Cəmiyyətin təkamülü siyasi antoqonizmdən yox, qarşılıqlı dialoqdan keçir

DSC 6374
Azərbaycan sonuncu dövlət müstəqiliyinə nail olanda beynəlxalq aləmdə olduğu kimi daxili ictimai-siyasi vəziyyətdə də ciddi gərginlik var idi. Böyük bir imperiya göz önündə dağılırdı. “Sovet ittifaqı” adlanan bu imperiyanı dağıdanlarla qorumağa çalışanlar arasında xırda dedi-qodulardan tutmuş silahlı qarşıdurmalara qədər hər cür siyasi avantüra baş alıb gedirdi. Uzun müddət qapalılıq mühitində yaşamış cəmiyyətin belə bir qarışıqlıqda bəzən hakimiyyət, bəzən isə ümidsizlik eyforiyasına qapılması təbii və olduqca ağrılı idi. Ermənistanın torpaqlarımızı işğal etməsi isə xaosu daha da artırmışdı. Xarici təsirlər nəticəsində əhali arasında yaranmış cəbhələşmə sayəsində qarşıdurmalar bitmək bilmirdi. Ancaq “hər qaranlıq gecədən sonra açılan işıqlı sabahlar” kimi zamanı yetişəndə “sular durulmağa” başladı. 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda qazanılan böyük zəfər sosial-iqtisadi sahədə sürətlə gedən evolyusion islahatların siyasi müstəviyə keçməsinə münbit şərait yaratdı. Azərbaycanın dövlət başçısının “dəmir yumruq” adlandırdığı ümumxalq birlik ideyasının reallaşdırılması üçün addımlar atıldı.
Baş verən prosesdə fundamental məsələ siyasi hakimiyyətin özünün milli maraqlar müstəvisində hamını birliyə dəvət etməsi oldu. Yəni, hakimiyyət ilk addımı özü atdı və bununla da cəmiyyətdə siyasi dialoqun memarı rolunu üzərinə götürdüyünü elan etdi. Prinsipcə, hakimiyyət öz yerini kifayət qədər möhkəmləndirmişdi və bu addımı atmağa ehtiyacı yox idi. Amma, beynəlxalq aləmdə və daxili siyasi həyatda ictimai nöqteyi-nəzərdən daha güclü olmaq üçün bu prosesə artıq cəmiyyətdə sosial tələbat vardı. Düzdür, yenə də xarici təsirlər nəticəsində bu addımı mənfi dəyərləndirənlər tapıldı. Ancaq siyasi təşkilatların ümumi rəyi müsbət idi və bu vəziyyət hakimiyyət uğrunda mübarizə aparan partiyaların işinin təkmilləşməsini zərurətə çevirirdi. Siyasi dialoq mühitinin yaradılması “dəmir yumruq” platformasının ideoloji əsaslarının yaradılmasına hədəflənmişdi.
Təbii ki, siyasi təşkilatın son məqsədi hakimiyyətə nail olmaqdır. Amma, necə? Düşünürük ki, müstəqilliyin ilk illərindən yaranmış çoxpartiyalı sistemin ən zəif cəhəti siyasi plüralizmin olmaması idi. Cəmiyyətin siyasi intellekti və siyasi ambisiyaları buna hazır deyildi. Məsəl var, deyir “çəkişməsən, bərkiməzsən”. Nə qədər ağrılı və mürəkkəb olsa da biz bu yolu keçdik və hazırkı islahatlar dövrünə qədəm qoyduq. Siyasi dialoq bu dövrün başlıca təşəbbüsüdür. Demək olar ki, uğurlu təşəbbüsdür. Çünki, bütün şəraitlərdə dialoq antoqonizmin əleyhinədir, antoqonizm isə düşmənçiliyə aparan yoldur.
