AXTAR

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

tok ve il

Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafının əsas məqsədlərindən biri vaxtilə tarixin gedişinə böyük təsir göstərmiş Türk siviliziyasının bugünkü simasının yerini beynəlxalq arenada təsbit etməkdir. Təşkilata daxil olan dövlətlər getdikcə enerji yığır, müasir iqtisadi-siyasi tendensiyalar qoynunda əl-ələ verib gələcəyə doğru addımlayır. Bu günlərdə Azərbaycana dövlət səfərinə gəlmiş Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə dövlətimizin başçısı İlham Əliyev arasında aparılan müzakirələr, habelə iki ölkə arasında imzalanan rəsmi sənədlər və qazax dostların işğaldan azad edilmiş Qarabağa səfərləri bu məqsədin mühüm göstəriciləridir.
TDT daxilində Qazaxıstan ərazicə ən böyük və böyük ölçüdə zəngin təbii ehtiyatlara malik ölkədir. Azərbaycan isə mühüm təbii ehtiyatlara malik olmaqla yanaşı həm də ciddi geostrateji mövqe statusunu əldə edib. Bu iki iqtisadi və siyasi amildən daha mühümü hər iki ölkənin xalqının ümumi tarixi köklərin daşıyıcıları olmalarıdır ki, bu doğmalıq alibi onların yaxınlaşmasının məntiqi əsasıdır.
Prezident İlham Əliyev K.C.Tokayevlə birgə mətbuata verdiyi açıqlamada deyib: “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.
Qarşılıqlı faydaya əsaslanan inkişaf potensialının güclü istiqamətlərindən biri nəqliyyat dəhlizinin genişləndirilməsidir. Qədim İpək Yolunun müasir marşrutunda Qazaxıstanın və Azərbaycanın coğrafi mövqeyi və iqtisadi gücü inkaredilməz üstünlüyə malikdir. Təsadüfi deyil ki, iki dövlət başçısının budəfəki görüşündə yaradılmış beynəlxalq nəqliyyat sisteminin əhəmiyyətini göstərən mərasimdə iştirak ediblər. Bu barədə Qazaxıstan Prezidenti deyib: “Nəqliyyat-logistika sahəsinə gəldikdə, bu gün qeyd etdik ki, hazırda dünyada məhz nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizə kəskinləşir. Bu, strateji sahədir. Sevindirici haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan təbii tərəfdaşlar kimi bu sahədə sıx qarşılıqlı fəaliyyət göstərirlər. Sian limanından Qazaxıstan ərazisindən Azərbaycana dəmir yolu marşrutu üzrə bugünkü mərasim də çox mətləblərdən xəbər verir. Bu, həqiqətən çox mühüm tədbirdir və mənim dövlət səfərim zamanı keçirildi”.
Şərq-Qərb nəqliyyat strukturunda mühüm qovşağa çevrilən iki türk dövlətinin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi və beynəlxalq təşkilatlarda fəaliyyətlərin əlaqələndirilməsi onların denya siyasətinə təsir imkanlarını xeyli genişləndirir. Eyni zamanda TDT-nin digər üzvlərini də buraya əlavə etsək bütövlükdə yeni dünya düzəninin rəqabət qabiliyyətli yeni aktoru haqda təsəvvürlər aydınlaşar. Bu, Türk Dövlətləri Təşkilatıdır və onun səsi dünya siyasi və iqtisadi səhnəsində getdikcə daha gur səslənəcəkdir.
Azərbaycanla Qazaxıstan arasında Bakıda imzalanmış iqtisadi sənədlərin sayı və məzmunu buna parlaq misaldır. Orta və kiçik biznesin inkişafı, media, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq, strateji məhsul olan Qazaxıstan neftinin alqı-satqısı və tranziti, nəqliyyat-kommunikasiya qovşaqlarının genişləndirilməsi , gəmiçiliyin inkişafı və sairə sahələrdə qarşılıqlı fayda gətirən sahələrdə əlaqələrin gücləndirilməsi heç şübhəsiz beynəlxalq mövqenin möhkəmləndirilməsinə də təsir edəcək.

Novruz Novruzov

AzVP-nin Siyasi Şurasının sədri

Oxşar məqalələr