Belarus və Qazaxıstan mövqeyi ermənilər üçün böyük dərd olub
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan bir neçə ay əvvəl rotasiya qaydasında müəyyən müddət üçün bu təşkilata rəhbərlik etməli idi. Bu münasibətlə İrəvanda az qala çırtıq çalıb oynayırdılar. Lakin qeyri-müəyyən vəziyyətdə bu hadisə baş vermədi. İndi rəsmi İrəvan KTMT baş katibi postuna Ermənistan nümayəndəsinin təyin edilməməsinə görə Belarusu ittiham edir.
Bununla bağlı Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan açıqlama verib. O deyib ki, KTMT-yə erməni baş katibin təyin olunması məsələsi İrəvanda keçirilən iclasda həll olunmadı: “Bununla bağlı qərar Sankt-Peterburqda keçirilən növbəti iclasda veriləcəkdi. Lakin Belarus prezidenti Aleksandr Lukaşenko iclasa qatılmaqdan imtina etdi və beləliklə, təşkilatın baş katibinin Ermənistanın nümayəndəsinin olmasına icazə vermədi. Ümid edirik ki, növbəti iclasda bu məsələ öz həllini tapacaq”. Ermənistan XİN rəsmisi qeyd edib ki, KTMT-yə erməni baş katibinin təyin olunmasına Qazaxıstan mane olmur: “Əsas maneə Belarusdur”.
Amma Şavarş Koçaryanın açıqlaması erməni cəmiyyətini sakitləşdirə bilməyib. Məsələnin bu istiqamətdə inkişafı erməniləri əməlli-başlı qıcıqlandırıb. Siyasilər incikliklərini KİV-lərdə şər-böhtan və hədə-qorxu ilə bildirməyə girişiblər. Ancaq həmişə olduğu kimi bu işdə də yanlış yolla gedirlər. Məsələn, yazırlar ki, “KTMT-də daxili çəkişmələr və anlaşılmaz oyunlar davam edir, nəticədə Ermənistan ziyan çəkir”. Erməni xisləti özünü göstərir və əsas məsələni anlamağa intellektləri çatmır ki, günah ermənilərin özündədir, onların nümayəndəsinin mühüm posta qoyulması əslində həmin təşkilatın məhvi deməkdir. Digər tərəfdən, özünə hörmət edən hansı dövlət forpost bir dövlətin nümayəndəsinin onun başı üzərində idarəçiliyi həyata keçirməsinə razı ola bilər?! Məlum məsələdir ki, yalnız Rusiyanın qanadı altında hansısa erməninin adıçəkilən vəzifəyə təyini mümkün ola bilər.
Heç demə, əvvəldən Qazaxıstan və Belarus bu işə qol qoymayıblar. Ermənistanda düşünürlər ki, bu ölkələr Azərbaycanın təhrikilə bu addımı atıblar. Amma guya sonradan ermənilər qazaxları “sındırıblar” və onlar geri çəkilib. Hətta Qazaxıstan prezidentini istehza ilə “Nazarbay əkə”, “Nazarbay bay” deyə lağa qoymaqdan da çəkinmirlər. Bu “qələbələrindən” ruhlanan ermənilər indi də Belarusa hücum haqda düşünməyə başlayıblar. Belarusu “sındırmağın” yolları barədə mətbuatda ciddi polemika gedir. Məsələn, Belarus mallarına embarqo tətbiq etmək, bütün iqtisadi əlaqələri kəsmək, bu da nəticə verməsə İrəvandakı Belarus səfirliyini ölkədən sürgün etmək və sairə tədbirlər barədə proqnozlar verilir. “Qoy kartoşkalarını özləri yesinlər və nuh əyyamından qalma traktorlarında özləri gəzsinlər” - planın başlıca motivi xalis ermənilik üslubundadır.
Ermənistan nümayəndəsi KTMT-ə bir müddət sədrlik edəcək ya yox, bu, üzv dövlətlərin işidir. Amma hadisələrin gedişi göstərir ki, söhbət qərəzkarlıqdan getmir, iş ölkələrin sanbalı və nüfuzu üzərindədir. Ermənistan səriştəsiz və məsuliyyətsiz, həm də təcavüzkar ölkədir. Belə bir imiclə yaşayan və gələcək mövcudluğu şübhə altında olan ölkənin nümayəndəsinə belə bir vəzifəni həvalə etmək olarmı? Ermənistanda daha çox bu versiya üzərində düşünsələr, yəqin ki, nə isə bir yol tapa bilərlər. Qaldı ki, Azərbaycanın təhrikçiliyinə, həm Qazaxıstanın, həm də Belarusun rəhbərliyində Azərbaycanı etibarlı və dost tərəfdaş kimi tanıyırlar. Hər iki ölkənin rəhbərliyi hansısa qərarı qəbul edərkən Azərbaycanı düşünə bilərlər, ancaq bu həmişə onların öz arzuları ilə baş verir. Təbii ki, regiondakı liderliyinə rəğmən Azərbaycan bu məsələdə Ermənistanın qarşısını kəsə bilər. Lakin bunsuz da digər ölkələr addım atanda tərəfdaşlarının mövqeyini nəzərə almaya bilməzlər. Bu siyasətdir. Ermənilərin bunu qərəzkarlığa yozması isə.., nə deyəsən, ermənilərdir də...
IKSmedia.az