Məncə, özünü siyasətdə görən hər bir Azərbaycxan vətəndaşı aydın hiss edir ki, son iki ildə ölkəmizin siyasi mühitində ab-hava əsaslı şəkildə dəyişilib. Artıq hakimiyyətdə təmsil olunmaq uğrunda çalışan partiyaların mməsələyə baxışlarında ciddi fərqlər hiss olunur. “Siyasi partiyalar haqqında” qəbul olunmuş yeni qanunun müzakirəsində parlamentə düşüb-düşməməyindən asılı olmayaraq bütün partiyaların müəyyən kriteriyalar daxilində dövlət büdcəsindən maliyyələşməsi təklifinin verilməsini yeni düşüncə kimi qəbul edilməlidir. Belə ki, vaxtilə xaricdən qrant almaq üçün az qala əlbayaxa davaya çıxanlar indi dərk edirlər ki, bu gün maliyyəni təmin edən sabah sifarişlər verəcək. Bu isə xaricdən asılı duruma düşmək və düşmənin məqsədinə xidmət etmək deməkdir. Azərbaycan xalqı indi dostu-düşməni daha aydın görür və qiymətləndirir. Fakt olaraq, indiyədək insan hüquqlarını ilk elan edən və bunu beynəlxalq aləmdə bayrağa çevirən qərbin aparıcı ölkəsi olan Fransanın öz vətəndaşlarının hüquqlarını necə qəddarlıqla pozduğunu göstərmək olar. Belə olan halda fransalı siyasilər Azərbaycan xalqının qədrini bilərlərmi? Qətiyyətlə cavab vermək olar ki, yox! Bəs, onda biz niyə bir-birimizi eşitməyək?! Buyur, məqsədin uğrunda mübarizə apar və qalib gəl. Söhbət mübarizədən gedir, daha düşmənçilikdən yox. Bu iki bir-birini qəbul etməyən məfhumu eyniləşdirmək düz deyil. Təəssüf ki, Azərbaycan cəmiyyəti bu nüansdan xali deyil. Buna görə də siyasi dialoq bu gün aktual məsələdir, başlanmış prosesin davamlı inkişafı istər hakim partiyanın, istərsə də hakimiyyətə can atan partiyaların xalqa, dövlətə vermək istədiklərinin həyata keçməsinə töhfələr verə bilər.
Öz proqramı ilə sol mərkəzçi mövqedən çıxış edən Azad Vətən Partiyası bu prosesi alqışlayır və öz növbəsində hər hansı siyasi təşkilatla dialoqa tam açıqdır. Düşünürük ki, partiyalararası əməkdaşlıq siyasi dialoq sayəsində yeni səviyyəyə qalxacaq və mübarizənin müasir metodlarının inkişafını sürətləndirəcək.
Novruz Novruzov
AzVP-nin Siyasi Şurasının sədri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunsuz server yaradıb –"Bu tender Prezident fərmanını pozmaqdır" (EKSPERT ŞƏRHİ)

