AXTAR

Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri

mehemmed fizuli

Azərbaycan xalqının mütəfəkkir şairi, söz dünyasının sahilsiz ümmanı, türk, ərəb və
fars dillərində bənzərsiz bədii-fəlsəfi əsərlər yazanı, sağlığında Şərq ölkələrində böyük şöhrət
qazanan dahi şəxsiyyəti, ədəbi-fəlsəfi yaradıcılıq nümunələri müəllifi, qəsidələr, qəzəllər
ustadı, bəşəri və humanist ideyaların qoruyucusu, əbədiyaşar söz sənətkarı Məhəmməd Füzuli
Azərbaycanın görkəmli sənət nümayəndəsidir. Məhəmməd Füzuli bədii-ədəbi yaradıcılığı ilə
Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Mütəfəkkir şair fars dilində yazmasına
baxmayaraq, ana dilini - Azərbaycan türk dilini gözəl, lətafətli şeir nümunələri yazmaqla
zənginləşdirmişdir. Azərbaycan xalqının böyük şairi Füzuli bədii-estetik söz sənəti olan
ədəbiyyatı bütün türk dünyasında şərəfləndirmişdir. Məhəmməd Füzulinin bədii-ədəbi
yaradıcılığı nəinki Azərbaycanda, bütün dünya ədəbiyyatında məşhurdur. Məhəmməd Füzuli
yaradıcılığını üç dildə yazıb, yaradaraq Azərbaycan mədəniyyətinin əvəzsiz sərvəti etmişdir.
Ədib üç dildə “Divan” bağlayan təkrarsız istedada malik sənətkardır. Onun doğma ana
dilində, fars, ərəb dillərində olan bədii yaradıcılığı XVI əsr və ümumən Azərbaycan
ədəbiyyatının zirvəsidir. Məhəmməd Füzuli poeziyasının dili və üslubu öz zənginliyini,
istiqamətini, inkişaf xəttini, orijinalığını xalq dilinə bağlılığı ilə əldə etmişdir. Məhəmməd
Füzuli poeziyasının dili və üslubunu ana dilinin keşiyində durması daha da zənginləşdirərək,
zamanın hər cür təzyiqindən, sınağından çıxarıb dövrümüzə qədər yaşatmışdır.
Məhəmməd Füzuli poeziyasının ana xəttini Azərbaycan türk dilinin xəlqiliyi, milli
köklərindən, xalqın dilində əsrlərlə işlənib cilalanmış söz və ifadələr təşkil edir. Mütəfəkkir
şair milli ənənələrə köklənən üslubi orijinallıqları ilə seçilən bədii-ədəbi yaradıcılıq
nümunələrinin ən mükəmməllərini yaratmışdır. Məhəmməd Füzulinin poeziyasının dili
klassik Azərbaycan ədəbi dilinin ən mükəmməl nümunəsidir. Ədibin klassik Azərbaycan
ədəbi dilinin zənginləşməsində, XVI əsr Azərbaycan ədəbi dilinin inkişafında, poeziyanın
leksik və qrammatik norma cəhətindən araşdırılmasında, ədəbiyyatın məqsəd və vəzifələrinin
mükəmməlləşməsində çox böyük xidmətləri vardır. Məhəmməd Füzulinin poeziyasının dilini
tədqiqatçı dilçilər elmi - linqvistik baxımdan geniş bir şəkildə tədqiq etmişlər. Məhəmməd
Füzulinin poeziyasının özünəməxsus leksik özəllikləri, qədim türk dillərinin xüsusiyyətlərini
daşıması, Azərbaycan ədəbi dilinin digər klassiklərinin dil materialları ilə sübuta yetirilmiş
faktlardandır. Məhəmməd Füzulinin üslubu onun türkcə “Divan” da əsaslı şəkildə özünü
göstərir. Məhəmməd Füzulinin əsərləri özünün dil və üslub orijinallıqları ilə daim
seçilmişdir. Ədibin poeziyasının dilində xəlqi və milli mənbə kimi Azərbaycan xalq dili
əsasdır. Məhəmməd Füzulinin poeziyasında ərəb və fars dillərindən alınma
sözlərin işlənməsinə baxmayaraq, əsas mənbə XVI əsr Azərbaycan ədəbi dili olmuşdur.
