitdə orani öyrənmək heç də ürəkaçan məşğuliyyət deyil.
- Siz şişirdirsiniz, Pedler - Reys bu işin sərrafı kimi etiraz etdi. - Siz düşündüyünüz qədər də böyük təhlükə yoxdur.
Bizim sevimli xanımlarımız Reysə həmişə qəhrəman gözüylə baxırlar. Bu cür səfeh pərəstişkarlıq mənə lap toxunur. Düzdür, Reysdəki qədd-qamət məndə yoxdur, lakin hər halda qəhrəmanlığa yad deyiləm.
- Belə olan halda Yohannesburqa özünüz gedə bilməzsinizmi? - etinasızlıqla soruşdum.
- Yəqin ki, gedərəm.
- Bəs, sizin planlarınız necədir, miss Anna? - deyə, üzümü Bedinqfeldə çevirdim.
- Hələ bilmirəm - Anna cavab verdi.
- Mənim katibəm olduğunuzdan, bilməliyəm...
Sizin ki miss Petiqriniz var, ser Pedler!
- O hec cür sizinlə müqayisə oluna bilməz - tələsik inandırmağa çalışdım.

Xeyli sonra

İndicə Kimberlini keçdik. Reys yenə də almazlar barədə danışmağa başladı. Nə üçün qadınlar almazlarla belə maraqlanırlar?
Nəhayət ki, Anna öz sirlərindən (əgər onda sirr varsa) birini istəmədən açdı. Deyəsən o, jurnalistdir. Çünki, bu gün səhər Londona teleqramı teleqram dalınca göndərdi. Bütün gecəni missis Blerin kupesindən eşidilən boşboğazlıq isə, güman ki, Annanın bərkdən oxuduğu reportajları idi. Heç demə, bütün bu müddət ərzində miss Anna qəhvəyi kostyumlu kişinin izi ilə gedirmiş. Təsəvvür edirəm, teleqrafla nə xəbərlər göndərib! “Mən qatillə birlikdə səyahət etdim və o, mənə dedi...” Arxasınca da nəsə fantastik incəliklər. Mən ki, bilirəm bunu necə edirlər. Peqqetin başı mənim “təfsilatlarim”ı buraxmağa qarışanda özüm az quraşdırmamışam. Əgər Reynborn “Deyli Büdcet”də özü haqqında oxuyub, özunu tanımasa, bir qırıq da təəccüblənmərəm. Bəs, görəsən, miss Anna “Deyli Büdcet”ə necə düzəlib? Heç cür anlamıram.
Məsələ burasındadır ki, o, hər hansı sədlərə baxmayaraq hər şeyə nail olan qadınlardandır. Onun buraya, mənim şəxsi vaqonuma necə gəlməsini xatırlamaq kifayətdir. O ki qaldi miss Bedinqfeldin ovlamaq istədiyi Reyborna, onu bütün polislər axtarır. Ələ keçirə biləcəklərmi? Axı o, həm hiyləgərdir, həm də Afrikanı əla tanıyır. Bir də gördün qoca zənci qiyafəsində maskalanıb aradan çıxdı. Səfeh polis isə elə hey Avropa kostyumu geyinmiş, üzündə çapıq olan gözəl, gənc kişini axtaracaqdır.
Bununla belə miss Anna onun izinə düşüb. Qız şöhrət həsrətindədir. Ah, bu müasir gənc qızlar! Söhbətlərin birində ona nəzakətlə qandırdım ki, qatil dalınca düşmək qadın işi deyil. Nə olsun? O, şaqqanaq çəkib güldü! Vəssalam! Yeri gəlmişkən, onun məşğuliyyəti Reysin də ürəyincə deyil. Polkovnik haqlıdır. Elə bu qatarda Reybornun getməyi tamamilə mümkündür və deməli, hər hansı birimizi öz kupemizdə öldürə bilər. Bu haqda missis Blerə danışdım. O isə dəhşətə gəlmək əvəzinə sadəcə bildirdi ki, işdir, məni öldürsələr, bu, İngiltərə üçün qaytarılması mümkün olmayan itki olacaqdır.
Sabah Beçuanalendi keçəcəyik. Qalın toz və hər stansiyada ağacdan düzəldilmiş heyvan fiqurları satan zənci dəstələri olacaqdır.

Cümə günü axşam.

Dəhşətdir! Missis Bler və miss Anna qırx doqquz dənə heyvan fiquru aldılar.

XXI
(Anna Bedinqfeldin hekayəti)

Suzanna ilə mən sevinc içərisindəyik. Hər gün yeni, məftunedici bir şeylə qarşılaşırıq. Əvvəlcə Heks-River vadisinin mənzərələri, sonra isə Karın əzəmətli görünüşü və Beçuanalendin heyranedici dərələri bizi valeh etdi. Əllə düzəldilmiş oyuncaqların da öz gözəlliyi vardı.
Adama elə gəlirdi ki, stansiya oldu-olmadı, qatar harda gəldi dayanır. O saat da vaqonların qabağında yerli sakinlərin böyük dəstəsi toplanırdı. Onlar düzəltdikləri oyuncaqlarla sanki birdən geniş mənzərələrin qoynundan tökülüşüb gəlirdilər. Suzanna ilə belə qərara gəldik ki, kolleksiya yığaq. Xoşbəxtlikdən fiqurların əksəriyyətinin dəyəri “tiki” (üç pens) idi. Heç birisi də digərini təkrar etmirdi. Oyuncaqların içərisində zürafələr, pələnglər, ilanlar, begemotlar, xırda qara döyüşçülər vardı. Biz bunlardan böyük zövq alırdıq. Ser Yustas uğursuzluqla “başımıza ağıl qoymağa” çalışırdı.
Dünən qatarda peyda olmağım Suzannanı polkovnik Reysdən az heyrətləndirməmişdi. Birinci gecə səhərə kimi söhbət etdik. Ona izlənilməyim, təqib olunmağım haqda danışdım, sonra işimizin gedişini müzakirə etdik.
Ser Yustas və polkovnik Reyslə birgə səfərdə özümüzü tam təhlükəsizlikdə hesab edə bilərdik. Eyni zamanda ser Yustasla daimi ünsiyyətdə olmaqla Peqqetə nəzarət edə bilirdim. Keyptaunda baş vermiş hadisədən sonra o, bizə başımıza gələn əhvalatda ən mühüm şəxs kimi görünürdü. Hətta belə gümana gəlmişdim ki, Peqqet sirli “polkovnik”in özüdür ki, durub. Həqiqətən, aristokratlığına baxmayaraq, ser Yustas açıq-aşkar Peqqetin təsiri altında idi. Diribaş katib isə yumşaq və açıqürək ağasını asanlıqla barmağına dolayar, cinayətkar məqsədlərini ört-basdır etmək üçün ondan istifadə edə bilərdi.
Suzanna mənim şübhələrimi qətiyyətlə rədd etdi. O, Qay Peqqetin cinayətkar dəstə başçısına heç cür oxşamadığını sübut edə bildi. Yox, əsl “polkovnik” Londondan Rodeziyayadək kütlənin gözü qarçısında ora-bura qaçmaz. “Polkovnik” əlçatmazdır. Və hər şeydən əvvəl, yəqin biz Keyptauna çatmamış o, Afrikadadır.
Suzannanın dəlilləri əsassiz deyildi. Lakin mən öz xəttimi davam etdirərək soruşdum:nə üçün şübhəli vəziyyətlərin çoxunda Peqqet özünü hadisələrin məhz təşəbbüsçüsü kimi göstərmişdir? Düzdür, xarici görünüşüylə o, super-cani təsiri bağışlamır, sısqa və qətiyyəsizdir. Lakin baş rejissordan qədd-qamət yox, əməliyyatlara rəhbərlik üçün güclü beyin tələb olunur. Bir də ki yaradıcı dühalar çox vaxt bədəncə zəif olurlar.
- O saat professor qızı olduğun bilinir-Suzanna cavabında gülümsündü.
- Hər halda yenə, Suzi... Bəyəm, Peqqetin əlahəzrət “polkovnik”in baş vəziri olduğunu güman etmək olmaz? Daha bir maraqlı məsələ:ser Yustas bu qədər pulu hardan alır?
- Yenə şübhə?
- Yox, ser Yustasdan heç nədə şübhələnmirəm. Lakin... Mill-haus onun mülkiyyətidir, Peqqet isə katibi.
- Ser Yustas həqiqətən gəlir mənbələrini göstərməyə can atmır, ancaq bunun cinayətə nə dəxli var? Bəlkə, onun zavodları var... Məsələn, tullantı emal edən zavod. Bütün bunları o, cəmiyyətdə reklam etməli deyil ha!
Dəlil tutarlı olduğundan Suzanna ilə razılaşdım.
- Bəs, birdən hədəfi düz seçmədik? - o sözünə davam etdi. - Peqqet ora getdi, Peqqet bura gəldi... Belə çıxır ki, hər yanda iz qoyub. Həqiqətdə isə o yaxşı adamdırmı?
- İnanmıram.
- Ancaq o, hər şey üçün səbəb tapa bilir.
- Onun gətirdiyi səbəblər o qədər də inandırıcı olmur. Məsələn, məni itələyib suya salmaq istədiyi gecə... Peqqet deyir ki, Reybornu izləyərək xəlvətcə göyərtəyə çıxmış, salona qayıdanbaş isə guya Reyborn onun ayağını qırmışdır. Axı, bu, yalandır! Biz ki, bunu bilirik!
- Lakin bunu Peqqetdən yox, Pedlerdən öyrənmişik. Belə demək mümkünsə, ikinci əldən. Əgər bu əhvalatı şəxsən Peqqet özü danışsaydı, tamamilə başqa cür alınardı. Axı, adamlar hər hansı bir hadisəni söyləyəndə onu istədikləri kimi dəyişirlər. Bax, ser Yustas da hər şeyi istədiyi kimi dəyişə bilərdi.
Daha bir səbəb məni düşünməyə vadar etdi.
- Yox! - nəhayət dedim. - Burada nəsə var. Peqqet məni köpək balıqlarına yem etmək istəyirdi. Belə gözgörəti faktdan necə yan qaçmaq olar?
- Lakin bu cür sifəti ola adam...
- Necə?
- Hər halda bu qədər məşum fizionomiyası olan adam qəddar cani ola bilməz. Ya da o, ana təbiətin yaratdığı elə bir məxluqdur ki...
Bir sözlə, bu mübahisədə hər ikimiz öz fikrimizdə qaldıq və müzakirəni kəsərək, mənim Afrikaya səfərimi tanış-bilişə necə izah etməyi götür-qoy elədik. İzahatdan həmişə yaxa qurtarmaq olmur ha! Çıxış yolu “Deyli Budcet”in əlində idi. Reyborn barədə yazıb-yazmamağım artıq yeni şəraitdə heç bir əhəmiyyət daşımırdı. Çünki, artıq onu “qəhvəyi kostyumlu kişi” elan etmişdilər. Bu işdə günahkar mən deyildim. Bundan başqa, hamı əmin olsa ki, mən Reybornun əleyhinəyəm, onda hətta ona köməyim dəyərdi. Bir də “polkovnik” və onun bandit dəstəsi mənimlə Marloudakı qətlə görə “tora salmaq” istədikləri şəxs arasında dostluq tellərinin yaranmasından şübhələnməzdilər.
Qəzetlərdən indiyədək qadin meyidinin tanınmamasını öyrəndim. Nə üçün lord Nesbiyə Mill-hausda öldürülən qadının lap bu yaxınlaradək Parisi heyran qoyan məşhur rus balerinası Nadinin olması barədə sensasiyalı teleqram göndərməyim. Bu faktın uzun müddət Afrikada məndən başqa heç kəsə məlum olmaması inandırıcı görünmürdü. Heç Suzanna da bu barədə bilmirdi. Niyə belə olduğunu sonralar başa düşdüm. Nadin İngiltərədə bir dəfə də olmadığından londonlu tamaşaçılar onu tanımırdılar. Öldürülmüş vəziyyətdə qəzerlərdə dərc olunmuş şəkli isə elə kökə salınmışdı ki, onun Nadin olmasını tanımaq mümkün deyildi. Nəhayət, balerina Londona səfərini səylə gizlətmişdi. Qətldən sonrakı gün menecerin Nadindən məktub aldığını xeyli sonralar öyrəndim. Balerina yazmışdı ki, Rusiyaya qayıdır və müqavilə ilə necə istəyirlər, elə də etsinlər.
Uzun sözün qısası, lord Nesbiyə, Suzannanın ürəyincə olan geniş bir teleqram göndərdim. “Deyli Büdcet” axır günlər sensasiyasız boğulduğundan məqaləm dərhal dərc olundu. Versiyalarımı təcili surətdə yoxladılar. Hər şey düz çıxdığından “Deyli Büdcet”in tirajı bütün rekordları vurub keçdi. “Mill-hausdakı faciənin qurbanı müxbirimiz tərəfindən tanınmışdır!”, “Müxbirimiz qatillə birgə Afrikanı gəzir!”, “Qəhvəyi kostyumlu kişinin kimliyini tezliklə öyrənəcəyik!”. Bu cür sərlövhələr həmin günlərdə bütün İngiltərəni bürümüşdü.
Bulavayoda Nesbinin özünün imzası ilə teleqram aldım. O təşəkkür edir, təlimat verir və bildirirdi ki, “Deyli Büdcet”in ştatına düşmüşəm. Mənə qatili axıradək ifşa etmək tapşırılırdı. Ancaq, artıq bu vaxt Harri Reybornun qatil olmadığını bilirdim. Lakin qoy hamı düşünsün ki, qatil odur. Hələlik belə yaxşıdır.

ardı var

Mən dedim, hamı bildi, Dələ də tülkü imiş...

(Təmsil)

 

dələ və tülkü 2

 

Mən dedim, hamı bildi, Dələ də tülkü imiş..

Bəlkə də Tülkülərin əzəli, ilki imiş..

...Dələ, Dələ, ay Dələ, bir az vaxtın var hələ...

Bəlkə sən tülkülükdən, əl çəkəsən, gedəsən...

Dələ dedi :

- Onda sən,

əl çəksəm tülkülükdən,

mənə nə verəcəksən?

***

Mən gördüm yanılmışam, Dələ tülkü deyilmiş.

Sən demə, tülküləşib, Tülküləri yeyirmiş...

 

Nazim NƏSRƏDDİNOV

Bakı

AQATA KRİSTİ “QƏHVƏYİ KOSTYUMLU KİŞİ” III hissə

Roman (tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)

XI

(Ser Yustas Pedlerin gündəliyindən)
Gəmimizdə həyat ahəngdar gedir. Xoşbəxtlikdən dəniz xəstəliyi mənə əzab vermir. Bədbəxt Peqqet isə xırdaca yırğalanmadan göm-göy göyərir. İkinci katibim də sıradan çıxıb. Hər ehtimala qarşı o, kayutdan bayıra çıxmır. Maraqlıdır görəsən niyə? Dəniz xəstəliyi, yoxsa konspirasiya onu gizlənməyə məcbur edir? Burada cəmi iki babat bric oynayana və yalnız ayaqüstə duran qadına –missis Blerə diqqət yetirmişəm. Qadını Londondan tanıyıram. Onunla söhbətləşmək xoşdur, amma, təəssüf ki, bu uzunayaq eşşək-polkovnik Reys ondan əl çəkmir. Əlbəttə, öz növbəsində polkovnik də gözəldir. Ancaq, bu cür daha cansıxıcıdır. Polkovnik gənc qızlardan və qadın romanlarının müəlliflərindən ötrü lap əldən gedən kişilərdəndir.
Biz Madeyranı tərk edən kimi Peqqet özünə gəldi. O az qala sürünərək göyərtəyə çıxdı və dərhal iş barədə deyinməyə başladı. Əşşi cəhənnəm olsun, gəmidə nə iş! Düzdür, sanballı qəzetlərdən birinə xatirələrimi yazmağı vəd etmişəm. Ancaq, nə olsun! Gözləyərlər. Axi bizim dövrdə memuarı kim oxuyur? Əyalət şəhərlərindəki qocalmış xanımlar? Bir də axı, nəyi xatırlayım? Məşhur adamlarla necə görüşdüyümü? Peqqetin köməyilə bu görüşlər barədə artıq bir neçə maraqlı lətifə düzəltmişəm. Halbuki Peqqet belə iş üçün çox vasvasıdır. Bir fikirləşin, görüşə biləcəyim adamlarla “görüşməyi”, hətta nəzəri şəkildə olsa da, o, rəva görmür.
- Nə iş?- Peqqetin başına ağıl qoymaq istədim.-Əzizim, gedin bir güzgüdə özünüzə baxın. Siz ki, xəstəsiniz. Bu saat sizin üçün yeganə vacib iş günəş vannası qəbul etməkdir.
Peqqet nə isə donquldanıb getdi. Lakin tezliklə yenidən peyda oldu və qətiyyətlə bildirdi:
- Hər halda ser Yustas, sizin kayutda işləmək mümkün deyil. Ora sandıqlarla doludur.
Mən izah etməyə çalışdım ki, özünə hörmət edən hər hansı bir centlmen yola çıxarkən, heç olmazsa, bir dənə yataq dəyişəyi götürür. Lakin Peqqet sakitləşmədi:
- Ser Yustas, mənim daxmamda isə qətiyyən işləyə bilmərik. Sadəcə ikilikdə oraya sığışmarıq.
Doğrusu, Peqqetin “daxmasını” təsəvvür edirdim. Adi səfərlərimdə belə o, ən yaxşı kupeni , yaxud kayutu ələ keçirməyə cəhd edir. Katibimin bu dəfə də öz şakərindən əl çəkmədiyinə şübhə etmirəm.
- Yaxşı, şeylərinizin bir hissəsini mənim kayutuma keçirmək istəmirsinizmi?-deyə, istehzayla soruşdum.
Peqqet kimi adamlarsa istehzanı çox da dərk etmirlər. Dərhal onun çiçəyi çırtladı:
- Baş üstə ser, bu saat yazı makinasını və xırda çemodanı götürüb , gəlirəm.
- Peqqetin çemodanları adətən bir neçə yüz kiloqram gəlir və hamballar üçün ciddi problemə çevrilir.
- Yox! Yox!-qorxumdan tez dilləndim. Yaxşısı budur, öz işiniz üçün əlavə bir kayut tutasınız.
Ertəsi gün Peqqet Renessans dövrünün sui-qəsdçisi halətində qarşımda peyda oldu.
- Ser Yustas, dünən sizə on yeddinci kayutu boyun olmuşdular. Ancaq, o kayutun “başında” nəsə var. Bizə on yeddinci yox, başqasını veriblər.
Peqqetin qarmaqarışıq danışığından belə başa düşdüm ki, on yeddinci kayutun üstündə mister Çiçester və miss Bedinqfeld arasında ciddi söz-söhbət olmuş və görünür, qələbə qızın qismətinə düşmüşdür.
- Peqqet, əzizim, bizə həqiqətən on yeddinci kayutu vəd etmişdilər, lakin, ondan ötrü özünü həlak etməyinə dəyərmi? Sizinçün nə fərqi var, on üçüncü olsun, ya da iyirmi səkkizinci?
Peqqet qaş-qabağını tökdü, sonra sakitcə dedi:
- Qəribə işdir, ser. Səhər miss Bedinqfeldin kayutundan mister Çiçesterin necə çıxdığını öz gözlərimlə gördüm. Ser, o hər yanı diqqətlə gözdən keçirirdi.
- Peqqet, hər halda demək istəmirsiniz ki, bir-birlərinə qarşı olan missionerlə miss Bedinqfeld arasında... Sizin hərarətiniz var, əzizim! Miss Bedinqfeld suyuşirin qızdır. Bu gəmidə ən gözəl ayaqlar ona məxsusdur.
Gözlənildiyi kimi, Peqqet mənim bu sözlərimi bu qulağından alıb, o biri qulağından buraxdı. O, qadın ayaqlarına heç bir diqqət yetirməyən kişilərdən idi və buna görə də onların gözəlliyini qiymətləndirə bilməzdi.
- Öz aramızdı, Peqqet, məsləhət görürəm miss Bedinqfeldlə tanış olasınız, -sözümə davam etdim. –Onu şam yeməyinə bizim stola dəvət etdim. Yeri gəlmişkən , bal-maskarad olacaqdır, yaxşı olar ki, mənim üçün kostyum seçəsiniz.
- Doğrudanmı siz bəzənib-düzənəcəksiniz? -Peqqet dəhşətlə içini çəkdi.
Düzünü desəm, maskaradda iştirak etməyə elə bir həvəsim yoxdu. Ancaq, Peqqeti bürüyən dəhşət məni cuşə gətirdi.
- Əlbəttə! -cavab verdim. –Məsləhət görürəm, siz də məndən nümunə götürəsiniz. O, nədənsə dərhal yumşaldı. Bu vaxt dəqiq zərbə ilə bilyard şarını tora saldım:
- Demək, təcili surətdə maskarad kostyumlarımızla məşğul olun və altı yerlik stol sifariş verin. Kapitan, gözəl ayaqları olan qız, missis Bler...
- Lakin siz missis Bleri polkovnik Reyssiz dəvət edə bilməzsiniz -Peqqet sözümü kəsdi.
Peqqetin həsəd aparılası müşahidə qabiliyyəti var! Buna görə də o, hamı və hər şey haqqında bilir.
- Reys? O kimdir? -qaşlarımı təəccüblə çataraq, soruşdum.
Peqqet qəribə görkəm alaraq , ağzını qulaqlarıma yaxınlaşdırıb pıçıldadı:
- Deyirlər ki, o gizli idarədəndir. Böyük adamdır. Əlbəttə, mən bunu təsdiq edə bilmərəm, amma...
- Belə de! Gəmidə gizli idarədən adam var, ancaq zərfi mən aparıram!
Peqqet mənə bir az da yaxınlaşdı:
- Ümumiyyətlə, burada çox qəribəliklər var, ser Yustas. Yola təzə düşən vaxtı mənim xəstəliyimi xatırlayırsınızmı...
- Xatırlayıram. Sizdə qastrit vardır.
- Lakin bu, bu adi qastrir deyildir.
- Yalvarıram, Peqqet nöqtəsinə-vergülünəcən lazım deyil!
- Yaxşı ser. Ancaq, əminəm ki, məni qəsdən zəhərləmişdilər.
- Aydındır. Bu barədə Reynborla danışmısınızmı?
- Bəli, ser Yustas. O belə hesab edir ki, hər şey mən deyən kimidir.
- Bəri bax, o harda it-bata düşüb? Sauthemptondan çıxandan bəri onu görməmişəm.
- Özünü xəstəliyə vurub kayutdan bayıra çıxmır- Peqqet yenə pıçıldadı. –Ancaq, bu ört-basdır üçündür, ser. Mən əminəm . Bu cür daha rahat izləmək olur.
- İzləmək? Kimi?
- Bizim təhlükəsizliyimizi, ser Yustas.
- Peqqet , adamları ürəkləndurmək üçün sizdə nadir istedad var. Sizin yerinizə olsaydım, bal-maskarada cəllad paltarında və ya skeletə oxşar bəzənib gedərdim.
Katibimin özünü itirməsindən istifadə edərək sivişib göyərtəyə çıxdım. Miss Bedinqfeld Çiçesterlə qızğın söhbət edirdi. Mənim kimi bədən quruluşuna malik adamlar adətən əyilməməyə çalışırlar. Müqəddəs atanın ayaqları altına düşmüş vərəqi götürmək üçün xeyli qüvvə sərf etməli oldum. Çiçester hətta mənə təşəkkür etməyi də lazım bilmədi. Lakin vərəq Çiçesterin cibinə girənə qədər onu oxumağa macal tapdım. Orada bircə cümlə yazılmışdı: “Təklikdə oynamağa səy göstərməyin, əks təqdirdə sizin üçün yaxşı olmayacaq.” Axı, kimdir bu Çiçester? Peqqetin məlumatlarından istifadə etmək gərəkdir.
Missis Bler və miss Bedinqfeld bizimlə birlikdə nahar etdilər və qızın ayaqlarının həqiqətən də gözəl olduğuna qəti əmin oldum! Mənim müşahidə qabiliyyətli Peqqetim necə olub ki, bunu görməyib?! O, qadına nifrət ruhu altında maskalanmır ki? Florensiyaya eşq macəralarına görə getməyibmiş ki? İtaliyada onun nə ilə məşğul olduğunu yoxlamaq pis olmazdı. Bu ölkə haqqında söz düşən kimi Peqqet yoxa çıxır, ya da söhbəti başqa səmtə yönəltməyə çalışır. Peqqet və bir yığın sirr! İnanılası deyil!