osman gunduz
Nazirliyin informasiya təhlükəsizliyini qorumaq üçün milyonlarla vəsait hesabına aldığı proqramların özü təhlükəliymiş
Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nə qədər ağlasığmaz olsa da, məxsusi elektron poçt sistemi qurması, məxsusi serverlər yaratması və özəl antivirus proqramları alması (zərərverici proqram təminatlarına qarşı müdafiə sistemi) ilə bağlı tender elanına rast gəlmişdim.
Ona görə ağlasığmaz qeyd edirəm ki, bunlar açıq-aşkar başqa dövlət qurumlarının səlahiyyətlərinə daxil olan, həm də birbaşa təhlükəsizliklə bağlı məsələlərdir. İndi baxıram ki , həqiqətən də Nazirlik belə bir tenderi reallaşdırıb və "B2B Group” şirkəti ilə təxminən 1.2 milyon manat məbləğində müqavilə imzalanıb.
Dərhal qeyd edim ki, bizi məbləğ və ildə az qala yüzlərlə tender qalibi olan "B2B Group” deyil, belə bir tenderin mahiyyətcə həm qanunvericiliyə və Prezident fərmanlarına və ümumiyyətlə məntiqə zidd olması diqqətimizi cəlb etmişdi.
Məlumdur ki, ölkədə dövlət qurumlarının informasiya təhlükəsizliyi, e-poçt xidmətlərinin təşkili Xüsusi Rabitə və İnformasiya Təhlükəszilyi Dövlət Xidmətinin, dövlətə məxsus yeni məlumat bazalarının saxlanılması isə RİNN-in AzİnTelecom qurumunun səlahiyyətindədir. Məxsusi olaraq, dövlət qurumlarının e-poçt sistemlərinin təhlükəsizliyi ilə bağlı Prezidentin 19 iyun 2012-ci il tarixli fərmanı da var.
Məlumdur ki, XRİTDX bütün dövlət qurumlarına təhlükəsizlik sınaqlarından keçmiş e-poçt xidmətləri təqdim edir .
Hətta bu qurum ötən ay "Dövlət qurumlarının İT zirvə toplantısında ” açıqlamışdı ki, may ayından etibarən Azərbaycanın bütün dövlət qurumları yeni poçt sisteminə köçürüləcək.
Yəni, bütün bunlar məxfi informasiyalar deyil, bu haqda açıq sistemlərdə də məlumatlar var.
Xatırlayıram ki, XRİTDX-nin ödənişli olan bəzi İT xidmətlərinin tariflərini də ötən il Tarif Şurası təsdiqləmişdi.
Eyni zamanda XRİTDX təhlükəsizlik baxımından sınaqlardan keçən antivirus proqramlarını də dövlət qurumlarına təqdim edir.
Ən maraqlısı və qəribəsi odur ki, ƏƏSMN-in həmin tenderlə informasiya təhlükəsizliyini qorumaq üçün aldığı XDR lisenziyaları, təhlükəsziliyə cavabdeh olan XRİTDX –nin təqdim etdiyi resurslar siyahısında deyil, yəni, bu qurumun sınaqlarından keçməyib.
Eyni zamanda, xatırladıram ki, Prezident fərmanına əsasən, optimallaşma , təhlükəsizlik və səmərəlilik baxımından ölkədə "Hökumət Buludu” formalaşdırılıb və dövlət qurumlarına tapşırılıb ki, paralel strukturlar yaratmaq yolverilməzdir.
Buna baxmayaraq görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin öz daxilində yeni bir e-poçt serveri formalaşdırır.
Maraqlı məqam həm də odur ki, bütün bunlar açıq-aşkar, iki dövlət qurumunun səlahiyyətlərini mənimsəməklə, təhlükəsizliyə cavabdeh dövlət qurumunun rəy vermədiyi təhülkəsizlik sistemlərindən istifadə etməklə, Prezidentin müvafiq fərmanlarını pozmaqla Antiinhisar Dövlət Xidmətinin razılığı ilə edilir.
Diqqət çəkən məqam həm də odur ki, adı çəkilən Nazirliyin açıq-aşkar qanun pozuntusu və səlahiyyətlərin mənimsənilməsi ilə reallaşan bu "özəl təhlükəsizlik sistemi, özəl epoçt sistemi və özəl data mərkəzləri” haqqında XRİTDX və RİNN də susublar./azpost.info
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti

Gözlənilməz zəng unudulmuş xəbəri xatırlatdı və məlum oldu ki...

20230303 203256
Martın 3-də, günortadan sonra telefonumun kontaktında olmayan nömrədən gələn zəng ölkəmizdə sosial müdafiə sahəsində olan biabırçı bir faktın üstünü açdı.
-Mən Bərdədən zəng edirəm, Lək kəndindən. Siz saytda bir məlumat yazmısınız, amma bu, yalandır – deyə, tanımadığım şəxs narazılıqla bildirdi.
-Nə yazmışıq ki...?
-Yazmısınız ki, sosial müdafiə nazirliyi şəhid Asif Abışovun ailəsinə ev tikib verib. Amma bu, belə deyil, evi şəhidin atası 1992-ci ildə öz pulu ilə tikib.
-Düzü, xatırlamıram, hansı tarixdədir o xəbər?
-Çoxdanın xəbəridir, təxminən 2 il əvvəlin. Amma o vaxtdan nazirlik ilə xeyli söz-söhbətimiz olub. Buna görə indi zəng edib deyirik ki, məlumat yalandır, nazirlik şəhidin ailəsinə heç bir ev-filan tikməyib.
-Amma biz özümüzdən elə bir xəbər yazmarıq, bunun bir mənbəyi var.

shehid evi

-Biz də anklayırıq ki, siz bizi tanımaya-tanımaya elə bir xəbəri özünüzdən necə yaza bilərsiniz. Nazirlik bu xəbəri özü yayıb, indi isə danır, deyir ki, xəbəri yayan sayt öz reytinqini qaldırmaq üçün belə yalan informasiyalar yayır. Hətta deyirlər ki, o cür saytlar erməni saytlarıdır, aranı qarışdırırlar.
-Yaxşı, biz araşdırarıq, anlaşılmazlığa görə sizdən üzr istəyirik, təkzib verərik.
Müsahibimizlə danışıq qurtaran kimi, saytımızın səhifələrini araşdırdıq və məlum oldu ki, həqiqətən belə bir xəbər 21 iyun 2021-ci ildə saytda gedib. “Bərdədə şəhid ailəsi üçün fərdi ev tikilib” sərlövhəli xəbərin məzmunu belədir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə Vətən müharibəsinin şəhidi Asif Əlövsət oğlu Abışovun ailəsi üçün də fərdi yaşayış evi inşa etdirilərək təqdim edilib.
Bərdə rayonunun Lək kəndində yaşayan ailənin mənzil şəraiti nəzərə alınaraq, sosial tərəfdaş vasitəsilə ailə üçün ev tikintisi qərara alınmışdı. Tikinti işləri zamanı ailə üzvlərinin istək və təklifləri nəzərə alınmaqla, ev müasir tələblərə uyğun şəkildə tikilərək, tam təmirli halda ailənin istifadəsinə verilib.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya, fərdi yaşayış evi ilə təmin edlmələrinə görə minnətdarlıqlarını ifadə ediblər.
Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda savaşlarda şərəfli döyüş yolu keçən Asif Abışov Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə 6 noyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksəlib”.
Etiraf etməliyəm ki, “iksmedia.az” populyar sayt deyil. Ümumiyyətlə, bu tipli xəbərlər saytda ara-sıra dərc olunur. Yalnız şəhid xatirəsinə hörmət əlaməti olaraq dövlətin müharibə iştirakçılarına və canlarını torpaq yolunda qurban vermiş insanların ailələrinə göstərilən qayğının təbliği məqsədilə hərdən bu tip xəbərlərə yer verilir. Ancaq, əlavə işçi qüvvəsi olmadığı üçün xəbərlər mənbədən yox, belə demək mümkünsə, “ikinci əl”dən götürülür. Buna görə də xəbərin başlığını internetdə axtarışa verdik və dərhal aydınlaşdı ki, həmin xəbərin əslini “report.az” saytı dərc edib. ( https://report.az/sosial-mudafie/berdede-sehid-ailesi-ucun-ferdi-ev-tikilib/) Təbii ki, Sosial Müdafiə Nazirliyinə istinadən. Bu da ona dəlalət edir ki, nazirlik həqiqətən belə bir informasiya yayıb.
Düşünmək olar ki, dövlətin sosial siyasətinin gurluğu fonunda nazirlikdə kimsə məlumatları səhv salıb. Buna görə, sadəcə, üzr istəmək, təkzib vermək ən məqbul yoldur. Nədənsə, nazirlik bu sadə yoldan çəkinib. Görünür, məsələnin görünməyən tərəfi var. Şübhə doğuran məqam, məhz, şəhidin atasının tikdiyi evin şəklinin də xəbərə əlavə olunmasıdır. Bu, məqsədyönlü həyata keçirilən məkrli niyyət üzrə aşkar faktdır. Üstəlik, “report.az” geniş imkanlara malik agentlikdir və məlumatları səhih olur. Digər bir fakt odur ki, əlimizdə rəsmi sənəd olmasa da, arada “70 min manat” söhbəti də olub. Yəni, guya nazirlik adı çəkilən evin tikintisinə bu məbləğdə pul vəsaiti xərcləyib. Demək, daha yuxarı instansiyaya verilən hesabatda bu fakt da əks oluna bilər. Təbii ki, belə olan halda yeni sual yaranır: Fakt budur ki, həmin evi nazirlik tikməyib, bəs, onda 70 min hara xərclənib? Çünki, ortada pul söhbəti, hesabat məsələsi olmasaydı, mətbuata saxta xəbər sızdırılmazdı.

