AXTAR

Aralıq dənizinin şərq sahillərindəki böhran Türkiyənin nəzarəti altında çözülür

aralıq dənizində neft axtarışı

Yunanların fitnəkarlığı, Makronun yüngülməcazlığı və ermənilərin quyruq bulamağı işə keçmədi

 

 

 

Dünya düzəninin yenidən qurulması gözümüz qabağında baş verir. Proseslər adi təbii yolu ilə gedir, amma nəticə dəyişiklikləri təsdiqləyir. Proses Qafqazlardan baş alıb gedir. Yeni düzənin əsas oyunçusu Türkiyədir. ABŞ-Türkiyə, Avropa Birliyi-Türkiyə, Rusiya-Türkiyə, vaxtilə Osmanlı İmperiyasına daxil olan ölkələrlə Türkiyə arasında baş verən yeni dünyagörüş və hərbi-siyasi əməkdaşlıq platformaları beynəlxalq siyasətin əsas qollarıdır. Tarixin əsas devizlərindən biri “əzilənlərin bir gün ayağa qalxıb haqqını tələb edəcəyi” formuludur. 100 ilə yaxındır ki, dünya tarixinin hərəkətverici xalqlarından olmuş türkləri siyasi sferada daim sıxışdırır və onu qısa bir əhatədən kənara çıxmağa qoymurdular. Birinci dünya müharibəsindən sonra Türkiyənin sərhədlərini cızmış qüvvələr onu daim nəzarətdə saxlamağa, azad nəfəs almağa imkan vermirdilər. Amma bunu gizli, demokratiya və azadlıqdan dəm vura-vura ikiqzlq siyasətlə edirdilər. Ancaq bu hal nə qədər davam edə bilərdi?
Zaman yetişib və daha Türkiyə nəfəsini qısıb tıncıxa-tıncıxa yaşamaq fikrində deyil. Azadlıq hamı üçün dür və hər bir xalq öz taleyini özü müəyyənləşdirməlidir. Türklər də bu yolla gedir.
Müasir dövrün Türkiyəsi öz inkişafı, siyasi və hərbi gücü ilə heç bir dövlətdən geri qalmayan aparıcı dövlətlərdən biridir. Buna görə də apardığı siyasətdə müstəqil və inamlıdır. Lakin “köhnə dünya” xadimlə\ri onun bu müstəqilliyini həzm edə bilmirlər. Buna görədir ki, Türkiyə hökumətinin öz ərazi sularında təbii ehtiyatların axtarışına başlayan kimi dərhal köhnələr hərəkətə keçdilər. “Hərəkətə keçmək” bəlkə də bir az gurultulu səslənir, sadəcə, Yunanıstan hökuməti və ona havadarlıq edənlər Türkiyənin daha da güclənməsindən qorxaraq aranı qatmağa çalışdılar.
Məsələ burasındadır ki, Türkiyə öz sahil sularında neft-qaz axtarışlarına başlayıb. Yunanlar isə buna “dözə” bilmirlər. Bu səbəbdən Şərqi Aralıq dənizində son həftələrdə rəqabət daha da sərtləşib. Türkiyənin Liviya ilə razılaşması və daha sonra özünün fəaliyyəti ilə başlayan bu rəqabət Yunanıstan və Misirin birgə fəaliyyəti ilə düşmənçiliyə çevrildi. Rəqabət sadəcə Türkiyə ilə Yunanıstanla məhdud deyil. Rusiya, ABŞ, Fransa, İtaliya və bölgədəki digər ölkələr də Aralıq dənizi üzərində iqtisadi, siyasi və hərbi rəqabətə üz tutublar. Türkiyə isə bütün imkanları və qabiliyyətlərilə öz hüquqlarını qorumağa cəhd göstərir. Bu səbəblə Aralıq dənizi Türkiyənin xarici siyasəti və təhlükəsizlik siyasətində getdikcə bir mərkəzi mövqedə yer almağa başlayıb.