XII

Bal gecəsi son dərəcə əla keçdi. Yalnız tək bir kostyumun əynimə gəlməsindən dilxor oldum. İngiltərədə sevimli qadınların qarşısında ayı qiyafəsində peyda olmaq, etiraf edim ki, unudulmazdır. Ancaq, ekvatorda ayı dərisində?! Missis Bler və polkovnik Reys bəzənməkdən imtina etdilər. Anna Bedinqfeld isə qaraçı paltarı geyinmişdi və çox füsunkar idi. Baş ağrısını bəhanə edən Peqqet tezliklə aradan çıxdı. Mən isə Cənubi Afrika fəhlə partiyasının üzvü mister Rivslə söhbətə başladım. Cənubi Afrikadakı şəraiti ətraflı öyrənmək istəyirdim. Şam yeməyinə şampan sifariş etmişdim. Stüard gəmidə olan növlərin ən yaxşısını –“Kliko-I911” gətirdi. Polkovnik Reysin dilini açmaq istəyirdim. Deyəsən, əvvəlcə buna nail oldum. Onun boşboğazlığı məni əyləndirdi, amma sonra birdən başa düşdüm ki, polkovnik söhbətin ipini öz əlində cəmləyib.
- Pedler, gündəliyinizdəki bütün sirləriniz təsadüfən ortaya çıxacaqdır - o gözlənilmədən mənə müraciət etdi.
- Əzizim Reys, mən hələ xərifləməmişəm. Axı, hökm deyil ki, özün elədiklərinin hamısını qələmə alasan. Ətrafdakıların əməllərini qeyd etmək kifayətdir.
- Bəs, sətiraltı mənalar?- polkovnik etirazını bildirdi.
- Yox, əgər işə psixoanalitiklər qarışacaqlarsa, onda sirrimi açan deyiləm-deyə, onunla razılaşmadığımı bildirmək istədim.
- Həyatınız maraqlı olmalıdır, polkovnik-deyə, miss Bedinqfeld Reysə az qala məftunluqla baxaraq birdən söhbətə qoşuldu.
Polkovnik də şirlər haqqında qorxulu əhvalatlar danışmağa başladı və hiyləgərliklə fikrini belə yekunlaşdırdı: şirlərə güllə atan kişilər mübahisəsiz –filansız güllə atmayanları üstələyirlər. “Şir haqda danışmağın vaxtı çatmayıbmı?”-deyə, fikirləşdim.
- Öz aramızdır- deyə, danışmağa başladım. Mənim bir dostum da Şərqi Afrikada ov edibdir. Bir dəfə gecə çadırdan çıxanda o, sıçramağa hazırlaşan şiri görür. Dostum bir an içərisində yerə yatır və şir onun üzərindən tullanır. Vəhşi bir də sıçrayır. Ovçu yenidən yerə yatır. Şir üçüncü sıçrayışa hazırlaşanda, dostum çadıra girib silahı götürür, bayıra çıxanda çox təəccüblənir: şir yox olmuşdu. Onda o, ehtiyatla çadırın ətrafını nəzərdən keçirir. Bu vaxt nə görsə yaxşıdır? Şir alçaqdan sıçrayışa hazırlaşırmış.
Əhvalat alqışlarla qarşılandı.
- İlahi! -missis Bler heyrətlənmişdi. Belə söhbətlərdən sonra Afrikada necə səyahət etmək olar?
- Boş şeydir! -dedim. Sizə şəxsi vaqonumu təklif edə bilərəm.
- Ser Yustas, çox lütfkarsınız! Ancaq, bax, sizi öz sözünüzlə tutaram, ha!
- Qulluğunuzda həmişə hazıram!
- Bir həftədən sonra biz Cənubi Afrikadayıq -Bler təntənə ilə dedi.
- Ah, Cənubi Afrika, -heyranlıqla söylədim. Meyvələr, fermalar, qızıllar, almazlar.
- Almazlar! -səsini uzadaraq missis Bler təkrar etdi.
- Almazlar! - miss Bedinqfeld dərindən nəfəs aldı və polkovnikdən soruşdu: - Siz Kimberlidə olmusunuz?
Şəxsən mən Kimberlidə olmuşdum, lakin ağzımdan söz qaçırmamaq üçün vaxtında özümü saxladım. Polkovnik isə... suallar ona dolu kimi yağdı. Şaxtalar necə olur? Almazı necə çıxarırlar..? O, suallara işi bilənlər kimi cavab verdi. Hətta almaz oğrularına qarşı məşhur de Bir kompaniyasının tətbiq etdiyi ehtiyat tədbirlərindən bəhs etdi.
- Demək, bircə dənə də almaz gizlətmək mümkün deyil? - missis Bler dilxorcasına soruşdu, sanki Cənubi Afrikaya məhz elə bu məqsədlə gedirmiş.
- Mümkün olmayan heç nə yoxdur. Məsələn, bir qarətçi qiymətli daşı öz yarasında gizlədibmiş.
- Heç iri oğurluqlar olurdumu?
- Olurdu. Məsələn, müharibə qabağı...-Polkovnik mənə tərəf döndü: - Siz o işi xatırlayırsınız, Pedler?
Mən başımı buladım.
- Danışın! Xahiş edirəm! - miss Bedinqfeld təkid etdi.
- Di yaxşı. Sizin çoxunuza, yəqin ki, Lorens Erdsleyin adı məlumdur. Ser Lorens Cənubi Afrika maqnatı, çoxlu qızıl şaxtalarının sahibi idi. Müharibə ərəfəsində Cənubi Amerikada, Britaniya Qvianası cəngəlliklərində almaz yataqlarının tapılması barədə mətbuatda xəbərlər verildi. Yeni Kimberli haqqında söz-söhbət gəzdi. Çox keçmədən iki nəfər gənc tədqiqatçı Cənubi Amerikadan qayıtdılar və özləri ilə xam almazların nadir kolleksiyasını gətirdilər. Daşlar iri, ən müxtəlif rənglərdə idi. Hə, belə! Con Erdsley həmkarı Lukasla birlikdə Kimberliyə gəlir ki, kolleksiyanı ekspertə göstərsin. Elə həmin dövrdə məşhur oğurluq baş verir. Bir şeyi qeyd etmək lazımdır ki, daşları İngiltərəyə göndərməmişdən qabaq onları xüsusi zərflərə qoyub möhürləyir, seyfdə qoruyurlar. Seyfin iki açarı ayrı-ayrı adamlarda olur. Lakin, üçüncü bir adam da vardı. Onda açar yox idi, amma gizli şifri bilirdi. Gördüyünüz kimi ciddi ehtiyat tədbirləri həyata keçirilirdi. Adətən hazır almazları banka aparır, oradan isə İngiltərəyə (zərflərdə) göndərirdilər. Hər bir zərfdə də 100 min funt sterlinqlik daşlar dəsti. O vaxt belə əməliyyatlardan birində bank işçisində şübhə doğur. Zərflərdən birinin möhürü onların xoşuna gəlmir. Dərhal zərfi açırlar. Zərfdən almaz əvəzinə ... qənd qırıntıları tökülür. Nədənsə Con Erdsleydən şübhələnirlər. Yəqin ona görə ki, o, dəlisov adam kimi tanınmışdı. Mən onu hələ Kembricdən tanıyırdım. Onun borc və cərimələrini atası ödəyərdi. Beləliklə, Conu şübhə altına aldılar. Hətta o vaxtlar, gözdən pərdə asmaq üçün Cənubi Amerika almazı barədə əhvalatın şayiə olduğu haqda söz-söhbət də yayılmışdı. Bir sözlə, gənc Erdsleyi həbs etdilər və axtarış zamanı ondan bir neçə de Bir almazi tapıldı. Düzdür, iş məhkəməyə gedib çıxmadı, çünki Ser Lorens oğurlanmış almazların pulunu-cəmi yüz min verdi və de Bir geri çəkildi. Qoca Erdsley tezliklə öldü. Görünür, oğlunun oğurluqda əli olması dərdi onu qəbrə apardı. Con isə çox keçmədən müharibədə həlak oldu. Və nəhayət axırıncısı, bildiyiniz kimi, Ser Lorens vəsiyyətnamə qoymadan, ürəkkeçmədən ölmüşdür. İndi onun bütün var-dövləti uzaq qohumuna mənsubdur.
Polkovnik söhbətinə ara verdi və ətrafa çökən səssizlikdə birdən kiminsə ustufca səsi gəldi. Hamı çevrilib baxdı-qapida mənim təzə katibim Reyborn dayanmışdı. O ağappaq ağarmışdı. Ola bilsin, polkovnikin söylədiyi əhvalat onu sarsıtmışdı. Amma, bu bir an çəkdi. Ona tuşlanmış baxışları görən Reyborn dönüb uzaqlaşdı.
- O kimdir? - Anna Bedinqfeld həyəcanla soruşdu.
- Mister Reyborn, - dedim. - Mənim ikinci katibim.
- Sizə çoxdanmı xidmət edir?
- Bir o qədər də yox-qeyri-müəyyən cavab verdim.
- Hər halda yenə?-miss Bedinqfeld təkid etdi.
- Hm-m... Köhnə bir dostumun məsləhətilə onu yola düşməzdən qabaq işə qəbul etmişəm.
Almazlar əhvalatına heç olmasa bir balaca marağım olduğunu bildirməyin vacibliyini başa düşərək, Reysdən soruşdum:
- Ser Lorensin həmin uzaq qohumunu tanıyırsınızmı?
- Gəl, hələ bir tanımayım da, - Reys gülümsündü. Həmin adam mənəm.

XIII
(Annanın söhbətinin davamı)

Apardığım təhqiqat çıxılmaz vəziyyətə düşdü. Bu vaxtadək işi təklikdə görürdüm. Gizlətmək istəmirəm, bu, məni özünə çəkirdi. Lakin gözlənilmədən hər şey dəyişdi... Sirrimi kiməsə bildirmək vaxtı gəlib çatdı. Ancaq, kimə? Polkovnik Reysəmi? Şübhə etmirəm ki, o dərhal işi öz əlinə alar və məni hadisələrin sonrakı inkişafından uzaqlaşdırardı. Düzünü desəm, mənum polkovniklə ənəkdaşlığımı çətinləşdirən başqa səbəblər də vardı. Buna görə də missis Bleri partnyor seçdim. Mən onun xoşuna gəlirdim, o da mənim. Onun mükəmməl manerası, xəyalpərvər olmaması, sərbəst davranmaq bacarığı ürəyimcə idi. Onunla sirdaş olmaq qərarına gəldim. Kayutunun nömrəsini öyrənmək üçün telefonla zəng etdim. Azca xırıltıdan sonra kişi səsi bildirdi:
- Missis Bler, 71-ci kayut.
- Bəs, stüardessa haradadır?qeyri-iradi soruşdum.
- Miss, axşam saat ondan sonra stüardessalar işləmirlər.
- Bəs, bu gecə növbədə olan kim idi?..
- Miss, bizdə gecə stüardessaları yoxdur.
- Axı, bu gecə saat birdə mənim kayutuma stüardessa gəlmişdi!
- Bu, ola bilməz, miss. Yəqin, sizə belə gəlib.
Bu söhbət məni düşünməyə məcbur etdi. Əgər stüard haqlıdırsa,bəs, onda 22-sinə keçən gecə mənim kayutuma girən kim idi? Yalnız bir şeyi aşkar anlayırdım: mənim hiyləgər və təhlükəli, naməlum düşmənlərim var!..
- Ah, sizsinizmi, qaraçı qızı. Gəlin, gəlin! - missis Bler gəlişimdən sevindi. O, tündqızılı haşiyəli, sarımtıl-çəhrayı rəngli kimono geyinmişdi. Əla zövqü vardı!
- Qorxuram sizi darıxdıram-missis Blerə müraciət etdim, ancaq istəyirəm, sizə bir əhvalat barədə danışam.
- Siz cazibədar varlıqsınız. Hələ heç kim gecə yarısı mənim yanıma “bir əhvalatla” gəlməyib. Görünür, bu son dərəcə maraqlı əhvalatdır. Əyləşin və qəlbinizi yüngülləşdirin!
Bütün təfsilatı ilə söylədiyim əhvalat xeyli vaxt apardı. Axı, hər bir detal vacib idi. Məni axıradək dinləyən missis Bler dərindən nəfəsini çəkdi və tam sadəlövhlüklə nəticə çıxartdı:
- İlahi, Anna! Belə də iş olar? Pulsuz yola çıxmaq və cibində bir pens də olmadan naməlum ölkəyə getmək!
- Yaxşı, missis Bler, sabah baş verə biləcək hadisəyə görə bu gün kədərlənməyə dəyərmi? Deyin görüm, bütün bu tapmacalara görə siz nə fikirləşirsiniz?
- Xahiş edirəm, mənə “missis Bler” demə. Səninçün mən Suzannayam. İndi də iş barədə. Təsdiq edirsənmi ki, ser Yustasın ikinci katibi, o Reyborn... Məhz, o sızin kayutunuzda gizlənmişdi?
Başımın hərəkətilə bunu təsdiqlədim.
- Onda gəl fikirləşək. Ser Yustasın evində qadın öldürülür, təzə katibinə isə gecə saat birdə burada, gəmidə bıçaq zərbəsi vurulur. Məncə, bu iki hadisənin arasında əlaqə var... Bəs, stüardessanın görkəmi necə idi?
- Sifəti mənə tanış gəldi.
- Bəlkə o... qadın paltarı geyinən kişi imiş?
- Boyu kifayət qədər hündür idi-dedim.
- Onda tamamilə aydındır ki, bu, ser Yustas deyil! Mister Peqqet də deyil. Axi, onu sifətdən tanımaq çətindir... Bəlkə, müqəddəs Çiçester?
- Suzanna, bu haqda mən də fikirləşmişəm.
- Deyirsən ki, on yeddinci kayuta keçməyə təkid edirdi?
- Bundan nə olsun? Ola bilsin ki, on yeddinci kayutda hansısa görüş olmalıymış. Reyborn ora gəlib və onu bıçaqlayıblar... Bəs, o, kiminlə görüşməliymiş?
- Əgər o, kayutdan nə isə götürmək istəyibsə?-bir az susandan sonra Suzanna dilləndi. Tutaq ki, belədir. Belə olan halda axtarışın məğzi məlumdur. Ancaq orada, kayutda nə gizlədilə bilər ki?
-...Ya da özü nə isə gizlədib-sualıma cavab vermədən Suzanna sözünə davam etdi.
- Bəlkə, səndəki qiymətli vərəqi axtarırmışlar?
- Bu mənasızdır! Axı, orada göstərilən tarix artıq ötüb.
- Düzdür,-Suzanna razılaşdı. Yeri gəlmişkən, vərəq yanındadırsa, ver baxım.
- Vərəqi ona uzatdım. Suzanna qaşlarını çataraq diqqətlə oxudu.
- Yeddidən sonra nöqtə qoyulur, ikinci rəqəmdən sonra...
- Kiçik məsafə-tez dilləndim.
Suzanna ayağa qalxdı, vərəqi işığa tutaraq diqqətlə nəzərdən keçirməyə başladı.
- Axi, heç yeddidən sonra nöqtə yoxdur! Bu, yalnız kağız zay olduğundan nöqtə kimi görünür! Və əgər buna diqqət yetirsək...
Gözümü vərəqə zilləyərək Suzannaya yaxın oturdum. Qarşımda tamam başqa kombinasiya dururdu: 1 71 22.
- Görürsənmi?-Suzanna müzakirəni yekunlaşdırdı. Məsələ belədir:gecə saat birdə. İyirmi ikinci. Ancaq sənin on yeddinci kayutun yox, 71-ci. Mənim kayutum!..
Bu tapıntıdan biz tamam karıxdıq.
- Yaxşı, 22-si gecə saat birdə sənə heç bir hadisə üz verməyib?-nəhayət soruşdum.
- Heç nə-Suzanna təsdiq etdi.
Birdən ağlıma bir fikir gəldi.
- De görüm, Suzanna... Bu kayutu əvvəlcədən sifariş etmişdinmi?
- Yox, mən buraya başqa kayutdan köçmüşəm. Gəmi tərpənəndən sonra.
- Görürsənmi? Qauthemptonda bu kayutu kimin sifariş etdiyini təcili surətdə öyrənməliyik!
- Vacib deyil. İnzibatçı kiməsə izah edəndə ki, “71 nömrəli kayut missis Qreyin adina sifariş edilib”, özüm eşitdim. Üstəlik, o dedi ki, bu, məşhur rus balerinası Nadinin təxəllüsüdür. Bu yaxınlarda Parisdə böyük müvəffəqiyyət qazanmış həmin balerinadır. Artıq yola düşəndən sonra məlum oldu ki, Nadin gəmiyə gəlməyib. Beləliklə, mən bu kayuta keçdim.
Suzannaya get-gedə daha həyəcanla qulaq asırdım. O isə davam edirdi:
- Öz aramızdır, polkovnik Reys həmin Nadin haqqında xeyli maraqlı şeylər danışıb. Təsəvvür edirsənmi, müharibənin lap əvvəlində onu casusluqda təqsirləndiriblər, ancaq tutarlı sübut-dəlil olmayıb. Bir də onun haqqında belə söhbət gəzirmiş ki, “Polkovnik” ləqəbli bir ingilisin başçılıq etdiyi cinayətkar dəstənin üzvü olub. Guya, Nadin “polkovnik”in ən çox inandığı casus imiş. Ancaq, bu barədə də heç bir sübut...
- Deməli, yanvarın 22-sində görüş...
- Məhz, madam Nadinlə olmalıymış! Lakin nədənsə o, gəmiyə heç gəlməyib də.
- Nadin bu səfərə hazırlaşırdı!-birdən ağlıma gələn yeni versiyanı başa çatdıraraq dilləndim. – O hazırlaşmışdı, amma... Mənə belə gəlir ki, Marlouda öldürülən qadın elə Nadinin özüdür.
Mill-hausdakı boş otağı gözümün qabağına gətirdim. Yenə də məni orada keçirdiyim vahimə hissi bürüdü. Təhlükə, dəhşət, nəsə aydın olmayan hədə-qorxu hissi. Diyirlənib az qala eyvanın qapısının altına düşən karandaşı, fotokaseti xatırladım...
- Suzanna, axı, məhz 22-sində kaseti sənin ventilyatorunun altına tullayıblar!
- O günü əlimdən düşəni deyirsən?
- Hansının olmasının əhəmiyyəti yoxdur. Məsələ burasındadır ki, nə ücün onu gecə yarısı, həm də bu yolla qaytarıblar? Mənasızcasına. Kaset səndədir?
Suzanna qalxıb kaseti mənə verdi. Tropiklərdə şəkil çəkmək üçün plyonka dolanmış adi silindr idi. Lakin o mənə olduğundan ağır göründü. Hövsələsizliklə plastrı qoparıb, qapağı açdım... və çarpayının üstünə parlayan hamar daşlar töküldü.
- Bu nə daşlardır...- deyə, heyrətlə əlimi uzatdım.
- Ay dəli, görmürsən! - Suzanna içini çəkdi. Bunlar ki almazdır!

