Əlaqələrin inkişafı üçün möhkəm siyasi və iqtisadi təməl var

 

Bu gün Azərbaycan iqtisadiyyatının əsas mövzularından biri neft və qeyri-neft sektoru arasında əlaqəli inkişafın təsbit olunmasıdır. Bu iş çoxdan başlanılıb, sadəcə indi başlanmış işin davamlılığının və vaxtaşırı dəyişən parametrlərin bir-birilə uzlaşmasının təminidir. Çünki, neft gəlirləri vaxtilə ölkədə əsas iqtisadi kursu təyin edən amil rolunda çıxış edirdi. Düzgün iqtisadi strategiya sayəsində həmin gəlirlər məqsədyönlü şəkildə insan kapitalına və qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu gün artıq qeyri-neft sektoru neft sektoruna çatıb və onu ötüb keçməyi hədəfləyib. Bunun arxasında isə hökumətin ardıcıl olaraq həyata keçirdiyi tədbirlər dayanır.
Bu sırada ilk olaraq qanunvericilik bazasının sadələşdirilməsi və təkmilləşdirilməsi durur. Hazırda Azərbaycan qanunvericiliyinə görə biznes qurmaq çox asandır. Bütün bürokratik əngəllər, süni maneələr aradan qaldırılıb. Hətta əsassız və yersiz, işin ləngiyməsinə səbəb olan vergi yoxlamaları da ləğv edilib. Bütün iqtisadi parametrlər üzrə sahibkarlar sərbəst fəaliyyət meydanı əldə ediblər. Onlara işləmək, istehsal etmək, azad surətdə satmaq imkanı yaradılıb və qarşılarına vergiləri vaxtında ödəmək tələbi qoyulub.
Bu irəliləyiş ölkədə həyata keçirilən davamlı islahatların məntiqi nəticəsidir. Məhz bu islahatlar fonunda strateji hədəf olaraq iqtisadiyyat liberallaşdırılır və şaxələndirilir, kiçik və orta sahibkarlıq inkişaf edir, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi getdikcə artır. Yaradılan əlverişli biznes mühiti isə ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradır. Sözsüz ki, burada ictimai-siyasi sabitlik faktoru da ciddi rol oynayır. Bu göstəriciyə görə, Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü üstələməyə müvəffəq olub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi nəhəng ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Azərbaycan rəqabət qabiliyyətinin gücünə görə MDB məkanında öz liderliyini inamla qoruyur.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və çıxışı ölkəmizin bu təşkilata daxil olan ölkələrlə iqtisadi əlaqələrinin miqyasına aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, kiçik rəqəm deyil və müasir texnologiyalar əsasında sənaye sahələrinin inkişafının stimullaşdırılmasında həlledici rol oynayır. Təbii ki, bu sırada Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan kimi ölkələrin xüsusi çəkisi var. Azərbaycandakı mövcud investisiya imkanları yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Bu gün Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da ildən-ilə genişlənir.
Azərbaycan inkişafa iqtisadçıların birtərəfli istiqamət hesab etdikləri neft ölkəsi qismində başlasa da indi geniş sferada hərtərəfli iqtisadi yüksəlişə malikdir. Daha heç bir iqtisadçı Azərbaycan iqtisadiyyatının istiqamətini təhlil edəndə “Holland sindromu” deyimindən istifadə etmir.
Ölkəmiz öz təbii sərvətləri, insan kapitalı, sənaye və qeyri-neft sektorunun müxtəlif sahələri ilə çoxprofilli iqtisadiyyatını sürətlə irəlilədir. Bunun üçün isə ilk növbədə ictimai sabitlik, müvafiq qanunvericilik bazası, biznes prosedurlarının sadələşməsi, gələcəyə inam və sairə məsələləri həll etmək lazım idi. Bütün bunlar vaxtında, müasirlik ruhunda həyata keçirildi və inkişafa təkan oldu. Ölkədə onlarca yeni elektrik stansiyaları tikildi. Hökumətin bu sahəyə belə böyük dəyər verməsi həm yeni müəssisələrin işə salınmasında, həm də əhalinin sosial güzəranının yaxşılaşdırılmasında elektrik enerjisinin əsas rol oynadığına görədir. Nəticədə Azərbaycan elektrik enerjisi idxalçısından ixracatçısına çevrilib. Görülən işlərin hamısı məqsədyönlüdür və yalnız innovativ xarakter daşıyır. Azərbaycan tikdiyi hər bir müəssisədən, istehsal sahəsindən gəlir götürür.
İş davam edir. Bu ilin vəzifələri ötən ildəkindən daha məsuliyyətlidir. Çünki, özül yaranıb. Stimul güclüdür. Demək, gələcəyə inam da artıb. Azərbaycan xalqı öz dövləti və qurucu rəhbəri ilə yalnız irəliyə baxır.
Qeyri-neft sektorunun mühüm məziyyətlərindən biri də inzibatçı-amirlik sisteminin iqtisadi strukturdan uzaqlaşmasıdır. Çünki, əhali özü öz arzusu ilə hökumətin yaratdığı şəraitdən istifadə edərək özünə iş yeri yaradır. Bu məsələdə hər bir fərd sərbəstdir, hökumət bu işdə ona yalnız kömək edir, yəni, güzəştli kreditlər ayırır, iri layihələrin həyata keçirilməsində dəstək olur, xarici bazarlara çıxış üçün dövlətin gücündən və nüfuzundan istifadə edir.
Azərbaycan öz legitim hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi. Bununla da ölkənin böyük bir ərazisini təşkil edən Qarabağ bölgəsi işğaldan azad oldu. 3 ildir ki, bu bölgədə böyük quruculuq işləri görülür, dağıdılmış şəhər və kəndlər bərpa edilir, eyni zamanda yeni sənaye müəssisələri tikilir, bu müəssisələr iqtisadiyyatın inkişafına öz töhfələrini verir. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri bu prosesdə könüllü iştirak edir, qarşılıqlı faydalı əlaqələrin inkişafına çalışırlar. Özbəkistanın işğaldan azad edilmiş Füzuli rayonunda tikdiyi məktəb binası buna gözəl nümunədir.
Daşkənd toplantısında Prezident İlham Əliyevin üzv dövlətlərin başçıları ilə keçirdiyi görüşlər, apardığı müzakirələrin məzmunundan görünür ki, İƏT (ECO) daxilində qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra daha sürətlə inkişaf edəcəkdir. Bunun üçün möhkəm siyasi və iqtisadi təməl var.