Məhəmməd Füzulinin poeziyasının zəngin olmasının əsas səbəblərindən başlıcası odur ki,
şairin şeirlərində semantik söz qrupları olan – sinonimlərdən, antonimlərdən, omonimlərdən
geniş bir şəkildə istifadə olunmuşdur. Ədibin poeziyasının dili poetik-üslubi vasitələr,
linqvistik və üslubi-linqvistik metodlar ilə Azərbaycan türk ədəbi mühitinin əsaslı
araşdırılmasında mühüm rola malikdir. Ədibin poeziyasının dili və üslubu elmi yeniliklər,
linqvistik, müqayisəli – diaxronik tədqiqlər, elmi təhlillər, təsviri müqayisəllər mövzusu
olmuşdur. Məhəmməd Füzulinin poeziyası Azərbaycan dilinin, habelə türk dillərinin tarixi
leksikologiyasının, tarixi-müqayisəli leksikologiyasının, ümumən Azərbaycan ədəbi dili
tarixinin, dəqiq olaraq XVI əsr Azərbaycan ədəbi dili tarixinin, Azərbaycan dilinin tarixi
üslubiyyat məsələlərinin tədqiqində, öyrənilməsində elmi mənbə kimi istifadə olunmuşdur.
Məhəmməd Füzulinin bədii-ədəbi yaradıcılığı Azərbaycan ədəbi dilinin leksikologiyasının,

tarixi qrammatikasının, üslubiyyatının, bədii-estetik söz sənətinin inkişafında öz müsbət
təsirini göstərmişdir. Mütəfəkkir şairin poeziyasının dilində türk mənşəli Azərbaycan dili
sözləri ilə yanaşı, ərəb və fars dilindən alınmış ayrı-ayrı sözlər, eləcə də izafət
birləşmələrindən bədii ifadə vasitələri kimi geniş istifadə olunmuşdur. Ədib poeziyasının
dilində Azərbaycan xalq dilinə daxil olmuş, Azərbaycan türk xalqının mənimsədiyi,
Azərbaycan dilində vətəndaşlıq hüququ qazanmış ərəb və fars dilindən alınmış sözlərdən
daha çox faydalanmışdır. Ədib poeziyası vasitəsilə ədəbi-bədii dilimizi yüksəkliklərə
qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasının inkişafına qüvvətli
təsir etmişdir. Mütəfəkkir şair üç dildə - ana dili Azərbaycan türk dilində və ərəb, fars
dillərində şeir nümunələri yaratmışdır. O, yaradıcılığında ana dilində yazmağa üstünlük
vermişdir. Çünki, Azərbaycan dilinin məna zənginliklərinin, poetik imkanlarının
parlaqlığının və əlvanlığının fərqində idi. XVI əsr Azərbaycan ədəbi dilinin qoruyucusu olan
Füzulinin poeziyası onu Azərbaycan klassik poeziyasının zirvəsi, Azərbaycan xalq dilinin
yüksək səviyyədə qoruyucusu, təkrarsız bir ədibi etmişdir.
Məhəmməd Füzulinin poeziyasının dilinin və üslub mövzularının zəngin olmasında
Azərbaycan dilinin müstəsna rolu olmuşdur. Ədibin poeziyası ədəbi mədəniyyətin ən
mükəmməl nümunəsidir. Məhəmməd Füzulinin poeziyası Azərbaycan klassik poeziyasının,
xüsusən XVI əsr Azərbaycan ədəbi dilinin lirik-sentimental üslubunun zənginləşməsində və
formalaşmasında mühüm vasitə olmuşdur. Füzulinin poetik dilinin zənginliyi şairin bir alim
olaraq intellekt sahibi olmasının göstəricisidir. Onun poeziyası Zöhrə, Ülkər, Günəş, ay,
ulduz kimi planet və göy cisimlərinin adları, poetik bənzətmə vasitələri ilə olduqca zəngindir.
