"Azadlıq fikri geniş başa düşülməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

nportret2

 

 

AXCP Rəyasi Heyətinin üzvü Aqil Əli Məhərrəm bildirib ki, "Ölkədə bütün azadlıqlar demək olar ki, ləğv edilib. Mitinq meydanları qapadılıb. Bircə xüsusi günlərdə edilən ziyarətlər qalıb, get-gedə onu da qadağan etməyə çalışırlar.

Məsələyə münasibət bildirən Azad Vətən Partiyasının Siyasi Şurasının sədri Novruz Novruzov bunları deyib: "AXCP öz fikrində nə isə düşünə bilər. Amma məsələ belədir ki, müasir siyasətdə reallıqlar tamam başqa istiqamətdə cərəyan edir. Biz qərbin, insan hüquqlarının mənbəyi saydığımız Fransanın hərəkətlərini, ikiüzlü siyasətini, riyakarlıq etdiyini dəfələrlə görmüşük. Belə olan şəraitdə bunlar azadlıq nəyə deyirlər? Biz fikrimizi ifadə bilirik, mətbuat, radio, televiziya var. Həmin o şəxs özü də nə istəyirsə deyir. Hətta dediyi “Bizdə azadlıq yoxdur” sözü də fikrini açıq şəkildə ifadə etməsinə nümunədir. Əgər bunlar varsa, hansı təcridetmədən, yaxud qadağadan söhbət gedə bilər?

Söhbət azadlığı necə başa düşməkdən və azadlıq uğrunda göstərilən fəaliyyətin nəyə xidmət etməsindən gedir. Biri var ki, ölkənin imicinə zərbə vurmaq üçün xidmət edilir, biri də var ki, həqiqi azadlıq tələb edirsən. Məsələ burasındadır ki, azadlıq, demokratiya qanunların hakim olması deməkdir. Əgər qanunlara əməl olunsa bütün dediyimiz məsələlər öz həllini tapa bilər. Azadlıq fikri geniş başa düşülməlidir. Fikir azadlığı, düşüncə azadlığı, insanın özünün fərdi hazırlığından asılıdır. Məhərrəmli nəyi nəzərdə tutub bilmirəm. Mitinq etmək istəyirsə, mitinqin mövzusu müasir inkişaf səviyyəsi ilə uzlaşırsa, bu olur. Yox əgər qanun pozuntusu ilə müşayiət olunursa və bunun qarşısı alınırsa, bu azadlığın qadağan olunması demək deyil. Qanun pozuntusunun qarşısının alınması deməkdir".
Müəllif: Rəşid Qarayev

sia.az

 

Xocalı soyqırımını tanımayanların ədalətdən danışmağa haqları yoxdur

memorial kompleks

Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımı bəşəriyyətin ən
amansız vəhşiliyidir. Hər il faciələrimizin ildönümləri ilə bağlı istər vətəndə, istərsə də, xarici
ölkələrdəki cəmiyyətlərimiz və milli təşkilatlarımız tərəfindən anım tədbirləri keçirilir.
Xocalı soyqırımının beynəlxalq aləmdə hüquqi və siyasi cəhətdən qiymət alması, onun təşkilatçı-
ları və icraçılarının cəzalındırılması gələcəkdə belə qəddar aktların təkrarlanmaması üçün ilboyu ardıcıl işlər aparmalıyıq.

Xocalı faciəsinin 32 illiyi ilə əlaqədar anım mərasimini xalqımızın, ordumuzun və dövlətimizin qüdrəti sayəsində erməni işğalından azad edilmiş Xocalı şəhərində keçirən Prezident İlham Əliyev dünya ictimaiyyətinə önəmli mesajlar ünvanlamışdır. ““Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”. Dövlət başçısının bu sözləri Fransa və Cənubi Qafqaz regionunu qarışdırmaq istəyən, hələ də imperialist ovqatı ilə yaşayan digər ölkələrə açıq ittihamdır. Başqa xalqların istismarı hesabına özləri üçün firavan həyat qurmağa çalışanların haqq-ədalət və demokratiyadan danışmağa haqqı yoxdur. İrqi və milli ayrı-seçkilik zəminində insanların qətliamını müdafiə edənlərə bu gün beynəlxalq aləmdə yer olmamalıdır. Təəssüf ki, dünyada siyasəti bu gün güc üzərində cərəyan edir.
Dünya birliyinin ən güclü və inkişaf etmiş dövlətləri anlamalıdırlar ki, Xocalı soyqırımı təkcə bir şəhərin faciəsi deyil, bu, təkcə xalqımızın tarixinə yazılmış müdhiş səhifə deyil, həm də bəşəriyyətin vicdanına həkk olunmuş qara ləkədir.
Azərbaycanın dövlət başçısının iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksinin təməli qoyulub. Bu abidə dünya birliyinin Xocalı soyqırımını tanıması və təsbit etməsi, habelə erməni faşistləri başda olmaqla dünyadakı fsşist təfəkkürlü bütün cəlladlara qarşı mübarizənin rəmzinə çevriləcək.