Novruz NOVRUZOV
Azad Vətən Partiyası Siyasi Şurasının sədri

Lider ölkənin lider rəhbəri və gələcək zəfərlərə doğru

paradxan
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, əsrlər boyu torpağımıza, dövlətçiliyimizə, insanlarımıza düşmən kəsilmiş erməni adlı nankor qüvvəyə qarşı apardığımız azadlıq mübarizəsində birdəfəlik olaraq məqsədinə çatdı. Daha düşmən ərazilərimizi işğal edə, şəhər və kəndlərimizi dağıda, insanlarımızı əsarətə ala bilməyəcəklər. Nə erməni terrorçuları, nə də Ermənistan adlı oyuncaq dövlətin
rəhbərləri bizə kişilikdən, Bakını işğal edib burada çay içməkdən, Şuşada qol-boyun olub yallı getməkdən danışa və həzz ala bilməyəcəklər. Biz qalib millət, qalib xalq, qalib dövlətik!
Böyük Zəfər bayramı münasibətilə Xankəndidə hərbi paradda iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyev çıxış edərək deyib: “Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın”.
Dövlət başçısının dediyi bu sözlər bu gün Azərbaycanın nüfuz etdiyi beynəlxalq siyasi dairənin reallığıdır. Başqa sözlə, ölkəmiz Cənubi Qafqazın lider dövlətidir və onsuz regionda hər hansı iqtisadi və siyasi layihənin reallaşdırılması mümkünsüzdür. Belə bir yüksək məqama yüksəlmək olduqca çətin prosesdir və hər ölkəyə nəsib olmur. Çünki, strateji və taktiki, istər siyasi, istərsə də iqtisadi addımlar dəqiqliklə ölçülüb biçilməli, tam şəkildə yerinə yetirilməlidir. Azərbaycan bu tarixi yolu uğurla keçib və əzmlə davam etdirir. Bütün bu uğurların önündə, etiraf etmək lazımdır ki, prezident İlham Əliyev gedir. Keçilən yolun çətinliyinə və mürəkkəbliyinə diqqət edəndə aşkar görünür ki, yalnız İlham Əliyev səviyyəsində bir rəhbər belə uğura imza ata bilərdi. Bu fakt təkcə Azərbaycandan deyil, dünyanın bütün guşələrindən baxanda aydın görünür. Buna neçə-neçə misal çəkmək olar.
Ukrayna Silahlı Qüvvələrinin zabiti, hərbi-siyasi şərhçi Taras Berezovets böyük Zəfərlə bağlı Report İnformasiya Agentliyinin Şərqi Avropa bürosuna açıqlamasında deyib: “Əlbəttə ki, bu qələbə uzun illər ərzində Silahlı Qüvvələrdə aparılan islahatlarsız mümkün olmazdı. Bu islahatlar ardıcıl şəkildə həyata keçirilib. Mən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənizə dəvət olunmaq şərəfinə nail olmuşam. Nəticədə Azərbaycan Ordusunda həyata keçirilən islahatları gözlərimlə görmüşəm. Əslində, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü necə bərpa edəcəyinə də nümunədir. Ukrayna NATO standartlarına uyğun ordu yaratdıqdan sonra məhz belə hərbi qələbə qazanmalıdır. Ukraynanın strateji baxımdan dostu olan Azərbaycanın qələbəsi isə şübhəsiz, bizim üçün çox əla xəbərdir və bu münasibətlə hər kəsi təbrik edirəm”.
Heç şübhəsiz, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi uğrunda dövlət başçısının rəhbərliyi ilə xalqın qətiyyətli mübarizəsi davam edəcək. Əhalinin rifah halının yaxşılaşdırılması üçün sosial layihələr gücləndiriləcək, işğaldan azad edilmiş bölgələr sürətlə yenidən tikiləcək, abadlaşdırılacaq. İlham Əliyevin prezidentlik imicini formalaşdıran və məşhurlaşdıran, habelə müasir situasiyada optimal inkişaf yolunun tapılmasında əhəmiyyətli rol oynayan məsələlər bunlardır. Bu panoram həm ölkə daxilində, həm də xaricdə aydın görünür və təqdir olunur. Ola bilər ki, xaricdə kimlərəsə sərf etməsin, amma Azərbaycan xalqı öz rəhbərinə inanır və etibar edir.