XIV

Almazlar!.. Heyranlıqla daşlara tamaşa edirdim. Onları çox sadəlöhvcəsinə şüşə qırıqlarına oxşatmaq olardı.
- Necə yəni almazlar?! Buna əminsənmi?
- Hə, qaraçı qızı! Mən xam almazları çox görmüşəm. Şübhən olmasın. Yaxşısı budur, gəl polkovnik Reysin de Birdəki oğurluq barədə dünənki söhbətını xatırlayaq. Məncə, bu əhvalat təsadüfən söylənilməyib.
- Görəsən, nə məqsəd var bunda? Bəlkə, təsir etmək üçündür?
- Bəs, onda bu “təsir” kimə qarşıdır? Ser Yustasa qarşı yönəlməyib ki!
Fikirləşdim ki, “bəlkə mənə toxuyur?” Buna görə soruşdum:
- Bəs, həqiqətdə polkovnik Reys kimdir?
- Bunu öyrənmək asan məsələ deyil! Çoxları onu yalnız ov həvəskarı kimi tanıyır. Axı, o, Afrikada tez-tez olur. Bəzilərinin fikrincə o, əks-kəşfiyyatdandir.
- İndi o, ser Lorensin varisidir və yəqin ki, varlıdır.
- Sözsüz ki, kasıb deyil. Yeri gəlmişkən... həm də sənə gözəl taydır.
- Yox, nə qədər ki, sən burdasan, mən tərəfə heç baxmır da.
- Niyə? Hamı bilir ki, mən öz Klarensimə sadiqəm. O mənim ərimdir, Forin ofisdə işləyir... Qulaq as, bəlkə Reys haqqında elə ondan öyrənək? Teleqram göndərərik. Hərçəndi teleqramlar Klarensi həmişə hirsləndirir, ancaq mən onları göndərməkdən ötrü lap ölürəm. Polkovnik məsələsinə qayıdaq. Anna onun xoşuna gəlirsən. Mübahisə etmə, bunu aydın görürəm. Gəl, onu ələ al!
- Ərə getməyə hazırlaşmıram.
- Amma, ərdə olmağı mən yaman xoşlayıram. Hətta Klarensin arvadı olsam da.
Söhbəti gəmidəki hadisələrin üzərinə qaytardım:
- Mənə belə gəlir ki, burada baş verən hər bir şeydə polkovnikin əli var. Bəlkə, o, bizi də izləyir? Əgər onun dünənki söhbətini xatırlasaq... Məgər yol vermək olmaz ki, bu almazlar...
- Yol vermək? Nəyə?-Suzanna maraqlandı.
Bu sualın cavabında tələsik başqa sual verdim:
- Fikir verdinmi?, Con Erdsleyin dostu barədə polkovnik bir kəlmə də söyləmədi? Onun başına nə hadisə gəlmişdir?
- Kələfin ucu bu almazlardadır!-Suzanna demək olar ki, mənə qulaq asmadan dedi. –Bilirsənmi, nədənsə mən əminəm ki, “qəhvəyi kostyumlu kişi” bunlara görə balerinanı öldürüb!
- O öldürməyib!-qətiyyətlə etiraz etdim.
- Bəs, onda kim öldürüb?
- Bilmirəm.
- Axı, Nadinin arxasınca içəri o girib! Və az sonra kətan kimi ağarmış oradan qayıdıb.
- Bu təbiidir:çünki, meyidi görüb. Yox, Suzanna həqiqi qatil Mill-hausa əvvəlcədən soxulubmuş. Həm də qapıdan yox, başqa yerdən.
Suzanna fikir içində mənə baxırdı. Nəhayət, o dedi:
- Axı, tamamilə mümkündür ki, ser Yustasın ikinci katibi və “qəhvəyi kostyumlu kişi” eyni adam olsun. Bunun üçün də onu təhlükə gözləyir və o, Pedlerə qoşulur ki, İngiltərəni tərk edə bilsin. Bu, onun üçün ən etibarlı üsuldur. Bax, belə. Əgər güman etsək ki, Reyborn “qəhvəyi kostyumlu kişidir”, onda sonrası aydındır. O, vərəqi salıb itirsə də oxumağa imkan tapıb: ”17. 1 22”. Və sənin kimi çaşaraq bunu belə başa düşmüşdür: On yeddinci kayut, ayın iyirmi ikisi, gecə saat birdə. Peqqetin maneçiliyi nəticəsində kayutu götürə bilmədiyindən, oraya başqa yolla girməyə çalışmışdır.
- Bəs, onu kim yaralayıbmış?
- Əlbəttə ki, Çiçester. Hər şey düz gəlir! Anna , əzizim, təbrik edirəm! “Qatillə bir kayutda!” sərlövhəli ilk reportajını “Deyli Büdcet”ə göndərə bilərsən. Onu birinci səhifədə dərc edəcəklər.
- Bəlkə biz nəyisə unutmuşuq?
- Yox, canım! Hər şey uyğun gəlir! Hətta başının forması da. Bu haqda Skotland-Yardda danışdığını xatırlayırsanmı?
- Dolisefalik?
- Bu nə deməkdir?
- Başın uzunsov forması.
- Bəs, bunun əksi necə adlanır?
- Braxisefalik.
- Bax, bunu deyirəm. Skotland-Yardda sən elə belə də demişdin.
- O vaxt səhv etmişdim!
- Kələk gəlmə, qaraçı qızı!-Suzanna gülümsündü.-Hər şeyi axıradək danış.
- Danışmağa daha bir şey qalmayıb!
- Beləmi?
Yaxşı, əgər təkid edirsənsə... O kobud və naşükür idi! Ancaq, onu başa düşmək olardı! O, təqib olunurdu. Və mən... mən bütün qəlbimlə ona acıyırdım!
Suzanna sakitcə mənə baxırdı.
- Demək belə,-o söhbətə yekun vurdu.-Belə başa düşürəm ki, reportaj olmayacaq!?
Dinməzcə başımı buladım.
- Və heç cür inanmırsan ki, o, həmin qadını öldürə bilərdi?
- Yox, buna inanmıram!
- Lakin intuisiya etibarsız hissdir, Anna!
- Başa düşürəm, onda qadını öldürmək fikri yarana bilərdi. Ancaq qaytanla bağlamaq!? Yox, bu ola bilməz!

XV

Ertəsi gün göyərtədə polkovnik Reyslə qarşılaşdım.
- Özünüzü necə hiss edirsiniz, miss?-deyə o, mənə yaxınlaşdı.
- Dəniz sakitləşdiyindən indi lap dünyanın o başına gedərəm.
- Sizdə olan həvəsə həsəd aparıram.
Hava əla idi. Polkovniklə bəzi əhəmiyyətsiz şeylərdən danışandan sonra o, səmimiyyətlə üzr istəyib ayrıldı. Mən isə dərhal miss Blerin kayutu yerləşən göyərtəni yığışdıran stüardı axtarmağa getdim.
- Zəhmət olmasa, deyin, bəyəm, kaseti gündüz vermək olmazdı?-stüardı tapıb soruşdum.
- Ümid edirəm ki, xanım qorxmayıb-stüard gülümsədi.-Mən tapşırığı yerinə yetirirdim.
Stüarddan bəzi məsələləri öyrəndim. “Kilmorden Kastl” Keyptaundan İngiltərəyə üzdüyü vaxt bir nəfər sərnişin stüarda bir kaset verib və xahiş edib ki, qayıdanbaş onu yanvarın 22-də, düz gecə saat birdə yetmiş birinci kayutun ventilyatoruna atsın. Həmin adam izah edib ki, onun bu zarafatyana hədiyyəsi, şübhəsiz, kayutda olan xanımı-çünki, artıq ona bilet alınıb, hədsiz sevindirəcəkdir.
O saat başa düşdüm ki, stuard bunun üçün əməlli-başlı mükafat alıb. Görünür, xanımın adı ona bəlli deyildi. Və buna görə də paroxod yola düşəndən dərhal sonra missis Blerin bu kayutu tutmasına baxmayaraq stüardın heç ağlına da gəlməyib ki, kaset ünvanına çatmayıb. Üstəlik, stüard dedi ki, hazırcavab sərnişinin adı Karten imiş. Onun bildirdiyi əlamətlərə görə Karten metroda ölən adama oxşayırdı.
Nəhayət ki, tapmacalardan biri açıldı.
Keyptauna yaxınlaşırdıq. Yeni tanışlarımı-ser Yustası və onun katibini, polkovnik Reysi, mister Çiçesteri gözdən qoymamağa çalışırdım.
Rəqs vaxtı birtəhər Peqqetin yanında oturdum və ondan soruşdum:
- Florensiya xoşunuza gəlirmi? İtaliyada, xüsusilə Florensiyada olmağı həmişə arzulamışam!
Xahiş edirəm, bağışlayasınız, miss Bedinqfeld, ser Yustas məndən məqaləsini gözdən keçirməyi rica etmişdir-deyə, Peqqet dərhal əkilmək istədi.
O getmək üçün ayağa qalxdı, lakin qolundan yapışıb əl çəkmədim:
- Ah, məni tərk etməyin! Məncə, ser Yustas sizə acıqlanmaz. Florensiya haqqında söhbətlərdən niyə qaçırsınız? Bu, nəsə bir sirr ilemi bağlıdır? Ölürəm sirlərdən ötrü!
- Siz nə danışırsınız, miss Bedinqfeld? Nə sirbazlıqdır! Məmnuniyyətlə sizə İtaliya barədə danışaram. Ancaq, bilmirəm ki, sizi nə maraqlandırır?
- Hər şey! Zeytun ağacları, evlər, şəkillər. Hansı şəkil sizin daha çox xoşunuza gəlir?
- E-e-e... Rafaelin... madonnası. Bəli, bəli məhz o.
- Köhnə, sevimli Florensiya. Arno və duomo sahilləri. Xatırlayırsınızmı?
- Əlbəttə!
- Hələ gözəl çayları demirəm?
- Bəli, çox gözəldir!
O, tələyə düşdü. Nə qədər çox soruşdumsa, bir o qədər qəti aydın oldu ki, Peqqet heç vaxt Florensiyada olmayıb. Bəs, harada olub? Yəni Mill-hausda?
Öyrəndiyim yeni faktları Suzannaya bildirdim. Səfər başa çatırdı, buna görə də gələcək planlarımızı müzakirə etdik.
- Mister Çiçester Durbana yola düşməyə hazırlaşır-missis Bler xəbər verdi. Ser Yustas isə dünən dörd bakal şampan şərabından sonra şəxsi vaqonunda mənə yer təklif etdi. O, Rodeziyaya gedir.
- Əla! Ser Yustasla Peqqeti sen izləyəcəksən, Müqəddəs Çiçesteri isə mən. Əgər Yustas polkovnik Reysi də öz vaqonuna dəvət etsəydi!
Suzanna kayuta getdi, mən isə təmiz hava almaq üçün göyərtədə qaldım. Gəmidə axırıncı gecə idi. Qaranlıq, boş göyərtədə külək vıyıldayırdı. Okean sularında fosfor işıldayırdı. Təbiətin cazibədar gözəlliyində zaman və məkan duyğusunu itirərək sanki yuxuya getmişdim...
Xışıltı səsi məni geri baxmağa məcbur etdi. Və bir an içərisində kimsə güclü əllərilə boğazımdan yapışdı. Bacardığım qədər müqavimət göstərdim:gah dişlədim, gah cırmaqladım, gah da dirsəklərimi işə saldım. Əbəs yerə cəhd edirdim! Əllər boğazımı daha bərkdən sıxır, olan-qalan gücüm isə tükənirdi. Birdən küt zərbə səsi eşidildi. Əllər boğazımdan açıldı və kimsə göyərtəyə yıxıldı. Ağır nəfəs ala-ala məhəccərdən yapışdım. Məni kim xilas etsə yaxşıdır... Reyborn.
- Hər şey qaydasındadırmı?-deyə o, məni müdafiə edə-edə soruşdu.
Bu bir an bəs elədi ki, cani ayağa sıçrayıb qaçmağa üz qoysun. Reyborn onun dalınca atıldı, amma salonun girəcəyində birdən dayandı. Onun yanına qaçanda yerə sərilmiş bir kişi gördüm.
- Onu əzişdirmisiniz?-deyə soruşdum.
- O özü büdrəyib kəllə-mayallaq aşdı.
Reyborn kibrit çəkdi və onun zəif işığında... Peqqeti gördüm. O, huşsuz idi.
- Heç demə bu Peqqet imiş...-Reyborn özünü itirdi.-Heç vaxt ağlıma gəlməzdi ki, o, belə fikrə düşə bilər! Onu tanıdınız? Orada, göyərtədə?
- Belə qaranlıqda?
Reyborn diqqətlə mənə baxıb dedi:
- Hər halda bilmək istərdim ki, siz kimsiniz və bu iş barədə çoxmu bilirsiniz?
- Az bilmirəm, mister... Lukas!
O, qolumu dirsəkdən yuxarı möhkəm sıxdı.
- Bu adı hardan bilirsiniz?
- Məgər bu, sizin adınız deyil?-sakitcə cavab verdim.-Yoxsa sizi “qəhvəyi kostyumlu kişi” adlandırmağı daha üstün tutursunuz?
- Cadugər!-deyə məni itələdi.
- Mən sizin dostunuzam!-bərkdən dilləndim. Bir daha sizə köməyimi təklif edirəm.
Lakin artıq o, özünü ələ almışdı və mənə qaşqabaqlı nəzər salaraq dedi:
- Kömək? Sizdən? Heç cür!
- Bir başa düşün, siz mənim əlimdəsiniz! Kapitana bir balaca işarə kifayətdir ki...
- Bu saat siz mənim əlimdəsiniz, miss. Sizi hop qaldırıb köpək balıqlarına yem əvəzi göndərərəm.
Boş-boşuna gülümsəyərək susdum. Alovla oynadığımı başa düşürdüm. Nəhayət, o, soruşdu:
- Adınız nədir?
- Anna Bedinqfeld.
- Doğrudanmı heç nədən qorxmursunuz?
- Niyə ki? Qorxuram. Eşşək arısından və kinayəli qadından.
O yavaşca güldü. Sonra ayağı ilə Peqqetin hərəkətsiz vücuduna toxundu və soruşdu:
- Bununla nə edək? Bəlkə, ataq suya?
- Necə istəyirsiniz?-süni soyuqqanlılıqla cavab verdim.
- Siz lap qəddarsınız?-miss Bedinqfeld!
- Öz aramızdır, siz artıq ikinci dəfədir ki, adam öldürməkdən vaz keçirsiniz...
- Başa düşmədim...
- Marloudakı qadın-deyə izah etdim.
Onun üzü elə bil qəfil ağrıdan qıc oldu. Sonra səssizcə dedi:
- Düz deyirsiniz. O qadını öldürə bilərdim. Düşünürdüm ki, bacararam. Ona... nifrət edirdim.
Fikirləşdim ki, madam bu dərəcədə nifrət edirmiş, demək Nadini çox sevirmiş. Qısqanclıq dalğası qəlbimi bürüdü. Əgər Nadin yanımda olsaydı tərəddüd etmədən onu boğardım. Lakin özümü ələ alaraq, adi səslə dedim:
- Siz hər şeyi söylədiniz, lakin mənə “gecəniz xeyrə qalsın” deməyi unutdunuz.
- Gecəniz xeyrə qalsın, miss Bedinqfeld. Əlvida!
- Görüşənədək, mister Lukas.
O səksəndi və mənə yaxınlaşdı.
- Sizcə, biz yenə görüşəcəyik?
- Dağ dağa rast gəlməz, insan insana rast gələr!
- Bunun baş verməməsi üçün hər şeyi edərəm.
- Onsuz da biz görüşəcəyik!
- Lənət sənə kor şeytan, hardandir sizdə bu inam?
Dodaqaltı qımışaraq Reybornun böyründın sivişib keçdim. O, arxamca bir necə addım atıb dayandı və yenə də “Cadugər”-deyə dilləndi. Ola bilsin ki, mən belə eşitdim...

ardı var

AQATA KRİSTİ “QƏHVƏYİ KOSTYUMLU KİŞİ” - II hissə

Roman (tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)

VI
Həyəcanı və inamsızlığı dəf edərək yuxarı mərtəbəyə qalxdım. Faciənin baş verdiyi otağı axtarıb tapmaq çətin deyildi. Meyidin tapıldığı gün leysan yağış yağırdı və buna görə də döşəmədə çoxlu ayaq izləri qalmışdı.
Budur, bu da otaq. Böyük, demək olar, kvadrat olan otaq mebelsiz idi. Burada heç iynə də gizlətmək olmazdı. Blaknot və karandaş çıxartdım. Lakin yazmalı heç nə yox idi. Pərtliyimi birtəhər gizlətmək üçün otağın planını və pəncərələrin necə yerləşdiyini cızdım. Qələmi çantama qoymaq istəyirdim ki, birdən sürüşüb düşdü və eyvanın qapısına tərəf diyirləndi. Qələmi yerdən götürüb, qapını açdım. Onun altında yarıq vardı. Əyilib qurdaladım və əlimə “kodak” firmasının fotokaseti keçdi. Bu da tapıntı!
Kaset doldurulmuşdu və... naftalin iyi verirdi. Onu kim itirmişdi? Nə vaxt? Metroda həlak olan adam burada olmayıb. Demək, “həkim”? Tutaq ki, o, kaseti də həlak olanın cibindən çıxarıb və xanım de Kastina ilə çarpışmada salıb itirib. Deyəsən, hər şey düz gəlir! Plyonkanı aşkarlamaq kifayətdir, onda hər şey aydınlaşacaq!
Mill-hausu tərk etdim. Londana qayıdan baş yolda vərəqi bir də oxudum və birdən rəqəmlər mənə başqa cür göründü: 17.I. 22... Bəlkə, bu, ayın tarixidir? Məsələn, 17 yanvar 1922- ci il? Lakin bu gün yanvarın on dördüdür və deməli, Kilmorden Kastldakı hansısa hadisəyə cəmi üç gün qalıb. Əgər nəzərə alsaq ki, bu vaxta qədər həmin sirli qəsrin harada olduğunu bilmirəm, onda vaxt azlığı tamamilə mənasız söhbətdir.
Ertəsi gün tələsik Recent-stritə getdim. Qiymətli plyonkanı emalatxanaya verib, təcili bütün kadrların çıxarılmasını xahiş etdim. Bir neçə dəqiqə sonra qulluqçu kaseti geri qaytararaq sıxıla-sıxıla dedi:
- Mənə belə gəlir ki, miss, kaseti səhv salmısınız . Bu plyonka tərtəmizdir, çəkilməyib.
Hiddətimi çətinliklə gizlədərək emalatxanadan çıxdım. Həyatımda heç vaxt belə axmaq vəziyyətə düşməmişdim.
Nəhayət ki, möcüzə! Paroxod kompaniyasının yanından ötərkən gözüm pəncərəyə qoyulmuş gəmi modelinə sataşdı. Gəminin bortunda “ Kilmorden Kastl” yazısı nəzərə çarpırdı. Qəfil sevincdən yerimdə donub qaldım, sonra isə ofisə demək olar soxuldum. Klerkin sualedici baxışlarını görəndə isə nəfəsimi dərmədən dedim:
- Kilmorden Kastl!
- On yeddisində Sauthemptondan yola düşür. Keyptauna istəyirsiniz? Birinci, ya ikinci dərəcəliyə? Birinciyə səksən funtdur...
Qeyri – adi təsadüf! Taleyin işi! Məndə məhz, bu qədər pul vardı!
Klerkin sözünü kəsərək, qətiyyətlə: “Birinci dərəcəli!” –dedim.

