AXTAR

“Rüşvətxor məmur” istehsalının kökü kəsilməlidir

Əks halda korrupsiyaya qarşı mübarizə əhəmiyyətsiz olacaq

korrupsiya

Azərbaycandakı sosial bəlaları cərgəyə düzsək, birinci sırada korrupsiya faktları yer alar. Bu gün cəmiyyəti hörümçək toru kimi caynağına almış rüşvətxorluq və ciddi siyasi iradə əsasında dönməz xarakter almış korrupsiyaya qarşı mübarizə bir-birinə nifrət edən iki böyük qüvvə kimi qarşı-qarşıyadır. Birincisi şər, ikincisi xeyir timsalında vuruşur. Sonda hansı qalib gəlsə, cəmiyyətimizin gələcəyi də o istiqamətdə irəliləyəcək.
Nə qədər ki, mübarizə başlamamışdı, sanki hər şey öz axarı ilə gedirdi. Amma bu hal tamamilə aldadıcı idi. Rüşvətxorluq cəmiyyəti içəridən gəmirirdi. İnsanlarda millətimizin özünə münasibətdə neqativ fikirlər bu əsasda getdikcə güclənirdi. Əgər ölkə rəhbərliyi özündə güc tapıb bu bəlaya qarşı qətiyyətli mübarizəyə başlamasaydı, bu gedişatın axırı çox acınacaqlı olacaqdı. Şükürlər olsun ki, arzuolunan güc tapıldı və qansoran simptomla mübarizə həyata vəsiqə aldı.
Proses başlayandan az sonra məlum oldu ki, yara çox dərinə işləyib və onun sağalması bir-iki ilin işi deyil. Heç bir statiskaya müraciət etmədən gündəlik baş verən korrupsiya faktlarını mətbuatdan izləyəndə adam dəhşətə gəlir. İnsan nə qədər acgöz olarmış?! Milyonları insanlardan qoparan qaniçən məmurların sayı-hesabı yox imiş. Sanki, ölkənin ən iri müəssisəsi arasıkəsilmədən rüşvətxor istehsal edib fəaliyyətə buraxır. Bəlanın ən acınacaqlı qolu odur ki, məmur rüşvət üstündə həbs edilir, işini, cəmiyyətdəki yerini itirir, ancaq onun yerinə gələnlər bütün bunlar baş verməmiş kimi eyni ruhda rüşvətxorluğu davam etdirir. Birinin başına gələnlər o birinə dərs olmur. Bu gün korrupsiyadan əziyyət çəkdiyini qışqıra-qışqıra deyən şəxs sabah vəzifəyə gətiriləndə, artıq birisigün rüşvət almağa başlayır.
Hələlik sonuncu və bu gedişlə axırıncı olmayan Kürdəmir Rayon İcra başçısının məhz rüşvətxorluğa görə həbs edilməsi, indiyədək bu fakt üzrə ciddi cəzalar görən məmurların taleyindən digər məmurların ibrət götürməmələri aydın sübutdur. Axı, niyə? Niyə bu adamlar adi həyat həqiqətini başa düşmürlər? Niyə başqalarının əməyi ilə qazanılan pulları mənimsəməkdən doymurlar?
Kürdəmirin həbs edilən (artıq) keçmiş icra başçısı C.Cəfərova qarşı sürülən ittihamnamədə 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri yer alır. Fikir verirsinizmi, maddələrin hamısı korrupsiya ilə bağlıdır. Həm də bu o zaman baş verir ki, hər həftə korrupsiya faktlarına görə kimlərsə vəzifəsini və azadlığını itirir. Bəs, C.Cəfərov bunları görmür, yaxud görməyə dərrakəsi çatmır?
Son bir ildə korrupsiyanın güdazına gedən 6 icra hakimiyyəti başçısı var. Bu çox böyük rəqəmdir. Hamısı da eyni cinayətə görə “ilişiblər”: vəzifə səlahiyyətlərini aşma, korrupsiya ( bütün növləri).
10 ilə yaxındır ki, dövlət başçısı yerlərə göndərdiyi nümayəndələrinə ciddi və sərt şəkildə düzgün işləməyi, əhalinin ehtiyaclarına qayğı ilə yanaşmağı, vətəndaşlarla mehriban ünsiyyət saxlamağı tapşırır, hərçəndi deyilməsindən əvvəl də, icra məmuru bu sadalanan vəzifələri yerinə yetirməyə borcludur. Ancaq deyir, “kadr mənimdir, kəramətinə bələdəm”. Bu səbəbdən prezident məmurlara dönə-dönə vəzifələrinin icrasına məsuliyyətlə yanaşmağı tapşırıb. Ancaq, sanki bu adamlara başqa bir qüvvə “burda sənsən, Bağdadda kor xəlifə” düşüncəsini aşılayıb və onlar da həmin düşüncə ilə rəhbər olduqları rayonlarda hökmranlıq ediblər, dövləti və xalqı çapıb talayıblar. Axırı da bu olub ki, həbs edilən məmurlara əməllərinə görə açılmış cinayət işləri üzrə hərəsinə 5, 7 və hətta 11 ilədək həbs cəzasl verilə bilər. Təbii ki, oğurladıqları, qeyri-qanuni yollarla ələ keçirdikləri sərvətin, əmlakın böyük bir hissəsi də dövlətin xeyrinə əllərindən alınacaq.
Ekspertlərin fikrincə, korrupsiyaya qarşı mübarizə prosesinin əhatə dairəsi gedikcə daha da genişlənə və cənub, şimal zonasını da əhatə edə bilər. Ümumiyyətlə, son dövrlər elektron mediada əyalət başçılarından şikayətlər xeyli artıb. Sahibkarlar, vətəndaşlar, fermerlər üzləşdikləri problemləri, qanunsuzluqları dilə gətirirlər. Dövlətin “elektron hökumət siyasəti əhalinin bütün təbəqələrinə bu imkanı yaradıb. Əhali xüsusən torpaq sahələri, əmlakla bağlı yerli məmurların qanunsuz tələbləri və qərarları ilə üzləşirlər. O baxımdan həbslərin davamının gələcəyi istisna edilmir. Mədəniyyət Nazirliyində, Sərhəd Qoşunlarında, bu yaxınlarda isə Xarici İşlər Nazirliyində həyata keçirilmiş antikorrupsiya yoxlamaları və tədbirləri bu gümanı stimullaşdırır.
Mübarizənin gedişində insanların təfəkküründən korrupsiya düşüncəsinin çıxarılmasına yönələn maarifləndirmə işlərinin konkret faktlar əsasında izah edilib çıxarılmasına da ehtiyac böyükdür. Əks halda bir məmurun yerinə gələn onun kimi işləyəcəksə, onda aparılan mübarizənin effekti də olmayacaq.
N.NOVRUZ

Oxşar məqalələr