Bu gün musiqişünaslıq üzrə Azərbaycanın ilk
alimi, bəstəkar, Azərbaycanın Xalq Artisti, “Qaraca qız” tamaşası ilərespublikamızda ilk milli uşaq baletinin yaradıcısı, ictimai xadim Əşrəf Abbasovun 100 illik yubileyidir
● Hamı rusca danışdığından özümü itirdim və qəlbimdəkiləri deyə bilmədim.
● Son görüşün nisgili ürəyimdə qalıb.
Azərbaycanın xalq artisti, bəstəkar Əşrəf Abbasovla (23 mart 1920-8 fevral 1992) bağlı xatirələr
O, qısa boylu, enlikurək idi, yastı və geniş sifətli bu şəxsin simasında dağ havasının beyni ayazıdan bakirəliyi vardı. Bu təmizlik onun mavi gözlərindən süzülərək ətrafa yayılır və müsahibi ilə qarşılıqlı surətdə anlaşılan mühitin yaranmasına kömək edirdı.
Yaşlılar onun haqqında deyirdilər ki,” Əşrəf uşaqla uşaqdır, böyüklə böyük”. Mən bu sözləri atamla əmimin söhbətindən yadda saxlamışdım. Onlar bir-birlərini çox yaxşı tanıyırdılar. Çünki, qohumluqları vardı, “dayoğlu-mamoğlu” idilər və uşaqlıqları Şuşada bir yerdə keçmişdi.
Əşrəf müəllimin hərəkətləri, danışığı və tərpənişi o qədər həlim və həssas idi ki, istər-istəməz müsahibini səmimiyyət cazibəsinə salırdı. Belə bir saflıq aurasında isə insan mənəvi yüksəkliyin qiymətini dərhal hiss edirdi.
O, Şuşanın nəfəsini hiss edirdi
Əşrəf Abbasov doğulub böyüdüyü Şuşaya, “Bazar başı”ndan bir az aşağıda “Quyruq” məhəlləsindəki ata evinə yaydan-yaya gedərdi. Onun gəlişindən həmişə atamın xəbəri olardı. Qarabağa dəmiryol çəkiləndən sonra o, ailəsi ilə birlikdə qatarla Ağdama gələr, oradan əvvəlcədən sifariş etdiyi taksi ilə Şuşaya qalxardı. Hərdən qatardan düşən kimi bizə baş çəkərdi, amma çox qalmazdı, çünki Şuşa onu cəzb edərdi, sanki uzun illər həsrətində olduğu insanın ağuşuna atılırmış kimi xislətinə zidd olaraq yüngül addımlarla hərəkət edər, səsində həyəcan duyulardı. “Hava qızmamış biz tez gedək”-deyərdi. Atam isə “Bakıdan isti deyil ki Ağdam, hara qaçırsan? Oturun, çay-çörək yeyin, günortanı da yola verək, axşam sərinində qalxarsınız Şuşaya”-deyə məsləhət görərdi. Onlar həmyaş, qohum və dost olduqlarına görə bir-birlərinə həmişə ərk edərdilər. Əşrəf dayı inadından əl çəkməzdi:”Yox, yox, biz gedək, gəldim, görüşdüm, ürəyim yerinə gəldi. Siz vaxt eləyən kimi yığışın gəlin bizə, Rustam (Ə.Abbasovun xalası oğlu, həm də bacısı Fəxrəndənin əri) da gələr Bərdədən, rahat oturub ötən günləri yada salarıq”.
Onlar gedəndən sonra anamın “nahaq qalmadılar” gileyinə atam gülə-gülə “O, Şuşanın nəfəsini hiss eləmişdi, saxlamaq olmazdı” cavabını verərdi.
Mən orta məktəbdə oxuyan vaxtlar qış tətillərində bəzən Bakıya, Əşrəf dayıgilə gələrdim. Bir neçə dəfə atam mənimlə qohumuna qoyun kəsdirib göndərmişdi. Amma həmişə qəssaba demirdi ki, heyvanın cinsiyyəti qoy üstündə qalsın, Əşrəf görsün ki, qoyun həqiqətən erkəkdir. O vaxtlar Bakıda təzə qoyun əti tapmaq problem idi və Əşrəf dayı da yalnız erkək qoyun əti yediyindən atam onun fikrini nəzərə alırdı.