Novruz Novruzov

AzVP-nin İSiyasi Şurasının sədri

Londonda deputat Cavanşir Feyziyevin 22 obyekti həbs edildi - FOTO

c.feyziyev

Böyük Britaniya məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı, iş adamı Cavanşir Feyziyevə məxsus Londonda 22 mülkə həbs qoyub.

Feyziyev və həyat yoldaşı "qanunsuz əldə etdikləri gəlirdən" əmlak əldə etməkdə şübhəli bilinirlər. Britaniya mənbələrinin məlumatına görə, Milli Məclis deputatının vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verib və fevralın 22-də London Ali Məhkəməsi şikayətə baxmağa başlayıb.

Ekspertlərin fikrincə, Feyziyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilən daşınmaz əmlakın ümumi dəyəri 63 milyon dollardan çoxdur. Məlum olub ki, 2023-cü ilin iyununda London məhkəməsi Böyük Britaniya Milli Cinayət Agentliyinin (NCA) iddiası əsasında bu əmlakı dondurub.

Bu qərardan Cavanşir Feyziyevin vəkillərinin verdiyi apellyasiya şikayətinə hakim Naycel Poul tərəfindən baxılır. İddiaçının vəkilləri NCA-nın "hüquqi prosedurlara düzgün əməl etmədiyini" bildiriblər. Nəticədə müəyyən əmlakların əldə edilməsinin qanunsuz olması barədə "mənfi nəticə" çıxarılıb.

Cavanşir Feyziyev və onun ailə üzvlərinin işi üzrə əvvəllər Böyük Britaniya Milli Cinayət Agentliyinin təşəbbüsü ilə başlanmış məhkəmə prosesi artıq yekunlaşıb. Məhkəmənin qərarına əsasən, C.Feyziyev və ailə üzvlərinin London banklarındakı hesablarında olan on milyonlarla dollara həbs qoyulub. 2022-ci ildə isə məhkəmə bu məbləğdən 7 milyon 560 min dolların (5,6 milyon funt sterlinq) müsadirə edilməsinə qərar verib. Qalan vəsaitlər isə həbsdədir.

C.Feyziyevlərin o zamankı vəkilinin mətbuata verdiyi açıqlamaya görə, ailə pulların müsadirə olunmasından məyus olub, lakin Milli Cinayət Agentliyinin tələb etdiyi 15,4 milyon funt-sterlinqdən çox, onlardan yalnız 5,6 milyon funt-sterlinqin müsadirə olunmasından "məyus" olub. Bundan əlavə, ailə üzvləri məhkəmənin "nə Cavanşir Feyziyevin, nə də təqsirləndirilən şəxslərin heç birinin korrupsiyada iştirak etmədiyi" hökmünü vurğulayırlar.

Fəqət C.Feyziyevin bank hesablarındakı pul vəsaitləri ilə bağlı məhkəmə prosesi başa çatdıqdan az sonra NCA agentliyi Milli Məclisin deputatını və onun ailə üzvlərini təqib etməkdə davam edib və sonda onların Londonda malik olduğu əmlakı dondurmağa nail olub.

Məhkəmənin qərarına əsasən, Feyziyev və onun həyat yoldaşının adına rəsmiləşdirilmiş daşınmaz əmlak satıla və ya heç kimə hədiyyə edilə bilməz. Milli Cinayət Agentliyinin nümayəndələri deyirlər ki, Feyziyevin əmlakının qanunsuz əldə edilməsinə dair əllərində "inandırıcı sübutlar" var.

Məhkəməyə təqdim edilən sənəddə NCA, "uyğun olmayan, yalan və ya uydurma təsvirlərlə" müşayiət olunan və çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərə qədər izlənilə bilən "son dərəcə mürəkkəb pul vəsaitlərinin hərəkətini" təsvir etdi.

C.Feyziyevin dondurulmuş mülklərinin ən bahalısı Londonun eksklüziv Chelsea Barracks kompleksində 2020-ci ildə 26 milyon funt sterlinqə (33,4 milyon dollar) alınmış iki iqamətgahdır - Britaniya hakimiyyəti hələ də Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğlunun cinayətdə iştirakını araşdırırdı.