VII

Ser Yutas Pedlerin gündəliyindən.

Görünür, mənim rahat dəqiqələrim heç vaxt olmayacaq. Üstəlik həm də bu, ona görə qəribədir ki, mən məhz sakit həyatı xoşlayıram. Öz klubumu, brici, dadlı yeməkləri, yaxıd şərabları xoşlayıram. İngiltərənin yayını, Fransız Riverasının qışını sevirəm. Orada mənə müxtəlif sensasiyalar danışırlar, hərçəndi bəzən sobanın yanında oturaraq sensasiyaları qəzetlərdən də oxumağa razıyam. Bir sözlə, istədiyim, yalnız rahatlıqdır. Bir az qayğı və çoxlu pul. Bununla da vəssalam! Lakin şəxsən mənimlə birbaşa bağlı olmasa da, tez - tez böyür – başımda müxtəlif hadisələr baş verir.
Bax, bu gün səhər Qay Peqqet əlində teleqram yataq otağıma soxuldu. Onun sifəti hüzndə olduğu kimi sallanmışdı.
Peqet mənim katibimdir. Çalışqan, əməksevər, bir sözlə, xarakterinin ümumi cəhətlərinə görə yaxşıdır. Halbuki, məni heç kim onun qədər narahat etmir. Ondan yaxa qurtarmaq üçün az bəhanə aramamışam. Amma, özünüz deyin, adamı yalnız işi əyləncədən üstün tutduğuna, səhərdən axşamadək çalışdığına, zərərli vərdişlərdən uzaq olduğuna görə işdən çıxarmaq olarmı? Peqqetin yeganə, həm də qəribə nöqsanı sifətində idi. Onun sifəti xalis XIX əsr adam zəhərləyənlərinin sifətinə oxşayırdı.
Düzünü desəm, məni də işləməyə məcbur etməsəydi, Peqqetin əleyhinə heç bir fikrim olmazdı. Mən yüngül, sərbəst, xüsusi səy göstərmədən başa gələn işi qiymətləndirirəm.
Peqqet isə hər şeyi həddindən artıq ciddi qəbul edir.
Ötən həftə ağlıma gözəl bir ideya gəldi-onu Florensiyaya göndərmək. Necə oldusa, o, mənə Florensiya barədə danışdı və üstüörtülü işarə etdi ki, orada olmağı arzulayır.
“Əzizim-deyə, sevindim. –Günü sabah gedin. Bütün xərcləriniz mənim boynuma.”
Sonrakı həftəni gözəl keçirdim. Istədiyimi elədim. Lakin, bir neçə gün sonra Peqqetin olmamasından əməlli-başlı nəşələnməyə imkan tapmamış, o, səhər tezdən qarşımda peyda oldu. Xoş günlərimə son qoyulduğunu anladım.
- Əzizim, Peqqet! Bu nədir, dəfn mərasimi artıq başa çatıb? Yoxsa, hələ təzə başlayır?
Yumor hissindən tam məhrum olan Peqqet çaşdı.
- Necə? Siz artıq hər şeyi bilirsiniz, ser Yustas?
- Nə barədə soruşursunuz? -deyə həyəcanlandım.
Peqqet əlindəki teleqramı yellədi.
- Ser, bilirəm, ertədən durmağı xoşlamırsınız. Ancaq, artıq saat doqquzdur! ( səhər saat doqquzun günorta olmasına Peqqet tam əmin idi ) Fikirləşdim ki, belə vəziyyətdə...
- Di, bir deyin görək, axı, nə olub?
- Polisdən teleqram gəlib. Marlouda, sizin evdə qətl baş verib!
- Belə de!- ucadan dilləndim.- Nə üçün, məhz, mənim evimdə?
- Bu haqda heç nə yazılmayıb. Belə hesab edirəm ki, tezliklə İngiltərəyə qayıtmalıyıq.
- Niyə ki?
- Polis...
-Polisin nə dəxli var bura?
- Axı, bu sizin evinizdir!
- Hə, bədbəxtlikdən mənimdir. Ancaq mənim günahım deyil.
- Üstəlik, öldürülən əcnəbidir-Peqqet davam etdi.
Əlbəttə ki, o, haqlı idi. Evimizdə qadın öldürülübsə, pisdir, əgər o, “üstəlik əcnəbidirsə”, ikiqat pisdir.
- İlahi!- deyə, inildədim.- Ümid edirəm, bu, Karolinanı o qədər də məyus etməz.
Aşpaz Karolina Ceyms-bağbanımın arvadıdır. Əla xörəklər bişirir. Elə buna görə də əri bekara bağban olsa da dözürəm.
- Belə hadisədən sonra düşünürəm ki, Karolina qalmaz, çıxıb gedər...
- Ancaq, siz onu qalmaq üçün dilə tutun. Peqqet!- deyə əmr etdim.

Üç gündən sonra

Qışda İngiltərədən getməyə imkanı olan, lakin bunu etməyən adamları başa düşə bilmirəm. Dəhşətli iqlimi var...
Təsərrüfat qayğıları həmişə yorucudur. Agentlikdən xəbər verdilər ki, indi Mill-hausdakı evi çətin ki, kirayə vermək olsun. Karolinaya ikiqat maaş təyin etdiyim üçün sakitləşdi. Əslində, burada biz o qədər də lazım deyilik. Elə günü sabah Kanna qayıdırıq.

Bir gün sonra

Qeyri –adi hadisələr baş verirdi. İndicə Avqustus Milreylə qarşılaşdım. Bu adam bizim hazırki hökumətdə heç də az olmayan köhnə uzunqulaqların xalis nümunəsi idi. O məni kənara çəkib müəmmalı şəkildə Cənubi Afrikadakı vəziyyət, baş verə biləcək tətillər və nəsə “gizli fəaliyyətlər” barədə danışdı. Nəhayət, səsini alçaldaraq pıçıltıya keçən Milrey xəbər verdi ki, hansısa mühüm sənədləri Generala çatdırmaq lazımdır.
- Çatdırın də - əsnəməmi saxlayaraq razılaşdım.
- Bəs, bunu necə edək? Vəziyyət çox qarışıqdır.
- Poçtla göndərin.
- Əzizim Pedler, - Milrey gözlərini qıydı,- adi poçtla? !
- Əgər poçtla istəmirsinizsə, onda adamlarınızdan biri ilə göndərin.
- Yox bir! Bu mümkün deyil. Əmin olun ki, ehtiyat etməyə əlimizdə tam əsas var. Ciddi əsas.
- Bütün bunlar son dərəcə maraqlıdır- deyə, bildirdim, - ancaq bağışlayın, tələsirəm...
- Bir dəqiqə, əzizim Pedler, yalvarıram sizə, bircə dəqiqə, səbr edin. Bu düzdürmü ki, yaxın vaxtlarda Cənubi Afrikaya getməyə hazırlaşırsınız?
- Bəli iki həftədən sonra.
- Bir az tez gedə bilməsinizmi? Tutalım, bir həftədən sonra?
- Mənə poçtalyon rolunumu tapşırmaq istəyirsiniz?
- Bayaqdan elə bu barədə danışmaq istəyirəm. Üstəlik, sizin qeyri-rəsmi şəxs vəziyyətində olmağınız.. Ümidvaram ki, hər şey əla olacaqdır.
- Nə deyim... Etiraz etmirəm.
- Sizdən çox razıyam,Pedler, lap çox! Şəxsən Generala. Əldən- ələ, başa düşürsünüz? “Kilmorden Kastl” şənbə günü yola düşür. Gözəl gəmidir.
Axşam eşikağası Yarvis mənə yaxınlaşıb, dedi:
- Ser, bir centlmen sizi görmək istəyir. Deyir ki, şəxsi işdir, adını bildirməkdən də imtina etdi.
Təbii ki, gözlənilməz qonağı Peqqetin yanına göndərmək olardı, lakin o, həmin saat mədəsilə əlləşirdi. Və mən gələn şəxsi qəbul etmək istəmədim. AmmaYarvis tezliklə geri qayıtdı.
- Ser Yustas, centlmen deyir ki, onu mister Milrey göndərib.
Bu, işi dəyişirdi. Bir qədər sonra günəşdən qaralmış, gözəl üzü bir neçə çapıqla korlanmış möhkəm bədənli gənc qarşımda dayanmışdı.
- Eşidirəm,- dilləndim.
- Mister Milrey mənə əmr edib ki, sizi Cənubi Afrikaya qədər müşayiət edim. Katib simasında.
- Lakin əzizim, artıq mənim katibim var və ikincisinin xidmətinə ehtiyac duymuram.
- Buna şübhəm var, ser. Yeri gəlmişkən, katibiniz hardadır?
- O bir balaca kefsizdir. Qastriti var.
- Əminsinizmi ki, onun xəstəliyi qastritdir?
- Əlbəttə ki,- cavab verdim.- həmişə çalışqan gənclərdə qastrit olur.
Gənc gülümsədi.
- Qastrit ola da bilər, olmaya da. Bunu zaman göstərər. Yeri gəlmişkən, mister Milrey öyrənsə ki, katibinizi aradan götürmək istəyirlər qətiyyən təəccüblənməz. Yox- yox, həyəcanlanmayın! Şəxsən sizi heç nə gözləmir. Ancaq mister Milrey təkid edir ki, sizi mən də müşayiət edim. Və xahiş edir ki, pasportumun qayğısına qalasınız. Amma bunu elə etmək lazımdır ki, guya məni özünüz dəvət etmisiniz.
- Yaxşı- razılaşdım və gəncin getməyə hazırlaşdığını görəndə, istehzayla əlavə etdim:
- Əgər təzə katibimin adını bilsəydim, yəqin ki, daha yaxşı olardı. Yavaşca dedi:
- Harri Reyborn. Münasib addır, deyilmi?
“Qəribə manera göstərir” – deyə, fikirləşdim.

VIII
Annanın hekayətinin davamı

Qəhrəmanların dəniz xəstəliyinə tutulmasında nəsə bir ləyaqətsizlik var. Şəxsən mən ilk yırğalanmadan özümü pis hiss etdim və bütün sirlərə marağımı itirərək üç gün kayutdan bayıra çıxmadım. Nəhayət, dəniz sakitləşdi və birtəhər göyərtəyə çıxıb digər zərərçəkənlərlə bərabər özümü şezlonqa yıxdım. Dözümlülər göyərtədə gəzişir, deyib - gülürdülər. Günəş şüalarına qərq olmuş okean gözəl idi. Bir az özümə gələn kimi ətrafıma nəzər salmağa başladım. Qadınlardan biri məni xüsusilə maraqlandırdı. Zahirən ona otuz yaş vermək olardı. Bəstəboylu, mavigözlü idi və aşkar Paris üslubunda yüksək zövqlə tikilmiş paltar geyinmişdi. Qadınlarda xoş, cazibədar manera vardı. Şübhəsiz, bütün bunları bildiyindən həmin qadın özünü sahibə kimi aparırdı. Onun göstərişlərinə rəğmən stüardessalar irəli- geri yorturdular. O, şezlonqu hara qoymaq barədə düşünərək fikrini üç dəfə dəyişdi. Və hər dəfə bunu heyranlıqla etdi. “Özümə gələn kimi onunla tanış olaram deyə” - fikirləşdim.
Günorta üstü “Kilmorden Kastl” Madeyra limanına çatdı. Məftunedici qadın hündürboylu, qarabuğdayı kişinin müşayiətilə sahilə endi. Kişiyə qırx yaş vermək olardı. Saçları çallaşmışdı. Məncə o, gəmidəki kişilərin ən qəşəngi idi.
- Kimdir o qadın?- stüardessadan soruşdum.
Ledi Bler. Onun haqqında qəzetlər tez-tez yazırlar.
Bundan sonra naməlum qadına marağım daha da artdı. Səhərisi isə təəccüblü olsa da, missis özü mənə yaxınlaşdı.
- Hə, daha özünü yaxşı hiss edirsənmi?- təbəssümlə soruşdu.
- Təşəkkür edirəm, bu gün doğrudan da vəziyyətim yaxşıdır.
- Dünən elə kökə düşmüşdünüz ki, polkovnik Reyslə fikirləşdik ki, dənizdə bizi dəfn mərasimi gözləyir. Amma, siz bizi heyrətləndirdiniz.
- Təmiz hava kömək etməlidir- mən gülümsəməyə çalışdım.
- Əlbəttə, yalnız dəniz havası – polkovnik Reys təsdiq etdi.
- Bu kayutların dustaqxana həyatı kimi desən öldürər- deyə missis Bler bildirdi.- Ümidvaram ki, pəncərəniz dənizə baxır.
- Xeyr.
- Booy, körpəm mənim, kayutu niyə dəyişmirsiniz? Boş kayutlar ki var. Madeyrada xeyli sərnişin düşdü. Gedin kapitanla danışın.
- Yerimdən qalxmaq istəmirəm.
- Çətin olsa da, durun. Gəzmək sizə xeyirdir.
Missis Bler və polkovnik Reysin müşayiətilə göyərtədə gəzinməyə başladım. Biz əks tərəfə keçdik. Okean gözəl olduğundan missis Bler fotoaparat dalınca getdi. İki-üç kadr çəkəndən sonra o, məyusluqla dedi:
- Plyonka qurtardı. Ancaq eybi yoxdur. Mənim ehtiyatda bir kasetim də var. Budur o!
Elə bu vaxt gəmi yırğalandı, müvazinətini itirən Bler sürahıdan yapışdı və kaseti əlindən saldı.
- Bu niyə belə oldu,- deyə o, süni pərtliklə qışqırdı və sürahının üstündən əyilib, gözləri ilə okeanı axtardı.- Yəni kaset suya düşüb?
- Çətin ki- polkovnik gülümsədi.- Sizinki həmişə gətirir. Çox guman ki, kaset aşağı göyərtəyə, hansısa uğursuz stüardın başına düşüb.
Fit çalındı.
- Lanç-missis Bler şən halda dedi- lançla aranız necədir, miss Bedinqfeld?
- İmtina etmərəm.
Salonda stüard məni arxasında iki yaşlı ledinin və missionerin oturduqları stola tərəf gətirdi. Onlar ara vermədən qara qardaşlarımızdan danışırdılar. Missis Bler və polkovnik kapitan stolunun arxasında əyləşdilər. Orada gözlərim daha bir kişiyə sataşdı. Əvvəl nədənsə onu görməmişdim, yoxsa mütləq xatırlayardım. Hündürboy və arıq idi. Sifəti elə acıqlıydı ki, ətim çimçəşdi. Məlum oldu ki, bu, ser Yustas Pedlerin katibidir. Deməli, ser Yustas, Mill-hausun sahibi də buradadır? Daha bir təsadüfi uyğunluq!
- Bu da ser Yustas- kapitanın stolu arxasında yenicə oturan kişini mənə göstərdilər.
Lançdan sonra yenidən göyərtəyə çıxdım. Bir neçə addım aralıda Peqqet ser Yustasa nəsə izah edirdi. Və mən onun danışığında bir neçə ifadəni eşidə bildim.
- Mənə kayut lazımdır, ser Yustas. Sizinkində işləmək mümkün deyil. Ora sandıqlarla doludur.
- Bəsdir, dost!- Ser Yustas tənbəlcəsinə dedi, - mənim kayutum yatmaqdan ötrüdür və mən sənin yazı makinanın tıqqıltısına qulaq asmağa borclu deyiləm.
- Mən elə bu barədə danışıram, ser Yustas. Mən işləməliyəm.
Mən kayutumun yerləşdiyi göyərtəyə düşdüm və stüarda yerimi dəyişmək xahişilə müraciət etdim.
- “D” göyərtəsində boş yer var- deyə, o xəbər verdi. Sizə 13 nömrəli kayutu təklif edə bilərəm.
- Ancaq, 13-cü yox - lap dilxor oldum. Başqası yoxdurmu?
-Əgər, hələ tutulmayıbsa, 17-ci də boşdur.
Biz 17 nömrəli kayuta yaxınlaşdıq. Kayut boş idi.
Hər şey qaydasındadır, miss, köçə bilərsiniz. Mən şeylərinizi gətirərəm.
Elə bu an mənim ad qoyduğum “qəddar sifətli kişi” Peqqet bizə yaxınlaşdı.
- Üzr istəyirəm, - o dedi,- bu kayut artıq ser Yustas Pedlerə vəd olunub.
- Eyb etməz- stüard onu sakitləşdirməyə çalışdı. Biz ser Pedlerə 13-cünü verərik.
- Bizə on yeddinci vəd olunmuşdu!
- Lakin, ser, on üçüncü daha geniş və rahatdır.
- Yox, bizə on yeddinci lazımdır! Mənə dedilər ki, biz onu tuta bilərik.
- Bağışlayın- mən işə qarışdım, on yeddinci mənə vəd olunub.
- Heç cür ola bilməz on yeddincini mən tutacağam.
- Burada nə baş verib?- daha bir sərnişin özünü bizim mübahisəyə qoşdu. Stüard, şeyləri on yeddinci kayuta qoyun.
Bu, mənimlə stol qonşusu olan müqəddəs Edvard Çiçester idi.
- Bağışlayın, ona etiraz etdim, - bu, mənim kayutumdur.
- Yox, ser Yustas Pedlerin kayutudur!- Peqqet israr etdi.
Açığını desəm, səfəri hansı kayutda davam etdirməyin mənim üçün heç bir əhəmiyyəti yox idi. Lakin ehtiraslar coşdu, heç kim geri çəkilmədi və məni həvəs götürdü. Birdən stüard hiss etdirmədən mənə göz vurdu və artıq “tüstülənməyə” başlamış “səhnədən” dərhal kənara çəkildim. Kapitan köməkçisi bizə yaxınlaşmışdı.
- Qulaq asın! – deyə, yalvardım.- Kayutumu dəyişməyə söz veriblər. On yeddinci məni tamamilə təmin edir. Lakin mister Çiçesterlə mister Peqqet höcətləşir, mənə güzəştə getmək istəmirlər...
Kapitan köməkçisi mübahisə edənlərə tərəf addımladı və hövsələsiz tonla elan etdi:
- On yeddinci bu miss üçün saxlanılıb, sizə isə on üçüncü və iyirmi səkkizinci qalır, özünüz seçin.
Hərarətli baxışlarımla ona təşəkkürümü bildirdim və on yeddinci kayuta daxil oldum. Kiçik qələbə əhval-ruhiyyəmi yaxşılaşdırdı. Tezliklə çay içmək üçün üst göyərtəyə qalxdım, qayıdanbaş isə həyəcanlanmış stüardessanı yanımda gördüm.
- Kayutunuzu dəyişməli olacaqsınız, miss,- o dedi.- Orda xoşagəlməz iy əmələ gəlib.
İy həqiqətən ürəkbulandırıcı idi. Ancaq, hardandı bu belə? Axı, bir saat əvvəl iy yox idi. Stüardessaya cavab verdim ki, əvvəlcə paltarımı dəyişməliyəm, sonra kayutu dəyişmək barədə danışarıq. Tək qalanda havanı bir də qoxuladım. Iy tanış gəldi. Hə, əlbəttə ki! Bu asafetiddir. Hərbi xəstəxanada işləyəndə dərmanları ayırd etməyi öyrənmişdim.
Çarpayıda oturdum. Şübhəsiz, mən olmayanda kimsə kayutu asafetid qırığı atmışdı. Nə üçün? Ona görə ki, rədd olum buradan? Bu, kimin nəyinə gərəkdir? O saat kayut uğrunda mübahisə gözümə tamam başqa fonda göründü. Doğrudan da, nə üçün birdən hamıya on yeddinci lazım olub? Nə üçün Peqqet də, Çiçester də məhz, bura köçməyə çalışırdı. 17.I 22!.. On yeddisində biz Saythemptondan çıxdıq. Bu vaxtadək əmindim ki, 17 – “Kilmorden Kastl” ın yola düşmə vaxtıdır. Ağlıma yalnız bu gəlirdi. Ancaq, deyəsən mən heç də haqlı deyildim. Yaxşı, nəyə görə kimsə yaxın tarixi yazaraq üstəlik, ili və ayı da göstərir? Yox, əgər ilk iki rəqəm kayutun nömrəsidirsə, bəs, onda o biriləri nəyi göstərir? Bəlkə,vaxtı? Deyək ki, saat I – i! İyirmi iki isə - günü? Sabah iyirmi ikisidir...
Rəqəmlərin uyğunluğu - kayutun nömrəsi, gün, vaxt – məni əmin etdi ki, həqiqi izə düşmüşəm. Və indi asafetidin iyinə baxmayaraq kayutu heç cür əldən buraxmaq olmaz. Sabah, yanvarın 22 – də, gecə və ya gündüz saat birdə nəsə baş verməli idi. Çox ehtimal ki, gecə saat birdə. İndi axşam saat yeddidir. Beləliklə, altı saatdan sonra...
Gözləməyə səbrimin çatmasına mat qalmışdım. Vaxt dözülməz dərəcədə ləng keçirdi. Budur, nəhayət ki, gəmi saatı gecə biri vurdu. Və... heç bir şey olmadı. Gəmidə tam sakitlik idi. Birdən dəhlizdə səs-küy eşidildi. Kimsə qaçırdı. Qəfil qapı açıldı və naməlum şəxs mənim kayutuma yıxıldı. “Xilas edin” – o xırıldadı, - məni qovurlar.” Məsələni aydınlaşdırmağa vaxt yox idi. Bir anda çemodanı çarpayının altından çəkdim, naməlum adam ora girdi və dərhal çemodanı əvvəlki yerinə itələdim.
Qapı bərkdən döyüldü. Ağlıma gəldi ki, bu saat əlində tapança Peqqet yaxud missioner içəri soxulacaq . Ancaq, gözlədiyimin əksinə qarşımda stüardessa peyda oldu.
- Bağışlayın, miss! Çağırmısınız?
- Yox!- sözünü kəsdim.
- Üzr istəyirəm, miss,- stüardessa dedi. Amma, həddindən çox içmiş bir centlmen sərnişinləri qorxuda bilər.
- Ümüd edirəm ki, o bura girməyəcək- süni təlaşla dedim.
- Əlbəttə, miss. Ancaq, lazım gəlsə, zəng edin. Gecəniz xeyrə qalsın.
Sərxoş! Gör, nəzakətsizliklə kayutuma soxulmaq nə ilə bağlıdır.
- Bu saat rədd olun! – deyə , tələb etdim.
Cavab gəlmədi. Çemodanı kənara çəkdim. Kişi tərpənmədi. “Sərxoş ölü” deyə fikirləşdim. Bu vaxt gördüm ki, onun uzandığı yerdə döşəmə qana bulaşıb. Yad adamın sol çiynində yara vardı. O ayıldı, çətinliklə çarpayının altından çıxdı və səntirləyərək qalxdı.
- Mən sizi ötürərəm- ona ürəyim yandı.
- Dəyməz- təşəkkür bildirmədən köməyimdən imtina etdi.
- Səfehin biri! Nədir, bu vəziyyətdə gəmini gəzməyə hazırlaşırsınız?
Sözlərim təsir etdi və bundan sonra bacardığım kimi yarasını sarıdım.
- Belə - belə işlər. İndisə, buyurun, izah edin görək bütün bunlar nə deməkdir?
- Başqasının işinə qarışmayın!
- Elə niyə?
- Köhnə bir həqiqəti xatırlasanız, pis olmaz: əgər istəyirsənsə ki, sirrini hamı bilsin, onu hər hansı bir qadına söylə.
- Yəqin ki, bunu göstərdiyim yardıma təşəkkür kimi başa düşmək lazımdır.
Nəhayət, bayaqdan bəri ilk dəfə ona əməlli- başlı diqqət yetirdim. İşıqlı boz gözləri, qarabəniz, yanağında çapığı vardı. O, açıqca gülümsəyərək mənə baxırdı.
- Ümid edirəm, sizi böyük təhlükədən qurtardığımı başa düşürsünüz?
O, sıçrayışla stuldan qalxdı. Məni itələyərək qapıya yönəldi. Qapıya çatanda qəfil geri qanrıldı:
- Sizə təşəkkür etməyə borclu deyiləm. Lakin borc haqqında unutmaram və imkan düşən kimi qaytararam.

