AXTAR

Qarabağın ağ günləri və onun mədəni irsimizdə təcəssümü

agdam mescidi
Azərbaycanın minilliklər boyu yaranmış şərəfli tarixinin ağ günləri çox olub. Bu, dövlətimizin cahanşümul dövrləri ilə şərtlənir. Biz, Azərbaycana bağlı tarixdə iz salmış böyük dövlətlərimiz, ağıllı və qüdrətli hökmdarlarımız haqda fəxrlə düşünür, yazır və danışırıq. Bunlar xalqımız üçün də, ayrı-ayrı vətəndaşlarımız üçün də çox qürurverici hisslərdir. Qədim və şanlı tarixə malik olmaq milli müdrikliyin böyük simasıdır və bütün bunlar çox gözəldir.
Ancaq vətənimizin soyuq və qaranlıq dövrləri də çox olub. Bu, əsasən yadelli işğalçıların, qaniçən imperiyaların ölkəmizi yağmalaması, əsarət altında saxlaması və xalqımızın zülm içərisində qaldığı dövrləri əhatə edir. Hətta bir sıra dövrlərdə bu cür qaranlıq əsarət dövrü ayrı-ayrı regionlarımızın qəsbkarlar tərəfindən işğalı ilə baş verib. Müasir tariximizdə Qarabağın böyük bir hissəsinin erməni qəsbkarları tərəfindən işğala məruz qalması və təxminən 30 illik bir dövrü əhatə etməsi xalqımıza ciddi mənəvi zərbə olub və əsrlər boyu qazanılmış mənəvi və iqtisadi sərvətlərimizin talanması ilə nəticələnib.
Əslində, kökü-köməci bilinməyən ermənilərin bizə əzəli və əbədi düşmənə çevrilməsi dünya imperialist siyasətinin acı meyvəsidir. Lakin Azərbaycan xalqı, məhz, birləşmiş imperialist qüvvələrə qarşı mübarizədə qalib gələrək torpaqlarını işğaldan azad etməyə nail oldu. İmperialistlər də, köksüz ermənilər də xalqımızın əzmkarlığı, ordumuzun igidliyi, rəhbərimizin müdrikliyi sayəsində ədalətə məcbur edildi.
İndi vandal düşmən tərəfindən viran qoyulmuş şəhər və kəndlərimiz yenidən, müasir standartlar səviyyəsində tikilir, qurulur, torpaq dirçəlir, işğaldan azad edilmiş zonada həyat canlanır. Zəfərlərimizin memarı Prezident İlham Əliyev Qarabağda aparılan quruculuq işlərinin ən xırda məsələsindən tutmuş iri layihələrə qədər bütün fəaliyyəti diqqətlə izləyir və prinsipcə, öz sərəncamları, məsləhətləri və tövsiyələri ilə birbaşa quruculuq işlərində iştirak edir. Regionda mədəni irs abidələrinin bərpası və ya yenidən canlandırılması isə əsasən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilir. İşlər gedir və Qarabağ hər gün bir neçə qədəm də özünə qayıdır.
Qarabağın ağ günləri başlayır. Artıq bərpa edilərək istifadəyə verilmiş obyektlər və tarixi abidələrin, mədəni irs subyektlərinin yaratdığı panoramdan bunu aydın görmək olur. Mən bu prosesdə diqqəti cəlb edən bir nüansa toxunmaq istəyirəm. Xalqımızın inanc məbədləri olan məscidlərin bərpası sürətlə və ən yüksək meyarlarla aparılır. Bu məbədlərdən biri də Ağdam Cümə məscididir. Məscidin tarixi, ermənilər tərəfindən gördüyü zülmlər hamıya məlumdur. Hazırda məscid bütün gözəlliyi ilə əhalinin istifadəsinə hazırdır, sadəcə, Ağdamda məskunlaşma başlayanda hər şey yerini alacaq.