Dondurulmuş digər əmlaklar arasında Regents Parkına baxan London mənzili, həmçinin C.Feyziyevin 10 milyon funt sterlinqə (13,7 milyon dollar) aldığı Böyük Britaniya paytaxtının şimal-qərbindəki yaşayış kompleksində yeni tikilmiş, deputatın 2008-ci ildən 2018-ci ilə qədər müddətdə aldığı iddia edilən on doqquz mənzil daxildir. Həmin mənzilləri sonradan komissiyasız trast idarəçiliyinə verilib.//Mənbə: Milli.az

Növbədənkənar seçkilər mövcud şəraitin siyasi təsbiti kimi dəyərləndirilə bilər

secki qutusu


Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıq sürətlə davam edir. Artıq Mərkəzi Seçki Komissiyası da ilk qərarlarını verib və prosedurun tam həcmdə yerinə yetirilməsi üçün vaxt və tarixlər müəyyənləşdirilib. Adətən seçkili orqanlara və ya ölkə prezidentliyinə fövqəladə şəraitdə növbədənkənar seçkilər təyin olunur. Fövqəladə vəziyyət də özlüyündə xaos, gərginlik, qeyri-sabitlik və bu kimi şəraitləri ehtiva edir. Bu səbəblərdən də böyük-kiçikliyindən və inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün bu, arzuolunmaz haldır. İndi Azərbaycanda da “növbədənkənar seçkilər” məfhumunun işlədilməsi ilk baxışda təəccüblü görünür. Axı, ölkədə heç bir dağıdıcı təbiət hadisəsi, yaxud iqtisadi-siyasi müvazinətsizlik baş verməyib. Əksinə, əsrimizin ilk qərinəsində Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərilən top-20 ölkənin sırasına daxil olub. Mübaliğəsiz etiraf etmək gərəkdir ki, belə bir nailiyyətə çatmaq böyük uğurdur. Bu gün dünya ölkələrinin əksəriyyətində ciddi siyasi kataklizmlər baş verir, dünən dost olan ölkələr bu gün müharibə edirlər.
2023-cü il ölkəmiz üçün başa çatdırılan Zəfər ilidir. Gələn il müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və bu ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ölkənin belə bir ürəkaçan dövründə növbədənkənar seçkilərin keçirilməsi, açıq görünür ki, şəraitin ekstremallığından yox, idarəetmədə zəruri optimallığın yüksəldilməsindən, islahatların tempinin artırılmasından irəli gəlir.
Üstəlik, hazırkı prezident və dövlət başçısı postuna real namizəd olan İlham Əliyevin şəxsi xarakterik cizgiləri, Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlayan beynəlxalq şər qüvvələrə qarşı mübarizəni beynəlxalq aləmdə genişləndirməsi seçkilərin növbədənkənar keçirilməsinin zəruriliyini ortaya qoya bilər. Yəni, elə bir situasiyada seçki keçirmək gərəkdir ki, prezident olmağı arzulayan hər kəs bu marafonda çətinlik çəkmədən iştirak edə bilsin. Çünki, namizəd olaraq İlham Əliyevin seçilmək şansı şübhəsizdir, özü də buna inamlıdır, lakin yenə də hamı üçün bərabər imkanlar yaratmaq arzusu prezident seçkilərinin daha münasib vaxta keçirilməsini şərtləndirir. Bu isə demokratik quruculuq yolunda mühüm addımdır. Bu mənada Prezidentin növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul etməsi həm də yeni siyasi iradə nümayişidir.
Azərbaycan siyasətin və iqtisadiyyatın bütün sahələri üzrə inkişaf edir. Bu faktı daxili və xarici ekspertlər, politoloqlar, iqtisadçılar, dövlət başçıları, ictimasi-siyasi xadimlər, sənət adamları, işgüzar dairələr etiraf edir, görür, qiymətləndirir, təqdir edirlər. Lakin qəribədir ki, elmi biliyi, daşıdığı vəzifəsi, nüfuzu ilə sanballı olan insanların verdiyi qiymətləri Qərbin pulları hesabına demokratik dona bürünən və ya heç yerdə tanınmayan kimlərsə qəbul etmək istəmir, doğulub böyüdüyü ölkəyə böhtanlar yağdırır. Adətən bu cür fəaliyyət mühüm siyasi hadisələr baş verən ərəfədə güclənir. İndi də növbədənkənar prezident seçkiləri elan olunduqdan sonra pozuculuq fəaliyyətləri artmaqdadır. Təbii ki, bu fəaliyyətin arxasında Azərbaycanı istəməyən qüvvələr, xüsusilə də xaricdəki erməni lobbisi dayanır. Siyasi gedişlərdən xəbərdar olan insanlar belə gedişlərin necə dolayısı ilə həyata keçirildiyindən xəbərdardırlar. İndi də iradəcə səbatsız olan bəzi azərbaycanlılar sadəcə varlanmaq eşqi ilə xarici pozucu qüvvələrin diqqətini cəlb edirlər. Bundan sonra isə alver və böhtan kampaniyasına start verilir. Lakin bütün bunlar əbəsdir. Azərbaycanda siyasi qüvvələrin öz inkişaf yolu var və bu istiqamətdə təxribatlar törətmək absurd cəhdlərdən başqa bir şey deyil.