X

Gecənin qalan vaxtı sakit keçdi. Yuxudan gec oyandım. Göyərtəyə çıxan kimi missis Bler mənə yaxınlaşdı.
- Sabahın xeyir, mənim qaracığazım!
- Qaracığaz niyə?
- Səfərimizin lap əvvəlindən səni belə adlandırıram. Məncə sizdə qaraçısayaq nəsə var. Və mənə elə gəlir ki, sizinlə ürəkdən danışmaq olar.
-Qəribədir! “Kilmorden”ə ayaq basan andan mən də sizə fikir verirəm.
-Əzizim, özünüz barədə danışın. Məsələn, Cənubi Afrikaya nədən ötrü gedirsiniz?
Atam və özüm barədə qısaca məlumat verdim.
-Demək siz Çarlz Bedinqfeldin qızısınız? Lakin, planlarınız haqda bir kəlmə də demədiniz. Yəqin ki, müəyyən planlarınız da var?
-Planlarım tamamilə qeyri-müəyyəndir -deyə, hər ehtimala qarşı ehtiyat etdim.
-Təvazökarliq etsəniz də bu gün yorğun görünürsünüz. Necə yatmısınız? Mən o qədər də yaxşı yatmamışam. Təsəvvür edirsinizmi, bu avara stüard yalnız kaseti qaytarmaqdan ötrü gecə yarısı məni yuxudan oyadıb. Dünən əlimdən saldığımı deyirəm, həm də gicbəsər özünü qəribə aparırdı: əlini ventilyatora uzadıb kaseti çarpayıya atdı. Yamanca qorxdum. Fikirləşdim ki, birdən bomba olar.
-Budur, sizin polkovnik də gəldi-deyə, müsahibimin diqqətini yayındırdım.
-Polkovnik yaxınlaşanda missis Blerdən aralandım. Öz kayutuma girdim və o saat hiss etdim ki, kimsə burada axtarış aparıb. Suallar saatbasaat çoxalırdı. Görəsən, nə axtarırmışlar? Gecə sərnişini nə üçün məhz, mənim kayutumda gizləndi? Onu kim yaralamışdı? Nəyə görə?
Sərnişinləri bir-bir fikrimdən keçirərək, mənə görə xüsusi diqqətə layiq olanlarını seçib ayırdım.
Birinci, parlamentin üzvü, Mill-hausun sahibi ser Yustas Pedler, sonra onun katibi Peqqet. Və nəhayət, müqəddəs Edvard Çiçester.
Çiçesterden başlamağı qərara aldım. Başımı yaylıqla örtüb, göyərtəyə qayıtdım və adamlar arasında öz “qurbanımı” axtarmağa başladım. Bax bu da o. Sürahiyə dirsəklənərək dalğın-dalğın uzaqları seyr edən Çiçesterə tərəf addımladım.
- Əminəm ki, kayuta görə mübahisədə höcətliyimi bağışlayarsınız –çöhrəmə nurlu təbəssüm verərək soruşdum.
- İncikliyi xristiansayağı etiraf etmirlər-o soyuq cavab verdi.
- Afrikaya ilk dəfədirmi gedirsiniz?-söhbətə körpü salmağa çalışdım.
- Cənubi Afrikaya birinci dəfədir. Ancaq Şərqi Afrikada hannibal sülalələri arasında işləmişəm.
Onun cavabından nədənsə hürkdüm. Deyir ki, Afrikada olub, lakin üzündə bir qırıq da qaralma əlaməti yoxdur. Yəni, o, həqiqətənmi müqəddəsdir? Yanımızdan ötən ser Pedler əyilərək Çiçesterin ayaqları yanından götürdüyü kağızı ona uzatdı: “Bu sizin deyil ki?”
Mister Çiçesterin sifəti pərtlikdən göyərdi. O, kağızı qamarladı, amma mənim baxdığımı görüb, tələsik izah etdi:
- Dua yazırdım.
- Belə de-e!
O kəkələyərək üzrxahlıq edib, uzaqlaşdı. “Dua” vərəqini ser Pedlerə yox, mənə qismət olması üçün çox şeydən keçərdim.
Günorta kofesi veriləndə ser Yustas Pedler və
Peqqetlə missis Bler və polkovnik Reys bir stol arxasında oturmuşdular. Heyranlıqla gülümsəyən Bler məni öz yanlarına dəvət etdi. Stol ətrafında İtaliya haqqında söhbət gedirdi.
- ...Mənə isə italyanlar xoş gəlir!-Bler dedi. –Elə diqqətli adamlardır ki... Onlardan bir neçə yerə getməyi xəbər alanda marşrutu bildirmə əvəzinə o qədər məlumat verirlər ki, adamın az qala başı hərlənir. Bir kəsin üzü heyrətdən kəlləsinə çıxanda isə əlindən tutub hara lazımdır aparırlar.
- Florensiyaya da, hə, Peqqet?-ser Yestas qəfil öz katibinə tərəf döndü.
Peqqet qıpqırmızı oldu.
- Əlbəttə, hə!-deyə, anlaşılmaz şəkildə kəkələdi və dərhal dəstəni tərk etdi.
- Yazıq Peqqetin dəhşətli bir cinayətdə iştirakından şübhələnməyə başlayıram-Pedler gülümsədi. - İtaliya haqqında, onun bu yaxınlarda Florensiyaya səfəri barədə söz düşən kimi dərhal söhbətin mövzusunu dəyişir və sadəcə olaraq aradan çıxır.
- Oralarda adam öldürməkdə əli olmayıb ki? –missis Bler şən-şən Pedleri müdafiə etdi.
- Peqqet sizinlə çoxdan işləyir, ser Yustas?-polkovnik Reys soruşdu.
- Alti ildir-Pedler dərindən nəfəs aldı. –Qəddar sifətli doğulmağı o arzulayırdımı? Ancaq məsələ burasındadır ki, həyatda cazibədar simalı nə qədər qatil var. Elə Qrippeni götürək. Xatırlayırsınızmı? Axı o, şeytan tək suyuşirin idi.
- Deyəsən onu gəmidə ikən həbs etdilər, hə?-missis Bler soruşdu. Bu vaxt mister Çiçester gözlənilmədən fincanı əlindən saldı, lakin heç kim buna əhəmiyyət vermədi. Müsahiblər bir az da hava haqqında danışıb dağılışdılar. Missis Bler yorulduğunu bildijrib, yatmağa getdi. Sonra ser Pedler uzaqlaşdı və mən pollkovnik Reyslə təklikdə qaldım.
- Miss Bedinqfeld, özünüzü lap rahibə kimi aparırsınız, heç olmasa bu gün sizinlə rəqs etmək mənə qismət olacaqmı?
- Mən tez yatmağa adət etmişəm.
- Adətinizə bu gün də sadiq qalacaqsınızmı?
- Dəvətinizdən məmnunam, lakin missis Bler...
- Missis Bler rəqs etməyi xoşlamır!
Boynuma alıram ki, polkovnik Reysin təklifi məni həyəcanlandırdı. Yox, o, yaraşıqlı idi. Hətta mənə ideal kişi təsiri bağışlayırdı. Məhz elə buna görə də ehtiyat edirdim. Üstəlik, onun təklifinə missis Blerin necə münasibət bəsləyəcəyini bilmirdim.
Polkovnik gözəl tərəfmüqabil, nəzakətli və diqqətli idi, yüngül və sərbəst rəqs edirdi. Gecənin sonunda o, üst göyərtədə gəzinməyi təklif etdi. Təklikdə qalanda dedi:
- Miss Bedinqfeld, vaxtilə atanızla görüşüb, tanış olmuşam. O, özünün mülayimliyi, xüsusilə biliyinin zənginliyi ilə məndə güclü təəssürat oyadıb.
Atam haqqında xatirələrdən sonra Reys keçmişə səyahət etdi. Heç demə o hərtərəfli təhsil alıbmış. Buna baxmayaraq bir neçə taktki səhvə yol verdi.
Kayuta girəndə təxminən saat 12 idi. Fikrim polkovnikin yanındaydı. Onun, əlaltdan məni yoxlaması hissindən yaxa qurtara bilmirdim. Bəlkə qəsdən səhvlər buraxdı. Götür-qoy edərək belə nəticəyə gəldim ki, polkovnik bu söhbəti elə-belə düşünməmişdi. O, hər şeydən əvvəl yoxlayırdı görsün qarşısındakı həqiqətənmi Anna Bedinqfelddir. Lakin, bu yoxlama onun nəyinə gərəkdir?

Ardı var

AQATA KRİSTİ "QƏHVƏYİ KOSTYUMLU KİŞİ"

The Man

Roman ( tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)
Proloq

Rus balerinası Nadin Parisi valeh etmişdi. Zalda alqışlar guruldayır, onu təkrar-təkrar səhnəyə qaytarırdılar. Buğünkü çıxışı da hərarətlə keçirdi. Nəhayət, pərdə salındı. Səhnə arxasında menecer onu təmtəraqlı sözlərlə qarşıladı: “Cəzibədarsınız! Füsünkarsınız! Bu gün bütün çıxışlarınızı üstələdiniz!”
Nadinin qrim otağı gül buketlərinə bələnmişdi. Şəxsi qulluqçusu Janna balerinanı komplimentlərlə qarşıladı, lakin qapı döyüldüyündən qulluqçu çıxdı və dərhal əlində vizitka geri qayıtdı.
-Qəbul edəcəksinizmi, xanım?
-Ver baxım!
Nadin “Qraf Sergey Pavloviç...” sözlərini oxuyan kimi əmr etdi:
-Qoy gəlsin. Sən gedə bilərsən.
Qrim otağına diqqəti cəlb etməyən solğun bənizli, qəşəng, zabitəli kişi daxil oldu. O, balerinanın əlindən öpdü.
-Ürəkdən şadam...
Nadin gülümsündü:
-Biz səninlə həmvətənik, qraf, ancaq rusca danışmayacağıq. Razısanmı?
-Əgər belə lazımdırsa...- qonaq əllərini yana açdı: - Üstəlik, nə siz, nə də ki, mən bu dili bilirik.
Onlar ingiliscə danışmağa başladılar.
-Böyük müvəffəqiyyət qazanırsınız, Nadin! Sizi təbrik edirəm!
-Hər halda ötən illərlə müqayisə etməyinə dəyməz. Budur, müharibə də qurtardı, ancaq hələ də mənim haqqımda cəfəng şayiələr gəzir. Bilirsinizmi, hiss edirəm ki, məni həmişə izləyirlər.
-Lakin, o vaxt sizi casusluqda təqsirləndirə bilmədiklərini yaxşı xatırlayıram.
-Bizim şef ehtiyatlıdır.
-“Polkovnik”in yaşı çoxdur, - qraf zarafatla dedi.- Eşitmişəm, təqaüdə çıxmağa hazırlaşır. Əladır! Təqaüdə...hər hansı bir həkim, yaxud, deyək ki, çörəkçi kimi.
-Ya da sadəcə işgüzar adam kimi- deyə Nadin davam etdi. – Ancaq nə üçün bu, sizi təəccübləndirir? “Polkovnik” həmişə işgüzarlığı ilə seçilib. O, cinayəti elə törədir ki, elə bil, məsəlçün, fabrik tikir. Cinayətlərin əhatə dairəsi də ki... Briliyant oğurluğu, casusluq, təxribat, adam öldürmək... İndi isə o, oyundan çıxmaq istəyir. Və heç də əliboş getmir! Düzdür, o, başqalarını da incitməyib. Tapşırdığı işin haqqını həmişə yaxşı ödəyirdi. Belə deyilmi?
-Düz deyirsən,- qraf razılaşdı. – “Polkovnik” əliaçıq idi, buna görə də onun əməliyyatları həmişə uğurla keçirdi. Bu səbəbdən də hər hansı bir vəziyyətdə “qorxu-hürküsüz olmaq istəyirsənsə, əməliyyatda şəxsən iştirak etmə” prinsipinə ciddi əməl edirdi. Beləliklə, hamımız onun əlində idik. Heç kimdə də onu ilişdirməyə bir qarmaq belə yox idi! Nə deyəsən?!
Və bir qədər susduqdan sonra qraf təbəssümlə əlavə etdi:
-Bilirsinizmi, bizim “polkovnik” xurafatçıdır. Eşitdiyimə görə, o, falçının yanına gedib. Hə, hə...! Falçı ona müvəffəqiyyət qazanacağını bildirib, ancaq xəbərdar edib ki, sarsıdıcı zərbəni ona...qadın vuracaq.
-Belə de!- Nadin dərin maraqla dilləndi.-Qadın?...
-Görünür, o əvvəl-axır evlənəcək, gözəlçəsi də yığdığı milyonları havaya sovuracaq. Pulu yelə vermək yığmaqdan asandır.
-Çətin ki...-Nadin gülümsədi və birdən ciddiləşərək dedi: Dost, mən sabah Londona yola düşürəm.
-Bəs, sizin müqavilə?...
-Bir günlüyə gedirəm. Özgə adı ilə... Görürəm ki, səfərimin məqsədi sizi çox maraqlandırır.
-Əyləncə xatirinə getmədiyini hiss edirəm. Çünki, İngiltərədə yanvar heç də ən yaxşı ay hesab olunmur. Yağış, duman... Sərfəli işdir?
-Məncə, hə!
Nadin ayağa durdu. Otaqda gəzinməyə başladı. Sonra əyləşərək, dedi:
-Hər halda siz heç də tam haqlı deyilsiniz. Məsələn, deyək ki, ilişdirmək məsələsində. Şəxsən məndə şefin əleyhinə bəzi şeylər var. De-Bir almazları barədə əhvalatı xatırlayırsınızmı?
-Əlbəttə! Kimberli! Bu, müharibədən əvvəl olmuşdu. Nədənsə işi ört-basdır etdilər. Deyirlər, həmin işdə qazanc pis deyilmiş.
-Yüz min funt sterlinq! Əməliyyata “polkovnik” rəhbərlik edirdi. Mən bir neçə de-Bir almazını Cənubi Amerika daşlarına dəyişməliydim. Daşları Kimberliyə iki cavan oğlan gətirmişdi. Təbiidir ki, daşların dəyişdirilməsində onlardan şübhələnməli idilər. Belə də oldu.
-Məharətlə düşünülüb!
-Hə, pis deyildi. Şefin tapşırığını yerinə yetirdim, ancaq öz şansımı da əldən vermədim. Cənubi Amerikanın bir neçə “daşını” özümdə saxladım. Nadir daşlardır. Və istənilən vaxt asanlıqla təyin etmək olar ki, onlar de-Bir kolleksiyasından deyilllər...hə, nə deyirsiniz? Bəyəm, bu, şef üçün qırmanc deyil? Axı, əgər həmin oğlanların günahsız olduqları aydınlaşsa, “polkovnik” zərbə altına düşür. Həm də bu dəfə yaxasını qurtara bilməyəcək. Mən uzun müddət susmuşam, qraf. Susmağın qiymətini təyin etmək vaxtı indi gəlib çatıb. Bu çox dəhşətli olacaq!
-İnandırıcı deyil! Bu almazlar da...
-Onlar möhkəm yerdədir.
-Bu ancaq sizin fikrinizdir...o, şeytan kimi təhlükəlidir. Siz ki bilirsiniz, “polkovnik”ə hədə-qorxu gəlmək hər adamın işi deyil.
-Mən ondan qorxmuram! Qorxduğum bircə adam vardı ki, o da indi sağ deyil.
-Onun heç vaxt xortlamayacağına ümid etmək olar?
-Siz nəyə işarə edirsiniz?
-Üzr istəyirəm, -qraf karıxdı.- Səfeh zarafatdan başqa bir şey deyil.
-Bəli, o ölüb!- Nadin dedi.- Müharibədə öldürülüb...O məni sevirdi.
-Bu hadisə Cənubi Amerikadamı olub? Eşitdiyimə görə siz orada doğulmusunuz.
-Nadin başını tərpətdi.
-Nə deyim, özün bilən yaxşıdır,-deyib, qonaq susdu, sonra əlavə etdi.
-Hər halda “polkovnik”dən ehtiyat edin.
-Onu əla tanıyıram.
-Şübhəm var,-deyə, qraf yüngülcə etiraz etdi:-Son dərəcə şübhə edirəm.
-Çox nahaq-Nadin qabardı.-Sabah Sauthemptona Cənubi Afrikadan gəmi gələcək. Həmin gəmi ilə gələn, şefə qarşı əlində müəyyən dəlilləri olan bir nəfərlə görüşəcəyəm. Görürsünüzmü, mən tək olmayacağam.
-Həmin adama inanırsınızmı?
-Tamamilə, -Nadinin üzündə təbəssüm gəzdi, düzdür, o, belə şeylərdə usta deyil, ancaq sədaqətlidir. Öz aramızda qalsın , o, mənim keçmiş ərimdir.