Şəhid ailəsi dövlətdən, ailəyə göstərilən sosial qayğıdan razılıq edir. Ancaq şəhid övladın adından sui-istifadəni qəbul etmir. Şəhidin haqqına girmək, ruhunu incitmək olmaz. Ümid edirik ki, Sosial Müdafiə Nazirliyinin müvafiq şöbəsi məsələ barədə hökumətə verdiyi rəsmi hesabatdan çıxarışı ictimailəşdirəcək və əgər işdə cinayət tərkibi yoxdursa, şəhidimizin anası İsbət Hətəmovadan “ananın qəlbini qırdığı, yarasının qaysağını qopardığı üçün” üzr istəyəcək. Əks halda, hüquq-mühafizə orqanları işə qarışa bilərlər. Axı, dövlətin pulunu mənimsəmək üçün şəhid adından sui-istifadə edənlər haqda cəmiyyətdə kifayət qədər məlumatlar dolaşır.
P.S. Daha bir nüans. Şəhid Asif Abışovun ailəsi Sosial Müdafiə Nazirliyinə iradını bildirəndə oradan aciz bəhanələr eşidiblər: “Bəzi saytlar reytinqlərini qaldırmaq üçün yalan məlumatlar dərc edirlər, bu saytlar erməni saytlarıdır” - deyə, nazirlikdən kimsə özlərini təmizə çıxarmağa çalışıb. Vətəndaşların haqqına girib islahat adı ilə pensiyaların başına oyun açan bir qurumdan bundan artıq nə gözləmək olar.
İksmedia.az

Beynəlxalq Qarabağ Forumu Azərbaycan diasporunu birgə fəaliyyətə çağırdı


Beynəlxalq Qarabağ Forumunun növbəti toplantısı keçirilib. Şamil Mehdinin moderatorluğu ilə baş tutan toplantıda ay ərzində görülən işlər haqqında məlumat verilib, beynəlxalq ictimai-siyasi vəziyyət, xüsusilə Rusiya-Ukrayna müharibəsi, İranda istibdada qarşı davam edən xalq hərəkatının vəziyyəti və bir sıra cari məsələlər müzakirə olundu.

 

IMG 20230303 WA0002
Artıq bir neçə ildir ki, fəaliyyət göstərən Forumun təsir dairəsi yeni üzvlər hesabına getdikcə genişlənir. Bu dəfə Türkiyənin Van şəhərində fəaliyyət göstərən “Güresünnüler dernegi”nin başkanı Bilal Yücebaş müraciət edərək foruma qoşuldu.
Forumun Türkiyədən olan fəal üzvü Ziya Zakir Acar çıxışında diasporla iş birliyini genişləndirməyə, beynəlxalq aləmdə rezonans yaradan tədbirlərin təşkilini gücləndirməyə çağırış etdi. Rusiyadan Elşən İbrahimov, Bakıdan BQF koordinatoru Akif Nağı, Şamil Mehdi, Novruz Novruzbəyli və Bilal Yücebaş bu təklif ətrafında mülahizələrini bölüşdülər. Qərara alındı ki, daha çevik fəaliyyət göstərmək üçün yeni və yığcam kontingentdə kommunikasiya qrupu yaradılsın.
BQF-nin mətbuat xidməti
03.03.2023