Məhəmməd Füzuli İraqda geniş türk mühitinin yetirməsi kimi həmin kontekstin dil-üslub
xüsusiyyətlərini yaşadan bir mütəfəkkirdir. Məhəmməd Füzulinin poeziyasının dili çox
zəngin olmasına və o dövrün hətta formal tələblərini belə gözləməsinə baxmayaraq, quruluş
və tərkib etibarilə çox sadə, aydın, ahəngdar və əlvandır. Onun şeirinin dili xalq ruhu, xalq
ifadə formaları ilə olduqca zəngindir. Azərbaycan ədəbi dilinin zənginləşməsində mühüm
xidmətləri olan, Azərbaycan ədəbi dili tarixində şeirin arxitektonikasına, melodikliyinə,
ahənginə xidmət edən şairin şeir dilində bədii təzadların əvəzedilməz rolu vardır. Füzulinin
poeziyasının gücü onda idi ki, o, Azərbaycan ədəbi dilinin inkişaf xəttinin əsas istiqamətlərini
ədəbi-bədii yaradıcılığında mükəmməl şəkildə əks etdirə bilirdi. Yüksək istedada malik şair
poeziyasında tənzimlənmiş, səlisləşmiş, normativləşmiş Azərbaycan xalq dilinin yüksək
səviyyəsindən istifadə edirdi. Onun əsərləri Azərbaycan ədəbi-bədii dilinin inkişafına rəvac
vermişdir. Məhəmməd Füzuli yaradıcılığında Azərbaycan türk dilinin milli, xəlqi zəminini
qoruyub-saxlamış və dilimizi dövrün əsas dilləri - ərəb və fars dilləri ilə canlı rəqabətə
qatmışdır. Azərbaycan türk dilinin bu rəqabətdən qalib çıxdığının sübutu Füzulinin
yaradıcılığı olmuşdur. Məhəmməd Füzulinin yaradıcılığının üstünlüyü onda idi ki, o, yaşadığı
və böyüdüyü mühitdə ərəb, fars dilləri ilə yanaşı, Azərbaycan türk dilini də, ana dili olaraq,
incəliklərinə qədər mənimsəyə bilirdi. Buna görə də ədib Ana dili olan Azərbaycan türk
dilində gözəl, bəlağətli, rişələrinə qədər milli, xəlqi, nümunəvi bir ədəbi dil örnəyi yaratmağa
nail ola bilmişdir. Məhəmməd Füzulinin yaradıcılığının əsas hissəsini Azərbaycan
türk dili sözləri təşkil edir. O, yaradıcılığında Azərbaycan dilinin müxtəlif məqamlarından –
məhəbbət leksikasından, somatik leksikadan, onomastik leksikadan, təbiət leksikası – bitki və
çiçək adlarından – fitonimlərdən, astronomik leksikadan –kosmonimlərdən, dini leksikadan,
eləcə də bu gün Azərbaycan ədəbi (rəsmi) dilində passiv və məhdud dairədə işlənən nisbi
arxaizmlərdən geniş bir şəkildə istifadə etmişdir. Ədib Azərbaycan xalqının böyük və ölməz
şairidir. Onun poeziyasının leksikonunun əsasını sədaqət, etibar, səmimiyyət semantikalı
sözlər təşkil edir. Biz XVI əsr Azərbaycan ədəbi dilinin əhatə dairəsinin genişliyi haqqında
Məhəmməd Füzulinin yaradıcılığı vasitəsilə dolğun məlumat ala bilirik. Ədib yaradıcılığı
vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirməyə nail olmuşdur. O, poeziyasında ərəb və
fars dili sözlərindən məharətlə istifadə etmişdir. Beləliklə də, Füzuli Azərbaycan klassik

şeirinin təkrarsız nümunələrini yaratmaqla Azərbaycan şeir sənətini klassik şeir səviyyəsinə
qaldırmışdır. Məhəmməd Füzulinin yaradıcılığında Azərbaycan dilinin daxili imkanlarından,
onların xalq dilində olan rəngarəng məna çalarlıqlarından, Azərbaycan dili sözlərinin zəngin
çoxmənalığından, eləcə də ümumxalq dilində özünə yer tapmış ərəb və fars dilli alınma
sözlərdən yerli-yerində məharətlə istifadə edərək, zəngin leksik-semantik söz qrupları
silsilələrini yaratmışdır. Onun qəzəllərində işlənən sinonimlər, omonimlər, poetik-üslubi
təzadlar, antitezaların yaranmasına xidmət edən bədii antonimlər öz orijinallıqları ilə
seçilirlər. Məhəmməd Füzulinin yaradıcılığı Azərbaycanının milli söz xəzinəsidir. Onun
qəzəllərinin dilinin zənginliyi, tutumlu bir leksikona malik olması Azərbaycan dilini
zənginləşdirən vasitə olmuşdur.