I
Anna Bedinqfeldin hekayəti

Bu əhvalat barədə yazmağı çoxları məndən xahiş etmişdi. “Deyli büdcet”in baş redaktoru lord Nesbidən tutmuş ta bizim qulluqçu Emilyaya kimi. Axırıncı dəfə mən İngiltərədə olanda o, yenidən məni dilə tutmağa başladı. “İlahi, siz necə gözəl kitab yaza bilirsiniz, miss!”
Nə deyim, o haqlıdır. Axı, mən əvvəldən axıradaək bu işin içində, necə deyərlər, ölümün caynağında olmuşam. Hələ üstəlik ser Yustas Pedlerin gündəliyi də əlimdədir.
Elə bu cür də olmalıydı. Anna Bedinqfeld hekayətinə başlayır...
Uşaqlıqdan macəra arzusundaydım. Görünür, evimizdə həyat son dərəcə yeknəsəq olduğundan bu arzuya düşmüşdüm. Elm aləmində atam professor Bedinqfeldi insana qədərki tarixə aid bütün məsələlərdə inkaredilməz şəxsiyyət sayırdılar. Əfsus ki, onun bu məşhurluğu pul cingiltisi gətirmirdi. Bizdə heç vaxt pul olmadığı yaxşı xatirimdədəir. Belə ki, atam öləndə mən səksən yeddi funtla qalmışdım. Borcları ödəyəndən sonra ondan da məhrum oldum. Bu vaxt atamın dostu və elmi işlərinin qızğın pərəstişkarı Flemminq düşdüyüm vəziyyət barəsində haradansa öyrənir. Mister Flemminq mənə xəbər göndərdi ki, özünün Londondakı evində arvadı ilə birlikdə professor Bedinqfeldin qızını qarşılasalar, çox şad olarlar.
London! Son dərəcə maraqlı, hər addımda macəra gözlənilən bir şəhərdə yaşamağı heç arzulaya bilərdimmi?
Londona gəldiyimin birinci günü qərara alındı ki, mənə nə isə bir iş axtarmaq lazımdır. Axşam öz otağıma çəkiləndə güzgüyə yaxınlaşıb diqqətlə sifətimi nəzərdən keçirdim. Cəlbediciyəmmi? Düzünə qalsa ... məndə düz yunan burnu yoxdur, heç al-qırmızı dodaqlar da...Mavi gözlərin əvəzinə güzgüdən mənə sarımtıl işartılı, tünd-yaşıl gözlər baxırdı. Uzun sözün qısası, macəra axtaranlar üçün əla rəngli gözlər!..Bədənimi qara parça ilə örtdüm, saçlarımı açıb tökdüm, pudralandım, dodaqlarımı qalın rənglədim və gözlərimə qara çəkdim. Sonra çiyinlərimə qırmızı şərf atdım, saçlarıma lələk taxıb, damağıma siqaret qoydum. Çox təsirli alındı. Güzgüdə görkəmimi seyr edib, bərkdən: “Anna-macəra axtaran qadın”- dedim.

II

Darıxdıcı həftələr uzanırdı. Heç bir dəyişiklik yox idi. Ancaq qəti əmin idim: Əgər macəra axtarırsansa, o özü gəlib səni yolun ortasında tapacaq. İnsan həyatda yalnız istədiyinə nail olur.
Bu hadisə yanvarın 8-də baş verdi. İş axtarmaqdan evə qayıdırdım. Metroya daxil olub, Qloçester Rouda qədər bilet götürdüm və platformaya düşdüm. Camaat seyrək idi. Hansısa bir kişinin yanından keçəndə kəskin naftalin iyi məni vurdu. Görünür, kişi öz düşüncələrinə dalmışdı. Buna görə də yaxınlıqda dayanıb ona göz yetirməyə macal tapdım: qısaboylu, üzü günəşdən yanmış, mavi gözlü, qara saqqalı olan adam idi.
“Yəqin, xaricdən indicə gəlib –dərhal öz –özümə fikirləşdim. – Hindistandan! Saqqalından görünür ki, zabit deyil. Bəlkə, çay plantasiyaçısıdır?...”
Elə bu an o, mən tərəfə baxdı və baxışları məndən arxada nədə isə ilişib qaldı. Qorxudan sifəti dəyişiləlrək, demək olar, dəhşətlə əyildi. O, söz yox ki, qarşılaşdığı təhlükədən yayınmaq məqsədilə bir addım geri atdı və görünür, platformanın kənarında dayandığını unutduğundan arxası üstdə relsin üstünə yıxıldı. Açıq – aydın nəsə köpüb cırıldadı. Dəhşətdən qışqırdım. Adamlar hadisə yerinə qaçıb gəldilər. Kişini qaldırıb platformaya uzatdılar.
– İcazə verin, keçim! – arxadan səs eşidildi: - mən həkiməm .
Xurmayı saqqallı, hündürboylu kişi irəli dürtülərək zərərçəkənin üzərinə əyildi. Və birdən məni baş vermiş bütün bu hadisənin qeyri – reallığı hissi bürüdü. Həkim dikəldi:
– Keçinib, - dedi.
Adamlar hələ də meyidin ətrafına yığışmışdılar. Camaatdan aralanıb çıxış yoluna tərəf tələsdim. Qabağımca bayaqkı həkim gedirdi. Liftə girdiyi anda onun cibindən bir kağız parçası yerə düşdü. Onu götürüb həkimin ardınca götürüldüm, lakin liftin qapıları çırpıldı və kağız parçası əlimdə qaldı. Blaknotdan cırılmış vərəqdə aşağıdakı sözlər yazılmışdı: “17. I 22. Kilmorden Castl”
Vərəq əlimdə dayanmışdım və birdən bayaqkı tanış qoxunu duydum. Kağızı burnuma yaxınlaşdırdım. Naftalin! Qeyri-iradi kağızı çantamda gizlədərək liftə girdim.
Evdə missis Flemminqə metroda baş vermiş hadisə barədə danışdım. O, məni bir fincan isti çay içməyə məcbur etdi. Bir az sakitləşəndən sonra öz otağıma qalxdım və baş vermiş hadisəni bütün təfərrüatı ilə xatırlamağa çalışdım: istəyirdim, başa düşəm görüm, həkimin zərərçəkəni müayinəsini müşahidə etdiyim zaman nə üçün birdən məni qəribə hisslər bürüdü. Döşəmədə oturub platformada uzanmış adamın vəziyyətini aldım, sonra özümü həkimin yerində təsəvvür etdim, onun hərəkətlərini təkrarladım və... hər şeyi anladım.
Axşam qəzetləri metroda baş vermiş hadisə barədə xırda məlumatlar dərc etmişdilər. Repartyorlar bir –birinin ardınca: “Bu, bədbəxt hadisədir, yoxsa özünəqəsd?” – deyə suallar yağdırırdılar.
Mister Flemminq başıma gələnləri dinləyərək məsləhət gördü ki, polisə müraciət edim. Sonra soruşdu:
-Deyirsiniz yaxınlıqda heç kəs yox idi?
-Heç kim. Ancaq indi əminəm ki, məndən arxada kimsə dayanmışdı. Polisdən öyrəndim ki, həlak olanın cibindən yalnız Marloudakı evə baxmağa icazə kağızı tapılmışdır. “Rassel-Otel”də yaşayan L.B.Kartenin adına icazə kağızını mülk üzrə agentlik yazmışdı. Otel xidmətçisi kişinin meyidini tanıdı, bildirdi ki, bir gün əvvəl otaq tutub və qeyd dəftərində Cənubi Afrikadan, Kimberlidən olan L.B.Karten adı ilə qeyd olunub. Hər şeydən göründüyü kimi o, gəmidən bu günlərdə düşmüşdü. Sonrakı hadisələrin yeganə şahidi isə mən idim.
-Siz təsdiq edirsinizmi ki, onu nə isə qorxutmuşdur?- polis soruşdu.
-Bəli,o, dəhşətlə bir addım geri çəkildi və...
-Yaxşı, onu nə qorxuda bilərdi?
-Təsəvvür etmirəm. Ancaq nəsə vardı...
-Miss, bəs, sizə qəribə gəlmirmi ki, metroda meyidi yoxlayan doktor sonralar heç görünmədi, nə adını, nə də ünvanını bildirdi?
Təbəssümümü güclə saxladım. Axı, bu haqda məndə tapıntı vardı və səhərisi
onu Skotland-Yardda bəyan etmək istəyirdim. Lakin səhər gözlənilməz xəbərlə açıldı. “Deyli Budcet” qəzeti “Metrodakı hadisənin qəribə davamı”, “Boş evdə qadın boğulmuşdur” kimi sensasiyalı sərlövhələrlə çıxdı. Qəzet yazırdı: “Marlouda, Mill-Hausda sensasiya. Ser Yustas Pedlerə məxsus Mill-Haus villası kirayə verilir və ona baxmaq üçün qəbz metroda həlak olan şəxsin cibindən tapılmışdır. Dünən Mill-Hausun otaqlarından birində gənc, gözəl qadının meyidi aşkar edilmişdir.Onu boğmuşlar. Ehtimal ki, qadın əcnəbidir, lakin hələlik şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Mill-Hausun sahibi ser Yustas Pedler hazırda Fransada istirahətdədir.”

III

Əldə olan faktlardan aşağıdakılar məlum olurdu. Yanvarın səkkizində, təxminən gündüz saat birdə yüngülcə əcnəbi şivəsi ilə danışan yaxşı geyinmiş bir qadın Knaytsbricdəki “Batler və Park” agentliyinə daxil olub. Orada bildirib ki, London yaxınlığında , Temza sahilində ev almaq, yaxud kirayə tutmaq istəyir. Mill-haus da daxil olmaqla ona bir neçə ünvan təklif ediblər. Qadın özünü de Kastinin xanımı adlandırıb və deyib ki, “Rits” otelində yaşayır. Halbuki, orada bu adla heç kim qeyd olunmayıb, otelin xidmətçiləri də öldürülənin bədənini tanıya bilməyiblər.
Ser Yustas Pedlerin bağbanının arvadı, villanın qapısı ağzındakı kiçik evdə yaşayan missis Ceymsin verdiyi ifadəyə görə gənc xanım Mill-hausa gündüz saat üçə yaxın gəlib. Evə baxmaq üçün icazə vərəqini təqdim edib və missis Ceyms parkın içərilərində yerləşən mənzilin açarını ona verib. Bir neçə dəqiqə keçmiş gənc kişi peyda olub. Missis Ceyms onu hündürboylu, enlikürək, sifəti günəşdən yanmış, gözləri açıq-boz rəngli, üzü tərtəmiz qırxılmış təsvir edirdi. Qəhvəyi rəngdə kostyum geyinibmiş. Kişi izah edib ki, bu saat evə baxan xanımın dostudur və teleqram vurmaq üçün poçta girdiyindən onu bir dəqiqəliyə tərk edib. Beş dəqiqədən sonra gənc kişi qayıdıb, açarı qaytarıb və deyib ki, ev onlara sərf eləmir. Onun yanında heç kim olmayıb və missis Ceyms də fikirləşib ki, yəqin xanım əvvəlcə çıxıbdır. Bir də , missis Ceymsin dediyinə görə, həmin centlmen evə baxandan sonra üzü elə ifadə almışdı ki, sanki ölüm kabusu ilə qarşılaşmışdır. Səhərisi evə baxmaq üçün daha bir “cüt” gəlib. Həmin vaxt da meyid tapılıb. Missis Ceyms meyidin dünən gələn qadın olduğunu tanıyıb. “Betler və Park” kontorunun agenti də öldürülmüş xanım de Kastinanı tanıyıb. Polis həkiminin rəyində yazılmışdı ki, qadın artıq bir sutkadır ölüb. “Deyli Budcet” qəzeti hadisəni belə yekunlaşdırırdı : “metrodakı şəxs əvvəlcə qadını öldürüb, sonra öz həyatına qəsd edib. Ancaq bəzi uyğunsuzluqlar vardır: metrodakı hadisə saat ikidə baş vermişdi, saat üçdə isə qadın hələ sağ idi. Məntiqi surətdə belə çıxırdı ki, bu iki ölüm heç cür bir-birilə bağlı deyil. Metroda həlak olmuş kişinin cibindən tapılmış evə baxmaq üçün qəbz isə təsadüfi uyğunluqdan başqa bir şey ––deyildir.”
Polis və “Deyli Budcet”in reportyorları səylə “Qəhvəyi kostyumlu kişini” axtarırdılar.
Missis Ceyms sirli xanımın gəlişinə qədər evdə heç kimin olmadığına tam əmin idi. Deməli, bədbəxt xanım de Kastinanı, ondan bir az sonra evə daxil olmuş “Qəhvəyi kostyumlu kişi” öldürüb. Hər şeydən göründüyü kimi qadın qəflətən yaxalanmış və qalın, qara qaytanla boğulmuşdur.
Bütün bunları yerli-yataqlı xəbər verən “Deyli Büdcet” mübariz ruhlu çağırış irəli sürdü. “Qəhvəli kostyumlu adamı tapmalı!.”
Gözləri boz rəngli, sifətləri gündən yanmış gənc kişilər qəhvəyi kostyum aldıqları günü lənətləyirdilər. Adicə təsadüf kimi izah olunan metrodakı hadisə isə ikinci plana keçdi və tezliklə hamı tərəfindən unuduldu. Yalnız məndən başqa. Və qərara gəldim ki, Skotland-Yarda getməyi təxirə salmayım.
Məni inspektor Midouz qarşıladı.
- Sabahınız xeyir! Buyurun, əyləşin. Siz metrodakı hadisəyə görə gəlmisiniz, miss Bedinqfeld?
- Ölən kişinin cibində biletin olmaması sizə qəribə gəlmirmi?- deyə, suala sualla cavab verdim.
- Yəqin ki, onu itirib, bəlkə də atıb.
- Pul da olmayıb, - mən davam etdim.
- Qəpik – quruş vardı.
- Belə olan halda, qəzetlərdəki xəbərlərə həkimin heç bir reaksiya verməməsi sizcə, təəccüblü deyil?
- Həkimlərin işi xirtdəyəcəndi. Qəzet oxumağa onlarda vaxt hardandı? Buna görə baş vermiş hadisəni o, sadəcə olaraq unuda da bilər.
- Bəs, əgər sizə desəm ki, o, heç də həkim deyil, onda necə?
- Nə-nə? !
- O, həkim deyil! – deyə, təkrar etdim.
- Nədən bilirsiniz, miss Bedinqfeld?
- Bilirsiniz, müharibə vaxtı mən hərbi xəstəxanada işləmişəm. Və həkimin yaralını necə müayinə etdiyini görmüşəm. Onların peşəkar hərəkətləri bu həkimin fəaliyyətində yox idi. Bundan başqa, heç bir təbib ürəyə sağ tərəfdən qulaq asmır.
-Bəs, o necə, sağdan qulaq asdı?
-Bəli. Əvvəlcə buna fikir vermədim, ancaq sonra başa düşdüm və bu, orada, metroda məni həyəcanlandırdı. Evdə həmin səhnəni “oynayandan” sonra əmin oldum ki, o, həkim deyil.
-Hı-ııı...-inspektor fikrə getdi.-“Doktor”un zahiri görkəmini təsvir edə bilərsinizmi?
-Hündürboylu, enlikürək, tünd rəngli palto, qara çəkmələr, şlyapa, eynək... və şabalıdı saqqallı.
-Aha, demək belə. İndisə ondan paltonu, saqqalı, eynəyi çıxardın ve onu tapın görüm necə tapırsınız! Daha nə əlavə edə bilərsiniz, miss?
-Nə əlavə edərəm!-sual mənə yersiz göründü və fikirləşdim ki, axırda inspektoru pərt edim. – “Doktorun” başı xalis braxisefalik (eni uzunundan artıq) idi. Bax, bunu isə heç cür dəyişə bilməzsən!
Bu vaxt inspektor Midouzun qələminin tərəddüdlə donub qaldığını məmnunluqla seyr etdim. O, açıq-aşkar “braxisefalik” sözünü necə yazmağı bilmirdi.

IV

Belə səfeh söhbət məni özümdən çıxartdı, buna görə də qəti addım atmaq mənə çox asan gəldi.
Skotland-Yarddan birbaşa lord Nesbinin evinə yollandım. Milyonçu lord Nesbi bir çox qəzetlərin sahibi olsa da, sevimli yetişdirməsi kimi “Deyli-Büdcet” onun üçün daha əziz idi. Birləşmiş Krallıqda hamı onu məhz “Deyli Büdcet” in sahibi kimi tanıyırdı. Lordun iqamətgahını tapmaq çətin iş deyildi. Düzdür, məni qəbul edəcəyinə inamım yox idi. Lakin təsadüf kömək etdi: Flemminqlərin hollunda qraf Loumislərin görüş vərəqi vardı. Onun kənarında karandaşla: “zəhmət olmasa, miss Bedinqfeldi bir neçə dəqiqəliyə qəbul edin”- yazdım və bu vərəqlə də Nesbinin malikanəsinə daxil oldum. Nə edəsən! Məqsədə çatmaq üçün vasitə seçərkən ehtiyatlı olmaq macəra axtaranlara uğur gətirmir. Lord Nesbi dərhal məni qəbul etdi. Və bu xaşalqarın, yekəpər kişiyə baxmağa macal tapmamış, o, mənim üstümə bağırdı: “Nə var? Loumisli, nə istəyir? Onun katibəsisiniz? Nə olubdur?”
- Hər şeydən əvvəl, - bacardığım qədər sakitcə cavab verdim, - mən qraf Loumislini tanımıram, hətta onun da mənim mövcudluğum barədə heç bir təsəvvürü yoxdur. Bu vərəqi yaşadığım evdə tapmışam. Əlavəni də özüm yazmışam. Sizinlə görüşmək mənə vacib idi.
Bütün bunları düdüləyib tökəndən sonra qorxmuş halda susdum.
Lorda apopleksiya zərbəsi bəs idi, yoxsa hər şey keçib gedəcəkdi. Nəhayət, o, dedi:
- Həsəd aparılacaq soyuqqanlılıqdır, miss, daha keçib, sizə iki dəqiqə vaxt ayırıram.
- Tamamilə kifayətdir, - tələsik cavab verdim. - Mill-haysda qətl!
- Qəhvəyi kostyumlu adamı tapmısınız?
- Xeyr, tapmamışam, lakin bu mümkündür.
Vəziyyəti qısaca şərh etdim. Qurtaran kimi, Nesbi gözlənilmədən soruşdu: - Başların tipləri haqqında hardan bilirsiniz?
Atam barəsində danışdım.
- Demək, siz professor Bedinqfeldin qızısınız? Yaxşı, deyin görüm, nə istəyirsiniz?
- Qəzetinizdə işləmək fikirindəyəm! İstəyirəm bu işi araşdıram.
- Lakin, miss, bu iş üçün öz adamlarımız var.
- Məndə isə sensasiyalı məlumatlar var.
- Bu danışdıqlarınızdı? Cəmi- cümlətanı, beş-üç kəlmə?
- O-o... yox, Lord Nesbi! Məndə başqa şeylər də var!
- Hə- ə... deyəsən zirək qızsınız? Di, döşəyin, gəlsin!
- Yalançı həkim liftə girəndə cibindən kağız parçası düşmüşdü. Həmin kağız məndədir. Kağız naftalin iyi verir. Metroda həlak olan kişinin paltosundan da həmin iy gəlirdi. Güman edirəm ki, özünü həkim kimi qələmə verən şəxs vərəqi onun cibindən çıxarmışdı. Vərəqdə iki söz və bir neçə rəqəm yazılmışdır.
Lord Nesbi saymazyana əlini uzatdı:
- Verin, baxim!
- Heç cür vermərəm, - deyə gülümsədim, - bu, mənim qənimətimdir.
- Deyəsən, həqiqətən bacarıqlı qızsınız! Və görünür, kağızı polisə vermədiyiniz üçün vicdan əzabı – zad çəkmirsiniz.
- İnspektor məni dinləmək belə istəmədi.
- Uzaq görən adam deyil. Yaxşı, öz versiyanızı hazırlamaqda davam edin. Əgər maraqlı bir şey tapsanız, dərc olunmaq imkanı əldə edərsiniz. “Deyli Büdcet” də istedadlı materiallara həmişə yer tapılar. Ancaq çalışmaq lazımdır. Başa düşdünüzmü?
Lord Nesbiyə təşəkkürümü bildirib, öz “Metodlarıma” görə üzr istədim, və ruhlanmış halda kabinetdən çıxdım.