Zahirən aristokrat, daxilən saf və sadə ziyalı
Ötən əsrin 70-ci illərinin əvvəlləri, avqust ayı idi. Əşrəf dayı Ağdama gəlmişdi. Onun gəlişini əvvəlcədən bilən atam Ağdamın dağlıq hissəsində-Qalayçılar kəndində yaşayan ailəvı dostumuz Hümbət kişiyə bir erkək sifariş etmişdi. Hümbət kişi atamla dostluğuna rəğmən bizim qoyunları öz sürüsünə qatıb saxlayır, lazım olanda yunundan və ətindən bizə pay gətirirdi. Bu dəfə atam ondan xahiş etdi ki, erkəyi gətirib qapıda kəssin.
Hümbət tipik dağ adamı idi. Yay-qış papağı başında, keçə kürkü əynində olardı. Rahatlıq naminə o əksər vaxt ayağına çarıq geyinərdi ki, bu da onun milli və kəndçi simasını tamamlayardı. Ancaq o çox sakit, səmimi və yerini bilən adam idi. Hümbət kişi erkəyi kəsib, soyub əti doğrayandan sonra getməyinə üz vurdu. Amma nə atam, nə də Əşrəf dayı ona rüsxət verdi. Belə olanda o, atamı yanlayıb şəhərdən gələn qonağın yanında davranmaqda çətinlik çəkəcəyini, ümumi əhval-ruhiyyəyə mane ola biləcəyini əlacsız tövrdə bildirdi. Atamsa “narahat olma, Əşrəf özümüzünküdür” deyib ona toxdaqlıq verdi və getməyə qoymadı. Yarım saat sonra Hümbət kişi Əşrəf dayı ilə üzbəsurət əyləşib özü çəkdiyi kababdan yeyərək şirin-şirin söhbət edirdi. Zahirən aristokrat, daxilən saf və sadə ziyalı ab-havasının milliliyi onun çarığının bağları qədər təbii idi. Sonralar o, həmişə bizdən Əşrəf dayını soruşar və onunla görüşdən aldığı təəssüratdan heyrətlə danışardı.
“Atan kazaklardır” ifadəsi yeni bir əsərin yazılmasına imkan vermədi
1975-80-ci illər arası universitetdə təhsil alan dövrdə Əşrəf dayı ilə tez-tez görüşərdim. Demək olar ki, hər şənbə onlara baş çəkir, oğlu Cəlalla dostluq edərdim. Arvadı Rasimə xala məni yedirtməmiş buraxmazdı. Tox olduğumu bildirdiyim vaxtlarda isə Əşrəf dayı həmişəki həlim səsilə “bizə yemək yeməmiş gəl” deyə tapşırardı. Onunla danışanda hiss edərdim ki, mənə nə isə adi olmayan bir hüsn-rəğbəti var. Buna görə Əşrəf dayı ilə həmişə ürəkli danışar, hətta bəzən ictimai-siyasi mövzulardan, deyək ki, Rusiya imperiyasının xalqımıza vurduğu ziyandan da bəhs edərdim. O zamanın tələbələrində azad, müstəqil olmaq yanğısı güclü idi.
Söhbətlərimizin birində Əşrəf dayı dedi ki, “1905-ci il” mövzusunda yeni bir simfonik poema yazmaq fikrinə düşüb, amma hansisa şura buna icazə verməyib, səbəb də o olub ki, C.Cabbarlının eyni adlı pyesindən götürülmüş mətndə “atan kazaklardir” ifadəsi var və bu, Rusiyanın xalqlar arasına düşmənçilik salmaq roluna işarədir. Bunları danışdığı vaxt mən onun mavi gözlərində sıxıntı ilə yanaşı gördüyüm qəzəb şəfəqini də olduğu kimi yadımda saxlamışam. Onun yaradıcılığına aid bütün mövzularda millilik və vətənpərvərlik üstünlük təşkil edib.