Məhəmməd Füzulinin yaradıcılığında söz yaradıcılığının üç növündən – leksik,
morfoloji və sintaktik növündən istifadə edərək, üç istiqamətdə Azərbaycan dilini
zənginləşdirmişdir. Şair bədii-estetik dühası ilə Azərbaycan ədəbiyyatını göylərə
yüksəltməyə nail olmuşdur. Bununla da, M.Füzuli böyük türk dünyasının nadir istedada
malik bir nəhəng şairi kimi şöhrətlənə bildi. O, Azərbaycan türk dilinin, XVI əsr və ümumən
Azərbaycan ədəbi dilinin bədii üslubunu inkişaf edirib, formalaşdırmışdır. Azərbaycan
ədəbiyyatında Füzulinin mövqeyi müqayisəedilməz dərəcədə böyükdür. Orta əsr Azərbaycan
ədəbiyyatı böyük söz ustadı Məhəmməd Füzulinin adı ilə bağlıdır. Məhəmməd Füzulinin
qələminin gücü ilə poeziyada yeni yüksəliş dalğası baş vermişdir. Ədib ədəbiyyatı ideya-
bədii xüsusiyyətləri ilə, irəliyə doğru inkişafa qüvvətləndirmişdir. Yüzilliklər keçsə də,
klassik ədəbiyyat Məhəmməd Füzuli orbiti ətrafında daim fırlanmaqdadır. Azərbaycan dilinin
ədəbi dil kimi inkişafında Məhəmməd Füzulinin yaradıcılığı böyük rol oynamışdır. Ədib
dilimizdə gözəl sənət nümunələri yaratmışdır. Şair bütün yaradıcılığı boyu bu ənənəyə sadiq
qalmış və dilimizin inkişafında böyük rol oynamışdır. Poeziyamızın ədəbi dilinin inkişafında
şairin rolu danılmazdır. Dilimiz məhz onun əsərlərində inkişaf etmiş, ədəbi dil səviyyəsinə
qalxmışdır. Anadilli ədəbiyyatımızın zənginləşməsində Məhəmməd Füzulinin yaradıcılığının
rolu olduqca böyükdür. Ədib Azərbaycan dilində gözəl sənət nümunələri yazmaq, bu dilə
məhəbbət yaratmaqda böyük qəhrəmanlıq göstərmişdir. Məhəmməd Füzuli öz doğma dilini
inkişaf etdirmiş, ən gözəl sənət əsərlərini məhz bu dildə yazmışdır. Dahi sənətkarımız ana
dilindən ilham almış, dünyaşöhrətli əsərlərini bu dildə yazmışdır. Məhəmməd Füzuli anadilli
əsərləri ilə Azərbaycan ədəbi dilinin yaradıcılarından biridir. Məhəmməd Füzuli əsərləri ilə
adını Azərbaycan ədəbiyyat tarixinə əbədi həkk etmişdir. Əsərləri ilə Azərbaycan
ədəbiyyatına xidmət edən M.Füzuli dilimizin ən yüksək zirvəsini fəth etmişdir. Məhəmməd
Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna xidmətləri olmuşdur.
