AXTAR

Prezident İlham Əliyevin apardığı siyasət xalqların dostluğuna və əməkdaşlığına əsaslanır

İveP

“Siz Azərbaycan naminə xidmət etdiyiniz uzun illər ərzində böyük idarəçilik təcrübəsi və siyasi təcrübə qazanmısınız, öz həmvətənləriniz üçün doğma ölkənin firavanlığı naminə bütün gücünü sərf edən, Qafqaz regionunda millətlərarası və dinlərarası münasibətlərin inkişafına sanballı töhfə verən dövlət lideri nümunəsi olmusunuz”. Bu sözlər Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə məxsusdur və hələ 2017-ci ildə deyilib. Çünki, Azərbaycan Prezidentinin apardığı siyasətin ana xətti dünyada sülhün və əmin-amanlığın bərqərar olması, qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlığın genişləndirilməsidir. Baxmayaraq ki, onun öz ölkəsi uzun müddət təcavüzkar Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkib.
Azərbaycan rəhbərinin bu günlərdə Rusiyaya səfər etməsi və bu dövlətin başçısı Vladimir Putinlə görüşməsi iki ölkə arasında tarixən yaranmış münasibətlərin inkişafında yeni mərhələ sayıla bilər. Bir məsələyə diqqət etmək lazımdır ki, bu iki ölkənin əlaqələri üçüncü bir ölkənin – Türkiyənin bilavasitə iştirakı ilə yeni hüdudlara çıxır. Bu isə beynəlxalq müstəvidə iqtisadi və siyasi münasibətlər üçbucağının yaranması, başqa sözlə, dünyanın yeni düzənində yeni güc mərkəzinin formalaşması baxımından böyük əhəmiyyətə malikdir. Bizim üçün önəmli olan məsələlərdən biri də bu güc mərkəzinin formalaşmasında Azərbaycanın əlaqələndirici rol oynamasıdır. Bu isə müstəsna şəkildə Prezident İlham Əliyevin mükəmməl siyasətinin bəhrəsidir.
Rusiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin səviyyəsi nə qədər geniş olsa da, bunun daha da inkişafı üçün resurslar kifayət qədərdir. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur. Hələ sovet dövründən Bakının Nərimanov rayonu ilə Həştərxan şəhəri arasında xüsusi iqtisadi-ticari əlaqələr mövcud olub. Müstəqillik illərində bu əlaqələr daha da güclənib. Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda ulu öndər Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilərək istifadəyə verilib. Həmçinin “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, “Meçta” uşaq əyləncə şəhərciyi salınıb və uşaq kafesi istifadəyə verilib. Hazırda vilayətdən Azərbaycana məhdud çeşiddə mallar – gəmiqayırma məhsulları, portlandsement, balıq və un məhsulları ixrac olunur. Əks istiqamətdə Azərbaycandan qara metaldan hazırlanmış məmulatlar, balıq məhsulu və nəqliyyat vasitələri göndərilir.
Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Şimal-Cənub nəqliyyat dəhlizinin qurulması ilə gediş-gəlişi ən yüksək həddə yüksəltmək imkanı yaranacaq.Belə ki, rus biznesmenləri, o cümlədən Şərqi Avropa və Baltikyanı ölkələrin iş adamları Afrika qitəsinə, habelə okean vasitəsilə uzaq Avstraliyaya və İndoneziyaya, Yaponiya və Malayziyaya ucuz su nəqliyyatı əldə edəcəklər.
Beynəlxalq münasibətlərdə yaranan hazırkı mürəkkəb vəziyyətdə Rusiyanın Azərbaycanla strateji tərəfdaşlığının möhkəmləndirilməsi istisnasız mühüm rol oynayır. Bu ölkələr arasında siyasi və iqtisadi əlaqələrinin yeni dalğası başlanmaq üzrədir. Bu da nəticə etibarilə Kremlin regiondakı geosiyasi maraqlarına Azərbaycan hesabına təminat yaradır. Və qarşılıqlı surətdə Cənubi Qafqazın lideri olan Azərbaycanın beynəlxalq səhnədə yerini möhkəmləndirir.

Novruz Novruzov

AzVP Siyasi Şurasının sədri

Oxşar məqalələr