Novruz NOVRUZOV
Azad Vətən Partiyası Siyasi Şurasının sədri

BQT diqqəti Azərbaycan türklərinin tarixinə yönəldir


Beynəlxalq Qarabağ Təşkilatı idarə heyətinin növbəti toplantısı keçirilib
Toplantıya BQF-nin Azərbaycan, Türkiyə, Rusiya, İsveç, Almaniya, Gürcüstan və Azərbaycandan olan təmsilçiləri qatılıb. Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən “İğdır-Azərbaycan Evi” diaspor təşkilatının rəhbəri Ziya Zakir Acarın moderatorluğu ilə toplantıda “Fələstin-İzrail müharibəsi və bölgəyə mümkün təsiri”, “Azərbaycan - Ermənistan münasibətlərində son durum” və digər məsələlər müzakirə olunub. Müzakirələrdə Türkiyədən Ziya Zakir Acar, Bilal Yücebaş, Azərbaycandan Akif Nağı, Şamil Mehdi, Novruz Novruzov, Gürcüstandan Ələddin Qarabağlı, İsveçdən Ülviyə Nəcəfli, Almaniyadan Burzu Qılıncxanov iştirak ediblər.
Görülən işlər sırasında ötən ay təşkilatın Türkiyədə keçirdiyi “Zəngəzur: tarix və müasirlik” elmi-praktik konfransının elmi ictimaiyyətdə doğurduğu müsbət rəylər və kütləvi informasiya vasitələrinin tədbirə böyük marağı qeyd olunub. Ziya bəyin və Bilal bəyin təşkilatçılığı ilə İğdırda və Vanda baş tutmuş konfrans ictimaiyyət arasında da geniş əks-sədaya səbəb olub. Çıxış edənlər bildiriblər ki, bu cür aktual məsələlərə həsr olunmuş elmi konfransların keçirilməsi işi intensivləşdirilməlidir.
Təşkilatın koordinatoru Akif Nağının təklif etdiyi “Azərbaycan türklərinin yaşadıqları coğrafi ərazidən asılı olmayaraq eyni tarixi köklərə malik olmaları haqda elmi konsepsiya işlənib hazırlanmalı və auditoriyalarda müzakirə yolu ilə əhali qruplarına çatdırılmalıdır” tezisi toplantı iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Bildirildi ki, əsrlər boyu müxtəlif yollarla millətimizi parçalayan və bir-birinə qarşı qoyan düşmən təbliğatına son qoymaq və birlik üçün bu çox vacib məsələdir. Ələddin Qarabağlı bu tezisin aktuallığını qeyd etməklə yanaşı bildirdi ki, Gürcüstanda yaşayan soydaşlarımızın da bu cür tədbirlərdə iştirakı böyük səmərə verər. Şamil Mehdi, ümumiyyətlə, türk millətləri arasında təhsilin səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışdı. Ziya Zakir Acar təəssüflə bildirdi ki, insanlar oxumağa yox, daha çox əyani görüşlərdə danışılanlara diqqət yetirir. Bilal Yücebaş da Van şəhərində yaşayan Azərbaycan kökənli türklərin toparlanması üçün görüşlərin böyük əhəmiyyət daşıdığını dedi. Qərara alındı ki, bu istiqamətdə xüsusi proqram hazırlansın və həyata keçirilməsi üçün gələcək toplantılarda müzakirə edilsin.
BQT-nin mətbuat xidməti
10.11.2023