Novruz NOVRUZOV

Azad Vətən Partiyasının Siyasi Şurasının sədri

Zəfərlərimizin Kəlbəcər günü


25 noyabr – Kəlbəcər günüdür

kelbecer

Vətən müharibəsində qazandığımız böyük Zəfərin təntənəsi işğaldan azad edilmiş şəhərlərdə qeyd edilən bayramlarda aydın hiss olunur. Kəlbəcər şəhəri günü bu bayramlardandır. Kəlbəcərin işğalı da digər rayonlar kimi ağır və yeri doldurulan bilməyən insan tələfatları ilə müşayiət olunub. Himayədarlarına arxalanan ermənilər azərbaycanlıları məhz azərbaycanlı olduqları üçün öldürüb, doğma yurd-yuvalarından qovublar. Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qaldı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər. Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür.
Bu qanlı hadisədən bir il sonra, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunan zaman 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Azərbaycan xalqı öz rəhbəri və ordusu ilə birlikdə məqsədyönlü şəkildə işğala qarşı mübarizə apardı. Torpaqlarımızın azad edilməsinin yolu asan olmayıb. Bu tarixi Zəfərin arxasında gərgin diplomatik mübarizə, güclü iqtisadiyyat uğrunda ciddi səylər, böyük ordu quruculuğu, sarsılmaz mənəvi hazırlıq durur.
Dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyəti azadlıq yolunun çətinliyini real əks etdirir. Hadisələrin cərəyan etdiyi dövrdə Azərbaycan rəhbərliyi dəfələrlə Qarabağın azadlığı prosesində destruktiv rol alan qüvvələrə qarşı qətiyyətli mövqe sərgiləyib. Hələ 2016-cı ildə Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycana qarşı beynəlxalq cəbhə yaratmış güclərə qarşı aparılan diplomatik müharibənin kulminasiya nöqtəsi sayıla bilər. Çünki, kimlərsə Dağlıq Qarabağ müharibəsini dondurulmuş münaqişə kimi xarakterizə edirdi. Bu, destruktiv qüvvələrin dünya ictimaiyyətində formalaşdırmaq istədiyi fikir idi və Azərbaycan rəhbərliyinin və xalqının bununla guya razılaşması barədə illüziya yaratmaq məqsədi güdürdü. Həqiqətdə isə Dağlıq Qarabağ uğrunda kəskin diplomatik mübarizə gedirdi. Prezident İlham Əliyev iclasda bu haqda da danışaraq mövqeyini bir daha ortaya qoymuşdu: “Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir”.
Tarix sübut etdi ki, bu fikirlər, təkziblər təsadüfi deyilməyib və Azərbaycan Vətən müharibəsində nəinki Ermənistana, həm də beynəlxalq şər qüvvələrə qalib gəlib. Bu gün Kəlbəcərin coğrafi ərazisinin yüksəkliyindən görünən təbiətin füsunkar panoramı həm də qələbəmizin möhtəşəmliyini nümayiş etdirir. Bu bölgə həm hərbi-strateji nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır, həm də iqtisadi potensialı etibarı ilə zəngin resurslara malikdir. 30 il ərzində qəsbkarlar digər ölkələrin şirkətləri ilə əlbir olub regionun təbii ehtiyatlarını talayıblar. Ancaq özbaşınalıq, işğalçılıq birdəfəlik bitib. Azərbaycan öz ərazi bütövlüyünü və süverenliyini bərpa edib. Xalqımız öz sərvətlərinə yiyələnib. Kəlbəcir və işğaldan azad edilmiş digər şəhər və kəndlərimiz əsl inkişaf yoluna çıxıb. Tezliklə Qarabağ bölgəsi Azərbaycanın sürətlə inkişaf edən turizm və sənaye bölgəsinə, firavan yaşayış məskəninə çevriləcək.
Novruz NOVRUZOV
Azad Vətən Partiyası Siyasi Şurasının sədri

4 -dən səhifə 135

Oxşar məqalələr