Artıq bütün dünya Azərbaycanın haqqını tanıyır, Ermənistanı isə təcavüzkar adlandırır
Dünya ölkələrinin başı pandemiyaya, iqtisadi tənəzzülün aradan qaldırılmasına qarışdığı bir vaxtda ermənilərin beyinləri populizmə yoluxub. Bu təcavüzkar ölkənin hakimiyyəti yalnız nifrət püskürür, öldürməkdən, dağıtmaqdan doymurlar. Təsadüfi deyil ki, vaxtaşırı Azərbaycana qarşı təcavüzlərini daha da genişləndirəcəkləri, yeni ərazilər zəbt edəcəkləri, strateji iqtisadi obyektləri raket zərbələri ilə məhv edəcəkləri haqda bəyanatlar verirlər. Düzdür, bunların elədiklərinə Azərbaycan hər cür cavab verməyə, qarşısını almağa qadirdir. Amma, niyə, nə üçün biz Qafqazı od-alov içərisinə atmalıyıq, niyə dinc yaşamamalıyıq.
Ermənilərin planlarında, ümumiyyətlə, yer üzündən Azərbaycan adlı qədim və qüdrətli dövləti silməkdir. Bu arzularını işğalçı canilər heç vaxt gizlətməyiblər. Vaxtilə İrəvanı, sonralar isə Zəngəzuru, Qarabağı ilhaq edəndən sonra indi də Gəncəyə, Goranboya, Tovuza tamah salıblar.
Bu isə regiondan başlayan və dünya miqyasına keçməsi ehtimal edilən yeni dağıdıcı müharibəyə aparan xətt-hərəkətdir. Sosial şəbəkələrdə Nikol Paşinyanın arvadının əlində “Kalaşnikov” avtomatı olan şəkilləri yayılır. Bu şəkillər vasitəsilə erməni xalqını işğalçılıq siyasəti ətrafında birləşdirməyə, qan tökməyə həvəsləndirmək cəhdləri aydın görünür. Belə olan halda nə üçün ermənilərin qarşısı alınmır?
Azərbaycan, torpaqlarının azadlığı uğrunda müharibəyə başlamağa və onu qalibiyyətlə başa vurmağa tam hazırdır. Bu gün dünyanın bütün bölgələrində Ermənistanın təcavüzkar olduğu birmənalı şəkildə təsdiqlənir. Son bir sutkada Meksikanın “El Economista” qəzeti, ABŞ-ın Kaliforniya ştatının radiosu, Böyük Britaniyanın “The London Post” qəzeti Ermənistanın populist xarici siyasətinin regional müharibəyə aparmasının təhlükəsi barədə danışır, məqalələr dərc edir.
Fransız siyasi ekspert Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanüel Düpüi mətbuata müsahibəsində bildirib ki, dünyadakı ermənilərin az bir hissəsinin yaşadığı Ermənistanın erməni mənşəli insanlara mifik torpaqlarına qayıtmaq və ya orada yenidən məskunlaşmaq təklif etməsi məntiqsiz deyil. Suriyadan və ya Livandakı erməni mənşəli insanlar çox açıq şəkildə millətçi hisslərini hələ də saxlayırlar: “Ermənistan fürsətdən yararlanaraq bu siyasi amildən öz xeyrinə istifadə etmək istəyir. Buna görə də işğal etdiyi ərazilərin “legitimliyini” dəstəkləmək üçün xaricdə yaşayan ermənilərin köçürülməsi kimi qeyri-qanuni fəaliyyətə əl atır. Bununla onlar insanları ermənilərin könüllü şəkildə tərk etdiyi Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin boş olmadığına inandırmaq istəyirlər.
Yəni, Dağlıq Qarabağdakı azərbaycanlıların etnik təmizlənməsindən sonra buradakı ermənilərin də imkan düşən kimi mühacirət etdiyini gizlətmək niyyəti daşıyır. Ermənistan bu məkanların boşluğunu doldurmağa çalışır və bu məqsədlə geosiyasi “silah”a əl atır”.