V

Evə qayıdaraq otağıma çəkildim, sonra “həkim” dən qalmış qeyd vərəqini də götürüb, allah bilir, neçənci dəfə oxuyub izah etməyə çalışdım. İntuisiyam məni aldada bilməzdi: bu beş rəqəmdə - 17. I 22 sirrin cavabı gizlənmişdi. “Birinci iki rəqəmdən sonra nöqtə,- deyə mızıldandım.
- Nə olsun? Hələ baş işlətmək lazımdır! “Əvvəlcə, rəqəmləri topladım. 13
alındı. Görəsən, bu, kimisə hədələyən bədbəxtliyin xəbərdarlığı deyil ki? Yox, kimsə, əgər kiməsə xəbərdarlıq edirsə, onda sadəcə 13 yazardı, vəssalam. Sonra vurub-bölüb hesablamağa başladım. Hec nə alınmadı! Riyaziyyatı bir tərəfə qoyub, düşünməyə başladım.
Ağlıma min fikir gəlirdi: “Kilmorden Qəsri”. Aristokrat familyalar yuvası? İtmiş varis? Gizlədilmiş varidat? Əgər bunlar düzdürsə, onda rəqəmlər sirrin koordinatlarını göstərir. Bir adddım sağa, yeddi addım sola, iyirmi iki pillə aşağı. Ola bilsin, şifrlər elə bu prinsip üzrə tərtib olunub. “Kim kimdir?” məlumat kitabını götürdüm, lakin yarım saat sonra onu da kənara tulladım. Çünki, orada lazımi məlumatı tapa bilmədim. Qəribədir! Axı, bu qəsr haradasa olmalıdır. Əks təqdirdə onun adını yazmaq nəyə gərəkdir? Bəlkə, cəfəngiyyatdır! Əgər belədirsə, bəs, bunun sonrası? Çıxılmaz vəziyyət yaranır. Yox! Mütləq cinayət baş verən yerdə - Marlouda olmalıyam. Dərhal hər şeyi ölçüb- biçdim: əgər ev əvvəlkitək kirayə verilirsə, ona baxmaq çətin iş deyil.
Agentliyin gülərüz xidmətçisi seçmək üçün mənə bir neçə ünvan təklif etdi.
- Sizdə daha nə var? Məsələn, çay sahilində, bağ-bağatlı? – Və Mill- hausa uyğun gələn bir neçə detal da əlavə etdim.
- Ser Pedlerin də villası kirayə verilir-deyə, klerk xatırladı və şübhəylə əlavə etdi ki, ancaq bu, Mill-hausdur. Yəqin ki, qəzetlərdə oxumusunuz..
- Bəs, hardadır sizin bu Mill-haus?- qətiyyətlə onun sözünü kəsdim.
- Marlouda, necə olub ki, eşitməmisiniz? Bu günlərdəə orada qətl törədilib, çətin ki, razılaşasınız...
- Niyə ki? Bu səbəbdən daha ucuz qiymətə razılaşarıq. (“Ustalıqla elədim!”- ürəyimdə atdığım addımı bəyəndim.)
- Nə olar, miss əgər istəyirsinizsə, icazə kağızını yaza bilərəm. Evə baxarsınız işdir xoşunuza gəlsə...
On beş dəqiqə sonra Mill-hausda idim. Qapıda məni əsəbi, yaşlı qadın qarşıladı.
- Bu evə heç kəs girməyəcək! Eşidirsinizmi? Reportyorların əlindən lap təngə gəlmişəm!
- Axı, mənim bildiyimə görə ev kirayə verilir?
- Ah, bağışlayın miss, elə bildim jurnalistsiniz. Bir dəqiqə də sakit buraxmırlar. Ev, əlbəttə, hələ ki kirayə verilməyib, ancaq çətin ki, onu götürən ola.
- Bir hadisəmi baş verib?- həyəcanla soruşdum.
- Aman-allah! Bəyəm, burada öldürülən əcnəbi qadın haqqında eşitməmisiniz?
- Bu haqda qəzetlərdə nəsə oxumuşdum – etinasızlıqla necə gəldi cavab verdim.
Qətlə cüzi maraq göstərsəydim, heç şübhəsiz, arvad ilbiztək qınına çəkiləcəkdi. İndisə o, açıldı, nə açıldı!
- Hələ oxumamısınız? Bu barədə bütün qəzetlər yazıb. “Deyli Büdcet” isə hələ də canini tapmağa çalışır. Polis hələlik susur, amma məncə, canini tutarlar. Onu da, qadını da yaxşı xatırlayıam. Qadın, bax, orada dayanmışdı, siz dayanan yerdə.
- Qadın qarabuğdayı idi? Qəzet şəkillərindən çətin bilmək olurdu.
- Hə, saçları qaraydı. Sifəti isə ağ. Dodaqlarını qalın rəngləmişdi. Belələrindən heç xoşum gəlmir. Pudra və pamada qaydasında olsa yaxşıdır.
Artıq, biz köhnə, yaxın tanışlar kimi söhbət edirdik.
- Qadın pərişan görünmürdü?- soruşdum.
- Heç cür! Elə səmimi gülümsəyirdi ki!
Səhərisi onun meyidini evdən tapanda, az qala ağlım başımdan çıxacaqdı. Ser Yustas olmasaydı, heç nə məni burada saxlaya bilməzdi.
- Qəzetlərin yazdığına görə, hazırda o, Kanndadır.
- Düzdür, miss, orada idi, lakin baş vermiş hadisəni eşidən kimi İngiltərəyə qayıtmışdır. Ser Yustasın tapşırığı ilə onun katibi Peqqet qalmaq üçün məni dilə tutdu. Ərimlə mənə ikiqat maaş təklif etdi. Mənim Conum da fikirləşdi ki, hər halda pul puldur. Buna görə qalası olduğ.
Missis Ceyms susdu. Sonra yenidən hadisəyə qayıtdı:
- Amma gənc kişi, dəqiq deyə bilərəm ki, nədənsə dilxor idi. Evdən də beləcə həyəcanlı çıxdı. Ancaq o vaxt buna əhəmiyyət vermədim.
- Orada o, çox qaldı?
- Evdəmi? Yox, canım. Beşcə dəqiqə.
- Hündür idimi? Məsələn altı fut.
- Desəm ki, az deyildi, inanın.
- Üzü təmiz qırxılmışdı?
- Hə. Nə bığı vardı, nə də saqqalı.
- Çənəsi parıldamırdı ki? - Qəfildən soruşdum.
Qadın mənə qorxu ilə baxdı.
- Ah, miss, bax siz bu barədə soruşan kimi xatırladım: parıldayırdı! Bunu necə bildiniz?
- Sizə qəribə gəlir, lakin hamı bilir ki, adətən qatillərin çoxunun çənəsi parıldayır - deyə vəziyyətdən çıxdım.
- Belə de! Heç vaxt bu haqda eşitməmişəm.
- Bəs, siz fikir vermədiniz, onun başının forması necə idi?
- Başı adi idi mis... hə-ə, açarı verimmi? Sizi ötürərdim, amma...
Açarı alıb evə tərəf addımladım. Axtarışlar pis getmirdi. İndi aydın idi ki, Mill-hausda olan centlmenlə metrodakı “həkim” arasında ümumi nəsə var. Əgər, polisin dediyi kimi həmin centlmenin paltosunu çıxarıb, saqqal yapışdırsaq, onda əsaslı bir fərq olmaz. İntuisiya mənə başqa versiya da deyirdi: metroda həlak olan şəxslə xanım de Kastina, şübhəsiz, Mill-hausda bir-birile görüş təyin etmişdilər. Görüş barədə agentlik vasitəsilə danışmaqları isə onların ehtiyat etdiklərini göstərir. Açıq-aşkar onlar nədənsə çəkinirmişlər. Buna görə də görüşləri danışılmamış, təsadüfi olmalı imiş... Bəs, sonra?
Metrodakı kişi qəfildən “doktoru” görərək özünü itirmiş və həlak olmuşdur. Bəs, “doktor”? O, həlak olanın cibindən vərəqi tapır, qiyafəsini dəyişərək Marlouya tələsir. Tələsdiyindən hətta çənəsinin yapışqanını da silməyə macal tapmır.
Budur, Mill-hausun qapısı ağzındayam. Hollun tavanı alçaq olduğundan tutqun görsənirdi. Ev sanki sahibsiz idi. Qeyri-iradi səksəndim. Görəsən, mulayimliklə gülümsəyən qadın bu otağa daxil olarkən nə fikirləşirdi? Qapını açanda ürəyinə nəsə dammamışdı ki? Bir neçə saniyə sonra nə baş verəcəyini duyurmuşmu?
Ürəyimdə güclü döyünmə hiss etdim. Ev həqiqətənmi boşdur? Bəlkə, məni də burada bədbəxtlik hərləyir? Bax, bu an ilk dəfə “mühit” sözünün həqiqi mənası mənə çatdı. Bu evdə məni çürümüş həyəcan, qəzəb, qəddarlıq mühiti bürümüşdü.

ardı var

Müəllif gecəsi

(Hekayə)