O, oğlu haqda yazdığım məqalənin çapına mane oldu
Əşrəf Abbasov kimliyindən asılı olmayaraq hamıya münasibətində təvazökar və məsuliyyətli idi. Mən 3-cü kursda oxuyanda konservatoriyada təhsil alan oğlu Cəlal iki xırda əsər-kvartet və kvintet yazmışdı. O vaxt musiqili komediya teatrının baş dirijoru işləyən əmisi, gözəl insan Kamal Abbasov əsərin ifasını lentə yazdırıb qardaşı oğluna hədiyyə etmişdi. Cəlalla şənbə görüşlərimizin birində ondan xahiş edib əsərlərə qulaq asdım. Həcmcə kiçik olsalar da mövzunun musiqi dili çox asan qavranılırdı. Buna görə də dostumun bəstəkarlıq yolunda ilk addımları barədə məqalə yazmaq fikrinə düşdüm və yazdım da. Amma məqaləni ona hədiyyə-sürpriz etmək istədiyimdən bunu ondan gizlətdim. Məqaləni “Azərbaycan gəncləri” qəzetinə təqdim etdim. O vaxt publisistika şöbəsinə rəhbərlik edən Möhbəddin Səməd yazını bəyəndi və bildirdi ki, belə yazını mütləq şəkillə dərc etmək gərəkdir, şəkli gətir dərc edək. Məcbur oldum məsələni açam, amma hər halda Cəlala yox, Əşrəf dayıya müraciət etdim. Zəng edib Cəlalın şəklini istəyəndə səbəbilə maraqlandı, məsələnin məğzini öyrənəndə isə çox həyəcanlandı:
-Yox,-dedi, sən nə danışırsan, Cəlal bəstəkarlıqda hələ böyük bir şeyə nail olmayıb, erkən məqalə yazmaq onda özündənrazılıq yarada bilər. O bu səviyyəni qazanmaq üçün çox çalışmalıdır, yoxsa camaat elə biləcək ki, mən oğlumu irəli itələmək üçün mövqeyimdən istifadə edib onu təriflədirəm.
O vaxtdan 33 il keçib və mən bu məsələni indi əməkdar incəsənət xadimi olan Cəlala lap bu yaxınlarda danışmışam.
“Müəllif gecəsi”ndə deyə bilmədiyim fikir hekayə mövzüsü oldu
Bu əhvalatdan bir müddət sonra filarmoniyada Əşrəf Abbasovun yaradıcılıq gecəsi keçirilməli idi. Tədbirə bir neçə gün qalmış onlara getmişdim. Söhbət əsnasında Əşrəf dayı məni gecəyə dəvət etdi və bildirdi ki, filarmoniyanın qapısı ağzında Cəlal məni qarşılayıb zala ötürəcək. Digər ailə üzvləri kimi bu məsələyə ciddiyyətlə hazırlaşan Rasimə xala isə qayğıkeşliklə məndən soruşdu:
-Novruz, qadası, konsert zamanı böyük bir gül buketini Əşrəfə verə bilərsənmi? Belə iri-deyə əlləri ilə buketin həcmini göstərməyə çalışdı.
Düzü, duruxub qaldım, ömrümdə bir dəfə də olsun səhnəyə çıxıb, kiməsə gül dəstəsi təqdim etməmişdim, üstəlik şəhər həyatına alışmamış gəncin təcrübəsiz psixologiyası məni hamının diqqət mərkəzinə düşməkdən çəkindirirdi, buna görə də nə deyəcəyimi bilmirdim. Mənim bu dar macalımda yenə də Əşrəf dayının həssaslığı dadıma çatdı:
-Belə məsələlərdə Rafiq (bacısı Şükufənin oğlunu nəzərdə tuturdu) yaxşıdır, gülü ona həvalə edərsən dedi, Novruz rahat oturub musiqiyə qulaq asar-dedi.
Təbii ki, yaradıcılıq gecəsində iştirak etdim. Orkestrə dirijorluğu Əşrəf Abbasov özü edirdi. “Gələcək gün” simfonik poeması, “Qaraca qız” baletindən və digər əsərlərindən ifa olunan fraqmentlər, müğənnilərin oxuduqları mahnılar Qarabağın təbiəti və ruhu qədər harmonik və gözəl idi.