Sevinci kədərə çevrilmiş Sevincin göz yaşları...

 


Daha Qarabağ problemi yoxdur, yoxdur işğal edilmiş torpaqlarımız, yoxdur Azərbaycana və onun dövlət rəhbərliyinə şər-böhtan atmaq üçün istifadə edilən saxta faktlar və arqumentlər. Bunların yerini Azərbaycan xalqının, Azərbaycan ordusunun və Azərbaycan prezidentinin, Ali Baş Komandanının fədakarlığı sayəsində qazanılmış böyük zəfər, bu zəfərdən doğan sevinc nidaları tutub. Azərbaycan bu zəfərlə özünün böyüklüyünü təsdiq etdi. Çünki, torpaqlarımızı işğal edən Ermənistanla bərabər onun arxasında duran iri dövlətlərin birliyinə qarşı mübarizədə qalib gəldi. Bunu beynəlxalq aləmdə yüzlərlə ağıllı-başlı siyasətçi, siyasi və hərbi ekspertlər təsdiqləyib. Ancaq özünü hüquq mühafizəçisi və ya demokrat adlandıran, Azərbaycanın çörəyi ilə böyüyüb indi ona nankorluq edən bəzi şəxslər var ki, bu zəfər onun sevincini kədərə bürüyüb. Necə ki, Sevinc Osmanqızı adlı milli identifikasiyasını itirmiş birisi özünün “yutube” kanalında, yumşaq desək, çərənləməkdə davam edir. Amma yox, tamaşaçıların saqqızını oğurlamaq üçün onun ağlar səslə bildirdiyi tartan-partan arasında bəzi real notlar da yer alıb. Bu xanım öz verilişində deyir ki, özünü radikal, yəni tünd müxalifət adlandıran dəstənin (şaykanın) baş personajı Əli Kərimli onun adından böyük bir saxtakarlıq edərək hansısa yalanın yazıldığı kağıza “Sevinc Osmanqızı” imzasını qoyub. Bu məsələdə iki məqam var: birincisi, bu adamlar yalan və fırıldaqla nəfəs alırlar, saxta imzalar bunların fəaliyyətində qırmızı xətdir. İkincisi, deyir, “sirkə nə qədər tünd olsa, öz qabını çatladar”, Azərbaycanın zəfər dolu inkişaf xətti bunların arasına nifaq salıb.
Pis olan budur ki, Əli Kərimli saxtakarlığını ifşa edən Sevinc Osmanqızı yenə də baş verən olaydan dərs almayıb, çünki məsləkdaşını yamanlayıb qurtaran kimi özünün böhtançılıq şakəri baş qaldırıb və başlayıb Azərbaycan xalqının zəfər ruhunu böhtanla zəhərləməyə. Guya xalqımızın övladları əbəs yerə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda ediblər, guya bu qələbə yox, məğlubiyyətdir və s... Bu azmış kimi S.Osmanqızı “Azərbaycanın qədim əraziləri” ifadəsinə istehza da edir. Üzdəniraq azərbaycanlı xanımın çıxışı o zaman baş verir ki, sosial şəbəkələrdə, informasiya kanallarında Azərbaycanın qədim ərazisi olan Zəngəzura hücum edəcəyi ilə bağlı feyk xəbərlər dolaşır. Yəni, düşmənlərimiz qorxu içərisindədirlər, çünki gözəl bilirlər ki, Zəngəzur, eyni zamanda İrəvan Azərbaycanın qədim əraziləridir və bu torpaqların öz həqiqi sahibinə qaytarılması ilə tarixi ədalət nə vaxtsa bərpa oluna bilər. Bu ehtimalın qarşısını indidən almaq üçün müvafiq platforma yaradılmalıdır. Və sevinc osmanqızı kimi milli heysiyyətini itirmişlər bu işdə düşmən dəyirmanına su tökürlər. Başqa sözlə, xaricdəki erməni lobbisi və Azərbaycan əleyhinə işləyən siyasətçilər, ayrı-ayrı dövlətlər bu cür “azərbaycanlılardan” pul qarşılığında istifadə edirlər.
Müdriklərdən biri deyib: “Ağıllı adam o şəxsdir ki, kənardan özünə baxmağı bacarır”. Mükəmməl deyimdir. Özünü demokrat adlandıran Sevinc kimilərdə ağıl olsaydı özlərinə kənardan baxar və nə qədər miskin olduqlarını görərdilər. Amma fəaliyyətlərinə görə əldə etdikləri pullar onların gözünü örtüb və ümumiyyətlə, ətraflarını, Azərbaycanda gedən yüksəlişi görə bilmirlər və ya bunu sadəcə istəmirlər. Lakin onların zamana, cəmiyyətimizdə baş verən proseslərə təsir imkanları sıfırdır. Ona görə ki, qarşılarında Azərbaycan xalqı və onun dəstəklədiyi lider var. Bu birliyi sarsıda biləcək qüvvə isə yoxdur.

