Türkiyədə ermənilərin nəşr etdiyi “Agos” qəzeti repressiyaya məruz qalan azərbaycanlı şair Mikayıl Müşfiqin şeirinə bəstələnmiş mahnıdan bəhs edən yazı dərc edib. Samson Martirosyan imzası ilə verilən məqalə Müşfiqin həyat yoldaşı Dilbərə yazdığı, xalq artisti Zeynəb Xanlarovanın oxuduğu “Qal sənə qurban” mahnısının tarixi ilə bağlıdır.
S.Martirosyan məqaləsinin girişində Müşfiqin həyatı haqqında məlumat verib, onun və xanımının başına gətirilən zülmlərdən bəhs edib: “Müşfiqin həbsindən sonra “Dilbərnamə” əlyazması da daxil, bütün əsərləri yandırıldı. Ancaq Stalin öldükdən sonra Müşfiq və bir çox digər sənətkarlara bəraət verildi. Müşfiq 12 il kimi qısa bir müddətdə onu Azərbaycanın ən böyük və ən çox tanınan şairlərindən birinə çevirəcək miras buraxır. Əsərləri yenidən dərc edilir, onlar arasında “Dilbərnamə”dən şeirlər də vardır. Ərindən dəfələrlə dinlədiyi şeirlərdən bəziləri zehninə həkk edilmiş və bunları illər sonra hafizəsindən yazıya köçürən Dilbər “Müşfiqli günlərim” başlıqlı bir kitab da nəşr edir”.