Bölgədə təbii qaz ehtiyatlarının kəşfi və Türkiyəni bundan kənarda tutmağa cəhd göstərən yeni bir ittifaq sistemi yaratmağa səy göstərilir. Belə ki, geoiqtisadi əsasda Suriya böhranı, Livan və Fələstin məsələsi nəzərə alınmaqla Şərqi Aralıq dənizində Türkiyə daha əhəmiyyətli olmağa başlayır. Bu isə digər maraqlı dövlətləri qorxuya salır.
İndi Fransa prezidenti Türkiyəyə qarşı guya yeddi dövlətdən ibarət koalisiya yaradıb. Hətta bu ittifaqın Korsika adasında ilk toplantısı da keçirilib. Bəs, nəticə?
Təbii ki, hələlik yekun nəticə haqda danışmaq çox tezdir.Amma dünyanın nüfuzlu mətbu orqanlarının reaksiyası nəticənin ümumi ab-havası haqda düşünməyə imkan verir. “Blumberq” (ABŞ) analitik mərkəzi yazır: Dünən yayımlanan xəbərdə, “Makron Türkiyə əleyhinə ritorikanın sərhədlərinə çatdı" başlığından istifadə edilib və “Makron, Şərqi Aralıq dənizində Türkiyəyə qarşı boş təhdidlərdən əl çəkib sözü Merkelə verməlidir”, ifadələri yer alıb. “The Guardian” (İngiltərə)qeyd edib: “Aralıq dənizində böhran Makronun məsələyə daxil olmasından sonra dərinləşdi” .
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa və Yunanıstana qarşı sərt çıxışı Fransa mətbuatında da geniş işıqlandırılıb. “Le Monde” nəşri yazıb ki, Ərdoğan Makronu təhdid etdi: “Türkiyə ilə müharibə axtarmayın”. “Le Fiqaro” nəşri isə həyəcan qaldırıb ki, Aralıq dənizində gərginlik, Ərdoğan Makronı “Şəxsən sənə daha çox problem yaradacam” deyə xəbərdarlıq etdi.
Vizual olaraq bütün bu deyimlərdən müharibə qoxusu gəlir. Lakin müharibəni heç kim istəmir, amma Türkiyə müharibədən qorxmur, Afina və Avropa, o cümlədən Misir və digər koalisiya ölkələri qorxurlar. Buna görə də Türkiyənin Şərqi Aralıq şelfində axtarışlar aparan gəmisinin Antalyaya qayıtması əks cəbhədə toy-bayram və Türkiyənin geri çəkilməsi anlamında qəbul edilib. Halbuki, kəşfiyyat-qazma gəmisi sadəcə öz işini bitirib, limana geri dönüb. Sevinən Yunanıstanın prezidenti dərhal “Ərdoğanla görüşüb, müzakirə aparmağa hazıram” mesajını verib.
Problemin qaynamasında bir amil də diqqəti cəlb edir. Şərqi Aralıqda heç bir rolu və nökərçiliyi olmayan Ermənistan baş verənlər ətrafında bəyanat verib “mən də varam” demək istəyir. Erməni siyasi analitik Romella Mnasakanyan bu addımı “Ermənistanın sivil cəmiyyətlərə birləşib siyasi divident qazanmaq cəhdi” adlandırır. Ancaq, həmişə olduğu kimi, ermənilər yenə başqalarının “süfrəsindən qalan artıq-urtuğa” meyillənirlər. Siyasətdə belələrinin yeri qapının dalında olur.
Beləliklə, son bir ayda baş verənlər sayəsində yunanlar və Avropa Birliyinin nümayəndələri, o cümlədən afrikalılar Ərdağanın qəbuluna yazılmağa imkan tapdılar. Yəqin, tezliklə müəyyən görüşlər keçiriləcək. Ancaq, dünya siyasətinin ən yaxın təcrübəsindən məlumdur ki, Türkiyə prezidenti ilə görüşlərdən hələ ki, başıdik çıxan olmayıb.
N.NOVRUZ

Oxşar məqalələr