Novruz Novruzov

Azad Vətən Partiyası Siyasi Şurasının sədri

Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqazda sabitliyin əsas stimulu ola bilər

zengezur dehlizi
Müasir dövrdə Azərbaycan regional təhlükəsizlik sisteminin yeni doktrinasının reallaşdırılmasında və qlobal miqyasda geosiyasi qüvvələrin tarazlığı konsepsiyasının formalaşmasında vacib aktorlardan birinə çevrilib. Hazırkı dönəmdə Azərbaycan və Ermənistan arasında bağlanması aksioma olan sülh sazişi Cənubi Qafqazda inkişafın və sabitliyin yeni, daha güclü dalğası üçün güclü stimul ola bilər.
Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Prezident İlham Əliyev bu il mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışında deyib: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq”.
Dünya xalqları arasında dialoqun genişləndirilməsinə, dünya mədəni irsinə verdiyi töhfələrə, təbii resurslardan birgə istifadəyə və sairəyə rəğmən təhlükəsizlik problemi də Azərbaycan üçün mühüm məsələdir. Yaradılmış nəqliyyat infrastrukturu imkan verir deyək ki, Azərbaycan böyük miqyasda bir nəqliyyat qovşağıdır. Bu qovşağa beynəlxalq avtomobil və dəmiryol şəbəkəsi, enerji daşıyıcıları şəbəkəsi (neft və qaz kəmərləri), su və hava nəqliyyatı daxildir. Bu qovşağın qorunması beynəlxalq qanunlarla yanaşı həm də hərbiləşdirilmiş mühafizə sistemi vasitəsilə qorunur. Neft- və qaz kəmərləri ilə öz məhsulunu daşıyan digər dövlətlər də həmin kəmərlərin təhlükəsizliyində maraqlıdır və bilavasitə bu işdə iştirak edir. Bunlar çox yaxşıdır və iqtisadi əlaqələrin təhlükəsizliyinə və qorunub saxlanmasına zəmanət verir. Belə olan halda milli təhlükəsizliyi yaddan çıxarmaq olarmı? Axı, bütün nəqliyyat dəhlizlərinin məsuliyyəti Azərbaycan üzərindədir. Əgər Azərbaycanın milli təhlükəsizliyi Ermənistan tərəfindən daim təhdid altında olacaqsa, onda hansı təhlükəsizlikdən danışmaq olar? Azərbaycanın milli təhlükəsizliyinin təhdidi əslində, nəqliyyat dəhlizlərinin də birbaşa təhdid edilməsi deməkdir.
Qloballaşma prosesinin gücləndiyi şəraitdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun Avropaya və ümumiyyətlə, Qərbə çıxışında Azərbaycan açar rolunda çıxış edir. Təsadüfi deyil ki, Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tiflis-Ərzrum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryol xətti, TransAnadolu və bunun davamı olan TransAdriatik qaz kəmərləri şəbəkəsi məhz Türkiyədən keçməklə son istifadə nöqtələrinə çatır. Məsələ burasındadır ki, Orta Asiya türk dövlətlərindən və Rusiyadan, habelə Cənub-Şərqi Asiyadan Türkiyəyə və oradan da Avropaya doğru uzanan ən qısa ticarət və tranzit yolları da Azərbaycandan keçir.