Məhəmməd Füzuli yaradıcılığı ilə Yaxın və Orta Şərq ölkələrinin ədəbiyyatına mühüm təsir
göstərə bilən qüdrətli sənətkardır.

Məhəmməd Füzuli yaradıcılığında nəinki özünü türk adlandırır, hətta türk
dilinin təəssübünü çəkərək, öz doğma dili olaraq bu dildə ədəbiyyat yatarmağın vacibliyini də
irəli sürür. Aşağıdakı şeirində Azərbaycan dilini farsdilli ədəbiyyata qarşı qoyur. Ədibin istər
ərəb, istər fars, istərsə də türk dilində yazdığı möhtəşəm əsərlər onun şairlik istedadının
sübutudur.
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm, kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,
Əksərən əlfazi namərbutu nahəmvar olur.
Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,
Növbahar olğac tikəndən bərgi – gül izhar olur [4, 362].
Onun poeziyası hərtərəfliliyi ilə dahi mütəfəkkirin həyata, insana dərin məhəbbətini,
gözəllik duyğusunu, ülvi ideallara olan münasibətini, xoşbəxt yaşamağa çağıran bədii-fəlsəfi

irsisi əks etdirmişdir. Məhəmməd Füzuli yaradıcılığı vasitəsilə ülvi ideyalarını Azərbaycan
xalqının bəşəri mədəniyyət xəzinəsinə bəxş etmişdir. O, anadilli poeziyanın mükəmməl
nümunələrini yaratmış, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə
yüksəltmişdir. Dahi mütəfəkkir XVI əsr dilimizin inkişafı baxımından aktuallıq kəsb edən
məsələlərə diqqət yetirərək, dilimizin inkişafı istiqamətində böyük işlər görmüşdür. XVI
əsrdə Ana dilimiz Məhəmməd Füzulinin yaradıcılığı ilə Yaxın Şərq konteksində ən böyük
zirvəyə qalxır.
XVI əsrdə Anadilli poeziyamızın üslubunun rəngarəngliyi, zənginliyi, zirvədə
dayanması Məhəmməd Füzulinin adı ilə bağlı idi. Məhəmməd Füzulinin bir şair kimi qüdrəti,
bədii-poetik mərtəbəsi onun dilə münasibəti ilə ölçülür. Dahi mütəfəkkir yaradıcılığı ilə
Azərbaycan ədəbi dilinin yeni mərhələsini yaratdı. O, Azərbaycan ədəbi dilinin inkişaf
tarixində əlamətdar cəhətlərə malik xüsusi bir mərhələnin yaradıcısı oldu və onun yaradıcılığı
Azərbaycan ədəbi dilinin inkişaf tarixində feodalizm dövrünün ən yüksək zirvəsini təşkil
edən elə bir mərhələni təşkil etdi ki, bu mərhələdəki üslubu nəinki sonrakı mərhələlərdə, hətta
sonrakı dövrdə də uzun müddət dəyişdirmək mümkün olmadı. M.Füzuli yaradıcılığı onu
deməyə əsas verir ki, şair öz əsərlərində üsluba çox önəm vermişdir. O, üslub rəngarəngliyini
əsas götürərək, ümumxalq dilimizin bütün incəliklərindən məharətlə istifadə etmişdir.
Məhəmməd Füzulinin bir şair kimi qüdrəti onda idi ki, ədib əsərlərində üslub rəngarəngliyini
qorumaqla yanaşı, yazılı ədəbi dilimizin şifahi ədəbi dilə yaxınlaşmasında da böyük səylər
göstərmişdir. Məhz buna görə də, Məhəmməd Füzuli güclü söz hissi olan bir sənətkardır.
Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii dilinin inkişafında, klassik şeir üslubunun
yüksək zirvəyə qaldırılmasındakı böyük xidmətləri onu Anadilli poeziyamızın zirvəsi
etmişdir. XVI əsrdə Anadilli poeziyamızın üslubunun rəngarəngliyi və zənginliyinin
səbəblərindən ən əsası o idi ki, onun M.Füzuli yaradıcılığı vasitəsilə Azərbaycan sözlərinin
şeir dilinə gətirilməsi və əvvəlki mərhələdə ədəbi dildə işlənilən bir sıra ərəb-fars sözlərinin,
ifadələrinin azərbaycanca sözlərlə, ifadələrlə əvəz edilməsi və eyni zamanda, Azərbaycan dili
vahidlərinin zənginləşdirilməsində və aparıcılıq xüsusiyyətlərini gücləndirməsində böyük
xidmətlərindən biridir. Məhəmməd Füzuli öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb
proseslərinə baxmayaraq, türk dilini, Ana dilini yaşatmasından, onu yüksəklərə
qaldırmasından həmişə qürur duymuşdur. Dahi şairimiz Məhəmməd Füzuli əsərlərini Ana
dilimizdə yazdı və bu dilin üzərində dönə-dönə işlədi, işlədikcə də Ana dilimizi daha da
cilaladı. M.Füzuli yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatı və eləcə də Azərbaycan ədəbi
dili elə bir nüfuz qazandı ki, uzun zaman Füzulidən sonra belə bu nüfuz itmədi. Məhəmməd
Füzuli yeganə dahilərdən idi ki, özündən sonra məktəbi bugünümüzə kimi yaşamışdır.
Füzulinin əsərləri indidə sevilir, dildən-dilə gəzir və gələcək nəsillər bu məktəbdən dərs alır.
Bunun başlıca səbəbi o idi ki, Füzulinin əsərlərinin dili ilə dilimizin qüdrəti, gözəllikləri
Azərbaycan ədəbi dil tarixində elə bir zirvəyə qalxdı ki, uzun illər bu zirvəyə heç kim qalxa
bilməmişdir. Məhəmməd Füzulinin yaradıcılığının ən kiçik poetik detalları belə tam yerində
işlənmişdir. Ədəbiyyatşünaslar daim Füzuli yaradıcılığını bəşərin ən böyük sənətkarlarından
olan - Dante, Şekspir, Puşkin kimi söz ustalarının sənəti ilə müqayisə etmişlər. Çünki,
Füzulinin poetik istedadın doğurduğu heyrətamiz gözəllik nümunəsi olan əsərləri sənətkarın
ölməzliyini təmin edən şərtlərdən ən əsası idi. Azərbaycan ədəbiyyatının əbədiyaşar
mütəfəkkir şairi Məhəmməd Füzulinin ədəbi-estetik, ictimai-ideoloji fikirləri onu şeir
dünyasının sahilsiz bir ümmanı etmişdir. O, yaradıcılığı vasitəsilə hələ öz sağlığında Şərq
ölkələrində böyük şöhrət qazanan dahi şəxsiyyət kimi tanınmışdır. Ədibin iti ağlının və cilalı
qələminin qüdrətilə bəşəriyyətə nadir sənət inciləri bəxş edilmişdir. Füzulinin qəsidələrində,
qəzəllərində psixoloji məqamlar özünü olduqca sıx göstərmişdir. Onun qəsidə və qəzəllərində
dərin məna tutumu, bəşəri və humanist ideyalara, işıqlı fikirlərə, əbədiyaşar ideyalara
müraciət olunmuşdur. Şairin daxili zənginliyi, mənəvi sərvəti, dilinin zənginliyi, xarakteri,
özünəməxsusluğu onun əsərlərindən bədii güc almışdır. Şair bədii yaradıcılığında qarşısına

qoyduğu ədəbi-estetik məqsədlərə tamamilə nail ola bilmişdir. Füzuli türk qəzəlini bədii-