Fransız ekspert təəssüf hissi ilə qeyd edib: “Minsk qrupu 10 ilə yaxındır demək olar ki, fəaliyyətini dayandırıb və öz təsir gücünü itirib. Hər kəsə məlumdur ki, Minsk qrupu anaxronik cəfəngiyyatdır. Bu qurum 1992-ci ildəki geosiyasi vəziyyətə cavab vermək üçün yaradılmışdı və bu gün bu qurum faktiki olaraq təsirsiz və onun fəaliyyəti nəticəsizdir”.
Emmanuel Düpüinin fikirləri bu gün aktuallıq təşkil edir. Bu fikirlərin dəyəri həm də ona görə güclüdür ki, o, daim Ermənistanı müdafiə edən bir ölkənin nümayəndəsidir. Madam, fransız ekspert ermənilərin işğalçılığını təsdiqləyir, demək, Azərbaycanın son variant kimi müharibəyə əl atması üçün dünya ictimai rəyi formalaşıb. Çünki, Düpüi vurğulayıb ki, ərazi işğalı məsələsi ilə bağlı beynəlxalq hüquqa da riayət olunmur. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul etdiyi 4 qətnaməyə riayət edilmir. Beynəlxalq hüquqa riayət olunub-olunmaması önəmli deyil. Əsas məsələ beynəlxalq hüquqa riayət olunması üçün hansı tədbirlərin görülməsinin lazım olduğunu bilməkdir. Çoxtərəfli və çoxmillətli sistemə əsaslanan beynəlxalq hüquq öz missiyasını, yəni, münaqişələrin qarşısını almaq, onları həll etmək və ya problemlərin həllini tapmaq kimi missiyasını yerinə yetirmək baxımından çox zəifləyib. Münaqişələrin əksəriyyəti BMT prosesinə paralel mexanizmlər sayəsində həllini tapır.
“Düşünürəm ki, Cənubi Qafqaz və Qara dəniz regionlarında dondurulmuş münaqişələrə yalnız beynəlxalq hüquqa əsaslanaraq həll tapmaq mümkün deyil. Çünki beynəlxalq hüquq 1992-ci ildən bəri hərdənbir baş verən müxtəlif münaqişələri həll etmək istiqamətində cüzi də olsa dəyişməyib. Yəni, beynəlxalq hüququn həvalə edildiyi aktorlar o qədər zəifləyiblər ki, onun həyata”, - deyə E.Düpüi bildirib.
Haqlı iradlardır. Artıq Minsk qrupunun həqiqi siması da açılıb. Azərbaycanı Türkiyə kimi qüdrətli hərbi nüfuza və gücə malik dövlət birmənalı olaraq dəstəkləyir. Hətta Ermənistanın ümidi olan Rusiyanın siyasi ekspertləri problemin həllinə Azərbaycanın hərbi-siyasi gücü mövqeyindən dəstək verirlər.
Sentyabrın 5-də Rusiyanın “Lenta.ru” portalında dərc edilmiş “Tam döyüş hazırlığında” adlı məqalədə deyilir: “Bu dəfə Ermənistan Rusiyanı Azərbaycana qarşı hər hansı hərbi əməliyyatlara təhrik edə bilməyəcək. “Əlbəttə ki, Ermənistan Rusiya da daxil olmaqla KTMT-dəki müttəfiqlərdən kömək istəyəcək, çünki onun ərazisində - Gümrüdə Rusiyanın hərbi bazası var.
Amma Rusiya müharibə etmək istəmirsə, Ermənistan Rusiyanı müharibə etməyə məcbur edə bilməz”. Bütün bu fikirlər regionda partlayacaq mərmilərin barıt qoxusunu yayır. Yəni, sülhün döyüşlərlə təminatı birmənalı olaraq təsdiqlənir və bu, tezliklə ehtimalların reallığa çevriləcəyini bildirir.
N.NOVRUZ