Çindən başlayaraq Avropanın şimalında yerləşən Londona qədər gedən qədim İpək Yolunun üzərində yerləşmələri bu ölkələrin tarixən bir-birinə bağlı olduqlarını sübut edən faktordur. Bir vaxtlar ən gur yol olan bu istiqamət tarixin müəyyən məqamlarında xarici istilaçıların nəzarəti altında dağılsa da indi yenidən bərpa olunaraq işə salınıb. Yolun mərkəzi məntəqəsi Azərbaycandır. Ölkəmizin Avropa ilə Asiyanın qovuşuğunda, həm də türk dövlətlərinin mərkəzində yerləşməsi onun nəqliyyat əlaqələrinin yaradılmasında ən əhəmiyyətli rol almasını təmin edir. Məsələn, hazırda Qazaxıstan Avropaya satdığı nefti Azərbaycan üzərindən nəql edir. Orta Asiyadan Türkiyəyə göndərilən taxıl və digər kənd tyəsərrüfatı məhsulları da buradan keçir. Özbəkistanın və Türkmənistanın pambıq məhsulları yenə də Azərbaycan vasitəsilə Türkiyəyə və oradan Qərb ölkələrinə ixrac olunur. Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü olmasa da, prinsipcə təşkilata daxil olan ölkələrlə ikitərəfli və çoxtərəfli ciddi iqtisadi və siyasi əlaqələrə malikdir.
Qərbin enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycan-Türkiyə iş birliyinə Türkmənistandan neft və qazın, Özbəkistandan mavi yanacağın əlavə olunacağı tarixlər uzaqda deyil. Əvvəl-axır Transxəzər sualtı karbohidratlar dəhlizinin yaradılmasına start veriləcək. Bu layihə həyata keçiriləcəyi təqdirdə dünyanın inkişaf etmiş ölkələrinin enerji təhlükəsizliyində Türk Birliyi ölkələri sıx əməkdaşlıq çərçivəsində mühüm rol oynayacaqlar. Əfqanıstan, Pakistan və Hindistan da Azərbaycanın birləşdirici missiyasından yararlanmaq arzusundadırlar. Söhbət ölkəmizdən keçən və ölkəmizin yaxından iştirakı ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaqdan gedir. Burada mərkəzi rol yenə də Azərbaycanın üzərinə düşəcək.
Dünya iqtisadiyyatının inkişafı zamanı onun məzmununda baş verən dəyişikliklər bu mürəkkəb sistemin ayrılmaz hissələri kimi çıxış edən ölkələrin iqtisadiyyatında müvafiq dəyişikliklərin aparılmasını şərtləndirir. Xarici iqtisadi əlaqələrin genişlənməsi şəraitində kiçik ölkələrin xarici iqtisadi inkişaf strategiyalarının seçimi daha da aktuallaşır. Çünki, açıq iqtisadiyyat şəraitində böyük ölkələrlə müqayisədə bu ölkələrin iqtisadi həyatında xarici iqtisadi əlaqələr daha böyük əhəmiyyət kəsb edirlər. Mövcud şəraitdə isə Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın yaranmış vəziyyətdən istifadə edərək öz enerji qaynaqları hesabına inkişaflarını təmin edirlər.
Regionun enerji potensialını və dünyanin getdikcə artan tələbatını nəzərə alan dünya ölkələrinin bu regiona olan marağı getdikcə artmaqdadır. Bu da öz növbəsində böyük enerji layihələrinin həyata keçirməyə imkan yaradır.
Beləliklə, Azərbaycan çox geniş arealda yerləşmiş ölkələr, ayrı-ayrı regionlar arasında körpü yaratmaqla yanaşı, eyni zamanda türk dövlətlərinin yaranmaqda olan birliyinə əvəzedilməz töhfələr bəxş edir. Yaxın gələcəkdə bu sahədə baş vermiş cücərtilərin zoğlara, daha sonralar budaqlara və müstəqil barverən ağaclara çevrilməsinə dünya şahidlik edəcək.
“Zəngəzur dəhlizi”nin açılması ilə bu əlaqələr daha da genişlənəcək və ragionda sülh ab-havasını möhkəmləndirəcək.
Novruz NOVRUZOV
AzVP Siyasi Şurasının sədri

6 -dən səhifə 136

Oxşar məqalələr