Telefon zəng çaldı. Kamal yaxınlaşıb dəstəyi götürdü.
-Eşidirəm.
-Salam, Kam, bu mənəm-Natadır. Müsabiqə necə keçdi?
-Əla, hamının xoşuna gəldi.
-Oy, təbrik edirəm, sənin müvəffəqiyyətinə nə qədər şadam! Musiqiçilər kvinteti yaxşı-yaxşı ifa etdilərmi?
-Sağ ol, hər şey yaxşı oldu. Məncə, bu həm də sənin müvəffəqiyyətindir.
-Əgər sən belə hesab edirsənsə, onda mən razıyam. Kam, indi nə işlə məşğulsan?
-Heç nə. Qardaşım gəlib, sadəcə oturub söhbətləşirik.
-Qardaşın? Bəyəm sənin... Ah, bildim, yəqin rayonlu qohumunu deyirsən.
-Hə Nadir. Onun haqqında sənə danışmışdım.
-Hə, yadıma düşür. Di yaxşı, bir daha təbrik edirəm, sabah görüşərik, hələlik.
-Hələlik, sabaha qədər-Kamal xudahafizləşib dəstəyi asdı, Natadır- dedi.
-O da gələcək?- Nadir üzünə təbəssüm ifadəsi verərək, soruşdu.
-Özü istəyir, amma mən bilmirəm neyniyim, qorxuram birdən kişi görər.
-Bəs, konservatoriyada heç rastlaşmırsınız?
-Yox, kişinin iş cədvəlini əzbərləmişik, bilirik nə vaxt görüşürük. Amma kimsə xəbərləyir, ona görə də kişiynən son vaxtlar aramız bir balaca dəyib. O günü Səlimi öyrədib ki, Kamala de hərəkətinə fikir versin, yoxsa ki, qulağıma bəzi sözlər çatır.
-Hə, Camal dayı razılıq verməsə çətin olacaq. Nə isə... Deməli sabah yox, biri gün müəllif gecəsidir. Deyirsən, dirijorluğu da özü edəcək?
-Nə bilim... Deyəsən, cavanlığı yadına düşüb. Anam deyir, a kişi otur yerində, bu yaşda sən nə dirijorluq edəcəksən. Bilirsən, ona olmaz , tez həyəcanlanır. Ancaq deyir siz bilməzsiniz, bu ayrı bir hissdir, ürəyim istəyir. Yox də... biz də başa düşürük, sənətkar öz istəklərində sərbəst olmalıdır, amma hər halda sağlamlığı gözləmək lazımdır. Bilirsən, özü məni qoruyur?
-Hə, bilirəm- Nadir dedi, atadır, ürəyi dözmür, sənə bir şey olsa onun həyatı nə günə düşər, özün bilirsən. Keçən dəfə sizə gələndə bir balaca istiliyin vardı, Camal dayı elə həyəcanla danışdı ki, elə bil dünyanın axırıdı.
-Həmişə belə danışır, uşağam-zadam guya. Biz də ona bir söz deyəndə özündən çıxır.
Nadir astadan güldü:
-Yaxşı, yaxşı atandır, o hardasa haqlıdır, biz düzgün başa düşə bilmirik onu.
Dostlar bir az da gənclik sərgüzəştlərindən danışıb-söhbətləşdilər. Arada Kamalın anası Səmayə xala onları yeməyə dəvət etdi. Bu mehriban qadın Nadiri heç vaxt ac buraxmazdı, həmişə deyərdi ki, Nadir, bala utanma, nə vaxt ac oldun de. Məndən, Camaldan utansan, Kamala de. Amma Səmayə bilirdi ki, Nadir nə qədər ac olsa da bunu boynuna almaz. Nədənsə o düşünürdü ki, Camalın Qarabağdakı qohumlarından olan bu fəhlə oğlan həyatın istisinə-soyuğuna alışmış, bərkdən-boşdan çıxmış, hər işi bacaran adamdır. Buna görə də oğlunun onunla şəhərə çıxmasına (Kamal institut tələbəsi olsa da valideynlərinin ciddi təsiri altında idi) ürəklə icazə verirdi.
Yeməkdən sonra şahmat və nərd oynadılar. Camal dayı da onlarla iki tas nərd atdı, görünür özünün müəllif gecəsi qarşısında əhval-ruhiyyəsini qoruyub saxlamaq istəyirdi. Sonra söhbət hərlənib-fırlanıb müəllif gecəsinin üstünə gəldi. Səmayə xala dedi:
-Camal, bəlkə gülləri Nadirə həvalə edək. Sonra Nadirə tərəf döndü:- Nadir, bala, Camal dayının gecəsində axırda gül buketini ona verə bilərsənmi, belə iri, 25 manatlıq buketi.
Camal da Nadirə baxdı. Gözlərində həsrət qarışıq istəkli bir ifadə vardı. O çox istəyirdi ki, Nadir onun ailəsinə qaynayıb-qarışsın, iş-güclərinə yarasın. Yox, o Nadiri işlətmək, ondan istiafdə etmək fikrində deyildi. Bir ayrı hiss idi onu Nadirə çəkən. Bu gənc oğlanı görəndə böyüyüb boya-başa çatdığı yerlərin ətri gəlirdi burnuna. Oğlu Kamalı onunla tez-tez ürəyində müqaisə edir, həmişə də üstünlüyü Nadirə verirdi. Nadirdə istiqanlılıq, bəlkə də bir az ondan güclü, adamı doğma yurda çəkən nə isə bir hiss, hərəkətlərində, danışığında işlətdiyi kəlmələrdə məhrəmlik vardı.
Professor hərdən Nadirlə iş otağına keçər, uzun müddət söhbət edərdi. Sənətdən, ədəbiyyat və musiqidən, həyatdan, ictimai-siyasi hadisələrdən danışardılar. Hər dəfə də Nadirin çəkinə-çəkinə, amma tam aydın və aramla bildirdiyi cəsarətli fikirləri onda heyrət və inam oyadardı. Məsələn, mahnı janrına az meyl edən və bütün yaradıcılığı boyu cəmisi 5-6 mahnı bəstələyən bəstəkar bir dəfə müasir mahnılar haqqında söz salarkən Nadirin üzündə canlanma əmələ gəldi, gözlərində iti bir parıltı oynadı və “indi milli kökdə vətəndaş mahnılar az yaranır”-dedi. Sakit və inamla deyilmiş bu sözlər professoru həyəcanlandırdı, onda dərin təəssürat yaratdı. Professor güclü hissiyata malik idi və qəlbinin incə tellərini ehtizaza gətirən hər bir sözdən dərin hissiyata qapılırdı. “Milli kökdə vətəndaş vmahnılar çox az yaranır”- bu sözləri eşitcək bəstəkarəın gözləri önündə doğulub boya-başa çatdığı el-oba, qarış-qarış gəzdiyi dağlar, meşələr, daha sonra məhlələrinin camaatı gəlib durdu. Bəstəkar camaatın gözündə “vətəndaş mahnılar az yaranır” -sözlərini oxudu, oxudu bir də, bir də. Qəfil ayağa durub royalın arxasında oturdu. Barmaqları ağ-qara dillərin üzərilə oyan-bu yana gəzişdi. Sonra bir anlıq dayandı və yenidən nizamsız hərəkətə başladı. Barmaqların xaos gəzişmələri royalı dilləndirəndə xalq melodiyaları otağa yayıldı.
İndi müəllif gecəsindən söz düşəndə professor həmin sözləri bir də xatırladı, ürəyində fikirləşdi ki, görəsən Nadir mənim simfoniyalarıma qulaq assa bir şey anlayarmı?
Səmayə xala Nadirdən cavab gözləyirdi. O isə nə cavab verəcəyini bilmirdi. Ömründə səhnəyə çıxıb kiməsə gül verdiyi vaxt olmamışdı. Buna görə də bilmirdi nə cavab versin. Onun tərəddüdünü hamısı başa düşdü. Professor dedi:
-Yox, belə işlərin sərrafı Səlimdir. Sənsə oğul, Kamalla zəngləşərsən, birisigün axşam səkkizdə filarmoniyada olacaq, ora gələrsən. Gəlmək istəyirsənmi?
-Hə, hə, əlbəttə- Nadir tələsik cavabından qızardı.
-Ya evə gəl birlikdə gedək, ya da filarmoniyaya gəl, Kamal səni qarşılayar.
-Mən elə filarmoniyaya gələrəm.
XXX
Filarmoniyanın girəcəyindəki uzun dəhliz boyu bərq vuran çilçıraqlar bayırın soyuğundan büzüşmüş adamlara hərarət paylayırdı. Gecəyə toplaşanlar paltolarını çıxarıb, əlcəklərini və baş örtüklərini paltarsaxlayana verib, işığın daha gur olduğu yerlərə can atırdılar. Qadınların əksəriyyəti zərli paltarlar geyinmişdilər, işığın altında zümrüd quşu tək bərq vururdular. Kişilər də xanımları qədər olmasa da, səliqəli geyinib daranmışdılar.
Nadir vaxta on beş dəqiqə qalmış qapıya yaxınlaşdı. Nəzarətçi qadını görüb sakitcə dayandı. Gözlərilə içəridə Kamalı axtardı. Çox keçmədən Kamal gəlib çıxdı. Nəzarətçiyə dəvətnamə göstərib Nadiri içəri saldı. Onun gözlərində parıltı vardı, üzü gülürdü. Tələm-tələsik Nadirin qulağına pıçıldadı:
-Nata da burdadır, bax, sol tərəfdən üçüncü sütunun yanında iki qız dayanıb, ağ paltarlı odur.
Kamal ondan müsbət rəy gözləyirdi. Amma Nadir heç nə demədi, ürəyində fikirləşdi ki, zalım qızının yiyəsi yoxdu bəyəm, üzə bir belə də ənlik-kirşan sürtmək olar? Yox, deyəsən, Kamalın atılıb-düşməyi havayı söhbətdir. Camal dayı bu işə qol qoymayacaq. Ciddi baxmağından onun fikrini Kamal təxmini anladı və o da fikirləşdi ki, Nadir yaxşı oğlandı, amam heyf ki, rayondandı, geri qalıb.
Salona daxil olanda qabaq cərgədə oturmuş Səlim onlara əl elədi. Onun böyründəki oturacaqda incə zövqlə bağlanmış iri gül dəstəsi vardı. Əl tutanda Səlim Nadiri özünə tərəf çəkdi, marçıltı ilə üzündən öpdü. Nadir də onu öpməli oldu və bərk qızardı. Bu qədər qız-gəlinin içində, oğlanla olsa da öpüşməyi birinci dəfə idi. Ancaq fərqinə vara bilmədi ki, salonda əyləşənlər onlara heç fikir də vermədilər. Sonra Səlim onu orta cərgələrə tərəf çəkdi, öz anası Məxmər xanımla görüşdürdü. Professorun bacı-qardaşları ailələri ilə birlikdə orta cərgələrdə oturmuşdular. Hamısı təbəssümlə Nadirin kefini soruşub, rayondakıları xəbər aldılar. Nadir salonda xeyli tanış üzlər də gördü, onları tanımasa da, Camal dayıgildə və yaxud evlərinin həndəvərində tez-tez rastlaşardı. Parterdə boş yer qalmamışdı, lojalar isə boş idi.
Bəstəkarın sənət dostu Ömər Çinarlı onun yaradıcılıq yolu barədə təmtəraqsız, səmimi sözlər dedi. 10-12 dəqiqəlik nitqində Çinarlı yoldaş bəstəkarın 30 illik yaradıcılığını əhatə edə bildi və axırda da qeyd etdi ki, 60 yaşlı bəstəkarı irəlidə hələ nə qədər uğur gözləyir.
Konfransyenin elanından sonra bəstəkar yüngül addımlarla səhnəyə çıxdı. Salondakıların alqışlarına cavab olaraq gülümsünüb, başını azca əydi. Dərhal da pultun arxasına keçib, dirijor çubuğunu götürdü, bütün diqqətlərini toplayıb onun işarəsini gözləyən orkestr üzvlərini gözlərilə süzdü, başının hərəkətilə başlayıram-deyib əllərilə aşağıdan yuxarıya düz xətt cızdı, sonra yuxarıda kiçik bir dairə, daha sonra aşağı və yuxarıya doğru müxtəlif həndəsi fiqurlar yaratdı. Orkestr dərhal gurladı, müxtəlif milli və avropa musiqi alətlərinin yaratdığı səs-küy bir anda həzin melodiyaya çevrilib axdı, axdıqca da anbaan tamaşaçıların qəlbinə yol tapdı, onları xəyal aləminə çəkib apardı. İlk ifa olunan “Arzular” simfonik poeması imperializmin əzdiyi bir xalqın mübarizəsi haqqında lirik dastan idi. Musiqidə olan güclü emosionallıq, məhrəmlik hamıda xoş duyğular oyatdı. Əsərin ifası bitəndə salonda bir anlıq sükut yarandı. Camaat xəyaldan ayrılmamış qabaq cərgədə çəliyini əlində tutub oturmuş, saçı, qaşlarının və üzünün tükü ağarmış nurani qocanın nəfəsini dərindən çəkib dediyi: “Allah sənə rəhmət eləsin, Üzeyir” nidası salonda dalğalandı. Professor dahi bəstəkardan dərs almışdı. Buna görə də qocanın nidası onun yaradıcılığına verilən qiymət kimi səsləndi. Hərarətlə deyilmiş sözlərə sanki cavab olaraq alqış səsləri salonu bürüdü.
Axırıncı əsərin ifasından sonra tamaşaçılar bəstəkarı bir xeyli səhnədə saxladılar. O, bir az həycanlansa da təmkinini pozmadan gül dəstələrini və təbrikləri qəbul etdi. Alnında, üzündə yumrulanan tər damcıları səhnənin gur işığı altında parıldayırdı. Sonra o, sonuncu dəfə başını əyib, səhnədən çıxdı.
Paltar saxlanan yerdə basabas düşmüşdü. Hamı paltosunu geyinib marşrut avtobuslarının sonuncu reyslərinə çatmaq üçün tələsik adddımlarla qapıya yönəlirdi. Lakin bəstəkarın ən yaxın dost-tanışları, qohumları foyeyə toplaşıb onu gözləyirdilər. Bəstəkar foyedə görünən kimi təzədən təbriklər başladı.
-Pozdravlyayu, otliçno, prosto prelest-bunu uzun saçları olan yaşlı bir bəstəkar dedi.
-Pozdravlyayu, doroqoy moy, otkrovenno qovorya, ya ne jdal takoqo urovnya...-bu sözləri də gülə-gülə Çinarlı dedi.
Nadir bir kənarda dayanıb, şuxluq və təravətli sözlərlə ətirlənmiş bu mənzərəni sakitcə seyr edirdi. O, iki daş arasında qalmışdı. Bilmirdi Camal dayını necə təbrik eləsin. Ürəyində sözləri götür-qoy edirdi. Rusca bilmirdi. Amma ətrafdakı adamların hamısı rusca danışdığından qeyri-iradi təbrikini rus dilində demək istəyirdi. “Pozdravlyat tebya, dyadya Camal, jelat vam... ha çalışdı arxasını düzəldə bilmədi. Əvəzində ürəyində bir arzu baş qaldırdı, qaçıb burdan uzaqlaşmaq. Filarmoniyanın gur işıqlı çil-çıraqları da, bər-bəzəkli paltarların parıltısı da ona sönük və cılız görünürüd. Elə dönüb getmək istəyirdi ki, birdən gözləmədiyi hadisə baş vrdi. Bəstəkar elə bil Nadirin halını duyub, qəsdənmi, ya nədənmi qəfil ona sarı çöndü, yaxınlaşıb qabaq-qənşər dayandı. Üz-gözündən sevinc yağırdı. O bircə dəfə “Nadir?!”-dedi. Lakin suallı, həyəcanlı, həzin deyilmiş bu söz bəstəkarın gəncdən təbrik umduğunu hamının başa düşməsinə səbəb oldu. Qohum-qardaş, dost-tanış da yaxınlaşıb onları dövrəyə aldılar. Nadir çaş-baş qaldı. Özünün belə diqqət mərkəzində olacağını heç gözləmirdi. Karıxdığından lüzumsuz yerə gülümsəyirdi. Gözəlcə anlayırdı ki, onun təbriki Camal dayı üçün çox qiymətli ola bilər. Bu fikri bəstəkarın ona zillənmiş gözləri də deyirdi. Amma özünü ələ ala bilmirdi. Sağda dayanmış Kamal gözlərilə sütunların arasında Natanı axtarır, ürəyindəsə fikirləşirdi. Kişi heç hərəkətinin yerini bimir. Nadirdən nə tərif , axı rayonlu balası hara, simfoniya hara. Boq znayet teper şto dumayut lyudi. Özünü lap biabır elədi. Bəstəkar Nadirə qəfil yaxınlaşdığı kimi qəfil də qorderoba tərəf uzaqlaşdı. Hamı kimi Nadir də ayaqlarını onun arxasınca sürüdü.
Qapıdan çıxanda Nadir qarışıqlıqdan istifadə edərək dəstədən uzaqlaşdı. Pərtliyi keçib getməmişdi. Dayanacağa çatıb, dayandı. Hey özünü danlayırdı: yekə oğlansan, amma beş qəpiklik bacarığın yoxdu. Gərək gəlmiyəydin, gəlmisən, iki kəlmə sözü deməyə nə var? Yenə annamasan, qanmasan, deyərəm, əşi eybi yoxdu, fəhlə adamdı, başa düşmür. O, ikinci simfoniyanı çalanda sən öl damarlarımda qanım qaynayırdı. Nə təhər təsir eliyərmiş, ə, adama musiqi. Bircə bu kəlməni desəydim, camaatın içində, canım üçün hamısından yaxşı alınardı. Camal dayı da deyəsən elə belə bir kəlmə gözləyirdi. Neyniyəsən, adam qalır lap məəttəl bir heylə adamın içində təbrik demək olar, hamısı da nazlı-qəmzəli, findi-quruş, heyf...
Bayaqkı səhnə gözünün qabağından getmirdi. Professorun gözlərinin ifadəsi elə bil əbədilik qəlbinə həkk olmuşdu. Bu ifadə ona xəcalət verirdi. Bədənini üşütmə tutmuşdu. Avtobusun gecikdiyini görən camaat taksi gəldikcə iki bir-üç bir oturub getmişdilər. Üşütməsi keçsin deyin var-gəl etməyə, əl-qol atmağa başladı. Bir neçə dəqiqə sonra avtobus gəlib çıxdı. Sürücü maşını dayanacaqda saxlayıb, qapıları taybatay açdı. Nadir cəld yaxınlaşıb hündür səki daşından birbaşa salona atılmaq istədi. Ancaq birdən elə bil kimsə onu tutub saxladı, yerində mıxlanıb qaldı. Sürücü cavan oğlanın duruxduğunu, sonra birdən dönüb üzüaşağı, dənizə sarı addımladığını görüb qapıları bağladı. Avtobus yerindən tərpənib, irəli şütüdü. Bu, bəlkə də onun bu gün axırıncı reysi idi.
Novruz Novruzov
2008-ci il

Sevgililər (Hekayə)

Oğlan qızın əlindən tutmuşdu. Getdikcə artan qeyri-adi şirin hərarət bədəninin hər yerinə yayılır, onu məst edirdi. Bu şirinlik onun cəsarətini də artırırdı. İstər-istəməz oğlanın başı qızın boynuna tərəf əyilirdi. Qızın telləri oğlanın üzünə toxunur, onu daha da xoşhallandırırdı.

Birdən oğlan özünü düzəltdi, əlini qızın əlindən çəkdi. Səksəkə ilə fikirləşdi: “Görəsən görmədilər ki...Eh...kim görəcək, onsuz da tamam qaranlıqdır”.

Qəfil yanan işıqdan oğlan diksindi. Utancaq nəzərlərini qızın üzündə gəzdirdi. Qız şəhvət saçan gözlərini ondan yayındırdı. Başını aşağı saldı. Ürəyindən bir söz keçdi: “Fərsiz”.

Bayıra çıxdılar. Sahil bağına qədər heç biri dillənmədi. Hərəsi öz aləmində idi.
Oğlan: Eh...Yenə zəhmətim havayı getdi. Nə kinoya baxa bildim, nə də...
Qız: “Bu da adın oğlan qoyub, amma bir damcı cəsarəti də yoxdur. Görəsən, bu çoxmu davam edəcək”.
Oğlan qıza baxdı. Qız da oğlana. Bir xeyli beləcə baxışdılar. Hər ikisinin qəlbindən sevinc dolu bir fikir keçdi: “O da sevir”.
Dayandılar. Dənizə çatmışdılar. Qürub edən günəşin son şəfəqləri dənizdə əks edir, gümüşü ləpələr rəngbərəng işıqlar saçırdı. Körpə qığıltısını xatırladan oynaq ləpələrin şırıltısı istər-istəməz adamı özünə tabe edir, onu harasa uzaqlara, şirin duyğular aləminə çəkib aparırdı. Qız da, oğlan da dənizin vurğunu idilər. Qız gözlərini bir nöqtəyə zilləyərək nə haqdasa fikirləşirdi... Oğlan isə döyükür, danışmaq istəyir, lakin söz tapa bilmirdi. Birdən yadına düşən bir şerin ilk misrasını bəkdən dedi:
“Dənizi hədiyyə verirəm sənə”. Qız oğlana tərəf döndü. Gülümsədi. Yenidən dənizə baxdı.
-Mən dənizi sevirəm. Sonra qara, utancaq gözlərini oğlana çevirdi: -Sənin də gözlərin dəniz tək mavidir-dedi.

Oğlan özünü itirən kimi oldu. Bədənini tər basdı. Çaş-baş olmuş kimi o tərəf-bu tərəfə baxdı. Güclə özünü toplayıb, funikulyor tərəfi göstərərək:- Gedək- dedi.
Sakitcə addımlayırdılar. Oğlan əlini arxasına qoymuşdu. Kiminsə parka atdığı kibrit qutusunu ayağı ilə vururdu. Qız onun hər bir hərəkətini izləyirdi:
“Bir buna bax. Dünya vecinə deyil. Mən əzab çəkirəm, bu isə... Görəsən oğlan yaransaydım, mən də belə edərdim?” Qızın bu töhmətini eşidirmiş kimi oğlan da özünü danlayırdı:
-“Əşşi əfəlin biriyəm. Əvvəl qız deməz ha, oğlan deyər ki, “ay qız, səni sevirəm!” vəssalam. Görəsən, o qol-qola gedənlərdən birinci hansı ürəyini açıb? -Əlbəttə, oğlan. Bəlkə mən də bu gün deyim.
Oğlan qızın nəzərlərini öz üzərində hiss etdi. Onun baxdığını görəndə qızardı. Elə bildi, qız onun fikirlərindən xəbərdardı. Tez gözlərini ondan yayındırdı.
Gün batırdı. Dənizdən sərin meh əsməyə başlamışdı. Gündüzün istisindən sonra əsən bu meh adama ləzzət verirdi.
Oğlan iri, dairəvi hovuzun içərisindəki abidəni-qılıncını başı üzərində qaldıraraq ağzını ayırmış əjdahanın başına zərbə endirən anda təsvir edilmiş heykəli göstərərək:
-Nizaminin qəhrəmanı “Bəhram Gur”dur, -deyə dilləndi.
Qız sakitcə:- Bilirəm-dedi.
-Nizaminin əsərində göstərilir ki, Bəhram Gur dünyanın yeddi ölkəsinin şahzadə qızı ilə yaşayırmış.
-Çox nahaq. Ağıllı və namuslu adamlara biri də bəs eləyər.
Oğlan daha dinmədi. Fikirlər ondan əl çəkmirdi. Pilləkənlərlə dağüstü parka qalxırdılar. Oğlan fikrini dağıtmaq üçün pillələri saymağa başladı.
-Bir, iki, üç... on üç.
Artıq saymağa hövsələsi çatmadı. Yenidən fikirlərə qərq oldu.
-Nə fikirləşirsən? -qızın sualı onu diksindirdi.
-Heç nə.
-Ola bilməz. Fikirsiz də insan olar?
Bir neçə dəqiqə sakitcə baxandan sonra sakitcə:
-Olar dedi. Düzdür, bu məsələ də bütün hadisələr kimi nisbidir, ancaq hər halda fikirsiz insanlar var. Bilmirəm, Hötenin “Gənc Verterin iztirabları” nı oxumusanmı? Yox! Təəssüf... Orda gözəl fikirlər var.
Verter xoşbəxtlik haqda mühakimə yürüdür. Əvvəl deyir ki, xoşbəxt fikirsiz yaşayanlardır, yəni dünyanı vecinə almayanlar, yaşamağın mənasını yeyib-içməkdə görənlər, bayağı, meşşan həyat sürənlərdir. Sonra isə fikrini dəyişir. Həyatda xoşbəxt o kəsdir ki, daim narahatdır, həmişə nəyinsə, kiminsə haqqında düşünür. Bax, Verter bu insanları “fikirlilər” adlandırır.
-Ay allah, yenə də başladı fəlsəfədən danışmağa. Nə görüb bunda bilmirəm. Gül kimi şerləri qoyub, elə hey fəlsəfədən...-qız üz-gözünü turşutsa da, bunu hiss etdirməməyə çalışdı, başını aşağı dikib, laqeydliklə: Axmaq fəlsəfədir-dedi.
-Nə dedin? Necə... axmaq? -oğlan həyəcanlanmışdı- yüksək ideallarla, ulu duyğularla, az-az adamlarda olan hisslərlə yaşanılan ömür nə vaxtdan axmaqlıq sayılıb?
Qız, oğlanı cırnatdığından məmnun olmuşdu. Oğlanın əl-qolunu ölçərək fikirlərini çılğıncasına izah etməyi qıza çox xoş gəlirdi və belə anlarda qrupdaşına həmişə məftunluqla baxırdı.
-Aaayyy...! kömək e...!-nazik qadın səsilə qəfil çığırtı və sonra onun boğulması hər ikisini diksindirdi. Donuxub qaldılar. Hər ikisinin üzündə qorxu və təlaş vardı. Əvvəl oğlan özünə gəldi, yavaş-yavaş səs gələn tərəfə- sıx ağaclığa doğru addımladı.
Qız həyəcanla:
-Hara gedirsən? Dayan-dedi.
Oğlan qətiyyətlə:
-Yox, kömək etmək lazımdır- dedi və yerindən götürüldü.
Qız o yan-bu yana boylanıb adam axtardı, heç kəsi görməyib oğlanın getdiyi səmtə qaçdı. Ağaclığın ortasındakı kiçik talaya çatanda gözünə ilk sataşan gözləri bərələ donub qalmış gənc qadın oldu. Elə həmin andaca gördüyü mənzərə onu qəlbindən gələn dəhşətli bağırtı ilə irəli atılmağa və oğlanla süpürləşən bir nəfərin onu vurmaq üçün yuxarı qaldırdığı bıçağı tutan əlini qamarlayıb var gücü ilə dişləməyə məcbur etdi. Qız dişləri arasına keçmiş damarı elə sıxdı ki, caninin qolu keyidi və bıçağı əlindən yerə düşdü. O, sol əlilə qızı möhkəm itələdi, ancaq dərhal sağ qolunda kəskin göynərti hiss etdi. Qızın dişləri onun ətini parçalamışdı. Ancaq cani özünə gəlməmiş oğlan onun üstünə cumdu. Soyğunçu, peşəsinə rəğmən sövq-təbii anladı ki, vaxt ötür, belə getsə ilişə bilər. Ona görə də cəld oğlanı özündən aralayıb bir yumruqla yerə sərdi və qaçıb ağacların arasında yox oldu.
Qızla qadının köməyi ilə oğlan ayağa qalxıb üst-başnı çırpdı. İri boyunbağını əlində möhkəm tutan qadın necə təşəkkür edəcəyini bilmirdi:
-Vallah, nə təhər oldu, heç özüm də bilmirəm, elə onu gördüm ki, əlində bıçaq kəsib qabağımı. Çox sağ olun, köməyə gəlməsəydiniz... nə olacaqdı... nə bilim. Allah, sizi xoşbəxt eləsin... Allah, sizi arzunuza çatdırsın. Ömrünüz...
Oğlan qadını eşitmirdi, fikri qızda idi. Baş vermiş hadisə onunçun gözlənilməz idi. Bir də ki, yerə yıxıldığı üçün qızın yanında xəcalət çəkirdi. Ona görə də “bütün bunların borcları olduğunu bildirib”, tələm-tələsik qadından ayrıldı. Qızla birlikdə Nərimanov prospektinə tərəf addımladılar.
Toran qovuşmuşdu. Nədənsə adamlar tək-tük gəlib keçirdi. Oğlan hələ də qızdan nigaran idi, baş vermiş hadisə barədə onun rəyini bilmək istəyirdi. Soyğunçuya düz-əməlli qulaqburması verə bilməməsi onu pərt etmişdi. Bir yol tapıb vəziyyətdən çıxmaqda aciz idi. Ancaq danışmaq istəyir, qızla səmimi söhbətə can atır, lakin gücü yersiz döyükməkdən başqa heç nəyə çatmırdı. Elə buna görə də pərtliyini daha da artıran sözlərin ağzından necə çıxdığından özünün də xəbəri olmadı:
-Gərək idmanla məşğul olam.
Lakin bu sözlər qızı ayıltdı, oğlanın döyükməsinin səbəbini ona anlatdı.
-Ay dəli, gör nəyin dərdini çəkirsən, az qala səni... “öldürmüşdü” deməyə dili gəlmədi. Oğlanı istəklə süzüb qoluna girdi, məhrəmdiklə ona sığındı,- sən yanımdasan, elə bilirəm dünya mənimdir- dedi.
Novruz Novruzov
1985

1 -dən səhifə 2

Oxşar məqalələr