İlham Əliyevin Fransa ilə bağlı çıxışı Türkiyə KİV-lərində - Fotolar

ilxam 2
Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsini geniş işıqlandırıb.
Musavat.com xəbər verir ki, qardaş ölkənin Anadolu agentliyində yayımlanan “Prezident Əliyev Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsinə sərt etirazını bildirdi” sərlövhəli məqalədə Azərbaycan Prezidentinin çıxışında dünyada neokolonializm meyillərinin artdığını vurğulayaraq, Fransanı sərt tənqid etdiyi qeyd olunub. Yazıda Prezident İlham Əliyevin çıxışında suverenlik və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə hallarının artdığını, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilmədiyini, yaxud ikili standartlarla həyata keçirildiyini bildirdiyi vurğulanıb.
“TRT Haber” kanalında yer alan “Prezident Əliyevdən Fransaya ultimatum: Soyqırımlar üçün üzr istə, o adalardan çıx” sərlövhəli yazıda dövlətimizin başçısının Qarabağın otuzillik işğalı dövründə Ermənistanı açıq şəkildə dəstəkləyən Fransaya çağırış etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır” ifadələri oxucuların diqqətinə çatdırılıb.
“Azərbaycan Prezidenti İlham Əliyev qanlı müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə Fransaya çağırış etdi”, - dövlətimizin başçısının Qoşulmama Hərəkatının Zirvə görüşündəki çıxışına dair “Yeni Şafak” qəzetində dərc edilən məqalə oxuculara bu sərlövhə ilə təqdim olunub. Yazıda vurğulanıb ki, Prezident İlham Əliyev Fransadan müstəmləkə cinayətlərinə və törətdiyi soyqırımlarına görə üzr istəməsini tələb edib.
“Milad” qəzetində yayımlanan xəbərdə də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündəki açılış nitqində Fransaya sərt etirazını bildirdiyi vurğulanıb. Yazıda Prezident Əliyevin çıxışından “Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” ifadələri sitat gətirilib.
“Ensonhaber.com” saytı Prezident İlham Əliyevin Fransanın müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə üzr istəməsi barədə tələbinin bu ölkənin Prezidenti Emmanuel Makronun Afrika ölkələrinə səfərə başladığı dövrə təsadüf etməsinə diqqət çəkib. Dövlətimizin başçısının “Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir” fikrinin sitat gətirildiyi məqalədə bildirilib ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləyib.
Türkiyənin “Yeni akit” və “Sondakika.com” və digər KİV-lərində yayımlanan xəbərlərdə də Prezident İlham Əliyevin Fransanın müstəmləkə və soyqırımı cinayətlərinə görə üzr istəməsi və cavab verməsinin vacibliyi barədə fikirləri geniş işıqlandırılıb.
Qardaş ölkə mətbuatında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin dünya düzəninin yenidən formalaşmaqda olması, “Soyuq müharibə”nin sona çatmasından bəri dünyada ən ciddi Şərq-Qərb qarşıdurmasının yaşanması, habelə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi və Qoşulmama Hərəkatının Təhlükəsizlik Şurasında təmsil olunması barədə fikirlərinə də geniş yer verilib.
Bundan başqa, xəbərlərdə Türkiyədə və Suriyada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsinin Prezident İlham Əliyevin təklifi ilə Zirvə görüşünün iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildiyi, yaralananların tezliklə şəfa tapmasının arzulandığı da vurğulanıb.

 

ilxam 1

ilxam 4

 

 

 

 

8 -dən səhifə 136

Oxşar məqalələr