estetik keyfiyyətcə elə bir səviyyəyə qaldırdı ki, poeziya üçün bundan böyük zənginləşmə
mənbəyi olmamışdır. Füzulinin qəzəli bütünlükdə universal mahiyyət kəsb etmişdir. O,
türkdilli qəzəldə orta əsr şeirimizin ənənəvi obraz və motivlərinin maksimum bədii həllini
vermişdir. Məhəmməd Füzuli klassik qəzəlin bütün kompozisiya tiplərini və üsullarını
türkdilli şeir praktikasına daxil etmişdir. Füzuli türkdilli qəzəllərini əruzun bütün əsas
bəhrlərində, onların növ və variantlarında sınaqdan keçirmişdir. Ədib anadilli şerimiz üçün
ondan əvvəl və sonra görünməmiş bir qəzəllərin poetik semantikasını bəxş etdi. Bu
Azərbaycan ədəbiyyatı üçün olduqca əhəmiyyətli məsələ idi. Füzulinin qəzəlləri leksik
tərkibinə görə olduqca zəngindir. Onun qəzəllərinin tərkibi ədəbi dil üçün səciyyəvi və işlək
və əksəriyyət etibarilə sonralar dilimizdə vətəndaşlıq hüququ qazanmış leksik vahidlərdən
ibarətdir. Füzuli dilinin xüsusiyyətləri onun türk divanında özünü göstərir. Füzuli qəzəlinin
məzmun və forma xüsusiyyətləri şairin bədii irsini anlamaq baxımından olduqca
əhəmiyyətlidir. M.Füzuli zəngin elmi məlumata, geniş erudisiyaya malik alim, filosof, şair
idi. Onun poeziyası ədibin dünyagörüşünün, dünyaduyumunun ifadəsi idi. Məhəmməd
Füzulinin yüksək dərəcədə obrazlı dilinin və poetik üslubunun xüsusiyyətləri onun
poeziyasının asılılıqlarını, konfliktlərini müəyyənləşdirirdi. Füzuli poeziyasının
araşdırılmasındakı qanunauyğunluqların və dilin poetik funksiyasının şərhinin bütün digər
təhlillərə nisbətən üstünlüyü ədibin irsinin tədqiqində daha səmərəli nəticələr verəcəkdir.

Həcər Atakişiyeva

Ədəbiyyat siyahısı:
1. Cəfərov Məmməd Cəfər. Füzuli düşünür (ədəbi-tənqidi məqalələr). Bakı:
Azəruşaqgəncnəşr, 1959, 336 s.
2. Əliyev Sabir. Füzulinin poetikası. Bakı: Yazıçı, 1986, 221 s.
3. Füzuli. Bəng və Badə. Bakı: Azərnəşr, 1993, 286 s.
4. Füzuli Məhəmməd (2005) əsərləri. Altı cilddə. I cild, Bakı, Şərq-Qərb, 362 s.
5. Füzulinin dili (məqalələr). Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutu. Bakı: Elm, 1997, 192 s.
6. Füzuli Məhəmməd. Seçilmiş əsərləri, Azərbaycan klassik ədəbiyyatı kitabxanası: 20
cilddə, VII cild. Bakı: Elm, 1986, 484 s.
7. Füzuli. Seçilmiş əsərləri, II nəşr (tərtib edəni: M.Sultanov, redaktoru: H.Araslı). Bakı:
Şərq-Qərb, 1992, 384 s.
8. Füzuli. Şikayətnamə. Bakı: Gənclik, 1992, 32 s.
9. Füzuli Məhəmməd. Mətlə əl-etiqad (Tərcümə edəni: Bünyadov Z.). Bakı: Yazıçı,
1987, 34 s.
10. Füzuli Məhəmməd. Əsərləri: 2 cilddə, I cild. Bakı: ”Azərbaycan Ensiklopediyası”
NPB, 1995, 511 s.
11. Füzuli Məhəmməd. Əsərləri: 2 cilddə, II cild. Bakı: ”Azərbaycan Ensiklopediyası”
NPB, 1995, 519 s.
12. Füzuli. Türkcə divanı (Tərtib edəni: Ə.Sadiqi). Tehran: Fərhəngi və İrşadi-İslam,
1996, 532 s.

Oxşar məqalələr