Tarixi mənbələrdə “Ağdam” sözünün etimologiyası “ağ ev” kimi tərcih olunur və bunun da fəlsəfi və mənəvi anlamı tamamilə əsaslıdır. Bu da gözəldir ki, məscidin bərpası zamanı onun binasının və minarələrinin taxtapuşu ağ dəmirdən vurulub. İdeya-mənəvi və tarixi baxımdan bu, tamamilə yerində atılmış addımdır, çünki şəhərin adının məhz ağ dəmirdən vurulmuş taxtapuşdan götürülməsi versiyası ortadadır. Ancaq, bu işdə bir nüans var ki, ağ dəmir material olaraq qara dəmirdən dəyərli olsa da, daşıdığı formulu əyani şəkildə, izahatsız, vizual olraq zəif təcəssüm etdirir. Üstəlik, “ağ ev” anlayışının tarixi-mənəvi dəyəri indi yeni çalarlar qazanıb və bu mənada onun dəyəri olduqca yüksəlib. Sovet dövründə Azərbaycanın var-dövləti Rusiyaya axdığına görə regionlara kifayət qədər maliyyə ayırmaq imkanı yox idi. İndi isə.., Qarabağın ağ günləri bundan sonra olacaq. Əslində proses başlayıb. Bir baxın, sovet dövründə Laçın torpağına daş qoyanlar lənətlənirdi. Niyə? Ona görə ki, inkişaf yox dərəcəsində idi. 14 mənzilli, iki mərtəbəli yaşayış binası 3-4 ilə güclə tikilib başa çatdırılırdı. Ancaq indi Laçına baxanda adamın ürəyi açılır. Eləcə də Füzuli şəhəri! Necə də gözəldir! Yığcam, rahat və müasir şəhər. Sovet dövrünün Füzulisi kasıb bir kənd təsiri bağışlayırdı. Zəngilan, Cəbrayıl, Qubadlı da həmçinin. Şuşa tikilib başa çatdırılandan sonra dünya miqyasında ən gözəl şəhərlərlə yarışa qatılacaq. Eynilə də, Ağdam, öz möhtəşəmliyi ilə göz oxşayacaq. Lakin ağ günlərin vizual anlamda təqdimatı gözəl və möhtəşəm olmaqla yanaşı həm də ideyanın çatdırılması baxımından vacibdir. Yəni, Ağdamın Cümə məscidinin binasının və minarələrinin taxtapuşu parlaq, gün işığında bərq vuran ağ metaldan hazırlansa daha məqsədəuyğun olar. Rusiyanın iri şəhərlərində, o cümlədən Moskvada olanlar görüblər: kilsələrin künbəzləri, qüllələri gün işığında necə bərq vurur, əhalinin, xüsusilə turistlərin diqqətini dərhal cəlb edir və şəhərin möhtəşəmliyini təcəssüm etdirir. Ağdamın da həm söz olaraq mənası, gözəlliyi, möhtəşəmliyi, müasir yaşayış tərzi ağ rəngə bağlı olmalıdır. Və bu rəng şəhərin arxitekturasında parlaq şəkildə əks olunmalıdır ki, lazımı effekti verə bilsin.
Qarabağın ağ günlərinin memarı möhtərəm Prezident İlham Əliyevdir. Buna heç bir şəkk-şübhə yoxdur. Buna görə də işğaldan azad olunmuş ərazilərimizdə ağ parlaq rəngli “Dəmir Yumruq” abidələrinin ucaldılması da zəfərlərimizin təcəssümü olmalıdır. Məsələn, Ağdamın Şahbulaq qalasının ərazisində, qaladan daha uca nöqtədə ağ nikeldən belə bir abidə ucaldılsa, onun parlaq şüalarını Şuşadan, Xankəndidən, Ağdamdan və digər ətraf ərazilərdən görmək mümkün olar. Bu isə o deməkdir ki, Qarabağda Pənah xan dövrünün tarixi faktı kimi müdafiə qalası, İlham Əliyev dövrünün zəfər faktı kimi “Dəmir Yumruq” tarix salnaməmizdə yer alar.
Diqqətə almaq lazımdır ki, ağ rəng həm də sülh rəngidir. Bu mənada dinimizin sülhpərvər xarakteri, dəmir yumruq siyasətinin isə azadlığın, ədalətin yumruqla təmin edilməsi ilə yanaşı həm də sülhə xidmət etməsi nəzərə çarpdırılar. Dəmir yumruq sərt olduğu qədər də, sülh uğrunda işə düşən qüvvəni xarakterizə edir.
Düşünürəm ki, bu təklifi mütəxəssislərimiz diqqətə alsa Ağdam şəhərinin ağ günlərinin ideya anlamı daha mükəmməl ifadə olunar və ağ rəng şəhərin rəmzinə çevrilər.
Novruz Novruzov
jurnalist

Oxşar məqalələr