Alqışlar altında bitən gecədə bəstəkara verilən güllərdən çox xoş sözlər, təriflər deyildi və bu vəziyyət vestibüldə də davam etdi. Mən də fikrimi bir neçə söz ilə bildirmək istədim, amma di gəl ki, hamı rusca danışdığından və mən də rusca bilmədiyimdən buna cürət etmədim. Qarderobun baş tərəfində, divarın dibində sakitcə dayanıb məşhur musiqi xadimlərinin bəstəkarı necə təbrik etdiklərini seyr edirdim. Bu arada Əşrəf dayı birdən əhatəsindəki adamlardan ayrılıb ətrafda gözləri ilə kimisə axtardı və məni görüncə heç gözləmədiyim halda mənə tərəf irəlilədi, qarşımda dayanıb:
-Hə, Novruz...-deyib düz gözlərimin içinə baxdı. Təbii ki, onunla bərabər hamının diqqəti də mənə yönəldi.
Onun baxışlarının aydınlığında başa düşdüm ki, mənim də təəssüratımı eşitmək istəyir. Qarabağ təbiəti ilə böyüyən bir əyalət gəncinin fikirləri yəqin ki, həmin axşam onun üçün daha qiymətli və əziz ola bilərdi. Amma əfsus ki, mən ölkədə tanınan məşhurların baxışları altında özümü itirdim, sadəcə gülümsəməyə gücüm çatdı və qarşımda qəfil peyda olan bəstəkar gəldiyi kimi də geri döndü. Həmin gecə əfəl davranışımdan mən çox pərt oldum və indi də bunu unuda bilmirəm.
Növbəti şənbə onlara gedəndə Əşrəf dayı məndən gecənin necə keçməsi barədə soruşdu və dərhal əlavə etdi ki:”Yəqin dambadurub baş-beynini apardı”. Mən vaxtında deyə bilmədiklərimi bir-bir anlatsam da vaxtında deyilməmiş fikirlər gözlənilən effekti vermədi. Sonralar mən bu barədə hiss və düşüncələrimi heç yanda dərc etdirmədiyim “Müəllif gecəsi” adlı hekayədə ifadə etməyə çalışdım.
Qəlbimdə son görüşün nisgili yaşayır
Universiteti bitirəndən sonra mən əyalətdə işləməyə üstünlük verdim və sonralar Bakıya qayıtsam da başım iş-gücə, daha sonralar isə Qarabağda düşmənlərimizin törətdikləri olaylara qarışdığından uzun müddət Əşrəf müəllimdən xəbər tuta bilmədim. 1992-ci ildə bəstəkarın bacısı oğlu Faiq mənim yanıma gələrək Əşrəf dayının ağır xəstə olduğunu, ömrünün xəzanını yaşadığını və bu günlərdə məni görməyi arzuladığını dedi. Dərhal onunla görüşməyə getmək istədiyimi bildirdim. Amma Faiq izah etdi ki, həkimlər möhkəm tapşırıblar ki, onu həyəcanlandırmayaq, səbr elə, münasib bir məqamda xəbər edərəm, birlikdə gedərik. Vəziyyətin tərsliyindən Faiq elə bir vaxtda zəng etdi ki, bəstəkara baş çəkmək üçün həmin anda mənim heç cür imkanım olmadı. Buna görə də üzr istəyib görüşü daha sonraya saxladım. Bir neçə gün keçdikdən sonra isə Faiq zəng edərək Azərbaycanın ilk müsiqişünası, xalq artisti Əşrəf Abbasovun vəfat etdiyini bildirdi. Və bununla da dərin hörmət və məhəbbət bəslədiyim insanla son söhbətimin baş tuta biləcəyi görüşün nisgili ömrümün əbədi səfərdaşı oldu.
Novruz NOVRUZOV
P.S. Təəssüf ki, dünyanın sarsıdan CORİD-19 virusu ilə əlləşən ictimaiyyət və rəsmi qurumlar görkəmli bəstəkarımızın100 yaşını qeyd etmək üçün planlaşdırılan yubiley tədbirlərini təxirə salmalı olub. Sözsüz ki, bu tədbirlər gec də olsa bir müddətdən sonra baş tutacaq. Allah Əşrəf Abbasova rəhmət eləsin! O, Üzeyir Hacıbəyov ənənlərinin ən sadiq davamçılarından idi.