AXTAR

ALLAH ADAMI


(Jurnalist dostum Novruz müəllimin
40 illik yubileyini təbrik edirəm)

 

DSC 0038 копия

 


Qırx astana keçdin, qırx bahar,qırx qış,
Ömür dediyimiz bir qanadlı quş.
Dolanbac yollarda başın nə çəkib,
Vədəsiz ağaran saçından soruş.

Nə vara qul oldun, nə də sərvətə,
İstəsən sərvət də yığa bilərdin.
Qəlbini şeytana sirdaş eyləyib,
Haqqı, ədaləti boğa bilərdin.

Arının sevdası güldür, çiçəkdir,
Baxma ki, balını özgələr yeyir.
Meyvəsiz ağaca kimdir daş atan?
Bar verən ağaca daim daş dəyir.

Nə qədər bizdədir bu var, bu sərvət,
Çətin yaxamızı boşlayacaqlar.
Nurumuzu görən kor yarasalar,
Bizi zaman – zaman daşlayacaqlar.

Əsli – zatı olar ərənin, ərin,
Qeyrət qanda olur, kişilik canda.
Fikri mədəsində olan kəslərin,
Qiyməti olmamış iki cahanda.

Bahar bayramını bir varlıq kimi,
Yaşadır nəsillər, yaşadır zaman.
Bəlkə də qanıdır babam Zərdüştün,
Axır bu gün sənin damarlarından.

Oddan yaranmışıq, ulusun Odər.
Odun qarşısında dayanarmı buz?
Qırx yaşdan o yana hər bahar çağı,
Bağrına basacaq Novruzu, Novruz.

Məzəmmət eyləyib hərdən özünü,
Demə ki, həyatda qazancım hanı?
Başı daşdan – daşa dəyən ölkədə,
Az – çox tanıyırlar sənin imzanı.

Qəm – kədər üstünə qoşun çəkəndə,
Bağrının başında dilləndir tarı.
Bir həzin musiqi sədası altda,
Min il yol gedirik işığa sarı.

Tufanlar içində keçsə də ömrün,
Halallıqdan aldın gücü, ilhamı.
Tanrı sevgisidir yaşadan səni,
Ay Allah adamı, Allah adamı.

Alim Dərələyəzli

Oxşar məqalələr